Nigarinin türkcə divanında Qarabağ
Mir Həmzə Seyyid Nigari
yaradıcılığında Qarabağ mövzusu
Mir Həmzə Seyyid Nigarinin qısa
tərcümeyi-halı
Şeyx Mir Həmzə Seyyid Nigari Qarabağ
mahalının Zəngəzur bölgəsində, Cijimli kəndində
(Hazırda, Laçın rayonunun tərkibindədir) anadan
olmuşdur.
O, nəcabət və möhtərəmliyi ilə seçilən
Cijimli seyyidlərinin nəslindəndir.
Firudin bəy Köçərli Seyyid Nigarini şəxsən
görmüş Axund Hacı Mirzə Əbdülkərim
adlı mötəbər bir şəxsdən eşitdiklərinə
əsasən onun uca boylu, xoş simalı, yaraşıqlı
və mülayim bir şəxs olduğunu bildirir.
Türk tədqiqatçısı
prof. İskəndər Pala yazır: "Mir Hamza Nigari adlı
luğatta bir kelime olsaydı, karşısında mutlaqa
"aşk" yazıyor olurdu".
Seyyid
Nigarinin doğum tarixi bəzi mənbələrdə fərqli
qeyd edilsə də, əksər mənbələr onun hicri
1212 (miladi 1797)-ci ildə anadan olduğunu yazırlar. Nigarinin yaxın qohumu Mirzadə Fəxrəddin
Ağabalinin yazdığı, şairin həyatını əks
etdirən "Mənaqibnamə"də Seyyid Nigarinin
1798-1886-cı illərdə yaşadığı qeyd edilir.
Atasının adı Rüknəddin olsa da, Mir
Paşa kimi tanınmışdır. Anası
Xeyrünnisa kimi çağırılan Qızxanım
olmuşdur. Seyyid Nigari hələ 6
aylıq ikən atasını itirir. 15
yaşına çatanda anası onu Qaraqaşlı Mahmud
Əfəndinin yanına təhsil almağa göndərir.
Daha sonra təhsilini məşhur sufi
şeyxlərinin fəaliyyət göstərdiyi Qarapirim kəndində,
sonra isə Şəkinin Dəhnə kəndində, Şikəst
Abdulla Əfəndinin yanında davam etdirir. Sonralar
oxumaq həvəsi onu kürdəmirli nəqşbəndi
şeyxi İsmayıl Əfəndinin yanına gətirir.
İsmayıl Şirvani kimi tanınan
İsmayıl Əfəndi məşhur nəqşbəndi
şeyxlərindən olan Xalidi Bağdadinin xəlifəsi
olmuşdur.
İsmayıl Əfəndi ilk təhsilini Şamaxıda
Məhəmməd Nuri Əfəndidən almış, sonra
Ərzincan və Tokatda mədrəsə təhsili
görmüşdür. Mədrəsəni bitirdikdən sonra Bağdadda Yəhya
əl Mərvəzi, Məhəmməd bin Adəm və s.
kimi böyük alimlərdən dərs almışdır. Sonra Şamaxıya qayıdaraq bir müddət
müəllimlik fəaliyyəti ilə məşğul olan
İsmayıl Şirvani Mövlana Xalidin dərgahına gələrək
onun müridi olur. 1813-17-ci illərdə
öz mürşidinin yanında xidmətini tamamlayaraq Azərbaycana
qayıdır, doğma yurdu Kürdəmirdə nəqşbəndilik
təlimi ilə məşğul olur. Bir
müddət sonra yenidən Osmanlı dövlətinə
qayıdır və mürşidlik fəaliyyəti göstərir.
1848-ci ildə Amasiyada vəfat edir.
İsmayıl Əfəndi Seyyid Nigarinin həyatında
mühüm rol oynamış, onun nəqşbəndi təriqəti
ilə bağlanmasına səbəb olmuşdur. O öz mürşidinin
göstərişi ilə Gümüşlü Saracxanə mədrəsəsində
xəlvətə çəkilmiş, sonra Həcc ziyarətinə
yola düşmüş və oradan Amasiyaya
qayıtmışdır.
