Ərəb dili, əruz
vəzni və rəqəmsal
sistem...
Bu gün
həyatımızı rəqəmsal sistemin ən sadə
şəkildə tətbiq olunduğu adi məişət
texnologiyaları - kompüterlər, televizorlar, telefonlar və
s. olmadan təsəvvür edə bilmirik. Hələ
hərbi və tibbi sahələrdə rəqəmsal sistemə
əsaslanaraq işləyən avadanlıqları demirik.
Bu mənada, bu gün rəqəmsal sistemə həyatımızın
hər sahəsində təsadüf edirik. Bəs rəqəmsal sistem nədir, nə deməkdir?
Tarixi haradan başlayır? Əgər
birinci suala cavab verəsi olsaq, onu deyə bilərik ki, mahiyyət
etibarilə rəqəmsal sistem bütün informasiyaların
0 və 1 işarələri, onların müxtəlif
kombinasiyaları ilə ifadə olunması, təmsil
olunması deməkdir. Bu, bu sistemin
bütövlükdə mahiyyəti, məğzidir. Bu mahiyyətin müxtəlif sahələrə tətbiqi,
müxtəlif texnologiyalarda təzahürü isə başqa
məsələdir. Məsələn, dediyimiz kimi,
kompüter, televizor, telefonlarda bu sistemin mahiyyəti o deməkdir
ki, bu cihazlara bütün məlumatlar - audio və video məlumatlar
əsasən 0 və 1-dən ibarət olan kodlar şəklində
gəlir, sonradan isə bu cihazların daxilində olan
avadanlıqlar vasitəsilə yenidən səsə və
görüntülərə cevrilirlər. Bəzən
biz bunu, məsələn, kompüterlə harasa məqaləni
yanlış şəkildə göndərən zaman monitorda
müxtəlif işarələrin çıxması kimi
görürük. Deməli, ən azından məqaləmiz
göndərdiyimiz yerə kodlar, işarələr şəklində
gedirmiş... İkinci suala gəldikdə isə,
alimlər ikinci sualın cavabını qədim Hindistanla
bağlayırlar. Onların qənaətlərinə
görə, bu gün bizim işlətdiyimiz və ərəb
rəqəmləri adlandırdığımız rəqəmlər
qədim hind alimləri tərəfindən icad olunmuş və
müxtəlif hərfləri, işarələri simvolizə
etmişdir. Bu mənada, müasir və
qismən də Orta əsr alimləri 0 və 1 rəqəmlərinin
də hələ o dövrlərdən etibarən simvolik
xarakter daşıdıqlarını güman etmişlər.
Bu gümanlarda isə müəyyən həqiqətlər
vardır. Belə ki, böyük ərəb
alimi, ərəb dilçiliyində müstəsna xidmətləri
olan, əruz elminin yaradıcısı Xəlil ibn Əhmədin
ərəb şeirinin vəzni olan əruz vəzni
haqqındakı təliminə nəzər salsaq, bu
gümanların həqiqət olduğunu görərik.
Belə ki, bizcə, Xəlil ibn Əhməd (718-791)
kökü Hindistandan gələn bu təlimi daha da inkişaf
etdirmiş, onu ərəb dilinin və ərəb şeirinin
vəzni olan əruz vəzninin mahiyyətinə tətbiq edərək,
onu daha da qətiləşdirmiş və sabitləşdirmiş,
bununla da hələ VIII əsrdə, 767-ci ildə, əslində,
ərəb dilini və əruz vəznini
kodlaşdırmış, rəqəmsallaşdırmışdır.
