Vətən nəğmələri
Bir səhər müharibəyə
açıldı gözüm,
Gördüm, hər tərəfi
bürümüş vətən
qoxusu.
Bir səhər müharibəyə
açıldı gözüm,
Sən demə, qarışıb
gecənin yuxusu,
Sən demə,
qarışıb Gəncənin
yuxusu.
Oyanıb
otuz illik həsrətdən
Qocaman Murovdağ.
İlahi,
möhtəşəmliyə bir bax!
Silkələnib, töküb üstündən
yad izləri,
Şuşaya doğru səsləyir
bizləri!
Səsləyir qədim abidələr
-
Şuşa qalası,
Azıx
mağarası,
Cıdır düzü.
Qaldığı yerdən boy atır
Xanın səsi, Vaqifin sözü.
Bir səhər müharibəyə
açıldı gözüm,
Əmr verilib: - irəli!
Üzülüb düşmənin
özgə ətəyindən
əli.
Amma, lakin, ancaq,
dəyişməyib xisləti.
Atəşkəs istəyir müvəqqəti,
Aman diləyir,
girib heyvan cildinə çaqqallar,
Quzu kimi mələyir...
Döyüş meydanında dizini
yerə atdı yağı,
Atəşə tutdu sivilləri,
qız-gəlini, uşağı...
Məsum
uşaqların ahı
tutsun düşməni,
Xəbərlərə baxıb o ki, var ağlamışam,
İçimdə bu əclaflığa
qarşı
Bir ömürlük qisas hissi saxlamışam!
Daha sülh ola
bilməz,
Axar sular durula bilməz!
Cənab
Ali Baş Komandan,
Hörmətli zat ailləri,
Zəfər xəbərlərin xalqın
ürəyinə su səpir,
Hərf-hərf, söz-söz, sətir-sətir.
Təşnə könüllərə məlhəmdi
Bütün çıxışların!
Rusiyadan,
Fransadan eşidilir
Erməninin yalvarışları!
Bir səhər müharibəyə
açıldı gözüm,
Bütün vücudumu bürüdü
bu nida:
Qarabağ Azərbaycandır!
Günəş Ərgünəşdən doğdu bu yurda,
Əmr dəyişməyib: "İrəli!".
Qisas vaxtıdır,
Qana qan, cana
candır!
Kəndbəkənd, oba-oba nəfəs alır,
Geri qayıdır torpaqlar
qarış-qarış, addım-addım...
Mənə zəfər verin,
Qələbə verin,
Azadlıq verin,
Bütün ağrılarımı-acılarımı
unudum!
Ulu Babam, Dədəm Qorqud,
vaxt həmin vaxtdır,
An həmin andır -
Qarabağ Azərbaycandır!
***
Şuşa - məğrur şəhər,
Dağların üzərində dirsəklənib
səsləyir bizi.
Yubanma, atam-qardaşım,
Min illik tarix gözləyir bizi.
Qüdrətli Şuşa,
Al qoynuna sevdiklərini,
Səni sevənləri.
Həsrəti vüsal dadan şəhər,
Otuz illik yoxluğuyla
bizi aldadan şəhər.
Çıx gizləndiyin buludlardan,
Mənə bir səhər
bağışla
dumandan, yağışdan,
qardan.
Unut köksündə
yara kimi qaysaq bağlamış
mənfur düşmənləri,
Acı keçmişləri,
olmuşları, dünənləri.
Sabahları aydınlat nəfəsinlə,
Ən ecazkar səsinlə.
Məğrur Şuşa,
Azad qal həmişə,
Zəfər çal həmişə.
Sənə qəfəs yaraşmır,
Allahla dağların arasında
Səsə bənzəyirsən,
Sözə bənzəyirsən.
İçində qatı açılmamış
möcüzə bəsləyirsən.
Sən tariximin
ən gözəl bəzəyisən.
Məğrur Şuşa-
Hüsnün bir tamaşa.
Ayağının altı cənnət,
Başının üstündə Allah var.
Yenidən cücərir
Sənə olan arzular.
***
Dur, yığış, ruhum,
canım,
Dur yığış - bu vətənin
taxtına - tacına
gedək.
Vətənin bu başından
O biri ucuna gedək.
Gedək
yovşan dərməyə,
Çiçək yığmağa gedək.
Günəşin tellərini
Uca-uca dağlara sərməyə,
Yağış kimi yağmağa gedək.
təbiətin gül üzünü görməyə,
Şimşək kimi çaxmağa gedək.
Gedək
çələng hörməyə,
Həkəri kimi axmağa gedək.
Həsrətin bu dalanından
Bir eşqin
küncünə gedək.
Əl-ələ versin yallı,
Sıx köksünə yolu,
Bir elin sevincinə gedək.
Dur yığış, canım-gözüm,
Həyatın içinə gedək,
Əl sallasın sal qayalar,
Nur süzülən bal qayalar,
Dağ ətirli
Laçına gedək.
Qoşul
qayıdış köçünə...
gedək!
***
Vətən müharibəsinin şəhidi
Hüseynli Əkbər Azər
oğlunun
əziz xatirəsinə
Oğul
düşmən çəpəridi
dedilər,
Çəpər oldu son döyüşdə
Əkbərim!
Sinəsində qızılgülə döndü qan,
Sipər
oldu son döyüşdə
Əkbərim!
Çiçəklərə həyat verdi qanıyla,
Ucaldı öz şöhrətiylə,
şanıyla.
Alınmaz bir qala oldu canıyla,
Şəhər oldu son döyüşdə
Əkbərim!
Azadlığa, hürrə çatdı
şəhidim,
Rahat oldu, rahat yatdı şəhidim.
