Heyrət  səcdəsi

 

Poema

 

İstiqlalın mübarək,

Tərtər çayı, Həkəri;

xəyallar oldu gerçək -

Döndü vaxtın təkəri.

 

Mərmilərin yelindən

düşmən şamları söndü,

qolboyunuq, yenidən -

Qarabağ geri döndü!

 

Öz yerini tapdı haqq -

duyduq su, hava kimi

Sərkərdəsiz olan xalq,

dolanar tayfa kimi!

 

Kəkliktək daşlar üstə

qaqqıldayanda sular,

nəğməsinə səs verib

Şaqqıldaya buludlar.

 

Çəkib ağıl aparır

dərələrlə axanda,

gözlər dalınca axır

heyran-heyran baxanda.

 

Bir onu da görəydim -

o gözəl gün gələydi,

Dərələyəzdən axan

Arpaçay da beləydi...

 

***

 

Savaş meydanında kişi sınanar,

əsgər - Vətəninin vuran qoludu,

könüllü gedənlər - qoçaq olanlar,

zirvəyə ucalan - şəhidlər oldu.

 

Altında çubuqdan, qarğıdan atı,

əlində taxtadan tapançasıyla,

dilində bir qədim doğma bayatı,

O getdi döyüşə öz arzusuyla.

 

Oxucum oxusa sonuna kimi,

adın soruşacaq: "Kimdi, müxtəsər?",

yüz deyil, min deyil çəkim şəklini,

bütün igidlərə aid bu əsər.

 

***

 

Bir az ayrı düşdük doğma Arazdan,

qaytardıq - Sədaqət andını içib,

Otuz il ərzində həyatımızdan

o qədər bu cürə "Qırx dörd gün" keçib!

 

Kabab yanar köz üstədi,

vaxtla davam söz üstədi,

Araz elə gözəl axdı,

baxan iki göz istədi.

 

Havası öpdü sinəmdən,

torpaq çağırdı: "Səninəm",

get-gəlimiz çətin oldu,

üstündə körpü sınandan.

 

Suları axdı o yannan,

Cəbrayıldan, Zəngilandan,

yasaqlandı görüşümüz

qonşumuz ilan olandan.

 

Hicrana dözən biz olduq,

canını üzən biz olduq,

Hər ölkədə düşmən başı,

buradakın əzən biz olduq!

 

***

 

Sındı ilk Şəhidin "Qırxı" çıxan gün,

dağıldı, yox daha yox oldu düşmən,

görüb dəmir kimi yumruğun gücün,

ayaqlar altına yıxıldı düşmən,

 

Daha öz gözünə qayıdıb batır,

süngüsü kütləşib, barıtı nəmdi,

əlacı kəsilib, özünü satır,

indi başqa aləm, başqa dönəmdi!

 

İndi qapılarda, əl boğazında,

elə bil kürkündə birə qalıbdı,

yetər, iki əsr torpağımızda

müftəcə vermədən kira qalıbdı!

 

Doldu içimizə zəhərli ilan,

hər dəfə dəyişib bir cür şəklini,

qədim İlahisi Anait olan,

hər zaman dolanıb fahişə kimi!

 

Hər dəfə yadına salanda bunu -

gözləri dolardı yazıq nənəmin,

"Bir haxçik, gör necə yandırdı onu..."

dərdini çəkərdi - "Yanıq Kərəm"in.

 

Hayıf ki, qanmadıq məğzin neçə il,

fitnəylə yolunu azmış kişilər,

Kərəmin dastanı - sevgidən deyil,

İbrət dastanını yazmış kişilər!

 

Yıxdı komamızı şorgöz kişilər -

kirvəlik nə gözəl girəvəymiş!

nəsil korladılar, döl dəyişdilər -

harsınlar od-alov, bunlar görməmiş...

 

***

 

Əsir Xankəndinin sahibi bizik!

 

Düşmən tapdağında inləyən çəmən

Dağın qüdrətinə şübhəylə baxar,

Savaşda geriyə çəkilən Vətən

Ulu qəbirləri yandırıb-yaxar.

