Nizami ili...
Mədəni təbliğatın
lokomotivi
İki
il əvvəl dövlət başçısı tərəfindən
Azərbaycanda "Nəsimi ili" elan olunanda bir
çoxlarımız müəyyən qədər tərəddüd
içində idik. Axı bir şəxsiyyətin adına
bağlı bu cür böyük layihə həyata
keçirməkdə təcrübəmiz yox idi. İl ərzində
bir çox dövlət qurumları, elm-təhsil müəssisələri,
mədəniyyət ocaqları tərəfindən müxtəlif
istiqamətli tədbirlər həyata keçirildi. Ən
yaddaqalan tədbirlərdən biri isə Heydər Əliyev
fondunun keçirtdiyi "Beynəlxalq Nəsimi sənət və
mənəviyyat festivalı" oldu...
Ancaq
etiraf edək ki, ölkənin hər tərəfində
bütün il boyu Nəsimi adıyla bağlı həyata
keçirilən tədbir və layihələrdə müəyyən
qədər sistemsizlik müşahidə olunurdu. Bunun səbəbi
isə iki faktorla bağlı idi. Birincisi, qeyd etdiyim kimi,
müəyyən qədər təcrübəsizlik, ikincisi
isə təriqət şairi olan Nəsiminin irsinin həddən
artıq qəliz, mürəkkəb və ən əsas da
gizli şifrələrlə zəngin olması idi... Ən
çox dolaşıqlığı da məhz bu məqam
yaradırdı, bəzən iki müxtəlif tədbirdə
Nəsimi barədə deyilən fikirlər və ya müxtəlf
yazılardakı rəylər bir-biriylə ziddiyyət təşkil
edirdi.
İndi
isə Nizami Gəncəvi yaradıcılığına
qayıdaq.
2021-ci
il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olundu -
SƏRƏNCAM
Yaradıcılığı
gizli simvollarla zəngin olan Nəsimidən fərqli olaraq,
müdrik Nizami Gəncəvi hikmət və fəlsəfə
şairidir. Onun yaradıcılığı çoxşaxəlidir
və yeniyetmələrin tərbiyəsindən tutmuş
dövlət idarəçiliyinə qədər müxtəlif
sahələri əhatə edir.
(Burda
bir məqamı xüsusi diqqətə çəkmək istəyirəm
- Nəsimi ilində bir çox savadlı alimlərin,
araşdırmaçıların bəyənmədiyi hadisə
bu oldu ki, bilən-bilməyən, anlayan-anlamayan Nəsimi
yaradıcılığı barədə danışmağa
başladı və xeyli sayda diletant fikirlər eşidildi.
Nizami ili elan olunanda da, bir çox dostlarımda eyni
narahatlığı hiss elədim. Lakin burda çox incə
bir məqam var. Nəsiminin mürəkkəb və simvolik
yaradıcılığı barədə həqiqətən
də yalnız mütəxəssislər
danışmalıdı. Əks halda çox
qarışıq fikirlər ortaya çıxa bilərdi.
Ancaq Nizami yaradıcılığı, qeyd etdiyimiz kimi, o qədər
universaldı ki, onun barəsində hamı danışa bilər.
Sadə bir ziyalıdan tutmuş, akademikə qədər. Sadəcə,
hər kəs Nizamiyə öz mərtəbəsinə
uyğun səviyyədə yanaşmalıdı).
Nizami
Gəncəvi yaradıcılığının təbliğat
üçün daha bir əhəmiyyətli tərəfi odur
ki, son yüz əlli ildə Nizaminin əsərləri
dünyanın müxtəlif dillərinə tərcümə
olunub, Avropada da, Şərq ölkələrində də
çoxsaylı alimlər var ki, onun
yaradıcılığına yaxşı bələddirlər.
Hələ bu da son deyil. Nizaminin bütün
hikmətli fikirləri,
fəlsəfi düşüncələri
nəzmə çəkilmiş
hekayətlər, dastanlar
içində yerləşdirilib.
