Həyatı ağ və
qara insanın arzusudu
həyatı rəngli göstərən rəngli
böyük ekranlar.
Bomjun oxuduğu şeir
Ağ
ehrama bürünüb üzü qibləyə sarı
Namaza düzülüblər çanaq antenaları.
Soyuqdan
bir-birinə qısılıblar sərçələr,
Papış kimi zivədən asılıblar sərçələr.
Qəfildən
yağan yağış çimizdirir şəhəri,
Qəfildən əsən külək qurudur
küçələri.
Çinarlar
soyunmaqçün qollarını əyirlər,
Şamlar yaş saçlarını küləklə
fenləyirlər.
Səmanın
şüşəsini cızırlar təyyarələr,
Buludlu meşəsini azırlar təyyarələr.
Qüruba
enən günəş ütüləyir damları,
Evlər bir-bir udurlar küçədən adamları.
Mənsə
hələ bilmirəm hansı evə udulam,
Hansında xatırlanam, hansında unudulam.
Getməyə
bir yerim yox, sığınmağa bir kəsim,
Evim paltarlarımdı, sobam - soyuq nəfəsim.
Dost-tanışım
kimsəsiz küçə it-pişikləri,
Yemək üçün ümidim - boş zibil
yeşikləri.
Soyuqda
qısılıram yerdə yatan itlərə,
Qarnı ac yem oluram birələrə, bitlərə.
Mənim
çimməyim ancaq
yağışdan-yağışadı,
Nə qədər yaz, yay olsa, üzüm yenə
qışadı.
Böcəklər
yuva edib saqqalımı, bığımı,
Polislər xatırladır mənə öz
varlığımı.
Keçmişimi
bilməyən indimə gülür mənim,
Keçmişimdə yaşayan indimdə ölür mənim.
Mənsə
xatirələrə ilişib yaşayıram,
Yaşayıram
deyəndə, lazımsız ot,
çayıram.
Bədənimdə
illərin istisi, soyuğu var,
Dişlərimin yerində aclığın oyuğu var.
Uşaqları
qorxudan canlı bir müqəvvayam,
Böyüklərçün şəhərin
çirkləri axan çayam.
Arzum bir
qarın yemək, isti duş, isti otaq,
Bir də ayaqqabılar, paltarlar, təmiz yataq.
Və
yatmaq bir neçə gün, yorğunluğu unutmaq,
Unutmaq ağrıları, acıları ovutmaq.
Bir də,
məni sevəcək sevdiyim qadın ola,
Bu boş keçən ömrümə başdan
ayağa dola.
Heç
olmasa bir nəfər məni tez-tez yad edər,
Hər doğum günlərimi məzarım üstə
gedər.
Bax, evlər
tüstülədir boru siqaretini,
Mənə daş atan qarı sığallayır itini.
Sudan
içib köpüblər plastik su çənləri,
Duşlar ağlayacaqlar bu axşam çimənləri.
Bax,
küçə fənərləri yuxudan oyanıblar,
Qaranlığı qovmaqçün cərgəyə
dayanıblar.
Bax,
asfaltı üstünə örtüb torpaq da yatır,
Puçurlara bələnib körpə yarpaq da yatır.
Sabah yenə
eyni şey, yenə günəş doğacaq,
Süpürgəçi qadınlar məni söyüb
qovacaq.
Yenə
başlayacağam yemək axtarışına,
Yenə qatılacağam yaşamaq yarışına.
Bulud heyvanlar
Bax,
buludlar necə də heyvanlara oxşayır,
Bax, məsələn, dənizdə bir çüt inək
otlayır.
Bax,
toyuqlar damların üstündə dənləşirlər,
Kamazların belində mürgüləyirlər şirlər.
Atlar
qanadlarını açıb uçurlar göydə,
Marallar maşınlardan hürküb qaçırlar
göydə.
Quzular və
çəpişlər stadionda oynaşır,
Pişiklər təyyarənin qanadında
yalaşır.
Dəvələr
qatarlaşıb səmada xizək sürür,
İtlər gah təyyarəyə, gah da quşlara
hürür.
Ağır
fillər yüpyüngül buludlarla gedirlər,
Ac aslanlar zolaqlı zebraları güdürlər.
Ağ
balıqlar masmavi dənizlərdə üzürlər,
Bulud quşlar həqiqi quşlarla bir süzürlər.
Qoçlar
helikopterlə toqqaşıb yox olurlar,
Buludlar dağıldıqca qoyunlar çoxalırlar.
İlanlar
sürünürlər təyyarəni udmağa,
Günəşdə qızınırlar
tısbağayla qurbağa.
