Ədəbiyyatımızın səhnəsi

 

Şeirin  dramaturgiyası

 

III yazı

 

Camal Yusifzadə ilə son intervülərin birində belə bir ifadə vardı: "...Özündən sonra gələn nəsillər üçün Camal Yusifzadə adı çox az şey ifadə edir. Halbuki onun şeirlərinin əvvəldən sona qədər oxunmağa haqqı var.

Çünki Camal Yusifzadə imzası təsdiq edilmiş imzadır. Və ən əsası Camal Yusifzadənin şeirlərini unutmaq rəva deyil". Bu ifadənin indi yox, bizdən çox-çox əvvəlki dövrlər üçün mənasızlığına işarə kimi deyə bilərik: şairin bir əsas funksiyası, yaxud missiyası da unudulmaqdır. Çünki qeybdən gələn səs tam, yaxud mütləq unutqanlıq içində eşidilə bilər. Demək, şeirdəki səs (mənalar...) dəfələrlə oxunmağa və transformasiyaya möhtacdır.

Müsahibənin bir maraqlı məqamı da var: "...Kvazimodonun bir məşhur şeiri var. Məğzi belədir ki, hava soyuq idi, biz donurduq. Donmamaq üçün belə qərara gəldik ki, yalandan döyüşək. Döyüşdük də və bu döyüş düşmənlə döyüşdən sərt oldu. Qəribə bir fəlsəfəsi var bu şeirin. Görün, bu adamlar eyni cəbhədə döyüşsələr də, nə qədər fərqli adamlar olublar.

...Şeirdə dramaturgiya var. Azərbaycan şeirində çatışmayan ən vacib cəhətlərdən biri dramaturgiyadır. İfadə vasitəsi var, gözəl deyim var, amma konflikt yoxdur və bu cür şeiri başqa xalqın dilinə çevirəndə həmin o ifadə və deyim tərzi itir, ortada heç nə qalmır".

Şair bu fikrinə dayaq kimi başqa bir şairdən də misal verir: "...Mənası belədir ki, insan ağlamaq istəyir, ağlamağa yer tapmır. Baş qoymağa diz, söykənməyə çiyin yoxdur. Doğma və müqəddəs bir adam tapa bilmir. Köməksiz olduğunu dərk edincə gülür və gülən kimi ölür". Və fikrini belə tamamlayır ki, şeir mənim üçün dramaturgiyanın sıxılmış variantıdır...

Belə bir variantı nəzərdən keçirək. Bədii mətn dilin səhnəyə qoyulduğu poetik məkan kimi nəzərdən keçirilə bilərmi? Poetik yazı, bədii mətn dilə reflektiv münasibətdir, bunu R.Yakobson "poetik funksiya" adlandırırdı.

Dildə (şeirin dilində) nitqin necə axmasını eşidə bilmək üçün bu axında onun nəfəs almasına şərait yaradılmalıdır. Şifahi nitq, yəni şairin - müəllifin özüylə danışdığı "mətn" (içəri nitq) bir məqamda yazı çərçivəsini adlayır və eşidilməyə başlandığı anda ikinci nəfəs qazanır. J.L.Laqarsın dediyi kimi, "Bəli, bütün dramaturji enerji sözdədir... Mənim işim əvvəlcə onu dinləmək, sonra isə səsləndirməkdən ibarətdir". Məsələnin məğzi budur ki, mən şeirlə oxucunun təxəyyülünün qapılarını açıram, onu sadəcə oxu çərçivəsində saxlamaqdan imtina edirəm. Yəni oxuyub, sonra eşitdiyini görə bilsin. Bədii mətn həm də danışıq dilinin içində yaşayan musiqi sisteminə arxalanır. Burda məsələ heç də yazılı mətnin danışıq mətninə çevrilməsində deyil, əksinə, söhbət nitqdə yuvalanan ritm və melodiyanı tutub bədii mətni canlandırmaqdan gedir.

Yazılı mətnin kompozisiyasını dəyişdirən ritm, habelə bununla birgə mətnə  gətirilən şifahilik cizgiləri səhifənin məkan ülgüləri ilə elə bir formada sıx bağlanır ki, məhz bu, belə deyək, sözün düz xətt üzrə hərəkətinə mane olmaqla ona məkanın dərinliyinə qədər yayılmaq imkanı qazandırır.

