Ədəbiyyat bir
elmdir, yoxsa əfsanə?
Avropada ərəblərin "Min bir gecə" əfsanələrini
alıb oxudular və "Robinzon", "Don Kixot" kimi əsərlərlə
birlikdə böyük bir ədəbiyyat yaratdılar. İslam
dünyası isə nə yazıq ki, cəbr, coğrafiya,
dil və ədəbiyyat üzərində
başlatmış olduğu ciddi çalışmaları
yarıda buraxaraq hamısını əfsanəyə
döndürdü. Bu üzdən də həm
ədəbiyyatda, həm də texnolojidə geridə
qaldı.
Bu gün bütün dünyada, eynilə tibb elmində
olduğu kimi, istər ədəbiyyat, istərsə tarix
mövzusunda ortaya atdığımız bir nəzəriyyəni
və ya görüşü isbat etməklə borcluyuq. Hüquqda da Roma
hüququndan etibarən ədalətin "Semper necessitas
probandi incumbit ei qui agit", yəni "iddia sahibi
iddiasını isbat etmək məcburiyyətindədir" təməl
ünsürü hələ qüvvəsindədir və
yaxşı ki, var, yoxsa kim nə istəyir
yazar və "sübut edər".
Əlbəttə, insan hər şeyi iddia edə bilər. Ramiz Rövşənin
"Qara paltarlı qadın" şeiri çox gözəl bir şeirdir; "mənim
şeirimdir", - deyə iddia edə bilərəm. İddia
edərəm, amma Ramiz Rövşəndən öncə ədəbiyyatla
maraqlanan hər kəs mənə iddianı sübut et deməzmi?! Axı necə
sübut edə bilərəm? Məsələn,
"Kişilər bir olmur, atam balası" misrasını
bir zaman "Gəl bizə gedəlim, atam oğlu", -
demişəm kimi isbat edə bilərəmmi?
Nə yazıq ki, "Qurban Səid" məsələsi
də bu duruma döndü. "Ədəbiyyat qəzeti"ndə
Sərvaz Hüseynoğlu bəyin "Əli və Nino gizlinləri"
(Bədirxan Əhmədlinin "525-ci qəzet"də 21
noyabr 2016 tarixində çıxmış "Əli və
Nino" müəllifinin gizlinləri" məqaləsi
yadıma düşdü!) məqaləsini oxuduğumda
çaşıb qaldım. Neçə illərdi
Məhəmməd Əsəd bəyin
yaradıcılığı ilə məşğulam, ancaq
onun bu barədə araşdırması ilə ilk dəfə
rastlaşıram. Sərvaz bəy mənim
kitabımı görmədən, kitabın yazılmasına
öncülük edən akademik İsa Həbibbəylinin
ön sözünü oxumadan onun haqqında rəy
yaratmağa çalışır. Üstəlik,
məqalə müəllifi prof. Bədirxan Əhmədlinin
kitab barədə fikirlərinə guya opponentlik edir. Gətirdiyi sitatlar isə heç bir elmi əsası
olmayan, başqalarının fikirlərinin
yığınından başqa bir şey deyil.
"Hörmətli professor", - deyə qeyd etdiyi tədqiqatçının
qarşısına başqalarının fikirlərini
sadalamaqla yox, heç olmazsa, yeni fikir və
araşdırmalarla çıxmaq lazım idi...
Əslində, yüzlərlə dəfə yazılan və
artıq hər kəsin bıkdığı iddialara
gülüb keçmək istədim, amma bir tərəfdən
də kitabı yayınlayan dəyərli hocam, akademik İsa
Həbibbəyli və kitabın redaktoru prof. Bədirxan
Əhmədliyə haqsızlıq yapılmasına
könlüm razı olmadı. Elə Azərbaycanı
dəlicəsinə sevən və bütün əsərlərində
onun tarixini, adət-ənənəsini, təbiətini
vurğuncasına təsvir edən Əsəd bəyin də
haqqını müdafiə etmək borcumuzdu.
