"Həmişə yoluma yaxşılar
çıxıb"
Görkəmli alim,
yazıçı və tərcüməçi Xeyrulla
Əliyevlə könül
söhbəti
"Ən
gözəl olan həyat və xarakter
bütövlüyüdür" düşüncəsilə
yaşayıb-yaradan Xeyrulla müəllimlə mərhəm
bir könül söhbəti edirik. Bilirəm ki, həssas və
kövrəkdi. Hər işində
ölçü-biçili və ədalətlidi.
Söhbətə körpü salmağın yolunu bilənlərdəndi...
Elə o səmtdən də
başlayırıq.
- Xeyrulla müəllim,
görüşünüzə
çalışdığım "Ədəbiyyat qəzeti"
barədə olan səmimi, qürurverici fikirlərinizlə nəfəs-nəfəsə
gəldim. Oxuyub-tanış olduğumdan bəri unutduğum
olmadı heç...
- Xoş
gəldiniz... Sizinlə bərabər yol gələn
o fikirlər mənim bir ömürlük müşahidələrimin
etiraf dolu əsintiləridi. Deyim ki, hələ
beşinci sinifdən oxucusu olduğum "Ədəbiyyat qəzeti"ni indinin özündə də əlimə
alanda, o illərə - tələbəlik, aspirantura
dövrünə qayıdıram. Fərqindəyəm
ki, "Ədəbiyyat qəzeti" yalnız kollektiv bir
müəllif kimi yox, həm də kollektiv yaradıcı
adamların formalaşdırdığı bir obraz olmaqla,
özü də bir xarakterdir.
- "İncəsənət tarixi -
xarakterlər tarixidir" adlı kitabınıza yazdığınız
ön sözdə nəvəniz Rəşidlə
bağlı çox duyğulu, ürəyi titrədən bir
xatirəniz var, deməli, üz qabığında Natəvanın
səhnə obrazını yaratmış xalq artistinin
roldakı şəkli olan kitabı gətirirsiniz evə. Az keçməmiş balaca Rəşid də
gəlib oturur yanınızda...
- Hə,
gəlib oturdu. Kitabın üstündəki şəklə hədsiz
dərəcədə maraqla baxdı, baxdı... Soruşdum:
"Xoşuna gəlirmi?" "Bir az" - dedi.
Yarışit bir zarafat etdim: "Xoşuma gəlirsə, gedim
alım sənin üçün". "Yox,
- dedi, - hələ lazım deyil". Kitabı
yanındakı tumbanın üstünə qoyub otaqdan
çıxdı. Taxtda uzanıb
mürgülədim. Ayılanda gördüm ki,
qayıdıb tumbanın qabağında diz çökərək,
kitabın üz qabığındakı həmin şəkli
öpür... Brankl Çopiçdən tərcümə
edib "Azərbaycan" jurnalında "Qayıtmış
məhəbbət" adıyla dərc etdirdiyim "Müəllimə"
hekayəsi düşdü yadıma.
- Çox təsirli, unudulmaz bir
epizoddu. Deyim ki, az sayda bədii nümunələr
mənə bu cür içdən gələn nostalji hal
yaşadıb. Və bilmişəm ki, Çingiz Aytmatovu,
Nodar Dumbadzeni ancaq bu epizodu belə həssaslıqla qələmə
ala bilən bir söz adamı dilimizə eyni səmimiyyətlə
çevirə bilərdi... Zənnimcə,
Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan
Alabaş" əsərindəki Əmrayin, Mılğun,
Qoca Orqan obrazlarında sizin özünüzə xas olan cəhətlər
bol-boldu. Yəni, daha çox insanpərvər, daha
çox humanist və əlbəttə, qətiyyətli,
doğrucul olmaq baxımından...
- Amma tərcümə
üzərində işlərkən mən özümü
daha çox o balaca Kirskdə tapmışdım. Onunla bərabər həyəcanlanır, təlaş
keçirir və göz yaşları axıdırdım.
Ağlayırdım. İllah da belə məqamlarda:
"O, dəhşətlə, haldan düşənə kimi
ağladı. Sonra qayığın dibinə
yıxılıb, xırıldamağa, başına döyməyə
başladı. Bu, belindən gəldiyi
atasına, ata və babalara onun mükafatı, onun məhəbbəti,
onlardan ötrü yası və oxşaması idi". Bu sətirləri mən öz doğmalarım, həyatım
boyu mənə yaxşılığı keçmiş,
qayğısını gördüyüm insanlara
mükafatım, onlara olan sonsuz sayğılarımın ifadəsi
kimi dilimizə çevirmişəm. Çevirdikcə də
göz yaşlarımı tuta bilməmişəm... Belə bir halı məşhur "Çayka" əsərini,
Nigar Rəfibəylinin Türkiyə xatirələrini,
"Sizsiz"ini oxuduğumda keçirmişəm. Gözlərim dolub, ağlamışam.