 

Tarixdə bu qədər yenilməmişdik -

Qılınc nə vaxtadək sığar qınına?

Xankəndi, sənin də sahibin bizik -

Qonaq gəlməmişik Azərbaycana!

 

Ləyaqət nifrətin zirehin geyib,

Daha sığışmasın döş qəfəsinə,

yetər: "Xarıbülbül, hardasan?" - deyib,

Zarıyıb, hönkürdük bülbül səsinə!

 

Yetər, yadellilər məsləhətləri -

Uyuduq baş qatan sığal, tumara!

Vaxt çatıb qaytaraq köçəriləri

Güllü yaylaqlarda alaçıqlara!

 

Xan, qalxıb kəndində Ağalıq eylə,

Taxta vaqonlardan yurd-yuva olmaz!

"Mən ölüm, sən ölüm", "Pişim-pişimlə" -

Qələbə çalınmaz, torpaq qayıtmaz!

 

Şuşada, Laçında, Zəngibasarda

Vüqarlı zirvələr verər səs-səsə,

Bizi unudacaq boz qayalar da,

Bir az da ləngisək, bir az da keçsə!

 

Dirçəl, azmı belə sınmısan, Vətən!?

Görürsən, vaxt sənin üzünə gülür!

Qardaşın qardaşa xəyanətindən,

Xətain yenicə özünə gəlir.

 

Çağlayan ümmanıq, coşan dənizik,

Göstər qüdrətini, Vətən, Cahana!

Əsir Xankəndinin sahibi bizik -

Qonaq gəlməmişik Azərbaycana!

 

26.09.2007

 

 ***

 

Əsgərdir, ordudur Yurdun dayağı,

igidlər dar gündə xilaskar gəlir,

Şuşada yellənən Vətən Bayrağı,

Həsrətli gözlərin yaşını silir.

 

Ağdam məscidində ruhlar fəryadı,

Füzuli, Zəngilan şokdadır hələ,

dağları oynadır el Qələbəsi,

Kəlbəcər də belə, Laçın da belə.

 

İstehkam sədləri dağıldı bənd-bənd,

düşmən canındakı - acı qorxudu,

viranə qismində hər şəhər, hər kənd,

yurdların adı var, özləri yoxdu!

 

Hələ Xankəndinə əl bulamırıq -

od vursaq bir anda yanıb gedəcək,

bizlər alicənab, qəsbkar yazıq,

məğlub olduğunu qanıb gedəcək.

 

Daha kimi desən "gözümüz yeyər",

Fələk də qudursa sındıracağıq,

səbrimiz genişdir qəlbimiz qədər,

yıxıb, başa salıb qandıracağıq!

 

Qərinə hicranı bitdi nəhayət,

Hər yerdə Qələbə imzalı Bayraq,

Qələbə Marşında bütün məmləkət,

Qarabağ bizimdir, bizimdir ancaq!

 

***

 

Bir bayatı çağırdılar xarabazar görəndə,

Xan əminin ruhu idi - pərvazından tanıdım,

yağı düşmən fürsət tapıb məkanına girəndə,

qartal gözün çıxartmışdı, yuvasından tanıdım.

 

Bu yerlərin doğma, əziz hər ağacı, hər daşı,

qara çınqıl parıldadı isladanda göz yaşı,

bəyaz qarı saç qaraldan, göz dərmanı yağışı,

Şuşa çiskin içindəydi, havasından tanıdım.

 

Odlar yurdu qəlbimizi alovlarda yoğurdu,

bu yerlərin anaları pələng, aslan doğurdu!

savaş gördüm - biri basıb birisini boğurdu -

boğan bizim əsgər idi, davasından tanıdım.

 

Dağı, daşı oynadırdı mərmilərin nərəsi,

qorxa-qorxa boy atırdı nar kolunun pöhrəsi,

şüşəsində tanış qızın ilğım kimi çöhrəsi -

dağıdılmış pəncərənin aynasından tanıdım.