Sərvaz bəyə görə, bu məsələdə
böyük ədəbiyyatçılarımız prof. Pənah
Xəlilov, prof. Tofiq Hüseynov, Mustafa Türkəqul, prof.dr. Yavuz Akpınar, B.Bleyer son
sözləri söyləmişlər. Öncə
qeyd edim ki, Türkiyədə Mustafa Türkequl adlı
"görkəmli bir alim" yoxdur. Mustafa Türkəqul
"Əli və Nino" romanı haqqında türk tərcüməçi
Semih Yazıçıoğluna məktub yazan Amerikadakı azərbaycanlı
bir tələbədir və bu barədə
araşdırması yoxdur, əsərin Yusif Vəzir Çəmənzəminlinin
yaza biləcəyi barədə ehtimalı var. İkincisi, Sərvaz
bəyin istinad etdiyi prof. Yavuz Akpınar Abbas Zamanov, Pənah Xəlilovun
məktublarını mənə vermişdir və əsla Sərvaz
bəyin görüşündə deyildir.
Öncə Sərvaz bəyin iddialarına nəzər
yetirək. Sərvaz
bəy məqaləsinin geniş bir bölümündə
prof. Pənah Xəlilovun, Yusif Vəzirin ayrı-ayrı illərdə
yazıb çap etdirdiyi əsərlərindən yüzlərlə
seçmələrin "Əli və Nino" romanında
eynilə işlənilməsindən bəhs edir, Hilal
Münşinin ondan "bir fırıldaqçı" kimi
bəhs etdiyini, özünün "Mən alman müəllifiyəm"
fikrini, həyat yoldaşı Erikanın isə boşanma
zamanı qəzetlərdə "Ailə qurandan sonra öyrəndim
ki, o, sadəcə, Lev Nissenbaumdur" sözlərini dilə
gətirir və onun milliyyəti haqqında: "Necə ola
bilib ki (bu adam), öz milli mənsubiyyətinə dəyər
vermədən o, bütün bu yazılıb çap edilənlərə
qarşı bircə kəlmə olsun belə etiraz etməyib?",
- deyə qeyri-müəyyən nəticə
çıxarır. Məqalə müəllifi
Əsəd bəyin orta məktəbin aşağı sinfində
oxuyarkən, "qeyri-kafi" aldığını, əslində,
adının "Yakov Abramoviç" olduğu, eləcə
də indiyədək müxtəlif tədqiqatçılar tərəfindən
səsləndirilən bir çox iddiaları dilə gətirir.
Təxminən iddialar və dəlillər bunlardır. Çox
maraqlıdır, iddia sahiblərinin heç biri alman dilini bilməməklə
yanaşı, Əsəd bəyin həyat və
yaradıcılığı ilə məşğul
olmamışlar. İddialar hər
hansı bir faktı sübut etməkdən daha çox,
qızğınlıq, öfkə ilə yazılmış
fikirlərdir. Dəyərli oxucular və hocalarım
qarşısında "mən" deməkdən utanır,
həya edirəm, amma burada "mən" demək zorunda
qaldığım üçün hər kəsdən
üzr istəyərək bəzi mətləblərə
aydınlıq gətirməyə çalışacam.
Azərbaycanda
bu mövzuda yazan prof. Tofiq Hüseynovun, Aslan Məmmədlinin,
Pənah Hüseynovun, Rafael Hüseynovun, Elçinin, Bədirxan
Əhmədlinin, Nuridə Atəşin, Ramiz Abutalıbovun
yazdıqlarının tamamını oxudum. Sadəcə
onları deyil, Rəşad Məcid, Abbas Hacaloğlu,
Qılman İlkin, Nəriman Əbdülrəhmanlı kimi
şair, yazıçı və jurnalistlərin
yazdıqlarını da oxudum. Yavuz
Akpınarla danışdım, ondakı Abbas Zamanov tərəfındən
yazılmış məktubları aldım. Qısacası, Azərbaycanda bu mövzuda nə
yazılmışsa araşdırdım. Yusif
Vəzirin də bütün kitablarının yanı sıra
gündəliklərini də araşdırdım. Hətta onun romanlarını bir dizimə, Əsad bəyin
əsərlərini digər dizimə qoydum və sətir-sətir
oxudum, altlarını cızdım.
