Sabir Rüstəmxanlının
romanlarında ictimai-siyasi Söz
Birinci yazı
Sabir Rüstəmxanlının
yaradıcılığında bədii nəsr mühüm
yer tutur; məxsusən romançılığı Sabir
Rüstəmxanlını zəmanəmizin söz deyən,
ideya-fikir sahibi, görkəmli yazıçıları
sırasına çıxarmışdır. Yaradıcılığının
son mərhələsinə xas roman
ardıcıllığı olmasaydı, bəlkə də
hekayəçiliyini xalq şairinin zaman-zaman prozaik
ovqatına, arabir nəsrə də biganə qalmayan sənətkar
şakərinə yozmaq olardı. Tədqiqat
göstərir ki, Sabir Rüstəmxanlının
romançılığı heç də təsadüfi səciyyə
daşımır; çox təbii şəkildə,
yaradıcılıq intibalarından, qələm zərurətindən
doğulur. "Həqiqətin
böyüyü"nü demək üçün şair və
publisist qələmi azlıq edəndə,
yaradıcılığının janr təkamülü
Sabir Rüstəmxanlını həm də roman yazmağa
sövq etmişdir.
Sabir Rüstəmxanlının roman
yaradıcılığında romançı
üçün vacib iki şərtin hər ikisini yerində
görürük. Birisi - ideya, yazıçının
Söz demək məqamıdır; Sabir Rüstəmxanlının
romanlarından hər biri zamanında, toxunduğu
ideya-mövzuya zərurətin ifadəsi kimi yaranmış,
zamanın mətləblərini irəli sürmüş, təcəssüm
etdirmişdir. İkincisi -
yazıçının janrın fəlsəfəsinə
yaxşı bələd olması, roman xronotopunu sənətkarlıqla
fəhm etməsidir.
Bir qayda olaraq, Sabir Rüstəmxanlı kəskin
ideyalı romanlar yazır. Geniş
auditoriyaları hədəf götürən, kütləvi
oxucuya köklənən yazıçı, amma ucuz populizmdən
də uzaqdır. Əksinə, axına
qarşı gedib oxucunun diqqətini ağrıyan mövzulara
cəlb etməyi, onu ardınca aparmağı borc bilir.
2000-ci illərin
əvvəllərində 1990-cı illərin "inqilabi
epoxası"nın başa
çatdığı dönəmdə Sabir Rüstəmxanlı
"Xətai yurdu"nu yazdı; 1980-ci illər, sovet
quruluşunun çöküşü, "meydan hərəkatı"nın
başlanması və milli müstəqillik uğrunda
savaşa çevrilməsi tarixini yaddaşlara
köçürmək qayğısına qaldı. Ümumən, 1980-cilərin sonu - 1990-cı illərdə
böyük türkçülük ideyaları cəmiyyətdə
görünməmiş dərəcədə
populyarlaşmış, Əlibəy Hüseynzadənin
"Türklər kimdir və kimlərdən ibarətdir"
əsərinin ortaya çıxmasından bəri cəmiyyətdə
türkün tarixi-ruhu-missiyası məsələlərinə
bu qədər maraq heç olmamışdı. Amma
üstündən on-on beş il keçməmiş,
sanki bu tarixi dalğa bilmərrə unuduldu. Məhz
bu zaman S.Rüstəmxanlı "Göy tanrı"
romanını (2005) yazaraq, diqqəti türkün,
türklüyün tarixinə, təşəkkül
dövrünə yönəltdi. Roman
bugün də türkün əski əşirət
çağlarından bəhs açan təkrarsız örnək
olaraq qalmaqdadır.
Belə
ki, cəmiyyətdə sanki yenidən ruspərəstlik meylləri
baş qaldıranda Sabir Rüstəmxanlı yaddaşları
tərpədərək Cavad xan haqqında "Ölüm
zirvəsi" (2007) romanı ilə qənşər gəldi,
tarixə biganə-kor yanaşmağa qarşı
çıxdı. "Difai fədailəri"ni (2010) yazaraq
qondarma "erməni məsələsi"nin
dibinə endi, bu işdə "rus məxrəci"nin
kökünü qazıyıb üzə çıxardı.
Əhməd Ağaoğlu ("Difai fədailəri")
və Məhəmməd Hadinin ("Şair və şər",
2015) nümunəsində ümumən
ziyalılığın milli hərəkatda rolu və
iştirakının mənşəyinə işıq
saldı.
