Yazıçı, alim, pedaqoq
Müəllim haqqında söz
1
2006-cı
ildə Mir Cəlal müəllimin biblioqrafiyasına
yazdığım ön sözü (sonra ayrıca miniatür
kitab kimi də nəşr olunmuşdu) bu sualla
başlamışdım: "Mən ilk dəfə Mir Cəlal
müəllimi nə vaxt görmüşəm?" və
yazmışdım ki, "bu suala heç cürə cavab verə
bilmirəm, çünki uşaqlıq çağlarımdan
tutmuş, yeniyetməlik, ilk gənclik dövrünəcən
evdə də, cürbəcür məclislərdə, ədəbi
toplantılarda da mən Mir Cəlal müəllimi çox
görmüşəm".
COVİD-19-la
bağlı karantin günlərində kitabxanamı qaydaya
salmaq istəyirdim və lap gənclik çağlarımdan
etibarən mənə bağışlanmış
avtoqraflı kitabları bir yerə toplayanda
Əbülqasım Hüseynzadənin, Qulam Məmmədlinin,
Əziz Şərifin, Süleyman Rəhimovun, Əli Vəliyevin,
Süleyman Rüstəmin, Mir Cəlalın, Mir Mehdi Seyidzadənin,
Mikayıl Rzaquluzadənin, Mehdi Hüseynin, Rəsul Rzanın və
Nigar Rəfibəylinin, Mirvarid Dilbazinin, Məmməd Rahimin,
İmran Qasımovun, Həmid Araslının, Məmməd
Arifin, Mirzə İbrahimovun, Məmməd Cəfər Cəfərovun,
Abbas Zamanovun, Məmmədhüseyn Təhmasibin, İbrahim
Yaqubun, Mirzəağa Quluzadənin, Zeynal Xəlilin, Əkbər
Ağayevin, Manaf Süleymanovun, sonrakı ədəbi nəsillərin
Əziz Mirəhmədov, Balaş Azəroğlu və Mədinə
Gülgün, Bəxtiyar Vahabzadə, İsa Hüseynov, Kamal
Talıbzadə, Qabil, Bəkir Nəbiyev, Əliağa
Kürçaylı, Hüseyn Abbaszadə, Qasım Qasımzadə,
Əzizə Cəfərzadə, Ağamusa Axundov, Gülrux
Əlibəyli, Yəhya Seyidov, Kamil Mirbağırov və bir
çox başqaları kimi nümayəndələrinin, daha
sonrakı ədəbi nəsil nümayəndələrinin,
eləcə də Fikrət Əmirov, Tofiq Quliyev, Mehdi Məmmədov,
Leyla Vəkilova, Gülcahan Güləhmədova-Martınova, Cəlal
Qaryağdı, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə,
Toğrul Nərimanbəyov, Rasim Babayev, Nadir Əbdülrəhmanov
və başqaları kimi sənətkarların avtoqrafları
məni o uzaq, ancaq uzaq olduğu qədər də yaxın illərə
apardı.
Doğrusunu
deyim ki, bu qələm əhlinin, sənətkarların bəzisi
ilə mənim yaxın, isti, hətta doğma münasibətim
var idi, bəzisi ilə belə deyildi, ancaq bu
yaxınlıqdan-uzaqlıqdan asılı olmayaraq, həmin
kitablar məndə qəribə bir hiss oyatdı - əgər
belə demək mümkünsə, nostalji borc hissi. "Qəribə" sözü bəlkə də
burda yerinə düşmür, ancaq, yəqin, həmin qəribəlik
bundadır ki, illər bir-birini əvəz etdikcə, o rəhmətlikləri
uzaqlaşdırmaq əvəzinə, onları mənə daha
da yaxınlaşdırır.
Nə üçün nostalji? - Bunun üstündə dayanmağa
ehtiyac yoxdur, cavabı aydındır, ancaq nə
üçün borc? Bu "borc" hissi çoxcəhətlidir,
burada dediyim həmin "yaxınlıq-uzaqlıq" da, ədəbi-genetik
(!) təəssübkeşlik, yəni ümumədəbiyyat təəssübkeşliyi
də, görünür, ciddi rol oynayır.
Mən
aspirant olduğum zaman Mir Cəlal müəllimin mənə
yazdığı ilk avtoqraflı kitabı dörd cildlik
"Seçilmiş əsərləri"nin
birinci cildi idi:
"İstedadlı tələbəm, gənc ədəbiyyatçı
Elçin üçün kiçik bir yadigar! Mir Cəlal.
29. III. 67".
Buradakı "kiçik bir yadigar" sözləri -
sadəcə, təvazökarlığın ifadəsi deyildi,
bu, xislətin, təbiətin ifadəsi idi (söhbət
professor, elmi rəhbər, görkəmli yazıçı və
alimdən, bir də universiteti yenicə bitirmiş aspirantdan
gedir və bu yerdə nə təvazökarlıq?). Mir Cəlal
müəllim sadə bir insan idi və onun bu sadəliyi ilə
müdrikliyi arasında çox üzvi bir vəhdət var
idi.
Elə buna görə də mən o miniatür
kitabın adını "Sadəlik və müdriklik"
qoymuşdum.
2
İlyas Əfəndiyevlə Mir Cəlal müəllim
arasında qarşılıqlı hörmətə söykənən
mehriban bir münasibət var idi və mən elə o gözəl
uşaqlıq illərində dəfələrlə bunun
şahidi olmuşam ki, onlar hansı bir səmimiyyətlə
görüşür, bir-birilə hal-əhval tuturdular. İlk baxışda
müxtəlif xarakterli adamlar idi: Mir Cəlal müəllim
daha artıq dərəcədə sakit, təmkinli, İlyas
Əfəndiyev isə daha artıq dərəcədə
emossional, bəzən hətta impulsiv.
