Güney Azərbaycanda uşaq ədəbiyyatı
–
yurdun və ədəbiyyatın fədailəri
"Məni elə yerdə dəfn
edin ki, məktəblilər hər gün qəbrimin üzərindən
keçərkən ruhumu şad etsinlər..."
Mirzə Həsən Rüşdiyyə
Azərbaycan
uşaq ədəbiyyatı məfhumu yeni dövrə - XIX əsrə
aid ədəbi-pedaqoji hadisədir... XIX və XX
əsrin əvvəllərində kifayət qədər
ictimai və dini məzmuna, əxlaqi-didaktik pafosa, estetik təsir
gücünə malik olan uşaq oxusu nümunələrinin
yaranmasına baxmayaraq, bu zəngin xəzinə indiyə qədər
toplanaraq bütöv halda araşdırılmayıb, nəşr
edilərək xalqa çatdırılmayıb. Uşaq yazarlarının bəzilərinin
adlarını eşitmiş olsaq da, əsərlərindən
xəbərsizik. Bu mənada uşaq ədəbiyyatımızın
inkişaf tarixində, uşaqlar üçün nəzərdə
tutulan nəşrlərin mənzərəsində ağ ləkələr sıx-sıx nəzərə
çarpır. Lakin bu siyasi ab-hava, ögey
münasibət artıq arxada qalıb. Bu
gün Vətənin həm Quzeyində, həm də
Güneyində tarixin müxtəlif mərhələlərində
xalqın yaratdığı mənəvi sərvəti
heç bir istisnaya yol vermədən bütöv halda
araşdırıb üzə çıxarmaq, təbliğ
edib geniş oxucu kütləsinin mənəvi qida mənbəyinə
çevirmək yazarları, ziyalıları
düşündürən əsas məsələlərdəndir.
Bu
gerçəkliyin mahiyyətini dövrünün
böyük aydını, Cənubi Azərbaycanın baş
şəhəri Təbrizdən Şərq dünyasına
günəş təkin doğan görkəmli maarifpərvər,
pedaqoq, publisist, ruhani, siyasətçi və mühərrir
kimi tanınan Mirzə Həsən Rüşdiyyə isə hələ
XIX əsrin II yarısından etibarən dərindən
anlayıb. İranda ilk müasir təlim-təhsil
üsullarını tətbiq edən maarif xadimi və
"İran maarifinin atası" kimi dəyərləndirilən
Mirzə Həsən Rüşdiyyənin XIX əsrin
sonlarında böyük çətinliklər bahasına
açdığı "Mədrəsəye-Rüşdiyyə",
"Rüşdiyye-ye müzəffəriyyə" adlı
yeni tipli məktəblər Səfəvilər dövründən
sonra Güney Azərbaycanda ana dilində
açılmış və təlim-təhsili Azərbaycan
türkcəsində aparan ilk Azərbaycan məktəbi idi.
Və təbii olaraq bu yeni tipli Azərbaycan məktəblərində
təhsil alan uşaqların oxuyub yüksək
savad almaları üçün ana dilində, öz türkcəmizdə
dərsliklərin yaradılması və bədii əsərlərin
yazılması zərurətini də doğururdu.
M.H.Rüşdiyyə hər kəsdən öncə bu işə
başlayıb və kiçikyaşlı öyrəncilər
üçün bir sıra ibrətamiz əsərlər, təmsil
və dərsliklər, türk və fars
dillərində ümumilikdə 30-a yaxın kitab qələmə
alıb. "Vətən dili" və "Ana dili" kimi dərslikləri
ilə yanaşı, bir-birindən dəyərli "Bidayətüt-təlim",
"Kifayətüt-təlim", "Nəhayətüt-təlim",
"Nəsihətül-təlim", "Təkmilüs-sərt",
"Təhsili-hesab", "Üsuli-əqaid, yaxud
ittihadı-bəşər", "Əlifbayi-sövti",
"Əlifbayi-Rüşdiyyə",
"Tarixi-şifahi", "Coğrafiyai-şifahi",
"Şəriəti-ibtidai" və b. əsərləri
ilə İranda və Güney Azərbaycanda əsl
maarifçilik hərəkatının başlanmasına start
verib.
