MƏHƏMMƏD
SADIQ BƏY AĞABƏYZADƏ
GENERAL-MAYOR, NAZİR
MÜAVİNİ, ŞƏRQŞÜNAS ALİM
Azərbaycan Xalq Cümhuriyyətinin
süqutu dəyərli şəxsiyyətlərin itirilməsi,
görkəmli ziyalıların ölkədən getməsı,
mühacir həyatı yaşamağa məhkum edilməsi demək
idi. Belə görkəmli ziyalılardan biri də
Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxili
işlər nazirinin müavini işləmiş Məhəmməd
Sadıq İsmayıl bəy oğlu Ağabəyzadədir.
“İsmayıl bəy
Ağabəyov Əli bəy Hüseynzadənin əmisidir. Məkkədə dünyasını dəyişmiş
İsmayıl bəyin övladları, yəni Əli bəyin
əmisi uşaqları - Sadıqpaşa, Həzrət bəy,
Badam xanım və Rəhim bəydir...
Əli bəyin ən yaxın dost və
silahdaşlarından olan Sadıqpaşa məşhur general-
şərqşünas Məhəmməd Sadıq bəy
Ağabəyzadədir (Azər Turan. “Əli bəy
Hüseynzadə”, səh. 210).
Məhəmməd Sadıq bəy (bəzi
sənədlərdə Sadıq bəy, Sadıqpaşa, Məmmədsadiq)
Ağabəyzadə (Ağabəyov) 1865-ci il
mart ayının 15-də Bakı quberniyasının
Göyçay qəzasında anadan olmuşdur. Əslən
Salyanın məşhur Ağabəylilər nəslindəndir.
TÜRKÜSTANDA HƏRBİ
XİDMƏT
M.S.Ağabəyzadə 1883-cü ildə Bakı
realnı məktəbini əla qiymətlərlə bitirir. Elə həmin il də Peterburq şəhərindəki II
Konstantinov hərbi məktəbinə daxil olur, daha sonra
Mixaylov Topçular məktəbinə
köçürülür. Məktəbi əla
qiymətlərlə başa vuran Məhəmməd Sadıq bəy
1886-cı ildə Qafqazda Qars-Aleksandropol qalasında
podporiçik (çar ordusunda rütbə) rütbəsində
xidmətə başlayır. 1888-ci il
avqust ayının 14-də poruçik rütbəsinə
yüksələn Ağabəyzadə 1893-cü ildə III dərəcəli
“Müqəddəs Stanislav” ordeni ilə təltif olunur. 1894-cü ildə Məhəmməd Sadıq bəyə
ştabs-kapitan rütbəsi verilir.
Məhəmməd Sadıq bəy Ağabəyzadə
1896-cı ildə Rusiya Xarici İşlər Nazirliyinin Asiya
departamenti nəzdindəki Sərq dilləri üzrə tədris
bölməsinə daxil olur. Hərbi nazirliyin təklifi və
Xarici İşlər Nazirliyinin razılığı ilə
hələ 1883-cü ildən tədris bölməsi nəzdində
zabitlər üçün şərq dilləri kursu təşkil
olunmuşdu; ildə beş dinləyici qəbul
edilməsi şərtilə, təhsil üçillik
olmalı idi. Qəbul imtahanlarına hərbi məktəb və
ali təhsil müəssisələrini
bitirən zabitlər buraxılırdılar. Kurslarda ərəb,
türk, fars və tatar dilləri,
fransız ədəbiyyatı, beynəlxalq müsəlman
hüququ öyrədilirdi. Şərq dilləri kursunda qiyabi
təhsil alan M. Ağabəyzadə kursu əla
qiymətlərlə qurtarır.
M.Ağabəyzadə hərbi xidmətini davam etdirmək
üçün Türküstan viayətinə göndərilir. 1897-ci il
4 noyabr tarixindən Əndican qəzasının sahə
pristavı olur. 1898-ci il 19 iyulda ona kapitan
rütbəsi verilir və Məhəmməd Sadıq bəy
IV dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif
olunur. 1899-cu il 21 avqustdan Krasnovodski qəzasının
sahə pristavı işləyir. 1900-cü il
iyulun 23-dən Tedcen gəza (inzibati ərazi
bölgüsü) rəisinin köməkçisi, 1901-ci il 11
oktyabrdan isə Aşqabad qəza rəisinin köməkçisi
təyin edilir.
Türküstanın son dərəcə çətin və
mürəkkəb şəraitində öz vəzifə
borcunu şərəf və ləyaqətlə yerinə
yetirir.
Məhəmməd
Sadıq bəy Ağabəyzadə 1904-cü il
fevralın 26-da podpolkovnik rütbəsinə yüksəlir.
Türküstanı yaxından tanıyan Məhəmməd
Sadıq bəy burada yerli xalqın yaşam tərzi, məişəti,
adət-ənənəsi ilə maraqlanır, atalar sözlərini
və məsəlləri toplayır, türk xalqlarının
dil xüsusiyyətlərini dərindən öyrənirdi. Türkmən
atalar sözləri və məsəllərini toplayan M.S.
Ağabəyzadə 1904-cü ildə Zakaspi vilayəti
türkmənlərinin ləhcəsinə dair “Uçebnik
törkmenskoqo nareçiə s prilojeniem sbornika posloviü i
poqovorok törkmen Zakaspiyskoy oblasti” dərsliyini yazır.
Rus dilində yazılmış, 135 səhifədən ibarət
olan bu dərslik 1904-cü ildə Asxabadda ( O
vaxtlar Aşqabada belə deyirdilər) K.M. Fedorov mətbəəsində
çap edilir. Bu əsər şərqşünas
P.Şimkeviçin kitabından (1892) sonra türkmən dilinə
dair ikinci dərslikdir.
M.Ağabəyzadənin dərsliyi diqqət mərkəzinə
düşdü. Sonradan görkəmli şərqşünas kimi məşhur
olan, tarix elmləri doktoru, professor, Orta Asiya (Daşkənd)
Dövlət Universitetinin, yaradıcılarından biri,
Tacikistan SSR Dövlət Akademiyasının akademiki (1951),
Özbəkistan SSR Dövlət Akademiyasının müxbir
üzvü (1943), Tacikistan SSR Elmlər Akademiyasının
Tarix, Arxeologiya, Etnoqrafiya İnstitutunun direktoru (1954-cü ildən)
Aleksandr Aleksandroviç Semenov (1873-1958) Moskva Universitetinin
“Etnoqrafiçeskoe obozrenie” (Moskva, 1904, ¹4, c. 169-172)
jurnalında Məhəmməd Sadıq bəy Ağabəyzadənin
dərsliyi haqqında yüksək fikir söylədi.
