Varislər
Gəray Gəraybəyli: NAMUSLU... ZƏHMƏTKEŞ... AĞASADIQ GƏRAYBƏYLİ
"Varislər"in bugünkü
qonağı milli teatr və kino tariximizin ən unudulmaz
simalarından biri, rəngarəng, maraqlı obrazları ilə
bu gün də sevilən, xatirəsi hər zaman doğma
xalqı üçün əziz olan, ölümündən
bir qərinə zaman ötsə də həmişə
xatırlanan Xalq artisti Ağasadıq Gəraybəylinin nəvəsi,
psixoloq, tibb elmləri doktoru, professor, Azərbaycan Tibb
Universitetinin rektoru Gəray Gəraybəylidir.
Tərcümeyi-halındakı səhv
1897-ci ildə yazında Azərbaycanın
qədim mədəniyyət mərkəzi olan Şamaxıda
dünyaya gəlmişdi. 1902-ci
ildə Şamaxıda baş vermiş güclü zəlzələdən
sonra valideynləri övladlarını da götürüb
Bakıya üz tutmuşdu. Balaca Ağasadıq burada
Əlisəttar və Heyran xanımın himayəsində...
Təbii ki, layihənin ənənəsinə
sadiq qalaraq bu informasiyanı davam etdirmək istəyərdim,
amma üz tutduğum ünvanda eşitdiklərim
Ağasadıq Gəraybəylinin bu vaxta qədər məlum
olan tərcümeyi-halını mənim üçün də,
elə tarix üçün də dəyişdi. Onun varisi, nəvəsi
Gəray Gəraybəylinin söylədikləri böyük
sənətkar haqqında çəkilən filmlərdə,
yazılan məqalələrdə olan qeyri-dəqiqliyi üzə
çıxartdı.
Bəli, Azərbaycan teatr və kino
tarixinin titanlarından biri, unudulmaz və hər zaman sevilən
Ağasadıq Gəraybəylinin varisi Gəray Gəraybəyli
ilə onun iş otağında görüşdük.
Kim idi Əlisəttar kişi
ilə Heyran xanım
- Gəray müəllim, təklifimi
qəbul etdiyiniz və bu vaxt darlığında
görüşməyimizə şərait
yaratdığınız üçün sizə "Ədəbiyyat
qəzeti" ailəsi adından təşəkkür edirəm.
Adətim üzrə ilk sualım
babanızın böydüyü ailə ilə bağlı
olacaq. Şamaxı zəlzələsində valideynlərini
itirmişdi və Bakıda Əlisəttar kişi
ilə Heyran xanımın himayəsində
böyümüşdü. Kim idi bu adamlar?
- Bilmirəm... Bəlkə də cavabım
sizə qəribə gələcək, amma sözün əsl
mənasında bilmirəm, çünki bu məlumat həqiqətə
uyğun deyil.
- Anlamadım. Axı onun yubileyi ərəfəsində
çəkilmiş filmdə bu məlumat verilir və müəyyən
tarix kitablarında da belə bir qeyd var. Belə
çıxır ki, bu, yalan məlumatdır?
- Mən yalan sözünü işlətmək istəmirəm.
Bu məlumatı haradan kim nə məqsədlə
götürüb, tirajlayıb, fikir bildirməyə çətinlik
çəkirəm. Amma əminəm, burada qərəzli məqsəd
olmayıb, babamın taleyi elə də ola
bilərdi. Üstəlik, burada babamın şəxsiyyəti
ilə bağlı pis fikir formalaşdırmayıblar.
Sadəcə, sizə bir söz deyim: biz yubiley ərəfəsində
bir dəfə televiziyada, bir dəfə də yubiley tədbirində
bu məlumatı eşitdik, sonra da internetdə gördük və
ailədə hamımız heyrətə gəldik. Siz də
tanıyırsınız bibim oğlu Rüfət müəllimi,
ondan da soruşdum, dedi ki, belə bir şey eşitməyib.