Əruz vəzninin nəzəri əsaslarının
tarixi və Xəlil ibn Əhmədin həyat və
yaradıcılığı haqqında ən yaxşı məlumatları,
əruzşünaslıq tarixində bu sahənin ən
mükəmməl tədqiqatçısı olan Əkrəm
Cəfər verir. O, əruzun nəzəri əsasları haqqında olan təlimin
qədim hind şeir vəzninin təliminin təsiri ilə
bağlı olub-olmadığı və Xəlil ibn Əhmədin
vəzn barəsində qədim hind təlimləri ilə
tanış olub-olmaması barəsində yazarkən, vəzn
haqqında hind və ərəb təlimləri arasında
müəyyən yaxınlıqların olduğunu qeyd etsə
də, bu yaxınlıqların terminoloji oxşarlıqlardan
uzağa getmədiyini söyləyərək, Xəlilin
öz təlimini yaradarkən heç bir təsirə məruz
qalmadığını bildirir. Lakin Əkrəm Cəfərin
dediyinə görə, bu yaxınlıqlar içərisində
Xəlilin öz təlimində geniş şəkildə
işlətdiyi 0 və 1 rəqəmlərinə oxşar, yəni
şəkil baxımından deyil, mahiyyət baxımından
onlara bənzəyən işarələr vardır ki, bu
işarələr də hind şeir təlimində təqribən
0 və 1-in Xəlilin təlimindəki funksiyasını yerinə
yetirirlər. Onu da qeyd edək ki, Xəlildən sonrakı əsas
əruz mənbələrində daha çox Xəlilin ənənəsinə,
0 və 1 işarələrinə rast gəlsək də, amma
hər halda Əkrəm Cəfərin hind mənbələrinə,
daha doğrusu, Əbu Reyhan Biruninin (973-1048) vəzn haqqında
hind təliminə əsaslanaraq verdiyi məlumatlara görə
yuxarıda dediyimiz hind şeir təlimində işlənən
və Xəlilin 0 və 1 işarələrinin
funksiyalarını yerinə yetirən işarələrə
də, bəzən bir qədər fərqli şəkildə
olsa da, rast gəlirik. Bu mənada, Əkrəm Cəfərin
doğru olaraq dediyi kimi, Xəlil ibn Əhməd əruz elmi-ərəb
əruz elmi haqqında öz təlimini yaradarkən mahiyyət
etibarilə böyük mənada hind vəzn təliminin təsirinə
məruz qalmasa da, amma hər halda Xəlilin bu təlimdən xəbərdar
olması tamamilə təsirsiz də ötüşməmiş
və Xəlil bəlkə də, şüuraltı şəkildə
bu və digər təlimlərdən, yəni hind şeir təlimi
ilə yanaşı, yunan şeir təlimindən də istifadə
etmişdir. Bu mənada, bizcə, Xəlil istəsəydi
də bu təsirlərdən yan ötüşə bilməz
və mütləq onların təsirinə düşməli
idi. Çünki mənbələrin verdiyi məlumatlara
görə, Xəlil ibn Əhməd, eyni zamanda böyük
riyaziyyatçı idi ki, VIII əsrdə də
riyaziyyatçı olub, riyazi təfəkkür haqqında
hind təlimləri ilə tanış
olmamaq və buradan da bu təlimlərin təsirinə
qapılmamaq qeyri-mümkün idi. Bu mənada, hind
dilçilik məktəbləri, hind şeirinin vəzn sistemi
ilə tanış olan Xəlil, böyük
riyaziyyatçı kimi yəqin ki, hind riyazi təfəkkürü
ilə də tanış idi ki, bu təfəkkürün nəticələri
də özünü onun ərəb şeirinin vəzni olan əruz
vəzninin nəzəri təlimində parlaq şəkildə
büruzə verirdi. Beləliklə, bir qədər
yuxarıda dediyimiz kimi, Xəlil nəticə etibarilə, əldə
etdiyi bu biliklərin və üstəgəl, ilk ərəb
musiqi nəzəriyyəçısi olub, musiqi nəzəriyyəsini
gözəl şəkildə bildiyinə görə,
kökü Hindistandan gələn nəzəri
kodlaşdırma, müasir dillə desək rəqəmsallaşdırma
təlimini daha da inkişaf etdirmiş, onu ərəb dilinin və
ərəb şeirinin vəzni olan əruz vəzninin mahiyyətinə
tətbiq edərək onları rəqəmsallaşdırmışdır.