Qütb
ayısı əriyir günəşin istisinə,
Zürafələr dürtülür buludun
tüstüsünə.
Bax, səmada
insandan başqa bütün canlı var,
Tanrı öz səmasına qoymaz çıxa insanlar.
Qoymaz mavi
səmada beton evlər tikələr,
Qoymaz ağ buludlara qırmızı qan tökələr.
Kafedəki adamın portreti
Rasim üçün
Gözlərilə
uzaqlara yol çəkib,
o yolla
ünvana çatırdı adam.
Kafe
masasını piştaxta edib
vaxtını ucuza satırdı adam.
Yaddaşını
şəkil edib cırırdı,
xəyalları şüşə edib qırırdı,
ümidlərdən göydələnlər qururdu -
damından özünü atırdı adam.
Fikir səmasında
dolğun olurdu,
fikir
meşəsində solğun olurdu,
fikir səhrasında
yulğun olurdu,
fikir dənizində
batırdı adam.
Fincandakı
qəhvəsi də soyumuş,
əynindəki paltarı da uyumuş,
qolu
ağac, əli yuva, başı quş -
ovcunun
içində yatırdı adam.
Metafora
Yalandan
gülümsəyən insan üzüdü
uşaq
bağçalarının şəkilli divarları.
Təkliyindən
gizlənən insan izidi
böyük şəhərlərin kiçik barları.
Tərk
edilmiş qadının səssizliyidi
yıxılmış binaların bomboz
xarabalığı.
Tərk
edilmiş kişinin "sənsizliyidi"
əşyaların üstünü bürümüş toz
qalığı.
Sevincdən
ağlayan insanın gözyaşıdı
tərli
pəncərələrdən axan su damcıları.
Fikirdən
ağırlaşmış insan başıdı
krantların ucundan baxan su damcıları.
Unudulmuş
qocanın alnının yazısıdı
hərfləri pozulmuş, solmuş köhnə reklamlar.
Həyatı
ağ və qara insanın arzusudu
həyatı rəngli göstərən rəngli böyük
ekranlar.
Yorğunluqdan
yumulmuş bir cüt gözlərdir
gecələr işıqları yanmayan pəncərələr.
Hələ
də deyilməmiş sirli sözlərdir
insan
siluetləri görünən mənzərələr.
Qucaqlaşmaq
istəyən insan qoludu
bir-birindən küsülü, aralı daş hasarlar.
Bir-birinin
həm sağı, həm də soludu
bir-biriylə həm düşmən, həm də qardaş hasarlar.
Xatirələrlə
dolu insan üzüdü
arxiv
binalarının soyuqqanlı fasadı.
Özündən
gizlənən insan izidi
özünü gizlədən insanın adı.
Prelüd
Bu
körpə hisslərinin
İlan boğan vaxtıdır.
Qaranlıq
gecəsinə
Ulduz doğan vaxtıdır.
Hələ
ki, dözməyinə,
Dodağnı
büzməyinə,
Çətirsiz
gəzməyinə
Yağış yağan vaxtıdır.
Ulduzlar
yuxusudur,
Çiçəklər
qoxusudur;
Hələ
göz yaşı sudur,
Yanağı qan vaxtıdır.
Kədəri
kaldı hələ,
Dodağı
aldı hələ,
Öpüşü
baldı hələ,
Dilinin
"can" vaxtıdır.
Hörüklərinin
kəsik,
Ağ məmələrinin
dik;
Uşaqlığının
zinrik,
Gəncliyin dan vaxtıdır.
Donu rəngli
xalıdı,
Sözləri
davalıdı,
Gözləri
havalıdı,
Başın duman vaxtıdır.
Qayğının
yox vaxtıdır,
Nazının
çox vaxtıdır;
Kirpiyin ox
vaxtıdır,
Qaşın kaman vaxtıdır.
Ağ qu
quşudu göldə,
Vəhşi
qulundu çöldə,
Oddur -
tutulmaz əldə,
Axır zaman vaxtıdır.
Requiem for a dream
Nə mənsiz
yaşaya bil, nə də ki məni yaşat,
Nəfəsin edib məni ciyərlərində
öldür.
Qan olum
damarında, kəs venaları boşalt,
Ya da sal ürəyinə, daha dərində
öldür.
Ayaq izlərin
boyda kiçik qəbir qaz mənə,
Otaq olum, sən isə dəm qazı ol sız mənə.
Nə don
biganəlikdən, nə hirsindən qız mənə,
Nə isti, nə soyuqda, məni sərində
öldür.
