"Varislər"

 

Üzeyir Əlizadə: "Onun işi insanları sevmək idi"  

 

"Varislər"in bugünkü qonağı unudulmaz müəllim, dəyərli tədqiqatçı, etnoqraf, gözəl insan, yazıçı, publisist Əli Vəlioğlunun varisi Üzeyir Əlizadədir.

 

Zəngəzur və Göyçə Azərbaycandır!

 

1940-cı ilin qışında Azərbaycanın qədim tarixi torpağı olan Zəngəzur mahalında, Mehri rayonunun Nüvədi kəndində dünyaya göz açmışdı. İbtidai sinfi doğma kəndində oxuyan Əli Vəlioğlu, onilliyi qonşuluqdakı Aldərə kəndində başa vurmuşdu. Sovet Ordusunda xidmətini başa vurduqdan bir müddət sonra Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinə daxil olmuşdu.

Əli Vəlioğlunun bütün şüurlu fəaliyyəti təkcə gənc nəslə Azərbaycan ədəbiyyatını tədris etməklə keçmədi. O, müəllimi olduğu hər kəsə vətəndaş olmağı, yurda bağlanmağı, torpağı, Vətəni sevməyi və bu uğurda ölməyi aşılamağa çalışdı. Əli Vəlioğlu taleyinə didərginlik payı düşənə qədər də, ondan sonra da ətrafında olanlara həyatlarını doğruluqla, dürüstlüklə yaşamağın şərəfini başa saldı. Bu unudulmaz pedaqoq, fədakar insan, maraqlı yazıçının varisi Üzeyir Əlizadə ilə Sumqayıtdakı çay evlərinin birində görüşdük.

 

- Üzeyir bəy, yəqin, layihəmizin formatı ilə tanışsınız. Bu gün doğma Zəngəzur camaatının sevərək xatırladığı unudulmaz müəllim Əli Vəlioğlunun varisi olaraq layihənin qonağısınız. Tale elə gətirib ki, Əli müəllimi onun "Halal çörək" romanı ilə tanımışam və bu avtobioqrafik romanda o gözəl insanın daxili dünyasının zənginliyini hiss etmişəm.

Nüvədi kəndi Zəngəzurda son ana qədər dirəniş gətirən və 1991-ci ildə xain hücumlar nəticəsində boşaldılan sonuncu qala idi. Hətta 1991-ci ildə "168 saat" qəzetində çalışdığım dönəmdə "Nüvədi - sonuncu istehkam" adlı məqalə də yazmışdım. Dekabrın 10-da keçirilən tarixi Zəfər paradında ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyev cənabları öz çıxışında qeyd etdi ki, Zəngəzur və Göyçə də Azərbaycanın tarixi torpaqlarıdır. Bu, ölkə başçısının xalqa mesajı idi və həm bizə, həm də gələcək nəsillərə ünvanlanmışdı. Biz bir qarış torpağımızı belə düşməndə saxlamayacağıq. Mehrini necə xatırlayırsınız? Yəqin, Mehridən çoxdan çıxmısınız.

 

"Nüvədi - sonuncu istehkam"

 

