Urvatsız dəfn
Hekayə
Kəndə elə bir sükut
çökmüşdür ki, günorta namazında
pıçıltı ilə oxuduğu "İxlas" surəsinə
Murquzun tükləri ürpəşdi. Ona elə gəldi
ki, qırx ildən çoxdur oxuduğu surəni ilk dəfədir
eşidir, ilk dəfədir öz səsinə qulaq asır.
Hətta özündən asılı olmayaraq
namazda ola-ola başını çevirib arxaya baxdı ki,
görsün məsciddə ondan savayı kimsə varmı.
Tez də arıq tüklü boynunu düzəldib,
üç dəfə "əstəğfürullah"
deyib səcdəyə getdi. Səcdədən
başını qaldırmamış dua edirmiş kimi, -
"Bu nə qəbiristanlıq kirmişliyidir? Görəsən, bu camaat hara yoxa çıxıb?
- deyə sanki Allaha sual verirdi.
Məsciddən tələsik çıxıb
çayxanaya doğru getdi. Qulaqlarında
uğuldayan sükutdan canını qurtamaq üçün getdikcə
addımlarının sürətini artırırdı.
Birdən köhnə dəyirmanın xarabalığı
yanında dayanıb gözlərini qurumuş böyürtkən
kollarından çəkməyərək beş
dəqiqəyə kimi durduğu yerdən tərpənmədi.
Anidən
kiminsə "Salamun əlöyküm, a molla"
qışqırmasına Murquzun baldırları
boşaldı, az qaldı yıxıla,
ürək döyüntülərini qulaqlarında eşitdi.
- Yolun
ortasında niyə durursan, a pis niyyət? Yenə
nə axtarırsan?
Özünü
itirmiş Murquz "sərçələri" deyib, bu
"it oynadanın" ağzına təzə söz
verdiyini başa düşərək tez əlavə etdi:
- Deyirəm,
bura sərçələrlə dolu olurdu, bu gün bir dənə
də sərçə gözümə dəyməyib.
- Ay
atası rəhmətlik, kənddə adam
qalmayıb, sən də tutdurmusan sərçədən. Əvvəl dəyirman işləyirdi, sərçələr
də buğdaya yığılırdı. İndi hamısı çöllərə
dağılıb. Yoxsa sərçələrə
də mollalıq eləmək istəyirsən?
- Bə sən
orda nə gəzirdin?
- Burda nə
var, nə gəzəm... sidik qarnımı
dağıdırdı.
- Siz
düzələn-zad deyilsiz, dana. Dəyirmanı murdarlamazlar. Elə
buna görə də kənddə bərəkət
qalmayıb. Başına yermi qəhətdi.
- A kişi, yaxşı görək, indi
aftafalı tualet üçün o boyda yolu evə
gedim-qayıdım? Bura daha dəyirman deyil,
hamı özünü bura verir. De
görüm, Xarici gətirdilərmi?
- Bu
gün gətirirlər. Yəqin ki, axşama
çəkər.
- A Murquz,
deyirlər o da onnan öldü, doğrudumu?
- Allah
bilir, mən hardan bilim. Xaric on ildir Rusetdədi.
- Deyirlər,
xəstə-zad deyilmiş, kitay restoranında yemək yeyəndən
sonra tutulub. Deyirlər, arvadı da yoluxubmuş,
o sağalıb.
- Kitay
restoranında nə yeyirmiş, ə, adam
da kitayın xörəyini yeyərmi. Allah sən
saxla.
- Deyirlər,
ilan, yarasa, siçovul, it yeyirlər, asminoq yeyirlər.
- Deyirsən,
indi Xaric də
siçovul, it yeyirmiş o restoranda?..
Murquz it ətinin tikələrini bir anlıq
ağzında hiss edərək dalbadal tüpürdü.
- Sən
Allah, murdar-murdar danışma, ürəyim ağzıma gəldi.
Gedirsənmi, gəl
gedək.