"Sunami" (2011), "Akademikin son əsəri"
(2017) kimi romanlarında isə yazıçı yenidən
müasirliyə dönərək günün
ağrılı müşküllərinə baş vurur,
qlobal dünyada milli cəmiyyətin üzləşdiyi real
problemlərin səbəb və nəticələrinə
aydınlıq gətirməyə çalışır.
İkinci vacib şərt - yazıçının
janrı daxilən duyması, romanın ölçü və
təyinatına dürüst köklənməsindədir. "Avtobioqrafik roman"
("Xətai yurdu"), "tarixi-mifoloji" ("Göy
tanrı"), "tarixi-siyasi roman" ("Ölüm zirvəsi"),
"bəlgəsəl (sənədli) roman" ("Difai fədailəri"),
"bioqrafik roman" ("Şair və şər"),
"müasir roman" ("Sunami", "Akademikin son əsəri"),
"balaca roman" ("Uşaqlığa atılan güllə",
"Astar") - bir romançı kimi Sabir Rüstəmxanlı
onu məşğul edən ideya və həyat
materialını bu və ya digər roman növü - janr
ülgüsündə uğurla gerçəkləşdirə,
təcəssüm etdirə bilir. Janrın
xronotopuna yiyələnməsi yazıçının
romanlarına mükəmməllik verir.
Bir zamanlar Xalq şairi Səməd Vurğun sosialist
gerçəkləri içərisində
itib-batmamağımızdan ötəri poeziyadan (şeir və
poemalardan) ibarət bir Azərbaycan silsiləsi yaratmağa cəhd
etmişdi. Yeni dövrün Xalq şairi Sabir Rüstəmxanlının
da sanki öz zəmanəsinin "Azərbaycannamə"sini
yaratmağa girişdiyini görürük. Akademik
İsa Həbibbəyli yazır: "Sabir Rüstəmxanlının
nəsr yaradıcılığı millətinin şəninə
yazılmış, müstəqil Azərbaycanın taleyindən
bəhs edən əsl bir tarixnamədir. Bu yolun
başlanğıcında əfsanəvi Oğuz xan durursa,
davamında Şah İsmayıl Xətai, Cavad xan, Əhməd
Ağaoğlu, Məhəmməd Hadi, o cümlədən
Sabir Rüstəmxanlı kimi Azərbaycan oğulları gəlir...
Xalq şairi Sabir Rüstəmxanlının
yaradıcılığı Azərbaycanın müstəqilliyinin
sənət aktıdır. O, yeni dövrün ən
mükəmməl Azərbaycannaməsini
yaratmışdır" (Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı, 2 cilddə, I c., Bakı, Elm və təhsil,
2016, s. 234-235)
Sabir Rüstəmxanlı romanlarında Azərbaycan
varlığının elə dövrlərini predmet
seçir ki, millətin həyatında dönüş
nöqtələrini aktualizə edir, dayanışma
çağlarına işıq salmaqla gələcək
inkişaf yollarına da rəvac verir. Mifoloji, tarixi, ya
müasir qatlar yazıçının romanlarında eyni
çəkidə, kəsərlidir, lakin əsas deyildir.
Çünki Sabir Rüstəmxanlının romanlarında
Söz, deyim, diskurs, bədii həqiqətin mənbəyi və
mündəricəsi, bir qayda olaraq, "ictimai-siyasi"dir. Bəlkə
buna görədir, yazıçı tarixi romanlarını
da, - əlbəttə, "tarix"ə xələl gətirməmək
şərtilə, - müasirlik kimi yazır; hər yerdə və
həmişə milli varlığın, türklüyün,
Azərbaycan mənasının bəlirlərini axtarır və
əks etdirir.
