Şəhid komandir

 

Oçerk

 

2019-cu ilin sentyabr ayının əvvəlləri idi. Günlərlə yandırıb-yaxan günəşin istisi axşamüstü bir az səngimişdi. Təsadüfən Lənkəran şəhərinin mərkəzindəki "Şərq" fotoatelyesinin qarşısından keçirdim. Bu adda fotoatelyeni Lənkəranda tanımayan yoxdur. Uzun illərin atelyesi indi də köhnə adı ilə tanınır. Baxmayaraq ki, indi orada fotoşəkil çəkməklə yanaşı, həm də surətçıxarma, kompüterlə aparılan onlarca əməliyyat, reklam işləri və s. görülür. Günün bu vədəsində atelyenin açıq olduğunu görüb sevindim. Vacib bir sənədin surətini çıxarmağı tamam unutmuşdum. Dərhal ora keçdim və barəsində söhbət açacağım şəhidi də ilk dəfə məhz həmin vaxt orda gördüm. Cibimdən sənədi çıxarıb əlimdə tutdum və surətini çıxarmaq istədiyimi dedim. Orta yaşlı kişi sənədi ehtiramla məndən alıb kompüterin arxasında olan cavan qadına uzadaraq: - "İşini saxla, müəllimi tez yola sal", - dedi. Nədənsə, bu altı kəlməlik sözdən kimliyini belə bilmədiyim bu idmançı cüssəli, sağlam bədənli, mehriban insan məndə xoş təəssürat oyatdı. Amma simasında gizlənən qəm-qüssə də nəzərimdən qaçmadı...

Keçən günün sonunda rayonun Hirkan qəsəbəsinə mayor rütbəsində şəhid gətirildiyini eşitmişdim. Jurnalist dostum Əlisəfa Həsənovla razılaşdıq ki, sabah səhər həmin şəhid məclisini ziyarət edək və belə də etdik.

7 oktyabr 2020-ci il tarixində saat 11 radələrində artıq həmin məclisdə idik. Məclisin yuxarı başında, mollanın başı üstündə onun, "Şərq" foto-atelyesində gördüyüm həmin idmançı cüssəli, xoş simalı şəxsin - şəhid Bayramov İqbal Əhmədağa oğlunun böyüdülmüş şəkli asılmışdı.

Danışdığımız kimi şəhidin ailə üzvləri ilə üç gündən sonra evlərində görüşdük. Dostum Əlisəfa da mənimlə idi. Həyətdə bizi uzun illər sərhəd xidmətində zabit kimi çalışmış, hazırda təqaüddə olan ailənin kürəkəni Şahmirzə qarşıladı. Evdə, dairəvi stol ətrafında isə bütün ailə: Əhmədağa ata, Gülzar ana, həyat yoldaşı Rəna xanım, oğlu Kənan, qızı Ləman, bacıları Şəhla, Könül və Xumar var idilər. Stolun üstündə şəhid İqbal Bayramova məxsus sənədlər, mükafatlar, şəhidimizin həyat anlarını özündə yaşadan çoxlu sayda fotoşəkillər düzülmüşdü.

Əslən Lerik rayonundan olan dostum həmyerlisi Əhmədağa kişiyə Lerikli günlərini xatırlatmaqla söhbətə körpü sala bildi. Məlum oldu ki, hələ uşaq yaşlarından ailəsi ilə Lerikdən Lənkərana köçmüş Əhmədağa kişi 40 ilə yaxındır ki, bənna işləməklə çörəyini daşdan, qumdan çıxarır. Hündür boyu, əzələli qolları, iri, qüvvətli əlləri də ömrü boyu fiziki əməklə məşğul olmasına şahidlik edirdi.

