Qədim türklərin "Ay-Ata və mağara" əfsanəsi  

 

Qədim türklərin Yaradılışla bağlı bir əfsanəsi var. Bu əfsanə 1954-cü ildə Kembricdə 23-cü dünya şərqşünasları Konqresində, altaistika bölməsində türk alimi P.N. Borotavın məruzəsindən sonra şöhrət qazanmışdır. Əfsanə XIV əsrdə Misirdəki türk (məmlük) hakimiyyəti dövründə yaşamış tarixçi Əbubəkr ibn Abdallah Davadarinin dünya tarixi "Kanz ad-durur wa gami al-gurur" (1309-1328-ci illərdə yazılıb) adlı əsərində yer alıb. Davadari bu əfsanənin qədim bir türk mətninin ərəbcə tərcüməsi olduğunu və X əsrə dayanan bir ərəb əlyazmasında oxuduğunu bildirir. Əfsanənin məzmunu belədir.

"Böyük tufan zamanı, Çin sərhədində, Karatağda bir mağaranı su basdı, oranı gillə doldurdu və gil bir çuxura dolub insan bədəni forması aldı. Doqquz ay ərzində günəş şüalarının təsiri altında model forma canlandı. Bu ilk insanın adı Ay-Atamdır və o 40 il tək yaşadı. Sonra yenə daşqın sayəsində ikinci adam, amma bu bu dəfə qadın şəklində dünyaya gəldi. Onun adı Ay - Ava idi. Onlar evləndilər və 40 uşaq doğdular. Bütün türklər onların evladlarıdır. Ay - Atam dünyadan köçəndən sonra onu həmin mağarada dəfn etdilər. Bu mağara bütün türklərin sitayiş yeri oldu.

Türklərin səcərəsindən (J.P.Ru) bəhs edən bu əfsanə qədim türklərin inanc sistemini rekonstruksiya etmək üçün bir çox mətləblərə aydınlıq gətirə bilər. Əvvəla o daha qədim bir əfsanənin günümüzə gəlib çatan əks-sədasıdır. Burada etruskların inac sistemi ilə səsləşən paralellər var. Ay Ata - Ayta kultu, Mağara-Mundus kultu, Arsena-Aşina, müqəddəs Qurd kultu. Burada Tövratla səsləşən məqam da var - gildən yaranan ilk insanlar, Ay-Atam - (ADAM), Ay-Ava - (Eva - Həvva). Yaradıcı kimi çıxış edən Günəş və Mağara (Ana bətni) ilk insanı gildən yaradır. Bu əfsanə insanlar arasında Günəş və Ay kultunun geniş yayıldığı çox qədim zamanların əks sədasıdır. Bu kultun elementlərini biz qədim hunların (xunnuların) inanc sistemində də görürük.

Böyük Türk xaqanlığını yaradan Aşina (Arşina) nəslindən olan Göy türklərin dini inancları barədə ən qədim yazılı məlumatları biz qədim Çin sülalə səlnamələri "Veyşu" və "Suyşu"dan alırıq. "Veyşu" türklərin dini ayinlərini belə təsvir edir:

"1) Xan qərərganına giriş gündoğar ölkəyə ehtiram olaraq Şərqdəndir. 2) (Xan) hər il bütün əyyanları ilə bir yerdə əcdad mağarasında qurban mərasimi keçirir. 3) Beşinci Ayın orta dekadasında digərlərini də toplayıb "Səma ruhuna" qurban verir. 4) Dugindən qərbdə 500 li məsafədə zirvəsində ağac və bitkilər olmayan Bodin-inli adlı yer var, - tərcüməsi "ölkənin hami-ruhu deməkdir".

Buradan aydın olan nədir? - (1) qədim türklərdə günəş və Ay kultu vardı (Hun hökmdarı-şanyuy (heroqlifin başqa oxunuşunda Tan-hu) gündə iki dəfə, gündüz günəşə, gecə Aya dua edirdi). (2) Əcdad mağara kultu vardı - onu yalnız elita, Aşina nəslindən olanlar icra edirdilər, (3) "Səma ruhu" kultu vardı - onu bütün xalq icra edirdi. (4) Bodin-inli adlı dağ kultu vardı.

"Suyşu" isə türklərin inanclarını belə təsvir edir: "Ruhlara və qara qüvvələrə tapınır, cadugərlərə inanırlar".

