KOSMİK
SİRLƏR
ƏHATƏSİNDƏ
Nizaminin kəfkiri
İkinci yazı
Ara-sıra,
bəzən də yeri gəldi-gəlmədi Nizami Gəncəvi,
onun əsərlərinin poetik və filoloji tərcüməsi,
Nizaminin şair və filosof kimi miqyası və sair
haqqında mübahisələr başlayır və su qumluqda
necə birdən-birə yox olursa, o mübahisələr də
qəfildən havaya sovrulur, efirə qarışır,
heç olmamış kimi. Bunun bircə səbəbi
var ki, məsələnin qoyuluşu bütün təsadüflərdə
səhvlərlə müşayiət olunur. Bəzən
insanlar özlərində bərk təşviş,
narahatlıq, dünya boyda boşluq və mənasızlıq
hiss etdikdə xaotik şəkildə "bir qocaman dağ kimi
dəryada duran" ismlərin üstünə
yürüş edir, olur ki, yarı yolda bu xaotik durum düzəlmiş
kimi olur, elə o saat bayaq təlaşdan bağrı
çatlayan şəxslər geriyə dönüş yolunu
axtarırlar və bu zaman onlara məhz həmin dağ kimi dəryada
duran mayak kömək edir. Bu məqamda
"İsgəndərnamə"də adıkeçən
"Cənnət şəhəri" xatırlanır.
Böyük fateh İsgəndər qoşunu
yolun kənarına çəkir, bir neçə nəfərlə
bayaq gördüyü çox qəribə, indiyə qədər
rastlanmadığı bir şəhərin qapılarından
içəri keçir. Onu kamali-ədəblə
qarşılayır, saraya gətirirlər. İsgəndər şəhərdəki
dükanların, ev-eşiyin qapılarının
açıq olduğunu görüb heyrət içində
onlardan soruşur ki, siz bu qədərmi
güclüsünüz, siz özünüzdən bu qədərmi
əminsiniz ki, mal-mülkün qarət edilməsindən
qorxmursunuz? Cavab verilir ki, biz güclü deyilik, zəifik,
çox zəifik, ancaq bizim imanımız, dinimiz var. Bu mənada
Nizami əsərlərinin yolgöstərən, hikmət
qaynağı olması sıradan bir hadisə deyildir, əksinə,
dünya tarixi və mədəniyyətinin, heç
şübhəsiz ki, ilahi mənbənin gələcək
üçün (yəni olan-qalan bütün zaman
üçün -!) hazırladığı fenomendir. Yəni Nizami Gəncəvi hadisəsinin mədəniyyətin
daxilindəki saf materiyanın tədriclə, illər, əsrlər
boyu toplanıb ərsəyə gəlməsilə bərabər
bu ilahi faktor da nəzərə alınmalıdır. Bir
qayda olaraq bu kosmik hadisədən sonra mədəni inkişaf
tənəzzülə də tuş gələ bilər və
çox zaman belə də olur, belə bir nəhəng epik ənənə,
fəlsəfi vüsət zirvəsi zamanla daha görünməz
və əlçatmaz olur; missiya o böyük,
ucsuz-bucaqsız ərazidə ucalan zirvənin ətrafında
sanbalca ona yaxın olan zirvələrin yaranması və
bütün dünyanı, insanın daxili aləminin
bütün incəliklərini kapsayan sistemin
yaradılmasıdır. Yəni bu hadisədə
ətrafı, mədəniyyətə aid "kəsikləri"
tənəzzülə uğratmaqla onları yenidən
canlandırmaq, dolğunlaşdırmaq funksiyası bir ruhun,
bir sistemin içindədir. Ona görə
də ən ultra-müasir mədəni, ədəbi-bədii
hadisədən baxanda Nizami zirvəsi hökmən fəhm
edilir.
Və bütün mübahisələr bir qayda olaraq
ciddi araşdırmaların sayı tükənəndə,
yaxud bu sahədə heç bir ciddi hadisə baş verməyəndə
başlayır. Ancaq vaxtilə deyək ki, Mikayıl Rəfili
bu mövzulardan yazanda yaranan suallar şairin əsərlərində
sözün dərinliyi, mənanın kosmik
ölçüsü... və sair bu kimi cəhətlərlə
bağlanardı. Nizami Gəncəvi
yaradıcılığı belə deyək, hər hansı
mövzu haqqında ən müxtəlif yönlərdən
fikir yürütməyə, təhlillər aparmağa imkan
verir, sən bir təsadüfdə bu yönlərdən
yalnız biri haqqında yaza bilirsənsə, demək, digər
sirli qapıları açmağa fürsətin və
imkanın olmursa və sənin yazıda
cızdığın xətlə Mikayıl Rəfilinin (eyni
zamanda digər böyük filoloqların) yazdıqları bir
nöqtədə assosiativ olsa belə qovuşmursa, problemin
özündə olduğunu düşünməlisən.
