"Bəzən ləyaqətini itirmədən də zəmanə

övladı olmağı bacarmalısan"

 

 "Gənclər nə istəyir?"

 

"Gənclər nə istəyir?" rubrikasının budəfəki qonağı gənc şair, AYB Gənclər Şurasının sədri Fərid Hüseyndir

 

- Fərid, sən AYB Gənclər Şurasının sədrisən. Bu şuranın fəaliyyətindən razısanmı?

- Bu işə ötən ilin iyul ayında təyin edilmişəm. Təyinatıma görə Xalq yazıçısı Anar müəllimə və Rəşad Məcidə minnətdaram. Həmin il İmadəddin Nəsimi, Məhəmməd Hadi, Nazim Hikmət, Vaqif Səmədoğlu ilə bağlı tədbirlər keçirmişik. Bakı Mühəndislik Universitetində Məhəmməd Hadiyə həsr olunmuş gözəl bir tədbirimiz olub. Bir layihə yazıb Mədəniyyət Nazirliyinə təqdim etmişdim. İstəyirdim ki, gənclərin kitabları Türkiyədə çap olunsun. Yeri gəlmişkən, Mədəniyyət Nazirliyinə təşəkkür edirəm, onların dəstəyi olmasaydı, bu layihənin reallaşması xəyal olardı. Həmin layihə reallaşdı - Qismət, Günel Şamilqızı, Cavid Zeynallı, Rəvan Cavid, Mirmehdi Ağaoğlu, Ramil Əhmədin kitabları hər biri 5000 tirajla işıq üzü gördü. Mənim kitabım da həmçinin. Müəllifləri və əsərləri seçərkən AYB-nin Gənclər üzrə katibi Rəşad Məcidin məqsədəuyğun hesab etdiyi təklifləri də nəzərə almışdım. İnşallah, pandemiya bitsin, bu kitabların Türkiyədə təqdimatı keçiriləcək. Hazırda toplantı, tədbir və müəyyən layihələrimizin olmamasına səbəb pandemiyadır. Amma pandemiya dövrünün əvvəllərində onlayn tədbirlərimiz olub. Vaqif Səmədoğlu, Nazim Hikmətlə bağlı onlayn konfranslarımız buna misal ola bilər. Ötən il "Ulduz" jurnalının bütöv bir sayı mənim redaktorluğumla Gənclər Şurası üzvlərinin yazılarına həsr olundu. Habelə AYB Gənclər Şurasının üzvləri AYB-nin ədəbiyyat orqanlarının redaksiyasına üzv qəbul edildilər. Ramil Əhməd və Günel Şamilqızı "Dünya ədəbiyyatı" jurnalının, Cavid Zeynallı "Ulduz" jurnalının, mən isə "Ədəbiyyat qəzeti" redaksiya heyətinin üzvü seçildim.

- Gənclərin problemləri ilə bağlı AYB-də nə kimi məsələləri qaldırırsınız?

- Bir neçə gənc yazarın problemi ilə bağlı AYB rəhbərliyinə müraciət etmək fikrimiz var. İnanırıq ki, həmin problemlərin bir qismi öz həllini tapacaq. Amma daha əvvəl həmin problemlərlə bağlı instansiyalar prinsipini nəzərə alaraq AYB-nin Gənclər üzrə katibliyi ilə müzakirələr aparacağıq.

- Bu yaxınlarda Lev Tolstoyun "Anna Karenina" roman ilə bağlı "İntihar ilahəsi" adlı maraqlı bir kitabın çapdan çıxdı. Eyni zamanda "Vektor" nəşriyyatında "Uçurum peyğəmbəri" adlı esselər kitabın da işıq üzü gördü. Sən həm esseistika, həm poeziya ilə məşğulsan, arada nəsr cəhdlərin də olub. Səncə, çox yerə parçalanmırsan ki?

