Üç sadə cümlənin Azərbaycan ehtişamı
Publisistik düşüncələr
Qafqazda
ilkin sivilizasiya ocağı yandıran Azıx
mağarasının vətəni, Azərbaycanın ən qədim
yurd yerlərindən biri - Qarabağ...
Bir tərəfdən
Kür, Araz, bir yandan Əlincəçay, Göyçə
gölü arasına sığınan, lakin qüruru,
qüdrəti, sənət eşqiylə dünyaya
sığmayan tarix yaşlı, tarix yaddaşlı
Qarabağ! Ulu keçmişini xəbər
alsan, sinəsində əcdadlarımızın əliylə
yazılan Azıx, Tağlar, Borsunlu, Xocalı,
Çalağantəpə, Xındırıstan, Qalaqtəpə
avtoqraflarını göstərər. Dağlarına
üz tutub adını soruşsan, Murovdağ,
Qızılboğaz, Qızqala, Ərikli, Qırxqız - deyər.
Çaylarını tanımaq istəsən, dilimizin şah
damarından törəyən doğma adlar eşidərsən:
Quruçay, Köndələnçay, Həkəri, Tərtər,
Qozluçay, Qarqar, İncəçay, Daşaltı...
Qalalarını soraqlasan: Bayat, Koroğlu, Şahbulaq, Əskəran,
Şuşa... Kəndlərini soruşsan:
Boyat, Abdal-Gülablı, Kosalı, Çəmənli, Xankəndi,
Sığnaq, Quzanlı, Göytəpə, Bəhmənli,
Malıbəyli, Kəhrizli, Kəngərli,
Üçoğlan, Qaradağlı, Qaradolaq...
Ömrünü-gününü xəbər alsan XVII
yüzilin böyük filosofları Yusif Məmmədcanoğlunun,
İzzəddin Qarabağinin hikmətləriylə, Molla Pənah
Vaqifin, Xan qızı Natəvanın, Seyid Nigarinin şeirləriylə
cavab verər sənə. Bütün tarixi,
maddi-mənəvi abidələri, toponimləriylə "Mən
Azərbaycanınam" deyir Qarabağ.
Dağlarında
küləklərin muğam oxuduğu, düzlərində
bulaqların şikəstə
pıçıldadığı, göylərində Pənahəli
xan Cavanşirlərin ruhu döyüşən, binələrində
Bayatlı Qorqud nəfəsi, Füzuli səsi yaşayan qədim
Qarabağdan, Qarabağ uğrunda Vətən müharibəsində
qazanılan Müqəddəs Qələbədən
keçir bu günün Azərbaycan yüksəlişi, milli
istiqlalımızın tale yolları. Qafqaz-Qafoğuz
dağlarının, Azıx yaddaşlı Quruçay sahillərinin,
neçə min illik Tağlar, Borsunlu, Çalağantəpə,
Xındırıstan binə-kurqanlarının ruhu titrəşdi,
əbədi xatirələri şəhidlərimizin qanına
üz tutub torpaqdan baş qaldırdı, namərd düşmənə
qarşı bizimlə bir səngərdə
döyüşdü; Şahbulaq dağının məğrur
zirvəsində ucalan Koroğlu qalasında Misri qılınc
qəzəbindən od tutub yandı, neçə minillik milli
yaddaşımız o qılınca üz tutub qələbə
andıyla ayağa qalxdı, Bayat, Şahbulaq, Əskəran,
Şuşa qalalarının daş dünyasında cəngi
çalındı; bulaq kimi torpağımızın
damarlarından, qalalarımızın daş yaddaşından
qaynayıb qalxan, qartal kimi qəlbimizin göylərində
qıy vuran o cəngi - çağırış səsini
dinlədi, anamız Azərbaycanın qədim guşəsi,
milli-mənəvi taleyimizin sınaq meydanı Qarabağda
böyük qələbə qazandı Vətən!
Xalqımız öz doğma torpağı uğrunda haqq-ədalət
savaşında qələbə zirvəsinə ucaldı. Azərbaycan milli-mənəvi yaddaşının məğrur
heykəlləri, danılmaz faktları olan Qarabağ
qalalarının alnında şölələndi müqəddəs
Qələbə sözü. Bayatlı Qorqudların,
Füzulilərin, Pənahəli xan Cavanşirlərin, Vaqiflərin,
Üzeyirlərin əliylə yazılan o ilahi, əbədi
sözü alın yazısı kimi dilə gətirdi Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyev. Qarabağ
dağlarında haqqın, ədalətin sönməz, əbədi
çırağını yandırdı, üçrəngli,
ay-ulduzlu bayrağımızı yenidən qaldırdı Vətən
oğlu, Azərbaycan əsgəri! "Qarabağ Azərbaycandır!"
dedi, bu möhtəşəm
çağırış-nidanı bütün planetə car
çəkdi, təsdiq və etiraf etdirdi, son yüzillərin
ən böyük Azərbaycan Qələbəsiylə şərəfli
tarix yazdı, yeni tarixi reallıq, zəfər günü
yaratdı İlham Əliyev!