Şeirin kəlmələri kadr arxasından eşidilir və gəlir, amma şair bunu necə deyərlər, bütün təsadüflərdə "öz başına gəlmiş əhvalat" kimi duyur və onun poetik mətn halına salınması bir anda baş versə də, bəlkə min illərin hissi təcrübəsi kimi xülasə edilir. Ona görə də istənilən mükəmməl (? - bu da mübahisəli istilahdır...) mətndə qədimliklə türfəlik və təzəlik bir canda, bir qəlbin içindədir. Həmin min illərin hissi təcrübəsinin şairin ruhuna necə sızmasını bəlləmək onsuz da mümkün deyildir, bizə yalnız bu prosesi pərdə, elə o kadr arxasından müşahidə etmək qalır. Amma burda ən ciddi və real olan şey mənaların yaranmasına təkan verən nəsnə - fikir, düşüncə və hisslərin hansı en dairəsindəsə görüşüb konflikt-dramaturji bucaq yaratmasındadır. Bunsuz bədii mətnin gerçəkləşməsi, maddiləşib gözə görünməsi mümkün deyildir. Dramaturgiya məna və hadisələrin virtual aləmdəki bağlılığının gerçək aləmdə - bədii mətn strukturunda nizama salmaq və fərqli düzülüş formasına təkan verməkdir. Şeirdə ifadə olunan hiss və duyğuların axını, eyni zamanda bədii mətndəki formasına qədərki halı bütün gərgin və gücsüz ("görünməyən") nöqtələri ilə əyaniləşir.

 

Su gələr, axar gedər,

Bəndləri yıxar gedər,

Dünya bir pəncərədir,

hər gələn baxar gedər.

 

Yüzlərlə hadisənin "nəticəsi", "axar yeri" olan bu şeir parçası (bayatı) min illər boyunca özü də pəncərəyə dönür, həm özünün ilkin ləpirlərinə baxır, öz keçmişini izləyir, həm də özündən sonra qar üstünə düşəcək "ayaq izlərini" müşahidə edir - həm də keçmiş və gələcəkdəki hadisələrin daxili qovğası nəticəsində yarandığı üçün, insanlar arasındakı münasibətlərin gərginliyinin ölçü vahidinə çevrilir.

 

Dünya bir pəncərədi -

Baxsan da, baxmasan da.

Çay axır, vaxt aparır,

Axsan da, axmasan da -

Dünyaya qorxunun gözüylə baxma!

Dünyaya qorxunun gözüylə baxma,

Dərin olmaz,

Sərin olmaz,

Yarın olmaz qara ağac kölgəsi!

Qara daş,

Qara qum

Duz göyərəndə,

Çiynində qanadlı mələk görəndə

Dünyaya qorxunun gözüylə baxma.

Ruhun həbsdəsə,

Kədər xəstəsə,

Bəd xəbər kəssə -

Dünyaya qorxunun gözüylə baxma.

 

Camal Yusifzadənin bu şeirində nələrsə tərənnüm edilmir, nələrəsə "bəli, elədir" deyilmir, bu mövzular, bu düşüncələr üstündə dərində gedən qovğanın işartılarına işarə edilir, yəni artıq qəbul edilmiş, "bərkimiş" fikirlərə qarşı konflikt yaradılır. Məsələn, Ya qul olacaqsan // ya da ki, quldur // beşgünlük dünyanın felinə uyma // qanı laxtalanmış azadlıq da var... Yəni məlum düşüncə qatı necə var eləcə ifadə edilir (zahirən), onlara qarşı bircə misrada "cəbhə açılır" (...qanı laxtalanmış azadlıq da var...). Bir də var situasiyanın yaratdığı, yaxud situasiya ilə yaradılan dramaturji səhnə. Əli Kərimin məşhur şeirində belə bir səhnə var: ailə yük maşınıyla uzaq səfərə çıxır, qarlı, çovğunlu havada, birdən mühərrik xarab olur, məlum olur ki, donmamaq üçün nələrsə yandırılmalıdır, şair əlinə keçən əlyazmalarını bir-bir ocağa atır: bu şeir, bu epiqramma, bu ballada və birdən... əlinə keçən növbəti şeir odun alovunu havada dondurur, şaxta və alovun eyni nöqtədə dayanıb donduğu anda şair "damarımda qanım dona, yenə atmaram bunu" deyir, əlbəttə, fikrində, bu düşüncə qatında min illərin acı təcrübəsiylə bugünkü səhnə qarşılaşır, həmin o şaxtayla alovun donduğu məqamda. Bu məqam hər şeyin dəyişə biləcəyi, dağılıb yerlə-yeksan ola biləcəyi məqamdır. Şeiri, poeziyanı yaşadan məhz bu prosesdir, elə Camalın şeirlərini də.