Ancaq, yəqin,
arada zahirən görünəndən artıq dərəcədə
daxili (görünməyən!) hiss-həyəcan, əqidə
və amal yaxınlığı var idi və bu mənada, elə
bilirəm ki, İlyas Əfəndiyevin hələ 1958-ci ildə
Mir Cəlal müəllimin 50 illiyi münasibətilə
yazdığı məqaləsindəki bu sözlər çox
şey deyir: "Mir Cəlal
bütün qəlbi ilə
xalqa bağlı yazıçıdır. Onun əsərlərində
xalqımızın nəcib ruhu duyulmaqdadır. Mir Cəlal, ilk növbədə, kiçik və
çox adi görünən bir hadisədən böyük
ictimai nəticələr çıxarmağı bacaran sənətkarlardandır.
O, həyatın dərin qatlarına nüfuz edə bilmək
iqtidarına malikdir. O, heç bir zaman gurultu, təntənə
uydurmur" ("Ədəbiyyat və incəsənət"
qəzeti, 26 aprel 1958).
Xalqa belə
bir bağlılıq, xalqın ruhunu ifadə etmək istəyi
(və bacarığı!) insanlar arasındakı dediyim həmin
daxili yaxınlıqda az rol oynamır.
Bir halda ki, söhbət İlyas Əfəndiyev və
Mir Cəlal münasibətlərindən düşdü, bu
münasibətləri ifadə edən bir məktubu qeyd etmək
istəyirəm. 1972-ci ildə İlyas Əfəndiyevin
"Mahnı dağlarda qaldı" pyesi Dövlət
Mükafatı almışdı və bu münasibətlə
Mir Cəlal müəllim ona məktub yazıb (həmin məktub
mənim arxivimdədir). "Hörmətli ədibimiz, əziz
dostum İlyasa salamlar və təbriklər!" sözləri
ilə başlayan o məktubda deyilir: "Çoxdan gözlədiyim
yüksək dövlət mükafatını ürəkdən
təbrik edirəm! Sənin dramların
teatrımızın şöhrətini, ədəbiyyatımızın
hörmətini artırır. Tamaşaçıların
bədiilik zövqünü məharətlə
oxşayır. Sən müasir
oxucularımızın,
tamaşaçılarımızın sevdiyi,
alqışladığı məşhur bir ədibsən".
Və o məktub sonda bu sözlərlə bitir: "İlyas,
sənə möhkəm cansağlığı, uzun
ömür, yeni-yeni nailiyyətlər arzulayıram. Əhsən
dramnəvis qələminə! Mir Cəlal.
28 aprel 1972".
Elə bilirəm ki, onların münasibətləri barədə
artıq sözə ehtiyac yoxdur.
Mən yuxarıda yazdım ki, Mir Cəlal müəllimi
məclislərdə görmüşəm və indi o məclislər,
xüsusən Mehdi Hüseyngildəki məclislər yadıma
düşür.
Məsələ
burasındaydı ki, Mir Cəlal müəllim Mehdi Hüseyn
ilə yaxın dost idi və İlyas Əfəndiyev də
Mehdi Hüseynlə yaxın dost idi və iki ailə - Mir Cəlal
müəllimlə Püstə xanım və Vəli Axundovla
Sara xanım həmişə Mehdi Hüseynin (ona Mehdi əmi
deyirdim) oğlu Əlinin ad günlərinin, başqa məclislərinin
qonağı olurdu, mən də atamla ora gedəndə onlarla
görüşürdüm.
"Görüşürdüm"
yəqin, bir az böyük
çıxır - söhbət 50-ci illərdən ta 65-ci ilə
- Mehdi Hüseynin qəfil və qalmaqallı vəfatına qədərki
dövrdən və mənim 5-6 yaşımdan etibarən
universitetin 5-ci kurs tələbəsi olduğum bir zamandan
gedir. Bu sətirləri yaza-yaza xatırlayıram ki, 1-ci, ya
2-ci sinif şagirdi idim və "Bir gəncin manifesti"ni hələ oxumamışdım. Bir gün məktəbdən
bizi Gənc Tamaşaçılar Teatrında bu romanın qəhrəmanlarından
birinin - balaca Baharın (tənqidçilər ona "Azərbaycan
Qavroşu" deyirdilər) - taleyindən bəhs edən
tamaşaya aparmışdılar (təəssüf ki,
tamaşanın adı da, səhnələşdirəni də
yadımda deyil) və o tamaşa mənə o qədər təsir
etmişdi, Bahar mənim üçün o qədər
doğma bir məxluqa çevrilmişdi ki, elə bil, onun
acı taleyi mən də daxil olmaqla, Bakının Mirzə Fətəli
küçəsindəki məhəllə dostlarımın
da yaşadığı bir tale idi. Baharın həlak
olması məni elə sarsıtmışdı ki, bunu hiss edən
atam məni sakitləşdirməyə
çalışırdı: " -
Axı, sən bilirsən ki, bu teatrdı, Baharı oynayan
uşaq sağ-salamatdı…". "Bilirəm…"
- deyirdim, ancaq atamın bu sözləri də məni o təsirdən
tamam qurtara bilmirdi, gecə yuxuya getməzdən əvvəl o
tamaşa gözlərimin qabağına gəlirdi.
Elə həmin
vaxtlarda da Mehdi Hüseyngildəki məclisdə atam əhvalatı
Mir Cəlal müəllimə söyləyəndən, "-
Bax, Baharı Mir Cəlal əmi yazıb" - deyəndən
və Mir Cəlal müəllim də Bahar barədə mənimlə
danışandan sonra, deyəsən, bir az
sakitləşdim. Bu mənim teatrı dərk
etməyimlə bağlı ayrıca söhbətlərdən
biridir və yəqin, haçansa bu barədə də yazmaq
lazımdır.
Mehdi
Hüseyngildəki o məclislərdə Mir Cəlal müəllimin
içkini həmişə az-az içməyini, ancaq buna
baxmayaraq duzlu (və təmkinli!) atmacalarını, Fatma
xanımın süfrəsini tərifləməsini, Mehdi
Hüseynlə zarafatlarını xatırlayıram və o məclislərin
səmimi, məhrəmanə, könül açan
aurasında bu atmacaların, zarafatların xüsusi payı
olurdu.