1840-1841-ci illərdə o yenidən doğma kəndi
Cijimliyə qayıdaraq müəllimlik etmiş, bütün
Qarabağ mahalında şöhrət qazanmışdır. Bu zaman o,
Əminə xanım adlı bir qadınla evlənmiş və
ondan Siracəddin adlı oğlu dünyaya gəlmişdir.
Nigarinin divanında adı çəkilən Fəxrəddin
Ağabalinin şairin həyatından bəhs edən
"Humayi-Ərş" adlı əsərində onun öz
doğma kəndinə qayıtması və buradan Bərgüşad
mahalının (indiki Qubadlı rayonu) Mirlər kəndinə
köçməsi barədə maraqlı məlumatlara rast gəlirik:
"Doğum yeri olan Cicimliyə gider-gitmez təcəlliyati-fitriyyəsində
məknuz bir mevhibeyi-Subhaniyyə olan bu zatın şöhrəti
həmən bulunduğu çevrədə yayılmış
və hər tərəfdən elm və irfan təhsili
üçün bir çox kimsə koşuşub gəlmişlərdir. Cicimlidə və
Bərgüşatda Mirlər köyündə tədris və
tərbiyə vəzifəsi ilə iştiğal etmişlərdir.
Cicimlidə kışın Həkəri irmağının kənarında
Sarı Aşıq namındakı məczubi-ilahinin məzarı
civarında inşa edilən mədrəsələrdə tədrisatda
bulunmuş və Bərgüşatda da Mirlər köyündə
Bərgüşat irmağının kənarındakı
xüsusi hücrəsində elm və irfan
dağıtmışlardır..."
F.Köçərli onun hələ Türkiyəyə
getməmişdən öncə bir müddət Qazax
mahalının Xanlıqlar kəndində yaşayaraq ətrafına
xeyli müridlər cəm etdiyi barədə məlumat
vermişdir.
Bunların ən məşhurlarından "Vəhidi" təxəllüslü
Hacı Rəhim ağanın atası Allahyar ağa Dilbazzadə,
Şahnigar xanım Rəncur, hal-hazırda Qazaxın Aslanbəyli
kəndində türbəsi olan Hacı Mahmud Əfəndi və
başqalarının adını çəkmək olar.
Zəngin tarixə məxsus nəqşbəndi təriqəti
nümayəndələrinin XIX əsrdə rus istilasına
qarşı mübarizə apardığı barədə mənbələrdə
məlumatlar verilir. İsmayıl Şirvaninin müridlərindən olan Xas
Məhəmməd Şirvani Dağıstanın Yaraq kəndində
mürşidlik etmiş, onun söhbətlərindən sonra
Molla Məhəmməd Yaraqlı Kürdəmirə,
İsmayıl Şirvaninin yanına gəlmiş,
İsmayıl Şirvani ona bütün bilikləri verdikdən
sonra Dağıstanda bu təlimin yayılmasına həyatını
həsr etməsini əmr etmişdir.
"O Kürin xanlığında təriqəti
yaymağa başladı. Ətrafına hər tərəfdən
müridlər topladı. Cəmaləddin əl-Qumuğiyə
xilafətnamə verdi. İmam Qazi Məhəmmədə
və imam Şamilə təriqətin yollarını öyrətdi...
Qazi Məhəmmədin "Qazavat" haqqındakı
ideyasını dərinləşdirən Şeyx Şamil Həmzət
bəyin ölümündən sonra imam seçilmiş və
o vaxtdan dağlıların çar Rusiyasına qarşı
azadlıq mübarizəsinə başçılıq
etmişdir" (M.Məhəmmədcəlil, Fariz Xəlilli).
