Xurma ağacı
Hekayə
- Bismillah! Bismillah! Bismillah!.. Dəhşətli silah səsləri eşidirəm. Gurultulu bir
partlayış səsi
ilə tozanaq qalxır, göz-gözü
görmür. Bədənim titrəməyə başlayır.
Öz mövcudluğumu, varlığımı
hiss etmirəm. Təngnəfəsəm. Həyəcan. Boğuluram...
Çaşqın halda, atəş səslərinin hardan gəldiyinə qulaq kəsilirəm. Heç nə anlaya
bilmirəm. Dikəlib ətrafa
baxıram.
Bu, indi çox təhlükəlidir. Hər an düşmən gülləsinə tuş
gələ bilərəm.
Sağdan sola, soldan sağa mərmilər uçur. Başımı əllərim arasına alıb, divara sıxılıb, gizlənməyə
çalışıram. Dünya başıma fırlanır,
İlahi.
Dözmək çox çətindi.
Hər şey saat əqrəbinin əksi istiqamətində
dövrə vurur. Ayağa qalxıb,
ətrafda olub bitənləri görmək
istəyirəm. Amma ayaqlarım
quruyub, taxtaya dönüb. Onları
hiss etmirəm. Vücudumda şiddətli,
dözülməz ağrılar
var. Bədənim uyuşur.
Bu, dəhşətli dərəcədə dözülməzdi.
Hərəkətsiz qalmışam, sadəcə,
çiyinlərim sürətlə
enib qalxır. Ağlamaq, qışqırmaq istəyirəm.
Gözlərimi açıb, bozumtul payız səmasına baxıram. Hava da korlanıb.
Külək əsir - özü
ilə haradansa burnumun qarşısına
meyit qoxusu gətirir. Adını
bilmədiyim bir hiss də bu qoxuya
qarışıb mənə
uşaqlığımın ağrı-acısını xatırladır.
Baş aça bilmirəm mənə nə olub, niyə doluxsunub ağlamaq istəyirəm. Tanış səslər
eşidirəm.
"- Yat yerə,
başını çıxarma. Yenə atacaqlar.
Hələ tezdi. Əmri gözlə.
Tələsmə!..".
Keçirdiyim həyəcandan huşumu
itirib, üzüstə
yerə sərilirəm.
Bir qədər sonra ayılanda qulağıma yenə həmin səslər gəlir.
Bu səslər mənə çox doğmadı. Onların deyib-gülməklərinin
ardı-arası kəsilmir.
"- Qələbə, zəfər bizimdir! Onları
iti qovan kimi qovduq! Artıq
bu yerlər düşməndən azad
olundu! Yaşa, qardaşım!..".
Kimsə
dodağının altında
belə bir mahnı zümzümə
edir:
"Çırpınırdı qara
dəniz,
Baxıb
türkün bayrağına!..".
Mən bu səsləri tanıyıram!
Deyəsən, bu mahnını ilk dəfə məktəb radiosunda eşitmişəm. Gözlərimi yumub, dərin və uzun bir
nəfəs alıram.
Köhnə günlər keçir ağlımdan.
Gözlərimdən biixtiyar göz yaşları axmağa başlayır. Bu yaşlar
yanağımla aşağı
axdıqca, üzümü
yandırır.
Mən daha qorxmuram! Eşitdiyim səslər mənə qorxularımı dəf edəcək bir güc verir.
İyirmi yeddi ildi yalqız,
kimsəsiz, insan ayağı dəyməyən
bu xarabalıqda yaşayıram. Bura çox bədbəxt,
miskin vəziyyətdədir.
İndi də sağda, solda üfunət qoxuyan insan cəsədləri
peyda olub.
Ürəyim bulanır.
Qusmaq istəyirəm.
Onları tanıyıram.
İllər öncə bizə yaşatdıqlarını, indi
özləri yaşayır. Ayaq altındakı
bu murdar leşlər onlara aiddi.
Bu da axırları...