Mehdi
Hüseynin vəfatı ilə o məclislər də
yalnız xatirələrə çevrildi və az bir vaxtdan sonra Fatma xanım da vəfat etdi.
Mehdi
Hüseynin vəfat etdiyi o günlərdə Mir Cəlal
müəllimin hansı bir kədər içində
olduğunu mən hər gün universitetdə görür və
hiss edirdim və indi fikirləşirəm ki, yəqin, o, daxili
bir stres içində olub. Həmin günlərdə
bütün filologiya fakültəsi tələbədən
tutmuş, professoracan Mehdi Hüseynin ölümündən
danışırdı, şayiələr baş alıb
gedirdi, ancaq Mir Cəlal müəllim susurdu və bunun səbəbi
onun təmkini yox, daxili sarsıntısı idi - o, dost
itirmişdi, bu itkinin ağrısını da içində
çəkirdi.
Mən şagird, tələbə olanda da, aspirant
vaxtlarımda da Yazıçılar İttifaqına gedib-gəlirdim
və o zaman da, sonralar orada işləyəndə də bir dəfə
də olsun Mir Cəlal müəllimi İttifaqa gələn
görmədim. Onun mənsub olduğu ədəbi nəslin nümayəndələrinin
hamısı - kimisi tez-tez (bəzən hər gün - misal
üçün, Süleyman Rüstəm kimi), kimisi gec-gec
(ayda-ildə bir dəfə - misal üçün, Mirvarid
Dilbazi kimi) İttifaqa gəlirdi, Mir Cəlal müəllim isə
- ümumiyyətlə, ora gəlmirdi.
Yazıçılar
İttifaqı, söz yox, böyük ədəbiyyat
ocağı idi və ədəbiyyatımızın, ədəbi-bədii
dilimizin, ictimai fikrimizin, milli mənliyimizin inkişafında
oranın rolu da böyük idi (əsərlər
İttifaqın ədəbi orqanlarında işıq üzü
görürdü), ancaq bütün bunlarla bərabər,
Yazıçılar İttifaqı sakit bir yer də deyildi və
intriqalar, qruppaçılıq, bir-birinin dalınca
danışmaq, Natəvan klubundakı yalançı təriflər,
yaxud da şəxsi-qərəzli kin-küdurət
püsgürmələri İttifaq üçün elə də
yad bir şey deyildi. Bu cəhətlər isə Mir Cəlal
müəllimin xislətindən tamam kənar idi və eyni
zamanda bu da yəqin, yaxşı bir göstəricidir ki, mən
Yazıçılar İttifaqında da, ümumiyyətlə,
yazıçılar, ədəbiyyatşünaslar, tənqidçilər
arasında da kiminsə onun qarasına danışmasını,
onun barəsində nəsə xoşagəlməz bir söz
deməsini eşitməmişəm.
Mir Cəlal
müəllim üçün doğma yer universitetdəki
kafedrası idi və aspirantlıq vaxtlarımda da, 60-cı illərin
sonlarında da ora gedib-gələn bir adam kimi deyə bilərəm
ki, o kafedra çəkişmələrdən, intriqalardan
tamam kənar bir yer idi və Mir Cəlal müəllimin sayəsində
o kafedranın işıqlı aurası ədəbiyyat
maraqlarından, səmimilik və təmizlikdən ibarət
idi.
Nüfuzu,
hörməti-izzəti onun səviyyəsində olan görkəmli
qələm sahibləri öz haqlarını tələb etməyi
bacarırdılar və edirdilər də, lazım olanda
(kitablarının çapı ilə, yubileylərlə, məişət
məsələləri ilə bağlı)
Yazıçılar İttifaqına, hakimi-mütləq olan Mərkəzi
Komitəyə müraciət edirdilər, məktub
yazırdılar, vəzifəli şəxslərə telefonla
zəng edirdilər (çox zaman da İttifaqa gəlib,
oradakı hökumət telefonu ilə özləri hansısa
nazirlə, Mərkəzi Komitənin hansısa yüksək vəzifəli
işçisiylə danışırdılar). Ancaq Mir Cəllal
müəllim, elə bil ki, heç Mərkəzi Komitənin
yerini də tanımırdı və bəzən söhbət
əsnasında hansısa nazirin, hansısa bir dövlət
işçisinin adı çəkiləndə, Mir Cəlal
müəllim adəti üzrə danışanın qolundan
tutub, sidq-ürəkdən gülümsəyə-gülümsəyə:
-
Qardaş (bu onun xoşladığı müraciət idi), -
deyirdi. - O kimdi elə?
Mir Cəlal
müəllimin bu sözlərində ona xas olan duzlu bir ironiya
da olurdu və elə bilirəm ki, bu ironiya da az
şey demirdi.
3
Mən
yazdım ki, Mir Cəlal müəllimi ilk dəfə nə
zaman gördüyüm yadıma gəlmir, amma onu bir müəllim,
bir professor kimi kəşf etdiyim gün dəqiq
yadımdadır və heç zaman da yadımdan
çıxmayacaq: 1 sentyabr 1960-cı il.
Artıq
ün yetməz, səs çatmaz bir uzaqlıqda qalmış
o 1 sentyabr günü - Azərbaycan Dövlət Universiteti
(indiki BDU) Filologiya fakültəsinin (məşhur Nizami, 49-da)
birinci kursunda mənim ilk dərs günümdə - Mir Cəlal
müəllim bizim auditoriyaya daxil oldu, ədəbiyyat nəzəriyyəsindən
dərs deməyə başladı və mən yaxşı
tanıdığım, əsərlərini oxuduğum bu məhrəm
adamı bir müəllim, professor kimi məhz kəşf
etdim.