Sözsüz ki, təriqət mürşidlərindən
olan Seyyid Nigari də bu mübarizəyə laqeyd qala bilməzdi. Seyyid Nigari və
onun davamçıları rus işğalçılarına
qarşı mübarizə aparan müridizm hərəkatına
dəstək verdikləri üçün çar hökuməti
tərəfindən təqiblərə məruz
qalmışlar. Əsərlərində
şairin Qafqazın rus müstəmləkəçilərinə
qarşı mübarizə aparan igid oğullarını dəstəklədiyini
əks etdirən beytlərə də rast gəlirik. Məsələn,
Zülf
ilə kim tutuşub, çahi-zənəxdanə
düşər,
Asilik eyləyən
əlbət, şəhə, zindanə düşər
- mətləli qəzəlinin
Mərdi-mərdanə
o qaplansifəti-Moskof ilən
Eyləmək
cəngü cədəl şiri-Dağıstanə
düşər
- beytində, fikrimizcə, Dağıstan
xalqının igid oğlu Şeyx Şamil nəzərdə
tutulur.
1851-1852 - ci ildə Ərzruma, 1871-ci ildə İstanbula
gələn Seyyid Nigari öz söhbətləri ilə
şöhrət tapmış, bir təriqət piri kimi
tanınmışdır. Mustafa Rəşid Paşa ona Fatihdəki
Əmir Buxari Dərgahının şeyxliyini təklif
etmiş, lakin Nigari bu təklifi qəbul etməyərək
ora öz xəlifəsi Daşabadzadə Mustafa Səbri Əfəndini
göndərməyə nail olmuşdur.
1858-1859-ci ildə Ərzruma qayıdan Seyyid Nigari mənsub
olduğu nəqşbəndi ideyalarını cəmiyyətdə
təbliğ edir, insanların ruhunu aydınlatmağa
çalışır. Bu illərdə vətənində
qalmış xanımı Əminə və oğlu Siracəddini
də yanına gətirir. Lakin Siracəddin
20 yaşında ikən xəstələnib vəfat edir.
Onun ölümü Şeyxin həyatında dərin
və ağrılı bir iz buraxır. 1867-ci
ilə qədər Ərzrumda qaldıqdan sonra yaxın
dostları ilə birlikdə Amasiyaya gedərək Merzifonda
yerləşir və burada da öz fəlsəfi
ideyalarının təbliği ilə məşğul olur.
Lakin Nigarinin get-gedə artmaqda olan nüfuzu və
şöhrəti bəzi bədxahları narahat edir və o
"dövlət və millət əleyhinə fəaliyyət
göstərdiyinə görə və üsyan
hazırlamaqda" günahlandırılaraq 1885-ci ildə ailəsi
ilə birlikdə Samsuna sürgün olunur, oradan isə Harput
şəhərinə köçürülür. 1885-ci ilin
oktyabr ayında vəfat etmişdir. "Həzə
kitabi-Humayi-Ərş" adlı əlyazmanın 381-ci səhifəsində
"Həzrəti-pirin vəsiyyəti" başlıqlı
fəsildə Şeyxin ömrünün son günləri və
ölümü barədə olduqca maraqlı və qiymətli
məlumatlar verilir:
"1303 bayramı ərəfəsində Vali Həsən
Paşa ilə söhbətində ölümünün
yaxınlaşdığını və Amasyada dəfn edilmək
istədiyini bildirmişdir. Vali Amasyanın 10-12
günlük məsafədə olması və havaların
isti keçməsi səbəbi ilə cəsədin iylənə
bilməsi ehtimalını bildirmişdir. Seyyid Nigari Həzrətləri
"80 gün bu vücud "Allah" dedi, ondan başqa bir
söz söyləmədi, səkkiz gün içərisində
qoxuyacaqsa, qoxusun" dedi. Həmzə Nigari Həzrətləri
Məhərrəm ayında vəfat etmiş, at arabasıyla
Harput (Elazığ) dan Amasyaya çatdırılmışdır.
Dəfn edilmədən öncə bir heyətin hüzurunda
tabutun qapağı açılmış, qoruyucu heç bir
önləm alınmamasına baxmayaraq Həzrət Pirin
mübarək vücudunda iylənmə olmadığı,
hatta ətrafı xoş bir "nisbəti-Muhammədiyyə
qoxusunun" bürüdüyü müşahidə
edilmiştir.
