Ən gözəli ağac olmaqdı Şuşanın qoynunda,

Çiçək olmaq...yasəmən kolu olmaq...

 

Zəfər ad günü

 

 Elə gözəl hədiyyə gözləyirdim ki,

üç beşin arasına sığınıb...

Döyüşçü dostum Bəhruz yazmışdı ki,

partapart deyirlər qoşa beşə...

Amma, 5 noyabr da var idi əhatə dairəsində -

atəşfəşanlığına inandığım...

Ömrümün 55 ilini xatırlamırdım o gün,

gözlərimi çəkə bilmirdim monitordan,

qulaqlarım dinşəyirdi Qələbə xəbərini.

Bütün radiodalğalar keçirdi beynimin içindən,

ən zəif səsə həssas idi duyğularım...

Unutmuşdum atamla yaşıd olduğumu bu il,

unutmuşdum ad günümü ,

adımı da...

İlqar qağa zəng vurub

ad günümə dəvət edəndə

təəccüblənmişdim saatın 5-i göstərdiyinə...

Sonra Aysel abla ərklə qışqırmışdı üstümə:

- "təcili dur gəl" - deyə...

...sonra Oqtay abi:

- "məclis sənsiz olmaz" - demişdi.

O gün yad qonaq kimi getdim öz günümdə

Rəbiqənin ad gününə...

"Sənə bağışladım, - söyləmişdim sözarası,

 - bu il bu günü"...

Hətta

öz sağlığıma içmədim, desəm, inanmazsınız,

hərçənd ki, Şuşa müjdəsinə

meysiz-məzəsiz sərxoş olacaqdım o gün...

Yenidən doğulurdum Qələbə muştuluğuna,

xırdalamaq istəmədim

ən böyük sevincimi kiçik hədiyyələrə...

Adam 55 yaşında da doğula bilirmiş təzədən,

yeni adımı Zəfər qoymuşdu gündaşım!

 

Silsilə şeirlər

 

Elə ucalıqlar var ki,

baxdıqca durulur adamın göz yaşları

Sənə səcdə etməmək mümkünmü?

Bayraq ucalığı hər kəsə qismət olmur, şəhidim!

 

***

 

Əslində,

həyat özü döyüşdür

ilk gündən son günəcən

savaşırsan torpaq olmaq uğrunda...

 

***

 

Ən pisi müharibə qurtarandan sonradır,

hər şey öz yerində olur döyüşlər gedəndə.

Mərdlər namərdlərdən elə seçilir ki,

dağ dərə misalı...

 

***

 

İndi susmaq vaxtıdır,

çünki hamı danışır

ağızlar cırıq, qulaqlar tıxalı...

...dilimdə bircə söz,

qulağımda bircə səs, - Şəhid!

 

***

 

Sağlamlıqdır bütün xəstəliklərin səbəbi,

biri olmasa o biri olmaz, - dedi astadan

cibində ürək dərmanı gəzdirən qoca

qaçırdı stadiondan diaqnostika mərkəzinə...

 

***

 

Daha qıvrılmaq olmur ağrıların əlində,

kimə gərəkdi ölmək candan bezən yaşında.

Bir, - yıxılıb qalarsan həkimin ayağına,

iki, - həb gəzdirərsən ürəyinin başında.

 

***

 

Vətən olan oğullar qayıtmaz yer üzünə,

ən uca məqamlara yazdılar adlarını.

Uçub gedən ruhların məkanı Haqq dərgahı,

açmışdı göy üzündə Simurq qanadlarını.

 

***

 

Ən gözəli ağac olmaqdı Şuşanın qoynunda,

çiçək olmaq...

yasəmən kolu olmaq...

Hər yaz qan qırmızısı olacaq lalələrin rəngi,

qayaların xınası alın alı...

Hər il yenidən doğulacaq çiçəyi burnunda şəhidlər!

 

Qələbə türküsü

 

Daha qaçaq deyil qələbə bizdən,

Hər gün bir zəfərə qol çəkir Ordum.

Keçir zirvələrə ürəyimizdən,

Sinə dağımızdan yol çəkir Ordum.

 

Dünyanın damarı üzülüb, ey Haqq,

Kim deyər "qara var qaşımız üstə?".

Tanrı yardımçımız olub, olacaq,

Uğur ilahəsi başımız üstə!

 

Qarlı Ömər dağı dirənmir dizə,

Azmırıq Murovu dumanda, çəndə.

Döyüşən əsgərin qadası bizə,

Bayraqdan ucası varmı vətəndə?!

