Ədəbiyyat könül işidir  

 

Elmi araşdırmalarını və publisistik yazılarını maraqla izlədiyim qələm dostum Orxan Arasın özümün də çalışdığım qəzetin ötən sayında dərc edilən "Ədəbiyyat bir elmdir, yoxsa əfsanə?" başlıqlı yazısını da maraqla oxudum. Eyni zamanda Orxan bəyin Roma hüququna istinadən diqqətə çatdırdığı fikirlərə şərik oldum ki, "iddia sahibi iddiasını isbat etmək məcburiyyətindədir" təməl ünsürü hələ qüvvədədir və yaxşı ki, var, yoxsa kim nə istəsə yazar və sübut edər". Məsələn, haqlı olaraq sübut edə bilər ki, ədəbiyyat heç də bir elm deyil, ədəbiyyat heç bir əfsanə də deyil, ədəbiyyat bir elm işi olmaqdan daha çox könül, duyğu, ruh məsələsidi. Burada "iki vuraq iki, bərabərdi dörd" təfsiri keçərsizdi. Hətta bir elm sahəsi olan ədəbiyyatşünaslığın özü belə bu düsturun ölçülərinə sığışıb qalmır. Və ədəbiyyat işilə ədəbiyyatşünaslıq arasındakı fərqi də gərək görməzdən gəlməyək. Orxan bəy sözügedən məqaləsində daha çox müəllif kimliyi mübahisələrilə gündəmdə olan "Əli və Nino" romanının yazarı barədə deyilən fikirlərə münasibət bildirdiyim yazıya nəzər yetirərək qeyd edir ki, tədqiqatçının qarşısına başqalarının fikirlərini sadalamaqla yox, yeni fikirlərlə çıxmaq lazım idi. Təbii... Ancaq onun da fərqindəyəm ki, bu mövzuda yazılmışların hamısı "başqalarının fikirlərindən", yazdıqlarından keçir. Hamı eyni mənbələrə istinad edir. Sadəcə, kimlərsə öz maraqları daxilində, sözügedən dövrdə "Almaniyada Azərbaycan İstiqlal Komitəsi"nin rəhbəri olmuş Hilal Münşinin (üstə gəl, oradakı gürcü komitəsinin rəhbərinin), eləcə də alman polisinin və xariciyyə nəzarətinin arayışları ortaya gələndə bir ağızdan bildirirlər ki, onlar satılmış, xəyanətkar şəxslərdi. Sual olunur: Niyə? Nə səbəbə?

Yaxud Orxan bəy mənim "necə ola bilib ki, Məhəmməd Əsəd bəy öz sağlığında onun şəxsiyyəti və kimliyi barədə müasirlərinin və onu şəxsən tanıyanların yazdıqlarına, verdikləri raportlara bircə kəlməylə belə münasibət bildirməyib?" fikrimi "qeyri-müəyyən nəticə" adlandırır. Nədən? Maraq edirəm, bu sualdakı "qeyri-müəyyənlik" nədir?

Orxan bəy sözügedən yazımla bağlı sual edir ki, "insanın orta məktəbdə aldığı "qeyri-kafi" qiyməti suçmudur? Və ya bunun "Əli və Nino" müəllifinə nə dəxli var?" Bax, elə bu zaman unudur ki, mənim məqaləmdə orta məktəbdə kiminsə "qeyri-kafi" qiymətlə oxumasından yox, azərbaycanlı olması iddia olunan bir insanın öz ana dilindən "qeyri-kafi", alman dilindən "Əla" qiymət almasından söhbət gedir. Özü də mən həmin fikri Məhəmməd Əsəd bəy haqqında yox, rəsmi sənəddə adı Lev Nissinbaum kimi qeyd olunan şəxs haqqında yazmışam. Təbii ki, Lev Nissinbaum da öz ana dili olan alman dilindən "Əla" qiymət almalıydı. Çünki nəsilbənəsilinin dilini bilməyə bilməzdi. Bu, o Nissinbaumdu ki, 1905-ci ildə rus çöllərində qatarda anadan olmuşdu. 14 yaşına kimi Bakıda yaşamışdı.

