XXI əsrin ədəbi tənqidi:
düşüncə zamanı
Müstəqillik illərində hər sahədə
olduğu kimi, incəsənət sahəsində də
aparıcı olan demokratik düşüncə belə bir
fikri aktuallaşdırdı ki, müəllif həmişə
azaddır, yaradıcı potensialını hansı şəkildə
reallaşdıracağı yalnız onun öz işidir. Belə
olduğu halda, istənilən tənqidi fikir öz təsir
qüvvəsini itirir. Müstəqillik illərində
ədəbi tənqid Sovet dövründəki bədii
yaradıcılığı arxasınca aparan lokomotiv, ona yol
göstərən mayak statusunu itirdi. Zamanla
ədəbi tənqidin lazımlılığı məsələsi
sorğulandı. Bu gün obyektivliklə
subyektivliyi, elmiliklə bədiiliyi daha çox özündə
birləşdirmək imkanına malik esseistika daha populyar, daha
tələbolunandır. Yəqin, bunun nəticəsidir
ki, əsrimizin əvvəllərində aktiv fəaliyyəti
ilə seçilən bəzi tənqidçilər
yavaş-yavaş tənqid səhnəsindən çəkildilər;
kimi esseistikaya meyilləndi, kimisi daha çox ədəbiyyat
tarixini araşdırmağa üz tutdu.
Bu, bir gerçəklikdir ki, ədəbi prosesimizdə bədii
ədəbiyyatla ədəbi tənqidin dialoqu heç cür
alınmır.
Buna görə ayrı-ayrı tənqidçilərin
fəaliyyəti inersiyadan qurtulma çabası kimi təqdiredici
olsa da, ümumi prosesə təsir göstərmək
imkanları hələ də məhdud olaraq qalmaqdadır.
Fikrimcə, müstəqillik dövrü ədəbi tənqidinin
estetik aspektdən dəyərləndirilməsi çətinlik
törətdiyi üçün o, ənənəvi olaraq, tarixi-mərhələli
şəkildə tədqiq edilir. Bu baxımdan "yeni əsrin
ədəbi tənqidi" anlayışı ənənənin
davamı kimi qəbullana bilər. XXI əsr ədəbi
tənqidinin Sovet dövründə olduğu kimi, yönləndirmə
funksiyası çoxdan əhəmiyyətini itirsə də,
etik məzmuna malik ədəbi tənqid cəmiyyətin
estetik zövqünə təsir imkanlarını, az da olsa, özündə saxlayır. Peşəkar ədəbi tənqid oxucuların
yalnız kiçik bir qismini təşkil edən
hazırlıqlı, "ixtisaslaşmış" oxucu
üçün maraqlıdır. Bu
baxımdan, xüsusən cəmiyyətin sözünə
etibar etdiyi azsaylı yazı adamları var ki, onların
yanlış yönləndirmələri ədəbiyyatımız
üçün bağışlanmaz səhvlərə gətirib
çıxara bilər. Xüsusən
metodoloji, praktik mahiyyəti, publisistik kəsəri ilə nəzərləri
cəlb edən, polemik ahəngi ilə ədəbi-estetik
düşüncədə az-çox oyanışa səbəb
olan məqalələr əsrin ədəbi tənqidi ilə
bağlı məsuliyyət yükünü
daşıması baxımından əhəmiyyətlidir.
Filologiya elmləri doktoru Elnarə Akimova
çağdaş Azərbaycan ədəbiyyatında ərsəyə
gələn mətnlərə, bütövlükdə prosesə
ən operativ, çevik və dinamik münasibətilə
öndə olan 3-4 tənqidçi imzasından biridir. Bugünkü ədəbiyyatın
mənzərəsini yaradan az imza
tapılar ki, Akimova onun yaradıcılığından ya
ayrıca, yaxud icmal yazılarında bəhs etməsin. Ədəbiyyatımızın ən ümdə
problemlərindən biri - yazarın şəxsiyyəti ilə
yaradıcılığının toqquşması məsələsi
onun üçün problem yaratmır, hamıdan eyni dərəcədə
obyektivlik və həvəslə bəhs edir. Tənqidçi şərhində əsər müəllifinin
obrazı mətni üstələyəndə, mətn şəxsiyyətin
kölgəsində qalanda, siyasi kontekst bədii mətnə ədəbi
hadisə kimi qiymət verməyə mane olanda uduzan hər
zaman sənət olur. E.Akimovanın tənqidi
yaradıcılığı bu maneələrdən
arınmış halda meydana çıxır.