 

günə çıxmada Qarabağ eli,

Ötüşür üstündən qara şər belə.

Öpür alnımızdan Şuşanın yeli,

Görünür Laçından Kəlbəcər belə.

 

Biz igid ölməyi gətirdik dada,

Sevgidir qəmimiz mərdin xasına.

Hamı bir-birini satan dünyada,

Bizik torpaq alan qan bahasına.

 

Yazırıq tarixi qızılı zərlə,

Xoşdur döyüşlərdən ruhu sağ çıxmaq.

Gözəldir süsləmək yurdu zəfərlə,

Zaman qarşısına üzüağ çıxmaq.

 

Qarabağ şikəstəsi

 

Daha ağaclar üşüməz yad nəfəsdən,

xəzəl-xəzəl ölməz arzuları.

İzlər doğmalaşdıqca

canlanar yarpaq dolu yarğanlar.

Cığırlar sevinər ləpirlərin şehdə islanmasına,

qalxar ən ulu sevginin zirvəsinə

torpaq ətri buxar-buxar...

Gözləri yaşarar məxməri payızın sevincdən.

Quşların səsi dəyişər ötdükcə durna qatarı

"Xarıbülbül,

sarı bülbül,

könlümün yarı bülbül,

qurtuldu mərdlər diyarı, bülbül...

Bulaqlar nazlanar qumru səsinə

çaylar şaqraq çəkər "hop-hop" harayına.

"İsaq-Musaq" quşu qovuşar həsrətinə

bir xəzan öynəsi...

Ucu şiş qayaların xınası papaq-papaq

uzanar incəbel qızların əllərinə sarı,

Od çıxar günəş rəngdə

məğrur gənclərin çapdığı atların nallarından

Bir həzin nəğmə oxuyar sübh yelləri

qızarar utandığından dan yeri üfüq-üfüq

Bir səs ucalar Şuşanın dumanlı başından

"Əzizinəm, Qa-ra-bağ"...

 

Unudulmaq gecəsi

 

Saydım...

bir səs keçdi gecənin sükutundan,

ürəyini çəkirlər adamın susuzluğa.

Ümidi kəsmədim ki, duz basmasın yad biri,

Heç əngəl olmur bu şit yuxusuzluğa.

Gözlərimdir bulanan zülmətində səmanın,

Uzaqları seyr edən ulduz arı, Ay duru.

illah eyləyirəm tən olmur istəklə qəm,

Düz gəlmir həyat ilə üzülməyin düsturu.

Dərddən qaçmaq çətindir üzüyola adama,

Min üsulu bəllidir buludtək tutulmağın.

Bu gün...

olsun, darıxdın...

keçəcək, heç üzülmə,

Dünəni çoxdan ötüb sabah unudulmağın.

Daha pəncərələrdən yığmışam baxışımı,

Kaş sənin gözlərində batan gəmi olaydım.

Hərdən gəlib-gedirsən xəyalıma yuxutək,

Saymazyana keçirsən neçənci dəfə...

saydım!

 

Darıxmağın işıq şəkli

 

Ürəyin partlamayıbsa,

hələ az darıxmısan demək...

nüvə reaktoru deyiləndə

lap uzaqlardakı buludları xatırladım,

rəsminə bir qədər atəş qarışmış...

Fikirdən beyni çatlayır adamın,

qürub yerinə səpələnmiş

bu qədər yanğını kimdir ölçən soyuqqanlı?!.

Bir ovuc işıq səpələmişdin dan yerinə

ən uzaqlara yelləmişdin əllərini,

soyuqluğundan bilirəm axşamüstünün

narın-narın nisgil yağırdı ağrısına üfüqlərin.

Mən səni sabaha qədər ana bilərdim

mürgülərin qarmaqarışıqlığında...

dan yeri sökülüncə axtarardım səni işıq-işıq!

Ən asanı unutmaqdır süd yolunun ağarışını,

çıtqı-çıtqı ulduzların

kölgəsi düşmüş bir-birinə,

bizə qalan isə

bir kirpik çalımı qədər zülmətə dalmaq.

Axar sulara yuxu danışmaq

elə qorxulu deyil əslində, - təsəllidir,

yatdıq ki, yuxu görək gözləri göy üzünə!

qədər saysan da xeyri yoxdur,

tavandakı çilçıraq birdi ki, birdi...

adamın ürəyi gəlir ağzına,

darıxmaq istəyir o ki var...

Hələ döyünürsə...

döyünürsə...

döyünürsə...

sabah açılacaq demək!

 

Süleyman ABDULLA

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 yanvar.- S.27.