İyirmi
yeddi il
bundan öncə bu yerləri onlar xarabalığa çevirib, viran qoyublar. Etdikləri vəhşiliklər gözlərim önündən
bir kino lenti kimi keçir.
Hər şeyi xatırlamağa başlayıram.
***
Mən istəmirəm
ki, sizin taleyiniz mənim taleyimə oxşasın.
Yaxşı yadımdadır, o gün sevincimin həddi-hüdudu
yox idi.
Səhər gözümü açanda
ilk etdiyim otağımın
pəncərəsinə tərəf
qaçıb, taxta kənarlığa söykənib
boyumu ölçmək
olmuşdu. Həmin gün on ikinci
doğum günüm idi.
Bir yaş daha böyümüşdüm.
Bu gün qucaqlamaların,
şirin sözlərin,
hər istədiyimin etirazsız qəbul edilməsinin günü idi.
Atam mənə
çoxdan arzuladığım
mavi rəngli velosiped almışdı. Ailəcə süfrə arxasında əyləşib ad günümü
qeyd edəcəkdik.
Axşama doğru onlar
kəndimizi atəşə
tutmağa başladılar.
Adəti
üzrə atışma
düşəndə qadınlar,
yaşlılar, uşaqlar
zirzəmilərə doluşurdu.
Həmin
günün axşamı
da atışma başlayanda üz tutduq zirzəmiyə.
Amma bir az keçəndən
sonra - təxminən gecə saat on bir olardı, - dedilər ki, ermənilər hər tərəfdən tanklarla
bizi mühasirəyə
alırlar. Məsləhət görüldü ki, qadınlar, qocalar körpələri də götürüb meşə ilə qonşu rayona getsinlər. Vəziyyət o qədər gərgin idi ki, əynimizə
palto, ayağımıza
ayaqqabı geyinməyə
macal tapmadıq.
Ermənilərin hücumu getdikcə
şiddətlənirdi, şəhəri
topa tuturdular. Camaat dəstələrlə, necə
gəldi, kor-koranə
gedirdi. Tərslikdən həmin gün
möhkəm şaxta
düşmüşdü. Ayaqqabı geyinmədiyimdən, ayaq barmaqlarımın ucu sırsıra bağlamışdı.
Əllərimi demək olar
ki, hiss etmirdim. Səhərə yaxın birtəhər
gəlib qonşu rayona çatdıq.
Elə burda ermənilər camaatın qarşısını
kəsib, böyük
əksəriyyətini qırdılar.
Mən də ağır yaralandım. Qan içində
idim. Ermənilər, məndən balaca
qardaşımın başını
kəsib, başı anama verərək onu dəli etdilər.
Bacımın döşünü və barmağını üzük qarışıq
qopardıb onu gözlərim qarşısında
vəhşiliklə qətlə
yetirdilər.
Mən
ağlamırdım, inildəyirdim.
O gecə yerdə gəzən böcəklərtəki
bizi əzib heç nə olmamış kimi oranı tərk etdilər.
O gün sevdiklərimi, mavi rəngli velosipedimi beləcə itirdim.
***
Duman içində
meşə.
Susqun ağaclar.
Ürküdücü qaranlıq.
Bir ağaca
söykənib dayanıram.
Burada qəribə
və reallıqdan uzaq nəsə var.
Arxamdan keçən kölgənin
soyuqluğunu hiss edirəm.
Gözümə mələk qədər məsum, amansızlıqla
başı kəsilmiş
bir uşaq vücudu görünür.
Qırmızı don, sarı jaket geyinib. Qanı sinəsinə doğru su kimi axır.
Bütün bədəni əsir.
Körpəyə kömək edə bilmirəm.
İlk dəfə
Allahdan, kiməsə ölüm arzulayıram.
- Əgər məni eşidirsənsə, bu uşağı öldür!
Qoyma bu halda yaşasın.
Bəlkə daha az əzab
çəkər - deyirəm.
Etdiyim bədduaya
görə içim sızıldayır.
