“Kiçik mətnlər”də həyat fəlsəfəsi
Nikolay Spetarunun
şeirləri barədə
Çağdaş moldov-rumın ədəbiyyatının
tanınmış şairi Nikolay Spetarunun şeirlərini
xarici ədəbiyyatı böyük zövq və istedadla
bizə tanıtmağa çalışan və bunu
ardıcıl şəkildə davam etdirən Səlim
Babullaoğlunun tərcüməsində oxudum. Artıq illərdir bizdə
çağdaş dünya ədəbiyyatını kompleks
öyrənmək entuziazmı, poeziyada gedən
tendensiyaları ehtiva etmək meyilləri mənə tanış olduğundan başqa ölkə
yazarının mətnlərindəki struktur və ifadə
estetikasını, malik olduğu idrak modelinin poeziya sənətində
proyeksiyasını özümün sənət qavramım və
modern məna genişliyi üçün maraqlı və gərəkli
hesab edirdim. Şeir tərcüməsi çətindir,
ruh hadisəsidir, tərcümədə sanki oxucu ilə
müəllif arasına qalın bir örtük çəkilir.
Səlim Babullaoğlunun tərcümələrində bu
örtüyü hiss etmirik, şerin təkcə məzmununu
yox, şəklini, qafiyə sistemini də mümkün qədər
saxlamağa çalışır. Bəzi
şeirləri tərcümə edərkən onları Azərbaycan
dilinin kontekstində, demək olar ki, yenidən yaradır.
Bu tərcümədə də Spetarunun şeirlərinin
poetik yükü ortadadır. Qorunan şəkil və
məna, ritm və ahəng özəlliyi, duyğu
estetikası, daxili bütövlük, dəqiq qurulmuş nizam
şairin və şeirin ruhunu tədqiq etməyə imkan
verir.
Spetarunun
şeirlərində əsas obraz adamlar və əşyalar,
şair ruhunun daxili qatı, şüuraltı vəziyyəti
- tənhalıq və darıxmaq, zaman vahidi - sonsuzluq, məkan
- uzsuz-bucaqsız genişlik, yanaşma yönü - fərqli
kulturoloji aspektlərdir. Fəqət müəllif
şeirlərin metaforik çoxqatlılığında
müxtəlif zaman və məkan xaotikliyini, fərqli mədəniyyət
hadisələrini eyni başlanğıcda birləşdirməklə
estetik düzüm yaratmağa nail olur. Vizual
effektlərin kadrarxası və kadrönü təcəssümü
bir-birini əvəzlədikcə yaddaş oyanışı,
keşmişə dönümlər baş qaldırır.
Ya da tarix sadəcə yerində sayır, təkrarlanır,
heç bir dəyişmə baş vermir, bu ondan əxz olunan
yeganə dərs olur. Belədirsə, şair demiş,
"sən hələ çoxlu səngər
qazmalısan", dostum!
Spetaru keçmişlə olduqca sərbəst
davranır, bu sərbəst gedişdə tarixi-mədəni
hadisələr yenidən şərhini tapır, arxetiplər
deformasiyaya uğrayır, qədim abidələrin mətnləri
təkrar yazılır. Ümumiyyətlə, arxetip zənginliyi
ilə seçilən bu şeirlərdə ilkin strukturlara qədər
göndərmələrə rastlaşırıq.
Müəllif buna tarixi təfəkkürlə oynayaraq nail
olur. Şeirlərin çoxqatlı, iyerarxik
olması da burdan irəli gəlir, onların biri-birinə
keçidi həmin bu arxetiplərlə reallaşır. Spetarunun şeirlərində keçmiş,
bugün və gələcək arasında gəzişmələr
insanın zamanla daim kontaktda olmasını müəyyənləşdirən
neyrofizioloji bazanın sayəsində mümkünləşir.
Bu mətnlərin metaforik
çoxqatlılığında hər hansı deyim artıq
bu üçlü zaman amilinin çərçivələnmiş
nəql strukturunda təqdim olunur.
Bəli,
zaman amansızdır, bəzən insanı tənhalığa,
təkliyə müncər edəcək qədər istinad
nöqtəsi buraxmır: "hər şey o qədər
adidir ki,/sanki yüz il əvvəlki bir
an/sonsuza qədər təkrarlanır" ("Yalnız
yuxular"). Bu yerdə xilas bədii təxəyyülün
sərhədsiz imkanları ilə reallaşır. Pol Riker bədii təhkiyələri zamanın insana
məxsus zamana dönüşə biləcəyi yeganə
mümkünlük kimi görürdü.
Sənin
barəndə hər şey məlumdur
və
heç nə bəlli deyil,
sən əbədisən,
çünki heç vaxt mövcud olmamısan.