Bununla yetinmədim, Berlinə getdim və üç ay
Berlindəki Modern Şərq mərkəzində ilk dəfə
Əsəd bəy haqqında yazan prof. Gerhard Höppün
altı sandıq dolusu arxivində çalışdım və
o tozlu kağızların tozlarını ciyərlərimə
çəkdim. O da bəs etmədi, Əsəd bəyin getdiyi liseyə,
oxuduğu universitetə getdim. Universitetin arxivində
onun 144 məqaləsini tapdım və türkcəyə
çevirdim. Yaşadığı evlərin
ünvanlarına getdim. Vyanada həyat
yoldaşı Erika ilə yaşadığı və
"İstanbullu qız" romanında anlatdığı
evi və küçəni tapdım, orada gəzdim.
Betti Bleyerin yazdıqlarını, Münşinin
iddialarını, Tom Reissın araşdırmalarını,
"Cumhuriyet" qəzeti yazarı Nadir Nadinin burada Əsəd
bəy haqqında yazdıqlarını, "Nyu-York" qəzetində
yayınlanmış Əsəd bəyin məqalələrini
araşdırdım. Hətta zövcəsi
Erikanın boşanma sırasında söylədikləri məhkəmə
ifadəsini də oxudum. Yəni heç
bir bilgi zəhmətsiz deyildir. Çünki
məqsədim Yusif Vəzir kimi böyük
yazarımızın haqqını qəsb etmək deyil,
doğruyu bulmaq, həqiqətə çatmaqdı. Ona görə də indiyədək Azərbaycan mətbuatında
yazılan, Sərvaz bəyin də burada təkrar etdiyi bu
iddiaları cavablandırmağı məqsədəuyğun
hesab edirəm.
Birincisi,
prof. Pənah Xəlilov Yusif Vəzir Çəmənzəminlinin
bütün əsərləri ilə "Əli və
Nino"nu müqayisə edərək onun "Əli və
Nino"nu yazdığı qənaətinə gəlmişdir.
Bu qənaət nədir? Bir
dənə də olsun əlyazma, məktub və ya bir cümlə
yaza bilmişdirmi? Yox! Prof. Pənah Xəlilov
və Tofiq Hüseynov eynilə Sərvaz bəyin
yazdığı kimi yazmışlar (və ya əksinə!),
"oxşarlıqlar"dan söz etmişlər. Məsələn,
"Yusif Vəzirin
bir əsərində "Səfər" adı
vardır" və ya "Yusif Vəzir "N" hərfi
yazmışdır, bu Ninoya işarədir". "Asiyade,
Asya deməkdir və Yusif Vəzirin də əsərlərində
"Asya" adı vardır" və s.
Allah
eşqinə, bir az əlimizi
vicdanımıza qoyaq! Ədəbiyyat elminin "e"sini bilən
bir adam bu iddialara inanarmı?! Əvvəla,
"Asiyade" adı "Asya", - deyə oxunmaz, almanca
"Asiyade yazılır, amma "Aziyade" oxunur, bu da
"Asya" demək deyildir. Fransız yazar
Piyer Loti 1879-cu ildə "Aziyade" isimli bir roman
yazmışdır və bütün şərqşünaslar
bu adı bilirlər. "Əli və Nino"nun Əsəd
bəyin olduğunu biz "n" hərfi,
"oxşarlıq", "Asya" isimləri ilə deyil,
yüzlərlə faktlarla isbat edə bilirik.
