Qərib dağların
quzeyi
Romandan parça
...Nömrəni
bir də yığdım. Uzun-uzadı siqnallar
həmişəki kimi məni bezdirdi. Elə
bil telefonun sahibi çoxdan o evdə yaşamırdı, yoxsa
bu üç ayda bircə dəfə dəstəyi
qaldıran olardı. Birdən
ağlıma gəldi ki, bəlkə ölüb?
Telefonun sahibini deyirəm... O qədər ehtimallar vardı ki? Evimizdə heç vaxt xatırlanmayan,
varlığından bixəbər olduğumuz birinin hardansa qəfil
yada düşməsi, bir növ zühur etməsi özü
ehtimala söykənmirdimi? Elə əlində giriftar
olduğum bu rəqəmlər... İlahi,
axı mənim nəyimə gərəkdi hörümçək
torunda vurnuxub başımı xarab etmək?! Hansısa rəqəmi
tay-dəyişik yaza biləcəyinə əminliyim ola-ola bu
işin sonuna çıxmaq marağı məni tutub
buraxmırdı... Kod Bakının idi,
yoxlamışdım, nömrə müəmmalıydı.
Tilsim idi, tilsim! Bir ara
düşündüm ki, Bakıyla onun nə əlaqəsi
ola bilərdi? "Əmi" söhbəti
çıxanda, daha doğrusu, kodu öyrənəndə
barmağımı dişlədim. Bəlkə
də Bakı onun ağrılı, sirli-sehrli, unutmaq istədiyi
keçmişiydi. Axı nə vaxtsa
Moskvadan uzaqlaşdığı yadıma gəlmirdi. Mən doğulandan əvvəlki həyatından
heç nə bilmirdim. Danışmazdı.
Xatirələri olmamış kimi... Elə bu
narahatlığıma son qoymaq üçün heç vaxt məni
özünə çəkməyən evdəki bütün
ailə arxivini eşib-tökdüm, kitabların
arasını axtardım, məktubları, köhnə-təzə
fotoları ələk-fələk etdim. Tapdıqlarım,
gördüklərim məni dəhşətə gətirmişdi.
Nəyə görə? - Ona görə
ki, bütün sənədlər yaş kağızımla,
albomdakı şəkillər də mənim doğuluşumla
başlayırdı. Elə bil ikimiz eyni vaxtda
dünyaya gəlmişdik - anam və mən. Onun nə uşaqlığı, nə də gənclik
illəri olmayıbmış. Bircə
qırıq xatirə məni sakitləşdirə bilmədi,
ipucu verəcək əski bir sənəd,
cırılmış olsa da saralmış bir foto
gözümə dəymədi. Sanki bilərəkdən,
şüurlu surətdə illərdi ancaq ona gərəkli
olanları ardıcıllıqla toplayıb
saxlayıbmış. Niyəsini başa
düşməsəm də, deməli, mənə qədərki
həyatında nə olubsa, hafizəsində
yaşatdıqlarından savayı hamısını qəddarcasına
məhv edib?
O,
bölüşməyi sevməzdi. Qonşularla
"salam-sağol"dan özgə münasibəti
olmazdı. "Köhnə dostum"
dediyi Roza xaladan başqa, rəfiqəsinin
olmadığını bilirdim. Onunla
pıçıldaşar, dərdləşərdi, başqa
heç kəslə.