İndi biz böyüklərimizin demək olar,
hamısını itirmişik, bircə anam sağdır, ondan
xəbər aldım bu nə söhbətdir, dedi, belə bir
söhbəti ilk dəfə eşidir. Mən
babamla xeyli müddət bir yerdə yaşasam da, onun
ömrünün son illəri bibim oğlu Rüfətin
yanında keçib. O da bu məlumatdan xəbərsiz
idi.
Qəhvəyi üzlü dəftər
Bir məsələni xatırladım. Babam qəhvəyi
üzlü ümumi dəftərdə öz xatirələrini,
həyatını yazırdı. O, dünyasını dəyişəndən
sonra atam onunla bağlı xeyli sənədi, şəkilləri
və həmin dəftəri arxivə təhvil verdi.
Dəftərin izinə düşdüm, arxivdən
həmin dəftəri tapıb surətini
çıxartdım. Məncə, istənilən adam öz həyat tarixçəsini yazarsa, belə
mühüm məqamın üstündən keçməz. Həmin dəftərdə dediyiniz adamlarla
bağlı ümumiyyətlə heç nə yoxdur. Bəli, zəlzələ olub, valideynlərini itirib
və böyük qardaşı Ağalar Gəraybəyli ilə
Bakıda yarımzirzəmi tipli bir yerdə, çətinliklər,
məhrumiyyətlər içində yaşayıblar. Hətta xatırlayıram, dəftərdə
yazmışdı ki, "uşaq idim, bir səhər
qardaşım ayaqqabısını geyinəndə içindən
siçan çıxdı". Məncə,
ən doğru mənbə həmin dəftərdir və
Ağasadıq Gəraybəyli orada belə bir şey
yazmayıb. Yəni bu adam öz
uşaq yaddaşında bu cür kiçik detalı belə
xatırlayaraq, orada qeyd edib, əgər yuxarıda
adını çəkdiyiniz adamlar gerçək olsaydı,
yəqin, mütləq o barədə nəsə yazardı. Mən də nəvəsi olaraq məmnunam ki, bu məsələyə
müəyyən qədər aydınlıq gətirə
bildim.
- Açığı, sualı verərkən
sizdən müəmmalı Əlisəttar kişi ilə
Heyran xanım haqqında nəsə
danışacağınızı gözləyirdim, amma
verdiyiniz cavab təkcə mənim üçün yox, elə
teatr tariximiz üçün də yeni fakt oldu. Buna görə sizə təşəkkür edirəm.
O, böyük dramaturqumuz Cəfər
Cabbarlı ilə bir sinifdə, ya da səhv etmirəmsə,
eyni məktəbdə oxuyub. Məncə, bu
faktda yanlışlıq olmaz.
- Yox, bu,
doğru faktdır. Bildiyimə görə, Cəfər
Cabbarlı ilə yaxın münasibəti olub və bu
münasibətin kökü elə məktəb illərinə
gedib çıxıb. Amma bu məsələyə
tam dolğunluğu ilə aydınlıq gətirə bilmərəm,
çünki təfsilatından xəbərsizəm.
Haqqında danışdığım dəftərdə babam
qeyd edir ki, milli aktyor sənətimizin banilərindən hesab
edilən Hüseyn Ərəblinski ilə babamın
böyük qardaşı Ağalar Gəraybəyli yaxın
dost olublar.
Cəfər Cabbarlının məktəb
yoldaşı
Ağalar Gəraybəyli dövrünün
tanınmış teatr tənqidçisi kimi xatırlanır. O özü də müəyyən
tamaşalarda rol alıb, amma daha çox tənqidçi kimi
yadda qalıb. Özləri teatr truppası
yaradıblar. C.Cabbarlı da bu adamların
içində olub. Teatr tarixində bu məlumat
var, babam ilk dəfə səhnəyə 11-12 yaşında
C.Cabbarlının pyeslərinin birində qız rolunda
çıxıb. Təklifi də
qardaşı ilə Ərəblinski verib. Çünki o vaxt qadın rollarına
ifaçı tapmaq müşkül məsələ idi, əlacsızlıqdan
belə bir təkliflə babama müraciət ediblər.