Hər iki məlumata nəzər salanda belə nəticəyə gəlmək olar ki, Çin səlnaməçilərinin müşahidəsinə görə Göy Türk dövlətində elitanın, (türk bəglərin, Aşina evladlarının) qurban mərasimi eynilə etrusklarda olduğu kimi, xalqın (qara budun) qurban mərasimlərindən fərqlənir. Əcdad mağara kultuna və onunla bağlı olan Qurd simvoluna tapınma türk-Aşinalara aiddir. Bu inancın qədimliyini və sistemli bir şəkildə mənimsənildiyini göstərən əsas faktor odur ki, 552-ci ildə Göy Türk xaqanlığı elan ediləndə onun hazır dini sistemi və qurdbaşlı bayraqları vardı. Bütün xalq tərəfindən, o cümlədən hələ fəth edilməmiş bir çox qonşu xalqlar tərəfindən qəbul edilən, Çin səlnaməçilərinin "Səma ruhu" adlandırdığı Göy Tanrı inancı vardı. Orxun yazılarında Göy Tanrı ilə yanaşı Umay və Yer-Su adlı ilahi varlıqların da adı keçir. Amma indi bizi Əcdad Mağara daha çox maraqlandırır, çünki bu mövzu Aşina (Arsina) və Arsena (Etrusklar) etnosları arasında əsas bağlardan biridir. Mövzu ilə bağlı bir çox mif və əfsanələr qədim yazılı mənbələrdə də öz əksini tapıb. Aşina boyunun tarixindən yazan "Suyşu" Aşinaların VI əsrdə istepə gəlmədən öncə "mağarada" yaşadıqları barədə mifə söykənən bir əfsanəni misal göstərir. Bu türklərin əcdadını düşmənlərdən xilas edən Dişi Qurdun qaçıb gizləndiyi mağaradır. Həm də bu mağara çox genişdir (sahəsi bir neçə yüz li). Burada göy otlar bitən düzənlik var. "Mağara dörd tərəfdən dağlarla əfatə olunub". Rəşiddədinin, Xondəmirin və Əbülqazinin də əsərlərində yer alan bu məlumatda mağaranın adı da göstərilir - Erkene kun. Bunun, "Erkene kun" sözünün qədim türkcədə "ilk nəsil" və "ilk, erkən əcdad" mənasını verdiyini ehtimal edə bilərik. Bunu doğrulayacaq bir məlumatı da Əl-Biruninin "Mineralogiya" əsərində görürük. O burada türklərdən olan Kabul şahlarının şəcərəsinin mağara kultu ilə bağlılığını qeyd edir: "Hindlilərdə Kabulun türklərdən olan şahları vardı, deyilənlərə görə onlar Maçindən (Tibetdən) idilər. Onlardan ilk olaraq Barxa təkin gəldi. O Kabuldakı mağaraya daxil oldu, oraya yalnız yanakı ya sürünərək girmək mümkün idi. Orada su var idi və o, buraya bir neçə günlük ərzaq qoydu. Bu mağara indiyədək məlumdur və Var... adlanır. Barxa təkin mağaraya girəndən bir neçə gün sonra, adamların toplaşdığı bir zamanda, onlar gördülər ki, oradan kimsə sanki ana bətnindən çıxırmış kimi çıxır. O türk geyimində idi, başında hündür papaq-kab, başmaqlar və silah vardı. Xalq ona hökmdarlıq üçün doğulan qeyri-adi bir varlıq kimi böyük ehtiram göstərdi və o Kubul şahı titulu ilə o yerlərin hökmdarı oldu. Şahlıq nəsillər boyu onun oğullarına qaldı, onların sayı altmışdır".

Əl-Biruni başqa yerdə də bu əfsanəyə toxunur: "Kabul sakinləri cahiliyyə dövründə inanırdılar ki, ilk türk padşahı oradakı indi Buğra adlanan mağarada xəlq olunub və oradan şahlıq papağı (kalansuva) ilə çıxıb".)" Süan Mao Tsanın məlumatına görə, "Kabulun daxil olduğu Kapisı əyaləti Qərbi Türk xaqanı Ton yabğu tərəfindən (618-630-cu illər) fəth olunub, bütün ehtimallara görə burada Aşina boyundan olan hakimlərin iqtidarı qurulub".

