Ədəbiyyatımızın səhnəsi
Formaların kəsişməsi,
yaxud üslub magiyası
"...Təbiətin
püskürdüyü
bu saysız
odlardan
sənin
ömrünün cigərində
bir damla da su qalmayıb..."
"Sirlər xəzinəsi"
Ədəbi
janrların təbiətinə belə bir mühüm cəhət
xasdır ki, bəzən bizim "ölüm" kimi
gördüklərimizi o bir daha, təkrar-təkrar
"dirildir", həyata qaytarır, onların rəng və
koloritini dəyişdirir və ədəbi proses, məxsusi
olaraq janrdaxili proses özünün mərkəz yox, kənar
nöqtələriylə maraq doğurur, ancaq o nöqtələr
çox zaman görünmür, yalnız fəhm edilir. Biz həmişə janrdaxili proseslərə diqqət
ayırır, onların, yəni janrların
qarşılıqlı münasibətlərini
araşdırmaqdan vaz keçirik. Halbuki ədəbi-bədii
formalar da zamanla dəyişir, yəni çox cüzi bir dəyişiklik
hələ gələcəkdə söyləməli
olduğumuz fikirlərin üstündən xətt çəkir.
Müasir Azərbaycan ədəbiyyatı diskursu
janrların funksionallığı, daha çox formaların
qarışması (kəsişməsi, yəni) və
partlayışı ilə səciyyələnən əsərlərin
varlığının etirafı kimi anlaşılır.
Yəni dəfələrlə qeyd edildiyinə rəğmən,
janrlar ölmür, əksinə, gəldiyi yolla geri
qayıdıb "yaddan çıxardığı" nəsnələri
yaddaşına yükləyərək özünü,
libasını, dilini və formasını bacardığı
qədər dəyişdirir. Diqqət edin, M.F.Axundzadənin
"Aldanmış kəvakib" əsəri
yazıldığı dönəmdən bu günə nə
qədər dəyişib, o dərəcədə ki,
artıq onu klassik anlamda hekayə, povest, yaxud roman belə
adlandırmaq son dərəcə şərti xarakter
daşıyır; elə "Min bir gecə"nin özü... Bunlar təkcə
nağıllardırmı, həm də nağılı,
hekayənin təhkiyəsini necə qurmaq
ustalığının bəlirtisidir, yəni nağıl
şifahi formada yarandığı anda nağıldır,
yazıya alındığı zamandan üzü bəri dəyişir
("romanlaşır"), təhkiyəni necə qurmaq sənətinə
çevrilir (Milan Kunderanın "Roman sənəti"
essesinə baxın).
Yəni indi yazılan hekayələr keçən əsrin
70-80-ci illərində yazılan hekayələr deyildir, halbuki
bəşər tarixinin elə bir dönəmi olmayıb ki, o
çağda insan hekayəsiz yaşasın, hekayəsiz
yaşamaq, nəfəs almaq mümkün deyildir. Klassik
poeziyadan fərqli olaraq modern şeirdə ayrı-ayrı
sözlərin "partlayış gücü" əsas məqam
qazandığına paralel olaraq müasir nəsrdə də,
məxsusi olaraq hekayə janrında formaların
qarışması və partlayışı əsas yerə
keçir və önəm qazanır. Bu
günün hekayəçiliyini, hekayə danışmaq sənətini
bilmək üçün 70-80-ci illərə qayıtmaq
lazımdır, ən azı geriyə qayıdan yolda
unutduqlarımızı görə bilmək
üçün.
"Astana"
hekayəsində (Yusif Səmədoğlu) hər bir cümlə
təsvirin uçurum yerində, uçurumun kənarındadır,
hər cümlə gərginliyin son həddini ifadə edir, belədə
personaj özünü oyun səhnəsində,
qaranlığın altıynan sürünən
işığın içində görür; onu
qayalıqların arasında buraxan maşının arxa
faraları sönüb-közərib gözdən itən kimi
o, öz gözlərini (gözlərinin
işartısını - olmayan bir şeyi-!) görür və
bu əbəs deyildir.