Seyyid Nigarinin dəfn edildiyi yerdə 1894-cü ildə
Şirvanlı Camisi tikilmişdir. Bu sami Türkiyədə
Azeri camisi adı ilə tanınır.
Böyük
mütəsəvvif şair, alim, övliya Mir Həmzə
Seyyid Nigari Həzrətləri zəngin bədii irs qoymuşdur. Onun türkcə və farsca iki
böyük həcmli divanı, "Saqinamə",
"Çaynamə", "Nigarnamə", "Həştbehiştnamə"
və s. əsərləri təsəvvüf ədəbiyyatının
ən gözəl örnəklərindəndir.
Şair
Nigari təxəllüsü ilə yanaşı, bəzən
Qarabaği və Qarabağlı nisbəsini də işlədir:
Nəsli-İsmailsən. əsli-ərəbsən,
Ali-Məhəmmədsən, alinəsəbsən.
Müntəxəbsən,
silsileyi-zəhəbsən,
Ey Seyyid
Nigari, ey Qarabaği!
Seyyid Nigari Qaraqaşlı Əhməd Əfəndiyə
yazdığı nəzmlə başladığı məktubu
təşxis poetik fiquru vasitəsiylə
"canlandıraraq" ona müraciət edir, "O yüz
min behiştin həsəd apardığı gözəl
Qarabağ torpağına yetiş, o torpağı öp və
bizim sözlərimizi çatdır" deyir.
Zira ki, qədimi
darimizdir,
Cövlangəhi-Şahnigarımızdır.
(Çünki, qədim yerimiz məskənimizdir. Şahnigarımızın
gəzdiyi, cövlan etdiyi məkandır).
Seyyid Nigarinin Qaraqaşlı Əhməd Əfəndiyə
yazdığı məktub şairin daxili aləmi,
yaşantıları, təsəvvürə gəlməz dərəcədə
böyük, intəhasız eşqi barədə oxucuda
aydın təsəvvür yaradır. Bütün varlığı
eşq olan, məruz qaldığı şiddətli eşq əzablarını
görənlərin "Heyif, Məcnun kimi avara və sərgərdan
olacaq" deyərək təəssüfləndiklərini
yazan Seyyid Nigari özünü Musa Peyğəmbərin Sina
dağında rast gəldiyi, ilahi təcəllini əks edən
ağaca bənzədir...
...İxtiyarımla
deyil, böylə məqalati-bəla,
Yar söylər bu sözü, şəcreyi-Sinayəm mən.
Ağacı danışdıran Allah Təaladır. Ağacdakı od Allahdan olduğu kimi Nigarini yaxan eşq atəşi
də ilahi təqdirdir. Yüksək əxlaqlı, uca
yaradılışlı, ali dərgaha
layiq bir bəndə, "Fatimeyi-Zəhra kənizi" olan
Nigar xanımın camalı yalnız İlahi nurun bir təcəllisidir.
Mənbələrin verdiyi məlumatlara əsasən, Nigari hələ
9 yaşında ikən yuxusunda bu möhtərəm
qadını görmüş və ona aşiq olmuşdur...
Şair, Qaraqaşlı Əhməd Əfəndiyə
yazdığı məktubda Nigar xanıma olan sonsuz məhəbbəti
sayəsində təsəvvüfi yolçuluğun mərhələlərini
keçərək kamillik mərtəbəsinə
yaxınlaşdığını bildirir. O yazır ki, əgər bir
insan birindən adi bir şey alırsa, ona öz təşəkkür
və minnətdarlığını bildirir. Nemətə
şükr etməyin isə ali bir
xüsusiyyət olduğu hamıya məlumdur.
Nigari isə
Qarabağ diyarının Qaraqaşlı elinin yetirməsi olan
Nigar xanımın, ona olan eşqinin sayəsində yüksək
məqama çatmış, saysız mənəvi nemətlərə
və kamilliyə yiyələnmişdir...