"Göy
tanrı" romanına "Müəllifdən" adlı
sonsözündə Sabir Rüstəmxanlı özü
yaradıcılığının bu keyfiyyətini belə
konstatasiya edir: "Ömür kitabı"nı
Vətən haqqında nəğmə
adlandırmışdım. Düzünə
qalsa, mənim bütün yazılarım Vətən
haqqındadır. Ancaq hamısı nəğmə
deyil. Bəzisi alqışdır, bəzisi
agıdır, bəzisi də göz yaşı,
hıçqırıq... Bu kitab da şeir kimi,
gözlənilmədən yaranmışdı. Həmin
duyğu gündəliyimdəki bir qeyddə əksini
tapıb: "Bu gün 2003-cü ilin iyun ayının 10-da,
soyuq keçən bahardan sonra hələ də özünə
gəlməmiş buludlu, rüzgarlı, ürəksıxan,
yalnız axşama doğru günəşin
çıxmasıyla mövsümü yada salan bir yay
günündə, yenə də Zuğulbada, yetərincə
qızmamış, adamı isitməkdən çox
üşüdən, hələ ki, heç kimin ayağı
dəyməmiş qumların üstündə tək-tənha
uzanıb, Kaspidən - Xəzərə yetmiş iki adı
olan böyük türk dənizinin min illər boyu eyni ahənglə
davam edən nəğməsini dinləyə-dinləyə
üzümü göyə - Tanrıya çevirəndə
birdən-birə ürəyimdə bu dənizin
dalğalarına bənzər bir dalğanın baş
qaldırdığını duydum. Elə həmin an göylərdən tuşlanan bir
işığın, bir günəş
şüasının içimdəki bir bəndi
qırdığını, bir selin yolunun
açıldığını, nəyinsə
doğulduğunu, daha doğrusu, fikrimdə yeni bir yolun
başlandığını və bütün ruhumu yerindən
oynatdığını duydum..." (Sabir Rüstəmxanlı,
Göy tanrı. Bakı, Qanun, 2005. - Romandan bütün
sitatlar bu nəşrdəndir)
"Göy
tanrı"da Sabir Rüstəmxanlının niyyəti son dərəcə
müasirdir: Azərbaycan coğrafiyası ilə birbaşa
bağlı bildiyi, əfsanəvi Oğuz xanın və
oğuzların miladdan öncəki tarixini bədii əsasda bərpa
etmək, çağdaş oxucuların diqqətinə
çatdırmaq: "Bu kitab elm aləminə yaxşı
tanış olan mifik Oğuznamə motivləri əsasında,
lakin bədii əsərə xas şərtiliklərlə
yazılıb. Bununla belə, burda uydurma yoxdur.
Oğuzların köçləri də, Azərbaycanın
və bütün ətraf bölgənin ən ilkin
çağlardan türk yurdu olması da, mağaralarda qorunan
çox-çox qədim yazılar da, o yazıların
unudulmuş dili də. Türklərin
göyə bağlılığı və ya göydən gəlmələri
də, təkallahlıq inancının dünyaya ilk dəfə
onlar tərəfindən gətirilməsi də".
"Göy
tanrı" romanını Sabir Rüstəmxanlı, "Dədə
Qorqud" dastanlarında olduğu kimi, "boy"larla qələmə
almışdır: Birinci boy, İkinci boy... Yalnız
format deyil, romanın təhkiyə tərzi, intonasiyasında,
hətta bəzi motivlərin imitasiyasında da Dədə
Qorqud nəfəsi, baxış və görüşləri
duyulur. Bu yöndən
yazıçının Oğuz dünyasına həsr
olunmuş digər müasir romanlar - Anarın "Dədə
Qorqud" kino-dastanı (1975), Kamal Abdullanın
"Yarımçıq əlyazma"sının (2004) yolunu
davam etdirdiyini görürük. Hərçənd
"Göy tanrı" "Yarımçıq əlyazma"
ilə, demək olar ki, eyni vaxtda yaranmış, həm də
oğuz tarixinin daha qədim - mifoloji çağlarına
üz tutmuşdur.
"Birinci
boy"da roman çağdaş oxucunu oğuzların həyatı,
yaşayışı, ritualları, mənəviyyatı, əxlaqı,
dost və düşmənləri, tarixi məskəni və
coğrafiyası, törənləri və törəsi,
dövlətçiliyi və dövləti əsasları,
dünyagörüş və bilikləri, inam və
inancları ilə dinamik bir süjet ətrafında - Qara xan və
oğlu Oğuzun ata-oğul, xaqan və varis, ənənə
və bugün, gələnəkçi və gələcəkli
münasibətləri üzərində tanış edir.
Xaqan Qara xan oğuzların növbəti qurultayında
Oğuz xanı varis elan edir, Ərkon mağarasında saxlanan,
dünyanı idarə etmək, ona sahib olmaq gücü -
Yağmur daşı ilə, bütlər-allahlarla tanış edir, üç qardaşından
Güz xanın qızı Banu ilə evləndirir və
qövmünün sabahına arxayın olmaq istəyir. Amma bütün bu addımları şərəflə
qəbul edən Oğuzun daxili dünyasına artıq
başqa bir güc hakim kəsilmişdir. Bu,
tanrıçılıqdır; yuxusunda ona əyan olmuş,
ruhunu-düşüncəsini sarmış, Ərkonda
gözünə görünmüşdür: "Göy
tanrımız var, mən də onun elçisi,
yalavacıyam". Ustadı Uslu Xocanın tabusu, çəkindirməsinə
baxmayaraq, təkallahlıq inancında əmin və
israrlıdır: "Atalarımıza qalsa "doxsan doqquz
bayım-bayatım var, deyəcək. Bütün
törənmişlər yaradana bağlıdır. Yaradılanla, öldürüləndən Tanrı
olmaz. Yonulma ağaclara inananlar
yaradıcını qavrayamazlar. Ulu tanrı ilki, sonu
olmayan, yaradan, ancaq yaradılmayan, bu gün var olanı sabah yox
edən, ancaq özü yox olmayan, yaşam verən,
yaşadandır..."