- Hara?
- Xaricgilə.
Onlar hündürdən danışa-danışa kəndin
cansıxıcı sükutunu pozaraq Xaricgilə getdilər.
"... ğəyril məğzubi əleyhim vələzzallin. Allah rəhmət eləsin". Murquz salavat üçün əlini üzünə çəkəndə artıq barmaqlarının arasından gözləri ilə oturmaq üçün rahat yer axtarırdı. Odun sobasının yanında yer olmadığına və onu sobanın yanına dəvət edən olmadığına görə arıq bədənini birtəhər sobaya yaxın oturmuş iri gövdəli kişilərin arasına soxuşdura bildi. Bayaq dua oxunanda susmuş camaat indi yazda qurbağa gölünü xatırladırdı. Hamı koronavirusdan danışırdı.
Biri deyir, Amerikanın oyunudu, camaatın sayını azaldır ki, çörək hamıya çatsın. Biri deyir, ölkədə keçirilən seçkilərə görədir. Biri deyir, pensionerləri qırırlar ki, faydasız qoca-qoltuqlara boş yerə pul xərcləməsinlər. Biri vaksin yolu ilə insanların bədənlərinə mikroçip yerləşdirəcəklərini deyir. Digəri Trampı taxtdan salmaq üçün olduğunu deyir. Bir başqası insanların mitinqə yığılmaması üçün olduğunu deyir və ağız deyəni qulaq eşitmir. Murquz isə bayaqkı sükut cəhənnəmindən səs-küy cənnətinə düşmüş kimi gözlərini bir nöqtəyə zilləyib bu iri gövdəli kişilərin arasında üşümüş canını qızdırır.
Birdən kimsə onun adını çəkərək qurbağa gölünə daş atdı, sanki. Hamı susub Murquza tərəf baxdı. Murquz fikirli olduğuna görə deyiləni eşitməmişdi. Kəndin yaşlılarından biri sualını təkrarlamalı oldu:
- Deyirəm, bəs sən bu işə nə deyirsən, a molla?
-
Hansı işə?
-
Koronavirusu deyirik, dana.
Nəhayət
ki, ona da söz verildiyindən gözləri parıldayan,
dodaqları gülümsəyən Murquz uzun-uzadı moizəyə
hazırlaşırmış kimi "iki dağın
arasından" dartılıb birtəhər
çıxdı, sobanın yanına yaxınlaşdı, əllərini
sobaya uzadıb boğazını arıtlayaraq
danışmağa başladı:
- Bilirsinizmi, koronavirus-zad boş şeydi. Bütün bunlar masonların hoqqasıdır ki, qorxudaraq insanları dinindən-imanından azdırmaq istəyirlər. Baxın, əgər bu virus doğrudan da varsa, niyə İtaliyada, Amerikada camaat toyuq-cücə kimi qırılır, amma bizim bu balaca kənddə bir adamın burnundan fırtılıq belə axmır. Məndən çox gəzən yoxdur, yas yerlərində məndən çox olan yoxdur, nə maska taxıram, nə də əlimi spirtləyirəm... Lənət şeytana! Niyə koronavirus olmuram? Çünki inanmıram. Kim inanır virus da onu tutur.
- A molla, bə deyirlər bizim bu rəhmətlik Xaric də inanmırmış, bə niyə tutdu?
Bu "it oynadana" indi elə cavab verməlidir ki, dilinə
düşməyə. Bayaq yolda elədikləri söhbəti
xatırladı. Məclisə göz gəzdirib mərhumun
qohumlarının burada olub-olmadığını yoxlayaraq
alçaq səslə cavab verdi:
- Çünki Xaric kitayski restoranda it əti, yarasa əti
yeyirmiş.