Nədir bu təlimin mahiyyəti? Bu suala cavab
vermək üçün ilk nöbədə bir məsələni
aydınlaşdırmaq lazımdır. Ümumiyyətlə,
Xəlil ibn Əhmədin əruz vəzni haqqındakı təlimi
nəyə lazımdır, Xəlil onu nəyə görə
yaradıb? Axırıncı suala cavab verərkən
onu deyək ki, Xəlil ibn Əhməd əruz vəzni
haqqında nəzəri təlimi yaradarkən bu təlim vasitəsilə
bu vəzndə yazılmış şeirin vəzn
baxımından düzgün olub-olmadığını
yoxlamaq üçün hamının istifadə edə biləcəyi
bir sistem yaratmağa çalışmış və bu
işı naşı oxucuların və tənqidçilərin
ixtiyarına buraxmaq istəməmişdir. Ona görə
də Xəlilin təliminin mahiyyətini anlayan və sonralar
onun ənənələrini davam etdirərək əruz
haqqında qiymətli əsərlər yazan Zəməxşəri,
Nəsirəddin Tusi, Əlişir Nəvai kimi əruzçular
öz əsərlərinə "Əruz elmində
düzgün ölçü", "Şeirin
meyarı", "Vəznlərin tərəzisi" kimi
adlar qoymuş və bununla da Xəlilin təliminin bir
ölçü, vəznin tərəzisi olduğunu bir daha təsdiq
etmişlər. Bu mənada, Xəlilin təlimi
həqiqətən də, tərəzidir,
ölçüdür, özü də riyazi sistemlə
qurulan və şeirin vəznini son dərəcə riyazi dəqiqliklə
ölçə bilən tərəzi. Mübaliğəsinə
bəzi "alimlər" inanmasa da, deyək ki, bəzən
müasir günümüzdə elektron tərəzilər belə
bu tərəziyə həsəd apara bilər... Eyni zamanda onu da qeyd edək ki, indiyə qədər
nə Şərqdə, nə də Qərbdə belə
şeir, vəzn nəzəriyyəsi yoxdur. Doğrudur, qədim yunanların, qədim hindlilərin,
çinlilərin və hətta rusların da vəzn
haqqında müəyyən təlimləri olsa da, onlar yenə
də Xəlil ibn Əhmədin ərəb şeirinin vəzni
haqqında olan əruz vəzni haqqındakı təlim qədər
sistemli və mükəmməl deyildirlər.
Beləliklə, qeyd etdiyimiz kimi, Xəlil ilk növbədə,
dilçi olmuş, daha sonra isə təlimini riyazi
dilçı kimi tamamlamışdır. Bu mənada,
dilçı kimi Xəlil ilk növbədə, ərəb
dilinin ən kiçik ritmik hissələrini,
sintaqmlarını, ritm yaradan vasitələrini müəyyənləşdirmişdir.
Və bu ritm yaradan vasitələrin də əsasında
hərəkəli və hərəkəsiz hərflərin
durduğunu aşkarlamışdır. Ərəb dilində
hərf nəzəriyyəsi böyük bir nəzəriyyə
olduğundan, biz onun üzərində geniş şəkildə
dayanmayaraq, sadəcə olaraq onu demək istəyirik ki,
bütün bu nəzəriyyənin yaradıcısı olan Xəlil
nəticə etibarilə ərəb dilində olan hərəkəli
hərfi 0, hərəkəsiz hərfi isə 1 işarələmiş,
bununla da ərəb dilinin, gələcəkdə isə əruzun
nəzəri əsaslarının
kodlaşdırılmasının, rəqəmsallaşdırılmasının
əsaslarını qoymuş, gələcək işlərini
bu əsas üzərində qurmuşdur. Bu mənada, Xəlilin
müəyyənləşdirdiyi ərəb dilinin və
şeirinin ən kiçik ritmik vahidləri, Xəlilin terminləri
ilə desək, əruzun rüknləri və onların rəqəmsal
işarələri aşağıdakılardır:
(Xatırladaq ki, ərəb yazısı sağdan sola istiqamətləndiyi
üçün bu sətirlərdə də rəqəmlərə
sağdan sola istiqamətində nəzər
salmağınız xahiş olunur.) yüngül səbəb:
bir hərəkəli və bir hərəkəsiz hərfin
birləşməsi - 1 0; ağır səbəb: iki hərəkəli
hərfin birləşməsi - 0 0; yanaşı vətəd:
iki hərəkəli və bir hərəkəsiz hərfin
birləşməsi - 1 0 0; aralı vətəd: bir hərəkəli,
bir hərəkəsiz və yenə də bir hərəkəli
hərfin birləşməsi - 0 1 0; kiçik fasilə:
üç hərəkəli, bir hərəkəsiz hərfin
birləşməsi - 1 0 0 0; böyük fasilə: dörd hərəkəli
və bir hərəkəsiz hərfin birləşməsi - 1
0 0 0 0 .
