Qoca
nağılçıyam, üç almasan sən,
Nağıl çoxdan
bitib…düşmürsən göydən!
Üç ciddi hekayə
Allah
hamını sevir
İbrahim hələ də Rəbbin önündə
dururdu.
İbrahim yaxın gəlib dedi:
-
Doğrudanmı, Sən salehi də günahkarla birgə məhv
edəcəksən? Əgər bu şəhərdə 50 nəfər
saleh adam olsa, Sən yenə də oranı
məhv edəcəksən? Sən bunu etməzsən.
Bütün aləmin hakimi belə ədalətsizlik
eləməz.
Rəbb
dedi:
- Əgər
Sodom şəhərində 50 saleh adam
varsa, onların xatirinə bütün bu yerə rəhm edəcəyəm.
İbrahim dedi:
- Qoy Rəbb qəzəblənməsin ki, mən son dəfə
danışacağam. Orada on nəfər saleh adam
tapılsa necə?
Rəbb
dedi:
- On nəfərin
də xatirinə oranı məhv etmərəm...
Hamı
Allahı sevir,
Allah sevir hamını;
bu
mübarək sevgidi, guya, bizi yaşadan!
Sevirsənsə
hamını, Allah, devir hamını,
Lütfündən
yarımasın, hər başıboş, hər nadan!
Tanrı
necə sevər ki, əli qana batanı,
Əlibaltalı cəllad Tanrıdan xoşlanarmı?
Yaradanın
hökmündən bəzən adam
utanır,
amma yenə
Tanrının ətəyini başlamır!
Qoynunda bəsləyibdi bəlkə Allah ilanı? -
Südüm, qanım təmizdi, sorğuya çatar ərkim.
Ağzını,
nadürüstü, xəyanəti, yalanı,
İblis işləklərini Allah necə sevər ki?
Günahkar...
tövbələrlə təmiz çıxır aradan,
hətta
cəlladlar çatır cənnət xumarlığına.
Dolub-daşan
varlığı boşluqlardan yaradan
nədən göz yumur içi boşların varlığına?
Xəbərimiz
olmayıb, qolları qandallayıb
xilqəti kölə edən şahı sevirmiş Allah!
Sevinirmiş
görəndə gözlərdən qan damlayıb;
şenliyi-şənliyi yox, ahı sevirmiş Allah!
Allah
izniylə alçaq - zərzibaya bürünür;
Allah qulmu? İşindən qəpik də çatmır ona...
Nə
alqış çatır ona, nə də qarğış,
görünür,
qudurğanın atdığı təpik də çatmır ona!
Ayağı
buz bağlayan, başı tonqal kişinin
gücü yoxmu əzməyə dəyyusu, qurumsağı?
Niyə azar çıxardır, yoxsa sevir bu işi? -
Sonra dərman
buyurur spirti, sarımsağı!
Nə məqsədlə
xəlq edir torpaq yolu, daş yolu,
uçruma çəkir yoxsa yaradan baş qatmaqla?
Şeytan
kirayə tutub - ətəyimiz daş dolu;
Şeytanı
yaşadırıq Şeytana daş atmaqla!
Əməlinə
baxanda göydən əlim üzülür -
Dünya
haram bazardı, möhtəkir hər tindədi...
Bu işlərin
sonunu yaxşı görmürəm, düzü,
Nə qədər
ki, tərəzi Allahın əlindədi!
2020
Gözmuncuğu
Qardaş,
bir gün gördüm başım hərlənir,
yeridiyim
yerdə daşa dəyirəm.
Olanım
canımdı, təkəm, birəm, bir -
bəs
nədən bəd gözə qoşa deyirəm?
Üstümə
şığıyır namərdin daşı,
qardaş,
hansı cəza gözləyir məni?
Gördüm
ki, aşıram dəqiqəbaşı
anladım yüzdə-yüz... göz dəyir mənə!
Bəs necə qaytarım ağır nəzəri?