Hamı bir-birinin üzünə baxıb bu xəbərin
doğru olub-olmadığını bir-birinin gözlərindən
oxumağa çalışırdı. Birdən
qapı açıldı. Pıçıltıdan
arı yuvasına dönmüş məclisə sükut
çökdü. Hamı
gözünü kəndin girəcəyində polislərə
gözətçilik edən cavan oğlanın üzünə
zillədi.
- Gəlirlər, dağılışın!
İlk gözdən itən Murquz oldu. Polislər kənddə ölü düşəndə həmişə birinci mollanın yanına baş çəkib xəbərdarlıq edirdilər ki, koronavirus pandemiyasına görə yas yerlərinə insanların toplaşmasının qarşısını alsınlar.
Murquz darvazadan yenicə həyətə ayaq qoymuşdur ki, patrul maşınının sirenalarının qırmızı-mavi işığı onun ikimərtəbəli evinin divarlarında sayrışdı. Maskalı, əlcəkli iki nəfər polis işçisi maşından düşüb kəndin mollasının evinə tərəf getdi. Murquz cəld cibindən bürüşmüş, rəngi saralmış maskasını çıxarıb taxdı. Evə qaça-qaça gəldiyi üçün hələ də təngnəfəs idi, maskanı taxandan sonra nəfəsi lap daralmağa başladı.
- Batono
mola. A mola.
- Murquz.
Ay Murquz.
- Kimdir? Gəlirəm indi.
Murquz başındakı fəsi çıxarıb
hasarın qaranlığına tolazladı. Tez darvazaya tərəf
qaçdı.
- Ay
salamun əlöyküm! Nə yaxşı
adamlar gəlib. Keçin qonağım
olun, qapıda niyə durmusuz, soyuqdur axı.
- Yox,
gedirik, çox sağ ol. Eşitdik Xaric Rusiyada
koronavirusdan ölüb, bu gün gətirirlər. Gəldik ki, xəbərdarlıq edək. Təcili yardım maşını ilə gətirəcəklər,
evə qoymayacaqlar, birbaşa qəbiristanlığa aparacaqlar.
Özün bilirsən da, ay Murquz, indi vəziyyət
çox qorxuludur. Gərək ki, bizlər
də hamılıqla hökumətin qayda-qanununa əməl
edək. Bilirsən da, yas yerlərində
toplaşmaq olmaz, buna görə həm cərimə var, həm
də ki, kəndin əhalisi də bədbəxt olar. Axı bu kənd yeganə kənddir ki, virusa bir nəfər
də yoluxmayıb. Elə edin axıra kimi
belə olsun. Hamımız insanıq,
hamımızın ölüsü əzizdir, amma gəlin
indi dirilərimizi düşünək. Allah qoysa virus
tam yox olar, o zaman kim necə istəyər
ehsanını verər, məclisini keçirər. Axı
"Quran"ın "Bəqərə" surəsinin
195-ci ayəsində Allah buyurur ki, "Öz əlinizlə
özünüzü təhlükəyə atmayın".
-
Doğrudur, qadanızı alım. Əlbəttə, əlbəttə...
- Batono
mola, bayaq elə bil qaça-qaça evə girən sən
idin.
- Yox,
şeni cirime, komendant vaxtı hardan gələsiyəm. Mənim iki min manatım hardandır ki, gecələri
iki minlik seyrə çıxam.
- Bax haaa,
batono mola, camaata de ağıllı olsun.
- Di biz
getdik, sənə inanırıq, ay Murquz. Daha mərhumun
evinə getmirik, qanqaraçılıq olar. Özün başa salarsan. Gecən
xeyrə qalsın.
- Baş
üstə! Qulluğunuzda həmişə
hazıram. Xeyrə qənşər.
Murquz yorğanını təzəcə üstünə
çəkmişdir ki, darvazanın qapısı
döyüldü. Tez ikinci mərtəbənin pəncərəsini
açıb aşağı boylandı.
- Kimsən,
ay çağıran?
- Mənəm,
Murquz əmi.
- Qoysan
yataq, a bala. Gecənin bu vaxtı nə səs-küy
salmısan?