"Bu əmi
hardan çıxdı belə?". O qədər
cavabsız suallar vardı ki, əlində aciz
qalmışdım. Bəlkə özündən
uydurub, xəstə arvad idi, özü də huşsuz,
ağlına gələni danışırdı, demək
olardı son günlər heç məni əməlli tanımırdı,
yaxınına gedib qulaq verəndə hansısa heç vaxt
eşitmədiyim, anlamadığım dildə durmadan
pıçıldadığını eşidirdim. Elə
bil divarlarla, tavanla danışır, içəri girdiyimi
hiss etmirdi... Eh, bəzən də otağın
boşluğunda cingildəyən bağırtıları
qulaqlarıma dolub beynimi silkələyir, yaxınlaşanda,
qaranlıqda cin görmüş kimi daha da şiddətlə
çığırır, cınqırımı
çıxarmamaq üçün divarın küncünə
sıxılaraq ağzımı qapadıqca da nəfəsim kəsilir,
boğulurdum. Nələr duyduğunu, nədən narahat
olduğunu, nədən qorxduğunu anlamaq istəyirdim,
bacarmırdım... Bilmirəm, əyləncə
xatirinəmi, yoxsa elə-belə, rəqəmlərin yerini, əsasən
də son rəqəmləri dəyişə-dəyişə,
neçə dəfə yoxlamışdım, qəribəydi
ki, onda da uzun-uzadı zəng gedirdi, lakin dəstəyi
qaldıran olmurdu. Amma yox, yalançı olaram, bir dəfə
telefonu açdılar, nazik qadın səsi əsnəyə-əsnəyə
"alo"dan sonra anlamadığım dildə nəsə
soruşdu, ehtiyatla, rus dilində salam verib kimin evi olduğunu
soruşdum, şübhəylə xeyli susdu, "kto tibe
nada?" deyib yenə əsnədi və çaşıb
qaldım. Kimi soruşmalıydım ki? Nə mən axmaq soruşmuşdum, nə anam
demişdi əmimin adını. Nazik səsli qadın elə
təkrar edirdi: "Kto tibe nada?". Duruxub qalmışdım və nə cavab verəcəyimi
bilmirdim. Ağlımdan keçdi ki, əgər
təsadüfən bu əmimgilin evidirsə, məni yəqin,
tanımamış olmazlar. "Ya, Ruslan" demişdim
ki, kobud səsli kişi dəstəyi
qadının əlindən qapdı.
Bağıra-bağıra xırıltılı səslə
soruşdu:
- Alo,
şto tebe nada, hə? Tebe nespitsya, avara! Na çası smatri,
bezdelnik...
Sonra nəsə
dedi, anlamadım. Zənglərə o qədər
aludə olmuşdum ki, gecə saat üçü
keçdiyindən xəbərim olmamışdı. Üzr istəməyə də imkan vermədən dəstəyi
asdı. Mənə elə gəldi ki, yuxusuna haram
qatdığım əsəbi kişi dəstəyi
yerinə qoymadı, hikkəylə aparatın üstünə
çırpdı.
Əvvəllər əmim barədə söz
açmazdı anam. Varlığından-yoxluğundan bixəbərmiş
kimi. Birdən-birə hardan yadına
salmış, ciddi-cəhdlə onunla görüşməyimi
istəmişdi - başa düşə bilmirdim.
İyirmi doqquz il heç bir əlaqəsi
yox idisə, bəs telefon nömrəsini necə öyrənmişdi?
Sanki mən bilirəmmiş kimi adını qeyd
eləməyə də ehtiyac duymamışdı. Deyirəm
də, tilsimdi! Birdən, getsəydim, nə
olardı? Tanımadığım
böyük şəhərdə tanımadığım, həyatımda
görmədiyim adamı necə tapa bilərdim axı?
Əlbəttə, telefonu açsaydı, başqa məsələ...
Gör neçə il keçib, dünya
dəyişib, deməli, telefon nömrələri də,
kodlar da yenilənib. Belə
çıxırdı ki, lap yaxınlarda özü anamla əlaqə
qurub, yoxsa atamın varlığından xəbərim
olmadığı halda arvad ölümqabağı qəfildən
əmimi nədən yada salardı? Otuz
yeddi ildə mənə elə gəlirdi ki, buna inanmasam da,
anam məni müqəddəs Məryəm kimi atasız
dünyaya gətiribmiş. Ömründə
bir dəfə də atamın adını, ya da onun barədə
hansısa xatirəni dilinə gətirmədiyindən
başqa nə düşünə bilərdim ki?