Spetarunun mətnlərində keçmişin semantik
yükü tarixin ona qədər olan zaman kəsimi ilə
eyniləşmir, mətn xronotopunun tərkib elementi
funksiyasında çıxış edir. Təhkiyə-diskurs,
süjet-fabula səviyyəsində, mətndaxili irəli-geridönüm
şəkillərində. Bu mənada,
müəllif bir-biri ilə əlaqədə olmayan əsr həqiqətlərini
vahid təhkiyə strukturunda əritməyə nail olur. Şairin "Otuz gümüş sikkə"
şeiri bu baxımdan çox maraqlıdır. İndi
zamanımızda adi hal alan bir çox
neqativləri şair keçmişdən bu günümüzə
sürükləyir. D.Zatonskiyə görə
keçmişə bu cür inadkar baş vurmaların,
müasir fəlakətlərin səbəbini mütləq
şəkildə keçmişə atmağın öz həqiqəti
var. Spetaru bu
həqiqətin insanın yaradılış modelində gizləndiyini
düşünür. Dövr, zaman dəyişir,
ahəng isə itib, bərpasına ümid yoxdur. Niyə? Çünki hər yeni
başlanğıc əvvəlki zamanın xaotik müstəvilərinə
səpələnmiş hadisələri götürüb yola
davam edir. Spetarunun vizual şeirlərinin
dağınıq, fraqmentlərə bölünmüş
kimi təsvir edilən misraları həm də dünyanın
şəkli kimi qavranılmağı labüd edir. Yəni,
oxucuya bu dünyanı təqdim etməyə,
"danışmağa" ehtiyac qalmır, bu şeirlərlə
dünya onsuz da təhrif olunmamış mahiyyəti ilə
onun gözləri önünə sərilir:
Olduqca
xoşagəlməz səhnəyə şahidlik elədim:
çıxıb gedərkən ikinci minilliklə
çox
əzazilcəsinə davrandılar,
dünyanın ən alçaq fırıldaqçısı kimi
ciblərini axtardılar...
Diqqətli
olun! - ağlını itirmiş kütlə
bağırırdı,
- O
özü ilə heç nə aparmamalıdır,
yaxşı
axtarın üst-başını,
əməllicə silkələyin! Hər şey bizimdir,
növbəti minilliyin sakinlərinin,
biz buna
layiqik!
Bu nə
alçaqlıqdır!
İkinci
minilliyin ciblərini
çəkib
çıxardılar qəddarca,
hər
şeyi aldılar əlindən:
sevgini/nifrəti/inqilabları (hər cürəsini)/
savaşları/epidemiyaları/ satqınlığı
və
otuz gümüş sikkəni-
birinci
minilliyin ən vacib mirasını da...
Bəzi şeirlərin toxumasına şair yuxu
situasiyalarını da daxil edir. Onların obrazlı və
emosional dinamikası ciddi məqam olaraq önə çəkilir.
Yuxudan oyanma müəllifə görə
ontoloji müstəvidən gerçəkliyin adiliyinə
keçiddir, sakral mənalı anlayışların, zaman və
məkanların profanlaşmasıdı. Çünki
Spetaru yuxuların simvolik dilini real proseslərin dili kimi qəbul
edir. Yuxudan o yana mənasızlıq
başlayır - "qapısı və pəncərəsi
mismarlanmış qaranlıq otaqlar", qiyamət
hazırlıqları, məhşər xofu...
Şair
bununla sanki gerçəkliyin absurdluğunu, sosial qanunların
bir işə yaramadığını göstərmək istəyir:
yol
üstəyəm
ağac
əkirəm bir körpəyə sığal çəkirəm
vəssalam
mən
eləcə yol üstəyəm (aydın deyil ki?!)
siqaret
yandırıram və istəyirəm ki
(əlbəttə
mümkündürsə)
bu yuxu
uzansın sonacan
çünki bu mənim yuxumdur
görün bir necə bənd olubdu mənə
mənsiz
itib-batar əminəm
amma təəssüf
sən
daşlara belə deyirsən
Qəhrəmanın həyatdan qopması, təcrid
olması, özgə dünyada yaşaması, darıxmaq
amili də burdan irəli gəlir. Bir udumluq hava, bir
ilğım azadlıq təşnəsi üçün seçilən
anlar bütün ömür, sevgi aktının metaforuna
çevrilir. Spetaru təkliyi Avropa modernistləri kimi
aqressivliklə qarşılamır, lənətləmir, əksinə,
sanki yol yoldaşıymış kimi davranır, bu hissi dogma, məhrəm
bir duyğuya çevirir - "Bu kədər həmişə
səninlədir: şəkildə də,/kütləyə
qarışıb itəndə də" ("Rilkeni oxuyan kədər").
Bəlkə buna görə bu şeirlərdə
emosional gərginlik yoxdur, duyğusal lirik ricətlərə
varılmır, əksinə surreal təsvirlərin
inikasına belə rasional ifadəlilik xasdır.
darıxmaq ölümdən betərdi
neçə dəfə oxudun bir qəzeti
hər
sözü hər sətri məqaləni
sonra da
nə qədər güc sərf elədin
unutmaqçün onları bilmərrə
və təkrar
eyni həvəslə
oxuya biləsən
deyə
beləcə yumşaltdın ötürdün
darıxmağı təkliyi hüznünü
Yaxud:
Hər
necəsə mən indi xoşbəxtəm,
mənimlə xoşluqla yola gedən
bədbəxtliyə məftunam, məstəm.