Təsvir
hansı ölçüdən gəlir, maşının
arxa faraları çox ağır xəstənin son ümid
çırağı kimi yox olanda, elə o anda o qaranlıqda
öz gözlərinin necə işardığını hiss
etdi, bunu yalnız yazı qeydə alındıqdan sonra, yəni
kimsə gördükdən sonra hiss edə bilərik... Hələ
bu hamısı deyil, taksi gedəndən dərhal sonra gözlərinin
işartısından ayaqları altına düşən
işığa baxmış, orda ürəyinin
döyüntüsünü görmüşdü... Bu
artıq reallığın ən kənar nöqtələrini
hiss edib yaşamaq kimidi, gərgin ortam son dərəcə dəqiq
şəkildə, həm də poetizmlə soyuqqanlı təsvirin
elə bir sərhədində verilir ki (naşı
yazıçı bu poetizmdə ilişib qalardı,
çağdaş nəsrdə bu hal qabarıqdır), bir anlığa əşyaları canlı
şəkildə gördüyünü hiss edirsən. Hər
bir hekayə haçansa, yaşamın hansı məqamındasa
müəllifə "danışılır", beləcə
onun yaddaşına yığılır (heç poeziyada da
heç bir bədahətənlik yoxdur, [...Duman gəl-get bu dağlardan//
dağlar təzə bar eyləsin//nə gözlərim səni
görsün//nə könlüm qubar eyləsin...], sadəcə,
illər boyu yaddaşına yüklənən və
qarışdıqca qarışan xatirələrin
partlayış gücüdür), naməlum
nağılçının dediklərindən yadında
qalanları yazır. "...Gecə taksi fırlanıb
gedəndən sonra, o, qaranlıq içərisində
görmədiyi neçə-neçə darvazalardan
keçib, görmədiyi keşikçilərin xısın
danışıqlarının müşayiəti altında
tövşüyə-tövşüyə lap yuxarı
qalxmışdı, nəhayət, sonuncu darvaza bağlanıb
onu qaranlığın ixtiyarına vermişdi. Gecə taksi fırlanıb gedəndən sonra, o,
gözlərinin işartısından ayaqları altına
düşən işığa baxa-baxa ürəyinin
döyüntüsünə qulaq asmışdı, ürəyinin
sıxıntısını anlamağa
çalışmışdı. Qaranlıq
yalnız qaranlıq deyil, dərd-sər dolu nəhəng bir
daş parçasıdır ki, məqam axtarır, əlinə
keçənin çiyinlərinə salsın
özünü. Hünərin var, yatma!..".
Bu vəziyyətində personaj hər şeyi, xırda bir səs-səmiri
də olmadığı kimi, xüsusi həssaslıqla hiss
etmək əvəzinə onları normal, qəzavü-qədər
kimi qəbul edir: elə belə də olmalıdır, milyon
ildi təkrarlanan və dəyişməyən hadisələr
qismində. Yəni məsələ onun ömrünün
sonunu "ekrana gətirən" hadisələri hiss etməyində
deyildi (...Bütün günü cəhənnəm istisini
özünə hopdurmuş daşlardan və torpaqdan qalxan hərarət
idi: o, bu hərarətin, ayaqları altında gözəgörünməz
tüstü kimi necə burulub günəşə sarı
yönəldiyini bütün vücudu ilə hiss edirdi.
Müşahidə elədiyi bu yanğınlı axın onda
heç bir təəccüb doğurmurdu, elə bil dəfələrlə
min-milyon dəfə gördüyü ən adi şeylərdən
biri idi: günəş istini geri alırdı. Allah verdiyi
canı geri alan kimi...), əsas olan
gümanı gəlməyən yerlərdən gələn səslərdə
idi. Elə bil nəydisə, nəsə demək
istəyirdi, kimdisə, kimisə çağırırdı.