Və Zəfər gününün sönməz
işığında bu sözləri yazaraq Qarabağın
tacı Şuşanın əzəl gününü,
yaralı yaddaş yollarını düşünürəm.
***
Mirzə
Camal Cavanşir Qarabağinin 1847-ci ildə yazdığı
"Qarabağ tarixi" adlı əsəri, məşhur
Qarabağnamənin birinci fəsli belə başlayır:
"Qədim
tarix kitablarının yazdığına görə,
Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən
Xudafərin körpüsündən Sınıq körpüyə
qədər - Araz çayıdır. İndi
Sınıq körpü Qazax, Şəmsəddin və Dəmirçi
- Həsənli camaatı arasındadır və Rusiya dövləti
məmurları onu rus istilahilə Krasnı most, yəni
Qızıl körpü adlandırırlar.
Şərq tərəfdən Kür çayıdır
ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər
dənizinə tökülür.
Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi
Kür çayına qədər - Goran çayıdır və
Kür çayı çox yerdən keçib Araz
çayına çatır.
Qərb tərəfdən
Küşbək, Salvartı və Ərikli adlanan uca
Qarabağ dağlarıdır... Qarabağ vilayəti
Aran məmləkətinin bir hissəsidir".
Bu
Qarabağnamənin yazıldığı vaxt Pənahəli
Cavanşirin Qarabağ xanlığını yaratmasından və
Bayat qalasında ona xanlıq fərmanı təqdim
olunmasından 100 il keçmişdi. Sələfi Qarabağ bəylərbəyliyi olan
Qarabağ xanlığı həm şərəfli, həm də
narahat günlər yaşayırdı.
Pənahəli xan cəmi 10 ay iyirmi günə tikdirdiyi
Bayat qalasındakı ilk müharibədə qalib gəlsə
də, strateji baxımdan daha möhkəm, alınmaz qala
arzusunda idi.
Bu arzuyla Ağdamın beş kilometrliyində
Şahbulaq-Tərnəküt qalasını inşa etdi. Lakin
Qarabağ xanı Şahbulaq qalasında da tam arxayın ola bilmirdi.
Nəhayət,
günlərin bir günü... Mirzə Camal Qarabağinin
"Qarabağ tarixi" əsəri soraq verir ki...
"Pənah
xanın işgüzar və bacarıqlı adamları,
xanın əmrinə görə məsləhət
üçün yığışıb dedilər: "Mərhum
Nadir şah vəfat etdikdən sonra bizimlə Əliqulu xan və
Sərdar Əmir Aslanın arasında sülh, ittifaq və
dostluq əlaqəsi davam etməkdə idi. İndi,
çox mümkündür ki, belə bir münasibət və
dostluq əlaqəsi bizimlə Məhəmmədhəsən
xan arasında olmasın. Ətraf
xanlarından da bir o qədər xətircəm deyilik. Onların Məhəmmədhəsən xanı
üzərimizə təhrik edərək, onunla birlikdə bizə
qarşı çıxacaqları ehtimalı vardır. Belə bir vəziyyətdə Qarabağın elləri,
adlı-sanlı adamları düşmən qoşununun
ayağı altında paymal olar, biz isə Şahbulağı
qalasında elə bir qüvvətli düşmənin və ətraf
xanların qarşısında müqavimət göstərə
bilməyib, bütünlüklə qırılarıq. Ona görə də işin əlacını
qabaqdan görmək lazımdır. Biz gərək
dağların içində, möhkəm və keçilməz
yerdə elə bir əbədi və sarsılmaz qala tikək
ki, onu güclü düşmən belə mühasirə edə
bilməsin. Qalanın bir tərəfi
dağlarda olan ellərin üzünə daima açıq
olmalı və mahallarla rabitəmiz, əlaqəmiz kəsilməməlidir.
Beləliklə, Şuşa qalasını
tikmək qərarına gəldilər. Xanın
bir neçə nəfər bilici və məlumatlı
adamı gedib, qalanın yerini və ətrafını
yoxladı. Qalanın içində
iki-üç bulaqdan başqa, axar su yox idi. Bu bulaqların suyu isə qala camaatına kifayət
etməzdi. Ona görə güman gələn
yerlərdə quyu qazdırıb, müəyyən elədilər
ki, buranın bir çox yerlərində su quyuları qazmaq
mümkündür. Bu xəbəri Pənah
xana çatdırdılar. Xan sevinərək
bir neçə nəfər öz yaxın adamı ilə
buraya gəldi, yerlə tanış olub, əzmlə
qalanın binasını qoydu".