Beləliklə, ərəb dilinin və şeirinin ən
kiçik ritmik vahidlərini müəyyənləşdirən
Xəlil, daha sonra, təliminin sonunda bu təlimin nəticəsi
kimi, təbii ki, yaratdığı bəhrlərin qəliblərini
göstərir. Bizim də burada məqsədimiz əruzun
nəzəri əsasları haqqında söhbət açmaq
olmadığından, biz də əruzun nəzəri əsaslarından,
bu qəliblərin necə yarandığından söhbət
açmır, nəticə olaraq ancaq qəlibləri və
onların kodlarını göstəririk. Dediyimiz kimi, hər
rəqəm bir hərfi simvolizə etdiyindən, biz ilk olaraq,
hər hansı bir bəhrin qəlibini, məsələn, təvil,
mədid və bəsit bəhrlərinin ilk qəliblərini rəqəmlərlə
göstəririk: (yenə də sağdan sola).
Təvil
bəhri:
101010010100101010010100
Mədid
bəhri:
100101010010100101010010
Bəsit
bəhri:
100101001010100101010100
Gördüyümüz kimi, bu sistem o qədər dəqiqdir
ki, yazıda əksini tapan heç bir hərf bu sistemdən kənarda
qala və vəznin ölçüsündə iştirak etməyə
bilməz. Ona görə də dediyimiz kimi, Xəlil ilk növbədə,
ərəb dilinin hərflər və səslər nəzəriyyəsini
işləmiş, ərəb dilini rəqəmsallaşdırmış,
daha sonra isə bu sistemi əruzun nəzəri əsaslarına
tətbiq etmişdir. Və buradan əslində,
ərəb şeirinin səs və hərf həcmi də
müəyyən olur. Və heç də
təsadüfi deyildir ki, Xətib Təbrizi Xəlilə
söykənərək ərəb dilində beyt şəklində
qırx səkkiz hərfdən böyük şeir
olmadığını söyləyir. Belə
ki, əslində, heç bir şair bu qəliblərdən kənara
çıxmadığı zaman (çıxa da bilməz,
çünki çıxan kimi şeirinin vəzni pozular),
onun neçə hərf və ya səs əsasında
yazacağı da müəyyən olunur. Beləliklə,
gördüyümüz kimi, hətta bölgülərinə
qədər (sağdan sola nəzər saldıqda 1 rəqəmi
təqribən, əgər belə demək mümkünsə,
eyni zamanda bölgünün sərhədini də göstərir)
bu sistem o qədər dəqiqdir ki, bu rəqəmlərin hər
hansı birinin olmamasını hələ demirəm, onlardan
birinin adi yer dəyişmələri belə, vəznin
pozulmasına və bunun ən adi oxucunun müəyyən etməsinə
qədər gətirib çıxarır. Çünki
hər şey oxucunun gözləri qarşısında, məhz
rəqəmlər vasitəsilə öz əksini tapır.
Qulaqla, vəznin eşidılməsi zamanı
kiminsə musiqi zövqünün zəif olması nəticəsində
vəznin düzgün təyin edilməməsi baş verə
bilsə də, bu ölçü rəqəmlərə əsaslanan
zaman belə bir nöqsanın baş verə bilmə
ehtimalı yoxdur. Bu mənada, Xəlil rəqəmlər
vasitəsilə ilk növbədə, bu dəqiqliyi nəzərə
çarpdırmış, bununla da öz nəzəri
sisteminin möhkəmliyini, möhtəşəmliyini bir daha
sübut etmişdir. (Müasir günümüzdə də
texniki avadanlıqların rəqəmsal sistemə keçmələrinin
səbəbi daha çox dəqiqliyə nail olmaq istəmələri
ilə bağlıdır). Beləliklə,
ümumi və qısa şəkildə Xəlilin ərəb
dilini və əruz vəznini rəqəmsallaşdırmasının
mahiyyəti budur. Lakin Xəlil öz təlimində
bu qənaətlərlə kifayətlənibmi? Təbii ki, yox. Və kifayətlənsə idi,
yəqin ki, Xəlil olmazdı... Və Xəlil VIII əsrdə
bu rəqəmsal sistemlə əruzda elə işlər
görub, yaxşı mənada elə hoqqalar
çıxarıb ki, bəlkə heç rəqəmsal
texnologiya ilə məşğul olan müasir alimlərin
ağıllarına belə gəlməyib...
