Böyük  ərəbşünas İmamverdi Həmidov

         

Dinindən, milliyyətindən asılı olmayaraq hər bir cəmiyyətdə elmə verilən qiymət hamıya bəllidir. Cəmiyyətin inkişafı elmin inkişafından asılıdırsa, elmin inkişafı alimdən asılıdır. Alim cəmiyyətin düşünən beynidir. Xalqın, dövlətin keçmişi, gələcəyi alimlə, ziyalı təbəqəsi ilə sıx bağlıdır. Buna görə də əsrlər boyu onlara yüksək dəyər verilmiş, xüsusi imtiyaz sahibi olmuşlar. İslam dini bu cəhətdən xüsusilə fərqlənir. “Quran”da, hədislərdə alimə, elmə verilən yüksək dəyərdən ayrıca bəhs etməyə ehtiyac yoxdur. Elə Taha surəsinin 114-cü ayəsini وَقُل رَّبِّ زِدْنِي عِلْمًا (Rəbbim, elmimi artır) xatırlamaq kifayətdir.

            Azərbaycanda da elmə qayğı göstərilmiş və elmin inkişafı müxtəlif mərhələlər keçmişdir. Təbii ki, islamın yayıldığı digər ölkələrdə olduğu kimi, Azərbaycanda da elmin inkişafında müəyyən ortaq cəhətlər özünü büruzə verir ki, bu da ilk növbədə dillə, yəni ərəb dili ilə bağlı olmuşdur. Şərqdə elm dili kimi yayılmış ərəb dili Azərbaycanda da eyni funksiyanı yerinə yetirmiş və zəngin mədəniyyətimizin nümunələri olan bir çox qədim yazılı abidələrimiz əsasən bu dildə dövrümüzədək gəlib çatmışdır. Həm ədəbiyyatımızın, həm tariximizin, həm də elmimizin tarixini araşdırmaq üçün bu dildə yazılmış əsərlərin böyük əhəmiyyəti vardır. Sevindirici haldır ki, ölkəmizdə professor Əli Əsgər Məmmədovdan başlayan müasir ərəbşünaslıq məktəbinin görkəmli nümayəndələri bu sahədə böyük işlərə imza atıblar. Ziya Bünyadov, Zakir Məmmədov, Malik Mahmudov, Malik Qarayev, Vasim Məmmədəliyev, Aida İmanquliyeva və başqa ərəbşünas alimlərimizin fəaliyyəti nəticəsində bu sahədə böyük işlər görülmüş və görülməkdə davam edir. Belə ərəbşünas alimlərdən biri də bu günlərdə 80 illik yubileyini qeyd etdiyimiz AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Yavər oğlu Həmidovdur.

            Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinin məzunu İmamverdi Həmidov 1966-cı ildə Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olmuş, sonra isə Sovet İttifaqı Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun (Moskva şəhəri) aspiranturasına keçirilmişdir. Beləliklə, gənc tədqiqatçı burada Azərbaycan şərqşünaslıq elminin görkəmli nümayəndəsi, professor Rüstəm Əliyevlə, rus alimləri İosif Braginski, İsaak Filştinski, Qriqoriy Şarbatov və başqaları ilə əməkdaşlıq etmək imkanı qazanır. Ərəb ədəbiyyatının inkişafında qeyri-ərəblərin, o cümlədən Azərbaycandan olan məvali şairlərin rolundan bəhs edən, şairə, ədibə milliyyətinə, dininə görə yox, sənətinə görə dəyər verən lX əsr filoloqu İbn Quteybənin fəaliyyətini dərindən araşdıran İ.Həmidov sonralar da ərəb mənbələrində Azərbaycan mədəniyyətinə aid məlumatları üzə çıxarmağa çalışmış və bu sahədə bir sıra uğurlu nəticələr əldə etmişdir ki, onlardan ikisini qeyd etmək xüsusilə vacibdir:

Əbu Mənsur əs-Səalibinin məşhur “Yətimətud-dəhr fi şuʻaraʼ əhlil-ʻasr” (“Dövrün şairləri haqqında zamanın yeganəsi”) adlı təzkirəsində Azərbaycan ədəbiyyatının ən az öyrənilmiş dövrlərindən olan X yüzilliyə aid Bərakəveyh Zəncani, Muğləsi Marağayinin fəaliyyəti ilə bağlı məlumatların üzə çıxarılması və onların ədəbiyyat tarixində işıqlandırılması.