Camal Yusifzadənin şeirlərindəki dramaturji enerji qaravəllilərdəki "məntiqsizliyin məntiqini" xatırladır. Bu qaravəllini yəqin ki, hamı xatırlayır: "Hədi idi, Hüdü idi, Salman oğlu Sadıx idi, mən idim. Dədəm altda, mən yayax, əlimdə dəmir dayax. Palçıq dizdən, su qurşaxdan, ha yüyürdox toz qopdu. Getdox, getdox, doğmamış doşan balasın atdox, bitməmiş yoşan düzünə çatdox. Gördox bir doşan qaçır...". Camalın Seyran Səxavətə həsr etdiyi şeirində həmin qaravəlli xətti axıracan izlənilir, qaravəlli mətnindəki "tərsinə oxu" sürəklilik effekti yaradır və oxu tempi o qədər sürətlənir ki (başgicəlləndirici sürət, fırlanma...), nəyin təsvir edildiyinin üstündə dayanmamaq, bu effekt və sürəklilik Camalın şeirində yavaşısa da əvvəlki halı ilə konfliktə girir; qaravəlli mətnində sonda od vurulan tayanın içindən palan, palanın içindənsə bir ağ yalan çıxır. Şeirdəki qaravəlli sürəkliliyi (həm də tərsinə məntiq) ard-arda deyilən hər şeyi unutmağı hədəfləyir, amma unudulası şeylər daha güclü şəkildə, bütün varlığıyla üzə çıxır: Kimsə kimdənsə qorxur // kimsə nədənsə qorxur // Quzu qurddan // qurd çobandan // Adəm adamdan qorxur, Cəllad baş kötüyündən // hakim hökmündən qorxur // məhəbbət sarmaşıqdan // Leyli Məcnundan qorxur // Əli Vəlidən qorxur // ağıllı ağıllıdan // dəli dəlidən qorxur // hökmdar kölgəsindən // oğru Ay işığından // koma bayquş səsindən // yaltaq belindən qorxur // Pişiklər ağacdadı // İlan yerin təkində // arxadan gələn kimdi!?

Camal Yusifzadə bizim poeziyada sözü ən yaxşı dinləyən və səsləndirən şairlərdən biri, bəlkə də birincisidir. Ona görə də şeirində "qəfildən" meydana çıxan mənzərə həmişə təəccübləndirərdi, bütün bu kimi cizgilər onun mətninə qəribə estetik qavram bəxş etmişdi, bu poeziya fərqli, özümlü estetikaya əsaslanırdı, - səs, rəng, onlar arasındakı incə, bəlkə yerin təkindən gələn əlaqə-nüanslar insanla təbiət arasında təkcə şairin gördüyü məkanın zamanla kəsişən yerini nişan verirdi.

 

Vaxt gələr, özün bilərsən

Niyə ayaqüstə ölür ağaclar?

Payız yağışında niyə qəhər var?

Bilərsən kişilər niyə susurlar.

 

Sözün keşməkeşlərini dinləyə bilmək vərdişi şairi başqalarından ayırıb onun mətninə nə qədər orijinallıq bəxş etsə də, onu eyni zamanda əsrlər boyunca bu cür düşünən şairlərin sırasına qoşur. Bir şeirində belə deyir: İki dünya // Çaş-baş salıb çoxunu // Nə cənnəti görmüşəm // Nə cəhənnəm xofunu- // Kim yozub bu yuxunu? // İki dünya bir olsa da // Mənim üçün ömür birdi // Ümid yaşıl, dünya bir // İstərdim ki, "duza gedən"// Bəni-insan övladı // Yana-yana // Bir anlaya, bir qana // Ömür birdi - // Ümid birdi // Dünya bir // O da qalmır insana!

Şeirin sonluğundakı "qəfillik" sözün içində əsrlər boyu gedən qovğalardan qaynaqlanır, lap elə Camalın da misal gətirdiyi italyan şairi Kvazimodonun bu şeirində olduğu kimi:

 

Birdən-birə axşam oldu

 

Hər kəs

Günəşin şəfəqinin gəlib keçdiyi

torpağın üstündə təkdi, tək,

birdən axşam oldu...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 yanvar.- S.21.