Varislər
SONUNCU PAPİROS, YAXUD ALIŞAN ARZULAR
"Varislər"in bugünkü
qonağı unudulmaz dost, dəyərli ədəbiyyat
adamı, gözəl insan, peşəkar tərcüməçi
Natiq Səfərovun qızı, istedadlı
yazıçı Günel Natiqdir.
Öz
yaradıcılığını içində boğan adam
1943-cü ilin yayında qədim
mədəniyyəti və gözəl ziyalıları ilə
seçilən Naxçıvanda anadan olub. 1961-ci ildə doğulub böyüdüyü şəhərdə
orta təhsilini bitirən Natiq Səfərov ali
məktəbə daxil olmaq üçün Bakıya üz
tutub, burada Azərbaycan Dövlət Universitetinin Filologiya
fakültəsinə daxil olub.
İçi ədəbi süjetlər,
bədii təsvirlərlə qaynayan Natiq Səfərov
dünya ədəbiyyatının nümunələri ilə
tanış olduqca yaradıcılıq tələbləri
artıb, ədəbiyyatı yalnız böyük
yazıçıların, məşhur şairlərin mətnləri
səviyyəsində qəbul etməyə başlayıb. Bəlkə də məhz bu səbəbdən milli ədəbiyyatımız
Natiq Səfərov kimi peşəkar və istedadlı ədəbiyyat
adamının simasında neçə-neçə roman,
povest, hekayə itirib.
Ali təhsil aldıqdan sonra
işləmək üçün üz tutduğu ilk
ünvan Dövlət Radio və Televiziya Verilişləri
Komitəsi oldu. Bir müddət Azərbaycan
radiosunda texnik kimi çalışan Natiq Səfərov,
sonradan redaktor kimi fəaliyyətini davam etdirdi. Onun
işçi kimi çalışdığı məkanlar
arasında "Azərbaycan" jurnalı,
"Yazıçı" nəşriyyatı, Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzi,
"Qanun" nəşriyyatı da var.
Ədəbiyyat aşiqlərini
onlarca maraqlı tərcümələri ilə tanış
edən, neçə-neçə xarici ədəbiyyat
nümunəsini dilimizə çevirən bu unudulmaz
insanın, əziz dostun qızı, imzasını
çağdaş ədəbiyyatımızda çoxdan təsdiq
etmiş Günel Natiqlə pandemiya səbəbindən
sükuta qərq olmuş paytaxtın tanış məhəllələrinin
birində görüşdük.
- Natiq Səfərov mənə
doğma adamdır. Həm şəxsən
tanıdığım biri, həm də peşəkar tərcüməçilərin
mənəvi "xaç atası" kimi onun adı, xatirəsi
hər zaman yaddaşımda hörmətlə anılır.
Tərcüməçilərin
xaç atası
- Mən
bu doğmalığı ədəbiyyat adamlarında hər
zaman hiss edirəm. Bu gün də sadiq
dostları, qələm adamları onun xatirəsini yad edir,
haqqında yazılar yazır, gözəl xatirələr
danışırlar və övladı kimi bu mənə
qürur yaşadır. Atamı bu
maraqlı layihədə yad etdiyiniz üçün sizə təşəkkür
edirəm.
- Günel, ənənəmizə
sadiq qalaraq lap əvvəldən başlayaq yenə. Bir az Natiq Səfərovun doğulduğu,
böyüdüyü ailə haqqında danışaq. Kim olub valideynləri?
- Atam
çox maraqlı bir ailədə dünyaya gəlib. Onun ana babası Mirzə Məmmədqulu
dövrünün tanınmış ziyalılarından biri
kimi xatırlanır. Mütərcim olub,
xeyriyyəçilik edib. Hətta Mirzə
Cəlil "Danabaş kənidinin məktəbi" əsərində
Mirzə Məmmədqulu obrazını babamın prototipi kimi
qələmə alıb. Atamgilin ailəsi
ilə Mirzə Cəlil arasında tanışlıq,
münasibət olub. Nənəm həmişə
o böyük yazıçı haqqında maraqlı xatirələr
danışırdı. Bildiyiniz kimi, Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra Mirzə Cəlil bir müddət
İranda yaşayıb və həmin aralıqda evinin
açarlarını nənəmə etibar edib. Nənəmlə babam onun evində yaşayıblar.