Spetarunun şeirlərində zamanla, keçmişlə,
insanın öz içi ilə ünsiyyət əlaqələrinin
qırılmaması əsas motivlərdəndir. Müəllif müasir
dünyanın epidemiyasına çevrilən aşırı
istehlakçılıqla fərdin arzularındakı
minimalizmi qarşılaşdırır, "vaxt gələcək,
/bilirəm/, bütün yollar qəlbimizə/üz
tutacaq",- deyir. Kitabların
dünyanı xilas edəcəyinə ümidini itirmədiyi
üçün kitabxanası ilə öz arasında sevgi
dolu bir saniyə saxlayır.
Bu şeirlərdə əsas obraz qismində əşyalar
iştirak edir və müəllif bu əşyalara, sadəcə,
predmet, obyekt kimi yanaşmır. Əksinə, onu
subyektləşdirir, situasiyalardan, şairin münasibətindən
asılı olaraq əşyaların obrazı dəyişir,
fərqli müstəviyə keçir. Əşya və
qəhrəmanın ovqatının vəhdəti - şeirlərdəki
kompozisiyanın strukturunun, vizual mətnin plastik ifadəliliyində
önəmli rol oynayır:
indi yəqin
ki kimsə
mənimlə otaqdakı əşyaların
fərqini
tapmaq üçün
boşuna
cəhd edəcək
Bəzi səslərin
təkrarı - alliterasiyası Spetaru üçün
dünyanı, ətrafı dərketmə vasitəsinə
çevrilir: "səni saatın səssiz işləməsi
hövsələdən çıxardır" ("Necə
zəng etməli"); "əyyaşlar sait səsləri
uzadaraq söyüş söyürlər" ("Şeirlərində").
Bu hal sözlərin təhkiyədə ritmin və
intonasiyanın formayaradıcı element kimi
çıxış etməsinə imkan yaradır. Adətən,
xüsusi poetik morfologiyaya malik şairlərdə belə olur.
Spetaru hər bir situasiyanın müvafiq səs obrazını
yaradır, bəzən sait və samitlərə təkrar
qayıdışı ilə mətnin daxili assosiativ
imkanlarını genişləndirməklə bərabər
obrazın ruh şəklini, psixoloji durumunu sərgiləyir:
"neçə gündür darıxmağın/bir özgə
açmasını tapmaq istəyirsən/təəccüblənirsən
ki saitlər samitlərlə/mübahisə etmirlər"
("Necə zəng etməli"). Yaxud "şeirləri
çap maşınında döyəcləyirəm/saitlər
və samitlər qalın təbəqəylə
çöküntü verir" ("Təklikdəki
poema"); "saitsiz udulmuş sözlər / cavabsız
suallar / yarıyacan oxunmuş kitablar /" ("Heç kimə
və heç hara teleqram").
Bu
şeirlərdə həm də nəhəng şəhərlərin,
böyük Avropanın ritmini əks etdirən səs-küy,
sənayeləşən, modernləşən, ənənələrdən
qopan, mənəvi dəyərlərini maddi-texniki dəyərlərə
uduzmuş dünya ilə yeniliyi qəbul etməyən,
"bir səhra uydurmaq istəyən" obrazın
qarşılaşması var. Şairin müşahidə
kamerasına daim harasa tələsən, nəhəng sənayeyə
qarışan, vesternizasiyalaşma səbəbindən
kökündən qopan, duyğularını itirən insan
kütləsi tuş gəlir. "Poeziyanı məişət
əşyaları dükanında gördüyünü"
deyən bu adamlar, "içindəki saat və əqrəblərin
qarışdığını deyən bu mətnlər"
yeni dünyanın ehtiva etdiyi apokaliptik səviyyənin təmsilçiləridir:
günah
uzun vaxtı gen gəzdi zamandan
yerin kənarında
Qabil
Habili öldürür yenə də
çaşqınlıq içindəsən
kabusların barbar rəqsindən qurtula bilmirsən
tezliklə (bunu yaxşı bilirsən)
çap
maşınının üstünə düşəcək
başın
bir
neçə hərfi vura biləcəksən amma
son
söz kimi
mənasız olsa da
"Kiçik
və yuxusuz Avropada şeiri"ndə müəllif bu dəyişimi
daha dəqiq vurğularla poetik məkana daxil edir:
Bu gün
Avropa "to be or not to be"yə
Elsinor
sarayında çalınan alqış hesabına
yaşayır,
boşluqda, ölüm ayağında uzanıb qalıb,
səkkizgözlü, gonbul,
parıltılı ayaqları olan hörümçəklər səhradan
stressdən ürəyi xəstə düşmüş Avropaya tərəf
gəlməkdədir.
Spetarunun yazdığı gerçəklər
çağdaş insanın durumunu ifadə edir. Bu hər yerdə
rastlaşa biləcəyimiz sadə insan həqiqətləridir.
Həyatın fəlsəfəsi onsuz da bundadır: sadə
insan həqiqətlərini ehtiva etməsində.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2021.- 16 yanvar.- S.14.