Möminlər
buyurdu, getdim
bazara.
Altında
yaqutu, üstündə zəri
gözmüncuğu aldım... düşdüm azara!
Gah tutdum
işığa, gah cibə soxdum,
bilmədim tilsimi haramdan asım.
Yaramdan
qiymətli sərvətim yoxdu,
muncuğu bəs necə yaramdan asım?
Nəyimə yarayar bu muncuq, bu daş? -
Daş
canım, daş dəysə, alışqandı çox!
Bəlkə
gözlərimə göz dəyir, qardaş,
Bəlkə
əllərimə?..
Çalışqandı çox!
Tarla
kürəyimə bostan əkiblər,
Qalıbmı sıradan çıxmayan əzam?
Dizimə
göz dəyməz, çoxdan büküblər,
Telimə
heç dəyməz - qırx ildi dazam!
Nəfsim
gizli qala,
gözüm-könlüm tox,
kimsə
iştahama "döz" deyə bilməz.
Mənim
ürəyimi görən kimsə yox,
O, gözə
görünməz, dərindədi çox
gözə dəyməyənə göz dəyə bilməz!
Bədnəzər
bağıma bəlkə yol açıb,
bəlkə nar səmtinə cin basıb başmaq?
Səndən
şübhəliyəm, əncir ağacım,
Axı sənə
dedim hasardan aşma,
Çox
qalxma yuxarı, qonşular baxır!
Çıxır
bədnəzərdən ox dalınca ox,
yayınır hədəfdən köksümdəki zər.
Deputat
qızım yox, bankir oğlum yox,
Hansı
qanadımı əysin bədnəzər,
kimim
var, kimimə dəysin bədnəzər?
Canım
gözdən uzaq... sehrli tumda
Tanrı nəzərinə bürünür yenə.
Göz
görən məsamə yoxdu ruhumda -
Qalxıb qan təzyiqim görünür, yenə.
2020
Ev telefonum
Evimin
içində ev telefonum...
büzüşüb xəstətək,
küncdə
can verir.
Zəif tələbədir,
bilinmir sonu,
sonuncu
möhlətlə imtahan verir!
Evimin
içində ev telefonum...
gözləri - arısı qırılmış pətək,
Qutusu - boş
qazan qapağı kimi,
nənəmin toz basmış yun yumağıtək,
babamın boş qalmış papağı kimi...
Toppuzlu dəstəyi
daz başa yumruq,
dünənin yenilən dizidi bəlkə?
Rəqəmli
yuvalar örtülü, yumuq -
dostların kor olmuş gözüdü bəlkə?
Səpərdi
bir zaman cingilti tumu,
açardı qovğanın çətin yolunu.
Sallanıb
boynundan qara qutunun -
dəstəyi gipslənmiş əlil
qoludu...
Bilir ki,
yaramır indi heç nəyə,
Doğruya, yalana nömrəsi keçmir.
Daha
çıxışı yox fövqəladəyə,
Təcili yardıma zəngi yetişmir.
Üstündə
yurd salıb köçəri quşlar,
İşğal telefonum tarixə qaldı.
Nə həmən
Ağdam var, nə Füzuli var,
telefonçu qızlar qırx ildi laldı.
Nəhsdi
üstündəki hər rəqəm, yazı -
əvvəl puça çıxır, sanki son susur...
Bir zaman zəng
çalıb sevdiyim qızı
eşqə çağırdığım telefon susur!
Dururdum
mil kimi, səs gəlsə haçan
qulaq
şəkləyirdim sirdaşım kimi.
O
ölür Sibirdə əqrəblər sancan,
kolyaskaya
məhkum qardaşım kimi.
Şüşədə
çırpınır dev telefonum -
Kor quyu dibində sərsəri mənəm.
Atamdı,
anamdı ev telefonum -
ölüblər, yetişmir səsləri mənə!
Könül
tellərini tutubsa paxır,
simlərə calanan bir vətən yoxsa,
Tel mənim
nəyimə gərəkdi axı
o
başda dəstəyə əl atan yoxsa?