Yazıçı geri qayıtdıqda evdə hər
şeyi qoyub getdiyi nizamda görərkən təəccüblənib
və hətta nənəmi ərklə danlayıb da. Bu dürüstlüyünə görə Mirzə
Cəlil sandıqdan gözəl bir parça
çıxarıb, nənəmə hədiyyə edib.
Yaşım az olduğundan
xatırlamıram, amma sonradan anamdan eşitdim, nənəm həmin
parçadan tikdirdiyi paltarı çox sevirmiş, həmin əhvalatı
şövqlə danışarmış.
Mirzə
Məmmədqulunun Naxçıvanda "Qızlar məktəbi"nin açılmasında müəyyən rolu
olub. Çox səxavətli adam
olduğundan heç vaxt evində bir ailəlik yemək
bişirtməyib. Həmişə deyib, yeməyi
o qədər bişirin ki, bütün məhəlləyə
çatsın. Yəni ailəsindən
qalan mirası səxavətlə qonum-qonşu arasında
bölüşdürməkdən zövq alıb.
Səxavətli
Mirzə Məmmədqulunun nəvəsi
Böyük ədəbiyyatşünas Əziz Şərif
də öz xatirələrində Mirzə Məmmədquludan
bəhs edib. Mirzə Məmmədqulunun qızı Xanım nənəm
ilk təhsil almış azərbaycanlı qızlardandır.
Daha sonra tibb təhsili alaraq stomatoloq kimi fəaliyyət
göstərib.
Atam ailədə dörd qardaşın ən kiçiyi
olub. Onunla
böyük qardaşı arasında 20 il
fərq vardı. Ata babam Əli kişinin əsli
Cənubi Azərbaycanın Xoy şəhərindəndir.
Gözəl bənna olub, Naxçıvanda xeyli
evin tikintisi onun adı ilə bağlıdır.
Xanım nənəmin qardaşı ilə dost olub və
onlara gedib-gələndə nənəmi görüb, bəyənib.
Mirzə Məmmədqulu onların izdivacına
etiraz etməyib. Daha sonra Əli babam təhsil
alıb, Sankt-Peterburqda oxuyub. Bu gün də
Naxçıvanda onu Əli Səfərov adı ilə
xatırlayırlar. Hətta anam da onun
haqqında danışanda, Əli Səfərov kimi yad edir.
Əli Səfərov öz qayğısına
qalan biri olub, atam isə əksinə, qətiyyən öz
qayğısına qalmırdı. Atam ailəsi
üçün, dostları üçün özünü
fəda edən insan idi.
- Bildiyim qədəri ilə
ananız Zümrüd xanım da BDU-nun məzunudur. Natiq
müəllim ailə qurduğu qadınla necə tanış olub?
- Bəli,
anam da BDU-nun məzunudur. Atamla eyni vaxtda
jurnalistika fakültəsində oxuyub və elə universitetdə
uzaqdan-uzağa tanıyıblar bir-birlərini, amma
aralarındakı münasibət Azərbaycan radiosunda işləyərkən
yaranıb. Atam onu çox sevib.
Xatırlayırsınız da, atam boydan balaca, çəlimsiz
adam idi. Bir sözlə,
anamın zövqünə uyğun gəlmirmiş. Amma atam əl çəkməyib. Bir an onu gözdən qoymur, arxasınca
düşüb təqib edirmiş. Hətta
xəbərdarlıq edib ki, mənimlə evlənməyə
razı olmasan, özümü tramvayın altına
atacağam. Anamın rəfiqələri
indi də onların sevgisindən danışırlar. Anam radionun həyətinə çıxan kimi atam
da peyda olurmuş.
Anamın zövqünə uyğun gəlmirdi
O, ömrünün
sonuna qədər bu sevgiyə sadiq qaldı. Əslində,
anamda bir qədər qısqanclıq var, amma
aralarındakı etibar heç vaxt bu mövzuda münasibətlərinə
mane olmayıb. Atam xasiyyətcə
mühafizəkar idi. Kənardan baxanda
deyirdilər, Natiq rus təbiətlidir, açıq dünyagörüşlüdür.
Amma əslində, o, həmişə anama
deyirdi ki, qızlarına hər şeydən əvvəl
"bozbaş" bişirməyi öyrət. Mən onun bu fikri ilə qətiyyən razı deyiləm.