Yatdığım yerdən, ildırım vurmuş kimi sıçrayıb ayağa
qalxıram. Gözlərimi yaxşı-yaxşı ovuşdurub, diqqətlə
ətrafıma baxıram.
Sonra hər şey təkrarlanır. Yenə
tanış səslər eşidirəm.
Xoş hisslərə yaxın - qəribə hisslər keçirirəm. Mən artıq
buralarda tənha deyiləm.
İyirmi
yeddi ildən sonra...
Quş qəfəsinə
oxşayan atamın köhnə həyətindəki
daxmada yaşayıram. Pəncərəsiz, dam örtüyü olmayan bu daxma buz
kimidir. Tavandan yağış damır.
Yer torpaqdır. Döşəmə yoxdur. İllərin soyuğu bədənimdədir.
Axı neyləyim?..
İçimdə bir tərəddüd baş qaldırır. İstəkli yaradandan mənə dözüm, əta etməsini diləyə-diləyə,
o səslərə doğru,
gücüm çatdığı
qədər sürətlə,
yıxıla-dura qaçmağa
başlayıram. Hardan gəldiyini
bilmədiyim içində
ağrı, qorxu hiss edib, ağlayan uşaq səsi eşidirəm. Ayağıma nəsə ilişir.
Bu, yiyəsini həmişəlik
itirmiş gözü
çıxarılan, sağ
qıçı olmayan,
gülən simalı
gəlincikdi. Onun üstündən
keçərək qaçmağa
davam edirəm.
Bütün bədənimlə hər
xışıltını, hər tərpənişi
duyuram.
Səslərə yaxınlaşıram.
Çatdım.
Mənə qəmli bir əsməcə gəlir. Gülürəm, amma bilmirəm niyə.
Kənardan baxan olsa ona
elə gələr ki, ağıldan kəməm.
Ətrafa boylanıram. Onları görürəm. Bir neçə əsgər köməkləşərək üçrəngli bayrağı
hündür dirəkdən
asmağa çalışır.
Digərləri isə mənim
kimi bu mənzərəyə
baxıb sevinir.
İndi
heç nə onların qarşısını
kəsə bilməz!
Külək dirəyin ucuna
bağlanmış üçrəngli
bayrağı yellədir.
Özümü çox xoşbəxt
hiss edirəm!
Hara baxım, bilmirəm. Əsgərləri güdmək pis deyil, ancaq bu
tərəfə baxsalar,
məni görər, yanıma gələrlər,
deyə çəkinirəm.
Bütün bunlara rəğmən, üstündəki meyvələrlə
saralıb tökülməyə
başlayan yarpaqlarının
rəngi, bir-birindən
seçilməyən, budaq
uclarından göz yaşı kimi yağış damcılarının
sallandığı xurma
ağacının arxasından
çıxıb, onları
tək-tək qucaqlayıb,
bağrıma basmaq istəyirəm. Amma bu, mümkün
deyil. Axı mən "ruham!".
İyirmi yeddi ildi bu
torpaqlarda tənha yaşayan, başına gələn müsibətləri
xatırladıqca alovlar
içində qıvrılan,
təkrar-təkrar, dirilən
bir ruh.
İyirmi
yeddi ildi içindəki xoşbəxt
fikirləri boğub öldürən kimsəsiz
ruh...
Məni culğalayan zəiflik indi təzədən bədənimə hakim kəsilir. Qıçlarım süstləşir. Ürək çırpıntılarım
çoxalır. Tezliklə buralara
qar yağacaq. Yağan qar keçmişin izlərini öncə dondurub, sonra yavaş-yavaş əridib
torpağa qarışdıracaq.
Tezliklə bu yerlərdə
yenidən gəlinciyi
ilə oynayan uşaq səsləri eşidiləcək.
Daha buranın
öz sahibləri var.
Ölülərə məxsus deyil.
Murad MURADOV
Ədəbiyyat qəzeti.- 2021.-
16 yanvar.- S.32.