M.H.Rüşdiyyənin,
daha sonra Cabbar bəy Bağçaban, Haşım Tərlan, Məhəmmədhüseyn
Şəhriyar, Səməd Behrəngi, Mərziyyə
Üskülü, Əlirza Nabdil Oxtay, Həsən Fərşbaf,
Rəsul Qədiri və digərlərinin bədii irsinin
özəlliklərindən biri əsərlərini əsasən
sadə dildə, uşaqların anlaya biləcəyi tərzdə
yazmalarıdır. Onların məqsədi
üz tutduqları mövzuları bədii müstəvidə
işləməklə xalqın maariflənlənməsinə,
körpə fidanların gözlərinin
açılmasına xidmət etmək idi. Güney yazarları bilirdilər və bu gün də
o fikirdədirlər ki, uşaqları elmə, təhsilə həvəsləndirmək,
savadlı, bilikli vətəndaş kimi yetişdirmək
üçün onlarda kitab oxumağa maraq oyatmaq
lazımdır. M.H.Rüşdiyyə də bu gerçəyi
dərindən anladığından uşaqların
zövqünü oxşaya biləcək, onların bəsirət
gözünün açılmasına yardımçı ola biləcək əsərlər,
öykülər, duzlu-məzəli şeir və kiçik həcmli
təmsillər yazır, böyük sənətkarlıq
nümayiş etdirirdi. Kamil pedaqoqun məqsədi
o idi ki, uşaqların zehni yorulmasın, uzun mətni oxumaqdan
bezməsinlər. Ədibin ədəbi
irsi, didaktik ədəbiyyatın ən gözəl örnəklərindən
sayılan təmsilləri o taylı-bu taylı Azərbaycan ədəbiyyatının
misilsiz örnəkləridir. Onun alleqorik
hekayələri dərin fəlsəfi mənaları ilə
diqqət çəkir. Yazıçının
uşaqlar üçün yazdığı və "Vətən
dili" dərsliyinə də daxil etdiyi həmin hekayələr
günümüzədək uşaq ədəbiyyatında
öz əhəmiyyətli mövqeyini qoruyub saxlayır.
"Aslan və iki öküz", "Tısbağa və
dovşan", "Maralın qıçları və
buynuzları", "Köpəklər və
tülkü", "İki xoruz", "Köpək və
qurd", "Köpək və çaylan", "İnsan
və aslan", "Şir və siçan",
"Dözümsüz aslan" təmsil-öykülərində
böyük pedaqoq insanlara anlatmaq istəyir ki, hər kəs
öz əkdiyini biçir. Lovğalıq, təkəbbür,
yersiz qürur insana baş ucalığı gətirən cəhətlər
deyil. İnsan yaşamı boyunca nələr
edirsə, hansı əməlləri həyata keçirirsə,
məhz onlar zaman keçdikcə qarşısına
çıxır, yaxşı, ya pis əməllərin
daşıyıcısı olubsa, elə həmin əməllərlə
də qarşılaşır.
Min təəssüflər ki, Mirzə Həsən
Rüşdiyyənin "bu qədər zəngin
yaradıcılıq irsi olmasına baxmayaraq, əsərləri
Quzey Azərbaycanda nəinki ayrıca nəşr
olunmamış, hətta antologiyalara belə çox cüzi
bir hissəsi salınmışdır. O da acınacaqlı
haldır ki, türkçülüyün tarixinə aid bir
çox əsərlərdə türklük
üçün bu qədər böyük işlər
görmüş bu şəxsiyyətin adı belə çəkilməmişdir"
(Şirvani Ədilli).
Qeyd edək
ki, Güney Azərbaycanda və İranda çağdaş
dövr uşaq ədəbiyyatının təməlini
M.H.Rüşdiyyənin xələfi - Səməd Behrəngi
qoymuş, onun faciəli ölümündən sonra isə bu
qutsal işi milli siyasi hərəkatda fəal iştirak edən
məsləkdaşları Mərziyə Üskülü Dalğa
və Əlirza Nabdil Oxtay birlikdə davam etdirmişlər.