Maraq bütün işlərimi bir kənara qoyub əmi
axtarışına yönəltmişdi ağlımı. Naməlum əmi
vasitəsilə atamı tapar, ya da onun barəsində bilmədiklərimi
öyrənə bilərdim deyə, son günlər heç
vaxt ağlımın ucundan keçməyən
düşüncələrin caynağında
çırpına-çırpına, demə, ömrü
boyu məndən çox şeylər gizlədən anamı
qınayırdım. Heç şübhəsiz,
bilmədiklərim qədərincəydi. "Əmi"
söhbəti çıxandan özümü də şiddətli
surətdə lənətləyirdim. Heç kim göydən pambıq içində
düşməyib. Uşaqlıq dostlarım Kirilin,
Svetkanın, Rasimin, Gülyanın da atası vardı - bir yerdə
yaşamasalar da... Axı necə ola bilirdi
ki, ətrafımda bu qədər atalı-atasız uşaqlar
varkən bir dəfə də "bəs mənim atam
kimdi?" deyə anamdan sormamışam? Çox qəribəydi!
Və ilk dəfə həmin gün, pasportumda
yazılmış, ömrü boyu daşıdığım
soyadım - Aliyeviçin kim olduğu barədə
düşünməyə başladım. Bəlkə
o da virtual bir varlıq olub? Əgər anam
onu hansısa səbəbdən unutmaq, unutdurmaq istəmişdisə,
quruca adını nədən yaşatsın ki?
İndi xırdalıqlara varıb anamın üstümdə
yarpaq kimi əsməsinin, gözündən uzaq
buraxmadığının, hələ ilk evliliyimdə, toydan
qabaq daha müasir mənzil almaq imkanım olsa da, ayrı
yaşamağımıza qətiyyətlə mane
olmasının, elə bu səbəbdən Larisanın məndən
ayrılmasına "bu, böyük faciə deyil" deməsiylə,
gec də olsa, məni toxtatmasının əsl mahiyyətini
anlamağa başladım. O qorxurmuş! Azad, sərbəst
olmağımdan, illərdi nizamladığı, qoruduğu təsir
dairəsindən çıxacağımdan, özümü,
kim olduğumu axtaracağımdan
qorxurmuş. Hələ özümü dərk
edəndən bir sözümü iki etməzdi. Arzu və istəklərimi sözsüz və
zamanında yerinə yetirdiyindən qayğısız
yaşamışdım. Ona görə
dünyada məni anamdan özgə sevə biləcək bir
varlığın olacağına inanmamışam. Bəlkə elə ona görə də ata
qayğısına, ata sevgisinə ehtiyac duymamışam.
Anam var gücüylə o sevgini mənə
yaxın buraxmamaq üçün
çalışmayıbmı?
Əslinə
qalsa, "onu ara, sənə deyəcəkləri
var, məndən heç nə soruşma" deyib gözlərimdən
öpən anamın son üç ayda əhvalının
daha da pisləşməsini də qəfil ortaya
çıxmış "əmi" məsələsində
görürdüm. Əvvəllər də
ağrıları şiddətli olurdu, qonşu tibb
bacısı gəlib iynəsini vurur, ağrıları
heç nə olmamış kimi ötüb keçirdi.
Amma o gündən hər şey dəyişdi,
daha bahalı iynələrin, dərmanların heç bir təsiri
olmurdu, əksinə, halı daha da pisləşir, gah isti, gah
da soyuq tərin içində çapalayırdı. Gecə səhərə kimi beş-altı kərə
paltarını dəyişirdim. Yanından
ayrılan kimi qışqırır, hay verəndə də
kövrəlib uşaq kimi zarıyırdı. "Belə etmə, nolar, yalvarıram", deyib
sakitləşdirirdim. Yuxusuzluğun
yaratdığı gərginlik məni elə haldan
salmışdı ki, məcbur olub baxıcı qadın
tutdum, artıqlamasıyla pulunu verirdim ki, yanından
ayrılmasın. Axşam düşən
kimi qarabasmaları olur, sayaqlamalar, dəlisov
bağırtılar bədənimə üşütmə
salırdı. Son günlər (həkim demşdi ki, bir
həftə ömrü qalır) divardakı xaça baxa-baxa
hansı dildəsə
danışdığını dəfələrlə
müşahidə etmişdim, sanki ürəyindəkiləri
Tarnıya boşaldırmış kimi.
Arvadın halı pisləşməmişdən öncə
bizə kimin gəlib-getdiyni yadıma sala bilməzdim,
çünki günün xeyli vaxtını işdə
keçirirdim.