Bütün olub-keçənlər, itkilər önündə
yaşanan təəssüf, minnətdarlıq duyğuları
ilə baş-başa...
- Gəlin minnətdarlıq
ovqatıyla davam edək...
- Həmişə
yoluma yaxşılar çıxıb... Lap gəncliyimdən:
qədim Gəncə şəhər qəzetində
şöbə müdiri, məsul katib, Azərbaycan KP MK və
NC-nin rayonlararası "Mübariz" qəzetində redaktor
müavini, şəhər partiya Komitəsində təlimatçı
kimi çalışdığım illərdə belə!
Nur üzlü, simasından comərdlik və qətiyyət
oxunan Ələsgər Əlizadəni xatırlayıram... Gəncə şəhərində rəhbər vəzifələrdə
çalışdığı illərdə mənə
atalıq qayğısı göstərdi. Şəhər komsomol komitəsinin birinci katibi vəzifəsini
tövsiyə etdi. İşin çətinliyini bildiyim
üçün "bu sahədə işlər baş-ayaq
düşüb, nəsə bir irəliləyiş edə biləcəyimə
inanmıram" - dedim. "O məsələlər
sonranın işidi" deyə əllərini cütləyib,
şəstlə stolun üstünə qoydu və qurlu
çöhrəsindən əksik olmayan bir təbəssümlə
söhbətin bitdiyinə işarə elədi... Mənə
atalıq qayğısı göstərdi... Həmişə
təbəssümlə xatırlayıram; bir dəfə
iş yerinə yenicə çatmışdım ki, telefon zəng
çaldı. Ələsgər müəllim
idi. Özünəməxsus ötkəmliklə
yanına gəlməyimi tapşırdı. Getdim. O zamankı Gəncə Kənd Təsərrüfatı
İnstitutunda rektoru Niyaz Səfərov da
otağıyndaydı. Soruşdu:
"Tapşırığım əsasında mübahisəli
bir yazı işini təsis edərkən orada nə iş
görübsənsə Niyaz müəllim qəlbən vurulub
sənə". Məlum oldu ki, Niyaz müəllim ikiqat
artıq əməkhaqqı verməklə məni rəhbərlik
etdiyi instituta müəllim aparmaq istəyir... Təşəkkür
edib, hazırkı iş yerimdə ayda iki dəfə qol
çəkib halal maaş almağımdan
məmnun olduğumu dedim.
Bilirsiniz, elə yaxşılıqlar var ki, o, birbaşa,
belə deyim, natura şəkildə yox, daha çox pünhan
bir mənəviyyat əsintisi ilə edilir. Belə bir
yaxşılığı Rəsul Rzadan görmüşəm.
Deyim necə: görkəmli alim Məmməd Arif barəsində
danışılırdı ki, Şeyx Şamillə
bağlı kitabına görə SSRİ Dövlət
Mükafatına Heydər Hüseynovun namizədliyini irəli
sürdüyü üçün işdən
çıxarılıb. Həmin vaxt
hamının qorxudan üz çevirdiyi Məmməd Arifə
yalnız Rəsul Rza və Abbas Zamanov baş çəkir,
hal-əhvallaşırmışlar. Bu
söylənənlər mənə təsir etdi. Gedib Rəsul Rzanın yenicə çapdan
çıxmış "Könül səsləri"
adlı kitabını aldım. Aparıb
sevdiyim qıza hədiyyə etdim. Könlümü
o kitab vasitəsilə açdım. Deməli,
ilk elçim Rəsul Rza, onun "Könül səsləri"
oldu. "Könül səsləri" Rəsul
Rzanın mənə ən böyük
yaxşılığı oldu.
- Xatirələrinizdən
oxumuşam... Rəhmətlik atanız neft mədənlərində
çalışıb. Özü də Abdulla Şaiqin
ilk məktəb illərindən bizə tanış
olan "Məktub yetişmədi" hekayəsinin bəxtsiz
və gerçək qəhrəmanı Qurban kişi ilə
çiyin-çiyinə...