Təhkiyənin bu məqamı, personajın baş-başa
vermiş qayalıqların arasında yalnız ürəyinin
və beyninin dərinliklərindəki ağrını hiss
etdiyini ifadə edən nöqtə ömrü boyu yarı
yolda unutduğu, bəlkə də əldən salıb
itirdiyi nəsnələri (xatirələri) uc-uca calayır və
bu - aralarında heç bir bağlantı olmayan nöqtələr
arasından keçməyin, hər halda sağ-salamat
keçməyin mümkünsüzlüyü bütün
gücsüzlüyü və gücü ilə göstərə
bilir. Təhkiyənin fərqli yerlərində təkrarlanan
"Hardasa ana balasını əmizdirirdi, süd körpənin
ağzından aşıb-daşırdı..." cümləsi
quraqlıqla bolluğu, anası ölümcül xəstə
yatarkən məcburən uzaqdan gələn mühüm
qonağın şəninə təşkil edilən tədbirlərdə
iştirakıyla o vaxtdan beyninin ən dərin yerində yuva
quran ağrını, həyatın rəng, səs, musiqi
bolluğuyla (körpənin ağzından süd
aşıb-daşırdı) onu dalınca sürükləyən
faciənin bir nöqtədə düyümlənməsinin
qaçılmazlığını eyni anda nümayiş
etdirir. Beyninin, ya da ürəyinin ən dərin qatında,
quru xatirə xəzanının altındakı
ağrının nə olduğunu, nəylə bağlı
olduğunu belə bilmir (danışa bilməyən,
ağzından süd aşıb-daşan körpə kimi...),
çünki o yerdə heç bir arzu-dilək
qalmamışdı, belədə hekayə bir janr kimi
bitib-tükənmir, əvvəlcədən bilinsə də
ki, o ağrıyan yer heç zaman tapılmayacaq.
Yuxarıdakı təkrarlanan cümlə müəllifin, demək
olar, bütün mətnlərində mövcuddur, onun
üslubunun, üslub çərçivəsində hadisəni
danışmaq vərdişinin dəyişdiyi anı dəqiq
şəkildə göstərən bu tipli "nəqaratlar"
aralarında heç bir bağlantı olmayan, təsadüfən
"tapılan" anımları bir zaman-məkan modusunda
saxlamaq inadını əks etdirir (elə mahnı mətnlərindəki
nəqarat da-!). Bu hekayə insanların arasında hər
gün nəql edilən əhvalatlardan nələrisə əxz
edir, hər bir təsadüfdə bitməmək, tükənməzlik
effektini doğrultmaq üçün fürsət gəzir,
janrın təbiətindəki bu məqam gələcəkdə
söyləniləcək sonsuz hekayətlərlə kəsişir,
yeni janr sferasının yaranmasına təkan verir, bu hekayəni
diqqətlə oxusanız onun hansı tezlik və sürətlə
"Qətl günü" romanının içindən
keçdiyinin də şahidi olarsınız. Yəni
bu təkcə üslub, hadisələrin kəsişmə məqamını
təsvir etmə çevrəsi deyildir, müəllifin
özünün də xəbərdar olmadığı,
açarını bilmədiyi sirrin - bir hekayənin hekayə
və romanlara dönüşmə həqiqətinin bəlkə
də özüdür. Roman sənətində, elə
hekayəçilikdə də bir "üslub magiyası"
yaşayır, bir mətn bitib-tükənmir, üslubun
özü hadisə olduğu üçün "Qətl
günü"ndə olduğu kimi müxtəlif əsrlərdə
baş verən hadisələri həmin o "magik sirrin"
sayəsində baş-başa gətirir, yəni
"Astana"da ağrının tapılmayan, ancaq
qarasına hiss edilən yeri başqa hekayələrdə
("Bayatı-Şiraz") və romanlarda (və daha
çox yarımçıq qalan "Deyilənlər gəldi
başa" romanında, - zənnimizcə, bunun özü də
təsadüf deyildir-!) yeni-yeni çalarlar qazanır,
tapılmaq ümidi bir az da azalır, demək, üslub
sferasında hər şey "səssiz lada" keçir.