Pənahəli xan Şuşanı Azərbaycanın
milli memarlığı, şəhərsalma mədəniyyəti
ənənələri əsasında tikdirdi. Qarabağ sənətkarları
ilə yanaşı, Təbrizdən, Ərdəbildən dəvət
olunan ustalar da tikinti işlərində yaxından iştirak
edir, qala-şəhərin inşasına öz töhfələrini
verirdilər.
Qarabağnamələr təsdiq edir ki, Pənahabad-Şuşa
sürətlə böyüyür, şöhrəti hər
tərəfə yayılırdı. "Şirvan, Gəncə, İrəvan,
Naxçıvan, Təbriz, Qaradağ xanları Pənahəli
xanın yanına elçilər göndərib, onunla dost və
müttəfiq olmaq istədiklərini bildirirdilər".
"Qalanın tikilişindən bir il keçdikdən
sonra Ağa Məhəmməd şahın atası Məhəmmədhəsən
xan Qacar Şuşa qalasını almaq və Pənah xanı
özünə tabe etmək məqsədilə Arazdan
keçib qalanın dörd ağaclığında
çadırlar qurdurdu. Pənah xanı tabe etmək və beləliklə, Şuşa qalasını ələ
keçirmək üçün çox
düşündü, tədbirlər tökdü. Bir ay orada oturdu. Lakin bu qədər
çoxlu qoşun ilə qalaya yaxınlaşa bilmədi".
Tanrı bu yerləri təbiətən "əbədi
və sarsılmaz qala" kimi yaratmışdı. Dəniz səviyyəsindən
1400 metr yüksəklikdə inşa edilən Şuşa
qalası cənub tərəfdən Cıdır düzü,
Üçmıx təpələri, Kirs dağ silsiləsi,
şimaldan Dövtələb təpəsi, Xəlfəli
çayı, Mıxtökən yamacı, qərbdən
Turşsu yaylası, Sağsağanlı dağı, şərqdən
Bağrıqan dağı, Topxana meşəsi və Xəzinə
qayası ilə əhatə olunmuşdur.
Şuşa qalasının bu yerlərdə tikilməsinə
başqa bir səbəb də vardı. Daşaltı
çayının dərəsində, daş, tunc, dəmir
dövrlərindən soraq verən qədim Şuşa
mağarasında uyuyan mifik-genetik dünyamız, ulu
yaddaşımız çağırırdı; o
çağırışın canlı cazibəsinə,
deyilməz-bilinməz tilsiminə düşmüşdü
babalarımız. Tarixi mənbələrdə bu səbəbdən
də söhbət açılır: "Şuşanın
cənub-qərb tərəfindəki dərənin
üstündə bir bürc vardı... Onu divlər,
pərilər tikmiş və burada saysız-hesabsız xəzinə
gizlədilmişdir. Buna görə də
həmin yer Xəzinə qayası adlanır. Həmin bürcdən aşağıda, sanki qayaya
yapışmış bir qəsr vardı; oradakı kahadan soyuq
bir bulaq axır. Bu qəsr vaxtı ilə ən
qorxulu zamanlarda əhalinin etibarlı sığınacaq yeri
olmuşdur".
Belə
bir qədim yürd yerində ucaldılan Şuşa
gündən-günə, ildən-ilə böyüdü,
möhkəmləndi, alınmazlıq, mərdlik qalasına
döndü. Bir qədər sonra Əhməd bəy Cavanşir
"Qarabağ xanlığının tarixi" əsərində
yazırdı: "...o zamankı İran sərkərdələrinin,
o cümlədən şahın özünün rəyinə
görə, alınmaz qala olan Şuşa şəhəri
iranlılar üçün Zaqafqaziyanın açarı,
ruslar üçün isə İranın qapısı hesab
edilirdi".