Şair,
Qaraqaşlı Əhməd Əfəndidən
Qaraqaşlıda ona baş daşı, məqbərə tikməsini
və Qarabağ camaatının o məzara ziyarətə gələrək
diləklərini, məramlarını bildirməsini,
özünün isə canü dildən bu diləklərin
yerinə yetməsi üçün Haqqa şəfaətçi
olacağını bildirir...
Şairin Qarabağa olan məhəbbət
etirafını oxuduqda insanın gözləri istər-istəməz
dolur. Nigar xanımı yetirən Qaraqaşlı
haqqında "Mənim o diyarın uşaq-böyük,
qadın-kişi, cavan-qoca - bütün əhalisinə və
onların mənə olan məhəbbətinin dərəcəsini
yalnız Mövla bilir" deyən Seyyid Nigari hətta
ölümündən sonra da Qarabağ camaatını fikirləşir,
onların arzularını yerinə yetirməyi, Allah dərgahında
onlara şəfaətçi olmağı
düşünürdü. Maraqlıdır ki,
Qarabağ camaatı da heç zaman Nigarini unutmamış, hətta
sovet rejimi dövründə təriqət ədəbiyyatı
adı altında bir çox şairlərimzin
yaradıcılığının təbliğinə qadağa
qoyulduğu zamanlarda da Nigarinin şeirləri Qarabağ xanəndələrinin,
sadə xalqın dilində əzbər olmuşdur.
Nigarinin türkcə divanında
Qarabağ
Şairin Azərbaycan türkcəsində
yazdığı məşhur divanındakı Qarabağa həsr
edilmiş tərcibəndi onun Qarabağ mövzusunda
yazdığı şeirlərin ən məşhurudur. Bu şeirdə
Qarabağın təbiət gözəllikləri ilə
yanaşı, onun mənəvi mahiyyəti də öz əksini
tapmışdır. Xüsusi kəramətlərə
malik övliya olan Mir Həmzə Seyyid Nigari Qarabağın
şəhid qanlarıyla suvarılacaq müqəddəs bir
yer, nə qədər qiymətli bir məqam olduğunu
bilirdi. Ona görə də Qarabağı belə
şövq və eşqlə mədh edirdi:
Nə əcəb
dövlət imiş seyri-şikari-Qarabağ,
Nə gözəl
nemət imiş söhbəti-yari Qarabağ!
Rəşki-mişk-ənbər
imiş buyi-ğubari-Qarabağ,
Abi-heyvan imiş ənharü pünari-Qarabağ.
Kövsərü Tuba imiş
çayi-çinari-Qarabağ.
Aləmi-cənnət imiş dari-diyari-Qarabağ.
İmdi
bildim nə imiş vəsfi-həzari-Qarabağ!
Yeridir kim çəkərəm ah və
zari-Qarabağ.
Dağlayıbdur
bəni bir laləüzari-Qarabağ,
Yandırıbdur bəni bir nari-nigari-Qarabağ.
Nigari,
divanındakı bir çox qəzəllərində də
Qarabağı yad edir, onun həsrətilə
yaşadığını bildirirdi:
Xəyalatilə
gülgəşti-Qarabaği gəzər könlüm,
Gəlür
kim kuyi-dildarə,
qalur,
zövqi-murad eylər.
Şair könlünün Qarabağ torpağında
qaldığını, "dildarının", yəni
Nigar xanımın vətəni olduğu üçün
orada olmaqldan böyük zövq duyduğunu bildirirdi. Qarabağ torpağı
Nigariyə görə, behiştdən daha gözəl
olduğu üçün behişt özü ona həsəd
aparır:
Rəşki-behişt,yəni, Qarabağdə,
Atəşə
yaxdın bəni, ey Gülnigar!
Şair burada behişt və "atəşə
yaxılmaq" arasındakı ziddiyyətdən istifadə
edərək gözəl bir bədii təzad nümunəsi
yaratmış olur. Şair Qarabağın müxtəlif toponimlərinə
də şeirlərində yer verir:
Qarabağım
çeşmeyi-xun, hər dü çeşmim
Daşbulağ,
Mərhəmimdir dəmbədəm daği-fəraği-Abi-ağ.