İlk növbədə təhsil gəlir.
Atamın
ən ali məqsədi Azərbaycan
oxucusunu maarifləndirmək idi. Düşünürdü
ki, bu əsəri oxumaqla Azərbaycan oxucusunun
dünyagörüşü, qavrayışı dəyişə
bilər. Özü də bir maarifçi
həyatı yaşayırdı, münasib bildiyi ədəbi
nümunələri tərcümə etməklə də bu
missiyasına xidmət edirdi.
- Bütün ilklər çox vaxt
ilk sevgi kimi yaddaşda qalır, sonrakılar isə adiləşir
insan üçün. Natiq Səfərovun ilk tərcüməsi
nədir? Mənim üçün maraqlıdır, asan,
yoxsa çətin mətndən başlayıb.
- Bir qədər
əvvəl qeyd etdim ki, onun babası da öz dövründə
mütərcimlik edib, görünür, bu atama genlə gəlib.
Bu suala dəqiq cavab verə bilmərəm, amma
mənə elə gəlir ki, atam ilk tərcümələrini
radio üçün edib, sonradan peşəkar tərcüməçi
kimi formalaşıb. Daha sonra "Azərbaycan"
jurnalı üçün tərcümələr edib.
- Rus təhsili almışdı,
yoxsa dili özü öyrənmişdi? Bir də, işləyəndə
lüğətdən çox istifadə edirdi?
- Atam
çox istedadlı, həm də çalışqan adam idi. Öz üzərində
çox işləyirdi. Dili özü
öyrənmişdi, mütaliə edə-edə. Çox oxumuşdu və ömrünün sonuna qədər
də oxudu. Bütün gəncliyi
Bakının mərkəzində keçmişdi, onların
gəncliyində Bakı daha çox rusdilli idi. Çox nadir hallarda, özü də
yaddaşını təzələmək üçün
lüğətə müraciət edirdi. Siz də bu sahədə
peşəkarsınız və bilirsiniz ki, tərcümə
edən adam mütləq öz dilini
gözəl bilməlidir. Üstəlik, tərcümə
etdiyi müəllifin üslubuna bələd olmalıdır.
Sözlərin ana dilində qarşılığını
tapmalıdır və s. Bu gün tərcümə əsərlərini
oxuyanda artıq tərcüməçinin ana dilini nə qədər
bildiyi haqqında məndə təsəvvür yaranır.
Xalq yazıçısı Mövlud Süleymanlının
maraqlı bir fikri var: "Azərbaycan dilinin dərinliyini anlamaq
üçün Natiq Səfərovun tərcüməsindən
bir abzas oxumaq kifayətdir".
Çox gözəl rəsmlər çəkirdi, gildən,
plastilindən maraqlı fiqurlar düzəldirdi. Rəsm çəkəndə
kənardan baxan adam onu rəssama bənzədərdi.
- Natiq Səfərov çox ciddi tərcüməçi
idi, amma onun mükafatları arasında bu gün nüfuzunu
itirmiş "Qızıl qələm" də var. O
dövrdə necə olub, bilmirəm, amma bu gün cümlə
qura bilməyən, amma həmin mükafata layiq görülən
yüzlərlə imza var.
Dəyərini itirmiş
"Qızıl qələm"
- Atam həmin
mükafatı ötən əsrin 70-ci illərində
alıb və o vaxt onu hər yazı-pozu adamına vermirdilər.
Bunun üçün gərək öz
imzanı təsdiq edəydin. O vaxt "Qızıl qələm"
jurnalistikada çox nüfuzlu idi. Onu alan
adamın istedadına, peşəkarlığına artıq
heç kəs şübhə edə bilməzdi.
- Natiq Səfərov əmək
fəaliyyətinə radioda başlayıb və bu gün sən
də bir vaxtlar atanın işlədiyi kollektivin üzvüsən. Hər gün o doğma qapıdan içəri
keçəndə hansı hissləri keçirirsən?
Bir də, sənin radioda işə düzəlməyində
atanın rolu olubmu?
- Bu
gün də radioda atamı xatırlayan, haqqında xoş
sözlər deyən insanlar var.
Əslində, mənim radioda işə
düzəlməyimdə daha çox anamın rolu olub.