Gördüyümüz kimi, Aşına türklərinin əcdadlarının mağara tərəfindən doğurulması ilə bağlı əfsanələr Orta əsrlərdə belə çox populyarıydı. Əks halda Əl Biruni kimi ciddi alim bunu iki əsərində qeyd etməzdi. Maraqlıdır ki, insanlar (Kabul camaatı) mağaradan doğuluşu hökmdarlıq əlaməti hesab edirdi.

Öncə qeyd etdiyimiz kimi, düşmənlər tərəfindən tayfası məhv edilən yaralı türkü xilas edən Boz Qurd onu Ay-Atamı doğuran əcdad mağarasına, "Erkene kun"a aparır və özünü Boz Qurd evladı hesab edən Aşına boyu dünya səhnəsinə bu mağaradan çıxır. Mağara və Qurd haqqında əfsanənin etrusk versiyası bizə gəlib çatmasa da, onun Roma versiyasında (Plutarx bu barədə fərqli bir neçə versiya qələmə alıb) Qurd Romul və Remin xilaskarıdır və onları mağaraya aparıb əmizdirir. Həm Arsina (türk-Aşina), həm də Arsena (Etrusk) tayfalarının "Xilaskar Qurd və mağara" barədə miflərinin etrusklardan daha qədim bir mənbədən qaynaqlandığını sezmək heç də çətin deyil. Bu əlaqəyə ilk dəfə diqqət yetirən məşhur ingilis araşdırmaçısı İsaak Teylor olub.

"Sibir və İtaliya mifləri arasında inanılmaz yaxınlıq var. Həm Roma, həm Sibir əfsanəsində bizim üçün bataqlıqdakı oğlan var, onu tapan dişi qurd var, həmçinin onun uşağı bəslədiyi mağara var. Roma əfsanəsində müəyyən dövrdən sonra Romulun anasının yerini dişi qurdun əvəzinə Akka Larentia tutur, o Romulun qardaşı ya atası kimi təqdim olunduğu on iki oğulun anasıdır. Akka Larentianın həm də "lupa"-"dişi qurd" adlandırıldığını bildiyimizdən, biz onu Sibir əfsanəsindəki oğlanın sevgilisi və ögey anası adlandırılan dişi qurdla eyniləşdirə bilərik. Bundan əlavə, Akka Larentia adının uqor xarakterli olduğu şübhəsizdir. O əzəmətlilərin anasıdır, Rasenna tayfalarının on iki xanının anasıdır." Etruskşünaslığın ilk böyük tədqiqatçılarından olan İ.Teylorun mövzuya bu orijinal və maraqlıqlı yanaşımı sonradan sanki gözardı edilmiş, bir əsrdən artıq bir dövr ərzində etruskların mənşəyi ilə bağlı mücərrəd və nağılvari tədqiqatların ortaya çıxmasına üstünlük verilmişdir. Rasenaların (Etruskların) Türk Asenaların xələfləri olduğunu da ilk dəfə İ.Teylor söyləyib: "İndi Çin tarixçilərindən öyrənirik ki, təxminən RASENNlərin İtaliyada göründüyü dövrlərdə Çin imperiyasının şimal sərhədlərində eyni soylu, lakin düşmənçilik edən iki köçəri tayfa (orada) fəaliyyət göstərirdi. Onlardan biri, sonradan Türk, Çin orfoqrafiyasında TUKİU adlanacaq Asena, digəri çinlilərin Hiong-nu kimi yazdığı azğın Hunlar idi. Rasena ilə eyniləşdirilən Asena, Hunların basqısı altında qərbə köç etdi və gumanıma görə, İtaliyada məşkunlaşdı".

Etruskların Apennin yarımadasında məskunlaşması e.ə X-IX əsrlərdə baş verdiyi güman olunur. İ.Teylor kimi ciddi bir alimin Çin mənbələrinə istinad edərək Göy Türk xaqanatının yaranışından 1500-1600 il öncə Çinin şimalında "eyni soylu, lakin düşmənçilik edən...Türk, Çin orfoqrafiyasında TUKİU adlanacaq Asena, digəri çinlilərin Hiong-nu kimi yazdığı "azğın Hunlar"ın fəaliyyət göstərdiyini söyləməsi tarixə yeni bir baxış açısı üçün ciddi bir əsas ola bilər...