- Bu cür düşüncə daha çox Azərbaycan ədəbi mühitinə xasdır. Məsələn, bu yaxınlarda Joze Saramaqonun şeirlərini tərcümə etdim, "Ədəbiyyat qəzeti"ndə dərc olundu. Sən demə, o həm də çox gözəl şair imiş. Bundan başqa, o, bir çox görkəmli yazıçıların əsərlərini tərcümə edib. Bundan başqa, o həm esseist, həm filosof, həm publisist, həm yazıçı, həm tarixçidir. Eləcə də Herman Hesse, Viktor Hüqo, Səbahəddin Əli, Tuğrul Tanyol və sair kimi yüzlərlə müəllif var ki, çoxşaxəli yaradıcılıqla məşğul olublar və ya olurlar. Əhatəli olmağı parçalanmaq kimi qəbul etməməliyik.

- Səncə, bu sahələrdən hansında daha çox müvəffəq olacaqsan?

- Şair kimi.

- Amma son zamanlar şeir kitabların az çap olunur.

- Çünki az yazıram. Bütün yazdığım şeirləri bu ilin fevral ayında bir yerə yığıb çap etdirdim. Yüz otuz iki səhifəlik, kiçik formatda bir şeir kitabı alındı. Bu günə qədərki davamiyyətimlə şeir yazsam, təxminən 70 yaşa kimi 350 səhifəlik şeir kitabım ərsəyə gələr.

- Səncə, bu az deyilmi?

- Bu gün bizim ədəbi nəslin təmsilçilərinin əksəri az şeir yazır. Şəhriyar del Gerani, Qismət, Emin Piri, Ramil Əhməd, Könül Arif, Səxavət Sahil, Ulucay Akif, Eminquey, İntiqam Yaşar, Fuad Cəfərli, Ümid Nəccari və b... Şeir aludəçiliyi kortəbiidir, ona yoluxdunsa, poetik boşboğazlığa yuvarlanırsan. Nəsrdə isə süjet "quruculuğu", kompozisiya düşüncəsi və sair məsələlər müəllifi qismən də olsa, aşırı aludəçilikdən qoruyur. Çünki nəsr daha çox praqmatik düşüncənin məhsuludur. Hərçənd ki, nəsrdə də hədd hissini unudanlar olur.

- Esseistika sahəsində yəqin ki, yeni işlərin olacaq.

- Hazırda "Min bir gecə" haqqında "Şahı uyudan, bizi oyadan nağıllar" adlı esselər kitabı üzərində işləyirəm. Eyni zamanda İsa Məsihə həsr edilmiş 20 romanın təhlilindən ibarət kitab yazıram.

- Bunlar səni şeirdən uzaq salmırmı?

- Qismət...

- Qismət demişkən, Qismət də esselər yazır. Onun yaradıcılığına necə baxırsan?

- Qismət ədəbi prosesə impuls verən yazardır. Gənclərin ədəbi düşüncəsinin formalaşmasında onun özəl rolu var. Ona ciddi, dəyərli bir imza sahibi, ədəbi nəsildaşım, dostum kimi hörmətlə yanaşır və yaradıcılığını maraqla izləyirəm.

- Səncə, gənc yazarların əsas problemləri nədir?

- Təəssüf ki, bizim çağdaş poeziyada ədəbi gəncliyin əksəriyyəti yaradıcılıq etapları keçmirlər. Sanki zamanla gənc liriklər qocaman liriklərə çevrilirlər. Poeziyamızda gənclərin bir qismi ədəbiyyatın dəbinin şairləridir. Onların yaradıcılığını ədəbi mühit ab-havası və oxucu marağı idarə edir. Biz hamımız yeni yaradıcı axtarışlara, poetik mövzulara, dünya ədəbiyyatı ilə həmnəfəs olmağa açıq olmalıyıq. Amma bütün dediklərimlə yanaşı, çağdaş şeirimiz dünya şeirindən geridə deyil.

- Bəs sizdən əvvəlki gənclik? Məsələn, Aqşin Yeniseyin təmsilçisi olduğu ədəbi nəsil...