Gələn, yəqin ki, gündüz gəlmişdi, deməli,
evi tanıyan biriydi, ya da telefonla... Əlbəttə, telefonla!
Bu heç ağlıma gəlməyib. Telefonun yaddaşına baxmaq lazımdı. Amma yox, yaxşısı qəbzləri
araşdırmaqdı. Son bir neçə
ayda gələn zənglərə baxsam, hər şey
aydın olacaq.
Mobil telefonumu masaya qoyub telefon olan otağa keçdim. Heç nəyə
əl vurmamışdım. Telefon
aparatını anamın çarpayısının yanına
necə qoymuşdum, eləcə də qalırdı. İki aydı o yoxdu, elə bil telefon da anamın
yasını saxlayır. Susurdu telefon...
Dolabdan ötən altı ayın qəbzlərini
götürdüm. Daxil olan zəngləri bir-bir yoxlamağa
başladım. Son üç ayda zənglər
seyrəkdi. Demək olar ki, gündə üç dəfə
eyni nömrədən gələn daxili zəng... Rəfiqəsidi. Əvvəlki aylarda əllidən
çox daxil olanlar arasında eyni gündə iki beynəlxalq
zəng... Aha... Başqa-başqa şəhərlərdəndi.
Mobil telefonumda beynəlxaq kodları axtarıram.
Hə, biri Nyu-York, o biri... o biri də Sankt-Peterburqdan... Bakıdan zəng olmayıb. Biriylə
düz iyirmi dəqiqə, o birisi... o birisi ilə iyirmi
üç dəqiqə danışıblar. Tarixə baxıram, iyun ayının yeddisi. İyun ayı - anamın dəfnindən üç
ay əvvəl. Düz gəlir... Halı o
vaxtlar pisləşməyə başlamışdı.
Maraqlıdı, kim olub görən?
Dəstəyi
qaldırıb əvvəlcə Sankt-Peterburqdakı nömrəni
yığdım...
***
-
Dünyanın bu başında tapdın məni... Görəndə
diksinmədim, yox, bilirdim axtarsan, tapacaqsan... İyimi
tutub gəlmisən on milyonluq şəhərə. Bəlkə də öz iyini? Axı iyirmi ildi
sənin qoxunu, sanki atılası mümkün olmayan yük kimi dalıma
şələyib gəzdirirəm. İnanmırsan?.. Qaçdım, hamıdan, ən əzəl
özümdən... Noolsun? Demə, lap
insan ayağı dəyməyən adacıqlara, cəngəlliklərə
sığınasan, özündən qaça bilmirsən...
Susma, bir söz de... Bəlkə bir fincan qəhvə
içək? Nyu-Yorkda da türk qəhvəsi
olur. Sən türk qəhvəsindən
ötrü sinov gedirsən axı? Nə
deyirsən?
Eləcə gülümsəyirdi Müslüm. Sanki Nəzrini
tapıb, gözlərinə baxa-baxa durmadan gülümsəyəcəyinə
söz veribmiş. Başını
razılıq əlaməti olaraq yellədi. "Pis olmaz" deyirmiş kimi.
- Onda,
Times Meydanına gedək, ya da Bruklinə. Yaxındadı.
Düzdü, Nyu-Yorkda "yaxındadı"
anlayışı bir az gülməli
çıxır. Yəni maşınla ən
azı əlli dəqiqə vaxtımız gedəcək.
Tələsib eləmirsən ki? -
Özü öz verdiyi suala güldü. Daha
doğrusu, dodağı yüngülcə qaçdı.
- Dəliyəm valla, məxsusi mənimlə görüşməyə
gəldiyini bilə-bilə gör nə soruşuram.
Bağışla... Gur tıxaclarda bezəcəksənsə,
yolun kənarında ucuz kafelərin birində də otura bilərik.
Təəssüf ki, tıxac hər yerdə elə
tıxacdı. Mən öyrəncəliyəm.
-
Bakıda daha çoxdu, - nəhayət, dilləndi. Müslüm dinincə Nəzrinin eyni
açıldı.