Bu gün Güneydə "Uşaqlarınızın
göz yaşlarını qoruyun, qoy öz çağında
onlar sizin qəbrinizin üstünə tökülməyə
yaraya bilsin" (Pifaqor) gerçəyini anlayır və həyata
keçməsi üçün uşaq ədəbiyyatı
nümunələrinin yaranmasına və
araşdırılmasına daha çox əhəmiyyət
verirlər. Tanınmış şair və tənqidçi
Hümmət Şahbazi Azərbaycan ədəbiyyatında ilk
uşaq şeiri kimi Məhəmməd Füzulinin iki yüz
beytdən ibarət "Söhbətül-əsmar"
("Meyvələrin söhbəti") alleqorik məsnəvisini
qəbul edir və yazır ki, "bu kitabı 1958-ci ildə
Bakıda Həmid Araslı" nəşr etdirib. Kamil Mirbağırov tərəfindən nəsrə
çevrilərək uşaqlar üçün
hazırlanıb və Təbrizdə 1376 (1997)-ci ildə
"Əsmər" nəşriyyatı tərəfindən
yayımlanıb. Əsərin
böyüklər üçün yazıldığını
duyuruq. Ancaq dərindən fikirləşdikdə,
yeni çağda cizgi filmləri, təmsili (alleqorik)
biçimdə uşaqlar üçün
hazırlanmasını görəndə, "Söhbətül-əsmar"n
da uşaqlar üçün təmsili bir dil ilə
yazıldığını duyursan. Buna
görə Azərbaycanın ilk uşaq şeiri (hətta bütün
Şərqdə) Füzuliyə aiddır. Hümmət Şahbazinin fikrinə yüzdəyüz
qatılır və təsdiqləyirəm, çünki
1958-ci ilədək "Söhbətül-əsmar"
("Meyvələrin söhbəti") əsəri
S.Mümtaz, H.Araslı, M.Rzaquluzadə və Ə.H.Qəhrəmanov,
H.Əfəndiyev və digərlərinin tərtibatı və
müqəddimələri ilə Təbrizdə və
Bakıda dəfələrlə çap olunmuşdur.
Onlarla nəşr variantlarının hamısında əsərin
orta və natamam orta məktəblərin əsasən
beşinci, sonra isə VI-VII sinif şagirdləri
üçün tədris olunacağı qeyd olunur. Deməli, dahi
Füzuli "Söhbətül-əsmar" ("Meyvələrin
söhbəti") məsnəvisini daha çox uşaq və
yeniyetmələri düşünərək qələmə
almışdır. Hümmət Şahbazinin də bu məsnəvinin
mahiyyətinə varması, dahi Füzulinin hədəflərini
bəlirləməsi, mənəm-mənəmlik
düşüncəsinin, lovğalıq və təkəbbürün
dünyanın ən ləziz neməti olan meyvələrdən
deyil, insanlardan belə qaçışa gətirib
çıxardığını, dolayısı ilə
insanların birliyə nə qədər ehtiyacları
olduğu halda, bu gerçəyi anlamaması məsələsini
incələməsi də
düşündürücüdür.
İctimai
şüurun formalaşması, yeni insan tərbiyəsi, maarif
və mədəniyyətin inkişafı, körpə
fidanların sağlam ruhda böyüməsi və doğma
dildə mükəmməl təhsil alması uğrunda
yorulmadan çalışan, böyük maarifpərvər
şair və fəal ictimai xadim kimi tanınan Cabbar Əsgərzadə
Bağçabanın (1885-1966) yaradıcılığında
da uşaqlar üçün yazılan bir-birindən
maraqlı şeir və hekayələr mühüm yer tutur.