Burada məktəbə getmişdi. Gündəlik qiymətləri barədə Azərbaycan Dövlət Arxivində sənəd saxlanılır. Anası, xalası, yeznələri yəhudidi. Tərbiyəçisi alman qadındı. Yəni, mən Lev Nissinbaum deyilən şəxsdən danışıram. Qəribədi ki, Məhəmməd Əsəd bəy də öz əlilə yazdığı tərcümeyi-halında məhz bu məqamlardan söz açır; 1905-ci ildə rus çölündə, qatarda anadan olduğunu, alman tərbiyəçisindən dərs aldığını, Bakını 14 yaşında tərk etdiyini xatırlayır və s.

Belə qəbul edək ki, Məhəmməd Əsəd bəy imzası taxma ad deyil, belə bir adam həqiqətən yaşayıb. Bəs onda Avropada barəsində ağızdolusu söz açılan Lev Nissinbaum kimdi? Onlardan hansı hansının taxma adını daşıyır? Yəni, Orxan bəyin özü üçün də maraqlı olar ki, Əsəd bəy rəsmi kimlik sənədini nə vaxt, harda, kimin vasitəsi ilə və necə alıb...

Əgər maraqlansa görəcək ki, kimlik sənədində onun adı Almaniyadakı Türkiyə Səfirliyi başqanının araçılığı ilə dəyişdirilib ki, universitetə qəbul edilə bilsin, təqaüd alsın.

Tədqiqatçılar nə səbəbdən Əsəd bəyin Bakı həyatının üstündən sükutla keçir, bu məsələni aydınlaşdırmaq üçün Bakı arxivlərinin qapısını açmırlar? Ümumiyyətlə, Bakı arxivlərində, rəsmi idarələrin tərtib etdikləri sənədlərdə bu adda bir insanın varlığı haqqında nəsə yazılıbmı? Necə ki, Lev Nissinbauma oxuduğu məktəbdən verilən qiymət cədvəli, təhsili barədə tutarlı mənbələr var. Belə olan halda kim kimin taxma adını üzünə pərdə tuta bilərdi?

Və yaxud belə bir sual: Səbəb nə olmuşdu ki, L.Nissinbaum, yaxud Məhəmməd Əsəd bəy məhz 1938-ci ildə - almanlar Avstriyanı işğal etdikdən sonra İtaliyaya qaçaraq Rozitono şəhərində məskunlaşmışdı? Niyə? Nəyə görə Orxan bəy Berlindəki Modern Şərq mərkəzində ilk dəfə Əsəd bəy haqqında yazan professor G.Höppün altı sandıq dolusu arxivində araşdırma zəhmətinə qatlaşır, Top Penssin araşdırmalarına göz atır, ancaq Bakı və Tiflis arxivlərində Əsəd bəy izi axtarmır? Yəni ilkdən, başlanğıcdan yox, sondan başlayır? Bəlkə Bakı və Tiflis arxivlərinin daşı altından hər dəfə Lev Nissinbaumun kimliyi çıxması səbəbindən bunu etmir?

Düzü, bu sualların cavabı mənim üçün çox maraqlıdı. Eyni zamanda, sözügedən məqaləmdə "elmi əsaslardan" daha çox tarixi əsaslara istinad etdiyim gərək göz ardına vurulmayaydı. Nədən Berlin polisi və xariciyyə nəzarətinə istinadən Hilal Münşinin, Berlin Universitetinin doktoru K.Yetkenin (bəzi mənbələrdə Yeşke) və başqalarının Əsəd bəyin sağlığında yazıb çap etdirdikləri məlumatlar "təxmini iddia və dəlil" kimi qəbul edilir, ancaq "Əsəd bəyi şəxsən tanıyırdım" deyən Aleksey Branlovun ətəyində namaz qılınır?..

Orxan bəy sual edir: "Əsəd bəy "mən alman müəllifiyəm" (yəqin ki, orijinalda yazıçısıyam - S.H.) deməklə nə qəbahət işlətmişdir? Almanca yazdığı üçün, əlbəttə, alman müəllifidir (yəni yazıçısıdır - S.H.). Çingiz Aytmatov rusca yazmış bir "sovet yazarıdır".

Şərhə ehtiyac varmı yazam ki, "Sovet yazıçısı" deyəndə milli kimlik nəzərdə tutulmur. Əlbəəl görünür ki, Orxan bəy "rusdilli, almandilli, ingilisdilli yazıçı" ifadələri ilə "rus yazıçısı, alman, ingilis yazıçısı" deyimlərini eyni anlamda qəbul edir.