-
Keçən əsrin ortaları olardı. Mal-qaranı
rahatladıqdan, hamılıqla süfrə başına
yığışıb çörəyimizi yedikdən
sonra pəncərə qabağında oturub dərslərimi
hazırlayırdım. Atam "Oxuduğum
nədir? - deyə xəbər
aldı. - Bir az bərkdən oxu mən də
qulaq asım". Abdulla Şaiqin "Məktub
yetişmədi" hekayəsini ucadan oxumağa
başladım. Axıra çathaçatda, quyudan nəşi
çıxarılan Qurbanın pal-paltarı arasından
düşmüş məktubun üzərində
yazılmış "Bu məktub Qurbanın
uşaqlarının anasına yetişəcək"
sözlərini oxuyanda hiss etdim ki, atam xırman şanası
kimi iri əllərinin arxasıyla gözlərinin
yaşını silir. Heyrətlə soruşdum
ki, "nə oldu, dədə, o gün "Buz heykəl"i
oxudum, heç belə etmədin".
Atam
"Heç - deyib, bir anlığa susdu. Papirosunu
eşə-eşə sözünə davam etdi. Bu əhvalat lap gözümün qabağında
olmuşdu. Binəqədi mədənlərində...
Qurbanı yaxşı tanıyırdım... O vaxt belə
şeylər çox olurdu, öyrəşmişdik! O qədər
öyrəşmişdik ki, bədbəxt Qurbanın o
müsibəti qarşısında gözümdən bir
damcı yaş da gəlmədi. Çətin illər
idi..." Sonra da o ağır illərin
olmuşlarından söz açdı atam. Stalinin tez-tez neft mədənlərinə gəlməsindən,
onlarla ünsiyyətdə olmasından danışdı.
Yaxın qohumumuz Yaqub Babayevlə bərk dost imişlər... Hə, bu, uzun bir söhbətin mövzusudu. Tarix səhnəsində baş verənlərə
dövrün, zamanın ovqatı kontekstində qiymət vermək
lazımdı. Hər dövrün öz tələbi
var. Həqiqət olan budur ki, ötən əsrin otuzuncu illərində
dəhşətli repressiyalar baş verib, sürgünlər,
köçürmələr olub. Ancaq məhşur bir
deyim də var ki, Stalin Rusiyanı xışla qəbul etdi,
hidrogen bombası ilə qoyub getdi... Atamın mənsub
olduğu nəslin o illərlə bağlı çox
duyğusal, inanclı baxışları var idi. Bütün paradoksları, əyintləri ilə
yanaşı, sadə insanlar otuzuncu illərin əvvəllərini
qəribə bir məhrəmliklə xatırlayırdılar.
Bu söhbətləri dinlədikcə 1931-ci ilin 13
dekabrında Emin Lüdviqlə Stalin arasındakı bir
müsahibəni xatırlayırdım; Emin deyir: "Siz
çox sərtlik göstərirsiniz..." Stalinin cavabı
belədi: "İndiyə qədər (otuzuncu illərə
kimi) vintləri boşaltdıq, siyasi iqlimi mülayimləşdirdik...
Separatizm qarşılığında Qotsun nə
etdiyindən xəbərin oldumu?" Əlbəəl
hiss olunur ki, sistemin mahiyyətindən irəli gələn bir
dönəmin istiqamətverici masajı verilməkdəydi...
Yerlərdə baş verənlər, əslində, bu mahiyyətdən
irəli gəlirdi... Ancaq ötən əsrin
altmışıncı illərinə doğru bütün
postsovet məkanında, eləcə də bizdə həmin
sistemə qarşı inadlı bir mücadilə cəbhəsi
açılmaqdaydı. Və mənim
özümün də mənsub olduğum nəsilin
aydınları həmin mücadilənin önündəydilər.
Səmimiyyətlə deyirəm ki, bu gün
"altmışıncılar" deyilən həmin nəsil
o mücadilədən alnıaçıq, üzüağ
çıxdılar. Heç unutmuram, 1964-cü ildə
Gəncə şəhər partiya komitəsində təlimatçı
işlədiyim vaxt iki zabit gəlib mənə dedi ki, zabitlər
evində tədbir keçirəcəyik. İştirak
etməyiniz vacibdir. Getdim. Uzun-uzadı çıxış edənlər oldu;
qeyd etdilər ki, Azərbaycan öz xoşbəxtliyini
1814-1828-ci illərdə Rusiya idarəçiliyini qəbul etməklə
tapdı. "Böyük qardaşlarımızın"
sayəsində sürətli inkişafa qədəm qoyduq,
daha nələr, nələr... Təbii, mənə
də söz verdilər. Elə ilk cümlədən
deyilənlərə etiraz etdim: "Azərbaycan xalqı
heç vaxt öz razılığı ilə əsarətə,
türməyə girməzdi. Bu birləşmə
məcburi şəkildə həyata keçirilib. Gəlin
baş verənləri öz adıyla
çağıraq..." Dedim və əlbəəl də
hiss etdim ki, təhlükəsizlik orqanının rəhbəri
Tofiq Əliyev mənə baxıb gülümsəyir.