 

Sarı qaya dumanlarda, sanki qəlyan çəkirdi,

bulud dizin dağa qoyub dəvə kimi çökürdü,

qara torpaq bir nəfəri öz kamına çəkirdi,

köç eləyən Şəhid idi - el yasından tanıdım.

 

Azad olan Qarabağım daha şaqraq güləcək,

Alçalmadıq - yeni nəsil bizi Kişi biləcək!

ilk misramdan bir pərvanə

                       - "Vahid Əziz" - deyəcək -

"Özgəsinə bənzəməyən yazısından tanıdım!"...

 

***

 

Son bahar çağları olsa da indi,

Şuşada hava sərt qış soyuğudu,

göstəriş Ali Baş Sərkərdənindi -

mənfur düşmənlərin bu, sonluğudu!

 

El gördü məkrini düşmən içinin,

Sərkərdə söylədi: "Hücum!" - sözünü,

ölümü gələndə qotur keçinin,

çoban çomağına sürtər özünü.

 

O qədər həsrətli köçdü dünyadan,

Didərgin nənəmin yeri behiştdi,

qisas alınmalı, vaxtdır, yağıdan,

xeyli başa saldıq, o, az eşitdi.

 

Yırtıcı qurdlartək hər yerə dolub,

özgə yəhərində qalxıb oturdu,

havadar güclərə arxayın olub,

özünü karlığa, korluğa vurdu.

 

Dadını unutmuş Türk kötəyinin,

yenə təpəsinin dağılmağı var,

qaya kölgəsində yatan köpəyin,

bir gün tazı kimi qovulmağı var!

 

***

 

Qələbə - millətin çaldığı zəfər,

rəhbər - "Burnunuzu", - dedi - "Ovarıq",

düşmən öz xoşuna çıxmasa əgər,

it kimi Vətəndən onu qovarıq!

 

Nə özü bacardı, nə havadarlar,

düşmən mərmiləri küt kimi getdi,

düşüb qapı-qapı yardım alanlar,

quyruğun qısaraq it kimi getdi!

 

Nə ağlı, nə abrı,

isməti var;

biz barış istədik,

düşmən qudurdu,

ATƏT-li, filanlı

Yalan-palanlar...

ən çoxu Fransa dalında durdu!

 

Siz deyin, a köhnə dünya görənlər:

"Paris tədbirini necə görəcək,

kişini-kişiyə ərə verənlər

bizə Qarabağı necə verəcək?!".

 

***

 

Ali Baş Komandan dəmir yumruğun

düşmənin başına vuran kişidi,

millət, Prezidentin - arxan, dayağın,

Sözünün üstündə duran kişidi!

 

Şahları çox olub Ulu Xalqımın,

vurub-tutan olub, qılınc çalıblar,

o vaxtlar bu olub işi hamının -

torpaqlar zəbt edib, yurdlar salıblar.

 

Çoxları ucadır gözlərimizdə,

qılınc oynatmışıq, zəfər çalmışıq,

amma keşməkeşli tariximizdə,

ilk kəsdir - gedəni geri almışıq!

 

***

 

Bizə dünya boyda Turandır Vətən,

heyran xalqımda olan qeyrətə,

Eşq olsun, ulumuz öndər demişkən,

bir millətdən olan iki dövlətə!

 

***

 

Rədifin kim pozar Tanrı yazanın?

Hər sözdə cəsarət, mərhəmət, inam,

İki fatehi var indi dünyanın -

Birisi - Ərdoğan, birisi - İlham.

 

Sevdim həm keçmişi həm gələcəyi,

Suyundan çəkiblər Dədə Qorquda,

Oldular bir canın iki ürəyi,

O da Türk övladı, Türk oğlu bu da!

 

O, elə igid ki, o, elə sirdaş -

Türklərdən, bax belə ərlər doğulur,

İlhamla-Ərdoğan əbədi qardaş,

Azadlıq torpaqla - qandan yoğrulur.