-
Xanım xala göndərdi, deyir tez özünü yetirsin,
sabaha saxlamasın, günaha batarıq.
- Nolub
axı?
- Xarici gətirdilər,
evdə saxlamağa qoymadılar. Özləri
aparıb basdırdılar.
- Nə
danışır, ə... Allah evlərini yıxsın! Elə şeymi olar. Camaatı lap
dolayıblar. Gözlə, əynimi geyinim,
gəlirəm.
Murquz Xaricgilin darvazasından içəri girəndə
mərhumun bacıları, xalası və əmisi
qızları üzlərini cırıb,
saçlarını yolub, dil deyərək
ağlaşırdılar. Üç-dörd kişi
həyətdə oturub siqaret çəkirdi. Murquzu
görüb qadınların hamısı onun üstünə
cumdu. Sanki son ümidləri kəndin bu
çəlimsiz adamına qalmışdı.
Çoxdandır Murquz öz varlığını bugünkü kimi hiss etməmişdi. Nəhayət, ona da əl açılarmış, ondan da məsləhət alınarmış, ona da söz verilərmiş. İndiyənə kimi onunla məzələnir, lağa qoyur, sözünü saymırdılar. İndi isə fürsət idi. Və bu fürsətdən yararlanaraq Murquz göstərməli idi ki, bu kəndə o da lazımlı adamlardandır, o da nələrəsə qadirdir və o olmasa bu kənd başsız qalar. Necə ki, indi Xaricin evi başsız qalıb və bir başbilən kimi kənd deputatını yox, müəllimləri yox, məktəb direktorunu yox, ağsaqqalları yox, məhz onu çağırıblar.
Murquz bu fikirlərlə qadınların vay-şüvənində özünü itirmədi. Hamını sakit olmağa və bir-bir danışmağa məcbur edə bildi. Bu, artıq onun ilk uğurlu addımı idi. Bu "uğurdan" ilhamlanan Murquz artıq təslim ola, geri çəkilə bilməzdi. O, onu bura çağırtdıran mərhumun böyük bacısı Xanıma müraciət elədi:
- Xanım bacı, narahat olmayın, indi bir şeylər fikirləşərik. Bu vicdansızlar lap ağ eləyiblər. Bircə bu qalmışdır ki, ölümüzü də o-bu basdıra. Özü də necə... Allaha ağır getməsin, yiyəsiz kimi, urvatsız.
Axı bizim öz şəriət qaydamız var, gərəkdir ki, mərhuma qüsl verilə, kəfən biçilə, dua oxuna, sonra da camaat çiyninə alıb apara, qayda ilə dəfn edə.
Murquz bunları dedikcə, qadınlar başları ilə təsdiq edərək daha da möhkəm ağlayırdılar.
- Belə
də işmi olar, a qadanız alım? Adamı
qutunun içinə sal, birbaşa apar basdır. Qoyma əzizləri
üzünü görsün, doyunca ağlayıb ürəyini
boşaltsın, vidalaşsın, cənazə namazını
qılsın... Bəlkə qutunun içindəki başqa
adamdır...
Murquz cümləsini bitirməmişdir ki, Xanım arvad
oturduğu yerdən sıçrayıb iki əlli onun
yaxasından yapışdı.
- Murquz, səhər
açılır. Günəş
çıxmamış nəsə elə? Ya bir şeylər fikirləş. Ya da bu kənddə daha molla olan deyil.
Bu, Murquzun son şansı idi. İndi ya nəsə
deməli, bir yol göstərməli, ya da sabahdan
mollalığın daşını ataraq əbasını
soyunub, fəsini həmişəlik çıxarmalı idi.
Xanım arvad onun yaxasından elə
sıxmışdır ki, zorla nəfəs alırdı. Murquzun
"tapdım" bağırmasına Xanım kənara
sıçradı, həyətdə siqaret çəkən
kişilər içəri doluşdu.