Beləliklə,
bura qədər hind riyazi təliminə söykənərək
0 və 1-dən istifadə edən Xəlil, daha sonra ərəb
dilçıliyində riyazi dilçıliyin əsasını
qoyaraq, bu təlimi daha da inkişaf etdirmiş və onu daha da
genişləndirmişdir. Belə ki, biz bir qədər
yuxarıda əruzun təvil, mədid, bəsit bəhrlərinin
ilk qəlblərinin rəqəmsallaşmış dəqiq
ölçülərini göstərdik. Xatırladaq
ki, əruzda belə bəhrlərin sayı on doqquz, onların
əsas qəliblərinin sayları isə onlarcadır. Və onların hamısının qəlibini belə,
yəni 0 və 1-lə göstərmək çox sadədir.
Lakin Xəlil öz dühası ilə bu sadəliyi
bir qədər də sadələşdirmiş, bu
kodların, rəqəmlərin, rəqəmlərdən ibarət
kombinasiyaların daha asan yadda qalmaları üçün
onları bir daha kodlaşdırmış, onları yenidən
hərfə, səsə (vəznin, ümumiyyətlə, hərfdə,
səsdə meydana çıxdığını nəzərə
alsaq), bu dəfə mücərrəd - mənası, məzmunu
aydın olmayan hərfə, səsə çevirmişdir.
Bu haqda bir qədər sonra...
İndi isə Xəlilin 0 və 1-lə etdiklərinə
bir daha nəzər salaq. Belə ki, Xəlil bəhrləri rəqəmsallaşdırdıqdan
sonra, onların 0 və 1-lə ifadəsinə görə
eyni, yəni əruz terminlərinə görə desək, tərkiblərində
işlənən səbəb, vətəd və fasilələrin
saylarına və növlərinə görə eyni olan, lakin
düzülüşlərinə görə müxtəlif
şəkildə düzülən bəhrlərini eyni dairələr
ətraflarında toplayaraq, onların müxtəlf bəhrlər
olmalarına baxmayaraq, eyni kökə malik olduqlarını
söyləmişdir. Və beləliklə, təvil, mədid,
bəsit bəhrlərini bir, vafir, kamil bəhrlərini bir, həzəc,
rəcəz, rəməl bəhrlərini bir, səri, münsərih,
xəfif, müzare, müctəs, müqtəzəb bəhrlərini
bir, mütəqarib, mütədarik bəhrlərini isə digər
bir dairə ətrafında toplamışdır. Məsələn,
biz, bizim ədəbiyyatımızda daha çox işlənən
həzəc, rəməl, rəcəz bəhrlərinə rəqəmlər
şəklində baxsaq, onların tərkiblərinin eyni
olduqlarını, lakin bu eyni tərkiblərin müxtəlif bəhrlərdə
müxtəlif şəkillərdə düzüldüyü
üçün onların ayrı-ayrı vəznləri təşkil
etdiklərini, bir dairə ətrafında toplanarkən isə
bir-birlərinə daha yaxın olduqlarını görərik.
Belə ki, hər üç vəznin tərkibi
iki yüngül səbəb və bir yanaşı vətəddən
təşkil olunmuşdur. Həzəc bəhrinin rəqəmsallaşmış
şəkli aşağıdakı kimidir:
1010100101010010101001010100
Rəməl
bəhri:
1010010101001010100101010010
Rəcəz
bəhri:
1001010100101010010101001010
İndi
isə gəlin baxaq: bu bəhrlərdən hər hansı
birinin rəqəmsal qəlibini dairə şəklində
yazsaq, bu üç bəhrin bir-birinin tərkibində
olduğunu görərik. Başqa sözlə desək, bu qəliblərdən
hər hansı birinin qəlibini dairə şəklində
yazsaq və o dairədə əgər misranı bir dəfə
yanaşı vətədlə başlasaq, misra həzəc bəhrində;
bir yüngül səbəblə başlasaq misra rəməl
bəhrində; yox, əgər iki yüngül səbəblə
başlasaq, onda misra rəcəz bəhrində olacaqdır. Qeyd edək ki, əruzun bu imkanını,