- Bakı
cıqqılı şəhərdi. Buranın
tıxacları kilometrlərnəndi, - eyib,
"Honda"sını işə saldı. - Bircə
günlüyə gəlmisən?
- Hə...
-
Amerikaya? Bir günlüyə? Hımm...
- Geriyə
biletim var.
Nəzrin döngəyə qədər tıxacın
sıx olduğundan istifadə edib maşını
yavaşıdı, dönüb Müslümü ilk dəfə
görürmüş kimi süzdü, çiynini
şıltaq uşaq kimi oynadıb gülümsədi.
-
Heç dəyişməmisən. Həmişə
qovhaqovda-qaçhaqaçdasan. Eh, mən dəli də xəyallar
qururdum.
Düz
bir saatdan sonra səliqəli restoranın işıqlı
zalında bir küncə çəkilib ikinəfərlik masa
arxasında qəhvə və alma piroqu
sifariş etdilər.
- Demədin,
doğrudan, mənə görə gəlmisən, yoxsa?..
- Səncə?
- Axı
o söhbəti bağlamışdıq, elə deyil? - Nəzrin
təəccüb və narahatlıqla soruşdu.
- Nəzrin...
-
Eşidirəm, - deyib, köhnə zamanlardakı kimi incə əllərini
Müslümün iri əllərinin üstünə qoydu.
Müslüm bir anlığa karıxdı, özünü həmişə
qorunmaq istədiyi, lakin ixtiyarsız qaça bilmədiyi tanış, bədxah nəzərlərin cəngində
hiss etdi. Sanki bu yad, uzaq şəhərdə
onları birgə görərlərmiş kimi ətrafa
boylanıb əlini kənara çəkmək istədi, amma
Nəzrinin gözlənilməz xoş təması onu fikrindən
döndərdi.
- İki il, - Müslüm Nəzrinin barmaqlarını
ovucuna aldı, - düz iki il səni axtardım. Elə qəfildən çıxıb getdin ki?!
Heç kimə heç nə demədən.
Elə bilirsən bütün erməni əsillilərin
hamısı Bakıdan getdi? O qədər qalanı var
ki?!. Amerikaya gedəcəyini
hardan biləydim? Bakıda çox
axtardım, ağlıma gələn bütün yerləri gəzdim,
hamıdan soruşdum. Gördüm deyən
tapılmadı. Sonra da... Yaxşı ki,
gec də olsa Rəsulla rastlaşdım. İnişil.
O dedi. Nömrəni vermək istəmirdi, əclaf,
güclə aldım.
- Heyifsilənirdin
yox olmağıma? - Soruşdu Nəzrin.
-
Qaçmağına... Münasibətimizə
aydınlıq gətirmədən qaçmağına
acığım tutmuşdu. Bilirsən də,
kinliyəm. Qəbahətim olmadan tərk
edildiyimlə barışa bilmirdim.
- Evlənmədin?
- Hansı cavabı alacağını düşünmədən
ehtiyatla soruşdu.
- Mənim
qırx yaşım oldu, Nəzrin.
- Bilirəm,
- kövrək təbəssümlə bildirdi, - iki ay səkkiz
gün qabaq... Mən də o vaxtkı sadəlövh
qız deyiləm. Sualıma cavab vermədin.
Müslüm
başını tərpədib "hə" dedi.
- İki qızım var. - Nəzrinin halının dəyişmədiyini
görüb təəccüblə ona baxdı.
- Xoşbəxt
olun... Sevindim. Elə baxma, həqiqi
sevindim... Anan deyən qızla?
- Yox, Nəzrin,
yox. O, bütün həyatımı zəhərlədi. Rənanın
demə, sevdiyi varmış, xeyli gəziblərmiş, sonra
da... o məsələ... Zibilini
ört-basdır eləməkçün qancıq
özünü mən axmağa sırıyırmış.
Şəfəq olmasaydı, - xalaqızımı deyirəm,
- o axı qadın məsləhətxanasında işləyirdi,
Rənanı mənimlə görəndə anama xəbər
çatdırıb ki, o, Müslümə tay
qız deyil... Nə isə... Sən neynirsən,
danış görüm, neynirsən?