Gecələri aydınlatdı şəhidim,
Səhər oldu son döyüşdə
Əkbərim!
Murovdağın ürəyini dağladı,
Özü boyda xatirələr saxladı.
Bir gözümüz güldü,
biri ağladı,
Qəhər oldu son döyüşdə
Əkbərim!
Yağılara kədər, qüssə,
dərd igid,
Pambıq ürək, vətənə
tən, sərt igid.
Yaraqlandı, yasaqlandı, mərd
igid,
Təpər oldu son döyüşdə
Əkbərim!
İlahidi, şəhadəti yazandı,
Yolu haqdan şəhidliyə uzandı...
Qələbəni qanı ilə qazandı,
Zəfər oldu son döyüşdə
Əkbərim!
Ürəyimiz buz bağladı
o qardan,
Bir də bizə soraq gəlməz bahardan.
Qarabağa qucaq açdı
Alardan,
Səngər oldu son döyüşdə
Əkbərim!
Bir yol var...
Bir yol var, adı
həsrətdi,
Bakıdan Laçına qədər.
Boylanır gedən köçündən,
Qayıdan köçünə qədər.
Şəhərə sığmaz ki oba,
Sığmaz qələm-kitaba.
Göynəyir e kəndli baba,
Əkindən biçinə qədər.
Ruhu əsirdi hər sözün -
Tamı kəsrdi hər sözün.
Ömrü kəsildi hər
sözün,
Qolundan qıçına
qədər.
Xəbər gəlmədi o dağdan,
Soruşdum səsdən, soraqdan.
Yollar ağardı dırnaqdan,
Tökülən saçına qədər.
Ömür oxunur ovcumdan,
Əl salladım
öz köçümdən.
Allah, göynədim içimdən,
Burnumun ucuna qədər.
Söz özü bir cür əzadı,
Uzadı
işlər, uzadı...
Bu dünya evi cəzadı,
Toxundan acına
qədər.
Söz deyil, bir ovuc
küldü,
Söndü, başıma töküldü.
Bu şairi söz-söz öldür,
Savabdan suçuna
qədər.
Həsrətdi - özümə kimi,
Məndən ta sözümə kimi.
Oğlumdan qızıma kimi,
Gözümün içinə qədər.
***
Səndən nigaranam,
Ayaqlarını isti saxla,
Əynini
qalın eylə, əsgərim!
Qoy isitsin səni
öz ağuşunda ana kimi
Vətən torpağından səngərim.
Darıxırsan, bilirəm,
doğmaların yadına
düşəndə,
Bil ki, buralarda
Hər kəs öz işində-gücündə,
Rahat ol!
Sən özündən muğayat
ol
bu şərəfli
peşəndə!
Başını qoru,
Tarixini,
yaddaşını qoru!
Övladını, qardaşını qoru!
Düşmən hiyləsi aldatmasın
səni,
Namərd gülləsi udmasın səni.
Ayıqsan! Ayıq ol!
Adına
layiq ol!
Mənim
qeyrətli əsgərim,
Səni
sağ-salamat istərəm!
Təbiət şıltaqlıq edir
oralarda, bilirəm,
Ayaqlarını isti saxla,
Əynini qalın geyin.
Sənin
adınla bağlıdır
qalibiyyətim, zəfərim.
Qürurdan boğuluram,
Hər gün yeni zəfər
xəbərlərinə
açılır sabahlar,
Yenidən doğuluram.
Ürəyim sənin yanında,
Hər kəs azadlıq xəbərinə tətikdə...
Səbrlər daralır
Gecələr uzun çəkdikcə.
Götür günəşi,
Qaldır Şuşanın ən hündür yerinə.
Dağıt qara buludları,
Nur gəlsin
Laçının, Kəlbəcərin gözlərinə!
Əlini
ver Xankəndiyə, Xocalıya,
Çək onları olduğun
o ucalığa!
Zəngilanın, Cəbrayılın təbəssümü,
Füzulinin təcəssümü
Tarixlərə sən yazdığın səhifədir.
Bir zamanlar uduzduğun səhifədir.
İndi
gücə güc qatmısan,
Bütöv, şanlı,
Ulu, azad
Azərbaycan yaratmısan!
Ata əsgər, oğul əsgər,
Sağ ol, əsgər!
Sağ ol, əsgər!
***
Son qoyuldu otuz illik
həsrətə,
Yaşamadığı torpaqlardan
Qovdu igidlərimiz düşməni
İti qovan kimi.
Bizik, dedilər,
bu yerlərin hakimi.
Silib atdılar iyrənc adları
kəndlərin üzərindən.
Endi mənfurun bayrağı,
Qurtuldu qəfəsdən
Həkəri,
Xudafərin,
Murov dağı...
Güzəştə getmək olmaz,
Allah vurub yağını.
Qaçıb oturdu alçaqlar
Böyük imperiya qucağına.
Amma bizə fərq etməz,
Hər gün irəli addımladı igidlər
Bu itlərin sahibinin
acığına.
Özünü məsum göstərən
tülkülər, çaqqallar,
Hardandı sizdə bu qədər
hərbi texnika?
Ahaaa...
Tapdım, "evrika".
Əslində siz oyuncaqsız,
fiqursuz,
Ləyaqətsiz, şərəfsiz və
qürursuz...
Beyinsiz və şüursuz
bədbəxt oğrular,
Düşünmədinizmi dünən batan günəş
Bu gün doğular?
Düşünmədinizmi bugünün
sabahı da var?
Qorxaqlar, yaltaqlar.
Sizin əməllərinizin bir adı var:
Rəsmən intihar!
Faiq HÜSEYNBƏYLİ
Ədəbiyyat qəzeti.- 2021.- 16
yanvar.- S.21.