Hətta babam əvvəl bu təklifdən
sarsılıb, amma həm qardaşı, həm də Ərəblinski
onu inandırdıqdan sonra razılaşıb. Babam bu hadisəni həyatında teatr səhnəsində
atdığı ilk addım kimi dəyərləndirib. Məhz həmin roldan sonra babamın teatra həvəsi
artıb və sonra peşəkar teatra qədəm qoyub.
- O, əvəzolunmaz teatr və kino
aktyoru idi və mən onun Akademik Milli Dram Teatrının səhnəsində
"Sevil", "Əliqulu evlənir", "Xurşudbanu
Natəvan" tamaşalarında yaratdığı
maraqlı obrazları canlı olaraq izləmişəm və
buna görə özümü xoşbəxt sayıram. Mən onu səhnədə görəndə
yaşı 80-dən artıq idi, amma öz səhnə mədəniyyətini,
səhnə formasını qoruyub saxlamışdı. Milli kinomuzda isə onun öz portreti var və
tamaşaçı bu gün də Ağasadıq Gəraybəylini
sevərək izləyir. Söhbət 6-7 nəslin izləməsindən
gedir və yəqin ki, bu hələ uzun zaman davam edəcək.
Özünün xüsusilə
üstünlük verdiyi hər hansı obraz var idimi?
- Babam
dünyasını dəyişəndə 21 yaşım
vardı. Təəssüf ki, o vaxt hələ
kimin nəvəsi olduğumu tam dərk edə bilmirdim. O
mənim üçün sadəcə sevimli insan, doğma
baba idi. Mən babamın böyük sənətkar
olduğunu özüm yaşa dolduqca anlamağa
başladım. Ağlım kəsəndən
onun bütün premyeralarında iştirak etmişəm.
Özü rol almadığı tamaşalara da
aparırdı məni. Şəxsən mənim
üçün teatr maraqlı məkan idi. Bizə kulis arxasında durub məşqlərə
baxmağa imkan verirdilər.
Teatr,
qrim otağı, pariklər, boyalar...
Qrim otaqlarında olurdum, rəngləri, parikləri
sevirdim. Yapışqanın qoxusu hələ də
burnumdadır. Teatrda sıralamada birinci qrim
otağı babamın idi. İndiki kimi
xatırlayıram, o, bütün rollarına, məşqlərə
məsuliyyətlə yanaşırdı. Ən
azı tamaşaya bir saat qalmış mütləq teatrda
olmalıydı. Hazırlaşırdı,
qrimlənirdi. Onun ömrürün son illərində
yaratdığı obraz Xalq yazıçısı İlyas
Əfəndiyevin qələmə aldığı
"Xurşudbanu Natəvan" pyesindəki əmi Knyaz Usmiyev
rolu oldu. Ayda bir neçə dəfə həmin
tamaşa gedirdi teatrda. Onu teatra rəhmətlik
atam aparırdı. Əvvəlcədən atama zəng
vurub xəbərdarlıq edirdi: "Çingiz, birisi gün
tamaşa var ha, unutma! İşdən bir az tez
çıxarsan". Son illər
gözünün nuru da getmişdi, bir gözü demək
olar, görmürdü. Allah rəhmət
eləsin, Telman Adıgözəlov cavan idi onda. Eynu tamaşada oynayırdılar. Babamı qrim otağından səhnəyə qədər
Telman gətirirdi. Səhnəyə qədəm
basandan sonra isə artıq özünü idarə edirdi,
çünki həmin doğma səhnədə
keçmişdi ömrü, hər addımına bələd
idi.