Əhməd
bəy Cavanşirin 1883-cü ildə yazdığı
"Qarabağ xanlığının 1747-1805-ci illərdə
siyasi vəziyyətinə dair" adlı əsərində
maraqlı bir tarixi arayış xatırlanır:
"1747-ci ildə Nadir şahın öz qohumları tərəfindən
öldürülməsi xəbəri hər tərəfə
yayıldıqda, Pənahəli özünün 200-ə qədər
qoçaq atlısı ilə birlikdə Qarabağda
özünü müstəqil xan elan etdi. Onun ilk nəzərdə cəsarətli
görünən bu təşəbbüsü Şərqdə
bu cür hallarda çox mötəbər sayılan
aşağıdakı rəvayətlərə əsaslanırdı:
O, Hulakü xanın nəvələrindən biri olan Arqun
şahın nəslindəndir. Onun əcdadı olub, Araz
çayının sahilində Bəhmənli kəndinin
yaxınlığında Alaqarğa oymağında yaşayan
Məhəmmədxan adlı birisi ceyran dərisindən
qayrılmış perqament üzərində yazılan bir qəbaləyə
əsasən Kürəkçay, Kür, Araz, Əlincəçay
və Göyçə gölü arasındakı 200 verstə
qədər uzunluğu və bu qədər də eni olan
bütün Qarabağ torpaqlarını satın almış
və uzun müddət bu yerdən müstəqil surətdə
istifadə edərək, hələ öz
sağlığında oranı üç oğlu
arasında bölüşdürmüşdü".
Şuşa qalasının tikildiyi sahə də,
yaxın ətrafı da ən qədim yurd yerləridir. Bura Azərbaycan
tarixində mühüm yer tutan Quruçay, Kür-Araz,
Xocalı-Gədəbəy mədəniyyətinin mövcud
olduğu bölgənin bir hissəsidir.
Zarıslı-Daşaltı çayının dərəsindəki
qədim mağara Şuşa
mağarası adlanır. Daş dövrünə
aiddir. Uzunluğu 120 metr, eni 20 metr olan həmin
mağaranın girişindəki daş istehkamlar, qala və
bina divarlarının qalıqları, buradan tapılan Paleolit
dövrünə aid çapacaqlar, Mezolit dövrünə
aid bıçaqlar, min illərin şahidi olan gil qablar,
saxsı parçaları çox qədim tarix yollarından
soraq verir. 1750-ci ildə inşa edilən Şuşa
qala-şəhəri məhz belə şərəfli tarixi
yaddaşa arxalandı, qədim yolun yeni dayanacağına
döndü.
Qarabağın
ən uca zirvəsi, 2726 metr yüksəkliyi olan Böyük
Kirs dağı inzibati baxımdan Şuşa
ərazisindədir... Qartallar oylağı olan o
zirvələrdən əbədi qalibiyyət səsləri gəlir.
Qartallar kimi daim zirvələrə can atıb, zirvə səslərinin
əbədiyyət ruhuna köklənib Şuşa
qalası.
Keçilməz
qala divarları, qaladaxili qəsrlər, Pənahəli
xanın sarayı, Qara Böyükxanım bürcü, xan
qızı Xurşudbanu Natəvanın evi, Hacı
Hüsünün saray tipli malikanəsi, Əsəd bəyin
evi, Mehmandarovların evi, Zöhrabbəyovların evi,
Yuxarı Gövhərağa məscidi, Aşağı
Gövhərağa məscidi, türbələr, bulaqlar,
karvansaralar, daş döşəli yollar, küçələr,
dalanlar... bir sözlə, Şuşa qala-şəhərin
bütün daş yaddaşı, əyilməz, qalib ruhun
dastanını danışır. Diqqətlə dinləsən,
Cıdır düzü, Ərimgəldi, Qırxpilləkən,
Çanaqqala, İsa bulağı, Sarıbaba, Topxana meşəsi
də o yaddaş dastanından danışar sənə;
Şuşanın dağlarında küləklərin
muğam oxuduğunu, düzlərində bulaqların şikəstə
pıçıldadığını eşidərsən...
Rus
şairi Sergey Yeseninin balaca bir cümləsi böyük mətləblərdən
soraq verir: "Əgər oxumursansa, deməli,
şuşalı deyilsən". Azərbaycan
şairi Rəsul Rza "Şuşam mənim" adlı
şeirində o böyük mətləblərin əsasını
daha yaxşı ifadə edib.
Tarix sənin
torpağında, daşındadır.
Hər
yan-yörən,
hər
dolayın,
hər
cığırın
Azərbaycan - Vətən dadır.
Tarixin,
daşın-torpağın Vətən - Azərbaycan
dadmasının ən gözəl nümunəsidir Şuşa qalası...
Mirzə
Yusif Qarabaği 1855-ci ildə bitirdiyi "Tarixi-Safi" əsərində
yazır:
"...Pənah
xan xoş bir gündə Şuşa şəhərinin təməlini
qoydu... Divar çəkmək üçün şəhərin
aşağı tərəfini və bir də şərq tərəfinin
bəzi yerlərini ölçdülər...Beş
arşın hündürlüyündə, iki arşın
enində bir divar hördülər... Bu
divarlardan dörd darvaza açdılar. Şimal və
şərq tərəfdən olan darvazaya - Şuşa
kənd darvazası deyilir. İki darvaza isə
şimal ilə qərb arasındadır. Bunlardan
birinə İrəvan darvazası, digərinə isə Gəncə
və Çiləbörd darvazası deyilir. Dördüncü darvaza isə
dağılmış və hazırda onun yerində divar
tikilmişdir.