- Aqşinin son dövrlərdəki şeirləri haqqında məmnuniyyətlə fikir deməkdə çətinlik çəkirəm, amma illər öncəki şeirlərini çox bəyənirəm. Onun həyati, qeyri-adi düşüncə nümayiş etdirən, melanxoniyanın sükutu və üsyanın ürək sözlərini çatdıran gözəl poeziyası var. Ümumən bizdən öncəki ədəbi nəslin yeni ədəbi zövqün formalaşması, sərbəst şeirin daha əhatəli mühitdə qəbul edilməsində müstəsna rolları var. Amma məncə, onlar gələcək ünvanlı yaradıcılıqda bir az axsadılar. Heç nəyi hər şeyə çevirmək çabaları bəzən aşırı yeniçilik, bəzən lokal ah-vay, bəzənsə "ədəbi şit"liyin içində görünməz oldu.

- Onların da, sizin də ədəbi nəsliniz öz nəsildaşlarınızı cəmiyyətə təqdim etməyə meyillisiniz. Sanki bununla cəmiyyətin iradəsini öz zövqünüzə tabe etmək istəyirsiniz.

- Qeyd etdiyin məqam ədəbiyyatın ziyanına olan tendensiyadır. Bu, sovet imperiyasından qalma mərəzdir. Yəni sovet dövründə sən ədəbiyyatda bir mövqe tuturdunsa, o yeri qorumaq üçün inandığın dostlara, zamandaşlara, silahdaşlara ehtiyac duyurdun. Məsələn, 80-ci illərdə ədəbiyyata gələnlərdən müsahibələr alanda zaman ortaq bir gileylərinin şahidi olmuşam. Onlar bir-birindən narazıdırlar ki, biz bir-birimizi əvvəlki nəsillər kimi müdafiə etmədik, ona görə də ədəbiyyat elitasında özümüzə yer edə bilmədik. Onların bəziləri fikirləşirlər ki, bir-birlərini müdafiə etsəydilər daha çox uğura çatardılar. Amma mən elə hesab etmirəm... Çünki yaradıcılıq fərdi hadisədir. Dayandığın mövqe sənin əvəzinə əsər yazmır. Sənin öz yaşıdlarından, dostlarından ədəbiyyata impuls verənlər, həqiqi istedadlar olsa, nə gözəl. Amma süni nəfəslə kimisə "yoxdan var etmək" bihudə zəhmətdir.

- İndiki ədəbi gənclər rusdilli mühitdən uzaq düşüb, ingilisdilli mühitə də tam adaptasiya olmayıblar. Bu problem səni də düşündürürmü?

- Vurğuladığın məqamda həqiqət payı çoxdur. Amma indi "Allahdan buyruq ağzıma quyruq" dövrü deyil. Özün də müəllif kimi xarici ölkələrdə çap olunmağa az-çox meyil göstərməlisən. Əks halda, Göyçək Fatma kimi "sənin istedad başmağın"ın tayını tapıb sənə gətirməyəcəklər. Ən azından epistolyar səviyyədə dil bilgin olmalıdır ki, hansısa ədəbi orqana, quruma məktub yaza, ordan gələn məktubu oxuyub başa düşə biləsən. İkinci bir məsələ də budur: o sovet dövründəki kimi ədəbiyyat adamlarının çoxu gözləyir ki, dövlət onun əsərlərini tərcümə eləsin, yaysın və sair. Dövlət bu qədər müəllifin hamısını tərcümə edə bilməz axı.

- Bəlkə, biri çox gözəl yazır, amma belə bacarığı yoxdur, belə çıxır ki, o, kölgədə qalmalıdır?

- Əlbəttə, o cür yaradıcı insanlar da var və onlara daha həvəsli, enerjili, dil-yol bilən ədiblər yardım etsələr, yaxşı olar. Amma heç kəs başqasını bir ömür öz ardınca "sürüyüb apara" bilməz. Bəzən ləyaqətini itirmədən də zəmanə övladı olmağı bacarmaq lazımdır. Əks halda, qoy mindiyi tale gəmisi hansı ədibi hara aparırsa, aparsın...