Yeni inancına Oğuz ailədən başlayır;
halalı Banu tenqrilərindən dönməyib yeni inancı qəbul
etmək istəməyəndə ondan üz döndərir. İkinci əmisi
Kür xanın qızı Tərçiçəklə
izdivac da eyni sonluqla bitir. Bir daha evlənməməyə
qərar versə də, üçüncü əmisi Or xanın qızı Aytacın ağlı,
gözəlliyi, sədaqəti onu döndərir;
inancını ilk qəbul edən də evləndiyi Aytac olur.
Ailədən, yaxınlarından, əmilərindən,
atasından başlanan İnanc savaşı Oğuzu xalqı,
milləti, millətin gələcəyi yolunda mübarizəyə
çəkir: "Beləcə, gecə-gündüz dincəlmədən
İnci çayınadək gəldilər. Oğuz
tək babasını yenməklə, əmilərini diz
çökdürməklə işin bitməyəcəyini
anlayırdı. Yəni savaşda birinin ölüb,
birinin öldürməsiylə iş bitməyəcəkdi. Bu, o qədər də çətin deyildi. Oğuza görə incikliyin kökündə
Tanrı inancı dayanırsa, düyünü də o
özü çözməlidir. Di gəl, bu iş
saraydan yox, elin-günün içindən
başlanmalıdır..."
Tanrı, doğrudan da, "çözür" və
Oğuz xan döyüşlərdə qalib gəlir. Ata qatili
olmaqdan yayınmağı bacaran Oğuz atasını gələnəklərə
uyğun təntənə ilə dəfn edir; və öz
inancını dövlət səviyyəsinə
qaldırır. Həm də tarixi
yaddaşa, ənənələrə arxa çevirmədən.
Əksinə, Ərkonda qorunub-saxlanan əvəzsiz
dəyərlərə sahib çıxmaqla, gələnəklərə
söykənməkliklə. Çin tərəfindən
oğurlanmış Yağmur daşı - Tanrı
daşının geri qaytarılması ilə: "Bu boyda
kişilərdən tək Oğuz bu daşın, eldə
deyilən kimi, Cadu daşı yox, Ulu Tanrının yerə
endirdiyi müqəddəs ildırım daşı, göy
daşı olduğunu bilirdi"; "Yağmur
daşının üstünə vurulan Tanrı
damğası"nı, Ulu Xan Ata bitikçinin
kitabını qəbul etməklə: "Görünür
bunlar palçıq, dəri, ağac tenqriciklərə
tapınanlar üçün deyilmiş. Bunlar
hamısı Göy Tanrıya bağlıdır və gizlinləri
də Qam Ata öz istəyiylə yox, Ulu Tanrının iradəsiylə
açır".
Ərkonun
qoruyucusu Qam Ata Oğuz hələ xaqan olmazdan onu "Tanrı
elçisi" kimi tanıyır: "Sən göylərin
savçısısan, seçilmişsən. Bunu
dan üzü uyğumda gördüm. İnci
suyunun yaxınında iki ağac dikilmişdi. Biri fıstıq, bir şam. Ancaq
fıstıq da şam təkin güzdə də
solmamışdı, yaşıldı. Ağaclar
arasında kiçik təpəcik vardı. Baxanda ona göydən bir işıq vurdu. Təpəcik
gözümün önündə ulaldı, yarıldı,
üstünə bir ag alaçığ
çıxdı. Alaçıqda əlində Yağmur
daşı sən oturmuşdun, bütün ulus da
önündəydi..." Xaqan olandan sonra isə Qam Ata
Oğuza türkün tarixi ilə bağlı sənədlər,
"dəri bəlgələr"lə birgə
xeyir-duasını verir: "Qam Ata sandıqları arayıb
başqa bir dəri bükülünü çıxarıb
Oğuz xana uzatdı və dedi: -Mən bu bəlgənin ikinci
üzünü verirəm sənə. Gedəcəyin
yollar və yerlər burda çizilmiş. Bizim olan bütün yurdları, torpaqları burda
tapacaqsan. Ulu tanrı sənə bu
yurdları birləşdirmək və oralarda
yaşayanları yer didişmələrindən qorumaq
tapşırığı verib. Sən onların
başını dikəldəcək, üzünü Göy
Tanrıya çevirəcəksən!".
