İki qaranquş gecə Aya baxır

Qapı üstündəki yuvada.

 

Pişik və quş

 

Kənddə kədərlidir hamı:

Quş ölümcül yaralıdır.

Kənddəki yeganə quşun

Yarısını yeyib

Kənddəki yeganə pişik.

quş daha oxumur.

Pişiksə qanlı ağzını yalayıb

Toxluq içində xoşhallanır...

Quş ölür.

Onu basdırmaq qərarına gəlir kənd camaatı.

Pişik də dəvət olunub cənazə mərasiminə.

Balaca tabutu balaca qız

                        aparır ağlaya-ağlaya.

"Ah, bilsəydim ki, - pişik qıza deyir, -

Quşun ölümü sənə belə təsir edəcək,

Onu bütün yeyərdim...

sənə deyərdim ki,

Quş uçdu

Mavi dənizin o tayına,

Bəyaz işığın bitdiyi,

Qayıdışı olmayan yerə.

Onda sən daha az qəmlənərdin,

tezliklə

Bütün kədər silinərdi

Üzündən...".

 

Kim deyir desin,

Hər işi axıracan görmək lazımdır!

 

Barbara

 

Yadındadır, Barbara,

Brestə səhərdən yağış yağırdı,

Sənsə

Gözəl, islaq xoşbəxt

Halda harasa qaçırdın, Barbara...

Leysan yağırdı səhərdən Brestə,

səninlə təsadüfən rastlaşanda

Gülümsədin,

Mən gülümsədim qeyri-ixtiyari.

Bir-birimizi tanımadığımıza baxmayaraq,

Yadına sal, yadına sal o günü, Barbara!

Yadına sal:

Talvarın altında kimsə səni gözləyirdi

o səni çağırdı:

- Barbara!

Sənsə

Gözəl, islaq xoşbəxt halda

Onun yanına qaçdın yağışın altında

o səni qucaqladı, Barbara!

Sənə "sən" dediyim üçün

                        hirslənmə, Barbara:

Sevdiyim adamlara

Həmişə "sən" deyirəm;

Bir-birini sevən adamlara da

Həmişə "sən" deyirəm.

onlarla tanış olmasam da

Hamısına gülümsəyirəm.

Yadındadır, Barbara,

Bu xoşbəxt sakit şəhər,

Üzündəki yağış damcıları,

Yadındadır həmin yağış,

Səhərdən yağırdı

Talvarın üstünə, körpünün üstünə,

Brestin üstünə?

O, Barbara!..

Müharibə çox dəhşətlidir!..

Alov yağışının altında başına gəldi?

Talvarın altında səni gözləyən adam

İndi hardadır?

Səni ehtirasla qucaqlayan əllərin sahibi

İndi ölüdür, yoxsa diri?

O, Barbara!..

Brestə yağan yağış heç kəsmir,

Amma bu yağış, o günlərin

                        yağışına heç oxşamır.

Bu yağış kədərlidir, matəmlidir,

Ona görə tükənməz kədər içində

Batırır hər şeyi.

Göydəkilər adi buludlardır,

İt kimi xırıldayır

Şəhər alatoranlığının üstündə.

Xırıldayır sürünürlər

Tükənməz kədər içində boğulan

Brestdən çox-çox uzaqda

Çürümək üçün.

 

Gecə vaxtı Paris

 

Gecə vaxtı bir-birinin dalınca

                        yandırılan üç kibrit:

Birincisi - bütünlükdə üzünü görmək üçün,

İkincisi - gözlərini görmək üçün,

Axırıncısı - dodaqlarını görmək üçün.

Qatı qaranlığın ağuşunda səni qucaqlayanda

Xatırlamaq üçün.

  

İşığı söndürün!

 

İki qaranquş gecə Aya baxır

Qapı üstündəki yuvada.

İki qaranquş başını tərpədir

Sükuta qulaq asa-asa.

Gecə elə yuxusuzdur ki.

Ay elə böyükdür ki.

Yatmır onun sakinləri,

Yatmır Aydakı selenitlər.

Qaradamı

Qaçıb gəldi tövşəyə-tövşəyə,

Ayın qapılarını

Döyməyə başladı hirslə.

"İşığı söndürün!

İşığı söndürün!

Viktuar meydanında

İki nəfər öpüşür!

Onları görə bilərlər.

İşığı söndürün!

mümkünsə, onları rahat buraxın!

Mən veyillənirdim özümçün,

Təsadüfən onlara rast gəldim,

Yanlarından keçdim.

Qızın kiprikləri

                  biləsən-bilməyəsən titrəyirdi,

Oğlanın gözləri yanırdı alov kimi".

İki qaranquş gecə Aya baxır

Qapı üstündəki yuvada.

İki qaranquş başını tərpədir

Sükuta qulaq asa-asa.

 

Böyük, qırmızı

 

Böyük,

Qırmızı

Qış günəşi

Qran-Pale sarayının üstündə görünür,

Üzür

təzədən yoxa çıxır.

Eynən belə itəcək mənim ürəyim,

Bütün qanım da axacaq damarlarımdan,

Ürəyim səni axtarmağa başlayacaq,

Sevimlim,

Gözəlim,

harda olsan

Səni tapacaq.

 

Ailəvi

 

Ana hörməklə məşğuldur,

Oğul müharibəylə.

Ana bu gedişatı qanunauyğunluq hesab edir.

Bəs ata?

Bəs ata gününü necə keçirdir?

Arvadı hörməklə məşğuldur,

Oğlu müharibəylə.

O isə işə gedib.

O da bu gedişatı qanunauyğunluq hesab edir.

Bəs oğul? Bəs oğul?

Bəs oğul hesab edir?

Oğul orta hesabla heç hesab etmir.

Anası hörməklə məşğuldur,

            atası işlə, özü müharibəylə.

müharibə qurtaranda

O da işləməyə gedəcək.

Müharibə davam edir,

            ana hörməyə davam edir,

Ata davam edir işiylə məşğul olmağa.

Oğul ölür - daha heç nəyə

            davam edə bilməyəcək.

Cənazə arabasının dalınca gedir

Atayla ana.

Onlar bu gedişatı qanunauyğunluq hesab edir.

Həyat da davam edir öz axarıyla,

Hörgüylə, müharibəylə, işlərlə,

yenə işlərlə, işlərlə, işlərlə,

ölülərlə.

 

Nəğmə

 

Bu gün ayın neçəsidir?

Tarix? İstənilən tarixdir...

                        gün istənilən gündür,

Əzizim.

Bizim hər günümüz belədir,

Bütün ömrümüz belədir bizim.

Sevirik nəfəs alırıq,

Yaşayırıq sevirik bir-birimizi,

Həyatın olduğunu bilməyərək,

Günün olduğunu bilməyərək,

Sevginin olduğunu bilməyərək.

 

Getdikcə azalır

 

Getdikcə azalır meşələr:

Ağacları kəsirlər,

Ağacları qırırlar,

Ağacları seçirlər

istifadə edirlər,

Çoxlu kağız düzəldirlər

Kəsilən ağaclardan,

Milyardlarla qəzet kağızı edir hərəsi,

Bu qəzetlərsə bar-bar bağırır

Meşə zolaqlarının getdikcə azaldığını.

  

Möcüzə

 

Çılpaq qız dənizdə üzür,

Saqqallı kişi suyun üstündə gəzir.

sual yaranır:

Yuxarıda dediyimiz möcüzə hansıdır?

 

Jak Prever

 

Tərcümə etdi: Həmid PİRİYEV

 

Ədəbiyyat qəzeti.- 2021.- 9 yanvar.- S.22.