Əhmədağa Bayramovun dediklərindən: - İqbal böyük övladımdır. Üç bacının tək qardaşıdır. Hələ uşaq yaşlarından iş-gücə, əməyə, zəhmətə alışmışdı. Orta təhsilini də, ali təhsilini də uğurla bitirdi. Bəlkə də xaraktercə mətin, iradəcə möhkəm, prinsipial, inandığı həqiqətdən bir addım geri çəkilməyən, bacarıqlı olması səbəbinə görə idi ki, hərbi işi çox sevirdi. Yəqin bu səbəbdən idi ki, Neft Akademiyasını bitirən kimi hərbidə xidmətə başladı. Üç il Müdafiə Nazirliyi sistemində çalışdı. Baş leytenant kimi ehtiyata buraxıldı, amma hərbidən kənar işdə özünü görmədi. Üç il sonra DİN-nin Daxili Qoşunlarında xidmətə keçdi. DQ-da xidmətdə olduğu 14 il ərzində beş rayonda çalışdı. Savadlı və təşkilatçı olduğundan onu təzə yaradılmış hərbi hissələrə göndərirdilər ki, orda ilkin sənədləşməni qaydaya qoysun. Çox yerdəyişməsinin səbəbi bu idi. Yüksək peşəkarlığına görə bir neçə mühüm dövlət tədbirlərində iştirak etmişdi.

Qarşımızda olan sənədlərdən və ailə üzvlərinin dediklərindən İqbal Bayramovun keçdiyi qısa, amma mənalı və məzmunlu ömür yoluna işıq sala bilirik:

- Bayramov İqbal Əhmədağa oğlu 4 iyul 1977-ci ildə Lənkəran rayonu Hirkan qəsəbəsində anadan olmuşdur. 1994-cü ildə Hirkan qəsəbə tam orta məktəbini bitirmiş, həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunmuşdur. 1998-ci ildə Akademiyanın energetika fakültəsində təhsilini başa vurduqdan sonra leytenant hərbi rütbəsi ilə cəbhə bölgəsində yerləşən Ağdam-Tərtər istiqamətindəki "N" saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlamışdır. 2001-ci ildə baş leytenant rütbəsi ilə ehtiyata buraxılmışdır. Üç il mülki həyatda müxtəlif işlərdə çalışsa da, hərbi işə olan sevgisi səbəbindən İqbal 2004-cü ildə xidmətini davam etdirmək üçün AR DİN-nə müraciət etmişdir. Bu müraciət əsasında o, həmin ildə DİN-nin Daxili Qoşunlarına xidmətə qəbul olunmuşdur. İlk xidmət yeri olan Biləcəri qəsəbəsindəki "N" saylı hərbi hissədə patrul tağımı komandiri kimi xidmətə başlamışdır. Sonrakı illər ərzində Bərdə rayonu, Gəncə şəhəri, Qəbələ rayonu və Şirvan şəhərində yerləşən hərbi hissələrdə müvafiq olaraq bölük komandirinin müavini, bölük komandiri, hissənin qərargah rəisinin xidmət üzrə köməkçisi, qərargah rəisinin xidmət üzrə müavini, son illərdə isə hərbi hissə komandirinin 1-ci müavini-qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifələrində çalışmışdır. 2 və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları və DİN-nin 90 illiyi yubiley medalı ilə təltif olunmuşdur.

2018-ci ilin fevral ayında 17 il 8 ay xidmətdən sonra İqbal Bayramov raportu əsasında mayor rütbəsi ilə ehtiyata buraxılmışdır.