Yaxud başqa bir misal, müasir poeziya ilə müqayisədə
klassik təfəkkürün parlaqlığı məsələsi. Bu iki təfəkkür
tipinin bir-birinə uyuşmaması, yadlığı,
bir-birini dəf etməsi problemi. Başqa
sözlə, Nizamini sirli, əbədi, tükənməz edən
nədir? Klassik poeziyada relyativlik - sözlər
arasındakı əlaqələr R.Bartın
yazdığı kimi, bu poeziyanın icad yox, ifadə aləmi
olmasıyla səciyyələnir. Bart elə belə də
yazır: sözün, sanki qürurun qeyzli və gözlənilməz
hücumuna tab gətirməyib fərdi insan təcrübəsinin
bütün dərinliyinivə təkrarolunmazlığını
aşkara çıxardığı sonrakı epoxadan fərqli
olaraq, klassik poeziyada onlar (sözlər) incə və dekorativ
nizamın tələblərinə tabe olaraq səth üzərində
düzülürlər. Bizi onların
gücü və gözəlliyi deyil, vəhdəti heyran
edir. Və həmişə bu əlaqələrin, bu vəhdətin
sayəsində hər an yeni-yeni məna
intensiyaları dikəlib-qalxır. Klassik dildəki
söz həmişə eyni, təkrarlanan münasibətlərin
çəmbərində yeyilərək ritorik fiqurların alətinə
çevrilir.
Vaxtilə Höte Aleksandrin şeirindən gələn ənənənin
müasir şeir üzərindəki təzyiq
gücünü azaltmaq istəyirdi - nitqin relyativ
intensionallığını məhv edib onun yerinə
ayrı-ayrı sözlərin partlayış
gücünü qoymaq. Klassik poeziyada, məsələn, Nizaminin
lirikasında əsas olan sözlərin bətninə hopduqca
hopan, orada dünyalar inşa etmiş həqiqəti göstərmək
inadı güclüdür, müasir poeziyada hərəkət,
hisslərin dinamikası və musiqililik önə
çıxır. Həqiqət adında
dərin-dərin dəryalardan sözdəki partlayış
gücünə qədərki yol dünyadan qoca və
müdrikdir, hər şey onların təmas
tapdığı məqamlardadır və bu kontakt, bu dəruni
təmas heç zaman vizuallaşmır, sadəcə baş
verir və mənalar səltənətini qurub-yaradır.
Rus poeziyasında Brodski niyə ayrıca bir ada təsiri
bağışlayır, yaxud fransızlarda Anri Mişo və
ya Pyer Emmanuel? Klassik poeziya ilə modern ədəbiyyatın
heç zaman qırılmayan bir əlaqə, bağlantı
nöqtəsi var - bunu hifz etdiklərinə görə.
O mənada sovet dövründə Nizami Gəncəvidən
edilən poetik tərcümələr bizim ədəbi prosesə
böyük təsir etdi. Nizami Gəncəvi
lirikasında söz iki ölçüdə - üfüqi və
şaquli ölçüdə mövcuddur, müasir poeziyada
bunlardan yalnız biri - şaquli ölçü hökm
sürür. Müasir poeziya sözlər
arasındakı relyasiya əlaqələri itdiyindən dərinlik
və səth bir nöqtədə qərar tutur.
Mütaliə, öyrənmə yolu ilə klassikanın modern
poeziya və ədəbiyyata təsiri bu iki
"bitişmiş" səviyyəni bir-birindən
aralayır, yeni dünya qurur, nəticədə yerlə göy
arasında insan hisslərinin burulğanı sözlərin dəf
edilməsi ilə sonuclanır.
Hər
gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs
çəkdim, hədər getdi o saat sənsiz...
...Yenə
tövbə evimi eşq xərab etmədədir,
Aşiq
iftarını sevda meyi-nab etmədədir...
Janr nə qədər qəliblər içində olsa
da, mütləq başlanğıcdır və belə
olduğu üçün də yaradıcılığı
azadlıq aktına çevirə bilir. Anın və
əbədiyyətin qəzəldə anidən birləşib
hisslərin bütün tarixini göstərməsi əslində,
nə qədər aydın ifadə olunsa da "izahsızlıq
aktını" önə sürür. Başlyar
demişkən, "Obraz həyatın üzərində elə
bir yüksəkliyə ucalır ki, həyat onu izah etmək
gücündən məhrum olur". Çünki
"şair peşə vərdişlərini tətbiq edirsə,
bunu yalnız ikinci dərəcəli vəzifələrin
icrası naminə edir - yəni obrazları biri-birilə əlaqələndirmək
üçün. Ancaq obrazın
bütün həyatı bir parlaq anın ömrünə
sığınır, bu onunla əsaslanır ki, obraz bizə
hiss orqanlarımızın ötürdüyü istənilən
informasiyanın sərhədlərindən çox-çox
uzaqlarda yerləşir".