 

Elə qucaqlaşdı bu iki nəhəng -

Tanrı gülümsədi göyün üzündə,

Düşmən nəkarədi - dağ da yenəcək,

Kişi dayananda Kişi sözündə!

 

Bitdi Qələbəylə hicranın sonu,

Xəbərdən bülbüllər gəldilər cuşa,

Gənclik illərində görmüşdü onu -

Səsindən tanıdı İlhamı Şuşa.

 

Əlini çiyninə qoyub oğlunun,

Öndər danışırdı - hər sözü almaz!

Mən canlı şahidi olmuşdum bunun:

"Şuşanı qorusan - Vətən basılmaz!".

 

Ellər yaşadacaq xatirələri -

Dastanlar yazdırar xilaskar oğlu;

İlhamı kövrəldən sevinc qəhəri,

Hamıda qürurlu göz yaşı oldu...

 

***

 

...Gorbagor olasan satqınlıq edən,

namərdin dartmalı yaxası olmur,

"Ana" - deyiriksə - qadındır Vətən,

hər kişi sözünün ağası olmur.

 

Bəlalar çəkmişik keşməkeşindən,

bəzən quldurluğu qanun qorudu,

Seçkidə millətə "can qurban edən",

kürsüdə xalqından canın qorudu.

 

Gecələr yuxusuz kirpikləriylə,

Dərdlər ocağının közünü tutdu,

bütün varlığıyla, cəsarətiylə,

İlham hər vədini, sözünü tutdu.

 

Üstünə kölgələr düşməz adının,

Zəfər - Prezidentin Şah əsəridir,

dünyayla vuruşan igid Ordunun

qazancı - millətin Qələbəsidir.

 

Dünya, əxlaqına ayıb, çox ayıb,

kimlər qonaq gəldi xəbər yaymağa?

çoxu "tula payı" düşməndən alıb,

nöqsan axtarırdı əmma qoymağa.

 

Alman, firəng qızı, ingilis-filan,

fitnə yağdırırdı öz qabığından,

puç oldu düşməndən aldığı yalan,

hələ çıxa bilmir "qoz qabığından".

 

İstiqlal uğrunda töküldü qanlar,

çoxları könüllü hərbə gəlirdi,

qəsbkar düşməndən qisas alanlar,

Otuz il qabağın yetimləridi!

 

Donub şaxtalardan, yanıb günəşdən,

atalı görəndə - sındı, doluxdu,

sırğa et qulaqda, unutma düşmən -

indi də Yurdumun yetimi çoxdu!

 

Çaldı qələbəsin Müzəffər ordu,

odur bəstəkarı "Zəfər himni"nin,

onun qüdrətiylə Vətən qorunur

Özümdən görmüşəm - çünki yetimin

Vətəndən savayı heç nəyi olmur...

 

***

 

Bir arzum vardı Ulu Tanrıdan;

öz gözəl sehrini dövran eləsin,

Qarabağ atları Cıdır çölündə,

belində igidlər cövlan eləsin.

 

Birtəhər yaşadım ömür-günümü,

özüm aça-aça hər düyünümü,

təkcə ona heyran şair könlümü,

gül - xoşbəxt istəsə haçan eləsin.

 

Son dəfə taleyim düşəndə tərsə,

tövbə eləmişəm - girməyi bəhsə,

bəxtim "Qızıl açar" qismət eləsə,

bütün qapıları açan eləsin.

 

Alqışlar Orduya, Baş Komandana,

qəsbkar milləti yığmışdı cana,

hər şeyi bəxş edib Azərbaycana,

İlahi düşmənlə hicran eləsin.

 

Mübarək qədəmlə qalxdı ilbəil,

Daha bu əvvəlki o Vətən deyil,

üçrəngli Bayrağa təkcə mən deyil,

heyrət səcdəsini cahan eləsin...

 

Noyabr, dekabr 2020

 

Vahid ƏZİZ

 

Ədəbiyyat qəzeti.- 2021.- 16 yanvar.- S.22-23.