- Bəli, doğma kəndimizi 1989-cu ildə orta məktəbi bitirib, ali təhsil almaq üçün Bakıya gələndə tərk etmişəm. Çox doğru qeyd etdiniz ki, Nüvədi camaatı öz doğma yurd-yuvasını son ana qədər tərk etmədi və hadisələr başlayandan sonra təxminən iki il yarımdan artıq bir vaxtda erməni vandallarına qarşı dirəniş gətirdi. Məncə, bir kənd, bir elat terrorçu düşmənin azğınlıqlarına qarşı dəstək olmadan yalnız elə bu qədər dirəniş gətirə bilərdi. Nüvədi qədim tarixi olan yaşayış məntəqəsidir. Atam da bu kənddə doğulub-böyümüşdü. Ağlım kəsəndən onu vətənə, millətə bağlı bir insan kimi tanımışam. Onun "Mənim dan ulduzum" adlı ilk şeirlər kitabı Ermənistanda çap olunmuşdu. Atam həvəskar heykəltəraş idi həm də. Müxtəlif büstlər, fiqurlar düzəldirdi. Kəndin bütün şəcərəsini hazırlamışdı və həmin şəcərədə Nüvədidə məskunlaşmış bütün tayfaların soyu-kökü öz əksini tapırdı. Daha sonra kəndin folklorunu toplamışdı: maraqlı lətifələr, əhvalatlar. İlk dəfə müəllim kimi Nüvədi kəndində fəaliyyətə başladığından vəfa borcu olaraq Nüvədi kənd məktəbində dərs demiş bütün müəllimlərin albomunu tərtib etmişdi və bütün bunlar kitab kimi çap olunub. O, hər zaman müəllim adının şərəfini qorumağa çalışdı və elə bu əqidə ilə də dünyasını dəyişdi. Bu gün də şagirdləri onun xatirəsini sevgi ilə yad edirlər və o insanların hərəsinin artıq 60-70 yaşı var. Onun dərsinin bəlkə də yarısı Vətən sevgisinə, bütöv Azərbaycan sevdasına həsr olunurdu. Sovet dövründə, özü də ermənilərin əhatəsində bu mövzularda danışmaq riskli olsa da, atam bunu özünə borc bilirdi.

 

Evimizdəki xatirə

 

Evimizdə onun özünün çəkdiyi bütöv Azərbaycan xəritəsi vardı. Həmin xəritəni divardan asmışdı və evə gələn hər kəsə deyirdi ki, görün biz necə torpaqlarımızı itirmişik, amma əminəm, bir gün tarixi ədalət bərpa olunacaq, biz öz doğma torpaqlarımızı qaytaracağıq. Bu adamın içində ilahi insan sevgisi vardı. Onun əsas işi insanları sevmək idi. Dünyanın xilasını barışda, mədəniyyətdə, ziyalı düşüncəsində görürdü.

- Sənin yeniyetməliyin Nüvədidə keçib. Mehridə ermənilərin içində yaşamaq necə idi? Münasibət necə idi onlarla? O mühitdə yaşamaq sizə necə təsir edirdi?

- Mehridə cəmi bir erməni kəndi vardı. Bir də ermənilər rayon mərkəzində yaşayırdılar. Əlbəttə, hiyləgərdilər onlar, işləri düşəndə "qardaş" idilər, daldada düşmənçilik edirdilər. Mən ancaq onların azğınlığını 1988-ci ildən sonra gördüm. O vaxta qədər pusquda olan tülkü kimi səslərini çıxarmırdılar. Nənəm arada 1905, 1918-ci il hadisələrindən danışırdı. Tale elə gətirdi ki, nənəm o tarixi ömrünün sonlarına yaxın bir də yaşadı.

 

Bir ömürdə üç dəfə...

 

Nənəmgilin ailəsi əvvəl 1918-ci ildə Andranikin silahlıları tərəfindən bir dəfə Nüvədidən çıxarılmışdı, 1991-ci ildə növbəti dəfə öz doğma yurd-yuvalarından didərgin düşməyə məcbur oldular.

Mehrinin çox gözəl təbiəti var... Həm doğulduğum yer, həm də xatirələrimi qoyub gəldiyim doğma yurd-yuva kimi hər dəfə oraları yada salanda kövrəlirəm. Mən Avropanın bir neçə ölkəsində olmuşam, amma inanın, o cür gözəl yerlər görməmişəm.