Sovet dövründə kəskin tənqid məqsədli
olurdu, ideoloji yönlədirmə ondan silah kimi istifadə edir,
yazarları tənqidçilərə
"qırdırırdı". Müasir dövrdə
bu tendensiya aradan qaldırılıb. İndi
zəif hesab olunan mətnlər haqqında
"danışmağa dəyməz" fikri hakimdir. Ona görə oxucular və tənqidi yalnız
sözdə sevən yazarlar arasında "indi tənqid
yoxdur, yalnız tərif var" fikri hakimdir. Bu düşüncənin nəticəsidir ki,
hazırda hər hansı əsərdən bəhs olunursa, deməli,
kəm-kəsirlərinə baxmayaraq, əsasən, müsbət
qarşılanıb. Bu da boz ədəbiyyatla
passiv də olsa, bir növ, mübarizə üsuludur. Akimovanın tənqidi yaradıcılığında
təsadüfi imzaların dəyərləndirilməsinə
rast gəlmirik, demək olar, hər biri çağdaş ədəbiyyatın
aparıcı simalarıdır.
Elnarə Akimovanın "Düşüncə
zamanı - ədəbi tənqid diksurs kimi" (2019)
kitabında Azərbaycan ədəbiyyatının son illərdəki
eniş və yoxuşlarını, itki və
qazanclarını izləyə bilirik. Kitab hər şeydən
öncə, məhz bu cəhəti ilə - prosesin dolğun mənzərəsini
yaratmaqla diqqətəlayiqdir. Ədəbi
tənqidimizin problematikası, çağdaş nəzəri-estetik
vəziyyəti, metodoloji hazırlığı illərdir ki,
E.Akimovanın diqqətindədir. Araşdırdığı
və ümumiyyətlə, ədəbi tənqidi fikrə aid
etdiyi bütün məsələləri, ilk növbədə,
öz yaradıcılığına tətbiq edərək,
dolğun bir tənqidçi obrazı yaradır.
Diskursu yaradan subyekt individ olsa da, o, əksərən
hansısa bir ədəbi qrupu, istiqaməti təmsil edir. Bu baxımdan Elnarə
Akimovanın son 5 il ərzində
"Ədəbiyyat qəzeti"ndə çap etdirdiyi bu məqalələr
həmçinin qəzetin əsas mövqeyini, tənqidi
istiqamətini əks etdirmiş olur. Qəzetdə
ən müxtəlif düşüncəyə malik müəlliflər,
o cümlədən tənqidçilər çap olunsalar da,
daimi oxucuları bilir ki, ədəbiyyata və ədəbi
tendensiyalara münasibətdə E.Akimovanın tənqidi
mövqeyi qəzetin mövqeyi ilə tamamilə üst-üstə
düşür. Ədəbi-tənqidi məqalələr
toplusunu "Düşüncə zamanı - ədəbi tənqid
diksurs kimi" adlandırmaqla o, ədəbiyyatı
bütün parametrləri ilə çağdaş rakursdan dəyərləndirməyin
tərəfdarı kimi çıxış edir.
Diskurs kommunikativ situasiyanın vahidliyidir və müəllif
son illər bütün yaradıcılığı boyu bu
vahidlik tendensiyasına, əsasən, sadiq qalaraq, mətn -
konsept - diskurs xəttini formalaşdırır. Belə ki,
diskursun məkanı açıqdır, genişdir; yalnız
mətndən və ədəbi tənqid müəllifinin
düşüncələrindən deyil, həmçinin
oxucuda oyatdığı refleksiyadan ibarətdir. Bədii mətn qapalı mühitdən
çıxaraq tənqidçinin təfsiri və oxucunun
interpretasiyasında canlanır, yaşarılıq qazanır.
