Əzizləndi, xətirləndi, bu torpaq,

haqqınızı halal edin, igidlər!

 

Şəhidlik zirvəsi

 

Müqəddəs torpaqlarımız uğrunda

canından keçən şəhidlərimizin

uca ruhlarına böyük ehtiramla!

 

Sən olan zirvənin adı Vətəndir,

qürurla gəzirəm, ətəklərində!

Yurdumun hər qarış torpağı gözəl,

şəhid qoxusu var, çiçəklərində!

 

Düşmən qabağında əyilmədin ki,

qorxu, hürkü nədir, heç bilmədin ki,

torpağa əkildin, sən ölmədin ki,

min igid göyərər, hər ləklərində!

 

Söyləsəm, üfüqdə qızaran danım,

ya desəm, ürəyim, ya desəm, canım?!..

Sənsən, sevimlisi, ey qəhrəmanım,

Uca Tanrının da, mələklərin !

 

qədər bu həyat, bu dünya ki var,

Ən gözəl sevgilər ruhunu sarar,

Adına hər ürək bir şam yandırar,

Yaşarsan, zamanın gerçəklərində!

 

İgidlər

 

Duyğularım hey mənimlə davada,

Hələ barıt qoxusu var havada.

Siz sıngərdə, bizsə isti yuvada,

haqqınızı halal edin, igidlər!

 

Eniş-yoxuş bilmədən yürüdünüz,

Düşmənləri alova bürüdünüz!

Siz oldunuz hər zaman ümüdümüz,

haqqınızı halal edin, igidlər!

 

Alnınıza yazılanlar əsərdir:

bu, igiddir, bu cəsurdur, bu mərddir.

Hər ağrınız, hər acınız bir dərddir,

haqqınızı halal edin, igidlər!

 

Vətən borcu Tanrıya borc kimidir,

Bilən bilir, kim qazanır, kim udur!

Mənim sizdən arzum, diləyim budur,

haqqınızı halal edin, igidlər!

 

O baş, bu baş, - hey gedirəm, gəlirəm,

Gündə yüz qol doğuluram, ölürəm!

İgid olmur hər doğulan, bilirəm,

haqqınızı halal edin, igidlər!

 

Qanınızla ətirləndi bu torpaq,

Çiçəkləndi, çətirləndi, bu torpaq,

Əzizləndi, xətirləndi, bu torpaq,

haqqınızı halal edin, igidlər!

 

Şəhid

 

Sənin uyuduğun Ana Torpağın

Soyuğu xəncərdir, sol kürəyimdə!

Vətən savaşında verdiyin canın

ağrısı, acısı var ürəyimdə!

 

Bir ata-ananın balasıydın sən,

Sevdiyin torpağın balası oldun.

Həyatdan hələ kam alasıydın sən,

əbədi bir qeyrət qalası oldun!

 

Dünyada ən ağır yük, namus yükü,

Bu yükü daşımaq çətindir, çətin!

Bilmədən ölüm, qorxu, hürkü,

Düşmən qarşısında dayandın mətin!

 

Adların içində ən işıqlısı,

ucası, gözəli şəhid adıdır!

Şəhid bu torpağın yaraşıqlısı,

şəhid azadlığın şirin dadıdır!

 

Çiçəkləyir

 

Sizin oralarda qışdır,

Bizdə badam çiçəkləyir!

Duyğular gözəl olanda,

Vallah, adam çiçəkləyir!

 

Arzularım yaz havalı,

Bir şirin avaz havalı,

Bir telli saz havalı,

Evim, odam çiçəkləyir!

 

Zamana qurdum ömrümü,

Yollarda yordum ömrümü,

Mən belə gördüm ömrümü,

Eşqlə müdam çiçəkləyir!

 

İşim yoxdur, kiminləsə,

"Can" deyərəm, kim inləsə,

Tanrıdan umdum, kəm nəsə,

Gördüm, butam çiçəkləyir!..

 

Deyim

 

Mən sənə anammı, bacımmı deyim,

Başımda qızıldan tacımmı deyim,

Söylə, necə öyüm, necə oxşayım,

Kəbəm, Qibləgahım, Hacımmı deyim?

 

Qoy Günəş özünü bənzətsin sənə,

Öpüb, nur çiləsin, geniş sinənə

Sənə - başı dərdli anam vətənə,

Bilməm, fərəhimmi, acımmı deyim?!

 

Qarabağ - bəxtinin qara yazısı,

Kədərə, möhnətə, dara yazısı,

Mənim ürəyimin yara yazısı,

Şuşa, Kəlbəcərmi, Laçınmı deyim?!

 

Çox da intizarın uzanır ömrü,

Haqqa könül verən qazanır ömrü,

Zəfər sorağıyla bəzənir ömrün,

Sevincdən uşaqtək qaçımmı, deyim?!

 

Vətən bağı

 

Bir əsgər sağ-salamat qayıtmışdı davadan,

Bir ana ürəyinin titrəyirdi yarpağı!

Sürünüb dizin-dizin əsgər oğluna sarı,

Doğma, əziz adam tək hey öpürdü torpağı!

 

Allah, bu nə sevincdir, bu nə fərəhdir, Allah,

Bu sevincə dayanan ürək gərəkdir, Allah!

Səndən tək dilədiyim, bir xoş diləkdir, Allah,

Analar ağlamasın, görməsin oğul dağı!

 

Bu millətin gözü yox kimsənin sərvətində,

Müdam yetişər dada, biri olsa çətində,

Yalnız xeyirxahlıq var, xalqımın xislətində,

Utansın, yerə girsin, qədirbilməyən yağı!

 

Ucalanı uçurtmaq tək bircə su içimi,

Hansı daha şərəfli - hər kəsin öz seçimi?!

Bu torpaqdan, bu yurddan daim aldım gücümü,

Əbədi yaşıl olsun, solmasın Vətən bağı!

 

Şəhid qanı

 

Şuşa şəhərinin erməni işğalından

azad olduğu xəbərini eşidərkən

 

Şuşamızın sevincilə ağlayan,

gözlərimdən şəhid qanı süzüldü!

İnci deyim, ya mirvari-bilmirəm,

yanağımda sıralandı, düzüldü?!

 

Ümid etdik, gah rusa, gah İrana,

Qarabağa bəlkə çarə arana,

Şəhid qanı məlhəm oldu yarana,

Can Vətənim, könül güldü, üz güldü!

 

Bilən bilir, sevgi nədir, nifrət nə,

Ər olanlar silahlanmaz nifrətnən,

Dünya gördü, namus nədir, qeyrət nə,

Heyrətindən çox dodaqlar büzüldü!

 

Torpağını geydi şəhid, əyninə,

Aldı səni öz qüvvətli çiyninə,

Mərd oğulun ölüm gəlməz eyninə,

Qıldan imiş, düşmən boynu üzüldü!

 

Sevinc libası

 

Saralıb, qəlbinin sevinc libası,

Tozlanıb, kədərdən, qəmdən, qubardan!

Çıxart, at, zamanın makinasına,

yuyub təmizləsin, etsin qardan!

 

Buraxma, əlindən tutan bu əli,

Odur, həyatının qiymətli ləli,

Möhkəm qoyulmuşsa ömrün təməli,

qorxu, çətindən, qorxu, dardan?

 

Günəş ümidlidir, açılan sabah,

Kədərə yenilmək özü bir günah!

Təkcə köks ötürmək deyildir ki, "ah",

Ah! Necə gözəldir, sökülən bu dan!..

 

Zəka VİLAYƏTOĞLU

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 yanvar.- S.19.