Prof. Y.E.Bertelsin XI əsrdə Zaqafqaziyada, yəni Azərbaycanda ərəbcə yazan şairlərin olmadığı iddiasına rəğmən Yaqut əl-Haməvinin “Muʻcəmul-udəbəʼi” adlı təzkirəsindən həmin dövrə aid Azərbaycan şairi Ömər Gəncinin poetik irsinin aşkar edilməsi və öyrənilməsi.

Alimin elmi fəaliyyəti bir istiqamətlə məhdudlaşmayıb. Əgər “İbn Quteybə Dinəvəri” mövzusu üzrə müdafiə etdiyi elmlər namizədliyi dissertasiyası klassik ərəb ədəbiyyatı ilə bağlıdırsa, “Ərəb ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatı klassiklərinin öyrənilməsi problemləri” mövzusu üzrə elmlər doktorluğu dissertasiyası Azərbaycan klassik ədəbiyyatı üçün böyük önəm daşıyır. Azərbaycan ədəbiyyatı klassikləri Xaqani Şirvani, Nizami Gəncəvi və Məhəmməd Füzulinin XX əsr ərəb ədəbiyyatşünaslığında öyrənilməsi məsələlərinə həsr olunan eyniadlı monoqrafiyada müəllif müxtəlif ərəb ədəbiyyatşünaslarının tədqiqatlarını araşdırmış, onları elmi cəhətdən qiymətləndirməklə yanaşı, tənqidi mülahizələrini də göstərmişdir. Alim ərəb ədəbiyyatşünaslarının klassiklərimizin əsərlərindən etdikləri tərcümələrə xüsusi diqqət yetirmiş və həmin tərcümələrdəki nöqsanları, uğursuz ifadələri müqayisəli şəkildə ortaya çıxarmışdır. Ədəbiyyat tariximizdə bu cür müqayisəli təhlillər əsasında aparılan tədqiqatların azlığını nəzərə alaraq cəsarətlə demək olar ki, monoqrafiya qədim tarixə malik Azərbaycan-ərəb ədəbi əlaqələrinin daha dərindən öyrənilməsi üçün bir baza yaratmışdır.

Prof. İmamverdi Həmidovun zəngin yaradıcılıq fəaliyyətinin ən mühüm cəhəti ondan ibarətdir ki, alimin tədqiqatlarında Azərbaycan ədəbi məktəbi, Azərbaycan səbki, Azərbaycan şeir sənəti ilə bağlı fikirlər öz əksini tapmışdır. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar bir faktı qeyd etmək yerinə düşər. Məlumdur ki, Nizami Gəncəvi bir çox mənbələrdə fars şairi kimi təqdim olunmaqda davam edir. Bu cəhətdən ərəb ölkələri də istisna deyil. İ.Həmidov ərəb ədəbiyyatşünaslığında belə təqdimata qarşı çıxaraq, bu sahədə təqdirəlayiq addımlar atmışdır. Belə ki, alim 2002-ci ildə Qahirəyə səfəri zamanı tanınmış ərəb alimləri professorlar Məhəmməd Səid Cəmaləddin, Məhəmməd Bədii Cumə, Şirin Həsəneyn, Əbdussəlam Əbdüləzizlə görüşmüş, həmin  mövzu ilə bağlı onlarla apardığı şifahi diskussiyalarla kifayətlənməmiş, “Əl-Ədəb van-naqd” (“Ədəbiyyat və tənqid”) jurnalında dərc olunan “Azərbaycan-ərəb ədəbi əlaqələrinin tarixinə dair” adlı məqaləsində həmin məsələyə də toxunmuş və şairi ərəb aləmində “böyük Azərbaycan şairi Nizami” kimi təqdim etmişdir. 2012-ci ildə Misir alimi, professor Əhməd Safsafi əl-Quturinin Azərbaycana həsr olunmuş “Azərbəycən biləd ən-nər van-nur” (“Od və işıq ölkəsi Azərbaycan”) adlı Qahirədə işıq üzü görmüş kitabında Nizaminin “qədim Azərbaycan şəhəri Gəncədə anadan olmuş dahi Azərbaycan şairi Nizami Gəncəvi” kimi təqdimi məhz belə təbliğatın nəticəsidir.