Ermənilər həmişə bizə qısqanclıqla yanaşıblar. Elə olurdu ki, məktəb tədbirləri ilə bağlı rayon mərkəzinə gedirdik. Erməni yaşıdlarımız aranı qarışdırırdı, mütləq dava-dalaş düşürdü. Həmişə bizə nifrət etdiklərini bilmişik, amma bunu qabartmağa cürət etməyiblər. Biz bu nifrətlə paralel yaşamağa məhkum olmuşduq. Ata babam o ətrafda Usta Vəli kimi xatırlanır...

- Belə çıxır ki, Əli müəllim "Halal çörək" romanını atasına həsr edib.

- Bəli. Vəli babam 1975-ci ildə dünyasını dəyişdi. Hamı ona hörmət edirdi. Əlinin zəhməti, alnının təri ilə yaşamışdı. Kənd qəbiristanında camaatın təşəbbüsü ilə onun məzarı üstündə büstü ucaldılmışdı. Mehridə neçə-neçə ailə üçün ev tikmişdi, hamı onu hörmətlə anırdı.

- Millət olaraq çox qəribə taleyimiz var. Dünyanın ən mənfur milləti ilə qonşu yaşamağa məhkumuq. Amma ermənilərin nə mal olduğunu bilə-bilə illərlə onlarla yoldaşlıq eləmişik, onlardan kirvə seçmişik. Nəyə, yaxud kimə lazım olub axı bu etibar göstəricisi?

 

Bizim etibarsız kirvələr

 

- Mən ermənilərin xislətinə yaxşı bələdəm. O millət xəstədir. O millətin genetik psixoloji problemi var. O psixoloji problemin bir göstəricisi də onların hiyləgərliyidir. Ermənilər dünyanın harasında olsalar əgər birinə salam verib, qardaş deyirlərsə, demək 20 ildən, 50 ildən sonra ondan istifadə etməyi planlaşdırıblar.

- Mən buna uzaqgörənlik deyərdim. Bizim kimi saf millətlərin başına gələn ən böyük bəlalar etibar məsələsi ilə bağlı olub.

- Uzaqgörən ola bilərlər, amma şəxsiyyətsizdirlər axı. Bütün uzaqgörənlikləri xəyanətə hesablanıb.

 

İt ilə dost ol, amma...

 

- O zaman biz bunu evlərimizdə böyüyən körpələrə də başa salmalıyıq, vəsiyyət eləməliyik ki, erməniyə güvənməsinlər. Biz qonşuyuq və qonşu olmağa məhkumuq. Bu coğrafiyadan bir yerə getmək fikrimiz yoxdur, o zaman bir an olsa belə "it ilə dost ol, amma çomağı əldən qoyma" məsəlini unutmamalıyıq.

- Biz safıq da. Unutqanıq. Biri üzümüzə güldüsə, elə bilirik hər şeyi bizə bağışladı. Amma, məncə, bundan sonra heç nəyi unutmağa haqqımız çatmır. Çünki bu unutqanlıq bizə on minlərlə şəhid verdirdi, yurd-yuvasından didərgin düşmüş milyondan çox insanın acı taleyinə səbəb oldu. Erməniyə rəhm etmək, güvənmək söhbəti bitdi...

- Əli Vəlioğlunun yaradıcılığından danışaq. Kitablara fikir verirəm, bunların demək olar, böyük əksəriyyəti 1991-ci ildən sonra qələmə alınıb. Belə çıxır ki, vətəndən didərgin düşmək Əli müəllimi öz hücrəsinə çəkilib yazmağa vadar elədi? Bu, təskinlik, baş qatmaq üçün vasitə idi, yoxsa daxili tələbatı ödəmək istəyindən, yaradıcılıq eşqindən doğurdu? Bir də... yalnız kamil insanların həyat təcrübəsi, mütaliəsi, dünyagörüşü, həyatı dərk etməsi onlarda müdrik sözlər, aforizmlər yazmağa cəsarət yaradır. Əli müəllimin "Aforizmlər" kitabı diqqətimi cəlb etdi.