Hələlik isə Lukumonlar, Mağara və Ayta ilə sıx bağlılığı olan Qurd obrazı barədə söhbətimizi davam etdirək. Propersi "Elegiyalar"da Lukumonun qurdbaşlı papağı olduğunu, bunun da onu başında qurd dərisi olan Yeraltı dünya hökmdarı - Ayta ilə yaxınlaşdırdığını bildirir. Qurdun Ayta ilə bağlılığı onun ilahi varlıq və ya Aytanın görünüşlərindən biri olduğundan xəbər verir. Yəqin ki, etrusk (o cümlədən proto-türk) mifologiyasında Qurd kultu ilə bağlı daha qədim bir mif olub. Bununla bağlı Strabonun, antik müəlliflərin etrusklarla eyni soydan hesab etdikləri pelasqlarla bağlı verdiyi bir məlumat çox böyük maraq doğurur. Burada pelasqların əfsanəvi əcdadı Pelasqın oğlu Likaonun bir körpəni Zevsə qurban gətirdiyini və həmin anda da Qurda döndərildiyi bildirilir. Bunun mükafat, ya cəza olduğu barədə isə məlumat yoxdur. Amma gəlinən nəticə odur ki, Qurd kultu pelask mifologiyasında da mühüm yer tutub.

Çin mənbələrində türk birliyinə daxil olan seyantolarla (Uyğurların əcdadları) bağlı bir mifik məlumat var. Orada deyilir ki, "Əvvəllər, seyantolar öz ölümlərinə yaxın olduqları bir zamanda, onların qəbiləsindən bir adamın yanına dilənçi gəldi. Ev sahibi onu çadırına gətirdi. Ev sahibinin arvadı qonağa baxanda gördü ki, onun başı Qurd başıdır, ancaq ev sahibinin özü bunu hiss eləmədi. Qonaq yedikdən sonra, qadın ərinə bu barədə danışdı. Qonaq gedəndən sonra, onlar birlikdə onun ardınca getdilər və Vay-tu-Kaen dağına gəldilər (Otukaten-Ötüken). Orada dilənçi izləyicilərini gördü və onlara dedi: "Mən xudayam! Seyantolar məhv olacaq. Təqibçilər qorxdular və geri döndülər. Ona görə də bu adamı itirdilər". Masao Morinin fikrinə söykənərək əfsanəni şərh edən Lü Mao Tsay burada göstərilən varlığı Altaydakı Kuturge məzarlığındakı qayada təsvir olunan heyvan başlı insanla bağlı olduğunu göstərir. Burada qurd başlı ilahi varlıqdan bəhs edilir. Uyğur əlifbası ilə yazılmış Oğuznamə"də ilahi varlıq şəklində Oğuzun çadırında peyda olan Göy Qurd türklərin xilaskarı kimi çıxış edir. Yəni istər etruskları, istərsə də türklərin mifik təfəkküründə Qurd totemdən daha çox ilahi varlığın sifətlərindən biridir və onun "əcdad-mağara ilə bağlılığı var. Etrusklarda bu ilahi varlıq indi Yeraltı dünya hökmdarı kimi təqdim edilən Aytadır (Ay Atadır), müqəddəs "Mundus"- əjdadlar kahası onun səltənətinə açılan yoldur. Deməli, qurdbaşlı papaq geyib "Mundus"la əlaqəyə girən Lukumonlar Aytanın səltənəti ilə, və ya Aytanın özü ilə əlaqəyə girirlər. Çin mənbələrindən gördüyümüz kimi, qədim türklərdə bu funksiyanı xaqan yerinə yetirirdi. Onun əcdadlar kahasında icra etdiyi qurban ayinində yalnız elita, çinlilərin fu-li (çinlilər börü, qurd sözünü bu cür ifadə edirdilər) adlandırdığı Aşinalar iştirak edir. Biz Borotavın təqdim etdiyi əfsanədən görürük ki, Bodin-inli adlı dağda yerləşən əcdad kahası ilk əcdadın, Ay-Atamın xəlq olunduğu yerdir və bu mağara ilə bağlı olan Qurd obrazlı ilahi varlıq onları xilas edib bu mağaraya gətirir. "Erkenu kun" adlı bu mağara çox genişdir, burada şirəli otları olan geniş düzənliklər var. Aşinalar uzun illər, bəlkə də əsrlərlə burada yaşamışlar, zamanı gələndə isə, insanlar çoxaldığından artıq oraya yerləşmirlər, Mavi Qurd mağaradan çıxmaq üçün onlara yol gostərir.

 

Qənirə Paşayeva

Elxan Zal Qaraxanlı

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 yanvar.- S.18-19.