Mən radioda böyümüşəm
Mən, belə deyək də, radioda
böyümüşəm. Uşaq vaxtımdan ora
gedirdim, hər dəfə mənə deyirdilər ki, Günel
buranın ştatdankənar müxbiridir. Atamdan
öyrədiklərimi orada şövqlə
danışırdım və əməkdaşlar mənə
heyranlıqla baxırdılar. Atam evdə
türk tarixindən danışmağı sevirdi. Radioda təəccüblənirdilər ki, sovet tərbiyəsi
görmüş bir uşaq bunları haradan bilir.
Radioda Tofiq Günaydın vardı, çox gözəl
insan idi. Kadrlar şöbəsinin müdiri işləyirdi.
Orta məktəbi bitirdikdən sonra birinci il
ali məktəbə girə bilmədim, anam da, mən də
bu boşluqda bir işlə məşğul olmağım barədə
düşünürdük. Anam bu barədə
otaqda danışanda Tofiq müəllim o dəqiqə reaksiya
vermişdi və demişdi ki, onsuz da hamımız Güneli
tanıyırıq, yazılarına, istedadına bələdik.
İstedad diplomla olmur, gəlsin işləsin.
Mövlud Süleymanlı da radio üzrə sədr
müavini idi. O da etiraz etmədi. Bu gün də
özümü doğma məkanda hiss edirəm.
Atamın müsahibə verməklə arası yox idi. Necə oldusa,
bir dəfə saqqızını oğurladım. Bəlkə də mənim üzümdən
keçmədi. İri reportyorlar idi o vaxt.
Özümlə götürüb evə
apardım, evdə xeyli səmimi söhbət elədik. Bu gün də radionun fondunda qalan onun yeganə səsini
mən yazmışam. Çox kövrək
müsahibə idi. Radioda keçirdiyi
günlərin həsrətini etiraf etmişdi mənə.
Deyirdi ki, hər dəfə oradan keçəndə
ürəyim döyünür, gəncliyimi, orada
keçirdiyim unudulmaz günləri yada salıram. Məmməd
Oruc, Vaqif Əlixanlı, Mövlud Süleymanlı...
onların gəncliyi bir yerdə keçib. Atam deyirdi ki, biz
yenə bir yerdə ola bilərik, eyni
mövzuda danışa, eyni söhbətləri edə bilərik,
amma o vaxt olduğumuz kimi saf ola bilmərik.
...Saf ola bilmərik
Atam çox səxavətli insan idi. İndi
düşünürəm, yəqin, bu xasiyyətində
babalarına çəkib. Son
manatını insanlarla bölüşürdü. Yaşlı insanlara münasibətdə ümumiyyətlə
həssas idi, onlara nəsə bir yaxşılıq eləmək
istəyirdi, pul verirdi. Ehtiyacı olan adam
görsə, gizlincə onun cibinə pul qoyurdu.
- Bəzən evin xanımları
kişilərin bu səxavətini qəbul etmirlər. Zümrüd xanım bu xasiyyətinə görə
danlamırdı evdə onu?
- Atam belə
şeyləri gizlində edirdi və hesabat verən adam deyildi. Maraqlı olan odur ki,
anam da bəzən atamdan xəbərsiz kiməsə əl
tuturdu. Müəyyən müddətdən sonra
üstü açılanda anam təəccüblənirdi:
"Niyə məndən gizlədir ki, guya mane olacağam?! Əksinə,
sevinərdim", - deyirdi. Onun üçün
öndə dostunun problemlərinə yardım etmək dururdu.
İndi insanların bir-birinə laqeydliyini
görəndə heyrətə gəlirəm. Böyüdüyüm mühitdə bu cür
yanaşma olmayıb. Bu səbəbdən
yaşamaq mənə çox çətindir.
- Onun maraqlı və ciddi tərcümələri
var. Tərcüməçi isə birmənalı şəkildə
ədəbiyyatın fəhləsidir. Amma tərcüməçilərlə
bağlı belə bir fikir də var: "Ədəbiyyatda
özünü tapa bilməyənlər, tərcüməçilik
edirdlər". Bu fikrə sənin münasibətin
necədir? Yəni Natiq Səfərov
özü yaza bilmədiyi üçünmü tərcüməyə
girişmişdi?