İstedadlı şərqşünas, sonradan Petroqrad Şərq
dilləri Universitetinin rektoru (1922-1925), SSRİ Elmlər
Akademiyasının akademiki (1925-1929) Aleksandr Nikolayeviç
Samoyloviş (1880-1938) də Məhəmməd Sadıq bəyin
kitabını yüksək qiymətləndirdi.
P.Şimkeviçin kitabından fərqli olaraq M. S.
Ağabəyzadə təqdim etdiyi nümunələrin
transkripsiyasını və ərəb əlifbası ilə
yazılışını da göstərmişdir. Bu, dərslikdən
istifadə edənlərin işini
asanlaşdırırdı. Mətnlərdə
işlənmiş sözlərin rus dilinə tərcüməsi
də müsbət hal kimi giymətləndirilir. Kitabın sonundakı əlavələr onun dəyərini
daha da artırır. Türkmən dilini və
onun folklorunu diqqətlə araşdıran M.S. Ağabəyzadə
zəngin materiallar toplayıb, kitabın sonunda ayrıca bir
başlıq vermişdir. Burada müəllifin
topladığı 160 atalar sözü, məsəllər
oxucuya təqdim olunur, atalar sözü və məsəllərin
rus dilinə tərcüməsi verilir. Bu əsər
Məhəmməd Sadıq bəy Ağabəyovun gərgin əməyinin,
yorulmaz fəaliyyətinin məhsulu idi. Folklor
nümunələrinin ustalıqla, dəqiqliklə tərcüməsi,
onların qarşılığının tapılması hətta
ən istedadlı tərcüməçiləri də
razı salır. Bəzən rus şərqşünasları
hansı sözdə, məna incəliyində mübahisə
etsə də, Ağabəyovun türkmən dilini, türkmən
məişətini, adət-ənənəsini, yaşam tərzini,
“səhra cəngavərləri”nin
xarakterini ustalıqla öyrəndiyini qeyd edirlər.
Məhəmməd Sadıq bəy əsərə
böyük məsuliyyətlə, bu sahədə təcrübəsi
olan əsl şərqşünas alim kimi yanaşmışdı. Bu illərdə
Türkmənistanda 30-a yaxın dialekt və şivə var
idi. Türkmənistanın mərkəzində teke
dialektində, qərb və şimal vilayətlərində
yomud dialektində, şərqdə, Amudərya ətrafında
ərsarp dialektində, İran və Özbəkistanla sərhəd
rayonlarda noxur, jevli, xasartlı, eski, çandır, bayat və
s. dialektlərdə danışırdılar. Türkmən
dilini tədqiq edəndə bu dialektləri fərqləndirə
bilmək, konkret bir dialektə, ləhcəyə əsaslanmaq,
onu təsvir etmək lazım idi. Birinci dərsliyin
müəllifi P.Şimkeviç konkret bir dialektə əsaslanmırdı,
onun gətirdiyi nümunələrin yerı, “ünvanı”
göstərilmirdi. P.Şimkeviçdən fərqli
olaraq M.S.Ağabəyzadə türkmən ləhcələrilə
yaxından tanış idi və Ağabəyzadə
Axal-Teke ləhcəsinin təsvirini əsas
götürmüşdü. Sonradan bu ləhcə
türkmən ədəbi dilinin əsasını təşkil
etdi. Müasir türkmən ədəbi
dili 20-ci əsrin əvvəllərində teke dialekti əsasında
formalaşdı.
Bəzi tədqiqatçıların fikrinə görə,
M.Ağabəyzadənın əsərində türkmən
dilinin qrammatikası kifayət qədər dolğun şəkildə
verilməmişdir. Bu, aydındır. Məhəmməd
Sadıq bəyin kitabı elmi, nəzəri qrammatika deyil,
Türküstanda yaşayan və işləyən ruslara
türkmən dilini öyrətmək və türkmən
folkloru ilə tanışlıq məqsədilə
yazılmış dərslikdir.
Məhəmməd Sadıq bəyin türkmən dili və
onun folklorunu təsvir edən bu əsəri Buxara əmiri
Seyid Mir Əbdül Əhəd xan (1859-1910) və onun vəliəhdi
Seyid Alim xanın (1880-1944) nəzərindən
yayınmadı. Buxara əmiri Əhəd xan elmi xidmətinə görə
Məhəmməd Sadıq bəy Ağabəyzadəni əmirliyin
ali mükafatı “Qızıl Ulduz” ordeni
ilə təltif etdi. Çar ordusunda xidmət illərində
M. Ağabəyzadə Buxara əmirliyinin fars
“Şire Xorşid” ordeninə və əmirliyin daha iki ordeninə
layiq görüldü.
Bu illərdə Məhəmməd Sadıq bəy
Ayişə adlı bir özbək qızı ilə evlənir
və ömrünün sonuna qədər bu məhəbbətə
sadiq qalır.
Bu gün
Türkmənistan Elmlər Akademiyasının həqiqi
üzvü (akademik) Muradgəldi Söyüqov Türkmənistanda
türkologiyanın inkişafından danışanda (“Akademik
bakış dergisi” , sayı: 37. Temmuz-Ağustos 2013) türkmən dili və onun
folklorunun öyrənilməsinə hələ XIX əsrin
sonu və XX əsrin əvvəllərindən
başlandığını və bu işdə şərqşünaslardan
P.Şimkeviç və M. S. Ağabəyzadənin xidmətlərini,
onların ilk kövrək addımlarını qeyd etməyi də
unutmur. Məhəmməd Sadıq bəy
Ağabəyovun bu dərsliyi Moskvada Rusiya Milli Kitabxanasında
(Saxlanma yeri- S 60/94 T 1/192) və Aşqabadda Türkmənistan
Dövlət Kitabxanasında saxlanılır.