Nə
zaman qaldırdım, ötdü bülbültək,
deyiləndən artıq demədi heç vaxt.
Yapışdım
dəstəkdən, ram oldu qultək
havayı
konturlar yemədi heç vaxt.
Evimin
içində ev telefonum -
astagəldi bir az, vardı eyiblər...
nə
var qınamağa əski çaparı?
Ona
qoşqu qoşub dinləməyiblər;
sirləri özüylə gora aparır!
Zaman bir
şahiddi, qeydi hər cüngdə
Əcəli yetişən gerçəkdən
ölür.
Qoca
telefonum can çəkir küncdə,
mobil
telefonum gülməkdən ölür!
2020
Üç rübai
1
Tanrı
zərrəni çəkir, tərəzisi, daşı var,
Bu xalq qəhrəman xalqdı, tarixlə savaşı
var.
Babamın
söz karvanı səhra qədər qədimdi,
Nənəm
deyən nağılın neçə min il
yaşı var.
2
Fələk
çarxına dayaq yurda qurban başı var,
Damarda ata qanı, gözdə ana yaşı var.
Ortaqdı
Bilqamısa, Avestaya, Orhuna,
Oğuzu,
Osmanlısı, qanlı Qızılbaşı var!
3
Amma nədən bu qədər kələday var,
naşı var? -
Onların bu vətəndə nə azarı, işi var?
Bədəndən
boş başları çalmağa qılınc gərək,
Şairdə
qılınc hanı, yonuq karandaşı var...
2019
On yeddi "Koronavirus" nəğməsi
Bəşəriyyət
keçmişindən
gülə-gülə ayrılır...
Qadının
nəğməsi:
Qurşanıb
quymağa, yaxmaya kişi;
kökəlib, olub lap tox-maya kişi...
Bitə
"pandemiya",
ondan qorxuram,
evdən
ömr-billah çıxmaya kişi.
Kişinin
nəğməsi:
Yol tapar;
fəndgiri sanma bir uşaq,
övrət, nə çox sıxıl, nə də ki, ağla.
Başına
örpək sal, ağzına yaşmaq,
arada
sosial məsafə saxla.
Nişanlı
qızın nəğməsi:
Boş
sözdü ləngidir "virus" toyu da -
Oğlan tərəfindən "tələ" görünür.
Ötdü
yaz, ötdü yay... payız boyu da
evdə
qalacağam... belə görünür!
Oliqarx
oğlunun nəğməsi:
Dalımca
məxsusi bir reys göndər,
Yaddaşım
pozulub şərab, tüstüdən...
Ata, mən
Londonda nə vaxta qədər
qəhvə içəcəyəm kürü üstündən?
Nəvənin
nəğməsi:
Virusu bəhanə
uydurub bizə,
spirtdəmi çimim, deyirsən, gir çim?!
Niyə
aparmırsan məni dənizə
Baba,
görüm Xəzər gözünə girsin!
Şairin
nəğməsi:
Bu epos
dünyanı tapmaca qanır;
"Pandemdi" - qələmi şığıyan
oxdu.
Sərbəstdi
- nə əruz, nə heca qanır,
qardaş,
bu virusa qafiyə yoxdu.
Alimin nəğməsi:
Yoxdur
müdafiə... rəqib çəkir qəşş -
bir
küncə atılmış hamam tasıyam.
Masamda
öskürür qızdırmalı kəşf,
çünki evdən çıxmır dissertasiyam.
Möminin
nəğməsi:
Molla təsbeh
tutur, keşiş şamını -
sappasağ mərhumu namus öldürür.
Allah
öldürürdü əzəl hamını,
indi də
"Koronavirus" öldürür.
Alkaşın
nəğməsi:
Mən
deyən oldumu, a başdan zökəm,
İndi
get arağın çök boğazına.