Yadıma
gəlir, mən Mir Cəlal müəllimin müasirləri və
mənim yaxından tanıdığım Həmid Araslı,
Məmməd Cəfər, Məmməd Arif kimi böyük qələm
sahibləri haqqında yazdığım yazılarda da
yuxarıda dediyim həmin ifadəni - işlətmişəm:
"sadəliyin müdrikliyi" və onların mühazirələri
və adicə söhbətləri də, bədii və elmi əsərləri
də sadəliyin arxasında dayanan müdrikliyin ifadəsi
idi. Onlar təbiətləri etibarilə necə sadə idilərsə,
mülahizələri də, elmi və bədii təhkiyyələri
də eləcə sadə idi və əsas məsələ
burasındadır ki, həm şəxsiyyətlərində,
həm də yaradıcılıqlarındakı o sadəlik qətiyyən
sadəlövhlüyün, primitivliyin yox, böyük həyat
təcrübəsinin, dünyanı dərk etməyin nəticəsi
idi.
Bəzən, Mir Cəlal müəllim obrazlı
danışanda da onun bənzətmələri sadə, dəqiq
və aydın olurdu, ifadə etmək istədiyi fikri,
mülahizəni görümlü edirdi. Yadıma gəlir, bir dəfə
- aspirant olduğum vaxtlar - onun rəhbərlik etdiyi kafedrada
söhbət edirdik və söz, indiki kimi, elə o zaman da hər
tərəfi bürümüş ədəbi maklaturadan
düşdü, mən bir gənclik ehtirası ilə
istedadsız, amma rəsmi ideologiyanın təqdir və təbliğ
etdiyi bu yazılara qarşı qızğın bir monoloq
söyləyəndə, Mir Cəlal müəllim qolumdan tutub, ancaq ona məxsus olan
bir təbəssümlə:
-
Qardaş, - dedi. - Qızıl da, xəzəl də eyni rəngdədi.
Qızıl ağır olduğu
üçün, dibə çökür, hər tərəfi
sapsarı xəzəl basır. - Sonra da həmişəki
kimi astadan gülə-gülə həmin şuxluqla: - Sən
bu camaatdan nə istəyirsən?! - dedi.
Yeri
düşmüşkən deyim ki, Mir Cəlal müəllimin
rəhbərlik etdiyi (əslində, ağsaqqallıq etdiyi və
marağı ilə yaşadığı) həmin kafedra rəsmən
"Azərbaycan ədəbiyyatı tarixi" kafedrası
adlanır, amma elə o vaxt da, aradan keçən bu qədər
illərdən sonra (o, 1978-ci il sentyabrın 28-də, 70
yaşında vəfat etdi), bu gün də o kafedra "Mir Cəlal
müəllimin kafedrası" kimi tanınır və yəqin
ki, Mir Cəlal müəllimin ruhu bundan şad olur. Vaxtilə
onun tələbələri, aspirantları olmuş cavanlar -
Firudin Hüseynov, Cəlal Abdullayev, Xalid Əlimirzəyev,
İnayət Bektaşi və başqaları o kafedranın
professorları idi, bizim görkəmli ədəbiyyatşünasımız
və tənqidçimiz Təhsin Mütəllibov isə bu
gün də oranın nüfuzlu və hörmətli bir
professorudur. Yəqin, Mir Cəlal müəllimin ruhu buna
görə də şad olur ki, onun nəvəsi, akademik Nərgiz
Paşayeva da artıq neçə vaxtdır ki, o kafedranın
professoru və müdiridir.
Mən universiteti
bitirdikdən sonra Elmi Şuranın qərarı ilə
aspiranturaya saxlandım, amma universitetə yer
ayrılmadığı üçün imtahanları verib,
Nizami adına Dil və Ədəbiyyat
İnstitutunun (sonradan iki yerə ayrılmışdı)
aspiranturasına daxil oldum və namizədlik işimin elmi rəhbərimin
kim olacağı ilə bağlı maraqlı bir hadisə də
yadıma düşür.
İnstitutun
direktoru, rəhmətlik akademik Məmmədağa Şirəliyev
artıq nəzəriyyə şöbəsinin aspirantı kimi
məni qəbul etdi və bir-iki sualdan sonra:
- Sən
elmi rəhbər kimi istəyirsən? - soruşdu.
- Mir Cəlal
müəllimi, - dedim.
Məmmədağa
müəllim eynəyinin üstündən diqqətlə mənə
baxıb:
- Axı
sən Akademiyanın aspirantısan, Mir Cəlal universitetdə
işləyir, onsuz da işi də, aspirantı da çoxdur. Nə bilirsən, razı olacaq, yoxsa yox?
- Siz
razı olsanız, - dedim, - özüm gedib ondan xahiş edərəm.
Məmmədağa
müəllim ciddi, hətta acıqlı bir tərzdə:
- Yox,
lazım deyil! - dedi və mənim
tutulduğumu görüb kefi köklüklə: - Bilirsən,
niyə lazım deyil? - soruşdu. - Dünən
Mir Cəlalla bir yerdəydik, səni soruşdu, təriflədi.
Mən özüm ona deyərəm.
Sonralar mən
böyük dilçi və türkoloq, milli dilçiliyimizin
inkişafında müstəsna xidmətləri olan, son dərəcə
alicənab, xeyirxah, sadə (və müdrik!) insan kimi Məmmədağa
müəllimin şəxsiyyətinə bələd olduqca, onda
gözəl bir yumor hissinin olduğunu da görürdüm.
Beləliklə, Mir Cəlal müəllim mənim elmi rəhbərim
oldu.