1908 –ci il may ayının 22-də Məhəmməd
Sadıq bəyə polkovnik rütbəsi verilir. Lakin türkologiyaya məhəbbət, elmə,
müəllimlik peşəsinə maraq hərbə-topçuluq
peşəsinə üstün gəlir. M.S.
Ağabəyzadənin ən böyük arzusu doğma rayona
qayıtmaq, burada məktəb açmaq, azərbaycanlı
balalarına təhsil vermək idi. Son
vaxtlar səhhətindən də çox şikayətlənirdi.
Müsəlmanların
əsgərliyə çağırılmadığı,
necə deyərlər, “etibar edilmədiyi” bir dövrdə 48
yaşlı Məhəmməd Sadıq bəy rus ordusunun ən
ali hərbi rütbəsinə - general
rütbəsinə layiq görülür. Lakin elə həmin
ildə də (1913-cü il) general-mayor M.
S. Ağabəyzadə səhhətinə görə istefa
verir, doğma Göyçaya qayıdır.
Ona elə gəlirdi ki, hərbi karyerası başa
çatdı, ömrünün qalan hissəsini sevdiyi peşəyə,
müəllimliyə sərf edə bilər, bilik, savad öyrədər. Lakin
1914-cü ildə başlanan I Dünya müharibəsi
M.S.Ağabəyzadənin planlarını yenidən dəyişdı.
Səhhətindən şikayət edib, tez-tez xəstələnsə
də, əsgər andına sadiq qaldı, müharibə
vaxtı evdə oturmağı general paqonlarına
sığışdırmadı, könüllü olaraq
müharibəyə getdi. M.S.Ağabəyzadə
Qafqaz və Ukrayna cəbhəsindəki döyüşlərdə
iştirak etdi. Lakin müharibədə cəmi iki il qala bildi, ağır xəstəliyə
görə ordudan tərxis olundu.
Məhəmməd Sadıq bəy yenidən Azərbaycana,
ata-baba yurdu Göyçaya qayıtdı. Burada
eşitdiyi xəbər Məhəmməd Sadıq bəyi
çox kədərləndirdi. Onun
ayrılığına dözə bilməyən Ayişə
gənc yaşlarında xəstələnib vəfat
etmişdi. Məhəmməd Sadıq bəylə
Ayişənin nigahından övlad dünyaya gəlmədi.
Məhəmməd Sadıq bəy
ömrünün sonuna kimi Ayişəni unutmadı, bu sevgiyə
sadiq qaldı.
CÜMHURİYYƏT
GENERALI – NAZİR MÜAVİNİ
1918-ci il may ayının 28-də müsəlman şərqində
ilk parlamentli respublika- Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasını Məhəmməd Sadıq bəy Ağabəyzadə
sevinclə qarşıladı.
F.
Xoyskinin rəhbərlik etdiyi milli hökumət general
M.S.Ağabəyzadəni Bakıya dəvət etdi və
1918-ci il 23 oktyabr tarixli qərarla Məhəmməd
Sadıq bəy Ağabəyzadə AXC-nin daxili işlər
nazirinin müavini vəzifəsinə təyin olundu.
Daxili
işlər nazirinin müavini vəzifəsində M.S.Ağabəyzadə
1919-cu il dekabr ayının sonuna kimi
işlədi. Onun müavinliyi dövründə daxili işlər
naziri vəzifəsində 3 nazir çalışdı: Behbud
xan Cavanşir (17 avqust 1918 - 25 dekabr 1918), Xəlil bəy Xasməmmədov
(26 dekabr 1918-14 mart 1919), Nəsib bəy Yusifbəyli (14 mart
1919 - 22 dekabr 1919). Azərbaycan Xalq Cümhuriyyəti
parlament respublikası olduğundan hər üç nazir
siyasi fəaliyyətə daha çox vaxt ayırırdı.
Belə şəraitdə Daxili işlər
Nazirliyinin təşkili və idarə-çiliyi ilə
bağlı bir cox işlər, habelə məsuliyyət
yükü müavinin üzərinə
düşürdü.
General-mayor M. S. Ağabəyzadə Azərbaycan milli
müstəqil polisinin təşəkkülü və
inkişafında, polis sisteminin hüquqi bazasının
hazırlanmasında yorulmadan xidmət göstərdi, Azərbaycan
Cümhuriyyəti polisində islahatlar konsepsiyasını
hazırladı.
M.S.Ağabəyzadənin gərgin əməyi ilə
“Polis idarələrinin təşkili haqqında”, “Polis
departamenti haqqında”, “Ümumi, qəza və şəhər
polisi haqqında” və başqa normativ sənədlər
hazırlandı və fəaliyyət üçün qəbul
edildi.
General-mayor M. S.Ağabəyzadənin təşkilatçılığı
ilə Bakıda İçərişəhərdə polis məmurları
hazırlayan (qorodovoy) məktəb açıldı (1).
Nazir müavini işlədiyi vaxtda Məhəmməd
Sadıq bəy daxili işlər orqanlarının təşkil
edilməsində böyük fəallıq göstərdi,
ölkə daxilində nizam-intizam, qayda-qanun
yaradılmasında, daxili işlər orqanları strukturunun
formalaşdırılmasında, kabinetin fəaliyyətinin təşkilində
yaxından iştirak etdi.
1919-cu ildə
Azərbaycanda polislərin ümumi sayı 9661 nəfərə
çatırdı(1). General-mayor
Məhəmməd Sadıq bəy Ağabəyzadə yüksək
səviyyəli şəxsiyyət, cəsarətli,
ağıllı, qətiyyətli və son dərəcə təvazökar
bir insan olub.
1920-ci il yanvar ayının 23-də Məhəmməd
Sadıq bəy Ağabəyzadə təqaüdə
çıxdı.
Azərbaycan
Xalq Cümhuriyyətinin süqutundan az əvvəl
1920-ci ilin aprelində M.S. Ağabəyov Batuma getmişdi. Məqsədi müalicə üçün
Almaniyaya yollanmaq idi. Vətəndə
qalsaydı, onu Həmid Qaytabaşı, Həbib bəy Səlimov,
Tətlan bəy Əliyarbəyov və başqa Azərbaycan
generallarının acı taleyi gözləyirdi.