-
Atamın gözəl qələmi vardı, gözəl
romanlar, hekayələr yaza bilərdi, amma yazmırdı.
İstedadını içində boğanlarla bağlı
haradasa belə bir fikrə rast gəlmişdim: "O,
mübarizədə hansısa klassikə məğlub
olduğu üçün yazmırdı". Üstəlik,
onun yazıya, mətnə münasibəti çox ciddi idi.
Zəif yazmaq onun üçün qəbuledilməz
sayılırdı. Onun üçün
yazıçı Dostoyevski, Tolstoy səviyyəsində
olmalıydı. Bir dəfə müsahibə
alarkən soruşmuşdular ki, "Niyə həmişə
klassikləri tərcümə edirsiniz, bəs
özünüzü nə vaxt tərcümə edəcəksiniz?
Demişdi, mən dünya ədəbiyyatında bir hərfəm,
hərfi necə tərcümə etmək olar?!".
Səfər Alışarlı atam haqqında deyir: "O,
siqaretin üstündəki yazıya da ədəbiyyat kimi
baxırdı".
Özümü Qullitə bənzədirdim
Bir dəfə evdə köhnə kağızları
eşələyəndə onun bir əlyazmasını
tapdım. Maraqlı gəldi mənə. Tərcümə
mərkəzində olan məzəli əhvalatları qələmə
almışdı. Yarımçıq
yazı idi. Bilirəm, onsuz da atam onu
heç vaxt üzə çıxarmazdı. Təəssüf, mən də səhlənkarlıq
edib onu saxlamadım. Uşaq idim, elə
bildim, hansısa klassik yazıçının əsəridir.
O yazının üslubunu indi də xatırlayıram. Atam öz yaradıcılığına
qarşı çox diqqətsiz idi. Arxiv
toplamaz, yazılarını çeşidləməzdi. Sadəcə, öz maraq dairəsinə yaxın
materialları - yəni idmanla bağlı maraqlı məlumatları
toplayırdı. İdman həvəskarı
idi. Birlikdə futbola baxırdıq.
O vaxt futbol üzrə Dünya çempionatı gedirdi. Mən özümü Qullitə bənzədirdim,
qarayanız idim, onun kimi qıvrım saçlarım
vardı, atam isə özünə Matteus deyirdi. Almaniya Dünya çempionu oldu. Atamın
proqnozları dəqiq çıxırdı. Mübahisə etməyi sevirdim. Cavan vaxtı adam iddialı olur axı. Heç nə bilmir,
amma elə bilir ki, hər şeydən xəbəri var. Almaniyanın
çempion olacağını dedi və elə də oldu.
- Atalar oğlan övladları
olmayanda bəzən qız uşaqlarını oğlan kimi
böyüdürlər. Siz evdə iki bacı olmusunuz,
hansınızı oğlan kimi böyüdüb?
- Məni!
Çünki oğlan gözləyirmişlər, mən
olmuşam! Məni oğlan kimi böyütdüyü
üçün atama çox bağlıydım. Bəlkə elə buna görə mən
böyüdükcə atam idmanla, yaradıcılıqla
bağlı maraqlarını mənimlə
bölüşürdü. Bacımla
aramızda 4 yaş fərq var, o, daha çox anamın
yanında idi, mənsə atamdan qopmurdum. Amma mən tərcümənin
necə çətin bir proses olduğunu gördüyüm
üçün heç vaxt o işə girişmədim,
bacım Sevinc Səfərova ailə qurduqdan sonra
yaradıcılıqla məşğul olmağa
başladı və məncə, onda alındı. Şahbaz Xuduoğlu ona bu şəraiti yaratdı və
bir dəfə elə oldu ki, onun tərcüməsi mənim əlimə
düşdü, heyranlıqla redaktə elədim. Görünür, genetik bir şeydir, Sevincin mətni
çox xoşuma gəldi. Mən Sevincin mətnində
atamın manevrlərini, yanaşmasını hiss etdim.
"Qanun"u yaradanlardan biri
- Natiq Səfərov "Qanun" nəşriyyatının
yaradılmasında naşir Şahbaz Xuduoğluya dəstək
olub. Biz Şahbaz Xuduoğlu ilə tələbə
yoldaşıyıq, çox gözəl xüsusiyyətləri
var, amma həm də bir az çətin
adamdır. Necə yola gedirdilər?
