Qayğıdan doğulan Sabahım, salam!

Əzablar yaşamaq öyrətdi mənə...

 

Düzü, doğrusu da dəlidən betər,

Əlisi betərdi, Vəlidən betər,

Sovurur qanımı zəlidən betər

Gözəlim dünyanın pis adamları...

 

***

 

Mövlana, Yunus Əmrə biçarətək

həqiqət mənimçün hava, su, çörək.

Dünya həqiqətlə fırlanır, ürək

mənim bəxt ulduzum doğacaq bir gün.

***

 

Deyirlər, tərsinə yozular yuxu,

bilmirəm yalandı, ya doğru, Allah!

Bu gecə yuxumda rüşvət görmüşəm, -

mənim sabahımı sən qoru, Allah!

***

 

Alim bir nadana köks ötürdüsə,

aqillə həpəndin qədri birdisə,

əgər bu yaşamaq, bu ömürdüsə, -

ölüm , qalım da birdi gözümdə.

 

***

 

Gözəlləri yoldan çıxarır bahar -

hər bakirə gözəlin Ay üzündə

bir naməhrəm baxışın izi var.

 

***

 

İlahi, qədər olsa da acı, -

sağ əlim qələmimə,

ürəyim sağ əlimə,

bu dünya ürəyimə

dar ağacıdı,

dar ağacı...

 

***

 

Şəhid məzarlarına

İsa bulağından bir ovuc su at.

Dirilib ayağa qalxmasalar da,

rahat uyuyacaqlar,

qan qardaşlarım, rahat.

 

***

 

Gözəlim, dəyməsin sənin xətrinə -

bu iydə ağacı başdaşım olsa,

durub şeir yazardım onun ətrinə.

 

***

 

Bu  şeiri özgələr

oxusun deyə yazmadım -

bu şeiri gözlərinə oxudum,

gözlərin bir röyadı,

bu röyanı yozmadım...

 

***

 

Sabah eyvanımda

qaranquşlar yuva quracaq.

Sabah bahar mənim

qəsdimə duracaq.

Qərib şair neyləsin, -

Ana yurdda alçalar çiçəkləyir...

 

***

 

Əzəldən ehtiyac içində yandım,

ehtiyac içimdə odlanır yenə.

Qayğıdan doğulan Sabahım, salam!

Əzablar yaşamaq öyrətdi mənə...

 

***

 

İgid döyüşçü qardaşım Namiqə

 

Bilmirəm

                        özü bildi, bilmədi...

Bircə damcı qanı qalmamış

                        yaralı döyüşçü,  

o qədər

            qansız düşmən qanı "içmişdi" ki,

qansızlıqdan ölmədi.

 

***

 

Əli dünyadan üzülüb,

haqqa tapınan oğlan.

Sevdiyin mələkləri

gündə yüz yol öpür şeytan.

Xeyir şərdən, şər xeyirdən doğulur,

hər həqiqət bir yalana hamilə,

hər yalanda bir həqiqət boğulur.

 

***

 

Mən çıxıb gedərəm, ulduzlar qalar,

tənhalar, qəriblər, yalqızlar qalar.

Onsuz da qədrimi bilən deyilsən -

dəli könlüm yenə sızlar qalar.

 

***

 

Dövrə vurur qağayılar

içimdəki təlatüm dənizində.

Sahilə çırpılmış bir balıq kimi

dərd çapalayır

soluxmuş bənizimdə.

Son ümid can verir

ürəyimin tənhalığında -

kimsəsiz qürbət hücrəsində.

Bu gün çəkdiyim hər ahın üstündə

puçur-puçur qanlı şeh damlaları,

qəbrimə sızan göz yaşların kimi

işıldayır Ay işığında...

 

***

 

                                    Ayşənə

 

 Körpələri yuxusunda güldürən

nədir, görəsən -

şeytandırmı, mələkdirmi,

pəridirmi, fələkdirmi?..

İman yerimdi bu gün

röyada gülümsəyən göyərçin qızımın

Tanrı öpən alnı.

İlahi, əgər sənə gərəksə

halaldı o təbəssümə

bu şeiri yazan şairin

ürəyindən axan qanı...

 

***

 

Sabaha ümid yox,

Dünənsə sevmədin...

Bu gün ötüşsə

əgər beləcə

sevgisiz bir ömrə dözməyib

intihar edəcək

göy üzündə

bədirlənmiş Ay

bu gecə.

 

***

 

Miladdan min ömür sonra

yenə əlin çatmayacaq

yenə ünün yetməyəcək

otuz il öncəki ilk görüşə,

otuz il öncəki ilk öpüşə.

Bir sinədə döyünən

iki ürək parçalanar.

yaxşı ki, başın üstə

masmavi Göy üzü var,

yaxşı ki, çiçəkləyir

ağacların budağında

ilk öpüş dadı verən

qağayılı sevdalar...

 

***

 

Bu qızın ayaqları

sahilə toxunsa,

sevincdən torpağın

                        ürəyi partlar, dözməz!

 

Bu qız su pərisi kimi,

                        dənizin qoynuna atılsa,

alovlanar Qırmızı dəniz, sönməz!

 

Bu qızı Misirdən götürüb

dünyanın ən ağır xəstəsinə göstər, -

dirilib ayağa qalxar,

                                    ölməz!

 

***

 

Keçmişdə qalır hamı,

keçmiş necə evdisə.

Ölüm gəlib apardı,

kim dünyanı sevdisə.

 

***

 

Küləklər sol tərəfindən əsir adamın,

yağışlar da soldan yağır.

 

Atılan daşa sağ çiynini döndərirsən,

daş da sağdan adlayıb sola dəyir.

 

Kürəyindəki yükləri sanma kürəyin daşıyır,

sol tərəfin daşıyır o yükləri ,

o sancıları, o ağırlıqları da.

 

Hara dönsən, sol tərəfindi...

sağından vursalar da,

adam solundan ölür.

 

***

 

Başqa şəhərdəyəm...

başqa adamların arasında,

ömür ötürürəm ayrı küçələrdə.

 

Ayrı sabahlara dururam,

ayrı axşamlarda uyuyuram...

hər şey ayrı...

hər şey başqa.

 

Başqa havalardayam,

Ay başqa,

Gün başqa,

Mən başqa.

 

bircə sən başqa deyilsən,

elə həmənsən,

gözlərimdə gətirdiyim kimisən.

 

***

 

Alnımda Tanrının əli -

sevdaların ən gözəli.

 

***

 

Gül budağında quşlar oxuyur,

quşlar səsi ilə xalı toxuyur.

 

***

 

Unudulmuş kaktus adam

çiçək açdı bu axşam...

 

***

 

Pəncərəm önündə üşüyən ağac,

gəl içəri, ürəyini mənə .

 

***

 

Allah, ölümdən betərdi -

savaşmadan məğlub olmaq dərdi.

 

***

 

Rəssam dostum, Lorkayla

Müşfiqin rəsmini çək.

İkisinin gözlərində

eyni təbəssüm,

eyni hüzn,

                        eyni sevda,

ikisinin köksündə eyni ürək.

            İkisinin şeirində eyni işıq,

ikisinin çöhrəsində eyni yaraşıq.

İkisinin sinəsində

                        eyni güllə yarası...

Bir güllə məsafəsi qədərmiş

İspaniya ilə Azərbaycan arası...

Bir güllə məsafəsi qədərmiş

Pikasso ilə mənim aramdakı məsafə...

 

Elçin İSGƏNDƏRZADƏ

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 yanvar.- S.14.