Əllinci yaş günü
Aprel ayında gözəl landşaftlı bir
şəhərcikdə doğuldum
və orda
məktəbə getdim; müəllimlərlə rahiblər
məndən razı
idi. İllər keçdi,
mən bankda işə düzəldim.
Sonra bəzi şəhərləri
gəzdim - Bazel, Ştutqart
və Sürix. Burda gözəl və mehriban bir
qadınla tanış
oldum, o, gah şəhərdə yaşayırdı,
gah təbiət qoynunda - xətri necə istəyirdisə
və o mənim diqqətimi Henrix Heyneyə cəlb etdi,
əlbəttə, Heynenin
yaradıcılığını çox sonralar
layiqincə qiymətləndirə
bildim.
O qadının adını
ancaq mən bilirəm,
amma bu sirlilik məni bu qədər
sevindirirsə, onda onun adını nə üçün çəkməliyəm?
Müxtəlif yerlərdə işlədim,
məmnuniyyətlə iş yerlərimi dəyişdim,
təzə yer tapıb işlədim; bununla bərabər
fabriklərdə şeir
yazdım,
o şeirləri sonra Bruno Kassirera nəşriyyatı
çap etdi, hətta bir az da təntənəli
şəkildə.
Təxminən yeddi il
Berlində
yaşadım, ciddi-cəhdlə
proza yazdım,
sonra, cənab naşirlər daha mənə qonorar
ödəməyəndə İsveçrəyə
- çoxlarının
dağlarına görə
sevdiyi ölkəyə
qayıtdım
və burda da ciddi-cəhdlə yazıçılığa
davam etmək niyyətində idim.
Bir də ayıldım ki, əlli yaşım
tamam olub,
bunu mənə çallaşmış saçlarım
xatırladır.
Siçan
Bir-iki gün qabaq evə gedəndə
yerdə siçan
leşi gördüm.
İşə bax ha! - qışqırdım.
Nəfəs almır, ölüb?
Nə üçün
qaçmır?
Yaşamağa macal tapmamış
həyatdan gedib.
Yaxşı, onda heç olmasa icazə ver
ömür yolunu təsvir edim.
Sən doğulanda yəqin,
təmtəraqlı sözlər
deyilməyib,
heç xaç
suyuna da salınmamısan.
Səni
məktəbə göndərməyiblər
və müəllimlər
də can qoymayıb
təhsil almağın
üçün.
Elə birinci gündən həyatda
yolunu tapmağa çalışmısan.
Elmə,
təhsilə və tərbiyəyə
qalanda isə
onlarsız da keçinmək olar.
İdmanla məşğul olmamısan,
piano və rəqs dərsi də almamısan.
Cəldsən - təbiətin belədir,
utanmağın nə olduğunu bilmirsən -
təbiətin belədir.
Heç
ayaqqabının, şlyapanın
və əlcəyin də
nə olduğunu bilmirsən.
Həmişə eyni paltardasan.
Görəsən, sənin qardaşın,
bacın,
əmin, xalauşağın
var?
Ya da ərin?
Bu çətin suallara cavab
axtarmaq lazım deyil
yəqin ki.
Amma hər halda sən, əziz siçan,
heç vaxt heç nəyin qayğısını çəkməmisən.
Adamlar şübhə etməyə,
özünü üzməyə,
dərk etməyə,
öz həyatını
korlamağa meyillidir;
darıxmaq hissi onları
dəlilik həddinə
çatdırır.
Sən həyatından razı idin,
heç nə fikirləşmirdin,
axı fikirləşmək,
adətən
pis yerlərə aparıb çıxarır.
Məncə, sənin xəz
üstündə
qaçmağı sevdiyini
fikirləşməklə
səhv etmirəm, hə, siçan?
Yarpaq topası sənə ev idi
və daşların altında
uzanmaqdan həzz
alırdın.
Adamların ayaqları altındakı
otlar
sənin üçün
böyük ağac idi,
hətta dovşan
da sənə
azman kimi görünürdü.
Ən əsası isə pişiklərdən qorxurdun,
axı nə edirsən et,
problemlərdən qaçmaq
olmur.
Səsin
fitə oxşayırdı,
yerişin isə olduqca tələskən.
Sən nə almanca bilirdin,
nə fransızca, nə ingiliscə,
siçan dilində
danışırdın -
o kifayət edirdi adi həyat üçün.
Heç
vaxt işləməmişdin;
səyahətə də çıxmamışdın heç
vaxt.
Nə olsun? Böyük
tanrı
bütün yaratdıqları
kimi, səni də
ovcunda saxlayırdı
və buludlar axıb gedirdi başının üstündən.
Di salamat qal! - bunu deyib
yoluma davam etdim.
Hekayə
Onu sevmədiyim an gəldi,
ya da bunu təsəvvür etdim,
sonra isə daha onu fikirləşməmək
xoşuma gəldi
yəqin ki.
O mirvarili qız ağlında
heç belə
şey tutmasa da,
bir dəfə mənə dedi: "Sən mənim ərimsən",
heç mən də buna inanmadım,
amma hər halda
bütünlüklə onun idim; əgər gəzməyə çıxırdımsa,
özümə deyirdim:
"O mənə icazə
verib",
evdə də onun iradəsinə tabe idim.
Amma vəziyyət belə gətirdi ki,
heç o da məni saxlamadı,
mən axı ona bağlanıb,
ancaq ona tabe olmağa məcbur deyildim.
Robert VALZER
Tərcümə edəni: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti.- 2021.-
30 yanvar.- S.32.