- Atamın bir yazıçı kimi yaradıcılığının əsas hissəsini onun bu aforizmləri təşkil edir. Bu fikirlər dediyiniz kimi, onun çoxillik həyat təcrübəsinin hesabatıdır. Bu, çox məsuliyyətli bir işdir. Əmim də şairdir - Həmzə Vəli. Digər əmim Fəxrəddin Vəli rəssamdır, ustad Şəhriyarın şeirlərinə çəkdiyi illüstrasiyalarla məşhurdur. O biri əmim Tariyel Azərtürk şumerologiya ilə məşğul olur. Bibim də, bibim qızları da şeirlər yazır. Yəni Usta Vəli kimi xatırlanan o sadə, zəhmətkeş adamın ailəsi cəmiyyət üçün gərəkli insanlar yetişdirib.

 

Usta Vəlinin ailəsi

 

Bizim nəsildən heç kəs kiməsə pislik etməyib. Bizə sadəcə ədalətli və mərhəmətli olmağı öyrədiblər. Mən atamdan bu xüsusiyyətləri götürmüşəm, atam öz atasından və s. Böyüklərimiz heç vaxt bizə bunu belə elə, belə yaşa və s. deməyiblər. Sadəcə, onlar öz həyat tərzləri, davranışları ilə örnək olaraq, bizə yol göstəriblər. İnsan böyüdüyü mühitdə cilalanır, biz belə böyümüşük.

Usta Vəlinin Nüvədidə dəyirmanı olub, böyük meyvə bağı olub. Özünün də əlindən usta kimi hər iş gəlib. Bu adam öz halallığı ilə ad çıxarıb. Sovet hakimiyyəti qurulandan sonra bağı, dəyirmanı da alıblar əlindən. O, böyük bir qayanı çapıb arx çəkmişdi, kəndə su gətirmişdi. Ehtiyacı olana əl tutmaq, son tikəsini bölüşmək Usta Vəlinin yaşamaq səbəbi olub. Təhsil almayıb, amma Füzulidən, Nəbatidən qəzəllər deyirmiş. Erməni-müsəlman savaşında bir müddət Bakıda işləyib, sonra yenidən Nüvədiyə qayıdıb. Nüvədililər bir əhvalatı hələ də xatırlayırlar. Kənddən rayon mərkəzinə gedən maşın aşır, böyük faciə baş verir. Atam da həmin maşında olur. Kənd adamları xəbəri eşidən kimi hadisə yerinə getməyə tələsiblər. Usta Vəlini görəndə deyiblər ki, sən narahat olma, sən o qədər halal adamsan ki, Allah oğlunu hər bəladan qoruyar. Elə də olur. O qəzadan sağ çıxan bir-neçə nəfərdən biri də atam idi.

- "Həsən kişinin dedikləri" hekayəsində bir yer var. Müharibədə "nemesi" görüb muğam oxuyan sovet əsgəri. Açığı, bu yer mənə bir qədər uydurma kimi göründü.

- Qətiyyən. Əvvəldən də qeyd etdim ki, "Halal çörək" avtobioqrafik əsərdir və real hadisələr əsasında qələmə alınıb. Ümumiyyətlə, atamın əsərlərinin əksəriyyəti real hadisələri əks etdirir. Dediyiniz hekayədəki sovet əsgəri atamın dayısı olub. Almanların əhatəsində qalıblar. Ərzaq da qurtarıb, su da. Atamın dayısı ilə başqa bir azərbaycanlı əsgər çaydan su götürməyə gediblər. Qabı dolduranda görüblər ki, qarşı sahildə iki alman əsgəri avtomatlarını onlara tuşlayıb. Onları əsir götürmək fikrində olublar. Əsgər yoldaşı deyib ki, sən təmkinli ol, mən onların ürəyinə rəhm salaram.