- Turizm
şirkətində çalışıram. İngiliscəm
əladı. Təkəm. Hələlik.
Yaxşı dolanıram. Heç nəyə
ehtiyacım yoxdu... Sevgiyə də.
Bilərəkdən özünü
sığortaladı. Əslində, Müslümün gəldiyini
eşidəndə sadəlövhcəsinə ürəyindən
keçmişdi ki, o, nağıllardakı kimi yeddi dağlar
aşıb, dənizləri, okeanları keçib Amerikaya
onunla sevişməyə gəlir. "Heç
nəyə ehtiyacım yoxdu. Sevgiyə də".
Bunu elə tonda dedi ki, uzun illərin ayrılığından
sonra belə Nəzrinlə bir yatağı bölüşmək
ağlının ucundan keçirməyən Müslüm
bayaqdan qızın isitdiyi barmaqlarını ixtiyarsız
ovucundan uzaqlaşdırdı. Qəhvə və
piroq gətirən xidmətçi masaya yaxınlaşanda
ikisi də pərtlikdən qızarmışdı.
-
Ba-bağışla, sən Al-lah... Yaşlandıqca
gijdiyirəm. Başa düşürsən dəə...
- Bilirəm.
Üzmə özünü. Məni ki tanıyırsan? Rahat
ol, qız. Səndən sevgi uman deyiləm.
Olanlar oldu, keçdi... Mən ailəmə xəyanət
etmərəm, Nəzrin. Bura gəlməyimdə məqsəd...
- Nədi
bəs? - Nəzrin əsəblərini güclə
cilovlayıb tələsik soruşdu.
- Ssss!
Noldu sənə? Sakitləş. Qəhvəni
iç, sakitləş...
Gəldiyi andan, heç zəng edəndə də tələsik
gəlişinin əsl məqsədini
açıqlamadığına, qızın gizlin, xoş
xülyalar qurmasına imkan yaratdığına peşman
oldusa da, Nəzrinin onu hələ də sevdiyini duyub sevindi,
amma büruzə verməməyə çalışdı. Könlünü
qırmamaq üçün əlini yenidən əlinə
alıb gözlərinin içinə gülümsədi.
Bir xeyli beləcə baxışdılar. Xəyalən, çoxdan sönmüş sevgi
ocağını alovlandırmağa çalışan Nəzrinin
yanaqları həyəcandan alışıb yandı.
Barmaqlarının ucundakı döyüntüləri
aydınca hiss etsə də, onun ürəyində hansı təlatümlərin
baş verdiyindən Müslümün əsla xəbəri
yox idi.
- Gəlməsinin
gerçək səbəbi nə? - Titrək səslə
soruşdu. Müslüm udqunub dilləndi:
- O
söhbət hələ bağlanmayıb, Nəzrin. Unutmamısan? Bilirəm, anamdan,
dayımdan, elə məndən də incimisən. Haqlısan. İndi dayım
ölüm yatağındadı. Başa
düşürsən də. O vaxt qardaşının
ailəsinə sahib çıxmadığına elə
peşmandı ki, özünü bağışlaya bilmir.
İndi canını belə tapşıra bilmir kişi. Bütün günü
Allaha yalvarır ki, verdiyi canı tez alsın. Amma gözləri də yoldan
yığılmayır, elə Rafik, Rafik deyib ulayır.
Hə, hə, düz eşitdin, Nəzrin, lap canavar kimi
ulayır kişi. İraq-iraq, görsən
havalanarsan, sir-sifətini də qıl basıb yalquzaq kimi... Xahiş edirəm, istəyirsən diz
çöküb yalvarım, bizə kömək elə.
De, qurban sənə, xalandan bir xəbər ver,
bitsin bu söhbət. Bütün həqiqəti
o bilirdi.
Nəzrin təəssüf hissilə Müslümə
baxıb çiynini atdı.
-
Kiçik dayın Rusiyadan qayıtmadı sonra? Gedib
Şamaxıda həkimlərdən, onunla yatan xəstələrdən,
nə bilim, arxivdən öyrənmək olardı axı.