Prof. İmamverdi Həmidov Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının qaynaqları haqqında apardığı gərgin axtarışlarının nəticəsi kimi Əbu Bəkr Valibinin “Məcnun haqqında xəbərlər və onun şeirləri” əsərini tədqiq və tərcümə etməklə Nizamişünaslığa bir töhfə vermişdir.

Alimin Eyn Şəms Universitetində, Qahirə Televiziyasının Nil kanalında, Bağdad və Tlemsen (Əlcəzair) Universitetlərində, İordaniyada keçirilən Dünya Elm Forumundakı çıxışları, ərəb ölkələrindəki müxtəlif beynəlxalq konfranslardakı iştirakı Azərbaycan-ərəb mədəni əlaqələrinin inkişafında, Azərbaycan mədəniyyətinin ərəb ölkələrində layiqincə təbliğində xüsusi əhəmiyyət kəsb edir.

Ərəbşünaslıqda inkişaf müxtəlif istiqamətlərdə gedə bilər; ərəb dili və yaxud ərəb ədəbiyyatı üzrə mütəxəssis olmaqla yanaşı, ərəb dilində olan klassik irsimizi qədim ərəb mənbələrindən üzə çıxarmaq imkanı əldə edilir. Bizim bir çox  ərəbşünas alimlərimiz isə öz fəaliyyətlərində hər üç cəhəti birləşdirməyə nail olublar ki, bu da işin ən çətin məqamlarından biridir. İ.Həmidov da həm tərcüməçi, həm pedaqoq, həm də alim kimi fəaliyyət göstərmişdir. O, İraqda, Yəməndə tərcüməçi kimi çalışmış, ölkəmizin müxtəlif ali məktəblərində ərəb dili və ərəb ədəbiyyatının tədrisi ilə məşğul olmuşdur. Dünya dilləri arasında öz çətinliyinə görə seçilən ərəb dilində İmamverdi müəllimin səlis nitqi, gözəl tələffüzü ərəblər tərəfindən belə xoş təəccüblə  qarşılanır. Kəşmir, Beyrut, Mərsin, Bistra (Əlcəzair), Fələstin “Delta” tədqiqatlar mərkəzi və başqa universitet və elm mərkəzlərindən aldığı təkliflər, dəvətlər alimin ölkədən kənarda olan nüfuzunun göstəricisidir.

2018-ci ildə prof. İmamverdi Həmidov Qahirədəki Eyn Şəms Universitetinə dəvət olunmuş və Azərbaycan alimi orada Azərbaycan ədəbiyyatı haqqında mühazirə oxumuşdur.

Müxtəlif problemlərə həsr olunan 150-dən çox elmi məqalənin, bir neçə kitabın müəllifidir İmamverdi müəllim. Həm ölkəmizdə, həm də xaricdə nəşr olunmuş məqalələri ilə yanaşı, tərcümə sahəsində də bir sıra işlər görmüşdür. Nəbi Xəzri, Səməd Vurğun kimi şairlərin yaradıcılığından ərəb dilinə etdiyi filoloji tərcümə nümunələri ərəb dövri mətbuatında nəşr olunmuşdur. Əlcəzairdə təsəvvüflə bağlı maraqlı çıxışlarından sonra Elmi Tədqiqatlar Mərkəzinin direktoru, prof. Zaim Xanşlavi tərəfindən Nəsiminin yaradıcılığını müştərək şəkildə ərəb dilinə tərcümə etmək təşəbbüsü irəli sürülmüşdür.