Göründüyü kimi, yazıçı romanda
xalqın "ictimai-siyasi varlığı",
özünütəsdiqini ailə-qövm-ritual təfəkküründən
irəli bilir, amma kökdən qopmamaq, üzərində
yüksəlmək şərtilə. Sabir Rüstəmxanlıya
görə bugün də belədir, belə olmalıdır.
Göy Tanrını - tanrıçılıq dinini türkə
gətirmiş Oğuz xanın təsvirində,
dolayısı ilə
bəşəriyyətə yeni din - İslamı
xəbər vermiş Məhəmməd Peyğəmbərlə
analoqu da görmək olur. Yazıçıya görə, bu,
məntiqidir; türklük islamdan daha öncədir və təktanrıçılıq
inancının daha əvvəl məhz türklərdə
olması barədə araşdırmalar var. Belə ki, Sabir
Rüstəmxanlı romanda Oğuz ətrafındakı əfsanə
torunu dağıtmaq, mövcud "əfsanələri"
tarixləşdirmək istəyir: "Mənim
yazıçı araşdırmalarımın sonucu nədir?
Birincisi, Oğuz xan tarixi şəxsiyyətdir.
İkincisi, böyük bir imperiya qurub və
Çindən Misirə bir çox xalqları, qəbilələri
ram edib "Oğuznamə"lərdə deyilən kimi
"boyun əydirib, özünə bağlayıb".
Oğuzun nə zaman yaşaması bəlli
deyil. Miladdan 4-5 min il öncə
yaşadığını deyənlər də var, 2 min il
öncə yaşadığını deyənlər də...
Bu tarixlər göydəndüşmə deyil.
Birinci tarix şumerlərin (subər ya kəngərlərin)
Mesopatomiyaya yerləşməsiylə üst-üstə
düşür. İkinci tarix qutilərin
bölgədəki yüksəlişi və Qoşaçay
arasındakı yüzillik hakimiyyəti ilə
bağlıdır. Ata-oğul
münaqişəsini əsas götürüb Oğuzu Hun
imperatoru Mete ilə eyniləşdirmək cəhdləri də
olub. Oğuzun miladdan öncə yeddinci
yüzilə bağlanması isə sak-skif birliklərinin
axını və Azərbaycanda İşquz dövlətinin
yaranmasıyla uyğun gəlir. Oğuzun mifik
başlanğıc, Göy Tanrı inancını yayan
peyğəmbər olduğunu nəzərə alanda
şübhəsiz daha qədimlərdə yaşadığı
nəticəsinə gəlirik..." (Sabir Rüstəmxanlı,
Göy tanrı. Bakı, Qanun, 2005; s. 412)
Birinci boyun sonunda "Əski tarixin sonu"
çatır və İkinci boyda Oğuzun günbatana
doğru (həm də yazıçının
xatırlatdığı tarixi əyyamların hər birindən
motivlənərək) "Böyük köç"ü
başlayır. "Biz yurdlarımızı atıb
getmirik! Yeri bütövləşdirib, ulusumuzu onun bəyi
qılmağa gedirik! Günçıxanın
yaxa daşları ucaldılmışdır. Dönüşdə o daşları Kadırğan
dağlarının o üzünə, Böyük dənizə
daşıyacağıq. Günbatanda
hamını el edib, qüdrətimizi artırıb dönəcəyik!"
Niyyət ali olsa da, geriyə
dönüşü əngəlləyən "sirr" də
romanda əksini tapmışdır: "Tanqut ordusu
darmadağın edilmiş, uyğurların uzun sürəcək
dincliyi qurulmuşdu. Ancaq elə bir iş də baş
vermişdi ki, savaşda yenilsələr, ondan yaxşı olardı.