Artıq
may ayının ortalarında qardaşları Rəhim bəy,
Həzrət bəy Ağabəyovlar, habelə qardaşı
oğlu Hüseyn bəy Ağabəyov “nazir müavinini gizlətmək”,
xaricə qacırmaq adı ilə həbs edilmişdilər. Əmlakları da müsadirə olunmuşdu.
MÜHACİRƏTDƏ
– İSTANBUL, PARİS, NİSSA
Məhəmməd Sadıq bəy Ağabəyzadə
1920-ci ilin aprel ayında İstanbula- əmisi oğlu Əli bəy
Hüseynzadənin yanına getdi. Əli bəy
Hüseynzadə-zəngin fəlsəfi-publisistik, ədəbi-elmi
irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli
tövsiyələr verən görkəmli ictimai xadim. Həmin vaxt Əli bəy Hüseynzadə həm də
İstanbul Tibb Akademiyasının professoru idi.
Əli bəy əmisi oğlunu təkcə ən
yaxın əqidə dostu, general kimi deyil, həm də
yaxşı şərqşünas, mehriban bir insan kimi
tanıyır və sevirdi. Əli bəyin
Hüseynzadənin ailəsində Məhəmməd Sadıq
bəyin ayrı hörməti var idi. Əli bəyin
uşaqları Məhəmməd Sadıq bəyə “baba”
(ata) deyərdilər (3,58). Məhəmməd
Sadıq bəy də onları öz balası kimi sevirdi (Məhəmməd
Sadıq bəyin övladı olmamışdı). Amma həmin dövrdə Türkiyədə də
siyasi vəziyyət pis idi, yunan-larla müharibə
yekunlaşmamışdı. İş
tapmaq çətin idi. Daşnakların
özbaşınalığı səngimirdi. Sui-qəsdlər artmışdı. Behbud xan Cavanşir (AXC-da daxili işlər naziri -17
avqust 1918 - 25 dekabr 1918) də daşnak gülləsinin
qurbanı oldu. M.S. Ağabəyzadə
doğma torpağa Azərbaycana qayıda bilməzdi. Sovet Azərbaycanında onu nələrin gözlədiyini
yaxşı bilirdi.
Məhəmməd Sadıq bəy Ağabəyzadə
pasportunu dəyişdi, İran pasportu aldı. (Türkiyə
pasportu ilə Yunanıstandan keçib Avropaya getmək çətin
idi).
M.S.Ağabəyzadə İstanbulu tərk etdi, Parisə
gəldi. Əvvəlcə Parisdə, sonra Fransanın cənubunda
Nissada yaşadı. Uzun müddət
işsiz qaldı.
Vətəndən uzaqda qürbət eldə yaşasa
da, ürəyi daim Azərbaycana məhəbbətlə
çırpındı, mənsub olduğu milləti sevdi. M.S.Ağabəyzadənin əmisi
oğlu Əli bəy Hüseynzadəyə yazdığı
məktublardan sətirlər: “ ...Buradakı
(Fransa nəzərdə tutulur) qəzetlərin Bakıda
aclıq və soyuqlar haqqında verdikləri xəbərlər
məni çox narahat edir. Görəsən, bu
xəbərlər doğrudurmu? Xahiş edirəm gəlib-gedənlərdən
bunu dəqiq öyrən və mənə xəbər et!... Səni sevən Sadiq.”
“21 fevral
1922-ci il. ... Çox
xahiş edirəm onlara (qardaşları nəzərdə
tutulur) mənim haqqımda məlumat verməyə
çalış. Onlara xəbər ver ki, onlar
üçün burnumun ucu göynəyir, hər gün allaha
dua edirəm ki, heç olmasa ölüm ayağında
onları görə biləydim...”
“... Uzun müddət susmağımın səbəbi,
son zamanlar doğmalarım və dostlarım üçün
həsrət çəkməyimdir. Mən xüsusi
olaraq indi daha çox özümdə əsəb xəstəliyini
hiss edirəm. Mən bu xəstəliyin səbəbini
enerjimin tükənməsində və doğmalarımdan uzun
müddət ayrı düşməyimin xiffətində
görürəm. Mən hər gün xəyalən
oturub səninlə (Əli bəy Hüseynzadəni nəzərdə
tutur) söhbət edirəm...”
“...Özüm
istəmədən vətəni tərk etmək məcburiyyəti
ürək həyəcanlarımı artırır və
ağrıdır. Allah bilir bu vəziyyət nə
qədər uzanacaq. ... İşsiz oturursan, ona görə
yox ki, işləmək istəmirsən, ona görə ki,
heç bir iş tapmaq imkanın yoxdur. Yaşamağın,
maddi imkanların isə tədricən əriyir; sonu nə
olacaq məlum deyil...” (3, səh.64,68).
Məhəmməd Sadıq bəy mühacirətdə
olan zaman İstanbula əmisi oğlu Əli bəy Hüseynzadəyə
50-dən artıq məktub göndərib. Məktublardan
məlum olur ki, Məhəmməd Sadıq bəyin Fransada
ağrılı, acılı günləri çox olub.
Fransada ən çox görüşdüyü, məsləhətləşdiyi
adam Əlimərdan bəy
Topçubaşov idi. Məmməd Əmin Rəsulzadənin
Fransaya M.S.Ağabəyzadəyə göndərdiyi “Azərbaycan
tarixi” kitabı ( kitaba ön sözü Əli bəy
Hüseynzadə yazıb) isə Məhəmməd Sadıq bəyin
ən çox sevdiyi kitabdır.
Məhəmməd Sadıq bəyin mühacirət həyatı
nə qədər ağrılı, nə qədər
acılı olsa da, o, öz ləyaqətini, məğrurluğunu,
türklüyünü həmişə qorudu.
LVOV
UNİVERSİTETİNİN PROFESSORU
İyirminci əsrin 20-ci illəri Polşada şərqşünaslığın
çiçəklənmə dövrüdür. Krakov, Poznan, Lvov universitetlərində
ərəb, türk, fars dillərinə
maraq artırdı.
Əsası
1661-ci ildə qoyulmuş Yan Kazimir adına
Lvov Universitetinin tədris planına 1926-1927-ci ildən ərəb,
türk, fars dillərinin öyrənilməsi də daxil
edilmiş, bu dillərdə yaranmış ədəbiyyatı,
islam sivilizasiya tarixini tədris etmək zərurəti
yaranmışdı.