"Astana"da personaj içini dağıdan ağrıdan
qıvrıldıqca qıvrılır və bir anlığa
anlayır ki, bu cür ağrılar, bu cür dözülməz,
insana işgəncə verən beyin uğultusu hər kəsin
ömründə bir, uzağı iki dəfə olur, bir ana bətnində,
bir də ölümdən qabaq. Bu mənada onun
bu dözülməz işgəncəyə məruz qalan
bütün qəhrəmanları hər bir əsərində,
fərqli təhkiyə aktlarında fərqli şəkildə
meydana çıxırlar, həyat səhnəsində fərqli
libaslarda görünürlər. "Qətl
günü"ndə bu ağrı insanı gah tutduğu
anda aparır, özü də ən kövrək, həyatın
dərinliyindən şırıltıyla axan zaman
çayının səsini duyduğu anda üstünü kəsdirir
(Xəstə obrazı), ya da onu qaniçən cəllada
çevirir. Romanda bir anlığa
dözülməz ağrı unudulur, Baba Kahadan axıb gələn
soyuq küləyin təsiri keyləşir və sən
göydəki ulduzların qəribə şəkildə
parıldadığını görürsən.
Göylər, hərəsi bir alma boyda
par-par yanan ulduzlarıyla birgə insanın ruhuna, cisminə
hopur. Mətndə bütün zamanlar ona görə bir-birinə
qarışıb, həm də bir-birinin içindən
çıxır ki, insanın törətdiyi günah
bütün zamanları dövrələyir (bu səbəbdən
əsərin kompozisiya tipi dairəvidir-!), bu günahın zərrələri
hamıya yoluxur, hamını bir-birinə bağlayır, biri
sürüşdümü, dərhal digərlərinə təsir
edir və bu "total günah"dan xilas olmaq mümkün
deyildir. "Astana" hekayəsində belə bir məqam
var: "O, bir də evinə dönməyəcək. Onu evdən çıxarıblar - meyiti
çıxaran kimi. Özü öz cənazəsini
çiyninə alıb, gecə, gümüş kəmərə
bənzər yolda maşından enib və bura, qayalıqlara
girib. Fatihə! Allah cəmi əhli-ğübura rəhmət
eləsin! Bunu kim dedi görəsən?.. Kim tək qalır, elə bilir, doğrudan, təkdir.
Amma heç kəs, heç vaxt tək qalmır.
Ağrı elə bil ağlına gələn bu fikrə bənd
imiş kimi, birdən-birə yox oldu, o, gicgahlarında soyuqluq
hiss elədi və bir də səbəbi özünə
heç cür aydın olmayan qəribə bir
yüngüllük duydu: elə bil hündür və çətin
baryeri keçmiş at idi, indi onu tövləyə rahatlamağa
aparacaqdılar...".
Həyat ağrıdır, məşəqqətli işgəncədir, sirrini bulana qədər. Mirzə Cəlildə bu, "xamuşluq" hadisəsidir, mükəmməl dramaturji diskurs: "Hindistan hükəmasından bilmirəm hansıdı - adı yadımdan çıxıb, - kitabında yazır: vaxt olur ki, insanın qəlbi hər bir arzudan və meyildən xali olur, o vaxt qəlbdə bir növ xamuşluq əmələ gəlir. Bu xamuşluqda insana elə bir iti zehn üz verir ki, dünyanın yaxşı və yamanını həkimanə bir surətdə görə bilər. Allah şahiddir ki, bir belə xamuşluq, bir belə sakitlik bu dəqiqə mənim də qəlbimdədir. Onun üçün də indi mən həzrət sahibül-əsr vəzzəmanın xidmətinə müşərrəf olan bu camaatın (əlini zəvvara tərəf uzadır) hərəkətinə diqqət ilə tamaşa edib deyirəm: Vallah və billah biz "dəli yığıncağına" düşmüşük...".
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 16
yanvar.- S.29.