Ədəbiyyat
aləmindən məlumdur ki, bir çox yazarlar uşaqlar
haqqında sentimental-əxlaqi ədəbi üsullarla, ən
yaxşı halda, böyüklərin zərif yumorunu qatmaqla əsərlər
qələmə alırlar, ancaq onların iç
dünyasının alt qatlarına, mənəviyyatının dərinliyinə nüfuz edə
bilmirlər. Çağdaş dövr Güney Azərbaycan
uşaq nəsrinin yaradıcısı olan Səməd Behrəngi
isə öz əzərlərində uşaq ruhuna daha da
yaxınlaşmaqla, onların daxili dünyasına yol
tapmağa nail olan yazıçılardandır. O, kamil pedaqoq
olmaqla yanaşı, həm də orijinal dəst-xəttə
malik istedadlı hekayə yazarı, peşəkar tərcüməçi,
XX əsr İran və Azərbaycan ədəbiyyatının
ən görkəmli adlarından biri idi. Güney Azərbaycanda
çağdaş dövr uşaq nəsrinin yaranması və
inkişaf etməsi məhz onun adı ilə
bağlıdır. Səməd Behrəngi əsərlərini
"Biz uşaqlara: - Oğurluq etmə, yalan danışma! - kimi məsləhətlər vermək əvəzinə,
onların oğru olmalarının səbəbini
açıb göstərməliyik. Çünki
insanları yetişdirən mühitdir. Yaxşı insan
yetişdirmək istəyiriksə, mühiti də yetişdirməli
və insaniləşdirməliyik", - əqidəsi ilə
yazıb-yaradırdı... Uşaq təbiətini
anlayan təcrübəli pedaqoq kimi körpə fidanlara
yalnız doğruya inam, həqiqətə sevgi, şərə,
pisliyə və xəyanətə, ağa qara, yalana həqiqət,
göz yaşlarını sevinc şəlaləsi,
hıçqırığı gülüş, məhrumiyyətləri
tanrının qisməti kimi qələmə verənlərə
nifrət aşılayırdı. Bu nifrətin
onların yaşamı üçün, yaxşını
pisdən ayıra bilməsi üçün gərəkli
olduğunu düşünürdü".
"Balaca
qara balıq ", "Adət", "Binam//Adsız",
"Narınc qabığı", "Balaca qara balıq
", "Ulduz və qarğalar", "24 saat yuxuda və
ayıqlıqda", "Çuğundursatan oğlan",
"Bir hulu, min hulu", "Məhəbbət
nağılı", "Təlxun", "Ləbi satan
uşaq", "Qoca arvad və qızıl cücəsi",
"Koroğlu və keçəl Həmzə",
"Ulduzla danışan gəlincik", "Çox bəxtiyar
ağa" və s. kimi hekayələrində o, bulaq suyu kimi
dumduru, saf uşaq dünyasından böyüklərin
bulunduğu aləmə bir pəncərə açır və
açdığı pəncərədən toplumu
bütün cizgiləri, xüsusiyyətləri ilə
yaşlıların gözləri önündə
canlandırırdı... Və böyüklər,
yaşlılar da həmin əsərlərə maraq göstərirdilər...
Güneydə uşaq ədəbiyyatı
yazarlarının düşüncələrinə görə,
bir ulusun gələcəyi uşaqlarının necə tərbiyə
olunması, formalaşması ilə bağlıdır. Uşaqlar
üçün çalışmaq olduqca zövqlü, eyni
zamanda çətin və həssas, həm də məsuliyyətli
bir işdir. Çünki uşaqları
aldatmaq çətin, inandırmaq isə mümkündür.
M.H.Rüşdiyyənin
digər xələfi Əlirza Nabdil Oxtayın "Mən
kiçik bir çəiyrdək idim", "Yağdı
yağışlar", "Yaşıl", "Əl-ələ",
"Qaynarca", "Axmaca"
"Sığırçın", "Oğlan oxu",
"Qurd və şəhər" kimi şeirləri uşaq
və yeniyetmələrə ən dəyərli töhfəsidir.
Nağılvarı süjetə, təhkiyəyə
malik "Qılınc nağılı" şeirində
Oxtay elin söz-sov boxçasından qədim bir el məsəlini
çağdaş dövrün düşüncə
biçimində oxucuya təqdim edir. "Ata ölüm
ayağında ikən: Mənim vardan, yoxdan bir
qılıncım qalıb təkcə, Gətirin
vidalaşım. Hər bir kişi
ölümə də qılınc ilə getməlidir, - deyə
oğlanlarını yanına çağırır. Onlara babalarından miras qalmış
qılıncı qorumağı vəsiyyət edir. Lakin nə böyük, nə də ortancıl
oğul qılınca yiyə durmur. Lakin kiçik qardaş
kiçicik əllərini uzadaraq: - Mənim olsun bəs elədə,
deyir". Şairin təsvirində kiçik
qardaşın qılınca sahib çıxması həm də
onun-kiçik qardaşın timsalında bütün yurd,
milli dəyər sevdalılarının vətənə, ana
torpağa, tarixi yurd yerlərimizə sahib
çıxacağı kimi dərk olunur. Bu
hərəkət Vətən, yurd sevgisinin hələ də
var olduğunun göstəricisidir. Ə.N.Oxtayın
kiçikyaşlı oxucularına aşılamaq istədiyi qənaət
şeirin misraları arasından apaçıq
görünür: "Nə qədər ki, keçmişə,
xalqın qəhrəmanlıq tarixinə bugünkü və
gələcək nəsil, gənclər hörmətlə
yanaşacaq və onlardan öyrənəcək, o qədər
də millətin sabahı, gələcəyi etibarlı,
davamlı və özgür olacaq".