Şuşa
şəhəri bina olandan sonra Pənah xan Şahbulaq
qalasının əhalisini, bəzi Qarabağ və başqa kənd
adamlarını köçürüb Şuşa
şəhərinə gətirdi, onlara burada yer verdi. Burada sikkəxana tikdirdi, Pənahabad adı ilə
bir misqal vəznində gümüşdən pul sikkəsi
vurdurdu. Sikkənin bir tərəfində Pənahabad,
o biri tərəfində isə "La ilahə illəllah və
Muhəmmədən rəsulillah" sözləri
yazılmışdı. "Pənahabad"ın
altısı bir manat, səkkizi isə Qarabağ tüməni
adlanırdı.
Pənah
xan Şuşa qalasını tikdirib
qurtardıqdan sonra asudələşdi. Şuşa
qalası əhli gün-gündən artırdı. Keçmişdə Pənah xanın zamanında
çəkilmiş qalanın qədim divarları 1799-cu ildə
dağılmışdı. İbrahim xanın
dövründə və Rus dövləti zamanında bilikli və
məlumatlı mühəndis və bələdçilərin
yaxşı planı və nəqşəsi üzrə həmin
divarlar bir verstdən artıq uzadıldı və əvvəlkindən
daha möhkəm bir divar çəkildi...
Şuşa
şəhərinin məhəllələri
aşağıdakılardan ibarətdir: Mehrili, Qazançılı,
Əylisli, Güləbörd Dərə, Aşağı məhəllə,
Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı,
Çölqala və Hamamarası.
1751-ci ildə Məhəmmədhəsən xan Qacar
Şuşanı tutmaq üçün hücum etmiş və
məqsədinə çatmayıb geri çəkilmişdi. "Qarabağ tarixi" əsərinin
nişan verdiyi bu ilk hücumdan sonra da
Şuşa qalasını fəth etmək istəyənlər
çox olub. Fətəli xan Əfşar da Qala
qarşısında məğlub oldu. 1795-ci ilin
yayında Ağa Məhəmməd xan Qacar 85 minlik ordusuyla 33
gün mühasirədə saxlayıb, ala bilməyib bu
qalanı. 1826-28-ci illər Pus-İran müharibəsi
zamanı İran şahzadəsi Abbas Mirzə də eyni
uğursuzluğa düçar oldu...
Tarix və
tale yolları elə gərgin bir məqama gəlib
çatdı ki, 1759-1806-cı illərdə 47 il
Qarabağ xanı olan İbrahimxəlil xan Kürəkçay
müqaviləsinə əsasən Rusiyanın himayəsini qəbul
etdi.
Abbasqulu
ağa Bakıxanov 1841-ci ildə tamamladığı
"Gülüstani-İrəm" əsərinin beşinci
fəslində bu hadisə ilə bağlı yazır:
"Rus sərdarı Kürəkçay kənarında
qarabağlı İbrahim Xəlil xan ilə
görüşdü. İbrahim Xəlil xan bağlanın əhdnamə mucibincə
Rusiya dövlətinin himayəsinə daxil oldu və xərac
olaraq hər il 10.000 əşrəfi verməyi
öhdəsinə aldı. Özünü qorumaq
üçün 50 soldat götürüb Şuşa
qalasında yerləşdi. İmperator tərəfindən
onun özünə general-leytenant rütbəsi,
oğlanları Məhəmmədhəsən ağa və
Mehdiqulu ağaya general-mayorluq və Xanlar ağaya da polkovniklik
rütbəsi verildi.
...Qarabağlı
İbrahim xan bir çox ərizə göndərməklə
İran dövlətinə ixlas göstərirdi. Onun
xahişinə görə, oğlu Əbülfət xan bir dəstə
qoşunla Qapan yolunda Şuşa
qalasının yanına gəldi. Naibüssəltənə
özü də Xudafərin körpüsündən
keçdi. Şuşada sakin olan rus qoşununun komandiri
mayor Lisaneviç hicri 1221-ci (1806) ildə həziran (iyun)
ayının 2-də gecə yarısı qalanın xaricində
köç və külfətilə yerləşən
İbrahim xanın üzərinə basqın edib onu
arvadı, oğlu, qızı və bir çox əyan və
xadimlərilə bir yerdə öldürdü. İbrahim
xan hünərli, ədalətli, bərk və sadə rəftarlı
bir əmir idi.
