Mətin Çingiz: "Şeir

bizim varlığımızın dilidir"  

 

Mətin Çingizlə (Metin Cengiz) 2007-ci ildə, İstanbul Beynəlxalq Kitab Sərgisində tanış oldum. Belə deyək, təsadüfən. Sərginin bir salonunda Nazim Hikmət Vəqfinin lövhə və divarlarına yaxın bir yerdə... Hansısa kitabların, dərgilərin qiymətini soruşdum... Soruşduğum qız cavab verənə qədər arxada əyləşmiş üç nəfərdən biri dilləndi: - Qardaş, Azərbaycandansan? - Bəli, - dedim və üzünə diqqətlə baxdım. - Mətin Çingiz?! - bir az tərəddüdlə soruşdum. - Bizi Azərbaycanda da tanıyırlarmış, - yanındakılara baxaraq, məmnunluqla söylədi.

Məşhur şair və çağdaş türk şeirinin ünlü nəzəriyyəçisi kimi tanıdığım Mətin bəylə təxminən bir 10-15 dəqiqə söhbətləşdik onda. Qarslı olduğunu öyrəndim. Yanındakılar da qoşuldu söhbətə. Biri Bolqarıstanda yaşayan türklərdəndi, rus dilinə keçirdi arabir.

O ilk görüşdən sonrakı 12 il ərzində Türkiyəyə ən azı 12 dəfə getsəm də, Mətin bəylə heç vaxt görüşmədik. Bir də yalnız 18-ci ilin mayında Rumıniyada, Yassı şəhərində keçirilən Beynəlxalq Şeir Festivalında rastlaşdıq.

Bilməyənlər üçün Mətin Çingiz barədə bir az yerindəcə məlumat verim. 1953-cü ildə doğulub. Dediyim kimi, Qarsda. Mərmərə Universiteti fransız dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Müxtəlif illərdə fransız dili müəllimi olaraq çalışıb. "Bir tufan sonrası", "Böyük sevişmə", "Ələmli şeirlər" və başqa çox sevilən və ədəbi tənqidin diqqətini çəkən şeir kitablarının müəllifidir. Eyni zamanda olduqca maraqlı, populyar ədəbi araşdırma və nəzəri kitabların müəllifidir. Şeirləri dünyanın onlarca dilinə çevrilib və həm ayrıca kitab kimi, həm də nüfuzlu toplu və dərgilərdə nəşr edilib. Behcət Nəcatigil Ödülünə (1996), Məlik Cövdət Anday Şeir Ödülünə (2010), Beynəlxalq Tudor Arghezi Mükafatına (2011 ), Mersin şəhərinin Ədəbiyyat Mükafatına (2014) və başqa ədəbi ödüllərə layiq görülüb. Türkiyə Yazarlar Sindikatı və PEN-in üzvüdür. Çağdaş Türkiyənin dünyada ən çox çap olunan şairlərindəndir. Hal-hazırda "Şiirden" dərgisinə və eyniadlı nəşriyyata rəhbərlik edir. Azərbaycan dilinə bir çox şeirlərini ilk dəfə istedadlı həmkarımız Oqtay Hacımusalı tərcümə edib.

Xeyli maraqlı söhbətlərimiz və bərabər gəzintilərimiz oldu festival günlərində. Onlardan birini yaddaşımdan və yarımçıq qeydlərimdən bərpa edirəm.

Soruşuram: - Aşağı-yuxarı 40 ildir şeir yazırsınız. Şeir diliniz, təfəkkürünüz necə dəyişib?

Cavab verir: - İlk şeir yazdığım gündən bu günə qədər oxumaq istədiyim, istədiyim şeiri yazmağa çalışdım. Yaşadıqlarımı, duyğu bə düşüncələrimi şeirin imkanları və əlbəttə, şeirin diliylə yazmaq məqsədim həmişə təyinedici rol oynadı. Bunun üçün, belə bir şeir yazmaq üçün çox çalışdım. Modern şeir, günümüzün şeiri heç də zənn edildiyi kimi dediklərimi gerçəkləşdirməyə hazır bir şeir deyil. Modern şeirdən öncəki şeiri şərtiliklə klassik şeir hesab etsək, həmin şeirin danışıq dili ilə yazılan və hər şeyi ilə bəlli bir dünyanın şeiri olduğunu da bilməliyik, yəqin. Amma indiki dünya çoxqatlı, qarışıq bir dünyadır (Mətin bəy burda bir "göstərgəbilimsəl" kəlməsi işlədir, söz xoşuma gəlir, fikirləşirəm ki, bu sözün "görünənelmi", "vizualelmi" sinonimləri ola bilər). Yaşadığımız dünya kimi çoxqatlı, çoxstrukturlu dünyanı ancaq imgə (xəyal, təsəvvür) ilə qavraya bilərik. İmgə ağırlıqlı şeirlə. Ona görə də bu cür şeirlər yazmağa çalışdım və get-gedə bu yönü dərinləşdirdim ki, bu da düşünüldüyü kimi asan deyil. Çünki anlaşılmaz, yığma misralarla dolu, gözəl görünən, amma içi boş, imgəyə boğulmuş şeir yazmaq təhlükəsi var. Dilin açıq və anlaşılan bir dil olması gərəkli, imgə məna istehsal etməlidir.

Soruşuram: - Dünyanın şeir səhnəsi necə dəyişib, bu dünyada şeirin yeri hardadır, sizcə?

Cavab verir: - İndiki dünya insanın cəmiyyətdən daha çox ayrı düşdüyü, tənhalaşdığı, sistem qarşısında daha gücsüz qaldığı bir dünyadır. Fikrimcə, insan belə bir dünyada şeirlə daha çox dirəniş göstərə bilər, çünki şeir bizim varlığımızın dilidir. Həm də yeganə dili. Ona görə də çağdaş dünya texnologiyalarının öz imkanları ilə insanı əsir alıb şeirsiz bir dünyaya məhkum edərkən, insan da təzadlı bir şəkildə, bəlkə də imkanlarla şeirə daha çox ehtiyac duyar.

Bizim şeiri nə qədər tanıdığını və Türkiyədə nə qədər tanındığını soruşuram.

Deyir ki, hər nə qədər yaxın olsaq belə, bir millət sayılsaq belə, mədəni əlaqələr çox zəifdir. Nizami Gəncəvi, Nəsimi, Füzuli kimi klassiklər xaricində bir az Əhməd Cavad, bir az Bəxtiyar Vahabzadə kimi şairlər tanınır. Yazıçılardan da Anar. Yəni daha çox bunlar. Görülməli çox var.

İndi isə "Ədəbiyyat qəzeti"nin dəyərli oxucularına Mətin bəyin 6 şeirini təqdim edirəm.

 

Təqdimat və tərcümələr

Səlim Babullaoğlunundur

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 yanvar.- S.29.