Sulu qar

 

Yaman ağlağan olmuşam bu son günlərdə,

sulu qar kimi yağıram elə hey yerə.

Qocalıqdandır  görünür,

ürək dediyin yumşalır vaxt ötdükcə.

 

Halbuki söz eşitməzdim,

                        çıxmazdım meydanlardan,

insanlığı dəyişdirməkdi yeganə dərdim.

Guruldar, şimşəktək çaxar,

                        yan qaçıb ağrılardan

bilməzdim həyat sıxaraq verir ürəyə verdiyini.

 

Eşqlərimi daim bu cürə yaşadım.

Elə bu cürə bərkidi polad,

beləcə açdım illərin yumağını.

 

Halbuki ağlağan olmuşam bu son günlərdə.

Qasırğaya tuş gəldiyimiz zaman, indilərdə

bir döyüşçü ürəyinin yerinə

sanki bir qadın ürəyidir sinəmdə.

 

Şeir

 

Şeir bitdisə işığa can atar,

Şeirin işıqtək gözəl bir eyvanı var.

 

Oxunduqca surətlər dil-dil ötər,

Dirilər dərisi soyulmuşlar asilər.

 

Axşama qədər durmadan çalar

Hər sözdə dodaq qarmonları, ansambllar.

 

Dildəki bütün bataqlıqlar quruyar,

Bütün cümhuriyyətlər önündə sayqı duyar.

 

Hər kəs mənasını yozar özünə,

Yalnız sirr çıxar xəyalın tərəzisinə.

 

Artıq hörmətli Əli, aslan ovçusu Həmzə,

Dünyanın ən güclüsüdür altındakı imza.

 

Tanınmış bir şair dedi

 

Ataol Bəhramoğluna

 

Tanınmış bir şair mənə

başqa bir şairin yanında söylədi:

"Anlamıram, axı sən qarslısan,

sənin kimi intellektual,

hermetik şeir yazan

necə çıxıb ordakı torpaqlardan?".

 

Şeirim necədir, bilirəm, gözləri...

Qaranlığı gözləyən biri kimidir sözlərim.

Şeiri ürəyində gəzdirənlər bunu bilir -

məmləkətim öz ucalığında, yerindədir

şeirim məmləkətim kimidir -

çayları tərsinə axan Qars kimi...

 

Məni xoşhal edib güldürənsə bu:

bu ölkələr görmüş, tanınmış şairlə

zaman görüşsək burulğan kimi

qarışar yenə sularımız bir-birinə.

qucaqlayıb şeiri sevgili əvəzinə

Çəkərik içimizə Türkiyə havasıyla,

İstanbula seyrək yağan

üstümüzdə əsən qar havasıyla.

 

Heç yaşanmamış kimi

 

Sanki yaşayan biz deyilmişik olanları,

o sözləri danışan biz deyilmişik.

Yuxudakı dəniz, ağaclardan boylanan Ay

ilişib qalıbdır uzaqda.

Bu qədər günü-gündüzü

                        don vurub sazaqda.

O davalar edən biz deyilmişik uşaq kimi,

bir-birini yox edəcəkmiş kimi

                        sevişən biz deyilmişik.

Gülən biz, ağlayan biz, xəyal quran biz...

Sanki işləyib yalnız ölümün saatı -

Sanki başqa gerçək, başqa insanlar -

oldusa hər şeyi yenə orda yaşayırlar.

Amma biz artıq o biz deyilmişik.

 

Dünyaya nəsə olur

 

Dünyaya nəsə olur,

qabığı çatlayır yerin.

Sanki bir meşə yanır,

burnuma yanıq qoxusu dolur ağacların.

Cümlə heyvanat qaçır ora-bura.

 

Allah ağlayarmı heç

xəlq etmişkən bu qədər xəyalını?

Amma duyuram hıçqırıq sədasını.

Cin şüşədən çıxmış,

bəllidir taleyi insan oğlunun.

 

Dünyaya nəsə olur,

ağlım, fikrim qarışır bir-birinə.

Xoş-xoş zillənirəm şeirimə,

bu da, sanki bir əlamətdir.

Durmadan cümlələrə yağır qar.

deyir ki, qarın xışıltı səsi:

başlarla görə bilmir işini artıq ayaqlar.

 

Su

 

Kərbəlanın xatirəsinə

 

Bütün çıxışlar qapalı,

Çayın qarşısı büsbütün kəsilmiş.

İçim-çölüm qum.

Bədənimdə partlayan günəşlər var.

Sürürəm, sürürəm atımı,

Suyun xəyalı çatlayır bədənimdə.

 

Çalın qılıncınızı,

Mahmızlayın atları üstümə.

Hər yaramda bir Fərat,

Hər nərəmdə bir çöl var.

Məni hər gün beləcə öldürün,

Andıqca məni içinizə gömün.

 

Mətin ÇİNGİZ

 

Təqdimat tərcümələr

Səlim Babullaoğlunundur

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 yanvar.- S.29.