"Düşüncə zamanı..."
kitabının simasında diskurs ədəbi tənqidin,
konkret tənqidçinin təqdimatında
formalaşdırılır - estafet oxuculara olduğu qədər,
həmkarlarına da ötürülür. Bu, tənqidçinin müstəsna fərdiyyətçiliyə
dayanan çağdaş ədəbi tənqidimizi
komunnikativliyə cəlbetmə cəhdidir - düşünməyə
çağırışdır.
Çağdaş ədəbi tənqid, əsasən,
bütövlükdə tendensiyalara, cərəyanlara deyil,
ayrı-ayrı müəlliflərin
yaradıcılığına fokuslanır. Esseistkaya
çevrilməsinin bir faktoru da elə budur. Elnarənin tənqidi məqalələri fonunda isə
ədəbi mühitin mənzərəsini aydın görmək
mümkündür. Kitabda yer almış bütün məqalələrin
ilk və diqqətli oxucusu, fikrimcə, bəzilərinin hətta
ideya baxımından istiqamətvericisi olan Azər Turan bəhsi
gedən kitabın, müəllifinin çağdaş Azərbaycan
ədəbiyyatındakı mövqeyinin çox aydın
konturlarını cızır: "Elnarə Akimova
yazdıqlarının örnəyində XXI yüzil Azərbaycan
ədəbiyyatşünaslığı üçün cərəyanlar
dövrünün tənqidçisi tipini yaratdı. Cərəyanların funksionallığının ədəbiyyatımızda
nə vaxtdan müşahidə olunduğunu ilk dəfə
kompleks halında və yeni ədəbi mətnlərin təhlilləri
fonunda dövriyyəyə qatan, cari ədəbi prosesi cərəyanlara
nəzərən dəyərləndirən və bunu predmetləşdirən
tənqidçilərimizdən biri də odur." Bu qənaətə varmaq imkanını tənqidçinin
mətnləri yaradır.
Bədii fikrin formalaşması və
inkişafını şərtləndirən ictimai, mənəvi
və estetik amillərin vəhdətdə götürülməsi
"Düşüncə zamanı..." kitabındakı,
demək olar, bütün məqalələrə aid edilə bilən
ümumi xüsusiyyətdir. Bununla belə, diqqətimi
çəkən bir məqam da müəllifin poeziya ilə
bağlı analizlərinin daha çox nəzəri-estetik, nəsr
təhlillərinin isə etik-psixoloji, fəlsəfi amillərə
istinadıdır.
Nəsr əsərlərindəki,
xüsusən Mirmehdi Ağaoğlunun "Bu gün səbr elə",
Zahid Sarıtorpağın "Quşların intiharına
ağlamayın" romanları və Qan Turalı, Orxan Fikrətoğlu,
Meyxoş Abdulla və digərlərinin hekayələri
haqqındakı tənqidi mətnlərdəki əxlaqi-mənəvi
konfliktin sosial amilləri araşdırılır, fəlsəfi,
psixoloji köklərinə varılır. Hər bir məqalədə
dolayısı ilə müəyyən ümumiləşdirlilmələr
aparılır: birində bədii mətn konseptinin
reallaşması üçün estetik komponent olaraq katarsis əsas
götürülür; digərində bədii əsərin
adının tematik və konseptual əhəmiyyəti
vurğulanır; bir başqasında mətnin diskursiv
xarakteristikası etik mahiyyəti ilə əlaqələndirilir
və s.