...Həmin
gün Əbülfət xan geri qayıtdı. İbrahim
xan nəvəsi Cəfərqulu ağa Məhəmmədhəsən
oğlu Ordubadın yaxınlığına qədər onu təqib
edərək, çoxlu qətl və qarət etdi. Mehdiqulu ağa atasının yerinə Qarabağ
hökumətinə təyin edildi".
Sonra,
sanki tilsimlənmiş tarix yollarının yeni-yeni əzab
döngələri, qanla qazılan səhifələr gəlir...
1813-cü
il Gülüstan müqaviləsinə əsasən
Şuşa Qarabağ xanlığı tərkibində
Rusiyaya birləşdirildi. 1822-ci ildə Qarabağ
xanlığı ləğv olundu və Şuşa
yeni yaradılmış hərbi dairənin mərkəzinə
çevrildi; qala-şəhər hərbi komendant tərəfindən
idarə edilirdi. 1841-ci ildə qəza mərkəzinə
çevrilən Şuşa taleyin
sarsıdıcı zərbələrinə ürəyi
ağrıya-ağrıya, ruhu göynəyə-göynəyə
dözür, öz əzəli məğrurluğuna
sığınaraq gizli-aşkar mübarizə
aparırdı...
***
Şuşaya "canlı möcüzə", "Azərbaycanın
emblemi", "Qafqazın konservatoriyası" deyiblər. Şuşanı
"Qafqazın İtaliyası", "Zaqafqaziyanın
Şirazı", "Dünyanın şah əsəri -
mahnısı" adlandırıblar. 1757-ci ildə
şair Yüzbaşı Qarabağ hökmdarı Pənahəli
xana həsr etdiyi qəsidədə Şuşanı cənnət
bağına bərabər tutur:
Əldə
yazı ərzi-hal qılmağa gəldi Yüzbaşı,
Xaki pakın öpməyə, həm bağı rizvan
görməyə.
Azərbaycanın əzəli yurd yeri, belə bir cənnət
guşəsi XX əsrdə üç dəfə erməni
faşizminin törətdiyi soyqırımına məruz
qaldı.
1905-1907-ci illərdə, sonra 1920-ci ildə erməni
vandalları Şuşanı dağıtdı,
yandırdı, nəhayət, 1992-ci il
mayın 8-də qəlbimizin qibləsi, ruhumuzun qalası olan
Şuşa işğal edildi...
Şuşa
dağlarını duman bürüdü...
Sovet
dövrünün qadağalarına baxmayaraq, səsimizin
xanı Xan Şuşinskinin vətən eşqiylə
yaratdığı "Şuşanın dağları"
mahnısında simvolizə edilən Azərbaycan
bayrağı Şuşa
dağlarının vüqarına sığındı.
Şuşanın
dağları başı dumanlı,
Qırmızı
qoftalı, yaşıl tumanlı,
Dərdindən
ölməyə çoxdu gümanlı...
Şuşanı
mənimsəməyə, dərdindən ölməyə
gümanlı olan erməni işğalçıları
Qarabağ dağlarının uca ruhuna, əyilməz
vüqarına sığınan Azərbaycan
bayrağını təslim edə bilmədilər....
XX əsrin
70-ci illərindəki genişmiqyaslı tikinti-quruculuq işləri
Şuşa şəhərindən da yan
keçmədi. O vaxt Azərbaycana rəhbərlik edən Heydər
Əliyevin xüsusi qayğısı, köməyi nəticəsində
Şuşada kompleks memarlıq və heykəltəraşlıq
abidələri ucaldıldı, etnogenetik yaddaşı oyadan,
səfərbər edən muzeylər yaradıldı, şəhərin
tarixi hissəsində ciddi elmi-bərpa və restavrasiya işləri
görüldü. 1977-ci ildə Şuşa
qala-şəhəri Azərbaycan Memarlığı Tarixi
Qoruğuna çevrildi. Şəhərdə 9 mərtəbəli
mehmanxana, Şuşa sanatoriyasının
yeni korpusu ucaldıldı. 1980-ci ilin qışında,
Şuşada Molla Pənah Vaqifin möhtəşəm məqbərəsinin
açılışı böyük mədəniyyət
bayramına çevrildi... Şuşa tarixi
olduğu kimi əks etdirən muzeylər şəhəri,
kurort zonası, Azərbaycan qalası kimi bütün
dünyada məşhurlaşdı. Vaqifin, Natəvanın,
Bülbülün, Üzeyir Hacıbəylinin heykəlləri,
xatirə kompleksləri Şuşa
qala-şəhərinə Heydər Əliyev töhfələri
idi...
