Havalar soyuq keçir,

Necəsən, şanlı şəhid?

 

Dayımın nişanlı

oğlu şəhid

Əlizadə Tahirə

 

Salam, dayımın oğlu,

var, yox, necəsən?

Öncə ayaqlarını

Çatdırmışdın üçə sən,

İndi şəhid oldun!

 

Şəhid oldun, özünü

Cənnətdə tapan bala.

Sən ey ana vətənin

Bağrından qopan bala.

 

İndi yerin necədi?

İndi kefin necədi?

Xoşuna gəlirmi heç,

Məzar evin necədi?

 

Necədi öz canını

Vətənə qurban etmək,

Necədi güllələrə

Sinəni meydan etmək?

 

Dosta dəyməsin deyə,

Özünü atmaq necə?

Sinəsiylə gülləni

Havada tutmaq necə?

 

...Necə olub, mən səni

Bağrıma basmamışam?

Sağ olanda bir dəfə

Zəng edib susmamışam.

 

Balaca uşaq idin,

Əsgər zaman oldun?

Sən vaxt böyüdün ki,

Belə qəhrəman oldun?

 

Qəhrəman olmaq olmur,

Qəhrəman doğulurmuş.

Demək ki, qəhrəmanlar

Sənin kimi olurmuş!

 

Canım, dayımın oğlu,

Allaha əmanət ol.

Rahat uyu, rahat yat,

Özündən muğayat ol.

 

Şəhid

Ələkbərov Vüqara

 

Adın Vüqar, vətənin

Vüqarısan, şəhidsən,

Azadlığın, zəfərin

Nübarısan, şəhidsən.

 

Şəhidsən, bu millətin

And yeri, aman yeri,

Hörmətlə, əbədiyyən

Andığı zaman yeri.

 

Havalar soyuq keçir,

Necəsən, şanlı şəhid?

Nişan üzüyün hanı,

Hanı, nişanlı şəhid?

 

Bir qızın barmağında

Bir üzüyün izisən.

Vətənin sinəsində,

Qəhrəmanlıq medalı,

İgidliyin özüsən.

 

İndi sənin adından

Vətən güc alır, şəhid!

Şuşada, Cəbrayılda

Bayraq ucalır, şəhid!

 

Sən vətənə borcunu

Qaytarmısan, vermisən,

Şəhidliyin meyvəsin

Cənnətindən dərmisən.

 

İndi bizim borcumuz

Səni yaşatmaq olsun,

Hamımız fəda olaq,

Təki Vətən sağ olsun!

 

Şəhid

Mürsəliyev Sübhiyə

 

Bu vətənin, torpağın

Üzərində yeriyən,

Hər kəsinin şəhidi,

Kəndinin, şəhərinin,

Ölkəsinin şəhidi.

 

Necəsən, yoldaş mayor?

Vətənə sirdaş mayor!

Hamıya ata oldun,

Hamıya qardaş, mayor!

 

İndi sən yaşayırsan

Vətənin hər yerində, -

Dağda, daşda, dənizdə,

Deyim sənə, biləsən,

Qələbə qazanmışıq

Sizlərin sayənizdə.

 

Qazanmışıq Şuşanı,

Laçını, Kəlbəcəri.

Sizlər bizə yaşatdız

Bu tarixi qələbə,

Bu tarixi zəfəri.

 

Rahat uyu, rahat yat,

İgidliyi tarixə,

Yazılmış kitab mayor.

Sən daha çevrilmisən

Vətənə, cənab mayor!

 

Çevrilmisən müqəddəs

Sözlərin hamısına,

Hamımız baş əyirik

Şəhid daşından baxan

Üzlərin hamısına.

 

Sağ ol, görüşəcəyik,

İnsan yenə doğulur,

Ruhlar bətnə gəlir.

Bir ki, cənab mayor,

Dur, atanı qarşıla,

Ziyarətinə gəlir.

 

Şəhid

Yusifzadə Xudayara

 

Mahnısını dinlədim,

Bağrım başı qan oldu.

Özü tarixə döndü,

Səsiylə dastan oldu.

 

Şəhid oldu Xudayar,

Ağladaraq hər kəsi.

Qaldı bizə yadigar

Onun zəfər nəğməsi.

 

Üzündə təbəssümü

Gülləyə qarşı çıxdı,

Təsadüf oxuduğu

Qələbə marşı çıxdı.

 

Neçə belə mahnını

Özüylə apardı o.

Savaşın ortasında

Sevməyi bacardı o.

 

Oxudu vətən boyu

Qələbə nəğməsini,

Susdurdu öz səsiylə

Düşmənin gülləsini.

 

Qorudu vətəni ,

Bizi , şəhid oldu.

Səsi şəhid oldu,

Özü şəhid oldu.

 

Şəhidlik havasını

Çaldı ürəyimizdə.

Getdi Tanrıya sarı,

Qaldı ürəyimizdə.

 

Onun igidliyindən

Nəsillər danışacaq,

Vətənin ürəyində

Əbədi yaşayacaq!

 

Şəhid

Aslanov Turala

 

Sənə şeir yazıram,

Şeirin allahı şəhid,

Allahın qulu şəhid,

Vətənin şahı şəhid.

 

Sənə şeir yazıram,

Əsir əlim, ayağım.

Sən mənim vətənimsən,

Sən mənim qan bayrağım.

 

Sən mənim 93-də,

Tapdanmış şərəfimi,

Öz qanınla qaldırdın,

Əzilmiş tərəfimi.

 

Sənə şeir yazıram,

Şuşanın əli ilə,

Sənə şeir yazıram,

Vətənin dili ilə.

 

Yazıram ki, bəxtimə,

Nədən yazılmış oğul?

Sən alın yazısına,

Vətən yazılmış oğul.

 

Yazıram ki, şəhidlər,

Allahın mələyidi.

Şəhidlərin məzarı,

Anaların saçı,

Vətənin ürəyidi.

 

Sənə şeir yazıram,

Zəfər qayəsi şəhid.

Tanrı kəlməsi şəhid,

"Quran" ayəsi şəhid.

 

Sənə şeir yazıram,

Şeirlə soyumur ürək.

Şəhidliyi yazmağa

Dastan yazasan gərək.

 

Mən şeir yazıram,

Mən bir ozan, igid.

Bircə bunu bilirəm,

Sən Şuşanın bağrına.

Qələbə yazan igid.

 

Elşad  BARAT

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 yanvar.- S.4.