Əlini
spirtlə sürtələ möhkəm,
yerdə
qalanını tök boğazına!
Dustağın
nəğməsi:
Barmaqlıq
üst-üstə, sim calaq-calaq -
Bəy
dönməz, çürüyər düşsə bura xan!
"Evdə
qal", - deyirsiz, razıyıq qalaq,
Amma, kimdi bizi evə buraxan?
Rəssamın
nəğməsi:
Kovidə
uyardı görən hansı rəng -
fonu səma
olsun, ya çəmən... yerdə?
Fırçası
sınaydı fələyin gərək
ölüm ətri verən gül çəkən yerdə!
Rüşvətxorun
nəğməsi:
Pul da
sahmanlamır andır nəhs ili,
Quş boğaz uzadır, qalıb dən yerdə.
Gəlirin,
daşbaşın kökü kəsilir,
Virus mutasiya eləyən yerdə.
Yaltaq nəğməsi:
Korona, nəbadə,
onu əymə sən,
Çəkmə yalamaqla salamatdı o.
Taclılar
önündə, özün bilirsən
dünya
yaranandan ikiqatdı o!
Sabunun nəğməsi:
Əyrilər
sabunla sağalan deyil,
virus
çürüdübsə, gər, iliyini.
Mən əlin
çirkini aparsam da, bil,
düzəldə bilmərəm əyriliyini!
Maskanın
nəğməsi:
Xəstə
var pul tapmır maska almağa -
Nuhdan maskalıdı xortdan, xoxanlar.
İndi də
ikiqat qorunur, qağa,
maskanın üstündən maska taxanlar.
Müəllimin
nəğməsi:
Bu nə
hal, a şagird, taxtasan, taxta,
nəfəsi yoluxmuş təki alırsan,
Biliyin
sıfırdı "Korona" haqda,
keç
otur yerində, "iki" alırsan!
Həkimin
nəğməsi:
Canımı
verərəm, məndən can istə,
neynim
Yaradanın fərmanı yoxsa?
Əlim
xalatımdan uzundu, xəstə,
dərdə çarə olmur, dərmanı yoxsa!
2020
Beş sevgi nağılı
İki
gözəl, tək qoca
Yolumda
parlayır gördüm iki ləl,
yol nədi, tutmur
heç, Yer ikisini.
Yaxamı
didəndə içimdəki əl,
anladım quluyam hər ikisinin.
Sərfədi fələyin, de, hansı türü? -
neçə günah varsa dövran süpürür...
Şair,
dadı daddan seçməkdən ötrü
əl
at, gilənarın dər
ikisini.
Bevaxt
sevdalardı hər zaman diri,
Ayrı nəyə yarar həsrətin piri?
Qismətim
olmasa bu cütün biri,
görüm vursun azar, çər ikisini!
Yazın çarası gül, qış əlacı nə? -
Payız
ruzi verməz çölün acına...
Baxıb
gülüşəndə bəyaz saçıma
Baxdım
ki, bürüyür qar ikisini!
Cüt
gözəl, tək qoca... işi çətində,
nöqtəcə yalan yox hekayətində...
Mən
yerə quyulandım xəcalətimdən,
beyqəfil apardı, tər ikisini!
2020
Gələndə yar adı
Yarın
adı gəlcək titrəyir dizim,
Apara
bilmirəm yükü... görürəm,
lap dibdə
tiyanın qaralır dibi,
o mənfur
körpünü, tükü görürəm...
Gələndə
yar adı qulaqlarıma,
göylərdən kimsə daş tökür görürəm.
Çökürəm
dibimin buzlaqlarına,
bürüyür başımı bürkü görürəm.
Yar
adı gələndə pörtür sifətim,
gen yolu
tıncıxan səki görürəm.
Haqqı
anlamağa çatmır qüdrətim,
Tilsimdi, cadudu... nə ki, görürəm.
Unudub
Allahı, unudub xalqı
ortağı olmayan TƏKİ görürəm.