Böyük sənətkarı
narahat edən məsələ
İndiki
kimi xatirimdədir, 1986-cı il idi, babam
tamaşadan evə çox pərt qayıtmışdı. Hamımız narahat olduq, elə bildik özünə
nəsə olub, ya da kimsə xətrinə dəyib. Səbəbini
soruşduq, köks ötürüb: "Teatra maraq yoxdur daha,
- dedi. - Heç zalın yarısı qədər
tamaşaçı gəlmir, bu, öz yerində. Bəlkə də bunu keçmək olar. Məni narahat edən başqa məsələdir.
Cavan aktyorlar tamaşaçının
azlığından istifadə edib rola barmaqarası
baxırlar, heç paltarlarını da dəyişmirlər.
Klassik tamaşada səhnəyə cins
şalvarda çıxırlar. Amma biz
epizodik rol oynasaq belə, mütləq qrimlənirdik,
paltarımızı dəyişirdik". Bir sözlə, bu epizod ona çox pis təsir eləmişdi.
- Məhz bu münasibət
teatrı tənəzzülə apardı. Filmlərdəki
rollarından hansını özü maraqla izləyirdi?
- Mən
deyə bilmərəm ki, bir rolunu digərindən çox,
yaxud az istəyirdi, hamısı ona
maraqlı idi, amma kinoda son işlərindən biri "Mən
mahnı qoşuram" filmindəki Abdulla kişi obrazı
oldu. Kiçik rol idi. Çəkilişlər
Qubada gedirdi. Atam onu maşınla Qubaya
aparmışdı, bir həftəyə qədər çəkilişdə
oldu, sonra mən də atamla onu gətirmək
üçün Qubaya getdim və bir gün birlikdə çəkiliş
qrupu ilə qaldıq. Amma "Bəxtiyar" filmini də,
"O olmasın, bu olsun"u da, "Qızmar günəş
altında"nı da maraqla izləyirdi
özü.
- Onun kinoda ilk rolu "Qız
qalası" idi, amma o film uğursuz işlərdən biri
kimi unuduldu. Söhbət Ağasadıq Gəraybəylinin
yaratdığı obrazdan getmir, ümumilikdə filmin özündən
gedir. Özü "Qız qalası" ilə
bağlı nəsə deyirdi?
Kinonun və teatrın Balaşı
-
Haqqında danışdığım dəftərdə
"Qız qalası" ilə bağlı da fikirləri
var, amma onun kinoda ilk yaddaqalan işi "Sevil" filmindəki
Balaş obrazı olub. Yəqin, qeyd etdiyiniz səbəblərə
görə "Qız qalası" filmi haqqında çox
da geniş məlumat yoxdur. Ümumiyyətlə,
"Sevil" onun üçün doğma əsər idi.
Tale elə gətirmişdi ki, babam teatr səhnəsində
də Balaş obrazını yaratmışdı və səksəninci
illərdə "Sevil" tamaşasında artıq
Balaşın atası Atakişi rolunda səhnəyə
çıxmışdı. Yaşımız az olduğundan böyüklərin söhbətində
iştirak etmirdik, amma arada qulağımıza bəzi şeylər
çatırdı. Bizə heç kəs deməmişdi
böyük yeməyə başlamadan uşaq süfrəyə
əl uzatmaz, amma biz bu distansiyanı gözləyirdik.
İndi bəzən psixiatr kimi bunu düşünürəm,
axı bunu ilk dəfə bizə kim belə
başa salıb?! Görünür, nəsə
tərbiyədən, mühitdən asılı bir şey
olub. Böyüklər
yığışıb söhbət edəndə
qarışmazdıq, bir kənarda sakit oturub qalırdıq.