Ədəbiyyatşünas-tənqidçinin
"Düşüncə zamanı - ədəbi tənqid
diksurs kimi" kitabındakı məqalələrinin hər
birində konkret müəllifin
yaradıcılığını və bu fonda
ümumiyyətlə ədəbi prosesi dəyərləndirərkən
əsas meyarı obyektivlikdir. O, bu tendensiyanı yalnız
konkret müəlliflərə deyil, ayrı-ayrı ədəbi-tarixi
mərhələlərə münasibətdə də
mühafizə edir: "Sovet ədəbiyyatına tarixi-tipoloji
vahid kimi yanaşıb yaxşı nümunələrini
danmadan, tarixi konteksti unutmadan ideoloji tələbin nəticəsi
kimi ərsəyə gələn əsərlərdən də
çəkinmədən danışmalıyıq. Bizə ədəbiyyata münasibəti dəyişməyə,
yeniləməyə ədəbiyyatşünaslığın
şüuraltı vərdişləri,
daşlaşmış qənaətləri mane olur. Ədəbiyyat tariximizin hər dövrünə
yanaşmada obyektiv elmi-nəzəri qanunauyğunluqlardan nəzər
yetirməliyik. Bu gerçək ədəbiyyatın
mahiyyətinin açılmasına, müasir dünya ədəbiyyatının
inkişafı mövqeyindən milli ədəbiyyatımıza
hər cür doqmatikadan uzaq nəzərlərlə baxmaq
imkanı qazandırır."
Elnarənin,
demək olar, bütün analiz mətnlərini birləşdirən
ümumi cəhətlər var: ədəbi-bədii
faktların tarixi və müasir mənzərəsinin
qarşılaşdırılması, dünya ədəbiyyatı
və milli klassik irsin çağdaş ədəbiyyata təsiri,
bəşərilik və millilik, həmçinin yeri, məqamı
gəldikcə ədəbi tənqidimizdə
aparıcı olan fikirlərlə dialoqlar. Ədəbi
mətnlərə və mərhələlərə
müqayisəli - digər sənətlər, digər əsərlər,
müəlliflər və dünya ədəbiyyatı
kontekstində yanaşma ədəbiyyatda ən çox
sevdiyim tendensiyadır. E.Akimova bəzən bir ədəbi
mərhələni dünya ədəbiyyatına nəzərən
müqayisə edir (məsələn, ötən əsrin
30-cu illər Azərbaycan nəsrinin Qərb ədəbiyyatı
ilə heç bir bağlılığı
olmadığını, heç bir cərəyanın təsiri
duyulmadığını, Avropa ədəbiyyatında həmin
dönəmdə böyük təlatümlər
yaşandığı halda, bizim milli nəsrdə bunun əks-sədasının
yaranmadığını yazır), bəzən isə Sovet
dövründə yaranmış ədəbi nümunələri
müasir əsərlərlə qiyaslayır ("Dəli
Kür" romanı ilə müqayisədə bir şəxsin
taleyi fonunda bütöv bir tarixi epoxanın hadisələrinə
nüfuz edən "Ağ qoç, qara qoç",
"Baş", "Şair və şər",
"İşığa gedən yol", "Taclı",
"Qurban", "Qara güzgü" kimi bədii əsərləri
xatırlayır) və s. Əgər bir öncəki məqalədə
XX əsrin əvvəllərində ərsəyə gələn
romanların ədəbiyyatın immanent inkişaf
qanunauyğunluqlarına cavab vermədiyindən, sovet
quruluşunu əks etdirən romanların müstəqillik
dönəminə adlaya bilməməsindən, milli
düşüncə ədəbiyyatı ola bilməməsindən
bəhs edirsə, növbəti məqalədə İsa
Hüseynovun Azərbaycan nəsrinin milli ruh və emosiya
potensialını özünə qaytardığını
yazır. Başqa sözlə, onun tənqidi
yaradıcılığı bütün yönləri ilə
düşünülmüş, sistemli bir akt olaraq meydana
çıxır.