misraları-şeirləri ancaq bu şəkildə, dairələr
ətrafında toplayıb, onları rəqəmsal şəkildə
göstərərkən daha aydın anlamaq olur. Təbii ki, Orta əsr əruzçuları da əruzun,
kökü Xəlildən gələn bu nöqtəsini də
duymuş və öz əsərlərində əruzun dairələrinin
bu xüsusiyyətlərini daha da inkişaf etdirərək,
onu geniş şəkildə izah etmişlər. Məsələn,
XIII əsrin ortalarında, 1251-ci ildə "Mi"yarül-əş"ar"
(Şeirin meyarı) əsəri ilə ərəb və fars əruz
və qafiyə elmlərinə yekun vuran böyük Azərbaycan
alimi Nəsirəddin Tusi öz əsərində əruzun
dairələrinə geniş yer ayırmış və bu
dairələrin, hətta rüknlərin də rəqəmsal
təsvirlərini vermiş, eyni zamanda onları poetik nümunələr
- şeirlərlə süsləmişdir. Məsələn, əgər
onun müctəlibə, cəlbedilmişlər dairəsində
həzəc, rəməl, rəcəz bəhrlərinə aid
verdiyi poetik nümunəni özünün dediyi kimi bir dəfə
"məra del bi delarami nəyaraməd" (məni ovuda bilməyən
ürək ovudmaz) kimi oxusaq misra həzəc bəhrində,
"del bi delarami nəyaraməd məra" (ovuda bilməyən
ürək ovuda bilməz məni) kimi oxusaq misra rəcəz bəhrində
və əgər "bi delarami nəyaraməd məra
del" (ovuda bilməyən ovudmaz mənim ürəyimi) kimi
oxusaq isə misra rəməl bəhrində olacaqdır.
Xəlilin
rəqəmsallaşma baxımından aralı vətədlə
(010) səri, münsərih, xəfif, müzare, müctəs,
müqtəzəb bəhrlərinin daxil olduqları
dördüncü dairədə -müştəbihə
(oxşarlar) dairəsində etdikləri isə daha geniş
auditoriyaların söhbətidir...
Məsələ burasındadır ki, dairələrin
verdiyi imkanlar bununla bitmir. Dairələr, eyni
zamanda əruzun bir vəzn kimi potensialını da göstərmiş
olur. Belə ki, əgər əruz vəzninin qeyd
etdiyimiz on doqquz bəhrinə dairələr ətrafında rəqəmsal
şəklində baxsaq, onda birinci dairədən ərəb
poeziyasında işlənən üç bəhr deyil,
beş bəhr çıxdığını; ikinci dairədən
iki bəhr deyil, üç bəhr
çıxdığını və dördüncü dairədən
isə altı bəhr deyil, doqquz bəhr
çıxdığını görərik. Bu mənada, Xəlil
bu dairələr, onların dəqiq rəqəmsal ifadələri
vasitəsilə, eyni zamanda əruz vəzninin gələcək
potensialını da göstərmiş və bir növ
şairlərə "bu bəhr və qəliblərdə kim yaza bilirsə, bacarırsa, yazsın"
mesajını vermişdir. Həqiqətən də, sonralar Xəlilin
proqnozu düz çıxmış, bəzi şairlər Xəlilin
poeziyada geniş yayılmayan, lakin nəzəri şəkildə
göstərdiyi qəliblərdə şeirlər
yazmış, fars şairləri isə Xəlilin nəzəri
şəkildə dördüncü dairəyə aid etdiyi,
lakin ərəb şairlərinin işlətmədikləri qəlibləri
bəhr halına salaraq, onları bütövlükdə fars
poeziyasında qərib, cədid, müşakil bəhrləri
kimi işlətmişlər. Bu mənada, tədqiqatçıların
Xəlil ibn Əhmədə təkcə əruzun nəzəriyyəçısi
kimi deyil, eyni zamanda bütövlükdə ərəb
şeirinin, vəzninin refarmatoru kimi baxmaları da təsadüfi
deyildir...
