Mübariz Cəfərlinin  "Güzgü"sündəki  cizgilər

 

Mübariz Cəfərli haqqında yazmaq çətindir. Çünki onun yazı üslubunda özunəməxsusla  yanaşı, qatların qat içində gizlənməsi həmin əsərləri təhlil etmək istəyənin qarşısında min bir yol açır hansı izlə getməyin daha düzgün olduğunu anlamaq çoxməchullu məsələyə çevrilir. Bu bacarıq hər yazıda özunəxas mövzu süjetlə əlaqədar fərqli yön alır. Mübariz Cəfərlinin seçdiyi süjetlərdəki problemlərin həlli, hadisələrin bütün incəliklərinə qədər işlənilməsi, ilk baxışda ikinci dərəcəli görünən kiçik səhnələr oxucunu bilgiləndirir, heyrətləndirir. Yazıçı toplum kütlə arasındakı ən incə ilgilərə, məqamlara toxunur. Onun əsərlərindəki olaylar, oxucunun təfəkkür düşüncəsində gözlənilməz döngələr, labirintlər yaradır.

Hazırlıqlı, yetkin oxucu, əsərin ilk sətirlərindən fərqli, qeyri-adi bir hekayə, povest, yaxud roman oxuduğunu bütün varlığı ilə hiss edir, çünki oxucu mükəmməl bir əsərin adi mütaliəçisi olmur, get-gedə həmin yazıların qəhrəmanlarından birinə çevrilir. Dilin səmimi axıcılığı da Mübariz Cəfərlinin əsərlərinin qabarıq məziyyətlərindəndir, burda nəinki hər cümlənin, bəzən hətta hər sözün belə öz xüsusi çəkisi, sanbalı "vəzifə"si vardır.

Ələlxüsus, müəllifin irihəcmli, yaxud kiçik yazılarındakı rəvayətlərin qəribəliyi, qeyri-adiliyi oxucuda həyəcan gözləntiyə səbəb olaraq əsərin sonuna qədər mütaliəçini  ilgiləndirir,  əsərin qəhrəmanları ilə oxucu arasında yaxın əlaqəyə, ünsiyyətə səbəb olur. Bu qəribəlik oxucunun beynində təkrar-təkrar ritmik olaraq səslənir, get-gedə oxucunu hadisələrin bətninə sürükləyərək yeni, ağlasığmaz cığırla irəliləməyə vadar edir.

M.Cəfərlinin əsərlərində, xüsusilə romanlarında metafora ustalıqla rəvayətə çevrilir elə bir məqam yetişir ki, mifik olaylar belə tamamilə real hadisə kimi qəbul edilir. Məncə, bunu müəllifin texniki bacarığı, qeyri-adi ustalığı hesab etmək olar. O, yazılarında boya səs elementlərindən yerli-yerində faydalanaraq  təfəkkür düşüncənin ən dərin qatlarına nüfuz etməyi bacarır, bəzən oxucunu "diksindirir", bəzən gözlənilmədən sevinc kədər bəxş edir əsərin qəhrəmanına, obrazına çevrilmiş oxucuya...

Yeri gəlmişkən, Mübariz Cəfərlinin yenicə oxuduğum "Güzgü" hekayəsi haqqında  düşüncələrimi paylaşmaq istərəm.

Ümumiyyətlə, müəllifin yaradıcılığında "yuxu" elementi özəl yer tutur. Elə  onun məşhur "Bərpaçı" romanında da bu paralellər aparılır, yuxu ilə oyanış arasındakı müqayisələr inandırıcı boyalarla araşdırılır. Romanın qəhrəmanı telefon dəstəyi qulağında yuxuya gedir sonrakı bütün olaylar yuxuda cərəyan edir. Roman qurtaranda, bitəndə, sonda isə qəhrəman yuxudan oyanır...

"Güzgü" hekayənin əsas quruluşu "yuxu" ilə qoyulur. Belə ki, qəhrəman yuxuda olarkən güzgü qarşısında dayanır, güzgüyə baxarkən, bütün şəcərəsini orada görur, şəcərələrinin simasını güzgüdə seyr edir. Bu simalar zaman qaydası ilə qədimdən bu günə qədər dəyişir sonda qəhrəmanın simasında sabitləşir. Qəhrəmanı isə şəkk-şübhə bürüyür. Bəs mənim oğlum? O, niyə bu şəcərədə yer tutmayıb? Bəlkə o, heç mənim oğlum deyil?! Çox düşünür, gərginlik şübhə içində həyat yoldaşını xəyanətdə günahlandırır, suçlayır nəhayətdə, problemin çözülməsinə qadir olmadıqda hər şeyi yaradanın ixtiyarına buraxır.

Bu hekayənin mövzusundakı əsas düyünlər kütlənin inam etiqadı ilə açılır. Toplum kişisəl dindardır. Kişi özünü "arı" xarakterli bilərək, hər gülə qonub o gülün şirəsini çəkə bilər, ancaq qadına gəldikdə, qadın ikinci dərəcəli məxluqdur, bir arıya (əslində, bir kişiyə) sədaqət göstərməlidir.

Günümüzdəki əxlaq böhranı xəyanətin ifrat yayılması, bu barədə bəzi kütləvi informasiya vasitələrində geninə-boluna dərc olunan "şok" xəbərlər, yazıçını  hadisələrə daha yuxarıdan daha dərindən baxmağa vadar edır. Ancaq problemin həllini kütləvi xəbərlərdəki primitiv nəticələrdə yox, Allahın ixtiyarına buraxılmaqla görur. Məncə, bu, hekayənin ən mükəmməl yeridir. Qəhrəman öz günahını boynuna almaqla, etirafla, bəlkə həyat yoldaşına xəyanət etməyinə haqq qazandırır. Odur ki, dolanbacdan çıxış yolu tapa bilmir.

"Oxucu da bir müəllifdir" nəzəriyyəsinə əsaslansaq, hər bir oxucu öz bacarığı, öz "tutumu" qədər götürə bilər bu hekayədən fikir, düşüncə payını... Hər bir oxucu da qərar çıxarıb hansısa bir rəyə gəlməkdə sərbəstdir...

...Sonda müəllifə yeni yaradıcılıq uğurları diləyib növbəti əsərlərini gözləyirik...

 

Təbriz

 

01.01.2021

 

Elyar POLAD

 

Ədəbiyyat qəzeti.- 2021.- 9 yanvar.- S.9.