- Bakıda Xaqani, 43-dəki o məşhur
binada yaşayırdı Ağasadıq Gəraybəyli və
tale elə gətirib ki, o binada böyümüş başqa
varislərlə də görüşüb söhbət
etmişəm. Oqtay Mir Qasım, Solmaz İbrahimova babanız
haqqında xoş xatirələr danışıblar. Həyətdəki
uşaqlarla necə mehriban olduğunu, onlara xoş sözlər
dediyini söyləyiblər. Bəs nəvələri
ilə necə idi arası?
- O, əvəzolunmaz
baba idi. "...övladda nəvə" məsəli
elə bil onun üçün deyilmişdi. Bizimlə nəfəs alırdı. Aramızda
70 yaş fərq vardı, amma biz dost idik. Tək
mənimlə yox, bütün nəvələri ilə
yaxın idi. Bir evdə qalırdıq.
Uşaqlıqda futbola, xokkeyə maraq göstərirdim,
amma səhər məktəbə getməliydim deyə,
valideynlərim vaxtında yatmağımı tələb
edirdilər, futbol-xokkey yarışlarını isə
çox vaxt gecə saatlarında verirdilər televiziyada.
Hamı yatandan sonra xəlvətcə məni
oyadıb öz otağına aparırdı, kiçik
ekranlı ağ-qara televizoru vardı, açırdı, mənə
deyirdi bax, amma səsini al.
Hamı yatandan sonra
- Onun kinoda yaratdığı
maraqlı obrazlardan biri də "Bəxtiyar" filmindəki
Ağabaladır. Çox az rol olur ki, obrazın
dialoqları sonradan xalq arasında zərb məsələ
çevrilir... Filmdə məşhur bir epizod var, pişiyin
üstünə oturmaq yeri. Bu barədə
müxtəlif fikirlər gəzir. Hətta
guya rejissor Lətif Səfərov pişiyi Ağasadıq Gəraybəylidən
xəbərsiz qoyub kresloya.
- Amma dediyiniz
kadrla bağlı başqa şey də eşitmişəm. Pişiyi heç cür kresloda saxlaya bilmirlər, hər
dəfə vaxtından tez atılırmış yerindən və
kadr alınmırmış. Sonunda
rejissorun təklifi ilə kresloya valerian məhlulu
töküblər və bu dəfə pişik axıra qədər
qalıb və nəhayət, kadr alınıb. Sonra o "ventilyator" epozodu. Soyuq
vaxtı çəkilişlər gedib və yenə epizod
alınmırmış. Babam həm
dublların təkrar olunmasından, həm də soyuqdan bezdiyi
üçün sərinkeşə qapaz vurur və bu kadr da
alınır.
Babamla tez-tez bulvara gəzməyə çıxırdıq. Adamlar onu görəndə
"Namuslu zəhmətkeş Ağabala Hüseynov",
"Atova lənət "Kirpi", "Axı biz nə edə
bilərik, Ağabala", "Hüseynova
bacıları", "Pulumu-pulumu..." və s. sözləri
deyirdilər. Elə
bilirdim bu onun xoşuna gəlmir, amma üzünə baxanda məmnun
olduğunu hiss edirdim. Görünür,
bu, tamaşaçı tərəfindən əsl aktyorun
peşəkarlığına verilən dəyərdir.
- Məncə, filmlərin birində
qızı da onunla çəkilib. Sonradan davam
etdimi bibinizin bu sənəti?
Qızı
ilə eyni filmdə
- Bəli,
"Qızmar günəş altında" filmində bibim
Zemfira Gəraybəyli də çəkilib, amma davam eləmədi,
bu onun ilk və son filmi oldu.
- Böyük rejissorumuz Hüseyn
Seyidzadənin ekranlaşdırdığı "O
olmasın, bu olsun" filmi milli kino tariximizin klassik işlərindəndir
və orada baş rollardan birini də babanız yaradıb.
Rüstəm bəy obrazı ilə Ağasadıq Gəraybəylinin
xarakterində nəsə bir yaxınlıq, doğmalıq
vardımı? Üstəlik, həmin ekran
işi ötən əsrin 50-60-cı illərində
yaşayıb-yaratmış korifey sənətkarlarımızın
siması haqqında dolğun təsəvvür yaradır.