Məşrutə inqilabı faktını-tarixi hadısəni
böyük bir ədəbi mövzuya çevirən
Ə.N.Oxtay heç nəyin dəyişmədiyini, yurdunun yenə
də yağıların əlində olduğunu,
zülmün ərşə dirəndiyini oxucularına
anladır, onları ölkəni yadların əlindən
almağa çağırır. Döyüşkən
şair içindəki sızıltı ilə bildirir ki, əgər
bu qurtuluşu mənsub olduğu nəsil gerçəkləşdirməzsə,
gələcək nəsil, indiki balalar həyata keçirəcək,
"gədiklərin qurdların tutub boğacaqdır".
Eynilə 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq düz
27 il qabaq vandalist, təcavüzkar Ermənistan
respublikasının işğal etdiyi əzəli Azərbaycan
torpaqlarını - Qarabağı Ali Baş Komandan İlham
Əliyevin başçılığı ilə
şanlı Azərbaycan ordusunun yağı düşməndən
azad edib işğalçı ölkə ilə sərhədlərimiz
boyunca "qurdları tutub boğduqları", yeni tarix
yazdıqları kimi...
Bu gün Güney Azərbaycanda Uşaq ədəbiyyatı
artan sürətlə gəlişməkdədir və bu sahədə
vəziyyət könülaçandır. Bu yöndə
araya-ərsəyə gəlmiş əsərlərin
çapı sahəsindəki gəlişmə isə gələcəyə
ümidlə baxmağa imkan verir. Çap
məhsullarını incələyərkən bu sonuca
vardıq ki, uşaq ədəbiyyatı mövzusu Güney
yazarları üçün çox aktual, həm də
prioritetdir. Ramin Cahangirzadə, Rəsul Qədiri, Məhəmməd
Abidinpur, Aydın Baxış, Xosrov Barışan, Səhər
Xiyavi, Leyla Kəhalı, Məlihə Əzizpur, Mürtəza
Məcdfər, Süsən Nəvadeye Rəzi, Azəryar
Danişvər, Davud İntizar, Mənijə Müvəffəq,
Sara Turi Əsl və başqa yazarlar uşaqların qəlbinə
yol tapan, ruhunu oxşayan əsərlər qələmə
alırlar. Fərəh hissi ilə deyə bilərəm ki,
Ramin Cahangirzadə, Süsən Nəvadeye Rəzi, Rəsul Qədiri,
Xosrov Barışan, Məhəmməd Abidinpur və Səhər
Xiyavinin çap olunmuş və son dönəmlərdə
çapa hazırlanan kitabları uşaqlara böyük sevinc
hissi yaşadacaqdır.
Sirr deyil ki, Güneydə ədəbi dil bu gün də
tam olaraq formalaşmayıb. Yazarlar yerli şivələrdə-danışdıqları
dildə yazıb-yaradırlar. Bu hal
qaçılmazdır. Açığı, bu əsərləri
oxuduqca ana dilində dərslikləri, məktəbi olmayan
Güney yazarlarının uşaqların formalaşmasında
önəmli təsiri olan uşaq ədəbiyyatına
strateji məsələ kimi baxdıqlarını anladım,
mövcud zorluqlara baxmayaraq bu mövzuda ardıcıl
yazıb-yaratmaq üçün göstərdikləri əzmkarlıq
qarşısında heyrətləndim... Onların yurdun, ədəbiyyatın
fədailəri olduğu göz önündə...
Esmira FUAD
Ədəbiyyat qəzeti.- 2021.- 23
yanvar.- S.24-25.