Günümüzün ədəbi tənqidində, təəssüf
ki, hələ də bəzən rast gəlinən məzmun
şərhçiliyi Elnarənin
yaradıcılığı üçün xarakterik deyil;
o, məqalələrdə irəli sürdüyü məsələləri
təfsilatlı təsvir etmir, problemin ümumi səciyyəsini
verərək qarşıya suallar qoyur. Çox vaxt
qoyduğu sualları cavablandıraraq məsələnin mahiyyətinə
nüfuz edir, bəzən isə suallar oxucu ünvanlı olur,
belə demək mümkünsə, oxucunun fikrini
qarışdırır, düşünmək
üçün material verir. Məsələn, "Dəli
Kür" romanı haqqındakı məqalə, demək
olar, bütünlüklə müəllifin irəli
sürdüyü suallar və cavablar şəklində meydana
çıxır: "Yeni cəmiyyətdə milli insanın
mövqeyi necə görünür, o, yenədəmi cəmiyyət
üçün "artıq adam"dır,
yoxsa ictimai və mədəni inkişaf onun yaşam tərzi,
düşüncə hüdudu qarşısında güzəşt
edir, onun ənənə və mühafizəkarlıq
meyarlarının cəmiyyətdə dayanıqlılığına
çaba göstərir? Bəs əvəzində
nə təklif edir? Günbəgün dəyişən
və milli keyfiyyətlərindən uzaqlaşan cəmiyyətin
bu günə ötürəsi dəyəri, zəmanə qəhrəmanı
kimdir, necə olmalıdır? Baş qəhrəmanının
adının əsərin öz adını əvəzlədiyi,
onunla bir sırada dayandığı neçə roman saya bilərik,
məsələn?" Bu suallar və ətrafındakı
şərhlər bəzən sadəcə, tezislər şəklində
əks olunur; bir növ, ipuclarıdır, kələfin ucundan
yapışıb bir xeyli mətnlərə, ədəbi mətləblərə
yol almaq mümkündür. Etiraf etməliyəm
ki, bu suallara müəllifin verdiyi cavabları arasında
razılaşmadığım məqamlar da olub, bəzi mətnlərin
ədəbi dəyərləndirilməsində ağlımda
çoxsaylı sual işarəsi yaratdığı da.
Önəmli olan isə düşündürə
bilmək, sual yaratmaqdır.
"Düşüncə zamanı..." kitabında
poeziya ilə bağlı fəsil "Poeziya - zamana
baxış kontekstində" adlanır. Qeyd edim ki,
müəllifin yalnız poeziyaya deyil, bütövlükdə
ədəbiyyata münasibətində zaman konteksti əhəmiyyətli
dərəcədə qabarıqdır. Elnarə
Akimova üçün ədəbi fakt
çağdaşlığı nə dərəcədə
ehtiva edirsə, ona münasibət də bir o qədər
çağdaşdır. Hansı dövrdə
yazılmasından asılı olmayaraq, bəhs etdiyi bədii
mətnlər yazıldığı dövr və ictimai-mədəni
şərait gözardı edilmədən həm də
günümüzün rakursundan dəyərləndirilir,
əsərin meydana gəldiyi zaman üçün əhəmiyyəti
və dövrümüz üçün nə dərəcədə
aktual ola bildiyi çözülür. Bu mətnlərin
hansı ideya və düşüncəni
qapsadığını görmək üçün
adlarına nəzər yetirmək kifayət edir: "Yeniləşən
nəsrin İsa Hüseynov mərhələsi", "Dəli
Kür": dəyişən dəyərlər və roman
texnologiyası kontekstində", "Ramiz Rövşən
şeiri iki əsrin qovşağında" və s.