Öldür
məni yanaşı şəkillərdən cıraraq,
Məni
yadına salan əşyaları qıraraq,
Nifrəti
güllə edib ürəyimdən vuraraq
Yatmayıb ağladığın gecələrində
öldür.
Nə
özün məni gözlə, nə də ki gözlət məni,
Hamıya
göstər məni, özündən gizlət məni,
Öldürə
bilmirsənsə, qatil tut, izlət məni,
Gəzdiyimiz şəhərin küçələrində
öldür.
Vətənin
olum, sənsə düşmənlərə sat məni,
Yavaş-yavaş
öldürmək istəsən aldat məni,
Bircə
dəfə xəyanət edib sonra at məni,
Başqasına
ərə get, məni ərində
öldür.
Sevməyin başqa yolu
Səni
ürəyimdən boşaltsam da bil,
boş
otaqlar boşluğun özü ilə doludu.
Daş
kimi sussam da min il, milyon il,
boş
dodaqlar sevirəm sözü ilə doludu.
Bizimlə
başlasın qoy yeni era,
xatirələr bizim eradan əvvəldə qalsın.
Ya birləşək,
ya da ki, divide et impera,
qoy
ayrılığa dözən eşqdə qələbə
çalsın.
Sənə
gözlərimi kor etsəm də bil,
bu
boş baxışlarım xəyallarınla doludu.
Səndən
həmişəlik çıxıb getsəm də bil,
getməyin özü də sevməyin başqa yoludu.
Süpürgəçi
qadının dedikləri
Həyat əlehqazın
şüşələrindən baxan
vahiməli gözlərdir,
Etirazçıların
plakatlarına
yazılan sözlərdir həyat.
Fikirlərimiz
həkimlərin
səliqəsiz yazılarında qarışır...
Qalmaq istəyən
yaşamır,
qalmaq
istəyən yarışır çox uğrunda.
Bilirsiz,
evlərin damlarında yaşayan
vəhşi göyərçinlər
çoxdandır gözlərimə dəymir.
Böyük
şəhərlərin
geniş
meydanlarında səpilən
ucuz
buğdalar çəkib apardı onları
insanlar
kimi.
Bilirsiz, bəlkə
də evlərin
boşluğu qorxutdu göy göyərçinləri...
Həyat
dilənçi qızın
palçıqlı əlində tutduğu çörəyin
ağlığıdır,
bomjun
can sağlığıdır.
Bu şəhərin
parklarında
əyinləri cır-cındır,
dişləri qızıldan falçılar gəzir -
ovcu rus
dilində oxuyanlar.
Uzaq adam
quş
olmaq arzusundan keçib bizə uzağa uçmaq həsrəti
yaxındakı işıqlar gözlərimizi
qamaşdırdığı üçün
uzaqdakı işıqlara baxırıq,
evin
tavanından asılmış lampa bu qədər yaxınkən
uzaq
ulduzlar üçün darıxırıq.
quş
olmaq arzusundan keçib bizə uzağa uçmaq həsrəti
milyon il
keçsə də uzağın həsrətini çəkəcək
insan,
məsələn, qışda yazın həsrətini çəkəcək,
darıxacaq keçmişi üçün.
nə
vaxtsa sevdiyi qızın həsrətini çəkəcək,
darıxacaq keçmişi üçün.
yenidən uşaq olmaq istəyəcək,
darıxacaq keçmişi üçün.
yaxınından uzaq olmaq istəyəcək,
darıxacaq keçmişi üçün.
bir dəfə
bir qocanın gözlərində uzaq gördüm
uzağın içində uşaq gördüm
uşağın baxışlarında yaxınlarını itirmək
qorxusu vardı
qocanın gözyaşları
o qorxunu
yuyub apardı...
uzaq -
qocanın keçmişi,
uzaq - gəncin
həsrəti,
uzaq -
uşağın itirmək qorxusudur...
yaşamaq - meyvənin yetirmək qorxusudur.
Yerlə göy arasında
Qısa
ömrün səmasında
Uçmağa
zamanım yoxdur;
Vətən
dediyim torpaqda
Enməyə
limanım yoxdur;
Mən bir qəzalı uçağam.
Nə
düzənim var, nə dağım;
Nə də
bir nişan bayrağım,
Sən
idin eniş zolağım,
Sənə
də gümanım yoxdur;
Mən bir atılmış uşağam.
Göy
üçün quş olammadım,
Yer
üçün daş olammadım,
Bədənə baş olmmadım,
Özümə imanım yoxdur;
Özümdən qaçmış qaçağam.
Azər
MUSAOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 9
yanvar.- S.4-5.