Yağı Ərkonun yolunu bulub, sızraya girmiş və
mağaraları yağmalayıb, dağıdıb, bitikləri
alıb getmişdilər"
Romanda əski
Oğuz tarixini Ərkon dəyərləri, bitikləri,
kuralları təmsil edir; Oğuz xan bu dəyərləri
Göy tanrı - tanrıçılıq mərtəbəsinə
qaldırır, "Oğuz xan törəsi"ni yaradır. Bütöv bir dəyərlər
sistemi, andlar, alqışlar, nizam və qaydalardan ibarət
konstitusiya ilə ("Oğuz xan törəsi") dövlətçiliyin
əsasını qoyur. Artıq Ərkon
yağmalandığından, indi türkün ana kitabı
Oğuz xanın qurduğu dövlət və cəmiyyət
normaları, dəyərlərinin özündə ehtiva
olunur. Oğuz xan Ərkondan
aldığı həmin gücü Günbatana
daşıyır, böyük Oğuz imperiyasını qurur.
Əslində, romanda Oğuzun günbatana doğru
yürüşlərinin özü də "geri
dönüş" kimi təfsir olunur. Müəllif
türklərin Qafqazdan, Xəzər sahillərindən
gündoğana gedib, sonrakı yürüşlərdə
qayıdışı barədə mülahizələrdən
bəhrələnməyə çalışır.
"Türklərin Qara dəniz dedikləri Pont dənizinin
quzey-doğu çevrəsindən... qamərlərin gözlənilməz
basqını Oğuz xanın günbatana yürüş istəyini
alovlandırır"kən, "ona qoşulmaq istəyən
Az ərləri" hüzuruna gəlir: "Alpan bəy dedi:
-Bizim ulularımız Qazlıq deyilən buzlu dağlardan
perikiblər. On beş, iyirmi doğuş öncə Quzeydən
keçilməz dağları aşıb gələn,
qarışqa sürüsü təkin sayı bilinməyən,
bizim dildə danışmayan yırtıcı axın bizi
yerimizdən qopardı..." Romanın sonrakı fəsillərində
"Oğuz xanın Savalanda, adını bilmədiyi maqla
görüşü", "Savalanda ilk yay", "Man elbəyi
Akışərlə elat torpaqlarının
başlanğıcında görüşü", Assur -
Manna - Midiya münasibətlərində həlledici rolu və
s. motivlər Oğuzu Azərbaycan torpaqları ilə daha da
yaxından bağlayır: "Qazlıq dağının o
üz- bu üzündə, Azər gölüylə
Göyçə gölü arasında xırda-xırda ellər,
bəyliklər, boylar bir-biriylə
çarpışırdılar. Başlı-başınalıqdı.
Azərlər, kəngərlər, sabirlər, kaspilər,
albanlar onların gəlişini qutlayır, axın-axın
Oğuz xanın başına toplanırdılar..."
Oğuzun yürüş etdiyi türk ellərində
İnancı özündən də əvvəl bu qövmləri
fəth etmiş olur. Orta Asiyadan Misirə, Hind elindən Qara dənizin
şimalına - harda türklər məskun olmuşsa,
Oğuz xan və oğlanlarının sayəsində Oğuz
imperiyasında təmərküzləşir, təmsil olunur.
Oğuzun oğlu Gün xan Assur hökmdarı Şarronu yenib
qızı Sumirəylə evləndikdən "Bir il sonra bu
evlilikdən həmin yüzilin ikinci yarısında İnci
çayından tutmuş Babilə qədər, Asiyanı
yerindən oynadan, adıyla oğuz adını bir az da
böyüdən, sorağından tük salanların
Əfrasiyab kimi tanıtdıqları Alpər Tonqa
doğulacaqdı..." Bununla belə, tarixən olduğu
kimi, bugün də Oğuz fəlsəfəsi, türk əqidəsi
dəyişməz olaraq qalır: "Bu boyda yerlər bəs
eləmədimi sənə?", - sorarlar
məndən, - düşünürdü Oğuz xan. - Yad
torpaqlarda gözümüz yoxdur. Yalnız
öz soylarımıza yiyə durmaq, ellərimizin
toxunulmazlığını qorumaq, Tanrının
sözünü yaymaq istəyirik. Çöllərdə
azad, qalasız-divarsız yaşayırıq deyə, hər kəs
üstümüzə ayaqlanmasın! Yerlərini göstərdik!
İndi qoy yaşasınlar - yolumuzu kəsməsinlər.
Bu diləklə Oğuz xan son
yürüşünün yolunu cızırdı. Bu
yürüş Midiyadan keçərək Kaspinin güneyindəki
kəndləri elə bağlamalıydı, Oğuz
dünyası çevrələnməliydi..."