Bu yerdə
bir az kənara çıxaraq, o zaman filologiya sahəsində
böyük nüfuz qazanmış üç nəfərlə
- Məmmədağa Şirəliyev, Mir Cəlal və Məmməd
Cəfər Cəfərovla bağlı həmin nüfuzu
göstərən xarakterik bir cəhəti də desəm, elə
bilirəm ki, yerinə düşər. Dilşünaslıqda
da, ədəbiyyatşünaslıqda da professorlar elə o
zaman da az deyildi, ancaq "profassor" deyəndə,
hamı bilirdi ki, söhbət məhz Məmmədağa
Şirəliyevdən gedir. Mir Cəlal müəllimin
adı ilə tanınan kafedranı mən artıq
xatırladım - o zaman da, bu gün də "Mir Cəlal
müəllimin kafedrası". Eləcə də
heç kim Nizami İnstitutundakı
"Ədəbiyyat nəzəriyyəsi şöbəsi"nin
rəsmi adını demirdi, sadəcə, "Məmməd Cəfər
müəllimin şöbəsi" deyirdi və hamı da
bilirdi ki, söhbət hansı şöbədən gedir.
Mir Cəlal müəllimin mənə münasibətinin
necəliyi yalnız mənim söylədiklərimdən ibarət
(yəni birtərəfli) olmasın deyə, onun
özünün o dövrdə yazdığı bir
yazıdan sitat gətirmək istəyirəm. Məsələ
burasındadır ki, elə aspirant olduğum həmin illərdə
mən Yazıçılar İttifaqına üzv olmuşdum
və o zaman bunun üçün üç İttifaq
üzvü zəmanət verməli idi. Mənimlə
bağlı zəmanətləri Mir Cəlal, Məmməd Cəfər
Cəfərov və Kamal Talıbzadə yazmışdı.
Mir Cəlal
müəllim həmin zəmanətdə deyirdi: "Mənim
müşahidəmə görə, Elçin müasir ədəbi
gənclər içərisində inkişafa meyilli və ədəbiyyat
cəbhəsindəki vəzifə və məsuliyyətini dərk
edən cavanlardandır. Savad və bilikdən
başqa, Elçin öz üzərində çox işləyən,
ədəbiyyatımızın və
yazıçılarımızın qeyrətini çəkən
cavanlardandır. Qarşıdakı təşkilat və
yaradıcılıq
məsələlərində yalnız
özünü düşünmək kimi fərdi meyillər
Elçinə yaddır. Onda yaxşı keyfiyyətlərdən
biri özünə tələbkarlıqdır. Həmişə yazılarını diqqət və
məsuliyyətlə əldən çıxarır,
müasir oxucunun tələbi səviyyəsində yazmağa
çalışır. Elçin təmiz,
yığcam, savadlı, oxunaqlı hekayələri ilə bədii
ədəbiyyatımıza gəlmişdir. Müxtəsərlik, aydınlıq və sadəlik
onun ilk yazılarından özünü göstərən
keyfiyyətlərdəndir".
Bu
sözlər 1967-ci ildə yazılıb (oktyabrın 12-də)
və indi mən bu sözləri oxuyarkən fikirləşirəm
ki, əslində, söhbət o 24 yaşlı gənc, yəni
Elçin "bu cürdür!" deməkdən getmir;
söhbət daha artıq dərəcədə "bu cür
olmalıdır!"dan gedir.
4
Mir Cəlal
müəllim üç il ərzində mənim elmi rəhbərim
oldu və o üç ildə ki, mən "Azərbaycan bədii
nəsri ədəbi tənqiddə (1945-1965)" mövzusunda
namizədlik dissertasiyasını işləyirdim, Mir Cəlal
şəxsiyyətinin xüsusiyyətlərini, onun xasiyyətinin
çalarlarını daha yaxından hiss etdim.
İki cəhəti xüsusi qeyd etmək istəyirəm.
Mir Cəlal
müəllim klassik ədəbiyyatımızın tədqiqatçısı
idi: bir tərəfdən Füzuli ("Füzulinin poetik
xüsusiyyətləri", sonradan daha da təkmilləşdirdiyi
"Füzuli sənətkarlığı"
monoqrafiyası), o biri tərəfdən də XX əsrin
başlanğıcındakı ədəbiyyatımız,
Mirzə Cəlil, Sabir, Ə.Haqverdiyev, Nəriman Nərimanov,
Məhəmməd Hadi və b. ("XX əsr Azərbaycan ədəbiyyatı"
dərsliyi, "Azərbaycanda ədəbi məktəblər
(1905-1917)", "Cəlil Məmmədquluzadənin realizmi
haqqında" kimi monoqrafiyaları, bir çox məqalələri).
Yəni dediyim odur ki, quru elmi təsnifata görə, Mir Cəlal
müəllimin "ixtisaslaşması" klassik ədəbiyyata
aid idi, mən isə tamam müasir
mövzunu işləyirdim, həm də bu müasirlik mənim
üçün yalnız tarixi dövr göstəricisi
deyildi, bəlkə daha artıq dərəcədə estetik
bir kateqoriya idi və aradan keçən bu qədər illərdən
sonra tam səmimiyyətlə deyirəm ki, Mir Cəlal müəllim
ayrı-ayrı mərhələlərlə yox, Böyük
Ədəbiyyatla məşğul olduğu üçün,
eyni zamanda çox güclü fəhminə görə sənətdə
müasirliyi müasir ədəbiyyat üzrə
"ixtisaslaşmış" bir çox ədəbiyyatşünas
və tənqidçilərdən daha artıq duyur və qiymətləndirirdi.
İkinci cəhət isə Mir Cəlal müəllimin
- bu mülayim və sadə insanın - şəxsiyyətindəki
cəsarət və prinsipiallıq idi. Mən elmi işimlə
bağlı yazdığım məqalələrdə o
dövrün çox görkəmli (və toxunulmaz!), məşhur
simalarını ədəbiyyata vulqar-sosioloji münasibətlərinə
görə kəskin tənqid edirdim və
yazdıqlarımı oxumaq üçün ilk növbədə
Mir Cəlal müəllimə verirdim, bəzən də onun
"Alimlər Evi"ndəki mənzilinə gedib özüm
o məqalələri ona oxuyurdum, məhz onun tövsiyəsi
ilə həmin məqalələr universitetin "Elmi əsərlər"ində
çap olunurdu. O, - bu mülayim insan isə, ağrımayan
başını ağrıtmaqdan, yəni ədəbiyyat
generalları ilə üz-üzə gəlməkdən,
onlarla münasibətin gərginləşəcəyindən
qətiyyən çəkinmirdi, çünki onun
üçün ədəbiyyatın marağı zəmanənin
siyasi-inzibati hürküsündən, həmin "ədəbiyyat
generallarının" tənəsindən, bəzi tənqidçilərin
"intiqam almaq" (yəni mənim yazdıqlarıma görə
onun özünün əsərlərini şəxsi-qərəzliklə
tənqid etmək) kin-küdurətindən üstün idi və
onun daxilindəki cəsarət (ədəbi prisipiallıq!)
bunu açıq-aydın göstərirdi.