Tarix boyu böyük sənətkarları, uca şəxsiyyətləri,
halal, vüqarlı, saf adamları, vətən daşı
olan vətəndaşları ilə seçilib bu qala şəhər. Pənahəli xan
Cavanşirin, İbrahim xanın, ucaltdığı
Aşağı və Yuxarı Gövhərağa məscidləriylə
övlad həsrətini abidəyə döndərən
Gövhər ağanın, el yolunda qəlbini şam kimi
yandıran, öz hesabına qalaya su çəkdirən xan
qızı Natəvanın, Molla Pənah Vaqif, Qasım bəy
Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy
Vəzirov, Yusif Vəzir Çəmənzəminli,
Süleyman Sani Axundov kimi ustad şair və
yazıçıların, Üzeyir Hacıbəyli, Fikrət
Əmirov, Zülfüqar və Soltan Hacıbəyovlar, Zakir
Bağırov, Əfrasiyab Bədəlbəyli, Süleyman
Ələsgərov, Niyazi kimi böyük bəstəkarların,
Cabbar Qaryağdıoğlu, Keçəçi Məmməd,
Hacı Hüsü, Seyid Şuşinski, Xan Şuşinski,
Bülbül, Rəşid kimi qüdrətli sənətkarların,
onlarca, yüzlərlə, minlərlə elm, sənət fədaisinin,
Azərbaycan milli mədəniyyəti nəhənglərinin əzəli
ünvanı, əbədi məksənidir Şuşa. Tarix boyu övladları dağlarından uca olub,
dağları övladlarının çiynində ucalıb
bu qala-şəhərin.
Erməni
faşizminin işğalına qədər Azərbaycanın
zümrüd tacı, Qarabağ incisi Şuşa
zəngin muzeylər şəhəriydi. Erməni
işğalçıları muzeylərini taladı, tarixi
yadigarlarını yağmaladı, misilsiz mədəniyyət
ocaqlarını şəhid etdi Şuşanın.
Qarabağ kurqanlarında uyuyan ulu ruhlar dərd dənizində
göynədi, Örənqala, Koroğlu, Əsgəran, Bayat, Şuşa, Şahbulaq kimi Qarabağ
qalalarının sinəsinə dağlar çəkildi. Pənahəli
xan Cavanşirin, Xan qızı Natəvanın, Molla Pənah
Vaqifin, Qasım bəy Zakirin ruhu, xatirəsi od
tutdu. Şuşa muzeylərinin yaddaşı odlandı 1992-ci ilin
8 mayında, o amansız işğal günündə...
Neçə
il idi ki, erməni faşizminin
işğalı altında inləyirdi Şuşa qala-şəhərimiz.
Məscidləri, "La-ilahə-illəllah" nidalı minarələri
düşmənin top-tank nişangahlarına çevrilib
dağıdılırdı, qədim abidələrimiz sinəsindən,
ürəyindən vurulurdu, Şuşanın adını
bütün dünyaya yayan Natəvan, Bülbül, Üzeyir
Hacıbəyli kimi sənətkarlarımızın heykəlləri
gülləbaran edilirdi. Erməni faşizmi, hətta
türbələrə, qəbirlərə, xatirə abidələrinə
də amansızlıqla divan tuturdu. Dağıdılan
o türbələrdən biri dahi Azərbaycan şairi,
Qarabağ xanlığının vəziri Molla Pənah
Vaqifindir. Baxın, görün, bu, erməni
vandallarının, daşnak cəlladlarının əliylə
heykəlinin başı kəsilən şəhid şairimiz
Molla Pənah Vaqifdir. Heykəlinin başı kəsilən,
qəbir evi, xatirə türbəsi təhqir olunan, viran edilən
şairin ruhu 28 il altı ay idi ki, qan
ağlayırdı. Şəhid olan məscidlərində
donuzlar sülənən, ürəyindən vurulub şikəst
edilən Şuşa qala-şəhərimiz
işğal altında sıxıla-sıxıla, sinəsi
dağlana-dağlana yurdun dağlarına baxırdı. Dağlar təslim olmurdu, dağlar Koroğludan, Pənahəli
xandan oxuyurdu. Sinə dağımıza dönən Şuşa dağları heç vaxt təslim
olmadı, qəlbimizin-qanımızın,
ruhumuzun-yaddaşımızın Şuşa, Qarabağ
ağrıları, göynərtiləri heç vaxt
susmadı, səngimədi, haqqın, həqiqətin təntənəsini,
ədalətli qələbə, zəfər gününü
gözlədi. Bədnam işğalçılar, erməni
faşizmi əvvəl-axır diz çökəcəkdi və
diz çökdü... Qarabağ dağlarında, qəlbimizin
Şuşa zirvələrində əbədi
olaraq qalib Azərbaycan bayrağı dalğalandı.