Şərq dilləri müəllimi vəzifəsinə
bir neçə namizəd təklif olunsa da, bu məsuliyyətli
işi öhdəsinə götürən, şərq dillərini
yaxşı bilən namizəd tapılmırdı.
Polşanın
Lvov Universitetınə yeni dəvət olunmuş, universitetdə
Şərqşunasliq kafedrasını yenidən qurmaq,
inkişaf etdirmək, bütün dünyada tanıtmaq
tapşırığı almış Ziqmunt Smoqorjevskinin təklifi
kafedrada yekdilliklə müdafiə olundu: Şərq dillərinin
tədrisi Məhəmməd Sadıq bəy Ağabəyzadəyə
həvalə olunsun. Universitetın Humanitar fənlər
şurası fakültənin təklifini bəyənib təsdiq
etdi. 1926/1927-ci tədris ilindən M.S. Ağabəyzadə
Polşanın Yan Kazimir adına Lvov Universitetində
müəllimlik fəaliyyətinə başladı.
Məhəmməd
Sadıq bəy Ağabəyzadə ən yaxın
sirdaşı, əqidə dostu, əmisi oğlu Əli bəy
Hüseynzadəyə yazırdı: Əziz dost və mehriban
Əli bəy! ...Keçən ilin sonunda mənə Lvov
Universitetində türk və fars dillərində
mühazirə oxumağı təklif etdilər. Mən bu təklifi qəbul edərək yanvarın
axırında Lvova getdim. İyulun sonuna
kimi orada oldum. Professor (Ziqmunt Smoqorjevski nəzərdə
tutulur, müəllif) mənə universitetdə müvəqqəti
olaraq böyük otaq ayırıb. Buna
görə də ayda cəmi 270 zolotı alıram. Həftədə
8 saat mühazirə oxumaq sadə yaşayış
üçün bəs edir... Səni qəlbən
sevən Sadıq.”
Professor Ziqmund Smoqorjevski M.S.Ağabəyzadəni hələ
Peterburqdan tanıyırdı. İş elə gətirmişdi ki,
Z. Smoqorjevski 1920-ci il aprel ayının
sonlarında Polşa nümayəndə heyətinin tərkibində
Bakıda idi. Qırmızı sovet ordusunun
Bakıya girməsini, Azərbaycan Xalq Cümhuriyyətinin
süqutunu Ziqmunt Smoqorjevski öz gözləri ilə
görmüşdü. Siyasi xadim və şərqşünas
alim kimi
Z.Smoqorjevskinin Məhəmməd Sadıq bəyə- bu
maraqlı, istedadlı, şərqşünas alimə
hüsn rəğbəti var idi. Əslinə qalsa,
Z.Smoqorjevski M.S.Ağabəyzadəni rəsmi olmasa da, professor
vəzifəsinə dəvət etmişdi. Ona mühazirə məşğələləri də
etibar edilmişdi. Təəssüf ki,
Z.Smoqorjevskinin ölümü bu işi təxirə saldı.
Məhəmməd Sadıq bəy Ağabəyzadə
yalnız 1941-ci ildə dosent elmi adı aldı. Professor adı ona ölümündən sonra verildi.
Məhəmməd
Sadıq bəyin məşğələləri həftədə
5 saat türk dili, 3 saat fars dili olmaqla ikinci
semestrdən başlayıb, 3 semestr üçün nəzərdə
tutulmuşdu. Sonradan türk dili həftədə 8 saat, fars dili 5 saat tədris olundu.Türk dili iki səviyyədə
öyrənilirdi: Birinci səviyyədə elementar qrammatika,
ikinci səviyyədə qrammatika və oxu. M.S. Ağabəyov
tələbələrə ərəb qrafikalı türk əlifbası
və yeni latın qrafikalı türk əlifbası
haqqında məlumat verir; sadə mətnlərin oxusunu
keçirir və türkcə söhbət aparırdı; tələbələr
eyni zamanda polyak dilindən türk dilinə tərcümələr
edir; türkcə qəzet materialları oxuyurdular.
Tələbələrin
türk dilini daha yaxşı mənimsəməsi
üçün Polşanın Yan Kazimir adına
Lvov Universiteti türk dilində buraxılan qəzet və
jurnallara abunə yazılmışdı. Məhəmməd
Sadıq bəyə bu işdə onunla daim əlaqə
saxlayan Əli bəy Hüseynzadə kömək edirdi.
Bunu Məhəmməd Sadıq bəyin məktublarından da
görürük: “Əzizim Əli bəy! Sənin
yanvarda yazdığın məktubu və “Vaxt”ın abunəsi
üçün iki qəbzi aldım. Bu abunə qəbzləri
üçün institutun Şərq dilləri üzrə
professoru Smoqorjevski sənə beş dollar
göndərdi. Guman edirəm bu günlərdə
həmin pulu alarsan. Qəzeti vaxtlı-vaxtında
göndərirlər. Tapşırığımı
vaxtında yerinə yetirdiyin üçün çox sağ ol... Sənə pul göndərsəm,
redaksiyada mənə abonoment üçün sifariş
aça bilərsənmi?... Səni
sevən Sadıq.”
M.S.
Ağabəyzadə tələbələrə fars dilini də yüksək səviyyədə
tədris edirdi. Aşağı kurs tələbələrinə
qrammatika və oxu; orta kurs tələbələrinə sadə
mətnlərin oxusu və müsahibələr; yuxarı kurs
tələbələrinə mətn və müsahibələr.
Sonrakı illərdə Məhəmməd Sadıq bəy
universitetdə ərəb dilini də tədris etdi.
İlk illər M.S.Ağabəyzadə çox gərgin
işləyirdi. Şərq dili müəlliminə olan tələbatı
nəzərə alaraq Lvov Ticarət Akademiyasında də
şərq dillərini tədris etməyə razılıq
vermişdi.
Hər
iki ali məktəbdə tələbələrin
əksəriyyəti polyak olduğundan, Məhəmməd
Sadıq bəy polyak dilini də öyrənirdi.