İkincisi,
Əsəd bəyin Berlindəki alman-rus liseyindən dostu Aleks
Brailov yazır: "Leonid Pasternakın gözəl
qızı Jenya bizi axşamlar evinə dəvət edərdi.
Əsəd orada gəldiyində Şərqdən
çox ilginc hekayələr anlatırdı. Mən bunları rusca qeyd edirdim. Sonraki
illər "Əli və Nino"nu oxuduğumda Əlinin gəncliyi,
Ninonun qaçırılması, Nahararyan kimi adamların o
hekayələrdə olduğunu gördüm. (Alex
Brailov, "Oriental Tales'e önsöz, s. 4).
Aleks
Brailov, eyni yerdə erməni Nahararyan obrazının da liseydə
Əsəd bəylə sürəkli dava edən və
Pasternakın qızı Jenyaya aşiq olan Yaşenka adlı
şişman, gözlüklü və kübar görünən
kişinin olduğunu yazmaqdadır. Sadəcə
bunlarmı? Əsəd bəyin bu mövzuda əl
yazısıyla məktubları var. Ömər Ehrenfels, həyat
yoldaşı Elfride Ehrenfels, naşiri Mögenin
yazdıqları, dayəsi Alise Şultenin
yazıçının ölümündən sonra
yazdığı bioqrafiya... Ayrıca, "Əli və
Nino" romanı onun yazdığı məqalələrdə,
"Stalin", "Rza şah", "Şərqdə neft
və qan", "Qafqazın 12 sirri" və digər əsərlərində
"oxşarlıq" olaraq deyil, eynən yer almaqdadır.
Örnəklər verim: "Ədəbiyyat
dünyası" qəzetində (09.05.1930), yəni
"Əli və Nino" əsəri yayınlanmadan tam 7 il
öncə yazdığı "Qafqazlarda eşq və
evlilik" məqaləsində Əli Xanın romandakı
evlilik xəyalının eynisi vardır. Bu
cür faktlar çoxdur. "Bir uşaq
İrandan gələn kor musiqiçinin ətəyindən
tutaraq səhnəyə gətirdi". ("Stalin",
almanca basqısı 1931, s. 22). "On
yaşlarında bir uşaq İrandan gələn olduqca əsmər
dörd kor musiqiçinin əllərindən tutaraq
önümüzə gətirdi" ("Əli və
Nino", s. 31). "Dik bir yoxuşda dəvələr
ehmal-ehmal, ağır yerişlə tərpənirdilər.
Əlində əsa tutmuş sarvan karvanın
qabağında gedirdi" ("Əli və Nino", s.148).
"Yoxuş tərəfdən karvan
yaxınlaşırdı. Dəvələr
ağır və diqqətli yürüyürdü. Əlində əsa tutmuş sarvan dəvələrin
önündə gedirdi" ("Rza şah", s. 32). "Onun dalınca da qara paltar geymiş adamlar
yeriyirdilər. Yoxuşa çıxmaq dəvələr
üçün çətin idi və onlar bütün
güclərini yığıb yoxuşa
dırmaşırdılar" ("Əli və Nino"
s.148). "Onun arxasında isə qara paltar
geyinmiş adamlar vardı. Boyunlarında
zınqırov asılı dəvələr yoxuşu
çıxmaqda çətinlik çəkirdi" ("Rza
şah", s. 32). "Dəvələrin
boz omuzlarından torbalar asılmışdı. Bəs bu torbalarda nə var idi? İsfahan
parçalarımı? Gilan yunumu?"
("Əli və Nino" s. 148). "Dəvələrin boz omuzlarında
torbalar asılmışdı. Bu torbalarda nə
vardı? İsfahan parçalarımı?
Gilan yunumu?" ("Rza şah" s. 32).
Bu sətirlərdə əcaba oxşarlıqlarmı
var, yoxsa sözbəsöz, cümləbəcümlə
eynilikmi? "Əli və Nino" romanının 23-cü
bölümü ilə Əsəd bəyin 1936-cı ildə
yayınladığı "Rza şah" əsərinin
148-149-150-ci səhifələri sözbəsöz eynidir.
