Ver, əsgər çəkməni köksümə
sıxım,
Çəkməsində çiçək
bitən şəhidim.
Şəhidim
Yoluna su səpim, göz yaşı sıxım?
Çəkməndə torpaq var, torpaq, bir
sıxım...
Ver, əsgər çəkməni
köksümə sıxım,
Çəkməsində çiçək bitən
şəhidim.
Ayağın yerdədir, yolun göylədi,
Göydən ulduz uçdu, yaram göynədi.
Xəbərin oldumu o qız neylədi -
Dönüb üfüqlərdə itən
şəhidim?
İgid
Poladımla hər an qoşasan,
Sən elə Ağdamsan, elə Şuşasan.
Can fəda etdin ki,
vətən yaşasın,
Bayrağa bürünüb ötən
şəhidim.
Torpağa qan səpdin, torpaq oyandı,
Qanın çiçəklədi, bu
necə qandı?
Yazdın
ki, Qarabağ Azərbaycandı!
Sən elə vətənsən,
vətən, şəhidim!
Vətən
Günəş ölkəsisən, od ölkəsisən,
Türkün nəfəsisən, Turan
səsisən,
Mənim
gözlərimdə yer
kürəsisən,
Sən elə sərhədsiz, bütünsən,
vətən.
Adın
Azərbaycan, biz bir candayıq,
Nə fərqi, uzaqda, ya yaxındayıq,
İnancımız birdir: təmiz qandayıq,
Bircə
qibləmiz var, o, sənsən,
vətən.
Sevgin şipşirindir, sevgin bal dadır,
Hələ həsrətim var,
gözüm yoldadır...
Torpaq bir başqadır, ürək başqadır,
Köçüb ürəklərdə bitənsən,
vətən.
Gülüm, gülüstanım, baharım, yazım
Adını üçrəngli bayrağa
yazım.
Başqa
söz nə lazım, tərif nə lazım,
Sən elə vətənsən,
vətənsən, vətən!
Yeni ilin şeiri
Dünya
qartopu atdı,
Topu var, qarı yoxdu.
Köhnəlmiş heybəsindən
Təptəzə bir il
çıxdı.
Onsuz da bütün yollar,
Gedir vağzala
sarı.
Dayanmadan
fit verir,
Köhnə ilin qatarı.
Yolkanın ətrafında,
Dövrə vurur uşaqlar,
Dövrə vurub qayıdır,
Qayıdır, geri nə var...
Uşaq
kimi sevinir,
Yaxşı gətirib işi,
Yuxuda günəş görür,
Mandarin satan kişi.
Bəlkə, bizə doğmadır,
Bəlkə də, yad günüdür.
Gəlin
bir süfrə açaq,
Dünyanın ad günüdür.
Neçə ürək köklənib,
Əqrəblərin səsinə.
Bəlkə, bir bilet ola,
Xoşbəxtlər ölkəsinə?..
Ömür
Heç
mən də
bir adam deyiləm.
Deyəsən,
səhv sürdüm bu ömrü
yollarım qarışdı.
Bəlkə, başqasının ömrüdü,
Bəlkə də naşıdı...
Dünya gəl-get dünyası.
Hərə çiynində heybə
Bir ömür
daşıdı.
Heç
mən də
bir adam deyiləm.
Tərsin balası tərsəm.
Görəsən, quruyarmı
bu ömrü yuyub sərsəm?..
Şəhərim
Çəkdi bizi özünə,
Arıtək, bal şəhərim.
Gözləri mavi dəniz,
Könlü vağzal şəhərim.
Qoynunda Qız qalası,
Şirvanşahlar sonası,
Çoxdur qonaq-qarası,
Qucağı zal şəhərim.
Tarixi
qədimdədi,
Bəxtinə neft çilədi.
Adı
Badu Kubədi,
Küləyi bol şəhərim.
İçərişəhəri var,
Özüylə səfəri var,
Nə yaxşı Xəzəri var,
Yolu qumsal şəhərim.
Binaları göy dəlir,
Yenə fikri göydədir.
Bilinmir qəsdi
nədir?
Olub bihal şəhərim.
Dünya
gedən qatarsa,
Yollarda izim qalsa,
Bir gün gedəcək olsam,
Vağzalı çal, şəhərim!
Narıngül
NADİR
Ədəbiyyat qəzeti.- 2021.- 16
yanvar.- S.13.