Ədəbi-tarixi
faktın yaşarılığını əks etdirən
"Cümhuriyyətə gedən yolun şairi - Məhəmməd
Hadi", "Cavid yaradıcılığı: yeni
düşüncə aspektləri ilə"
yazılarında sənətkarların
yaradıcılığı dünyada gedən ədəbi
proses və tendensiyalar kontekstində təsbitini tapır. Hər
iki şairin ədəbi-bədii təfəkkürünün
formalaşmasına yaşadığı zaman və proseslərin,
I Dünya müharibəsinin, bəşəri sarmış
dekadans əhvali-ruhiyyəsinin əhəmiyyətli təsiri
olduğundan onların yaradıcılığında
ümumi mədəni, ictimai, mental böhran məqamları
aktuallaşdırılır, əsərləri dəyərlərin
məhv olduğu zaman kəsimində müəlliflərinin
özünüidentifikasiya prosesinin inikası kimi şərh
edilir. Buna dünya ədəbi prosesinə
qırılmaz əlaqələrlə bağlı olan bədii
faktın özü şərait yaradır. Ədəbiyyatşünas-tənqidçi
yazır: "Yenilik - milli ədəbiyyatın dəyərlərinin
dünya təcrübəsi ilə sintez edildiyi təqdirdə
yaranır. Cavid dramaturgiyası bu sintez işinə
yalnız süni texnologiyalar tətbiqi ilə yanaşmır,
dünya ədəbiyyatı faktorunu, kontekstini yaşam şəklində
- həzm edərək verirdi. Bu mətnlər
milli ədəbiyyatımızın ictimai-fəlsəfi və
ədəbi-bədii ənənələri üzərində
gəlsə də, davamını dünya mədəniyyət
sferasına qoşulmaqda tapırdı."
Yeri gəlmişkən, qeyd edim ki, Elnarə Akimovanın
təhlillərində ədəbi-bədii düşüncəni
şərtləndirən amillər arasında millilik bir
çox hallarda mərkəzi mövqedədir və bir
sıra nəzəri-metodoloji məsələlərin
çözümündə əsas meyara çevrilir. Mənəvi
dəyərlər sistemi olaraq Azərbaycan xalqının tarixi
yaddaşı, ruhu, əxlaqi normaları, mental xüsusiyyətləri
yazarların yaradıcılığında milli
özünüifadə formasına çevrilərək
ideya-məzmun qatında, süjet, dil, obrazlar vasitəsilə əks
olunur. Estetik fikir tariximizin, milli bədii
düşüncənin ideya qaynaqları, gələnəkləri,
mədəni düşüncə sistemində kimliyimizin
simvoluna çevrilən məna vahidləri Akimovanın
analitik yazılarında nəzəri cəhətdən əsaslandırılmış
konsepsiya kimi həllini tapır.
Milli kimlik məsələsi onun üçün
uşaq ədəbiyyatında da prioritetdir. "Düşüncə
zamanı..." kitabında ayrıca bir fəsil şəklində
əksini tapan uşaq ədəbiyyatına dair məqalələr
bu sahədəki problemləri, boşluqları nişan
verir, onları gündəmə gətirməklə
yanaşı, həm də həlli yollarını göstərir.
Əlbəttə, nə mövzu yenidir, nə də
qaldırılan problemlər. Lakin bu sahədə
görülən işlərə, atılan addımlara rəğmən,
xeyli sayda çözümünü gözləyən məsələlər
hələ də mövcuddur.
"Uşaq ədəbiyyatının dünəni və
bugünü" fəslindəki ilk məqalədə
uşaq ədəbiyyatından məfkurə
qaynağımız kimi bəhs edən müəllif növbəti
yazıda bu sahədəki nəşrlərin vəziyyətini
analiz edir. Nəticədə nə görürük? Nəşriyyatların
uşaq ədəbiyyatı müəllifləri ilə
işləmək istəməyib, əsasən, dünya ədəbiyyatından
tərcümələrə və klassik nümunələrə
yer verməsi, yaxud bu sahədəki fəaliyyətlərini
bir müəllif üzərində qurması, məzmun və
mündəricə dolğunluğu ilə diqqət çəkən
nümunələrin tərtibatında əksər hallarda