-
Gedibmiş, Nəzrin, gedibmiş. Tibbi
kartoçkası, xəstəlik tarixçəsi it-bata
düşüb deyiblər. Sanki belə
bir xəstə olmayıbmış. Möcüzədi, hamilə
qadın gəlir xəstəxanaya, neçə gün
yatır, doğur, özü də, uşağı da
ölür, amma xəstəxanada heç bir qeydiyyat yox! Bu necə olar ki?
- Xalamgil
Şamaxıdan köçəndən heç bir əlaqəm
olmayıb. Anam məlum məsələlərə
görə atamdan ayrılıb Yerevana, qardaşıgilə yığışdı,
mən də gördüyün kimi. Xalam,
deyəsən, Rastovdadı. Bəlkə də
Leninqradda.
-
Sankt-Peterburqda, - deyə düzəliş etdi. -
İndi belə adlanır.
- Olsun
Peterburq, fərq etməz. Bunları telefonla da soruşa bilərdin,
day bu boyda xərc-xəcalət...
Müslümün onun nə deyəcəyini eşitməyə
hövsələsi çatmadı. Sözünü
yarımçıq kəsdi:
-
Üz-üzə, gözlərinin içinə baxıb
soruşmaq istədim. Özün deyərdin ki, gözlər
aldatmaz... Xərcdən narahat olma, ildə bir kərə
dünya səyahətinə çıxası imkanım var.
Sən mənə düzünü de. Dayımın
gözləri yollardan yığılsın. Əziyyət
çəkir kişi. Ölə
bilmir.
- Xalam
doğum şöbəsində smendə olanda dayının
arvadı uşaq doğarkən tələf olub, deyəsən,
uşaq da. Mənim bildiyim bu.
- Deyəsən?
- Müslümün ümidlə gözləri
parıldadı. Yeni nəsə öyrənəcəkmiş
kimi Nəzrinə bir az da
yaxınlaşdı.
- Məni
divara qısnama, Müsi, vallah qulaq günahkarıyam, xalam
anamla danışanda eşitmişdim. Onlar erməniycə
gap edirdi, bilirsən də, atam zapret eləmişdi erməni
dilini öyrənməyimi, tək-tük qandığlarım
vardı. Bəlkə düz başa
düşməmişəm. Yadımdadı,
xalamın dediyindən, anana zəng vurub gəlinin vəziyyətinin
pis olduğunu deyibmiş. Guya nə
dayın, nə anan gəlib. O dəmdə məlum məsələlər
başladı, qaça-qaç düşdü,
Şamaxıdakı ermənilər çıxıb getdi,
kimi Xankəndinə, kimi Yerevana, kimi də Rusyətə. Gəlinbacının, uşağının
sonrakı aqibətindən xəbərim yoxdu.
- Xalan
yalan deyib. Heç kim zəng-zad eləməyib.
Anam and içir. İki aydan sonra xəbər
tutublar ki... Bilsəydilər, doğuşdan
qabaq Bakıya gətirərdilər. Dayımı
da yandıran odu ki, qardaşı qürbətdə, rayonda
qalan ailəsinə yiyə dura bilməyib.
- Təəssüf edirəm, Müsi. İnan, səninlə sevdamızın baş tutmamasında dayıngilin əngəl olmasına sonradan çox sevindim. Yaxşı ki, atamla anamın başına gələn bizdən sovuşdu. Gördün də nələr baş verdi. Dayın düz deyirdi, ailə qarışıq oldusa, tulla getsin. Qonşu kimi dolanmayan iki düşmən bir dam altında necə yaşaya bilərdi? O kişiyə ona görə böyük hörmətim var. Bir də, elə bilirdim o müşkül məsələ çoxdan aydınlaşıb. İndi məndən asılı nə varsa, edərəm. Sən arxayın qayıt Bakıya. Yerevana zəng edib anamdan bacısının ünvanını, telefonunu öyrənib sənə çatdıracam.
- Nə vaxt?
- Sabah... Bu gün işlərim çox
olmasaydı, məşğul olardım. Darıxma, Sən
Bakıya çatanacan...
Yaşar BÜNYAD
Ədəbiyyat qəzeti.- 2021.- 23 yanvar.-
S.30-31.