Əhmədağa kişinin illərin cığır açdığı siması qəfil təbəssümə bürünür, gözləri sevincdən parıldayır:

- Oğlum çox vətənpərvər idi. Bilirsiniz, elini, obasını sevməyən ölkəsini sevə bilməz. Vətən elə doğulduğun ocaqdan, nəfəs aldığın yurddan başlayır. Sonradan vətənpərvər olmaq olmur, insan bu cür doğulmalıdır. Vətənpərvərlik insanın qanında, canında olmalıdır. İqbal Daxili Qoşunlarda xidmətə başlayanda 6 aylıq Türkiyəyə kursa göndərilmişdi. Kursda 80 zabit içərisində 1-ci yeri tutduğuna görə o, Türkiyə Daxili Qoşunları Baş Komandanlığının qızıl medalı ilə təltif olunub. Yüksək uğurlarına görə kurs keçdiyi Akademiyanın rəisi olan general İqbalın xidmətini çox bəyənib və ona Akademiyada qalıb xidmət etməyi təklif edəndə İqbal: - "Mən azərbaycanlıyam. Vətənimə xidmət üçün bu sənəti seçmişəm və ora da qayıtmalıyam" - demişdi. General əlini onun çiyninə qoyub təbrik edərək layiqli xidmət arzulamışdı.

Bir anlıq susur və yenidən sözünə davam edir:

- Hə, yadıma düşdü. Bərdə rayonundakı "N" saylı hərbi hissədə qulluqda olarkən onu Macarıstana bir aylıq kursa göndərdilər. Həmin vaxt Ramil Səfərov hadisəsi baş vermiş və o orda həbsdə idi. İqbalın təkidli xahişi ilə səfir Həsən Həsənov onun və kursda olan azərbaycanlı zabitlərin Ramil Səfərovla görüşünü təmin etmişdi. Sonralar İqbal bu görüşdən ürəkdolusu, yana-yana danışırdı.

Əhmədağa kişi susur, doluxsunduğu hiss olunur. Ürəyindən nələr keçdiyini özündən başqa kimsənin bilməsi mümkünsüzdür. Üzünü yana çevirib pəncərədən çölə, payızın solub-soldurduğu ağaclara zillənir. Nəzərlərimi ondan çəkib şəhid anası Gülzar xanıma baxıram. Üz-gözündən abır, həya tökülən, zəhmətkeş, səliqə-sahmanı hərəkətindən, danışığından bilinən nur üzlü bu kənd xanımı söhbətdə boşluq yaranmasın deyə, kimsəyə baxmadan həzin səslə sükutu pozur:

- İnsan övladı hər addımında bu dünya ilə üzülüşə bilər. Bu bir həyat qanunudur, heç birimizdən asılı olmayan səbəbdir. Bu cür ölümlər hər an minlərlə, bəlkə də yüz minlərlə olur. Şəhidlik isə Allah yanında ən ali məqamdır. Oğlumun Vətən yolunda, el yolunda şəhid olması bizə böyük fəxrdir. Balam haqqında günlərlə danışsam, sözüm bitməz. İqbal evimin dirəyi, ömrümün yaraşığı idi. Hər bir ana kimi mən də tək oğlumla nəfəs alırdım. Bir gün görməsəydim, səsini eşitməsəydim dünyam dağılardı. İndi bu dağılmış dünyamla baş-başayam. Rəbbimə şükürlər olsun, yəqin belə məsləhət imiş.

Gülzar ana əlini stola uzadıb üstdə olan iki şəkli - bu ilin 12-14 iyul tarixlərində baş vermiş Tovuz hadisələrində şəhid olmuş genaral Polad Həşimovun və mayor Anar Novruzovun şəkillərini götürür, əlinin içi ilə şəkilləri sığallayır, yanıqlı bir ah çəkib sözünə davam edir:

- İqbal general Polad Həşimovla bir-iki dəfə görüşüb tanış olduğunu desə də, Anar Novruzovla vaxtilə bir neçə il bir yerdə işləmişdilər. Yaxın dost olublar, həmişə əlaqələri olmuşdu. Tovuz hadisələrindən, Poladın, Anarın həlak olması xəbərindən İqbal çox sarsılmışdı. Özünə yer tapa bilmirdi. Anarın böyük portretini hazırlayıb Masallı rayonuna dəfnə getmiş, dostunu çiynində son mənzilə yola salmışdı. Həmin gün evə gəlib bir saata kimi otağında ağlamasına mən şahid olmuşam. Otağa keçib onu qucaqladım, sakitləşdirmək istədim, alınmadı. Gözlədim, özünə gələndən sonra ayağa durub: - "Ana, mən hərbiyə qayıdıram" - deyib getdi. Sonra bilmişəm ki, o, həmin gün Daxili İşlər nazirinə məktub göndərərək yenidən xidmətə keçmək arzusunu bildirmişdir.