Şair burada "abi-ağ" dedikdə, ehtimal ki,
Ağsu və ya Ağ çay toponimini nəzərdə
tuturdu.
Qarabağın "çeşmeyi-xun" yəni qan
çeşməsi olması, artıq XIX əsrdə
Qarabağda başlanan fitnələrin, rus çarizminin əli
ilə törədilən kirli oyunların və erməni bəlasının
ifadəsi idi.
Klassik
divan şairlərimizin yaradıcılığında
aşiqin göz yaşını, həsrətini ifadə etmək
üçün ənənəvi olaraq Ceyhun, Fərat və
s. çayların adı verilsə də Nigari Azərbaycanın,
xüsusən də Qarabağın çaylarının
adını böyük sevgi ilə çəkir, onları
şeirə gətirir:
Sirişkim
yüzinə cəryan edər Tərtər kibi, zira,
Həvayi-Bərgüşad ilə sinəçakəmü
dilbazəm.
Sanma ki,
ahım odu Tərtərə təsir etməz,
Qarabağ içrə düşüb yaxmaya nəhri-Tələki.
Canimə
çəkmiş fələk Bərgüşadın
dağini,
Sönməz atəşi, ursan Həkəri
irmağını.
Qürbəttə
doğma Qarabağını xatırladıqca, şairin
gözlərindən qanlı yaşlar axır, qəlbi
odlanır:
Qan əgər,
odlar tökər, Mir Nigari məgər
Yad
qılubdur yenə yari-Qarabağini...
Nigari
Leylisini arayan Məcnun kimi Qarabağ torpağında sevgilisini
aradığını bildirir:
Costocu eylərəm
ol mahı Qarabağ içrə,
Məcnunəm
ki araram Leylini toprağ içrə
Nola rəşkavəri-əhli-dili-Bağdad
olsam,
Belə
güllər ki saçar təb Qarabağ üzrə...
Məgər
pərvərdeyi-sərvi qədindir, böylə kim bala,
Nigari,
taği-alitək düşübdür Qarabağ üzrə...
Nigari
bütün Qarabağı "firdövsi-dilara", yəni
ürəkaçan cənnətə bənzətsə də,
sösüz ki, orada ən sevdiyi, onun üçün ən
üstün məqam olan Nigar xanımın doğulub böyüdüyü
Qaraqaşlı kəndidir:
Firdövsi-dilaradır
gərçi Qarabağ, əmma,
Xoşdur Qarabağ içrə kuyi-Qaraqaş övla.
Bir çox mənbələrdə kəndin əsl
adı "Qaraağaclı" olmuş, tələffüzdə
dəyişikliyə uğrayaraq "Qaraqaşlı"
şəklinə düşmüşdür. Qaraqaş toponiminə Nigari
şeirində Nigar xanımın, şairin təbirincə desək
Şahnigarın, adı ilə bağlı rast gəlirik:
Neyləyim,
ey yaran, bir laləüzar
Tarimar eylədi arü varimi.
Bir ləbləri
gülnar, adı Şahnigar,
Kəsdi taqətimi, ixtiyarimi.
Qarabağdan
irağ deyil maralım,
Səhrayi-qınağdə oynar qəzalim.
Qaraqaşlı
elində Şirin misalim,
Şamü səhər çəkər intizarimi.
Bir
qönçeyi-gülün tarimariyəm,
Görüm
abad olsun ol Qarabağı!
Bir
gözəl kəbkin giriftariyəm,
Şənlik
olsun dağı, bağı, ovlağı!
Gözlərimdən
hər dəm qan-yaş tökülür,
Sərvtək qamətim yay tək bükülür.
Sinəmə
çarpa dağlar çəkilür,
Yadıma düşdükcə Çilgəz
yaylağı.
Xublər
huridir, mələkmənzərdir,
Sözləri şirindir, şəhdü şəkkərdir.
Cənnətül
Mə'vadur, hövzi-Kövsərdir
Qaraqaş yaylağı, Həmzə bulağı.