Burada imkan olmadığı üçün
digər əsərlərindən örnəklər gətirmirəm.
Əgər "Əli və Nino"nu Yusif Vəzir
yazmışsa, Əsəd bəy adına
çıxmış, 15 almanca və ingiliscə kitab ilə
200 məqaləni də Yusif Vəzirmi yazmışdır?!
Üçüncüsü, Hilal Münşinin
yazdığı almanca protesto məktubunu da, məqaləsini
də oxudum. Yazdıqlarının hamısı iddiadır və
bir tək fakt yoxdur. Onun Əsəd bəyə
qızğınlığı başqadır. Münşi "Şərqdə neft və qan"
kitabında ermənilərlə ilgili alman ve türk
subaylarının suçlanmasına hirslənmişdir.
Dostlarıyla toplanaraq Əsəd bəyi protesto
etmiş, alman idarələrinə şikayət etmişdilər.
Şikayətin almancası arxivimizdədir.
O, Əsəd bəy ilə sadəcə bir dəfə,
Əsəd bəy on beş
yaşındaykən görüşmüşdür.
Dördüncüsü, Əsəd bəy məqalələrində
"Mən alman müəllifiyəm" deməklə nə
qəbahət işlətmişdir? Almanca
yazdığı üçün, əlbəttə, alman
müəllifidir. Çingiz Aytmatov rusca
yazmış bir "sovet yazarı"dır, amma
bütün ömürlüyündə qırğız
olduğunu yazır. Əsəd bəy azərbaycanlı
olduğunu kitabları, məqalələriylə isbat etmişdir.
Onun da bütün biyoqrafilərində azərbaycanlı
yazılır. Kaş ki onun 1928-ci ildə
"Azərbaycan Xalq Cümhuriyyəti"nin onuncu
ildönümü üçün yazdığı məqaləni
oxusaydınız və "mən ölkəmi itirdim", -
deyə necə yandığını görsəydiniz?!
Beşincisi, "Əsəd bəyin zövcəsi onu
müalicə edən həkimlə" deyil, özündən
20 yaş böyük yazar Fülöp Miller Rene ilə
getmişdir. Erika boşandıqdan sonra hər önünə gələn
qəzetə saçma-sapan iddialar irəli
sürmüşdür. Bu iddiaları da
sonradan özü yalanlamışdır. Məndəki
almanca qəzetlərdə bəyanatları vardır.
Altıncısı, milli mənsubiyyət nə deməkdir? Hər yerdə "mən,
mən" demək
milli mənsubiyyətdirmi? Yoxsa bütün əsərlərilə
Azərbaycanı, Azərbaycan xalqını,
toprağını, folklorunu dünyaya tanıtmaqmıdır? Dünyanın
harasına gedərsəniz gedin, onun əsərlərində
Azərbaycanı tapar və heyran olursunuz. Bu
yetməzmi?!
Yeddincisi, insanın orta məktəbdə ikən
aldığı "qeyri-kafi" qiyməti suçmudur? Və ya bunun "Əli və
Nino" müəllifliyinə bir dəxli varmı?! Albert
Eynsteyn, Bethoven, Paskal da məktəbdə "tənbəl"
bir şagird idilər. Onun türk dilindən zəif qiymət
aldığı iddiası da var. Onunla Vyanada tanışan
türk müxbiri Nadir Nadi Əsəd bəyin mükəmməl
türkcə danışdığını və bir azərbaycanlı
olmaqla qürur duyduğunu 26 noyabr 1932-ci il
tarixli "Cumhuriyet" qəzetində yazmışdır. Maraqlanana qəzeti göndərə bilərəm.