Nizami rəvayətlər, hekayətlər
və hadisələr
xəzinəsidir. Maraqlısı budur ki, bütün
bu hekayət və hadisələr müasir anlamda düzgün dramaturji süjetlər üzərində
qurulub. Deməli,
bu hekayətlərin motivləri əsasında
kifayət qədər
nəsr əsərləri,
pyeslər, ssenarilər
yazmaq mümkündür...
Əbəs deyil ki, Şərq
miniatür sənətinin
bütün tarixi boyu rəssamların-nəqqaşların
ən çox müraciət etdikləri
süjetlər məhz
Nizami "Xəmsə"sindən
götürülən süjetlərdir. Yüzilliklər boyu əsərlərinə
ən çox rəsm əsərləri
çəkilən klassik
şairimiz də məhz Nizami Gəncəvidir.
Beləliklə, böyük şairimiz
Nizami Gəncəvinin
880 illik yubileyi münasibətilə elan olunmuş "Nizami ili" bizə fəaliyyət üçün
Nəsimi yaradıcılığından
qat-qat çox meydan verir.
İndi isə bu geniş
meydanda, bu böyük müstəvidə
hansı istiqamətli
layihələrin həyata
keçirilə biləcəyi
haqqında fikirlərimi
bölüşmək istərdim.
Zənnimcə, ilk növbədə təbliğat
istiqamətlərini müəyyən
etmək daha düzgün olardı.
1-ci istiqamət. Təhsil və
tərbiyə istiqaməti.
Nizami yaradıcılığının əhəmiyyətli hissəsi
yeniyetmələrin maarifləndirilməsi
məqsədi daşıyan
hikmətli hekayətlərdən
ibarətdir. Deməli,
bu materialların içindən məhz müasir dövrün tələblərinə uyğun
olanları seçilməklə
kiçik və orta yaşlı məktəblilər, yeniyetmələr
və gənclər üçün müxtəlif
məzmunlu, hətta komiks formasında kitablar dərc edilə bilər...
2-ci istiqamət. Romantik eşq
istiqaməti. Gənclər üçün Nizami yaradıcılığını maraqlı edə biləcək əsas xətlərdən biri sadə, səmimi romantik eşq hekayətləridir. Xüsusi olaraq
qeyd edim ki, Nizami dühası
bizə İlahi eşq-irfan xəttiylə
bərabər, həm
də qadın-kişi
arasında saf dünyəvi eşqi əks elətdirən çoxsaylı səmimi eşq hekayətləri də miras qoyub.
Onun yaradıcılığının içindən məhz bu romantik sevgi
motivləri seçilərək,
müasir dövrün
nəsr üslubuna uyğunlaşdırılaraq gənclər
üçün ayrıca
kitab halında dərc edilə bilər.
3-cü istiqamət. Elm-irfan istiqaməti. Qeyd etdiyimiz kimi, Nizami yaradıcılığı
sadədən mürəkkəbə
qədər hər sahəni əks elətdirir. Bu sahə
üzrə fəaliyyət
Nizami yaradıcılığında
metafizik-irfani elmlər,
dəqiq elmlər, humanitar-ictimai elmlər üzrə materiallar ayrıca toplanıb araşdırılaraq müxtəlif
toplular halında dərc edilə bilər...
4-cü istiqamət. Nizami və
incəsənət. Qeyd etdiyim
kimi, Nizami Gəncəvi yaradıcılığı
müasir incəsənətin
müxtəlif sahələrinə
qida verə biləcək gücə malikdir. Onun yaradıcılığı əsasında çoxsaylı
seriallar, bədii filmlər, cizgi filmləri, teatr tamaşaları, sosial çarxlar, mini filmlər,
müzikllər işləmək
mümkündür.
5-ci istiqamət. Müsabiqələr və yarışmalar.
Eynən "Nəsimi
ili"ndə olduğu
kimi, bu il də
Nizami yaradıcılığı
üzərində çoxsaylı
müsabiqələr təşkil
etmək mümkündür.