qüsurlar olması və s. kimi məsələlər
ümumiləşdirilir, yeri gəldikcə konkret xətalar
nişan verilir. Bu məsələlərə qeyri-ciddi
yanaşmaya ciddi tədris ocaqlarında da təsadüf
edildiyini ürək ağrısı ilə qeyd edən müəllif
yazır: "BDU-nun uşaq ədəbiyyatı dərsliyində
müasir dövr uşaq ədəbiyyatı Gülzar
İbrahimova, onun yaradıcılığı ilə xarakterizə
olunur. Məgər çağdaş uşaq ədəbiyyatı
bir nəfərinmi ümidinə qalıb?" Bu məqalə, səhv etmirəmsə, 2016-cı
ildə yazılıb. Maraqlıdır, konkret qurumun
işinə aid edilən bu kifayət qədər ciddi irad
ötən bu 4 il ərzində öz həllini
tapıbmı? Yaxud bu sahədə ümumiyyətlə
hər hansı bir addım atılıbmı? İnanmaq istəyirəm ki, bu və digər
problemyönlü məqalələr gecikmə ilə də
olsa, cəmiyyətdə əks-səda yaradacaq, müsbət
təsirini göstərəcək və nəticələr
verəcək. Çünki bu problemlərdən
elə həllini tapsın deyə bəhs olunur. Həmçinin məqalədə müəllifin məqsədi
uşaqlar üçün əcnəbi dildən tərcümə
edilmiş mətnləri pisləmək deyil. Lakin o qeyd edir ki, hər bir əcnəbi mətn
öz xalqının genetik kodları və mifik şifrələrinin
daşıyıcısıdır, bu mənada, uşaqlar
üçün öz yazdığımız mətnlərə
ehtiyacımız da çoxdur. Bu fikirləri qeyd edərkən
Akimovanın qayğısı milli kimliyimizi
övladlarımıza aşılamaqdır: "Milli
sabahımızı yad təsirlərə qapılmalardan
qorumaq istəyiriksə, o zaman özümüzün
yazdığı mətnlərə ehtiyac var."- deyir.
Başqa
bir problem olaraq, sadələşdirilmiş klassik mətnlərin
daha çox müəyyən qədər ixtisar olunduğu,
uşaqların qavrama səviyyəsinə görə üzərində
kifayət qədər iş görülmədiyi nəzərə
çatdırılır. E.Akimovanın uşaq
ədəbiyyatı sahəsindəki problemləri əhatələyən
bu məqaləsini oxuyarkən belə nəticəyə gəlirik
ki, sahə tamamilə diqqətdən kənarda qalmayıb,
müsbət cəhdlər, təqdirolunası fəaliyyət
də var, lakin əksər hallarda görülən işin
keyfiyyəti daha yaxşısını arzulamaqdan başqa yol
qoymur. Bəs nə etmək
lazımdır? Müəllif problelmlərin həlli məqsədilə
praktik təkliflər irəli sürür: ilk növbədə,
dövlətin bu sahəyə nəzarət mexanizmi gücləndirilməli;
uşaq ədəbiyyatı sahəsinə maraq ayıran nəşriyyatlar
müəlliflər və rəssamlarla yaxın əməkdaşlıq
etməli; bu sahənin geniş təbliğatına rəvac
verilməli, bunun üçün xüsusən
televiziyaların, teatrların rolundan istifadə edilməlidir.
Bu mövzu üzərində nisbətən geniş
qeydlərimin səbəbi budur ki, illərdir Azərbaycan ədəbiyyatının
müxtəlif problemləri ilə ardıcıl məşğul
olan Elnarə Akimova indi eyni sistemliliklə uşaq ədəbiyyatının
araşdırılması ilə məşğuldur. O, bir dövr və bir
problemin sərhədləri çevrəsində
düşünən, yazan tədqiqatçı deyil. Tənqid tarixi və müstəqillik illərindəki
ədəbi tənqidin sistemli tədqiqindən sonra
çağdaş poeziyamız və ədəbi təmayülləri
araşdıran ədəbiyyatşünas indi də diqqət
və marağını daha çox uşaq ədəbiyyatının
tarixi və bugünü üzərində cəmləyib və
bu sahələrin hamısında yalnız özünə xas
olan üslub və intonasiya ilə böyük səriştə
nümayiş etdirir.