Qarabağ mövzusu Nigarinin bütün
yaradıcılığından qırmızı xətt kimi
keçir.
Qarabağ məhəbbəti, Qarabağ həsrəti Nigarinin
heca vəznində yazdığı şeirlərində də
tez-tez müraciət etdiyi mövzulardandır:
Ey Nigari,
ömrüm irişdi yayə,
Salmadı başimə ol sərv sayə.
Can nisar
eylərəm peyki-səbayə
Xəbər versə bir gün Qarabağdan.
Eşqin
kanı Qarabağdır məkanım,
Bülbülü-şeydayam,
cənnət yerimdir,
Əzəl
başdan Qaraqaşlı bustanım,
İndi gülüstanım Qarapirimdir.
Sinəmə
çəkilən qara dağımdır,
Yandıran
aləmi gör nə çağımdır!
Qara
bağrım qanlı Qarabağımdır,
Gözlərimdən axan yaşi-tərimdir.
Sonuncu
şeirin ilk bəndində şairin "bustan" və
"gülüstan" sözlərini işlətməsi, Sədi
Şirazinin "Bustan" və "Gülüstan" əsərlərinə
işarədir. Şairin hazırda Ağdam
rayonunun ərazisinə daxil olan Qaraqaşlıda
(Qaraağaclı) Mahmud Əfəndidən dərs
aldığı məlumdur. Yenə də Ağdam rayonu
ərazisində olan "Qarapirim" kəndinə də
"gülüstanım" deməsi şairin buradakı məşhur
Qarapirim şeyxlərindən də təhsil almasını
göstərir.
"Qanlı Qarabağım" deyərkən, Nigari hələ
o dövrdə çar hökumətinin Qafqazda
apardığı işğalçı siyasətin acı nəticələrini
qabaqcadan hiss edən Seyyid Nigari şeirlərində
Qarabağın taleyi haqqında öz
nigaranlığını ifadə edirdi. Bu şeirləri
oxuduqca sanki şairin Qarabağın düşmən
tapdağı altında qalan dilbər guşələrini,
yandırılan şəhər və kəndlərini
dolaşan nigaran ruhunu görürdük. Bu
ruh bizi zülmə və zalıma tabe olmamağa, vətən
torpağını yağı düşməndən azad etmək
yolunda birləşməyə çağırırdı.
***
Nigari
"Çaynamə" adlı məsnəvisində də
Qarabağı ətraflı şəkildə təsvir edir,
onun sərhədlərini qeyd edir:
Bir yer
deyim, ismidir Qarabağ,
Cənnət yeri abü şiri qaymaq.
Bir
mövzui-xoş, fərəhfəzadır,
Dünyaya
behişt desəm, səzadır...
Qərbiyyəsi
Gögçə, gahi-xuban,
Şərqiyyəsi Badikubi-Şirvan.
Sərhəddi-cənubisi
Ərəsdir,
Kür həddi-şimali, xoşnəfəsdir.
Bu dairənin
içində guya,
Bir mərkəzi-can
olubdu peyda...
Zira ki, qədimi
darimizdir,
Sərmənzili-Şahnigarımızdır.
Göründüyü kimi, burada Nigari Qarabağın dəqiq
sərhədlərini müəyyənləşdirir,
Qarabağ torpağını canın, ruhun mərkəzi
adlandırır. Şair Qarabağda çoxlu turac, kəklik,
qırqovul, şahin quşları olduğunu, hər tərəfinin
yaşıllıq, meşə, bağ, çay və
bulaqlarla dolu olduğunu, dağlarında ceyran, maral,
dağkeçisi və s. vəhşi heyvanların
yaşadığını qeyd edir. Eyni zamanda
Qarabağın atları ilə də məşhur
olduğunu, "Xosrov və Şirin" əsərindən məlum
olan "Gülgun və Şəbdizin məqamı"
olduğunu vurğulayır. Qarabağ
torpağının zəngin bitkilər və heyvanlar aləmini
vəsf edir. Güllü-çiçəkli
yaylaqlarından, saf havasından, barlı-bəhərli
torpaqlarından, Şirinə bənzəyən gözəllərindən
bəhs edir. Qarabağı
"behiştinn həsəd apardığı yer" kimi dəyərləndirir.