Yarın
yaxasına baxanda, qalxır
sinəmdə Himalay diki görürəm.
Sevgi aləmində
dibdən naşıyam;
sanki
heç görmürəm, sanki görürəm.
Yalnız
sərxoş vaxtda yarla qoşayam,
Çünki o vaxt biri iki görürəm.
2020
Qorxulu nağıl
Sənə nə olandı ki, məni qəhr etmək ilə? -
Xumar
gözün xəlvətdə dola bir az,
dolmaya.
Adın
çıxıb qılıncla, köhlən səyritmək
ilə,
boynumu
vursan, üzün sola bir az, solmaya...
Axar-baxar
ömrümü çəkmə başa mey kimi -
camın
dibində xıltı qala bir az, qalmaya.
Qamışlıqlar
səslənə şər vədəsi ney
kimi,
Qarğuluqlar
saçını yola bir az, yolmaya.
Dərdin
sinəmdə divdi, önümdə dibsiz quyu,
Göydə
itlər hürüşür...
qibləm
sağmı, solmu ya?
Hicrinlə
uyuyanı oyatmaz qəm tütəyi -
İsrafil
onu qapıb çala bir az, çalmaya.
Nəyə gərəkdi vüsal? Söyüd barsız
yaşayır:
irmaqlar
qadasını ala bir az, almaya.
Su doldurub
xəlbirə, aşiq arsız yaşayır -
Tanrı
təpəsinə daş sala bir az,
salmaya?!
2020
Qarabasma
Sinəmdən
ox kimi çıxan ahımın
mənzili haradı... bildi, deyəsən.
Böyrümdən
beqəfil ötən o ahu
xəlvətcə üzümə güldü, deyəsən?!
Qoy gülsün...
neçə ki, nəçiyəm, bilmir,
dik
başa sevdalar çən əkib, bilmir,
Min ilin
bülbülü nə çəkib... bilmir,
qönçədən qızaran güldü, deyəsən?!
Qürbət
nağılının eynidi ardı -
onu yol,
məni də xəyal apardı...
Deyəsən,
əlində dəsmal da vardı,
gözümün yaşını sildi, deyəsən?..
2019
Köhnə
foto
Qırx
ilin fotosu... küncündə ləkə...
Nələr xatırlatmır şəkilin mənə?
Pir
olmuş ayrılıq hal tutub bəlkə,
yaxası
iynəylə tikili mənəm?!
Cızılıb
gözümə hər bir naxışın,
səma
sakitliyin, şimşək çaxışın.
Didik
fotoda da oxdu baxışın,
qəddi
kaman kimi bükülü mənəm!
Qoca
nağılçıyam, üç almasan sən,
Nağıl
çoxdan bitib... düşmürsən göydən...
Şəkildən
baxırsan heç olmasa sən,
gözləri ovcuna tökülü mənəm!
Tale -
dibsiz dərya, çöpədi güman,
Kükrəyən
dalğalar vermədi aman...
Şəkildə
gizlənmiş qatildi zaman,
müdhiş cinayətin vəkili mənəm!
Bu
solğun şəkildə... gülün tər vaxtı
zühr
edib Vaqifin dərbədər vaxtı.
Uçunan
əlimdə foto... Şər vaxtı
varlığı çarmıxa çəkili... mənəm!
2020
Şeir adanın üç
ovqatı
Şükranlıq
Allaha min
şükür, anadan oldum -
qönçəm gül bağlayır...
indi
yaxşıyam.
Şükür
ki, dərinə can atan oldum;
köküm budaqlayır...
indi
yaxşıyam.
İkiqat
xeyrimə işləyir saat,
hər
kəsə buyrulmur bu sayaq büsat!
Süfrəyə
gəlirəm, dik qalxır arvad,
mənə yer saxlayır...
indi
yaxşıyam!
Sərvaxt
qoruqçuyam hər vaxt postuma -
övladlar cəm olub ocaq tüstümə,
nəvəm, "baba" deyib cumur üstümə,
çatıb qucaqlayır...
indi
yaxşıyam.