Mən
1968-ci ildə 368 səhifəlik dissertasiyanın son nöqtəsini
qoydum və o zamankı müdafiə prosedurları,
avtoreferatın və başqa sənədlərin rus dilinə
tərcüməsi, növbə gözləmək xeyli müddət çəkdi (özüm də
daha çox bədii yazı-pozu ilə məşğul
olurdum) və nəhayət, 70-ci ilin fevralında namizədlik
dərəcəsi almaq üçün o dissertasiyanı
müdafiə etdim. Oponentlərim professor Mirzəağa
Quluzadə və professor Mehdi Məmmədov idi.
İnstitut dilçiliyə və ədəbiyyatşünaslığa
ayrılandan sonra, bizim direktorumuz Nizami, Nəsimi, Füzuli
haqqında qiymətli monoqrafiyaların müəllifi Mirzəağa
müəllim idi və o, eyni zamanda müasir ədəbiyyatımızın
problemləri ilə də yaxından maraqlanırdı. Mehdi Məmmədov isə
böyük rejissor və teatr xadimi olmaqla bərabər, həm
də sənətşünaslıq elmləri doktoru, professor
idi və bu rəhmətliklərin hər ikisi ədəbiyyatın,
sənətin təəssübünü çəkən,
bir az gurultulu çıxmasın, elmi gələcəyin
məsuliyyətini daşıyan nüfuzlu qələm sahibləri
idi.
O
müdafiədə Mir Cəlal müəllimin
çıxışının stenoqramı çap olunub,
Mehdi Məmmədov isə müdafiədən sonra opronent rəyi
əsasında məqalə yazıb dərc etdirmişdi (Qiymətli
tədqiqat əsəri, "Ədəbiyyat və incəsənət",
28 mart 1970), bir sözlə, müdafiə yüksək qiymət
aldı, hətta unudulmaz professor Abbas Zamanov təklif etdi ki,
bir başa doktorluq adı verilsin. Bunları ona
görə yazıram ki, müdafiəmlə bağlı qəribə
(və ömrüm boyu mənimlə bağlı səciyyəvi!)
bir hadisə də oldu və bunu da qeyd etmək istəyirəm.
Sovet İttifaqında yazılmış bütün
dissertasiyaları Moskvada Ali Attestasiya Komissiyası təsdiq
edirdi və mənim də sənədlərim rus dilinə tərcümə
edilmiş müdafiə stenoqramı ilə bərabər
Moskvaya göndərildi.
Professor
(sonralar akademik) Kamal Talıbzadə Ədəbiyyat
İnstitutunun direktor müavini idi və bir gün məni
çağırıb, əlindəki kağızı
uzadaraq:
- Qəzənfər
mənə məktub yazıb, al, özün oxu, - dedi.
Rəhmətlik
Qəzənfər Əliyev Moskvada Şərqşünaslıq
İnstitutunda işləyirdi, görkəmli şərqşünas
idi, eyni zamanda Ali Attestasiya Komissiyasının elmi eksperti idi və
mən də təəccüb və maraqla o məktubda Kamal
müəllimin altından qırmızı karandaşla xətt
çəkdiyi cümlələri oxudum: yazırdı ki,
Elçinin sənədləri hələ Komissiyaya gəlib
çatmamış, ora böyük bir anonim məktub gəlib
ki, dissertasiyanı o özü yox, atası İlyas Əfəndiyev
yazıb.
Cavanlıq dövrü idi, onda mən belə
böhtanlara, bundan da çirkinlərinə hələ
öyrənməmişdim və bu mənə çox pis təsir
etdi. Bir
neçə gündən sonra bu anonim məktub əhvalatını
Mir Cəlal müəllimə də söyləyəndə,
o mənim hiddətimi və pərtliyimi görüb qolumdan
tutdu, için-için gülərək:
-
Qardaş, - dedi. - Belə
şeylərə fikir vermə. Sən hələ
bunları çox görəcəksən. Həmişə öz işində ol.
(Aradan keçən onilliklər - bu sözləri təsdiq
edə-edə keçib getdi və eləcə də davam
edir).
Mir Cəlal
müəllim özü də həyatı boyu belə
şeyləri - xainliyi, ikiüzlülüyü,
qısqanclığı az görməmişdi.
Onun daxili aləmini səciyyələndirən başqa
bir əhvalat da yadıma düşür.
Mən
Mir Cəlal müəllimin istəkli tələbələrindən
biri, professor Firudin Hüseynovun
kitabının elmi redaktoru idim və o kitaba ön söz də
yazmışdım (F.Hüseynov. Satirik
gülüşün qüdrəti, Bakı, Gənclik, 1982).
Həmin vaxtlar Yazıçılar İttifaqında o rəhmətliklə
tez-tez görüşürdük və o vaxt Firudin mənə
danışmışdı ki, əllinci illərin
sonlarında bir axşam Mir Cəlal müəllimlə Dənizkənarı
bulvarda gəzəndə (Mir Cəlal müəllimin mənzili
bulvarla üzbəüz idi və hərdən aspirantları
ilə, o cümlədən mənimlə də bulvarda gəzə-gəzə
söhbət etməyi xoşlayırdı), birdən Kirovun
Bakının ən yüksək yerindən -
dağüstü parkın təpəsindən projektor işığı altında
işıldayan və o zaman həmişəlik (əbədi!)
görünən möhtəşəm heykəlini göstərib
soruşur:
- Mir Cəlal
müəllim, sizcə, o heykəlin yerində kimin heykəlini
qoymaq olardı?