Sanki bir hərəkətli ensiklopediyadır.
-
Çox böyük işdir o film. Əlbəttə,
yaxınlıq var idi. O da ailəsini hər şeydən
üstün tuturdu. Özünə də, ətrafındakılara
da münasibətdə ciddi idi, tələbkar idi.
- Tələbəlik illərimizdə
vaxtaşırı teatra gedir, böyük sənətkarlarımızın
söhbətlərini dinləyirdik. Ağasadıq Gəraybəylinin
yanında dayanıb, söhbətlərini dinləmək
möhtəşəm idi. Sanki onda Ərəblinskinin, Cahangir
Zeynalovun, Mirmahmud Kazımovskinin aurası vardı. Və mən onun 90 illik yubileyini xatırlayıram.
Səhnəmizin kralı
Səhnənin sağında taxt
qurulmuşdu, dövrün gözəl aktrisaları Zemfira Nərimanova
ilə Firəngiz Mütəllimova hərəsi bir əlindən
tutub onu taxtda əyləşdirdilır. Çox
isti bir tədbir keçdi və Ağasadıq müəllim
bəlkə də son dəfə səhnədə Knyaz Usmiyevin
əmisini canlandırdı. Bilirdik gözləri
görmür. Ona sadəcə taxtdan enməyə kömək
etdilər, ayağı səhnəyə toxunan kimi öz nəhəngliyini,
böyüklüyünü, əvəzolunmazlığını
geri qaytardı və gözəl bir obraz canlandırdı. Səsi hələ də qulaqlarımdadır. Ruhu şad olsun.
Ağasadıq Gəraybəylinin
dostları kim idi bəs? Artıq onun
yaşında sənətkar qalmamışdı...
- Bir qədər
əvvəl qeyd etdiniz, bizim binada məşhurlar
yaşayırdılar. Bizim blokda ikinci mərtəbədə
M.S.Ordubadi, onunla üzbəüz mənzildə Bülbül,
üçüncü mərtəbədə heykəltəraş
Sabsay və Mirəsədulla Mirqasımov qalırdı. Dördüncü mərtəbə
bütünlüklə Mirzə İbrahimovun idi, beşinci mərtəbədə
isə Süleyman Rüstəm və biz qalırdıq.
Süleyman Rüstəmlə yaxın dost idi. Hər
ikisi bağ həvəskarı olduğundan bir-birini təzə
bağ meyvəsinə qonaq edirdilər. Eyvanlarımız
arasında açıq məhəccər vardı, çox
vaxt biz uşaqlar elə eyvandan keçərdik bir-birimizin evinə.
Atam eyvanda kabab çəkirdi, mütləq iri bir boşqabla
Süleyman müəllimgilə pay gedirdi, ya da əksinə,
Süleyman Rüstəmin oğlu Azad müəllim kabab
çəkirdisə, mütləq bizim payımızı
göndərirdi.
O eyvandan bu eyvana
Həmin məhəllədə Adil İsgəndərov,
Müslüm Maqomayev də yaşayıb. Atam bir vaxtlar
nəvə Müslüm Maqomayevlə həyətdə futbol
oynayırmış. Mən dəfələrlə
pillələri enəndə Polad Bülbüloğlunun evdə
piano çaldığını eşitmişəm. O
vaxt insanlar arasında çox səmimi münasibət
vardı.
- Babanızın maraq göstərdiyi
başqa bir iş, ya da nəsə bir hobbisi vardımı?