Əhmədağa kişi xanımının susmasını görüb söhbətə qoşulur:

- Vətən müharibəsi başlanan günü - 27 sentyabrda Lənkəran rayon səfərbərlik və hərbi xidmətə çağırış üzrə şöbəsinə gedib könüllü müharibəyə getmək barədə ərizə verdiyini mənə demişdi. Anasından bu xəbəri gizlətdim ki, bəlkə aparmadılar, vaxtsız narahatlıq yaratmayım. Amma 29 sentyabrda səhər evə gəlib anasından hərbi biletini istəyəndə bu sirri gizlətmək mümkün olmadı. Onda artıq müharibənin ən şiddətli dövrü idi, artıq Lənkərana şəhidlər gəlməyə başlamışdı. Maraqlı bu oldu ki, İqbalın bu xəbərini mən də, anası da çox soyuqqanlı, bəlkə də bir az qürrəli, fəxrlə qarşıladıq. İqbal bizdən hallalıq istədi. Mən onun boynunu qucaqlayıb sağ-salamat evinə qayıtmasını arzuladım. Anası isə...

Əhmədağa kişinin nəzərləri Gülzar anaya tərəf çevrilir. Gülzar ana bu nəzərlərdən mətləbi dərhal anlayır:

- İqbal illər öncə namaz qılıb, oruc tuturdu. Əqidəli, inanclı adam idi, əsl imam Hüseyn aşiqi idi. Hər dəfə olduğu kimi bu dəfə də səfərə yola düşən oğlumu "Quran"ın altından keçirib evdən çıxartdım. Xahiş etdim ki, tez-tez evə zəng vursun, bir təskinlik tapaq. Üz-gözünü doyunca öpüb analıq haqqını ona çoxdan halal etdiyimi dedim. Doğrudan da, İqbal hər gün mənimlə danışırdı. Hər dəfə təlimdə olduğunu, əsgərləri döyüşə hazırladığını deyirdi. Sən demə, getdiyi gündən iki gün sonra Cəbrayılda gedən son dərəcə ağır döyüşlərdə iştirak edib. Son dəfə 5 oktyabrda günorta vaxtı evə zəng vurdu, mənimlə, atası ilə danışdı. Yenə də hər şeyin yaxşı olduğunu, əsgərlərə təlim keçdiyini, düşmənlərin axırına çıxdıqlarını, bir-iki günə müharibənin bitəcəyini və qələbə ilə evə qayıdacağını dedi. Hər dəfə özündən muğayat olmasını, özünü qorumasını tapşırsam da, mən başıbatmış oğlumun məni "aldatdığını" hiss etmədim, ona inanırdım və bu dəfə də inandım. Sən demə, oğlumun səsini son dəfə eşidirmişəm... Bizimlə döyüş öncəsi danışırmış və təxminən iki saatdan sonra oğlum şəhadətə yetişərmiş...

Həyat yoldaşı Rəna xanımdan İqballa tanışlıqlarından danışmasını xahiş edirəm.

- İqballa 1998-ci ilin əvvəllərində Bakıda bir qohumum vasitəsilə tanış olduq. Canı ilə, qanı ilə hərbçi idi. Hərbi işi yüksək səviyyədə mənimsəmişdi. Bəlkə də bu cür olması vətənpərvərliyi ilə bağlı idi. Bir neçə rayonda bir yerdə yaşamalı olsaq da, son illərdə uşaqların təhsili ilə əlaqədar Gəncədə qərar tutduq. İqbal təqaüdə çıxandan sonra Lənkərana valideynlərinin yanına qayıtdı. Lənkəranda, yaxud Gəncədə özünə münasib iş axtarırdı, amma tez-tez zəng edir, vaxtaşırı bizə dəyməyə gəlirdi. Daimi iş tapdığı yerə köçməyi nəzərdə tutmuşduq, amma qismət olmadı.