Tələbələr Avropada nəşr olunmuş dərsliklərdən
istifadə edirdilər və bu, xarici dili bilməyən polyak
tələbələr üçün cətinlik
yaradırdı. Bütün bunları nəzərə alan
M.S.Ağabəyov Lvov Universitetinin tələbələri
üçün polyak dilində türk dilinin qrammatikası
(Sadyk Bej. Qramatika yezyka tureckiego uzytku studentow Lwowskiego Instytutu
Orietalistycznego, rekopis., ANOiP, MMLiİL,
KIII-7/101) dərsliyini yazdı (4). Bu, polyak dilində
yazılmış türk dilinin qrammatikası haqqında ilk dərslikdir
(əlyazma). Polşanın Krakov arxivində
bu dərslik 1930-cu ilin sənədləri arasında
saxlanır. Dərslik müxtəlif
kağızlarda, müxtəlif illərdə yazılıb.
Dərsliyin birinci hissəsi 113 səhifə,
ikinci hissəsi 85 səhifədir. Bəzi
fəsillər onun 1929-cu ildə yazıldığını
göstərir. Bu dərsliyə görə universitet pəhbərliyi
müəllifə 500 dollar mükafat verdi.
Bunun
ardınca M. S. Ağabəyzadə (1930-cu il)
polyak dilində yeni bir dərslik fars dilinin qrammatikasını
yazdı (Sadyk Bej, Gramatyka jezyka perskiego dla uzytku studentow
Lwowskiego Instytutu Orientalistycznego, rekopis, ANPiP, MMLiIL, sygn. KIII-7/102). Ayrı-ayrı
materiallar məcmusu olan bu kitab (əlyazma) 123 səhifədən
ibarətdir (4).
1934-cü ildə Məhəmməd Sadıq bəy
Ağabəyzadənin polyak dilində üçüncü dərsliyi
“Ərəb dilinin ibtidai qrammatikası” kitabi nəşr olundu
(M. Sadyk – Bey.
Elementarna gramatyka jezyka arabskiego. Lwow, 1934). Müəllif ön sözdə qeyd
edir ki, bu kitab ərəb dilini öyrənmək istəyənlər
üçün nəzərdə tutulmuşdur və onun
yazılışında Avqust Perierin fransız dilində
yazdığı yeni ərəb dili qrammatikası (1928-ci il) əsas
götürülmüşdür”(4).
M.S.Ağabəyovun ən böyük
üstünlüyü bu kitabın polyak dilində
yazılması idi. Bu əsərə təkcə Lvov
Universitetində deyil, Polşanın digər elm və mədəniyyət
ocaqlarında da maraq böyük idi. Kitab Varşava Milli
Kitabxanasına, Krakov kitabxanasına, Vilnus Universitet
kitabxanasına (o vaxt Vilnus Polşanın tərkibində idi),
Lyublina Universitetinə və başqa elmi hissələrə
göndərildi.
Bu əsər Məhəmməd Sadıq bəyin
hörmətini daha da artırdı. Polşa Elmlər
Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər
Akademiyasının müxbir üzvü Vladislav Lyudviqovıc
Kotvic 8 sentyabr 1934-cü il tarixli məktubunda
Məhəmməd Sadıq bəyin əməyini yüksək
qiymətləndirir, polyak dilində ərəb dili
qrammatikasını yazmağın cətin və ağır
iş olduğunu deyir. V. Kotviç yazır: “Çətin və
ağır işi başa
çatdırdığınıza görə
özünüzü təbrik edə bilərsiniz”.
Yan Kazimir
adına Lvov Universiteti o illər Avropada həqiqətən
şərqşünaslığın mərkəzinə
çevrilmişdi. Burada V.Kotviç (monqol, mancur dillərini
tədris edir və tədqiqatlar aparırdı), Z.Smoqojevski (ərəb
dili və islamşünaslığı tədris edirdi,
1931-ci ildə vəfat etdi), M.S.Ağabəyzadə (türk, fars, ərəb dillərini tədris edirdi) kimi
istedadlı professor və müəllimlər
çalışırdı. “V.Kotviç, Z.Smoqojevski və
M.S.Ağabəyzadə Lvov – Peterburq Şərqşünaslıq
məktəbinin özəyini təşkil edirdilər”(2).
Məhəmməd Sadıq bəy əsl poliqlot idi. O, sevdiyi ana dilindən - Azərbaycan
dilindən başqa, 10 dil bilirdi - türk, ərəb, fars,
türkmən, rus, ingilis, fransız, polyak, son illərdə isə
alman və Ukrayna dillərini də öyrənmişdi.
Tələbələr, müəllim yoldaşları
ona sadəcə “Sadıq bəy” deyə müraciət edirdilər
(dərsliklərini də bu imza ilə yazırdı).
“Sadıq bəy”- bu sözün arxasında həqiqət,
ədalət, mərifət, məhəbbət, qəhrəmanlıq,
mərdlik dayanırdı. Ortaboylu, arıqbədənli, səliqəli
və şux geyinən bu adam işdə tələbkar,
həyatda sadə və son dərəcə təvazökar
idi. Məhəmməd Sadiq bəy tələbələrinə
şərq dillərini, xüsusən türk dilini və Azərbaycan
folklorunu sevdirə bilmişdı. Həmin tələbələrdən
Teofil Bolodimirski, Maryan Leviski, Omelyan Prisak, Tadeus Leviski,
Frantişek Maxalski və başqaları sonradan
tanınmış şərqşünas kimi məşhur
oldular.
1939-cu ildə SSRİ və Almaniya Polşaya təcavüz
etdi. Sovet ordusu Lvovu zəbt edib, Qərbi Ukraynanı
SSRİ ərazisinə qatdı. Yan Kazimir adına
Lvov Universitetinin adı dəyişdirilib, İvano Franko
adına Lvov Universiteti oldu.
İndi universitetdə dərslər polyak dilində yox,
Ukrayna dilində aparılırdı. Məmməd Sadıq
bəy qısa bir vaxtda ukrayn dilini öyrəndi. 1941-ci
ildə
M.S. Ağabəyzadəyə dosent adı verdilər.
1941-ci ilin yayında alman faşistləri Lvovu tutdu. Lvov qapalı
şəhərə çevrildi. Universitet
fəaliyyətini dayandırmaq məcburiyyətində
qaldı. Qeyri-rəsmi olsa da “gizli
fakültələr” fəaliyyətə başladı.