- Hə,
dediyim kimi bağ həvəskarı idi. Üstəlik,
yaxşı dülgərlik bacarırdı. Masalar, kətillər, dolablar düzəldirdi. Laklayırdı onları, rəngləyirdi. Dülgərə lazım olan yaxşı alətləri
vardı. Bütün kiçik təmir
işlərini özü görürdü. Hətta bir dəfə mənə demişdi ki, bu
işləri görməklə başımı qatıram,
fikrim dağılır, sakitləşirəm. Bağa maşınla getmək üçün atam
hər dəfə işdən icazə ala bilmirdi. Bu səbəbdən babama qoşulub metro ilə
indiki "Koroğlu" stansiyasına qədər gedir, oradan
73 saylı marşrutla Pirşağıya üz tuturduq. Bir-iki saat bağda meynələrə qulluq edir,
ağaclara baxırdı, samovar çayı dəmləyib
bir-iki stəkan içirdi, sonra eyni yolu həmin qayda ilə
geri qayıdırdıq.
- 90 illik yubileyindən bir qədər
sonra Azərbaycan incəsənəti çox böyük bir
insanı itirdi və bu boşluq o dəqiqə hiss olundu. Bəs siz ailədə bu itkini necə
yaşadınız?
- Biz də
çox doğma bir insanı itirdik. Böyüyümüzü,
dostumuzu, sirdaşımızı itirdik. Bizə
həmişə yol göstərən bir adamı itirdik.
O bizə heç vaxt nəyisə məcbur etmirdi. Hamımız rus bölməsində oxumuşuq,
çünki o vaxt dəb idi, nədənsə. Amma babam sadəcə, evdə qoymazdı rus dilində
danışaq. Rus kanallarında ancaq xəbərləri
izləyərdik. Bunu niyə belə
etdiyini sonradan dərk etdik. Balaca idik hələ,
onun altı nəvəsi vardı. Bir dəfə
bağda valideynlərimiz bizi həyətdən evə
çağırdılar, dedilər baba bizi külafirəngidə
gözləyir. İri masa düzəltmişdi
özü, bütün ailə ətrafına toplaşa
bilirdi.
"Ədəbiyyat və incəsənət"dəki
dəvələr haqqında
"Ədəbiyyat və incəsənət" qəzetini
gətirib qoydu qabağımıza və məcbur elədi ki,
hərəmiz heç olmasa bir abzas oxuyaq. Dəqiq
xatırlamıram, deyəsən, dəvələr haqqında
hekayə idi. Yay tətilini bəhanə gətirib oxumaq
istəmirdik, dedi ki, siz ana dilində yaxşı
danışmalısınız, ona görə də mütləq
bunu oxuyacaqsınız. Əlbəttə,
höccələyə-höccələyə oxuduq.
- Belə başa düşürəm
ki, ailədə onun yolunu davam edən olmadı.
-
Çox istəyirdi mən onun yolunu davam etdirim. Özümün də həvəsim vardı,
çünki uşaqlıqdan onun mühitində
böyümüşdüm. Nənəmsə
qəti istəmirdi bunu. Deyirdi, bir aktyorumuz
var, bəsdir. Bibixanım nənəm məşhur
Bakı milyonçusu Hacı Şıxəli Dadaşovun
qızı idi. Çox xanım-xatın
qadın idi. Məktəbdə özfəaliyyət
dərnəyinə yazılmışdım, amma yuxarı
siniflərdə birdən fikrimi dəyişdim və tibbi,
özü də psixiatriyanı seçdim. Çünki psixiatriyada cərrahiyyə ilə
müqayisədə yaradıcılığa daha çox
ehtiyac var.
Milyonçunun kürəkəni
- Ağasadıq Gəraybəyli
demək olar ki, uzun bir ömür yaşadı və bu
ömrü şərəflə yaşadı, əqidəsinə,
məsləyinə sadiq yaşadı. Bu ömrün içində yaddaqalan məqamlar
da çox olub yəqin. Və xalq onu
sevirdi.
