Əl çalın, əl çalın...
(bir
etnoqrafik-folklor motivinin
simvolikası)
"Kitabi-Dədə Qorqud"da Oğuz bəylərinin "əlini
əlinə çalma"
jesti var.
Oğlundan narazı qalan Qazan xan əlini
əlinə çalıb
ağlayır:
"Qazan sağına
baqdı, qaş-qaş
güldü. Soluna baqdı, çoq
seivndi. Qarşısına baqdı, oğlancığını
- Uruzı gördi.
Əlin əlinə çaldı
ağladı".
Dəli
Domrul Əzrayıl üzərində "qələbəsini"
qeyd edərkən də həmin jesti edir: Dəli
Domrul "qara qılıcın sıyırdı,
əlinə aldı. Əzrayili çalmağa həmlə
qıldı. Əzrayıil bir gögərçin oldu, pəncərədən
uçdu getdi.
Adəmilər əvrəni Dəli Domrul əlin əlinə çaldı,
qaş-qaş güldü".
Əl çalma,
çəpik çalma
mifoloji mətnlərdə
və inanclarda və rəvayətlərdə
demonoloji personajlara (məsələn, çinlərə)
aid edilir. Rus xalq mədəniyyətində
əl çalma öz əcəli ilə ölməyən mərhumların "işarəsi"dir.
D.K.Zelenin "Rus mifologiyası oçerkləri"
kitabında belə bir nümunə gətirir: "Neruçi
çayında boğulmuş
bir qadın, Oryol quberniyasının kəndlilərinin söylədiklərinə
görə, gecə vaxtı sudan çıxır və çəpik çalır,
həm də qəhqəhə çəkirdi...
Kəndlilər və kəndli
qadınlar gecə qadının batdığı
həmin yerdən keçməyə qorxurdular".
"Qayınana" filmində
"təzə gəlin"
Afətin əcaib-qəraib
rəqslərinə qayınana
(Nəsibə Zeynalovanın
möhtəşəm ifasında)
əsəbi, ironik əl çalması bu cür mənalandırmaq
olar. Artıq bütün
hərəkətləri ilə,
"kukla cehizi" də mücrüdəki iti ilə Afət
ona demonik varlığı xatırladırdı...
Etnoqraflara inansaq, əlini
əlinə vurmaq totemlə bağlı bir ayin olması
da mümkündür:
"Rəqs zamanı
əl çalmaq quş toteminin səciyyəvi elementinin -
quşun qanadlarını
çırpmasının təsviridir
(...) Əlin ələ
vurulması ruhları
qovmağın magik vasitəsidir. Keçmişdə
türklərdə quş
kultunun və onun bağlı təsəvvürlərin olması
faktı (...) bizə
Aral türkmənlərin də
matəm rəqslərinin
mənasını açır,
davul və ritual nəğmələrinin müşayiətilə
əl çalmaq onun əsas plastik motividir..."
Əl çalma
axirət dünyası
ilə əlaqə yaratmaq vasitəsidir və onun qalıqlarına
bir çox mədəniyyətlərdə rast gəlmək olar. Məsələn, İtaliyada alqışlar
toy, xaç suyuna salınma, yas törənlərinin, eləcə
də kilsə ibadətinin ayrılmaz elementidir. Romada Müqəddəs Pyotr kilsəsində dualar zamanı daim alqışlar səslənir. Vaxtilə Tacikistanda
və Özbəkistanda
əl çalma dəfn ayinlərinin bir atributu olub.
Uşaq oyununda da əlçalma
aktını arxaik mərasim elementi kimi səciyyələndirmək
olar. Böyük rus filoloqu A.A.Potebnya əl çalma ilə müşayiət olunan uşaq oyununu "bütpərəstlik ənənəsi"
ilə əlaqələndirirdi.
Bu gün Bakıda
tanınmış insanların
cənazəsini alqışlarla
yola salma adəti dəbdədir. Mərhumu alqışlarla
haqq yoluna salma qurbanlığın simvoludur. Və ya duaları
əvəz edir.
Alqışlar coşqulu emosiyaların
ifadəsidir: ya çıxışçını salamlama, onunla fəxarət duyğusudur,
razılıq, sevinc hisslərini paylaşma əlamətidir. Rəsul Rzanın "Qızılgül
olmayaydı" poemasında
Lermontovun "Demon"unu
tərcümə edərkən
Müşfiqlə keçirdiklər
sevinc hisslərini belə xatırlayır:
Dil açıb
türkcə danışdıqca
iblis,
uşaq kimi əl çalır,
atılıb düşürdük
biz...
XX əsrdə əl
çalma ritualı həyatımızın, məişətimizin
mifoloji mətnini təşkil etməyə
başlayır. Məclislər,
iclaslar, verilişlər
və s. alqış ritualı ilə iç-içədir. Müşfiqin
"Üç sağlıq"
şeirində deyildiyi
kimi:
Qopdu alqış, gurultu: - Yaşasın ərlər!
Biri gülərək dedi: - İndi içərlər.