Səkkizinci, arxivimdə Əsəd bəylə ilgili
Berlin və Vyana polis qeydləri, bələdiyyələrdən
yaşadığı evlərin faturaları, vəsiyyətnaməsi,
ölüm kağızı vardır. Heç bir sənəddə
Əsəd bəyin adı "Yakov Abramoviç" olaraq keçmir.
Doqquzuncu, Yusif Vəzir Çəmənzəminlinin
"Məlikməmməd nağıllarını" Əli
xan adıyla çap etdirməsi nəyi isbat edə bilir? Başqa bir tək
yerdə yuxarıda yazdığım şəkildə kəlmə-kəlmə
"Əli və Nino" əsərindən örnəklər
varmı?
Onuncu, yuxarıda cavab verdim və ədəbiyyatın
bir elm olduğunu yazdım. "N" hərfi və ya
"B" hərfi ilə bir romanın birinə aid olduğu əsla
isbat edilməz.
Azərbaycanda alimlərimiz arasında Əsəd bəylə
bağlı çeşidli iddialar var, amma ortaya qoyduqları
bir tək sənəd yoxdur. Halbuki Əsəd bəyi
görən, onunla danışan, onun necə
yazdığını izləyən, söhbətlərini
axtaran onlarca insan vardır. Amerikalı
yazar və müxbir Georq Vireçk onunla birlikdə "Allahu
əkbər" kitabını yazmışdır. O,
"Əsəd bəyin bir odaya kapandığını və
bir neçə saat içində bir kitap ola
biləcək qədər yazı yazdığını"
yazmaqdadır. Yenə "Ədəbiyyat
dünyası" qəzetinin redaktoru Villi Hass xatirələrində
Əsəd bəyin necə məhsuldar bir yazar olduğunu
söyləməkdədir. Dostu Ömər
Ehrenfels (Rolf Baron Ehrenfels) "İstanbullu qız"
romanına yazdığı ön sözdə onun
çalışqan bir insan olduğunu bildirir. Elfride
Ehrenfels öz adına
yayınlanmış romanların azərbaycanlı Əsəd
bəyə aid olduğunu 10 iyun 1974-cü il tarixli imzalı
bir məktubla alman alimi Əhməd Şmideyə
bildirmişdir. Bu məktubun mətnini prof. Bədirxan Əhmədli
məqalə və
monoqrafiyasında vermişdir.
"İstanbullu qız" ("Haliçdən gələn
qız") romanını bilə "Altunsaç"
adıyla Yusif Vəzir Çəmənzəminliyə aid kimi
göstərmək istəyirlər. O romanı yaza bilmək
üçün Vyana və Berlini insanın əlinin içi
kimi bilməsi lazımdır. Aziyade kimi Əsəd
bəy də Vilhelm Universitetində Şərqşünaslıq
oxumuş, məşhur türkoloq Banqdan dərs
almışdır. Aziyadenin romanda mindiyi
tramvay, hər zaman endiyi küçə Əsəd bəyin
yolun üzərindəki, yəni qaldığı evin yolu və
ünvanıdır. Almanca bilmədən bu yolları,
evləri, ünvanları, nəşriyyatları öyrənmədən,
"Stalin", "Rza şah", "II Nikolay", "Məhəmməd
peyğəmbər" və s. kitablarını oxumadan necə
bir hökm verilə bilir? Yusif Vəzir Çəmənzəminli
bizim önəmli bir yazarımızdır. Əsəd bəy isə ölkəsinə həsrət
içində 37 yaşında qürbətdə Azərbaycanı
həsrətlə sayıqlayaraq ölən bir
yazarımızdır. Tutalım ki, o, bir
azərbaycanlı yəhudidir. Ölümündən
qısa bir sürə öncə öz əl yazısıyla
yazdığı aşağıdakı sətirləri oxuyan
hansı vicdanlı azərbaycanlının gözləri
dolmaz: "Bakı, Xəzər dənizi sahilindəki neft
şəhəri... Mənim uşaqlığımın
keçdiyi şəhər... Vətənim.