Xatırlayıram, söz düşəndə Şahbaz indi də
deyir ki, Natiq mənim ən yaxın dostum idi.
-
Çox yaxşı yola gedirdilər. Atam bəzən
səbirsizlik edib, səsini onun üstünə
qaldırırdı. Aralarında 25 yaş
fərq vardı. Övladı yerində
idi və bu, sadəcə, ərk idi həm də. Amma Şahbaz bəy çox mədəni
davranırdı atamla. Atam əsəbiləşəndə
bəzən sakitləşməyi uzun çəkirdi. Şahbaz bəy ona münasibətdə həmişə
diqqətli idi. Atamı səbrlə dinləyir,
çox sakit cavab verirdi. Sonra atama bu barədə
danışanda, o gülürdü. O da çox istəyirdi
Şahbaz bəyi. Şahbaz bəy bir neçə
insandan biridir ki, ailəmizə olan münasibətini hələ
də dəyişməyib. Bu insanlar
arasında məmnuniyyələ Kamal Abdullanın, Məmməd
Orucun və Azər Abdullanın da adını çəkə
bilərəm. Əgər bir insanı sevənlər
yoxdursa, o unulur. Adlarını çəkdiyim
insanlar atamı unutmağa qoymayanlardır. Mənzil şəraitimiz o qədər rahat deyildi,
amma evimiz elə bil ədəbiyyat mərkəzi idi, tez-tez bizə
yığışırdılar.
Oljas
Süleymenovun "Az i Ya" əsərini
atam türk tarixini oxumaq istəyən, lakin rus dilini bilməyənlər
üçün tərcümə edib. Atam istəyirdi
ki, hər kəs şanlı türk tarixindən xəbər
tutsun. Sovet dövründə o əsərin
çap olunması çətin idi. Atam tərcümə
etsə də, onu itirmişdi.
İtmiş tərcümə
Sən demə, Azər Abdulla o boyda əsərin
üzünü sətir-sətir köçürüb
özündə saxlayıb. Söz düşəndə deyib ki,
məndə var. Beləliklə, "Az i
Ya"nı Azər Abdulla xilas edib. Atam onun
üzərində yenidən işlədi və əsər
çap olundu. Onun tərcüməsi əsasında
əsəri Türkiyədə çap etdilər.
- Buna görə Azər Abdullaya
xüsusi təşəkkür düşür. Var olsun! Natiq Səfərov erməni müəllif Qrant
Matevosyanın "Çəhrayı ilxı" əsərini
də tərcümə edib. Bu nəyə
lazım idi? Bu əsəri sifarişlə
tərcümə edib, yoxsa şəxsi istəyi ilə
işləyib?
- Dəqiq
bilmirəm. Əslində, Qrant Matevosyan millətçi
deyildi, türklərə rəğbəti olan biri olub. Üstəlik, 70-ci illərdə bu məsələ
bir o qədər də qabardılmırdı. Bildiyim qədərilə ermənilər də bizim
yazıçılarımızı tərcümə edirdilər.
- Tərcümə Mərkəzi
yarananda oranın ilk əməkdaşlarından biri də
Natiq Səfərov olub. Niyə
aralanmışdı oradan?
- Aydın Məmmədovla çox yaxın münasibəti
olub atamın.
Məlum qəzadan sonra Aydın Məmmədov
dünyasını dəyişdi və atam da uzaqlaşdı
oradan. Aydın müəllim, İntiqam
Qasımzadə gəlirdilər bizə. İntiqam
müəllim bu gün o xoş münasibətini bizdən əsirgəmir.
Atam daha çox sərbəstliyi sevirdi. Ümumiyyətlə, yaradıcılıq sərbəstlik,
asudəlik sevir, görünür, rəhbərlik dəyişəndən
sonra müəyyən şeylər atamın
azadlığına mane olub.
- Günel Natiq
atasının xatirəsini yaşatmaq, onu xatırlatmaq
üçün nə etmək istəyərdi?
"Natiq Səfərov adına mükafat?"
- Əlbəttə, hər bir övlad valideyninin xatirəsini
daha geniş miqyasda yaşatmaq istəyər. Şahbaz Xuduoğlu tərcüməçilər,
ədəbiyyatçılar üçün Natiq Səfərov
adına mükafat təsis etmək fikrindəydi.