- Necə fikirləşirsən, istedadlı gənclərin Mədəniyyət Nazirliyi xətti ilə Avropa, Amerikada gedib bir neçə il təhsil alması daha məqsədəmüvafiq deyilmi? Belə olsa, həm dil öyrənər, həm də dünyagörüşləri formalaşar, vətənə dünya insanı kimi qayıdarlar.

- Dövlət qurumlarımız bu işləri görsə, ədəbi gəncləri xarici ölkələrə göndərsə, elə bilirəm çox böyük və real nəticələr əldə oluna bilər. Amma burda seçim məsələsi önəmlidir. Sovet dövründə Moskvadakı Ədəbiyyat İnstitutuna göndərilənlərin bəzilərinin acı təcrübələrini unutmamalıyıq. Ora gedənlərin bəziləri göstərdi ki, rus mədəniyyətindən əxz etdikləri yeganə cəhət bir ömür gecə-gündüz araq içmək vərdişi imiş. Hesab edirəm ki, "araq içməyi" heç bizim ədəbi mühitdə də "pis öyrətmirlər". Amma nə xoş ki, Əli Kərim örnəyi də var.

- Mən iyirmi ildir ki, gənc yazarların əsərlərini redaktə edir, yazıları haqda rəy deyir, məqalələr yazıram. Amma onların mühüm qismində bir nankorluq var. Səncə, bu çox ciddi mənəvi qüsur nəylə bağlıdır?

- Bəzən biz kiməsə etdiyimiz yaxşılığı unuda bilmirik və beləcə, xeyirxahlıq etdiyimiz insandan asılı vəziyyətə düşürük. Bəlkə, heç insanlardan çox da vəfa ummayaq? İnsanların əksəri bütün zamanlarda nankorluq edib, bu, təkcə ədəbiyyat adamlarına aid mərəz deyil. Sənin bir məşhur fikrin var: "Yalnız ölülər fikrini dəyişmir". Nəzərə alsaq ki, gənclər ölümdən daha uzaqdırlar, onda aqibətlərinə qədər dəyişmələrini də normal qarşılamalıyıq.

- Müasir gənclərin daha bir problemi tələskənlikdir. Görürsən ki, beş-altı şeir yazan kimi kitab buraxmaq, hətta xaricdə çap olunmaq istəyirlər. Ən əsası, ədəbiyyata İsveç masası kimi yanaşır, hər şeydən bir az dadmağa çalışırlar. Səncə, bu, zamanın tələbidir, yoxsa gənclərin subyektiv yanaşması?

- Bu tələskənlik, fikrimcə, müasir zamanla bağlıdır. İndi zamanın sürətinə görə cavanlar daha tez yaşa dolurlar. Və sanki hamı harasa tələsir. Sənin dediyin məqamı, oxşar şikayətləri rəssamlar, bəstəkarlar, idmançılardan da eşitmişəm. Sürətli zamanda insan da sürətlə unudulur. Ədəbiyyatçı dostlardan biri bu yaxınlarda bir müddətlik Facebook hesabını bağladı və sonra mənə dedi ki, elə bilirəm məni daha heç kim tanımır, hətta öz yaxınlarım belə. Yəni insan bir ömürdə iki yerdə yaşayır: həm real həyatda, həm də virtual aləmdə. Necə ki iki yerdə işləyən adamın ömrü qaçaqovda keçir, eləcə də, iki yerdə yaşayan adamın. Ona görə də bu cür düşünməyimiz zamanın tələbidir.

- İndi əksər qələm adamları qələbəyə görə Qarabağdan yazmağa başlayıblar. Biz yazmalıyıq ki, qalib gələk, yoxsa qalib gələndən sonra yazmalıyıq?

- Hesab edirəm ki, qalib gələndən sonra daha çox yazmalıyıq. Çünki bundan sonra Qarabağ münaqişəsi bütün tərəfləri ilə bizə daha aydın olacaq.

- Və sonucu sualım: Nə istəyirsən?

- Sonu xeyirli olanı...

 

Söhbətləşdi:

Əsəd Cahangir

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 yanvar.- S.28.