Dediyimiz kimi, Xəlil dahi dilçı olmuş və yaratdığı nəzəri qəlibləri -babları ərəb dilinin əsasına tətbiq edərək, ilk növbədə, onu kodlaşdırmışdır. Daha sonra o, bu babları - heç bir məna kəsb etməyən bu nəzəri qəlibləri daha da inkişaf etdirərək, əruzun nəzəri əsaslarına tətbiq etmişdir. Belə ki, o bu nəzəriyyəni əruza tətbiq edərkən, rəqəmləri, yəni 0 və 1-i və rəqəmsallaşdırdığı qəlibləri yenidən kodlaşdırmış və bu dəfə isə onların yadda qalmaları üçün səslərlə və məzmunu heç bir məna kəsb etməyən, bablara oxşayan sözlərlə - məfA"İlün (1010100), fA"ilAtün (1010010), müstəf"ilün (1001010), fə"Ulün (10100), fA"ilün (10010), mütəfA"ilün (1001000), müfA"ələtün (1000100), məf"UlAtü (0101010) və s. ilə əvəz etmişdir. Gördüyümüz kimi, əruz terminləri ilə desək, bu təf"ilələrin də kökündə 0 və 1 rəqəmləri dayanaraq, hər hərf bir rəqəmi ifadə edir. Və bu mənada, məsələn, həzəc bəhrinin əruz təfilələri ilə qəlibi dörd dəfə məfA"İlün şəklində olsa da, onun bütövlükdə mahiyyəti, məğzi bir qədər yuxarıda göstərdiyimiz rəqəmsal şəklindəki kimidir. Və bununla da o, dahiyanə bir iş görmüş, kökü rəqəmsal sistemə söykənsə də, hər halda səslə, sözlərlə meydana çıxan mənzum əsəri, səslə ölçmüş, onları səslərlə dəqiq şəkildə ölçə bilən bir meyar yaratmışdır. Belə ki, buna görə də biz şeiri oxuyarkən, eşidərkən onu rəqəmsal şəklə salıb təhlil etmir, vəznin düz olub-olmadığını bu şəkildə yoxlamır, onu məfA"İlün, fA"ilAtün, müstəf"ilün, fə"Ulün, fA"ilün və s. təf"ilələr vasitəsilə düzəldilmiş qəliblər vasitəsilə təhlil edirik.
Dediyimiz kimi, Xəlil, eyni zamanda böyük musiqi nəzəriyyəçisi olmuş və ərəb musiqi tarixində "Kitabül-iqa" (Ritmlər kitabı) adlı ritmlərdən danışan, lakin bizə gəlib çatmayan bir kitabın müəllifi kimi də tanınır. Bu mənada, Xəlil musiqinin də nəzəri əsaslarını gözəl bilmiş və deyilənə görə, bu bilgi ona musiqili vəzn olan, tərkibindəki hərflərin düzülüşü ona xüsusu avaz, ton verən əruzu yaradarkən də lazım olmuşdur. Belə ki, bir rəvayətə görə o, bir gün bazardan keçərkən çəkic zərbələrindən çıxan daq-dadaq və dadaq-daq səslərini eşıtdikdən sonra evə gəlib mütəqarib (fə"Ulün- dadaq-daq) və mütədarik (fA"ilün- daq-dadaq) bəhrlərini yaratmışdır. Bu rəvayətin real hadisə olub-olmamasından asılı olmayaraq, kökündə duran mahiyyətin, yəni bu təf"ilələrin bu səsləri tam dəqiqliklə ifadə edə bilməsi və buradan da bu mahiyyətin elə musiqi nəzəriyyəsinin əsasında da dura bilməsi və eyni zamanda, bu təf"ilələrin müvəffəqiyyətlə Şərq musiqisində notları da əvəz edə bilməsi faktını tam aşkarlayır. Bu mənada, Xəlilin icad etdiyi 0 və 1-ə əsaslanan dairələrin bir qədər dəyişikliklərlə Orta əsrlər Şərq musiqi nəzəriyyəsinin əsaslarına da tətbiq edilməsi heç də təsadüfi deyildir. Belə ki, biz bu təsiri və tətbiqi böyük musiqişünas Səfiəddin Urməvinin "Kitabül-ədvar" (Dairələr kitabı) əsərini ən adi şəkildə vərəqləyərkən də görə bilərik.
Beləliklə, böyük ərəb alimi Xəlil ibn Əhməd əl-Fərahidi əl-Bəsrəi əl-Əzdi hələ VIII əsrdə ərəb dilini, əruz vəznini rəqəmsallaşdırmış və rəqəmsallaşmanın müxtəlif kombinasiyaları vasitəsilə ərəb dilinin və əruz vəzninin gələcək imkanlarını proqnozlaşdırmışdır. Bununla da o, zəmanəsini bəlkə də 1000 il qabaqlamış və bu gün demək olar ki, heç kimin xəbəri olmasa da, rəqəmsal texnologiyanın prinsiplərinin əsaslarını qoymuşdur.
Tərlan Quliyev
Ədəbiyyat qəzeti.- 2021.- 9
yanvar.- S.14-15.