Bu mövzuda yazacağım son yazı olduğuna görə Orxan bəyin bir qeydinə də diqqət yetirməyi vacib bilirəm: "Yusif Vəzir Çəmənzəminlinin "Məlikməmməd nağılı"nı Əli Xan adıyla çap etdirməsi nəyi isbat edə bilər? Başqa bir tək yerdə... "Əli və Nino" əsərindən örnəklər varmı?"

Var və o var olanların bir qismini təqdim edirəm:

"Nigah qarşılıqlı etimad və qarşılıqlı qayğıya əsaslanır. Ər ilə arvad həmişə məsləhətləşməli və işdə bir-birinə kömək etməlidir" ("Əli və Nino", 1993-cü il nəşri, səh. 88).

"Ər və arvad yoldaşdır. Nigahın ümdə şərti ər və arvadın bərabərliyi olur... Kişi bir işə başlayanda arvadına məsləhət etməlidir, hər məsələ gərək bir yerdə müzakirə olunsun". (Y.V.Çəmənzəminli, Əsərləri, 3-cü cild, səh.157).

"Qızlar mavi uniforma - donlar və ağ döşlük geyib bağçada gəzirdilər" ("Əli və Nino", səh.6).

"Buranın məktəb qızları göy zolaqlı paltarlarda və ağ döşlükdə gəzirlər" (Y.V.Çəmənzəminli, "Bir cavanın dəftəri", səh.38).

"Orada, Davud dağında bir qəbir vardır. Bu qəbirdə şair və əlahəzrət Aleksandr Qriboyedov yatırdı. Onun məzar daşının üstündə bu sözlər yazılmışdır: Sənin əməllərin unudulmazdır, amma nə üçün Ninonun məhəbbəti sənin ömründən uzun oldu?". ("Əli və Nino" səh.99).

"...Onun (Qriboyedovun - S.H.) məzarı üstündə qadını Nino tərəfindən ucaldılmış dəbdəbəli abidənin üstündə bu sözlər yazılmışdı: "Sənin ağlın və əməllərin rusların xatirəsində əbədidir, amma nə üçün mənim məhəbbətim səndən artıq yaşadı?" (Y.V.Çəmənzəminli, "Fokusnik" jurnalı, 1904).

"...riyaziyyatın əlindən ölürəm..." ("Əli və Nino", səh.83).

"Riyaziyyatla mübarizə aparmaq məni təngə gətirmişdir" (Y.V.Çəmənzəminlinin gündəliyi, 23 yanvar, 1909).

"Onun səsini minlərlə insanın təkrar etdiyi "Şaxsey, Vaxsey - Hüseyn, vay Hüseyn" nidaları müşayiət edirdi" ("Əli və Nino", səh.186).

- "Ku Hüseyinmə! Vay Hüseyinmə! - minlərlə adamın hönkürtüsü bir-birinə qarışmışdı" (Y.V.Çəmənzəminli, əsərləri, 1-ci cild, 1966, səh.263.).

"...İkinci dəfə idi ki, üçüncü sinifin partasında oturdu və onun üçüncü il də eyni sinifdə qalması üçün hər cür ehtimal var idi ("Əli və Nino", səh.4).

"Bu bədbəxt 18 yaşında da hələ də üçüncü sinifdədir..." (Çəmənzəminli, əsərləri, 3-cü cild, səh.252).

"Ağappaq sabun köpüyünün içində uzanmışdım". ("Əli və Nino", səh.97).

"Sabun kisəsini üfüləyərək, onu ağ köpük içində uzandırmışdı..." (Y.V.Çəmənzəminli, sərləri, 2-ci cild, 1976-cı il, səh.594) və s.

O ki, qaldı Əsəd bəyin (yaxud levin) Bakı haqqında xoş sözlərinə, bunu təkcə azərbaycanlı olan birisi yox, Bakını görmüş, yaxud Bakıda yaşamış hər hansı qeyri-azərbaycanlı da yaza, deyə bilər. Necə ki, rus Leonid İliç Brejnev heyranlıqla söyləyirdi: "Bakı gözəl şəhərdi, burada yaşamaq və işləmək xoşdur...".

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.-2021.-  23 yanvar.- S.25.