Nigari Qarabağın tarixi keçmişinə də əsərlərində
yer verir. "Xosrov və Şirin" dastanındakı
Şirini tarixi şəxsiyyət kimi dəyərləndirir,
onun "Qarabağın şahı" olduğunu qeyd edirdi.
Bir məmləkət,
adı kim Qarabağ,
Sərhəddi-cənubisi Qaradağ.
Var idi ki,
var imdi, ey can,
Xubları, gözəlləri firavan.
Son beytdə, Qarabağın indiki gözəllərinin,
qadınlarının Şirinin birbaşa varisi olduğunu
vurğulayırdı.
Ol məmləkətin
ol vəqt şahı,
Bir qız idi, leyk ərzi-mahı.
Ol doxtərin
adı idi Şirin,
Göftarı şirin, kəlamı rəngin.
"Çaynamə"
əsərində ulu babalarının yaşadığı
bu müqəddəs torpaqda olan övliya türbələrinin,
dini və tarixi abidələrin təsvirini verir:
Ol yerdə
cənab Malik Əştər
Dəştində
kəməndi-çərxi-çənbər...
Bir ali binadəndir o dilbənd
Məşhurdur adı Qoşa Günbəd.
O qəryədədir
məzari-aşiq,
Əlqabi-şəhiri Sarı Aşiq.
Ol
daireyi-Həkəri, Bərşad,
Eşqin yeridir buyurdu ustad.
Nigarinin doğma vətəninə sevgisi sonsuzdur. Şair "Nigarnamə"
əsərində yazdığı bir qəzəlində
aşiqin həsrətini, eşq yanğısını ifadə
etmək üçün məqsədli şəkildə
yalnız yerli çayların adından istifadə edir:
Alamaz atəşi-hicranımı
çayi-Bərşad,
Eyləməz sud bana çayi-Həkari, nedəyim?
Eyləməz
faidə suzanimə çayi-Xaçin,
Çayi-Tərtər dəxi söndürməz o nari,
nedəyim?
Eyləməz
çayi-Ərəs faideyi atəşimə,
Çayi-Kür söndürəməz nari-mənari,
nedəyim?
Bəhri-Zəxar
ilə eşq atəşi təskin olmaz,
Böylədir,
lütfilə kim, yansa fənarı, nedəyim?
Şair Qarabağı ilahi mərifətə çatma
məqamı, səadətlərin məcmuyu, eşq xəzinəsi
adlandırır, onun qeyri-adi təbii gözəlliklərini və
mənəvi xüsusiyyətlərini mədh etməkdən
yorulmurdu.
Bu gün
Ali Baş Komandanımızın və qəhrəman Azərbaycan
Ordusunun rəşadəti sayəsində Qarabağın
yağı düşməndən azad olduğu
üçün böyük övliyanın ruhu
şaddır, inşallah! Əminəm ki, Qarabağın
başına gələn qanlı hadisələri öncədən
hiss edən və əsərlərində
nigarançılığını ifadə edən Mir Həmzə
Seyyid Nigari Həzrətlərinin bu duaları da müstəcəb
olacaqdır:
Abad olsun
o yer, zira xəndan olduğum yerdir,
Həvəsnaki-meyi-gülguni-canan olduğum yerdir.
Abad olsun
Qarabağ içrə ol yer, çünki cananın
Həbibanə qara qaşına qurban olduğum yerdir.
Abad olsun
ki, ey Mir Nigari, çeşmi-dilbərdən
Alub dərsi-cünuni,
əhli-irfan olduğum yerdir...
Görüm
abad olsun ol Qarabağı...
Şənlik
olsun, dağı, bağı, irmağı...
Nəzakət Məmmədli
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun Türkdilli əlyazmaların
tədqiqi
şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent
Ədəbiyyat qəzeti.- 2021.- 9 yanvar.- S.24-25.