Firudin deyirdi ki, heç özüm də bilmədim, bu
sualı necə verdim, bu sözlər ağzımdan necə
çıxdı. Deyirdi, bu qəfil sualı verdim, o saat da
bütün bədənimi bir həyəcan bürüdü.
Əlbəttə,
Firudinin həyəcanını başa düşmək
çətin məsələ deyil, söhbət KQB-nin, hakim
sovet rəsmi-inzibati ideologiyasının fironluq elədiyi bir
dövrdən gedir və bu gün yəqin ki, cavanların
çoxunun tanımadığı Sergey Mironoviç Kirov həmin
ideologiyanın mütləq qəhrəmanı vəzifəsini
daşıyan bir mif idi (ADU-ya da bu ibtidai savadlı
qaynaqçının adı verilmişdi), onun Bakının ən
görümlü yerində ucaldılmış heykəli isə
Azərbaycanda sovet hakimiyyətinin, Stalin quruluşunun - Sistemin
rəmzlərindən biri idi.
Bəs, Mir Cəlal müəllimin - təkrar edirəm,
bu mülayim və təmkinli adamın o qorxulu suala
reaksiyası necə olur?
Mir Cəlal
müəllim Firudinin qolundan tutub bir an
dayanır və Kirovun heykəlinə baxa-baxa:
-
Qardaş, - deyir, - kim o heykəli oradan
yıxa bilsə, onun da heykəlini orda qoymaq
lazımdır!
Divarın
da uzun siyasi qulağı olduğu bir zəmanədə Mir Cəlal
müəllimin cavan bir aspiranta verdiyi bu cavab, əlbəttə,
dediyim həmin daxili cəsarətdən, eyni zamanda onun daxilən
zəmanəyə bəslədiyi münasibətdən xəbər
verir və bu da təsadüfi deyildi ki, bir
çoxlarının sosializm-realizmi ədəbi metoduna qulluq
edib, estetikanı, nəzəriyyəni saxta və vulqar
sosioloji hökmlərə qurban verərək, konyunkturadan eninə-uzununa
bəhrələndiyi bir vaxtda, dəhşətli 37-38-ci illər
qasırğası zamanında, əhli-qələmin bir-birinə
siyasi-sosioloji ittihamlar verdiyi bir dövrdə Mir Cəlal müəllim
Füzulini təhlil edirdi, Mirzə Cəlilin tədqiqi ilə
məşğul olurdu, əsrin əvvəllərində Azərbaycanda
fəaliyyət göstərən ədəbi məktəbləri
araşdırırdı.
Bu gün
Mir Cəlal müəllimin "Azərbaycanda ədəbi məktəblər",
yaxud "Füzulinin sənətkarlığı", yaxud
da "M.Ə.Sabirin sənət dünyası" yenidən
nəşr edilir və ədəbi ictimaiyyət bu əsərləri
yüksək qiymətləndirir, onların elmi
aktuallığına diqqət yetirir, amma bu günün ədəbi
ictimaiyyəti (və oxucusu!), məlum məsələdir,
60-70 il bundan əvvəlin, Stalin dövrünün ədəbi
ictimaiyyəti, oxucusu deyil. Baxaq görək, o
zamanın çoxmu elmi əsərlərini alın
açıqlığı ilə bu günün
oxucularına təqdim etmək olar?
Mir Cəlal
müəllimin "XX əsr Azərbaycan ədəbiyyatı"
(Firudin Hüseynovla birlikdə), yaxud "Ədəbiyyatşünaslığın
əsasları" (Pənah Xəlilovla birlikdə) kimi dərslikləri
bu gün filoloq tələbələrin stolüstü
kitablarıdır və bir daha yada salaq ki, bu əsərlər
ədəbiyyatşünaslığın (xüsusən də
dərsliklərin!) ciddi ideoloji nəzarət altında
olduğu dövrün məhsullarıdır, ancaq onlar
başqa bir məfkurə daşıyıcısı olan
epoxada, həmin ideologiyanın iflasından sonra da öz elmi-nəzəri
əhəmiyyətlərini itirməyiblər.
Bir
faktı da qeyd etmək istəyirəm: mən cavan
vaxtlarımdan etibarən öz yazı-pozumlarımla
bağlı, ümumiyyətlə, maraqlandığım
üçün, 20-ci illərdən üzü bu tərəfə
Azərbaycan mətbuatını nömrə-nömrə vərəqləmişəm
və bir çox müasirlərindən fərqli olaraq, Mir Cəlal
müəllimin hansısa "xalq düşməni" olan
bir yazıçını, ya ədəbiyyatşünası
(yəni Sistemin real faciə qəhrəmanlarına
çevirdiyi Hüseyn Cavidi, Əhməd Cavadı, Yusif Vəzir
Çəmənzəminlini, Mikayıl Müşfiqi, Ömər
Faiq Nemanzadəni, Salman Mümtazı, Qafur Kantemiri, Seyid
Hüseyni, Əli Nazimi, Bəkir Çobanzadəni, Hənəfi
Zeynallını, Hacıkərim Sanılını,
Əliabbas Müznibi, Tağı Şahbazini, Əmin Abidi, Vəli
Xuluflunu, Hümbət Əlizadəni, Atababa Musaxanlını,
Məmməd Kazım Ələkbərlini, Böyükağa
Talıblını, Sultan Məcid Qənizadəni, İbrahim
bəy Musabəyovu, İsmayıl Katibi, Əli Razini, Mustafa
Quliyevi və b., sonralar Heydər Hüseynovu) "ifşa"
edən, onların siyasi zərrəbinlə ədəbiyyatda,
elmdə "antisovetçiliyini", "millətçiliyini",
"pantürkizmini",
"burjuaçılığını",
"ziyanvericiliyini" və s. axtaran bircə yazısına
da rast gəlməmişəm.