İ.Həmidov islam mədəniyyəti və maarifçiliyi ilə bağlı beynəlxalq tədbirlərdə fəal çıxış edir. O, çıxışlarında ərəb-islam mədəniyyətinin Azərbaycan ədəbiyyatına təsiri ilə bağlı fikir və mülahizələrini klassik ədib və şairlərimizin əsərlərindəki nümunələrlə göstərməyə üstünlük verir. Azərbaycan alimi islam hikmətindən seçmələr toplamış və bu seçmələr akademik İsa Həbibbəylinin ön sözü ilə kitab halında nəşr edilmişdir. Prof. İ.Həmidov islam mütəfəkkiri Əli ibn Əbi Talibin divanının böyük bir hissəsini Məhəmməd Muxtari ilə birlikdə Azərbaycan dilinə tərcümə etmişdir.

Alimin son işlərindən biri də Xaqani Şirvaninin ərəbdilli yaradıcılığı ilə bağlıdır. Məlumat üçün qeyd edək ki, Xaqaninin əsərləri Azərbaycan dilində  ilk dəfə 1956-cı ildə çap olunub. Burada şairin əsasən fars dilində yazdığı əsərlər dilimizə tərcümə olunub. Ərəb dilində yazdığı şeirlərdən yalnız bir qəsidə kitaba daxil edilib. Şairin sonralar nəşr olunmuş “Seçilmiş əsərləri”ndə ərəbcə yazdığı şeirlərdən nümunələr (filoloji tərcüməsi Z.Əlizadə, poetik tərcüməsi M.M.Əlizadə) öz əksini tapsa da, burada əsərlər qarışıq şəkildə verilmiş, əsərin hansı dildən tərcümə edildiyi qeyd edilməmişdir. Bu da Xaqaninin əsərlərini hansı dillərdə yazması ilə bağlı oxucuda natamam təəssürat oyadır. Prof. İmamverdi Həmidov isə şairin ərəbdilli yaradıcılığını ayrıca tədqiqat obyekti seçmişdir. Alimin etdiyi filoloji tərcümələrin bir hissəsi ilk dəfə 2004-cü ildə “Şərq” tərcümə toplusunda, daha sonra “Xaqani Şirvani. Ərəbcə şeirləri. Filoloji tərcümə” adı altında tam şəkildə çap edildi. 2017-ci ildə işıq üzü görən kitaba şairin ərəbcə yazdığı şeirlərin, eləcə də ərəbcə yazdığı iki müqəddimənin filoloji tərcüməsi daxildir. Özündə bir sıra tarixi faktlar ehtiva edən bu müqəddimələr Azərbaycan nəsr tarixinin öyrənilməsi sahəsində yeni və əhəmiyyətli mənbə kimi qiymətləndirilməlidir. Kitabın əhəmiyyətini Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin müdiri S.Babullaoğlunun sözləri ilə vurğulamaq yerinə düşər: “... təkcə estetik planda deyil, bəlkə də, daha çox etik planda biz öz keçmişimizlə görüşür, ona baxmaq və keçmişin o cür “qənirsiz güzgüsü”ndə bu günümüzü qiymətləndirmək imkanı qazanırıq, unudulmuş mənəvi xəzinələrə qovuşuruq”.

Bu il İmamverdi müəllimin 80 ili tamam olur. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli başda olmaqla bütün kollektiv dəyərli alimimizə möhkəm cansağlığı arzulayır və yeni tədqiqatlarının, yaradıcılıq uğurlarının davamını gözləyir.

 

Məmmədhəsən Qəmbərli 

Filologiya elmləri doktoru, professor

Elnarə Zeynalova

elmi işçi

 

Ədəbiyyat qəzeti.- 2021.- 16 yanvar.- S.18-19.