Yurdum yox oldu! Bu acı inanılmaz bir şey! Məni
yeyib bitirir. Bəli, indi sabah saat
5.30-dur. Uşaq kimi ağlamaq istəyirəm.
Bu acı, bu mərhəmətsiz acı məni
öldürür. O şəhər, nə Avropada, nə
də Asiyadaydı. Xatirələrimdə
canlanan o əski divar və Şərq sarayı dumanlar
içində qalmış. Dumanlar daha da
artınca acılar içində kresloma gömülürəm".
(Qurban Səid, "Eşqdən bixəbər adam",
əlyazması).
Mən bunları yazıram, onu da bilirəm ki, Azərbaycanda
Əsəd bəyin haqqını qoruyan,
yaradıcılığını vicdanla araşdıran, onu
Azərbaycan ədəbiyyatının faktı hesab edən,
araşdırmalarını bu istiqamətdə aparan tədqiqatçılar
da vardır. Mərhum professorlar Çərkəz Qurbanlı, Həsən
Quliyev, Aslan Məmmədlinin araşdırmaları əsədbəyşünaslığın
ən yaxşı səhifələrini təşkil edir.
Akademik İsa Həbibbəylinin
araşdırmaları Əsəd bəyin Azərbaycan ədəbiyyatındakı
yerini və mövqeyini bir qədər də möhkəmləndirdi.
Rəşad Məcid, Əsəd bəyin Qurban Səid
olduğuna inamını ifadə etdi. Professor Bədirxan
Əhmədlinin onun yaradıcılığına xeyli əmək
sərf etməsi, "XX əsr Azərbaycan ədəbiyyatı
tarixi" üçcildliyinə daxil etməsi Əsəd bəy
yaradıcılığının vətənində yeni
araşdırma mərhələsinə daxil olduğunu
göstərir. Düşünürəm ki, bu istiqamətdə
araşdırmalar davam etməlidir, yoxsa ki, dünya ədəbiyyatşünaslığının
artıq qəbul etdiyi həqiqətləri əsası olmayan
inadcıl iddialarla buna kölgə salaraq deyil...
Bir
yazarımızın, bir insanımızın haqqını
qoruyaq deyə, ölkəmizin adını bütün
dünyaya duyuran, ölümünün üzərinə 70 ilə
yaxın keçməsinə rəğmən amerikalı,
avropalı, asiyalı araşdırmaçıları
ardınca qoşduran, əsərləri dünyanın hər
yerində minlərlə basılan bəxtsiz bir insanın
haqqını nədən qəsb edək!?
Türk şairi Ahmet Haşim Bağdad doğumlu
olduğundan bir yazar onu ərəb olaraq qələmə
vermişdi.
Peyami Safa ona çox maraqlı bir cavab yazdı:
"Bağdadı Türkiyə qayb etdi, şair Haşimi qayb
etməyək!".
Yusif Vəzir Çəmənzəminlinin özü, obrazları könlümüzdə, kitabları kitabxanalarımızdadır. Daha bir əsəri də ona əkləməklə yeni bir Yusif Vəzir Çəmənzəminli yaratmırıq. Böyük yazıçımızın heç buna ehtiyacı da yoxdur. Lakin Qurban Səidin Məhəmməd Əsəd bəy olduğunu süni şəkildə inkar etməklə və ya onun milli kimliyi haqqında lüzumsuz mübahisələr açmaqla, fərqli bir Məhəmməd Əsəd bəy əfsanəsi yaratmaqla yurdundan didərgin salınmış Məhəmməd Əsəd bəyin öz ölkəsi və torpağı ilə qovuşmasına sədd çəkirik. Bu, doğrudurmu? Gəlin biz dərindən düşünək. Onu qayb etməyək! Yurdundan atılmış Əsəd bəy isə kitabları ilə dünyanın hər yerindədir.
Orxan ARAS
Ədəbiyyat qəzeti.- 2021.- 16 yanvar.- S.30-31.