 

"Nemes" əsgərləri üçün oxunan muğam

 

Başlayıb çox ucadan "Mirzə Hüseyn" segahını oxumağa. Almanlar sakitcə onları dinləyib və sonda avtomatları aşağı salıb "danke schön" - yəni "sağ olun" deyib, uzaqlaşıblar. Atam bu hadisəni ədəbiyyata gətirməklə sovet adamının təsəvvüründəki "nemes" mifini dağıtmaq və Azərbaycan musiqisinin, muğamın ilahi qüdrətini təsvir etmək istəyib. Əslində, almanlar "düşmən" olsalar da, mədəniyyətlərini qoruyublar, amma erməni yüz il qala belə bir məqamda o humanizmi göstərməzdi. Erməni təkcə bizi mullət olaraq düşmən bilmir, onlar bizim mədəniyyətimizi də, tariximizi də, adət-ənələrimizi də işğal etməyi qarşılarına məqsəd qoyublar.

- Əli Vəlioğlunun ömrü müəllimlikdə keçib. Yəqin, sizin də ilk ədəbiyyat müəlliminiz həm evdə, həm də məktəbdə atanız Əli Vəlioğlu olub.

- Bəli, atam mənim ədəbiyyat müəllimim olub. Əmim Həmzə Vəli ilə atam hər axşam bizim evə yığışardılar. Ocaq bizim evimiz idi, çünki babam Usta Vəli bizimlə qalıb. Evdə ədəbiyyat, fəlsəfə, tarix söhbətləri gedirdi. Uşaq idik, bir kənarda oturub, onlara qulaq asırdıq. Başa düşmədiyimiz çox şeylər olurdu, soruşurduq və bir uşağın başa düşə biləcəyi, anlaya biləcəyi tərzdə cavablar alırdıq. Əlbəttə, bu bizim formalaşmağımıza təsir edirdi. Atamın gözəl bir sözü vardı. Deyirdi, övladlarınıza tərbiyəni onlarda vərdiş halına gələnə qədər verin. 

- İnsan uşaqlığından qopanda saflığını itirir. Bizim yaddaşımızın formalaşmasında əsas proseslər 5-7 yaşına qədər gedir, daha sonrakı mərhələdə biz yaddaşı möhkəmlətməklə məşğul oluruq. Taleyimizə uşaqlıq yaddaşınızdan zorla qoparılmaq düşdü. Sizi su içdiyiniz bulaqlardan qoparıb şəhərin səsli-küylü xaosunun içinə atdılar. Hər birimizin bir nağılı da var axı... O nağıl insanı ömrü boyu təqib edir.

 

Bizi təqib edən nağıllar

 

- Əlbəttə, insanı bağlı olduğu keçmişindən zorla ayırmaq faciədir. Gün gəldi böyüdük və bir də ayıldıq ki, əlimizdə avtomat evlərimizi qorumalıyıq. Hər kəs öz evini qorumalıdır və bundan şərəfli heç nə ola bilməz. Amma güc balansı pozulursa, araya xəyanət girirsə və insanı zorla məğlub edirlərsə, o zaman insan ruhunun üsyanı başlayır. Adam qisasçılıq hissi ilə alışıb-yanır.

Biz XX əsrin sonlarında növbəti erməni terroru nəticəsində doğma yurd-yuvasından didərgin düşməyə məhkum olan ilk insanlar idik. Yəni ən uzun qaçqınlıq bizim payımıza düşdü. Müharibədə qazandığımız tarixi qələbə bizim təhqir olunmuş qürurumuzu geri qaytardı. Artıq biz qalibik, bundan gözəl hiss ola bilməz. Əminəm ki, yaxın vaxtlarda Zəngəzur və Mehri düyünü də çözüləcək. Əminəm ki, mən yenidən babamın qəbrini ziyarət edə biləcəyəm. O cığırlara, o çəmənliklərə bir də ayağım dəyəcək.