Bədii mətnin təhlilində ədəbi-nəzəri
təfəkkür onun ehtiva etdiyi fikirlərlə düz mütənasib
deyilsə, tənqidin inersiya ilə meydana
çıxdığı nəzərdən yayınmır. Tənqidçiyə
vacib olan ədəbi-nəzəri bilgi və ədəbiyyat
tarixinə yaxından bələdliklə yanaşı,
geniş erudisiya, estetik zövq və çağdaş ədəbi
prosesdə, ümumiyyətlə mədəni sferada istiqaməti
düzgün müəyyənləşdirə bilmək
qabiliyyətidir. Tənqidi yazı müəllifinin
intellekt nümayişinə çevriləndə
sıxıcı, terminologiyaya ilə
ağırlaşmış, ruhsuz söz
yığınına çevrilir; onu bədii mətn üzərində
formalaşmış müstəqil mətn kimi oxuya bilmirsənsə,
demək, yaradıcılıq aktı baş tutmayıb.
Yazının ruhu oradakı fikirlərin
doğru və ya yanlışlığı ilə deyil,
müəllif düşüncələrinin emosional çəkisi
ilə bağlı məsələdir. Müəllifin
fərdi üslubu, müxtəlif səslər arasında
intonasiyasının seçilməsi əhəmiyyətli məsələdir.
Problemin qoyuluşundan asılı olaraq, E.Akimovanın
yazı ahəngi gah kateqorik, sərt, gah da həzin ladlara
köklənir. Məsələ bundadır ki, ondan necə,
hansı tonda bəhs etməyi mövzunun özü diqtə
edir. Elnarənin Vətən müharibəsi günlərində
yazdığı "Ermənilərin
öldürdüyü uşaqlar" essesindəki
ağrı-acını, bir ziyalı olmaqdan başqa, həm də
bir ana, bir Azərbaycan qadını kimi yanaşmasını
oxuduqca ağlamışdım - eyni hissləri yaşayan,
sözün bitdiyi yerdə donub qalan, yazmağa əli
qalxmayan, ürəyi gəlməyən biri kimi, bu esse
duyduqlarımın tərcümanı olmuşdu. Yaxud
"Düşüncə zamanı..." kitabındakı mərhum
şair Faiq İsmayılov haqqındakı
"Duyğuların çiçək ətri", Esmira Məhiqızı
haqqındakı "Müharibə yaddaşı və insan həqiqəti",
Şəhriyar Del Gerani haqqında "Təkliyi sevənlər
üçün: "Darıxmağın adı",
"Ümid Nəccari - yaralarından qaranlığa
danışan adam" və s. mətnlərdə predmetin
özü ondan bir başqa cür deyil, məhz emosional,
duyğuların işığında, essevari bəhs etməyi
tələb edir. Bütün bunları nəzərə
alsaq, deyə bilərik ki, müasir oxucunun diqqətini
yalnız nəzəri hazırlıq və ədəbiyyatşünaslıq
faktları ilə cəlb etmək mümkün deyil.
Dünyasını
dəyişmiş ədəbiyyatşünaslar (İmamverdi
Əbilov, Gülrux Əlibəyli, Arif Əmrahoğlu)
haqqındakı mətnləri topluda "mənəvi
diskurs"a aid edən müəllif "Ədəbiyyat - elm
kimi" fəslində həmkarlarının son illərdə
çapdan çıxmış kitablarını şərh
edir: İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Azər
Turan, Məti Osmanoğlu, Vaqif Yusifli, Cavanşir Yusifli və
Rüstəm Kamalın yaradıcılığı, konkret
kitabları haqqında yazılmış bu resenziyalar ədəbi
prosesdə əhəmiyyətli faktora çevrilən əsərlər
və müəllifləri haqqında bəzən tələbə
minnətdarlığı, bəzən həmkar dəstəyi,
bəzən isə sadəcə tənqid haqqında
nüfuzlu rəy kimi əhəmiyyətlidir.
Beləliklə, Elnarə Akimovanın 600 səhifəlik
"Düşüncə zamanı - ədəbi tənqid
diksurs kimi" kitabı ədəbi prosesin immanent
qanunauğunluqlarını önə çəkən
konseptual, bütün parametrləri ilə XXI əsr Azərbaycan
ədəbi tənqidinin dolğun mənzərəsini yaratmaq
baxımdan müstəsna əhəmiyyətə malik məqalələr
toplusudur.
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.- 2021.- 9 yanvar.- S.10-11.