- Bir ata kimi, bir həyat yoldaşı kimi İqbal barədə sözünüz? - deyə soruşuram.

Rəna xanım bir anlıq düşünür və danışığına xas azacıq tələskənliklə sözünə davam edir:

- İqballa bir-birimizi sevib evlənmişdik. Xoşbəxt ailə olmuşuq. Övladlarını çox sevirdi, onlarla nəfəs alırdı. İqbal bizdən ayrılsa da, ruhu daima üstümüzdədir.

- Kənan, atanla bağlı nə deyə bilərsən? - deyə şəhidin iyirmi yaşlı oğlu Kənan Bayramzadəyə müraciət edirəm.

Atası kimi hündürboylu, idmançı cüssəli Kənanın, sanki nitqi tutulur. Boğazını arıtlayıb cüssəsinə yaraşmayan utancaqlıqla dillənir:

- Atam bizi çox istəyirdi. Mehriban və səmimi idi. Heç vaxt mənə şiddət göstərməyib. Bircə tələbi yaxşı oxumağım və ali təhsil almağım idi. Sevinirəm ki, atamın arzusunu reallaşdırıram. Hazırda RF-dakı Tambov Dövlət Universitetinin hüquq fakültəsinin 3-cü kurs tələbəsiyəm. Atama layiq oğul olmağa çalışıram.

Kənanı çək-çevirə salmıram. Şəhidin daha bir yadigarı - qızı Ləmanla söhbətləşirəm.

- Atan xatirində necə qalıb?

- Necə qalıb yox, atam heç vaxt yadımdan çımayıb və çıxmır. Hara baxıram, kiminlə danışıramsa, beynimdə atamdır, onu düşünürəm, onu fikirləşirəm.

Sağ tərəfimdə oturan ailənin kürəkəni Şahmirzə Rzayevə tərəf çevrilirəm. Peşəkar sərhədçi zabit məqsədimi dərhal anlayır.

- İqbalın bacısının həyat yoldaşı olsam da, biz qohumluqdan daha çox dost idik. Böyük ürək sahibi idi. Çox əliaçıq və səxavətli, dostcanlı, qohumcanlı idi. Hərbçi dostlarını heç vaxt unutmur, onu da yaddan çıxartmırdılar. Əsgərlərini çox sevir, onlara hər cür qayğı göstərirdi. Əsgərlərinə ərzaq, pul yardımı edər, pal-paltar verərdi. Deyirdi ki, əsgər mənim övladımdır. Rayondan gələn əsgər valideynlərini dəfələrlə evində qonaq saxlamışdı. Onun hüzr məclisinə və məclisdən sonra onlarla əsgər və zabit dostları gəlib məzarını ziyarət etdilər.

Şəhidin bacıları Şəhlanın, Könülün və Xumarın bütün söhbət boyu bizi kənardan dinləyib yalnız göz yaşlarına gücləri çatdığını görürdüm. Arabir "Can qardaş, can qardaş," - deyə için-için sızıldayırdılar. Bu vəziyyət hər şeyi bəyan etdiyindən onları sorğu-suala tutmaqdan vaz keçirəm.

- Allah şəhidimizə rəhmət eləsin! Məkanı cənnət olsun! - deyib susuram. Ağsaqqal Əhmədağa kişidən icazə alıb ayağa dururam. Xudahafizləşirik.

P.S. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Bayramov İqbal Əhmədağa oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

 

Lənkəran

 

23-25 dekabr, 2020

 

Qafar CƏFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 9 yanvar.- S.26-27.