Möhtərəm Prezidentimiz Zəfər paradında qeyd etdi ki, Göyçə və Zəngəzur da əzəli Azərbaycan torpaqlarıdır. Başqa bir çıxışında isə hətta demişdi ki, Ermənistan Respublikasının özü də tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ermənilərin çox mənfur siyasəti var, bütün tarixlərini daha qədimə çəkmək istəyirlər. Çünki lap qədim tarixə getdikcə dəqiq mənbələr tükənir, bundan sonra "tarixin" nağıl, uydurma janrı başlayır. Birmənalı şəkildə Zəngəzur və Göyçə məsələsi də həll olunacaq, amma buna bir qədər zaman lazımdır.

- Elə yazıçılar, şairlər var ki, övladlarına kitab oxutmaq bir yana, heç öz yazdıqlarını belə oxuda bilmirlər. Siz yazıçı Əli Vəlioğlunun kitablarını oxumusunuz? Və əgər oxumusunuzsa səmimi deyin, daha çox hansı əsərini bəyənirsiniz?

- Hər gülün öz ətri var. O kitabların çoxu gözlərim önündə yazılıb, onlarda təsvir edilən hadisələrin bəzilərinin şahidi olmuşam, bəzilərini kitaba düşənə qədər eşitmişəm. Əlbəttə, hamısı mənə doğmadır, amma "Halal çörək" möhtəşəmdir. Mən az qala o kitabın hər sətrini, hər səhifəsini əzbər bilirəm.

 

Köhnə makina və əlyazmalar

 

Bir gün özünə köhnə makina alıb gətirdi evə. Özünün kiçik hücrəsi vardı, qışın soyuğunda, yayın bürküsündə fərq etmirdi, ora çəkilib saatlarla yazırdı. Əvvəl əlyazma ilə yazırdı, sonra səliqə ilə özü makinada üzünü köçürürdü.

Hiss edirdim, atam doğma yerlərin xiffətini çəkirdi. Düzdür, doğmaları, övladları yanında idi, amma yurd həsrəti başqa şeydir. Məncə, o öz hücrəsinə çəkilib xatirələri ilə baş-başa qalanda, o xatirələri yazıya çevirəndə xəyalən yurduna qayıdırdı.

- Əli Vəlioğlu 79 yaşında dəyişdi dünyasını, amma valideyn itkisinin yaşı olmur. Nə qədər valideyn sağdırsa, adam bəzən özünü uşaq kimi hiss edir.

- Övlad olmaq çətindir. Sən yaşa dolduqca ən doğma bildiyin adamlar bir-bir səni tərk edirlər. Gözlərin önündə qocalır, zəifləyir, gücünü itirir və bir gün də əbədi olaraq sənin dünyandan köçüb gedirlər. Atam rəhmətə gedəndə onun ölüm şəhadətnaməsini mən aldım. Atamın bir sözü vardı: ömrümə məxsus olan yeganə bir tarixi bilməyəcəm. O da ölüm günümdür. Mən isə o sənədi alanda düşündüm ki, insan öz ömrünə aid olan, özünə məxsus iki sənədi ala bilmir. Bir doğum şəhadətnaməsini, bir də ölüm şəhadətnaməsini. Doğum şəhadətnaməsini valideyn sevinə-sevinə alır, ölüm şəhadətnaməsini isə övladı pərişan halda alır. Dünyada bəlkə də, çəkicə ən ağır sənəddir ölüm şəhadətnaməsi. Evdə ölüm və doğum şəhadətnamələrini yanaşı qoyub baxdım və çox kövrəldim. O iki sənədin arasında Əli Vəlioğlu ömrü vardı. İnsan Allahın bu qanunauyğunluğu qarşısında nə qədər aciz, gücsüz olduğunu o zaman hiss edir. Mən atamın ölümü ilə təkcə valideyn itkisi yaşamadım. Bu itki həm də böyük bir şəxsiyyətin, böyük bir Azərbaycan ziyalısının və milliyyətçisinin itkisi idi.

 

Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 yanvar.- S.16-17.