Romanda əfsanəvi
və tarixi şəxslərin
obrazları real planda, tarixi simalar kimi təqdim olunur: Qara xan,
Güz xan, Kür xan, Or xan, Gün xan, Alpər Tonqa, Qorqud... Sonuncuda dastandan tanınan Dədə
Qorqud obrazının çizgilərini görmək,
genealogiyasını izləmək çətin deyil: "Elin
baş bögüsü, bilgini, keçmişdən və gələcəkdən
soraq verən, hər kəsin işinə yarayan, hər kəsin
sevimlisi, yerin-göyün və canlıların dilini bilən
Ulutürk oğlu Qorquddu. Qorqud Gün xanla bir
böyümüşdü. Yeniyetməlik
illərində elin ünlü dəliqanlılarından
biriydi. Getdikcə, əli qılınca
uzanmalıykən, qopuza uzandı. Söz
sinəsini deşirdi. Söz deyib, saz
çalmaq, ır qoşmaq ruhunu sardı. Ulu
xan Ata Bitikçinin kitablarını söylər,
qoşqularını oxuyardı. Sonra
özü də bir bitikçi oldu. Sözüylə,
çalğısıyla göyləri, yerləri
işıqlandırdı. Adamların
ürəyinə girdi. Üzə
baxıb, başa gələcəkləri oxudu. Göyə
baxıb, alın yazısını, yerə baxıb,
torpağın verimini dedi. Adlandı, güvənc
qazandı. Acısı olan ondan yardım
istədi. Sevinci olan onunla
bölüşdü. Yan-yörəsinə xoş
duyğular saça-saça, elin bilicisi, baxıcısı
olaraq ad çıxardı..." Romanda mifik Boz qurd motivinə
də toxunulmuş, Oğuz xanın boz qurdla rastlaşması,
ünləşməsi, söhbəti, hamiliyinə
sığınması şəklində, ayrıca fəsil
ayrılmışdır: "Boz Börüyə yum verəlim,
bəylər..." ("Boz
qurdla söhbət")
Oğuzların
əbədi-əzəli düşməni - Çindir; romanda
ilk səhifələrdən türklərin inkişafına
daim əngəllər törədən Çin hiyləgərliyi
və yalanlarını ifşa edən ayrıca süjetlər
yer almışdır: "Yağmur daşı"nın
oğurlanması"; "Çin dustağı",
"Çin barmağı", "Tabğac - hiylə
yuvası" və s. Bütün bunlar, təbii ki, rəqibi məğlub
edən "Çin yürüşü" ilə
sonuclanır. Bununla belə, Oğuz
xanın əzəli və əbədi qonşuları -
çinlilərə münasibətdə müdrikliyi də
diqqəti çəkir; "Çin çöksə, biz də
çökərik..." mövqeyi romanda
düşündürücü motivdir.
Romanın müasirlik və aktuallığını təmin
edən keyfiyyətlərindən biri də dili və dilə
münasibət məsələsidir. Yazıçının
özünün də xatırlatdığı kimi, roman
"bir nəğmə" kimi, Oğuz haqqında nəğmə
kimi, Dədə Qorqud avazında qələmə
alınmışdır; həm də bu zaman Sabir Rüstəmxanlının
türkçülüyü, türkün tarixini
oxucularına ən yaxın məsafədən təqdim etməyə
çalışdığı ən uğurlu vasitələrdən
biri, bəlkə də ən birincisi alınma sözlərdən
bacardıqca imtina edərək, əski türk sözlərinə
önəm verməsidir. Hətta bu səbəbdən
romanın iki variantı ortaya çıxmışdır:
"Beləliklə, işə yalnız 2004-cü ilin
yanvarında başlaya bildim və aprel ayının 6-da
nöqtəsini qoydum. Di gəl, iş bununla bitmədi. Həmin variantda əvvəldən
axıra bircə
kəlmə də kənar, ərəbdən, farsdan gəlmə
söz işlətməmişdim. Personajları ən əski
çağların türkcəsiylə
danışdırmışdım, müəllif təhkiyyəsi
çağdaş dilimizdəydi, vətəndaşlıq
qazanmış işlək ərəb-fars kökənli kəlmələrin
yerinə arxaik türkcəmizdən alınmış sözlər
və neologizmlər işlədilmişdi... Yazıyla ilk dəfə
tanış olan dilçilərimizdən
biri ağır oxunduğunu deyəndə - bütün mətni
bugünkü bədii dilimizə uyğun yenidən işləyəsi
oldum. Eksperimenti özüm üçün eləmişdim,
əsərsə oxucu üçün yazılır. Ancaq maraqlı bir fakt kimi və təmiz türkcənin
imkanlarının böyüklüyünü göstərmək
baxımından o ilk variantı da saxlayıram. Daha
doğrusu əlyazmamı dəyişdirməmişəm..."
