Qorbaçovun köməkçisi Georgi Pryaxin

1990-cı ilin yanvarında azərbaycanlıların

Moskvada keçirdikləri nümayişlər haqqında

 

SSRİ-nin rəhbəri Mixail Qorbaçovun humanitar və ictimai məsələlər üzrə köməkçisi Georgi Pryaxin 2019-cu ildə APA-nın Moskva müxbiri Fərid Əkbərova verdiyi müsahibəsində maraqlı məsələlərə toxunmaqla yanaşı, Moskvada yaşayan azərbaycanlılar üçün önəmli və qaranlıq olan bəzi məqamlara da aydınlıq gətirmişdir.

Sovet ordusunun 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qırğına etiraz olaraq Moskvadakı Azərbaycan icmasının SSRİ KP Mərkəzi Komitəsinə təşkil etdiyi yürüş və Təşkilat Komitəsinin hazırladığı Bəyanat haqqında Georgi Pryaxin ilk dəfə ilginc açıqlamalarda bulunmuşdu:

"Ayın 20-də (bu hadisə 1990-cı il yanvarın 22-də baş vermişdir - T.M.) artıq səhər saatlarında Moskvadakı Azərbaycan icması 10 minlərlə insanı küçəyə çıxarmışdı. Bu, Sovetlər dövründə Moskvada keçirilən ilk və insan sayına görə ən böyük etiraz mitinqi idi. Mərkəzi Komitənin binası önündə minlərlə insan... Bu, görünməmiş bir hadisə idi. Etirazçı azərbaycanlıların önünə mən və Mərkəzi Komitənin təşkilat şöbəsi müdirinin müavini Vladimir Babiç çıxdıq. Vladimir Stepanoviç artıq həyatda yoxdur. Etirazçı kütlə çox həyəcanlı idi. Açığını deyim, biz də qorxmuşduq... Mitinq iştirakçılarından hazırladıqları petisiyanı (Bəyanatı - T.M.) qəbul etdik və həmin petisiyanı Mixail Qorbaçova verdik.

Həmin gün Qorbaçov mənə zəng də eləmişdi. Məndən azərbaycanlıların Moskvadakı mitinqlərində neçə nəfərin iştirak etdiyini soruşdu. Ona 100 minə yaxın azərbaycanlının küçəyə çıxması haqqında məlumat vermişdilər. 100 min olmasa da, 40 minə yaxın azərbaycanlı Moskva küçələrində etiraz edirdi. Bu, Moskvadakı azərbaycanlı ziyalılarının mitinqi idi. Ona görə də mitinq zamanı heç bir qanunsuzluğa yol verilməmişdi. Sakit etiraz aksiyası idi. İndi etiraz aksiyası heç kəsdə təəccüb doğurmur. Lakin bu, həmin zaman üçün çox nadir hal və Moskva üçün "yenilik" idi".

Həqiqətən, Sovet ordusunun Bakıda törətdiyi qırğınlardan sonra "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin təşəbbüsü ilə Moskvadakı Azərbaycan icması Təşkilat Komitəsi yaratmış, Azərbaycanın Daimi Nümayəndəliyini Təşkilat Komitəsinin qərargahına çevirmişdi. Komitə Sovet hökumətinin uyquladığı məlumat blokadasını yarmaq məqsədilə gündə iki-üç mətbuat konfransını təşkil edir, Sovet Müdafiə Nazirliyi, Baş Qərargah, "Ostankino" Telemərkəzi və Sovet İttifaqı Mərkəzi Komitəsi qarşısında etiraz nümayişlərini keçirirdi.