Yazımızın başlığı sovet dövrünün populyar mahnısından götürülüb:
Əl çalın, əl çalın,
Qızlar
oynasın...
Teatrda alqışlar susan,
sosial statusdan məhrum olan tamaşaçının görümlü
edir, onu fərqləndirir. Alqış aktında
tamaşaçılar və
aktyorlar sanki yerlərini dəyişirlər.
Zal səhnəyə,
səhnə zala, danışan aktyor öz növbəsində
susan tamaşaçıya,
susan tamaşaçı
isə danışan aktyora transformasiya olunur və "karnaval məcrasına"
(M.Baxtinin anlamında)
daxil olurlar.
Gurultulu, sürəkli alqışlar
sovet dövrü partiya iclaslarında daha geniş vüsət alır. Kollektivləşmə yalnız təsərrüfat-yaşam
tərzində deyil, həm də emosiyaların həmrəyliyində,
əlçalma ritualının
ritmik eyniliyində, yeknəsəqliyində ifadəsini
tapırdı və hardasa bir notdan
ibarət musiqiyə bənzəyirdi. "Böyük
dayaq" filmində Rüstəm kişi
ilə bağlı iclası xatırlayın.
Yaşlı nəslin yaddaşında da qalmış olar. Sov.İKP-nın qurultaylarında Brejnevin
hər cümləsi,
hər abzası sürəkli, gurultulu alqışlarla müşayiət
olunurdu. Qurultay iştirakçılarının
uzun sürən alqışları kollektiv
törənə çevrilirdi.
Totemin - Brejnevin nitqi qəzetlərdə çap olunanda belə həmin alqış məqamları
mütləq mötərizədə,
"alqışlar", "gurultulu alqışlar",
"sürəkli alqışlar"
ifadələrilə əksini
tapmalıydı. Şifahi
mətnin nüfuzu və sakrallığı
yazılı mətn də təsdiq etməliydi...
XX əsrin 30-cu illərində
kütlənin əlçalma
aqoniyası ən yüksək nöqtəsinə
çatır. Hər kəs bu rituala Rəhbərə sədaqətini sübut etməlidir. Alqışlar rəhbərə sevginin meyarı idi. Əks təqdirdə, yarımçıq,
hamıdan və vaxtından əvvəl alqış kəsən onun ağır bədəlini ödəməli
idi. A.İ.Soljenitsin
"Arxipelaq Qulaq"
əsərində bu aqoniyanın bir epizodunu təsvir edib:
"Rayon partiya konfransı
gedir (...) və konfransdan sonra Stalin yoldaşa müraciət qəbul olunur (...) Kiçik zalda gurultulu alqışlar getdikcə sürəkli alqışlara keçir. Amma: əl çalmağı birinci kim
dayandıra bilər?
(...) Rayon rəhbərləri bir-birinə zəif ümidlə baxıb, amma sifətlərin də vəcd ifadəsi verərək ta yıxılmayınca, onları burdan xərəkdə aparmayınca,
ayaqüstə alqışlamaqda
davam edəcəklər!
(...) Kağız fabrikinin direktoru
11-ci dəqiqədə üzünə
işgüzar görkəm
verərək, rəyasət
heyətində yerində
oturur (...) Müstəqil
insanları bax belə tanıyırlar.
Onları belə aradan
götürürlər. Həmin gecə fabrikin direktoru həbs olundu. Ona tamam başqa səbəb üzrə on
il iş
kəsdilər. 206-ya (yekun
istintaq protokolu) imza atdırandan sonra müstəntiq ona xatırladır:
- Heç vaxt əl çalmağı birinci kəsmə!"
Bu konfransda davamlı alqışlar yalnız Rəhbərə sədaqəti
və sevgini deyil "qurbanlıq"la
rəhbər arasında
mistik əlaqəni ifadə edirdi...
Alqışlar əl çalanın özü üçün
onun şəxsi sferasının hududlarını
bildirir. Əl çalma "zahiri"
formalarda ifadə olunan dünyadır, simvolik universumun sərhədidir (A.Plutser-Sarno).
...Mirzə Cəlil
gurultulu alqışları
sevmirdi. Səhnəyə çıxanda sıxılırdı,
özünü itirirdi.
Əziz Şərif yazır ki, Mirzə Fətəli Axundzadənin
əlli illiyi idi. "Təntənəli
axşamda edilən çıxışlar və
söylənilən nitqlərdən
mənim yadımda qalan yalnız Cəlil Məmmədquluzadənin
sıxışıdır. Mirzənin adı çəkilib ona söz veriləndə
salonda gurultulu alqışlar qopdu. Böyük məclislərdə nitq deməyə adət etməmiş Mirzə özünü itirmiş
idi. Onun dərin həyacan keçirdiyi açıq-aydın
görünürdü..."
Səhnə "iki dünya"nı ayıran sərhəddir. Alqışlar Mirzə Cəlili
axirət dünyası
ilə, "ölülər
dünya"sı ilə
bağlayırdı. Səhnədə
özünü itirməyinin
bir səbəbi də bu idi...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2021.- 30
yanvar.- S.21.