(Sabir Rüstəmxanlı, Göy tanrı. Bakı, Qanun, 2005;
s.410)
Sabir Rüstəmxanlının romanlarına kompozision
tamlıq xasdır. Əgər birinci boyun yekunu "Oğuz
xan törəsi" ilə səciyyələnirsə, ikinci
boy gələcəyi, vəsiyyətlərini görk edən
"Oğuz xanın yuxusu" ilə başa çatır.
Uyğusunda gördüyü altun "yayın kirişinin enlənib
bir yola dönməsi"ni gənəşçi
belə yozur: "Yay xaqanlığın, ox gücün
göstəricisidir. Tanrı yer üzünü
sizin soyunuza, uğurunuza vermiş". Savalanda
görüşdüyü maqın sorağı ilə Azərbaycan
torpaqlarına üz tutan Oğuz xan onun "mağaranı tərk
edib, üzü gün çıxana Kaspinin o üzünə
getdiyini" biləndə düşüncələrə
dalır: "Birdən-birə Oğuz xan Ata mağaradan
başlamış dünya boyu hər getdiyi yerdə
tapınaqları, məbədləri xatırladı. Bütün bunlar nə üçünmüş?
Hansı sirləri arıyırmış?
Tapdıqları, bildikləri onun
ömrünü uzatdımı? O sirlərin əbədi
yaşamasını istəsəydi tanrı özü
qoruyardı onları. Bəlkə tapınaqları Tanrıya
daha yaxın yerlər bilmişəm! Yox
yanlış düşüncəymiş. Göy tanrı göylərin altında hər yerdədir.
Ona yaxınlaşmaq üçün məbədlərə
toplaşmaq artıq işdir. Əksinə
məbədlər insanı Tanrıdan uzaqlaşdırır.
Tanrı insanın içindədir. Buna
görə də üstündə ucalan Kurqan da bir gün
insan oğlunun tapınaqlarından birinə çevriləcək..."
Və Kurqanını buradaca ucaldıb son Oğuznaməyi
düzüb-qoşur: "-Son olaraq dinləyin, -dedi. -
Tanrı çağırır artıq. Qılınc
qurşananın, at minənin, yol keçənin,
yaranmış Tanrınındır. Tanrını
öy, könlünü düy. Gəlmişik
ox təkin, gedirik yox təkin. Doğan ərənlər
məngü olmazlar. Tanrı törənişi
boğacaq, Günəşlə ulduzlar yenə doğacaq.
- Söylədi, göylə dolu gözünü yumdu. 116 il
yaşayıb köçdü" .
Romanı
Sabir Rüstəmxanlı, üslubuna xas ənənəvi ithafla
- "Oğuz xanın ruhuna" sözlə bitirir: "Aradan
min illər keçdi. Sözün dilimizdə, qanın
damarımızda, gücün ruhumuzda... yaşayırıq! Sən
açan yollar bir daha qapanmadı..."
"Göy
tanrı" romanı ilk kəlməsindən son nöqtəsinədək
türkün erkən dövrlərində keçdiyi
şanlı tarixi vərəqləyir, Ərkondan Orta Asiyaya,
Orta Asiyadan Qafqaza, Qafqazdan Avropaya yayılan
Tanrıçılığın keçdiyi yollara
qürurlu, fəxarətli, inamlı, bir qədər də
nostalji ilə nəzər yetirir. Romanda
S.Rüstəmxanlı bizi, sözün ən yaxşı mənasında,
türk olmağımızla fəxr etməyə məcbur
edir. Sanki romanın hər sətrinin gizlinində bir səs
gəzişir: "Ey türk xalqı, özünə
qayıt! Sən özünə qayıdanda
böyük olursan!"
Yazıçının özünün qənaəti isə daha tələbkar səslənir: "Bu kitabı başlayanda xalqımızın ilkin çağları haqqında sözümü deyib ürəyimi boşaldacağımı, bədii sözlə uzaq minilliklərin bir neçə qaranlıq səhifəsinə işıq tutacağımı düşünürdüm. Ancaq indi görürəm, əslində hələ heç nə deməmişəm. Sadəcə tariximizin sirli qatlarına aparan bir cığırı tapmışam. İmkan olsa bunun dalınca oğuzların sonrakı taleyini, Gün xanı, Alpər Tonqanı, Meteni, Çağrı bəyi, Alparslanı yazardım..." (Sabir Rüstəmxanlı, Göy tanrı. Bakı, Qanun, 2005; s. 410-411)
Tehran
ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 30 yanvar.- S.28-29.