- Bəli,
onu xalq da sevirdi, dövlətin diqqətini hər zaman öz
üzərində hiss edirdi. O vaxt 10 yaşım olsa da
yaxşı xatırlayıram 1977-ci ili,
onun 80 illik yubileyini. Bir gün Mərkəzi
Komitədən zəng vurub dedilər ki, ulu öndərimiz
babamla danışmaq istəyir. O vaxt ulu öndər
respublikanın birinci katibi idi. Atam işdə
olduğundan babam həyəcanla zəng vurub bildirdi ki, tez evə
gəlsin. Atam vaxtında gəlib çata
bilmədi. Babam çox həyəcanlı
idi. Telefon çox evdə dəhlizdə
olurdu. Orada telefonla danışarkən
oturmaq üçün kreslo vardı. Babam
həmin kresloda oturub, ulu öndərin zəngini gözləməyə
başladı. Bizi mane olmamaq
üçün otaqlara salıb qapını
bağlamışdılar. Uşaq
marağı, qapının arasından baxırdıq. Zəng gələn kimi babam ayaq üstə
dayanıb ulu öndərlə xeyli danışdı.
Ulu öndərlə ayaq üstə
danışdı
Gözləyəndə oturmuşdu, amma danışanda
ayaq üstə idi. Ulu öndərimiz 80 yaşı
münasibətilə onu səmimi təbrik etdi və sonra
özünəməxsus şəkildə qayğıları
ilə maraqlandı. Bibim, sizin də
tanıdığınız Rüfət müəllimin
anası tez dünyasını dəyişdiyindən onlara
babamla nənəm baxırdı. Babam dedi ki, bəs
uşaqların mənzil şəraiti yaxşı deyil. Elə
bunu dedi və qısa müddətdən sonra üzü
Azadlıq meydanına baxan binadan babama ev
verdilər. Babam ömrünün son illərini
həmin evdə yaşadı. İndi də
Rüfət müəllim qalır o evdə. Əlbəttə, bu diqqət təkcə babama
deyildi. Babamın simasında bütün gəraybəylilərə
olan dövlətin və onun rəhbərinin diqqəti idi.
Dövlət başçısı ona "QAZ
24" markalı maşın da vermişdi. Bu onun üçün ən böyük diqqət, ən
dəyərli hədiyyə idi.
Rus əsgəri onun tabutunu
açıb baxmaq istədi
Rüfət müəllimin toyu 1988-ci ilin noyabr mitinqlərinə
təsadüf etmişdi. 17 noyabrda toy oldu və o vaxt meydan
qaynayırdı. Beləcə, hadisələr
dekabrın 4-nə qədər davam etdi və 5-nə keçən
gecə meydandakı insanları dağıtdılar, Bakıda
komendant saatı elan olundu. Nənəm
danışırdı: o gecə babam çox narahat olub. Ümumiyyətlə, Qarabağ problemi başlayan
andan o, böyük narahatlıq keçirmişdi,
çünki 1915-ci ildə ermənilərin Bakıda törətdikləri
qırğını görmüşdü. Tez-tez eyvana çıxıb, meydana, ora
toplaşmış adamlara baxırmış. Həmin gün infarktdan dünyasını dəyişdi.
Komendant saatı olduğundan onu dəfn etmək
də çətin idi. Məscidə
aparanda bir neçə dəfə maşını
saxlayıb yoxladılar. Hətta bir dəfə
tabutu açıb baxmaq istədilər. Böyüklərimizdən
kimsə başa sala bildi ki, bu müsəlman adətində
yasaq bir şeydir. Nəsə, uzun çək-çevirdən
sonra yanımıza bir əsgər salıb Fəxri xiyabana
getməyimizə icazə verdilər. Komendant
saatı olmasına baxmayaraq, xiyabanda böyük izdiham var idi.
SSRİ Xalq artisti Lütfiyar İmanov onun məzarı
üstə "Sənsiz" romansını oxudu. Amma həyətdə mağar qurub, yas mərasimi
keçirməyimizə icazə vermədilər.
Söhbətləşdi: Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2021.- 9 yanvar.- S.16-17.