- Nəyi
tapdın?
-
Tapdım! İndi qəbiristanlığa gedib, mərhumu məzardan
çıxarıb gətiririk evə, qüsl verib, kəfənləyib
aparıb yenidən adam kimi dəfn edirik.
Hamı sükut içində gözünü bərəldib Murquza baxırdı. Bayaqdan otağın küncündə başıaşağı oturub sakit-sakit ağlayan qadın pauzanı pozdu:
- Bəs koronavirus? Mən Xaricin arvadıyam, o doğrudan da virusa yoluxmuşdu.
- Virus-zad yoxdur, hamısı oyundu, - deyib, Murquz kişilərə külüng, bel götürmələrini, maşını xoddamalarını əmr elədi.
Murquzun göstərişi ilə tabutu qəbirdən çıxarıb evə gətirdilər. Qadınlar tabutu dövrəyə alıb ağlaşırdılar. Üstünün torpağını təmizləyib tabutu açdılar. Meyitin qoxusu ətrafa yayılanda qadınların ağlaşması dayandı. Hamı bir addım geri çəkildi. Bu qoxu bu insanların yaddaşında həmişəlik, burunlarında isə yalnız səhərə kimi qalacaq, çünki növbəti gün artıq heç biri qoxu hiss etməyəcək.
Meyiti tabutdan çıxarıb yumaq üçün hazırlanmış yerə apardılar. Sonra otağa gətirib kəfənlədilər. Murquz cənazə namazını bitirən kimi, maşına qoyub qəbiristanlığa apardılar.
- Allah rəhmət eləsin. İndi ruhu rahatlıq tapdı. Di oturun maşına, it-qurd görməmiş burdan əkilək.
Mərhumun evinə qayıdanda artıq səhər saat altı olurdu. Murquzu görən Xanım az qaldı onu qucaqlayıb öpsün.
- Allah
köməyin olsun, ay Murquz. Sən olmasaydın
biz nə edərdik. Allah bu kəndi sənsiz
qoymasın, - deyib, Murquzun cibinə yüz dollar basdı.
Murquz istəyinə çatmışdı.
O artıq sübut eləmişdi ki, onsuz bu kənd keçinə
bilməz. Əlini cibinə salıb
yüzlüyü ovcunda sıxandan sonra sağollaşıb,
evinə getməyə hazırlaşdı.
- Allah rəhmət eləsin! Yeri cənnət olsun. Di mən gedim, yoxsa görən-eliyən olar. Bax haa, Xanım bacı, bir daş altda, bir daş üstdə, yoxsa evim yıxılar.
Murquzun evi dünəndən yıxılmışdı. Səhər istəsə də yerindən dura bilmədi, günortaya kimi yatdı. Axşam qızdırması qalxdı, bütün gecəni ilan kimi qıvrıldı. Səhərisi gün yenə özündə deyildi, burnu axır, üşüdür, öskürəkdən az qala boğulurdu. Bu hallı da durub camaat namazına məscidə getdi.
İki gün sonra kəndin giriş-çıxışını bağladılar. Kənddə hamı koronavirusa yoluxmuşdu. Kimi bu bəlaya görə Amerikaya söyür, Trampa qarğayır, kimi Çini lənətləyir, hökuməti söyürdü. Amma heç kəs bilmirdi ki, bu virus kəndə Xaricin vasitəsilə gəldi, Murquzun əli ilə də yayıldı. Bunu bircə Murquz və o gecə Xaricin tabutu açılanda orada olanlar bilirdi, onlar da ki, suç ortağı idilər deyə susurdular. Murquz isə susmurdu, pıçıltı ilə dua oxuyurmuş kimi son nəfəsinə kimi Xaricin gorunu söydü.
Murquzu tabutda mollasız basdırandan qırx gün sonra Amerika alimləri koronavirusun peyvəndini tapdılar.
Azər MUSAOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 23 yanvar.- S.22-23.