Fərq isə bu müsabiqələri
daha rəngarəng etmək imkanlarında olacaq. Nəsimi ilində yalnız
poeziya müsabiqəsi
keçirildiyi halda, Nizami yaradıcılığı
əsasında yazılmış
hekayə, esse, şeir, məqalə, pyes, rəsm əsəri müsabiqələri
təşkil etmək
mümkündür. Bu
müsabiqələr müxtəlif
yaş həddində
ayrıca keçirilə
bilər.
Hətta yeniyetmələr arasında
"Nizami yaradıcılığının
virtual məkanda ən
kreativ təbliği"
layihələri arasında
da müsabiqə keçirib, ən maraqlı hesab olunan layihələri reallaşdırmağa başlamaq
olar.
Bundan əlavə,
Nizami əsərlərinin
yeni tərcümələrinin
də ərsəyə
gəlməsinə stimul
vermək üçün
tərcümə müsabiqəsi
də reallaşdırıla
bilər.
6-cı istiqamət. Nizami Gəncəvi
yaradıcılığı akademik müstəvidə.
Nizami Gəncəvi yaradıcılığı
XX əsrdə xeyli dərəcədə araşdırılmış,
onun haqqında çoxsaylı elmi əsərlər, monoqrafiyalar
yazılmışdır. Lakin etiraf edək ki, bu əsərlərin
çoxu şairin yaradıcılığını məhz Sovet ideologiyasının razılıq
verdiyi istiqamətdə
araşdırmışdır. Bu il ərzində
elmi dairələr Nizami yaradıcılığına
məhz XXI əsrin yanaşması üzərində
qurulan müasir elmi əsərlər ortaya qoyacaqlar ki, bu da
şairin əsərlərinə
intellektual təbəqənin
marağını bir
qədər də artırmış olacaq...
7-ci istiqamət. Nizami yaradıcılığının
xaricdə təbliği.
Yuxarıda qeyd etdiyimiz
kimi, Nizaminin əsərləri bu günə qədər Azərbaycan klassik ədəbiyyatı içində
xaricdə ən çox tərcümə
edilib yayılan əsərlər sırasındadı.
Deməli, təbliğata sıfırdan
başlamağa ehtiyac
qalmayacaq. Sadəcə, mövcud olanları daha da təkmilləşdirmək
və müasir dövrün tələblərinə
uyğunlaşdırmaq lazımdır.
Yəqin ki, bu yubiley ili münasibətilə
Nizaminin dünya dillərində kitablarının
təkrar çapı
həyata keçiriləcəkdir.
Lakin bir məsələni burda da qeyd
etmək istərdim.
Nizaminin başqa dünya dillərinə tərcümələri
əksərən ötən
əsrdə edilən
tərcümələrdir. Zənnimcə, artıq XXI əsrin
tələblərinə cavab
verən yeni tərcümələrin də
həyata keçirilməsinə
cəhd etmək lazımdır.
Əlbəttə ki, bütün bunlar sadəcə fikir və düşüncələr,
arzu olunan layihələrdir. Təbii ki, bunların
həyata keçirilməsinə
böyük dövlət
qurumları təşkilatçılıq
etməlidi, böyük
əmək və maddi vəsait lazımdır. Həm də
nə vaxt bitəcəyi məlum olmayan mövcud pandemiya vəziyyətini və post-müharibə şəraitini də unutmaq lazım deyil. Bu baxımdan,
məncə, həyata
keçirilən layihələr
bədii və elmi cəhətdən yüksək səviyyəli
olsa da, maddi vəsait baxımından minimalist olmalıdır.
Hər halda, Nizami yaradıcılığı
bütün bunlar üçün bizə kifayət qədər
material verir və il ərzində
bunlardan necə istifadə edə biləcəyimiz isə özümüzdən asılıdır.
İlqar FƏHMİ
Əbədiyyat qəzeti.- 2021.- 9 yanvar.- S.3.