Başdan
dağılsa da saçım çən kimi,
qəlbim
dərd çəksə də suçəkən kimi,
Sinəm
dəlmə-deşik aşsüzən kimi...
içim
qaysaqlayır...
indi
yaxşıyam.
Uddum
ümidləri, arzular yedim,
qaynar
işıq içdim, soyuq qar yedim,
irtməklər dağıtdım, quzular yedim,
dişlərim laxlayır...
indi
yaxşıyam.
Boşuna
getmədim yolları yorub;
önümdə lütfükar bir qürub durub.
Üstəlik,
günahım cana od vurub
sinəmi
dağlayır...
indi
yaxşıyam!
Qədər
rəva bildi; çək işi bir-bir,
qeyb oldu
dövrəmdən nakişi bir-bir,
üzüldü sapların tikişi bir-bir;
yaram
üz bağlayır...
indi
yaxşıyam!
Ana,
saçlarımı dara, gedirəm,
hardan gəlmişdimsə,
ora gedirəm!
Oğlumun
çiynində gora gedirəm,
qızlarım ağlayır...
indi
yaxşıyam!
2020
Qocalar məclisi
Dostlar
başa çəkdi tut arağını -
damar
genişləndi, ürək işlədi.
Böldülər
bərabər nehrə yağını,
pendir
kara gəldi, çörək işlədi.
Yaşları
var idi, nə çox, nə azdı -
onlara
qoca da demək olmazdı...
Beş-on
dəqiqəyə canları qızdı,
beli
şax saxlayan dirək işlədi.
Dişsiz
şair meyli ağ ətə saldı,
dedi:
- Bu, ət deyil, xaliscə
baldı!
Duxu çatmayanlar xəlvətə saldı -
rumkaya
su süzdü kələk işlədib.
Dəmləndi
qocalar,
qopub
gileydən
biri,
keçmişləri qandırdı neylə.
Biri dedi,
uçub pəriylə göydə,
qapıda-bacada mələk işlədib!!!
Ləpəyə
əl qatdı həvəsi olan,
Cəmi
bir ərəbdi... dəvəsi ölən!
Nəticə
istədi nəvəsi olan -
arzu
çiçəklədi, dilək işlədi.
Aləmdi
qocalar olanda əlbir,
Onların
halına yaxşı bax, gəl bir!..
Tamam
unudublar fırlanıb xəlbir,
dövranı bunlar yox, ələk işlədir.
O ki var
dedilər, nə söz qaldı ki,
süfrə xatiratla elə doldu ki...
Məclisin
sonunda məlum oldu ki,
əsas
yığışmaqdı, yemək... heç nədi!
2020
Şeir adam
Doğum
yerim Vərəqdi,
Layladı ilkim mənim.
Ağ nəyimə
gərəkdi,
Ağıya bükün məni.
Rübai
şərxoş mayam,
Bayatı bələyimdi.
Hər
Misram oxdur yaya,
Müxəmməs biləyimdi.
Təcnis
azanda məndən,
Qıfılbəndlə açıram.
Qoşma
bezəndə məndən
Gəraylıtək
naçaram!
Can
dirildir Şikəstəm,
dürrə dönür sarı qum.
Mən
adidə Sərbəstəm,
Tanrı,
alidə məhkum!
Kəlmələr
xəzanımdı;
xal
atıb üstündə qəm.
Divani -
azanımdı,
Qəzəl - uca minarəm.
Ədalət
var, görünür,
göyərir Söz puçurum.
Günəş
göydə sürünür,
mən
torpaqda uçuram!
Heç
vaxt sönməz canımda
sözdən yanan ocaqlar.
Düşünürəm
bu anda -
məni
haqq divanında
sözümdən asacaqlar!..
2018
Vaqif BƏHMƏNLİ
Ədəbiyyat qəzeti.- 2021.- 30 yanvar.- S.22-23.