Fars və türk dilləri dərsləri Məhəmməd
Sadıq bəyin mənzilində (Senator küçəsi
6/5) keçirdi.
Universitetin fəaliyyətini dayandırması, səhhəti
ilə bağlı ağır vəziyyət yaşı 75-i
keçmiş şərqşünas- alimi sıxırdı. M.S. Ağabəyzadənin
yeganə gəlir mənbəyi bir-neçə tələbəyə
verdiyi özəl dərslər idi.
1942-ci ildə
Məhəmməd Sadıq bəyin geniş, işıqlı
mənzilini və zəngin kitabxanasını “bəyənən”
alman zabitlərindən biri bura köçdü, Məhəmməd
Sadıq bəyin bəzi qiymətli kitablarını Almaniyaya
göndərdi.
Xəstə Məhəmməd Sadıq bəy
yaxşı qızdırılmayan, yarıqaranlıq zirzəmi
tipli otağa köçməyə məcbur oldu. 1942-ci ilin
sonunda onun sağ əli iflic oldu, əlavə köməyə
ehtiyacı yarandı. Bu zaman M.C.Ağabəyzadənin
qayğısına sevimli tələbələri Olqa Bak və
onun həyat yoldaşı, Tadeus Leviski, Severina Vilkoşinskaya,
Teodozi Krulyova qalırdılar.
Məhəmməd
Sadıq bəy Ağabəyzadə son ürək sözlərini
tələbələrinə dedi, vəsiyyətini tələbəsi
Tadeus Leviskiyə etdi: “Qardaşlarım gəlməsə...nəyim
varsa sənə qoyub gedirəm... Mənə uzun müddət
sədaqətli xidmətinə görə pani Severina
Vilkoşinskayaya 300 zlot, Teodozi Krulyovaya 100 zlot, Olqa
Voşçaka- mənim tələbəmə bir kitab və
istədiyi üç val verərsiniz.”
Məhəmməd
Sadıq bəy Ağabəyzadə 1944-cü il
noyabr ayının 9-da vəfat etdi.
Dostları onu Liçakovski qəbirstanlığında
müsəlman adətilə dəfn etdilər. Üzü Kəbəyə
sarı...
Taleyin
hökmü ilə uzun müddət qürbətdə
yaşayan, amma ürəyi Azərbaycana məhəbbətlə
döyünən Məhəmməd Sadıq bəy Ağabəyzadə
haqqında düz yetmiş il məlumatımız
olmadı. Sovet dövründə onu axtarmaq cəsarət
tələb edirdi. Sovet ideologiyasının
qadağaları nəticəsində Məhəmməd Sadiq bəy
unutdurulurdu.
Məhəmməd Sadıq bəy Ağabəyzadə
haqqında ilk məlumatı AMEA-nın Əlyazmalar
İnstitutunun professoru Gülər xanım Abdullabəyova
vermişdir.
Polşa Elmlər Akademiyasının Krakov
filialının arxivində Polşa və Azərbaycan ədəbi
əlaqələrinə dair elmi-tədqiqatlar aparan Gülər
xanım Abdullabəyova 1986-cı ildə ilk dəfə olaraq
Məhəmməd Sadıq bəy Ağabəyzadənin həyatı
və fəaliyyətinə dair sənədlər
aşkarlamış, bu sənədlər əsasında
hazırladığı məqaləni elmi ictimaiyyətə təqdim
etmişdir (2).
Birincilər sırasında hərb tariximizin yorulmaz tədqiqatçısı,
polkovnik-leytenant Şəmistan Nəzərli də M.S.Ağabəyzadənin
həyatı və fəaliyyəti barədə məlumat
vermişdir.
Tanınmış tədqiqatçı- alim Vilayət
Quliyevin “525-ci qəzet”dəki maraqlı və təsirli
yazısını və M.S. Ağabəyzadə haqqında
daha bir neçə məqaləni də oxumuşdum.
2017-ci ilin avqust ayında Lvov şəhərinə
düşdüyüm günün səhəri general-mayor,
nazir müavini, şərqşünas-alim Məhəmməd
Sadıq bəy Ağabəyzadənin qəbrini ziyarət etmək
üçün Liçakovski qəbiristanlığına
getdim. İndi bura səma altında əsl muzeydir. Qışda da, yayda da turistlərlə dolu olur.
Giriş pulludur. Muzey
işçiləri nabələd olduğumu o saat duydular.
Nəzakətlə, “buyurun” dedilər. “Burada həmyerlim dəfn olunub”. “Ağabəyov?”
deyə, orta yaşlı muzey işçisi soruşdu. Kənardan
söhbətimizi dinləyən gənc qız (
o da muzey işçisi idi). “Olar, aparım göstərim?”, deyə, həmkarından icazə istədi. Doğrusu, həyəcan keçirirdim.
Keçən il “Sadıq bəy Ağabəyzadənin
sahibsiz məzarı” adlı yazı oxumuşdum... Bələdçi gız Liçakovski qəbiristanlığı
haqqında məlumat verirdi. “Bura
Avropanın ən qədim qəbiristanlığından
biridir. Məzar daşlarının üzərində
polyak, ukrayn, rus, alman... və Azərbaycan dilində yazılar
var. Ən qədim məzar daşı 1675-ci ili
göstərir. 40 hektar ərazidə 400 minə yaxın adam dəfn olunub. Məzarları
rahat tapmaq üçün qəbiristanlıq ərazilərə
(sektorlara) bölünüb. Ağabəyovun
məzarı 64-cü sektordadır. Sağ olsun azərbaycanlıları,
Ağabəyovu unutmadılar. Ona bu yaxınlarda
gözəl bir abidə qoyublar. Məzarı
da bütün məzarlardan fərqlənir. Bu da Ağabəyovun
məzarı... İcazə verin mən gedim.”
Bələdçi qıza minnətdarlıq
edirəm. Ağabəyzadənin məzarı
qarşısında həyəcansız dayanmaq olmur. Onun xatirəsinə ehtiram olaraq uzun müddət
başımı aşağı salıram. Nəvəmin
Azərbaycandan gətirdiyi çiçəklərdən məzarın
üstünə düzürəm... Bəli, bu
məzar başqalarından fərqlənir. Axı dostları və tələbələri onu
müsəlman adəti ilə basdırıb. Üzü
qibləyə sarı...