Bu günün oxucusu hesab edə bilər ki (və əslində,
düz də edər), hərgah insan bir başqasına
böhtan atmırsa, qara yaxmırsa, burada hansı şücaətdən
söhbət gedə bilər? Amma 37-38-ci illər kontekstində, o
ab-havada bu sualın cavabı heç vəchlə bu cür
sadə və təbii bir məsələ deyildi və Sistemin
o dövrki " - Xeyir ola, sən nə
üçün susursan?" - sualından,
ayıq-sayıq və zəhmli KQB diqqətindən Sibir (ölüm!) qoxusu gəlirdi.
Söz belə
gətirdi ki, mən Mir Cəlal müəllim haqqında bir
alim, müəllim kimi danışıram, amma Mir Cəlal
müəllim, eyni zamanda XX əsr Azərbaycan nəsrinin
yükünü çiyinlərində daşıyan görkəmli
yazıçılarımızdan biridir. O, ədəbiyyatşünas-alim
kimi Cəlil Məmmədquluzadəni, Əbdürrəhim bəy
Haqverdiyevi öyrənir və öyrədirdi, bir
yazıçı kimi də onların bədii-estetik ənənələrini
davam və inkişaf etdirirdi. Mir Cəlal müəllimin əsərlərində
həmin ənənələrin duzunu hiss etmək, elə
bilirəm ki, çətin bir iş deyil.
Bir halda
ki, Cəlil Məmmədquluzadənin adını çəkdim,
bunu da deyim ki, onun, yəni Mirzə Cəlil
yaradıcılığının və şəxsiyyətinin
tədqiq və təbliğində Mir Cəlal müəllimin
müstəsna rolu var və o, bu işə hələ 30-cu
illərdən başlamışdı, bununla da bizim -
60-cı illər ədəbi nəslinin - Mirzə Cəlilə
xüsusi münasibəti üçün münbit zəmin
yaratmış əsas qələm sahiblərindən biri məhz
Mir Cəlal müəllim idi. Onun üçün Mirzə Cəlil,
bəlkə də, dünyada ən böyük
yazıçı idi və kim ki, Mirzə
Cəlili başa düşürdü, qiymətləndirməyi
bacarırdı, sevirdi, o adam da Mir Cəlal müəllim
üçün başadüşən, anlayan, ədəbiyyatı
qiymətləndirməyi bacaran bir insan idi.
"Dirilən
adam", "Bir gəncin manifesti", "Açıq
kitab", "Yaşıdlarım", "Təzə şəhər",
xüsusən Sabirin həyatından bəhs edən
"Yolumuz hayanadır" romanları bu janrın ədəbiyyatımızın
milli faktoruna çevrilməsində, nəsrimizin, ədəbi-bədii
dilimizin formalaşması və inkişafı işində
ciddi rol oynamışdır. Əlbəttə, bu əsərləri
yarandıqları dövrün mürəkkəb və ziddiyyətli
kontekstindən çıxarmaq olmaz, amma baxın, 1935-ci ildə
yazılmış "Dirilən adam" romanı 70 ildən
sonra Akademik Milli Dram Teatrında səhnələşdirilmişdir
və burada xarakterlər, insan taleləri, təsvir olunan hadisələr,
situasiyalar öz bədii kəsərini və
aktuallığını nə qədər
saxlamışdır.
Mir Cəlal
müəllimin xasiyyəti elə idi ki, ona razılıq
bildirmək, təşəkkür etmək mümkün
deyildi, o saat sənin qolundan tutub: " - Qardaş, başqa
şey danış!.." - deyirdi və
buna görə də mən Mir Cəlal müəllim
haqqındakı bu kiçik yazını ondan bir sitatla
yekunlaşdırmaq istəyirəm, bununla, bəlkə də
təvazökarlıqdan kənara çıxıram, amma elə
bilirəm ki, aradan ötən illərin sayı mənə
belə bir səlahiyyət verir.
1969-cu ildə Mir Cəlal müəllim mənim həmin namizədlik dissertasiyamdan ("Tənqid və nəsr" monoqrafiyası) bəhs edərək yazırdı: "Elçin hələ universitetdə təhsil alarkən mənim tələbəm olmuş, geniş dünyagörüşü, istedadı, fəallığı ilə diqqətimi cəlb etmişdir. Sonralar aspiranturada oxuyarkən, onun bu keyfiyyətləri daha da inkişaf etmiş və o, yaxşı bir müasir ədəbiyyatşünas - mütəxəssis kimi yetişmişdir... Təsadüfi deyil ki, onun bədii ədəbiyyatın bir sıra digər məsələlərinə aid məqalələri də professional səviyyəsi ilə diqqəti cəlb edir. Ümumiyyətlə, deməliyəm ki, Elçinin əsəri müəllifin tədqiqat bacarığını, elmi işdəki məharətini göstərməklə, həmin dövrün tənqid aləminə ayıq bir nəzər baxımından qiymətli və əhəmiyyətlidir. Güman edirəm ki, cavan alimin bu əsəri Elmi Şuramızda ləyaqətli qiymətini alacaq və çap olunarsa, oxucularımıza, ədəbiyyat maraqlılarına əhəmiyyətli bir vəsait olacaq" (Elçin. Tənqid və nəsr. Bakı, 1999, səh. 212).
25-26 yaşlı cavan bir oğlan haqqında deyilmiş və bu gün mənim üçün daha artıq qiymətli olan bu sözlərə, yaza bildiyim o ilk elmi işə, ən başlıcası isə bu sözlərin arxasında dayanmış və uzun-uzun illər keçdiyinə baxmayaraq, mənim üçün qətiyyən saralıb-solmamış o istiqanlığa görə bu yazını Mir Cəlal müəllimə minnətdarlıq hissi ilə bitirirəm.
17 oktyabr 2020
Bilgəh
ELÇİN
Ədəbiyyat qəzeti.- 2021.- 16
yanvar.- S.6-8