Şəhər partiya təşkilatında şöbə
müdiri olan bir qadın vardı - Mariya. Bir gün məni
çağırıb dedi ki, fotoqrafı da götürüb
evinin uçduğunu söyləyən erməni
qadının evinə get, sənədlər hazırla. Tezliklə
ona təqaüd və ev təşkil etməliyik.
Çünki Stepan Şamuyan Gəncəyə
gələndə onun qonağı olurmuş. Getmədim. Bildirdim ki, Əzizbəyovun da, Nərimanovun
da Gəncə səfərləri zamanı qonaq olduqları
evlər var. Gərək əvvəlcə o evlərdən
başlayaq... Az keçməmiş Şəhər
Partiya Komitəsinin birinci katibi Ələsgər müəllim
məni yanına çağırdı. Görünür,
Mariya məndən şikayət etmişdi. Amma o gözəl Ələsgər müəllim
könlümə toxunası bir söz demədi. Gülümsündü
ki, düz eləyib getməmisən...
- Bildiyimə görə, unudulmaz
Şıxəli Qurbanov da xətrinizi çox istəyirmiş...
-
Şıxəli müəllim nadir insanlardan idi; mərd,
xeyirxah, sadə! O qədər sadə və təvazökar
ki... İş otağıma gəlmişdi.
Cəld ayağa qalxdım. Çiynimdən
basıb, nə desə yaxşıdı - "narahat olma, sən
elə oturduğun yerdə də məndən böyüksən..."
İndinin özündə də bu sözləri
xatırlayanda gözlərim yaşarır. Gör bunu kim deyirdi?! Ancaq öz mənəvi
böyüklüyünə arxayın olan kəs, mənim
kimi gənc bir partiya işçisinə o cür yüksək
dəyər verə bilərdi. Bu sözləri ancaq
Şıxəli Qurbanov kimi insanlıq, səmimiyyət əyarı
olan bir şəxs dilinə gətirə bilərdi... Dedi ki,
yoldaş Vəli Axundov səninlə maraqlanır. Hazırlaş. Yaxın günlərdə qəbulunda
olmalısan...
- Halınızı təsəvvür
edirəm... Yəni, Mərkəzdən uzaqda gündəlik
iş-gücünüzlə məşğulsunuz və birdən-birə
bu cür yüksək səviyyəli bir dəvət...
- Mərkəzi
qəzetlərdə, xüsusilə də "Kommunist"də
yazılarım çox çıxırdı. Sən demə,
bu yazılar mənə heç özüm də bilmədən
xüsusi "xalq qazandırırmış..." Gəldim
Bakıya. Şıxəli müəllim gəlişimi məruzə
etdi, geri dönüncə də bildirdi ki, Vəli Axundov dedi
referatını yazsın, işə qəbul
üçün göstəriş verilib... Qalan
nə varsa, tərcümeyi-halımda yazılıb;
Universitetin Jurnalistika fakültəsini fərqlənməylə
bitirmişəm. Sov.İKP MK yanında
aspiranturanı fərqlənməylə bitirib namizədlik
dissertasiyası müdafiə etmişəm. Azərbaycan KP MK-da bölmə müdiri işləmişəm.
- Cəlilabadda birinci katib...
-
Özü də çox qarışıq bir dövrdə...
İl yarım işlədim o vəzifədə... Bir gün rəhmətlik Süleyman Rüstəm zəng
etdi ki, "a bala, haralardasan?" Dedim, bəs, belə-belə...
Başıma bir iş gəlib... Güldü ki, səni nə
ağılla göndəriblər o vəzifəyə?..
1991-1995-ci illərdə millət vəkili kimi fəaliyyətim
oldu. "Şərəf nişanı" ordeni və Fəxri
fərmanlarla təltif olundum. Ədəbiyyat
İnstitutunda böyük elmi işçi kimi
çalışdım. Belə... Həyat bir su kimi
keçdi, getdi... Arxayınlığım
ondadır ki, gördüyüm işləri ürəkdən,
ləyaqətli şəkildə görmüşəm.
Bütün bunları xalqımız, mədəniyyətimiz
yolunda xidmət, yaxşılıq işi kimi
görmüşəm. Təmənna, qarşılıq
güdmədən!
- Bir
yaxşılığınız da ustadım Qərib Mehdini
çap etməyiniz olub...
- Hə,
Gəncədə işlədiyim zaman, Qəribin
"İşıq"ını çap etdim.
- Bütün işıqlı
adamların yolu da işıqdan keçir... Allah
işığınızı əksik etməsin!..
Söhbətləşdi:
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2021.- 16 yanvar.- S.24.