Zövqlə
yaradılmış bu məzarüstü abidə ötən
il Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin təşəbbüsü ilə
ucaldılıb. Məzarüstü abidə
tanınmış heykəltaraş, Ukraynanın xalq rəssamı
Seyfəddin Qurbanov tərəfindən hazırlanıb, 15
iyunda (xalqımız üçün əlamətdar bir
gündə-Milli Qurtuluş günündə) təhvil
verilib.
Arxamda kiminsə olduğunu duyuram. Əlində fotoaparat orta
yaşlı bir kişi: “Bu məzarın
şəklini çəkməyə icazə olar?” Yarı polyak, yarı ukrayn, yarı rus dilində
danışsa da bir-birimizi əl hərəkətləri ilə
daha yaxşı başa düşürük. Qəlbimdə
qeyri-adi hisslər var. Azərbaycanlı olmağımla
qürur duyuram...
Muzey işçilərinə bir daha minnətdarlıq
etmək istəyirəm. Məni xidməti otağa dəvət
edirlər. Liçakov qəbiristanlığının
və Lvovun turist xəritəsini bağışlayırlar.
Xəritənin üzərində qeydlər var.
“Yaroslav Steçka küçəsi 6/5. M.S.
Ağabəyov bu binada yaşamışdır.” Muzey işçilərindən ayrılıb, şəhərin
mərkəzində yerləşən həmin sakit
küçəyə gedirəm. Binaya vurulmuş xatirə
lövhəsində Ukrayna dilində bu sözlər
yazılıb: “Bu binada görkəmli alim, şərqşünas,
professor Məhəmməd Sadıb bəy Ağabəyov
yaşamışdır ( 15. III. 1865-9.XI.1944). Azərbaycanlı və Ukrayna
vətənpərvəri, 1927-ci ildən 1941-ci ilə kimi Lvov
Universitetində və Ali Ticarət Məktəbində
türk, ərəb, fars dillərini və
başqa fənləri tədris etmişdir.”
Bu da Tuqan-Baranovski küçəsi Ali Ticarət Akademiyası. Ali Məktəbin
girişində vurulmuş Xatirə lövhəsi diqqətimi
çəkir: “Görkəmli alim-şərqşünas, professor Məhəmməd Sadıq bəy
Ağabəyzadə (15.III.1865-9.XI.1944) burada işləmişdir.
Azərbaycanlı və Ukrayna vətənpərvəri,
1927-ci ildən 1941-ci ilə kimi Lvov Universitetində və
Ticarət Akademiyasında türk, ərəb, fars
dillərini və başqa fənləri tədris etmişdir”.
Universitet küçəsinə Məhəmməd
Sadıq bəyin əmək fəaliyyətinə
başladığı Lvov Universitetinə gəlirəm. Möhtəşəm
və əzəmətli binadır.
İvano-Franko
adına Lvov Milli Universiteti Tarixi muzeyinin
direktoru Heley Stepan Dmitreviç (əvvəlcədən zəng
etmişdim) məni səmimi qarşıladı. Professor Ağabəyovun adını eşidən
kimi ayağa qalxdı. İki cildlik Lvov
Universiteti Ensiklopediyasını gətirdi. Bu ensiklopediya Universitetin 350 illik yubileyi münasibətilə
2011-2014-cü illərdə hazırlanıb. Birinci cild 716 səhifə, ikinci cild 764 səhifədir.
I cilddə M.S.Ağabəyovun şəkli və
haqqında yazı verilib. Avqust ayı
olduğundan universitet rəhbərliyi ilə görüşə
bilmirəm. Muzey direktoru onu da əlavə etdi ki, Ağabəyovun
ölümündən sonra universitetdə uzun müddət
türk, ərəb, fars dilləri tədris
olunmadı. Yalnız 1967-ci ildə ərəb, fars
dilləri fakültativ kurs kimi tədris olundu. Bir
ildən sonra kurs bağlandı, 1980-ci ildə bərpa olundu.
Cəmi 3 il tədris aparıldı.
Ukrayna
müstəqillik qazanandan sonra professor Y. Polotnyukun təşəbbüsü
ilə yalnız 1992-ci ildən ərəb və fars dillərinin tədrisi bərpa edildi. 1997-ci ildə filologiya fakültəsində şərqşünaslıq
kafedrası yaradıldı. “Kafedra əməkdaşları
Sadıq bəyin xatirəsini unutmur” deyib, Heley Stepan ayağa
qalxdı, professor Yarem Polotnyukun M.S. Ağabəyovun 140 illik
yubileyi münasibətilə “Yaroslov” qəzetində dərc
olunmuş məqaləsini göstərdi.
Avqust ayı olduğundan universitet rəhbərliyi və
şərqşünaslıq kafedrasının müəllimləri
ilə görüşə bilmirəm. Auditoriyaları
gəzirəm. Görəsən Məhəmməd
Sadıq bəy hansı auditoriyada dərs keçirdi?!
Uzun müddət nə mən danışıram, nə
muzey rəhbəri. Sükutu o pozur:
“Siz Lvovu gəzmisinizmi? Lvov gözəl şəhərdir.
Həm də “Ağabəyov” “Bakı” ilə
Lvovda görüşür. Əvvəlcə
başa düşmədim. Sonra öyrəndim
ki, Lvovda həm “Ağabəyov” küçəsi var, həm
də “Bakı” küçəsi. Özü
də bu küçələr bir-biri ilə kəsişir,
bir-biri ilə “görüşür”.
Lvov Məhəmməd Sadıq bəy Ağabəyzadəni
unutmur. Bəs görəsən, Bakıda, şərqşünas
alimin doğulduğu Göyçayda Ağabəyzadə
küçəsi olacaqmı?
“Professor Ağabəyzadə küçəsi”. Necə də
gözəl səslənir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
M.S.Ağabəyovun Bakıda
yaşadığı
binanın qarşısına xatirə lövhəsi
vurmaq da yerinə düşər.
Namaz MANAFOV,
Mingəçevir Dövlət
Universitetinin dosenti,
filologiya üzrə fəlsəfə doktoru
Ədəbiyyat qəzeti.- 2021.- 30
yanvar.- S.12-15.