2020-ci
ilin 27 sentyabrında başlayan 44 günlük Qarabağ Vətən
müharibəsi ilə dünya hərb sənəti tarixinə
özünəməxsus, parlaq səhifə yazan Azərbaycan
Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik,
uzaqgörən rəhbərliyi ilə Qarabağı, müqəddəs
qala-şəhərimiz Şuşanı uzun sürən
qanlı işğaldan xilas etdi, üçrəngli, ay-ulduzlu
bayrağımız ilahi azan səsləriylə Şuşa məscidinin
minarəsində dalğalandı, zəfər himni oxudu....
Bu,
tarixdir, Şuşa qalasının şərəfli
tarixi. Bu, həqiqətdir, 1992-ci il
mayın 8-də işğal olunan, düşmən
tapdağında inləyən, düşmən təbliğatıyla
doğma tarixi təhrif edilən, saxtalaşdırılan
Şuşa şəhərinin əsl həqiqəti. Bu aşkar tarixi gizlətmək, bu əsl həqiqəti
məhv etmək mümkün deyil. Neçə-neçə
igid oğlu şəhadət zirvəsinə yüksələn
Şuşa qala-şəhəri,
bütün Qarabağ azad edildi. Bu günü Pənahəli
xan Cavanşir, İbrahim xan, Molla Pənah Vaqif, xan qızı
Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan...
bütün Azərbaycan gözləyirdi. Azərbaycan
Prezidenti İlham Əliyevin tarixi həqiqətə, ədalətə,
beynəlxalq hüquqlara əsaslanan hərbi-siyasi
strategiyası, qalib və qətiyyətli siyasətiylə
Qarabağın azadlığı tam reallaşdı. Bütün yollarımız o tarixi günün
şərəfli ucalığına doğru gedərək, nəhayət,
murada qovuşdu.
Son əsrlər
Azərbaycan tarixinin ən böyük qələbəsinə
imza atan Azərbaycan Prezidenti, müzəffər Ali Baş
Komandan İlham Əliyev Şuşaya canlı, əbədiyaşar
varlıq kimi üz tutdu, bütün xalqımızı bu
möhtəşəm uğur münasibətilə təbrik
etdi:
- Əziz
Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Bu üç sadə cümlədə keçmişin,
bu günün və gələcəyin böyük Azərbaycan
həqiqəti bəyan olunub; Prezidentin diliylə bütün
Azərbaycan danışır, yaratdığı yeni tarixi
reallığı bölgəyə və bütün
dünyaya bəyan edir. Bilməyənlər də bilir, görməyənlər
də görür, eşitməyənlər də eşidir
bu haqq, ədalət səsini. Az qala
üç yüz illik iblis oyununu pozan, şeytan tor-tələsini
dağıdan üç sadə cümlə müqəddəs
Vətən gücünün ifadəsi, Azərbaycanın
tarixi yaddaş enerjisinin, etno-genetik potensial imkanlarının tərcümanıdır.
Bu möhtəşəm üç sadə cümlədə
boz bəlağət, romantik intonasiya yox, həyatın
özü, sərt realizm hökm-fərmadır; provinsial, əyalətçi
ovqat yox, "Qarabağ Azərbaycandır!" deyən bütöv
Azərbaycançı ruh hakimi-mütləqdir; hər cür
maskalı status-kvolar, yalançı, qondarma qurumlar yox, iflic
olan, quruyan bir üzvün dirilib, oyanıb bütöv bədənə
qovuşması həqiqətdir. Azadlıq,
Qayıdış, Dirçəliş deyir bu üç sadə
cümlə; Azadlıq Qayıdışla qovuşanda
böyük Dirçəliş başlayır.
Çox-çox qədimlərdən, ulu köklərdən
bir səs gəlir: Özünə qayıt, sən
özünə qayıdanda böyük olursan... Şuşaya
müraciətlə deyilən üç sadə cümlədə
bütöv milli dirçəliş, inkişaf strategiyası
modelləşib, düsturlaşıb...
Hər üç sadə cümlə əziz sözüylə başlayır və Şuşaya aiddir - Şuşa sevgisi üçqat əzizliyin ən uca məqamıdır. Bu məqamda düşünürəm ki, Şuşaya sahib olan xalq bütün Qarabağa sahibdir və Azıx yaddaşlı Qarabağa sahib olan xalq bütün Qafqaza sahibdir...
Həmin üç sadə cümlə düşündükcə düşündürür, insanı ümumxalq ruhunun əzəli-əbədi qalib zirvələrinə çəkib aparır və o enməz, uca səmalarda mənsub olduğun xalqınla, Azərbaycan ehtişamıyla fəxr edirsən.
Sadıq
Elcanlı
Ədəbiyyat qəzeti.- 2021.- 9
yanvar.- S.12-13; 19.