***
Bu il Nizami ilidir. Nizami Gəncəvi
haqqında sanballı nələrsə etmək
üçün onu dərk eləmək, müasir elm səviyyəsində
normal öyrənmək lazımdır. Bunsuz
mümkün olmayacaq. İndi burda çox
görüləsi işləri sadalamaq olar, ancaq onların hər
birini Nizamini bilmədən, mövcud biliklərə
arxayınlaşıb eləsək, onda formal nələrsə
alınacaq, həmişə olduğu kimi. Mən
"Nizamini anlamaq üçün çox dil bilmək
lazımdır" deyəndə elə anlaşılmasın
ki, təkcə əsərlərini yazdığı dil nəzərdə
tutulur, indi ərəb və fars dilini
doğrudan çox mükəmməl bilən alimlər var,
ancaq hər bir şairin ayrıca, yazdığı təbii
dildən fərqlənən dili, yaxud dilləri olur. Yəni kadrlar düzgün, təyinatı üzrə
hazırlanmalıdı, ancaq məsələ odur ki, kadr
qıtlığı yaşanır. Mütəxəssis
hər şeydən əvvəl düzgün əxlaq və
münasibət deməkdir, o, ustadına baxıb elə məziyyətləri
götürməlidir ki (hamı ustaddırsa, kimdir müqəssir?),
yazdığı hər sətirdə məsuliyyət və
vicdan hissindən başqa nəsə olmasın. Elmlə məşğul olmağın yolu məşəqqətdir,
indi yazılan işlərin çoxu,
"arxeologiyadır", yəni başqalarının fikir və
ideyaları üstündə qazıntı aparmaqla alim olmaq
olmaz. Baxın, Füzuli haqqında nə qədər
iş yazılıb, biri o birinin əkiz tayıdır, yəni
klassiklər haqqında ancaq ümumi səciyyəli əsərlər
yazılacaqsa bu o demək olacaq ki, biz bu imzanı
tanımırıq (tanınma işarəsi yoxdur... -!),
tanımaq fərq deməkdir, klassiki aid olduğu poetik sistemə
uyğun şəkildə, həm də fərqlərin
(dövrünə, zəmanəsinə qarşı müqavimətdən
doğan fərqlər) qovuşağında araşdırmaq zənnimizcə,
daha perspektivlidir. Bu və digər arqumentlərin
hamısını sadalasaq məlum olacaq ki, əslində,
Nizami kimi bir klassiki araşdırmaq çox çətindir,
xüsusi təlim, xüsusi və ixtisaslı təhsilin
olmasını tələb edir. Bunlar
hazırda yoxdur. Nə etməli?
Yaxşı ki, Prezident Sərəncam imzaladı, bu Sərəncamın
mənası həm də qarşıdan gələn illərə
aid edilməlidir, yəni bunu biz belə anlamalıyıq,
statistika xətrinə işlər çox az
olmalıdır.
Nizami
dünya ədəbiyyatı və fəlsəfi-estetik firkinin
elə fiqurlarındandır ki, bütün zamanları
kapsayır, gənc ədiblər bütün kitablardan öncə
onu oxumalıdırlar, çünki onun verdiyi informasiya
enerjisi tükənməzdir, Nizami poeziyası insanın
daxilində təkcə yazı üçün gözəl
intibalar yaratmır, insanın, mütəxəssisin,
yazarın formalaşmasında böyük rol oynayır. Sovet dönəmində icra edilən poetik tərcümələrə
baxın, bu nəhəng və çətin işin o tərcüməçi
şairlərin yaradıcılığına təsiri
danılmazdır. Rəsul Rzanın poetik
istedadı ən çox "Xosrov və Şirin"in tərcüməsindən
görünür. Səməd Vurğunun
fəlsəfi çalarlı epik əsərlərinin
hamısında Nizamidən qətrələr var. Elə
işlər görmək lazımdır ki, insanlar çox
yazmaqdan bezsinlər və qorxsunlar, zənnimizcə, bizə
bu, indilərdə çox lazımdır. Orhan Pamukun nailiyyətlərinin yüzdə
yüzü klassikadan gələn böyük və
qarşısıalınmaz təsirlərin hesabınadı.
Bir sıra Avropa yazarları da Nizamidən bəhrələniblər.
Nizamidən keçməyən yazarın nə
yazması çox maraqsızdı.
Nizami haqqında ən yaxşı araşdırmalar təkrar
nəşr edilməlidir.
İndiyə qədər dilimizə çevrilməyən
araşdırmalar varsa, tapılıb nəşr edilməlidir.
Ən ümdəsi Nizamini izmlərə uymayan, dərin
hissiyatlı insanlar öyrənməlidir.
Sonda
tamamlayıcı olmayan, son nöqtənin qoyulmasını
aradan qaldıran bir şey deyim: Abbas Kiarostaminin
"Şirin" filmi var, ancaq filmi seyr edən qadın
tamaşaçıların üzlərini görürük və
filmin həyəcan və təlaşla dolu səhnələri
bu insanların üzlərindən oxunur. Yəni, biz istəsək
də, istəməsək də daim Nizaminin qələmə
aldığı əfsanələri izləyirik və taleyin
bəlli məqamında o səsləri eşidirik də...
Saatın kəfkiri tərpənir, tərpəndikcə
içimizdəki həyəcanları həmin əfsanələrin
məğzinə qatır...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 9 yanvar.- S.23.