Bu sahədə müəyyən uğurları
olan insanlara təqdim etmək üçün. Yəqin, başqa problemlər bu ideyanın
qarşısını kəsdi. Özüm
imkan daxilində vaxtaşırı atam haqqında yazılar
yazıram, dostları yazır. "Azərbaycan"
jurnalının, "Ədəbiyyat qəzeti"nin rəhbərliyi bu yazıları məmnuniyyətlə
çap edirlər, buna görə sağ olsunlar.
- Natiq Səfərov məclis
adamı idi. Həm baməzəliyi, həm
dürüstlüyü, həm də istedadı ilə hər
kəsin hörmətini qazanmışdı və dostları
onunla eyni məclisdə olmaqdan zövq alırdılar. Bəs Zümrüd xanım buna necə münasibət
göstərirdi? Natiq müəllimin
"yeyib-içməkləri" onun ürəyindən idi?
- Əlbəttə, yox. Hansı qadının ürəyindən
ola bilər? İlk növbədə
atamın sağlamlığına görə narahat idi.
Anam çox ciddi qadındır, normal
qarşılamırdı bunu. Anamda artıq ailə təcrübəsi
yaranmışdı, başa düşürdü ki, belə
adama...
- (Zarafatla). Gərək ümumiyyətlə ərə getməyəsən...
- (Gülür). Əslində, bəlkə də elədir.
Bəlkə də, səhv etdiyini
anlamışdı, amma artıq ailə idilər və anam
Natiq Səfərov kimi istedadlı, yaradıcı adamın
qadını olduğunu bilirdi. Dediyim kimi,
anamı hər şeydən əvvəl atamın
sağlamlığı düşündürürdü.
Atam anamla ailə qurduğundan məmnun idi və son anında
belə, "Nə yaxşı ki, səninlə evlənmişəm",
- dedi anama.
- Natiq Səfərovu tez
itirdik və elə həyat eşqi ilə
aşıb-daşan adamın çox faciəli ömür
finalı oldu. Bilirəm, sənin
üçün çətindir, amma xahiş edirəm, bir qədər
o faciə ilə bağlı məlumat ver bizə.
- Biz o vaxt
bacımın yanında, Türkiyədə idik. Atam yenidən Tərcümə Mərkəzinə
qayıtmışdı. Nəsə
işdə xətrinə dəymişdilər, belə deyək
də, depressiyada olub. O, həssas qəlbli idi, mübarizə
apara bilməyəndə bunu ürəyinə salır,
özünü cəzalandırır, təskinliyi içkidə
tapırdı. O gün yenə evdə bir qədər
içib və divanda yuxulayıb. Sonra
yuxulu-yuxulu siqaret çəkəndə, xəbəri
olmayıb, siqaretin közü divanın süngərini
alışdırıb. Qəfildən od
götürüb onu. Evdə heç kəs yox, eyvandan
köməyə adam
çağırıb, dadına yetişən olmayıb. Handan-hana kömək ediblər. Təcili
yardım gəlib, xəstəxaya aparıb. Kimsəsiz kimi elə dəhlizdə uzadıblar onu.
Ağlı üstündə olub, deyib mən
yiyəsiz deyiləm, amma səhiyyəmizi bilirsiniz də.
Sonra qohumlarımız xəbər tutub, nə
lazımdırsa ediblər. Bizə xəbər
çatdı, avtobusla qayıtdıq. Anam
onun yanından bir gün olsa çəkilmədi. Güclü iynələr vururdular ona,
ağrıları yox idi, əslində, yanıq
ağrıları dözülməz olur. Danışırdı,
gülürdü. Şahbaz bəy onun
ziyarətinə gələndə gələcək
planlarından danışırdı. Bir
sözlə, qətiyyən ümidini itirməmişdi. Sən demə, ağrı sağalmağı, bədənin
mübarizə apardığını bildirir. Bir gün anamdan qayğanaq istəyib. Anam tez hazırlayıb, yedirdib ona. Qəfildən
halı pisləşib, xırıltı ilə anama deyib ki:
"Zümrüd, deyəsən, mən burdan
çıxmayacam". Sonra komaya düşdü və
ayılmadı...
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2021.- 16
yanvar.- S.16-17.