Təşkilat Komitəsi Mərkəzi Komitəyə, Ali Sovetə və Nazirlər Sovetinə ünvanlanan "Moskvada yaşayan Azərbaycan xalqı nümayəndələrinin Bəyanatı"nı çatdırmaq məqsədilə yanvarın 22-də saat 11-də Mərkəzi Komitəyə etiraz aksiyası təşkil etdi. Altı mindən çox soydaşımızın (o illər Moskvada cəmi 20 min azərbaycanlı yaşayırdı!) qatıldığı yürüş olduqca intizamlı bir şəkildə gerçəkləşmişdi. Biz MK-ya gəldiyimiz zaman MK binasının bütün qapılarının bağlı olduğunu gördük. Əsas giriş qapısını bir xeyli döydükdən sonra iki məsul işçi qapını açıb eşiyə çıxdı. Biz onlara Sovet ordusunun Bakıda törətdiyi vəhşiliklərə qəti etirazımızı bildirdik və Moskvada yaşayan azərbaycanlıların bu olayla bağlı kəskin Bəyanatını Qorbacova çatdırmağı tələb etdik. Onlar Bəyanatımızı mütləq Qorbaçova çatdıracaqlarını bildirdikdən sonra, biz intizamlı şəkildə dağılmağa başladıq.

30 ildən sonra Fərid Əkbərovun yazısından aydın olur ki, bizimlə görüşən o iki nəfərdən biri Mərkəzi Komitənin təşkilat şöbəsi müdirinin müavini Vladimir Babiç, o birisi isə Mixail Qorbaçovun humanitar və ictimai məsələlər üzrə köməkçisi Georgi Pryaxin imiş. Georgi Pryaxinin də dediyi kimi, həqiqətən, bizim təşkil etdiyimiz yürüş "Sovetlər dövründə Moskvada keçirilən ilk və insan sayına görə ən böyük etiraz mitinqi idi". Georgi Pryaxinin dediklərindən aydın olur ki, bizim keçirdiyimiz etiraz aksiyalarından Qorbaçov xəbərdar və olduqca narahat imiş.

Bu gün əminliklə deyə bilərik ki, Təşkilat Komitəsinin 12 günlük fəaliyyəti nəticəsində Moskvada yaşayan azərbaycanlıların "Qara Yanvar"la bağlı informasiya blokadasını yarması, qanlı olaylarla bağlı xəbərləri dünyaya çatdırması, Sovet iqtidarının Azərbaycanda törətdiyi cinayətə qarşı etiraz aksiyaları, yürüşləri keçirməsi, həqiqətən, tarixi bir hadisə idi.

Bundan başqa, Sovet rəhbərliyi ilk dəfə idi ki, Azərbaycan icmasının hazırladığı kəskin məzmunlu bir bəyanatla da üzləşmişdi. Təşkilat Komitəsi tərəfindən Bəyanatın nə qədər cəsarətli və sərt bir dillə yazıldığını görmək məqsədilə onun orijinal variantını sizlərə təqdim edirəm.

 

 В ночь с 19 на 20 января 1990 года азербайджанский народ ощутил на себе всю меру демократии, отпущенной ему ЦК КПСС, Верховным Советом и лично М.С.Горбачевым.

Земля Азербайджана, народ которой в течение двух последних лет терпел непрекращающиеся акты агрессии и терроризма со стороны армянских экстремистов при участии властей, стала тем полигоном, где "новое политическое мышление" показало свои кровавые зубы.

В связи с последними событиями в стране автору нового политического мышления понадобилось продемонстрировать народам СССР свою решительность и силу, санкционировав применение оружия, танков против беззащитного азербайджанского народа, преднамеренно обвиненного в "религиозном фанатизме". Этому предшествовала опытно направляемая всё той же рукой непрерывная обработка средствами массовой информации советских людей и мировой общественности, что должно было оправдать учиненную расправу над мирными жителями города Баку.

Последнее выступление М.С.Горбачева послужило сигналом для варварских действий Советской Армии против азербайджанского народа.

Так называемое новое мышление закончилось кровавой бойней, а пространные фразы о строительстве общеевропейского дома вылились в разрушение собственного.

19 января 1990 года навсегда войдет в историю азербайджанского народа как кровавая пятница!

НАРОД НЕ ПРОЩАЕТ СВОИХ ПАЛАЧЕЙ!

ПОЗОР КРОВАВОЙ ДЕМОКРАТИИ!

 

21 января 1990

 

Tofiq MƏLİKLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 yanvar.- S.2.