Kvazimodonun qızıl alması
Salvatore Kvazimodo (1901-1968) - italyan şairi, 1959-cu ilin Nobel mükafatçısıdır. 20 avqust 1901-ci ildə
Siciliyada doğulub.
Messina və Palermo Politexnik İnstitutunda təhsil alıb, 1938-ci ildən etibarən Milan Konservatoriyasında italyan ədəbiyyatını tədris
edib.
Hermetizm məktəbinə aid olan
şairin mətnləri
incə ifadəliliklə
fərqlənir, bu şeirlərdə şəxsi
başlanğıc son dərəcə
güclü şəkildə
hiss edilir, belə ki, Kvazimodo daha
çox fransız simvolizmi ilə bağlı bir isim kimi yadda
qalıb. Kvazimodo bədii tərcümə
ilə də ardıcıl şəkildə
məşğul olub.
İndiyə qədər də
P.Nerudanın italyan dilinə ən yaxşı tərcüməçisi
hesab edilir. Bundan başqa, Şekspirin dörd pyesini tərcümə edib.
Onun
"Yunan lirikası"
toplusuna daxil olan tərcümələri
möhtəşəmliyi ilə
fərqlənir.
Salvatore Kvazimodonun şeirlərini
ilk dəfə oxuyan hər kəs onların fərqli olduqlarını duyar; hiss
edər ki, bu tipli mətnlər
qarşısına heç
zaman çıxmayıb. Demək, elə
şeirlər var ki, başqa mətnlər kimi deyil, onlar bəlkə
də oxucuların gözlərindən gizli qalmağı sevər, özləri seçib-sonaladıqları
oxucunu tapmağa çalışarlar. Yəni
sən nəyisə
hiss edirsənsə, bunu
səndən öncə
və səndən daha gözəl hiss edən birini də nəzərə almaq lazımdır.
Bu mətnlərlə ilk ünsiyyət
zamanı qəribə
obraz axınını
hiss edərsən, sanarsan
ki, obrazlar məhz sən oxuduğun anda yaranır, yaxud hərəkətə gəlib
səni istədikləri
yerə apararlar. Onun lirikası incədən incə hisslərlə aşılanıb,
bu təsvirdən bir az o
yana adlaya bilsən, artıq dünyanın sonu, yoxluğun əvvəlini görə bilərsən,
məhz bu mətnlər poeziyanın
yerlə göylər
arasında dayanıb hər şeyi, xırda bir pıçıltını da
müşayiət etdiyini
kəsdirərsən. Başqa bir xətt də
var: sən o şeirləri oxuduğun anda, yuxarıda bəllədiyimiz kimi, sənin təmasınla obrazların yaranması və hərəkətə
gəlməsi xassəsi
başqa bir cəhəti də qabardır: gerçəklik,
həyatın sərt
divarları, sanki gizli və mistik
bir gücün əlləriylə mətnə
gətirilir və dərhal da dağıdılıb yoxa
çıxır. Bu oyun hisslərin, ürək döyüntülərinin
son dərəcə orijinal
şəkildə ifadəsini
şərtləndirir. Şeirləri oxuyursan, onlarınm aşıladığı
obrazları hiss edirsən,
onların yanı-başında,
yaxud arxasındakı
gerçəklik divarlarını
unudursan, bu üsul, gerçəkliyin
mətndən mistik bir vasitə ilə dəf edilməsi oxucunu hiss və duyğulardan hörülmüş dünya
ilə üz-üzə
qoyur. Gerçəkliklə
bu obrazlar arasında hansısa əlaqənin olmasını
hiss etmirsən, bunun özü də həmin şeirləri çözmək yönündə
müəyyən çətinliklər
yaradır, bu şeirləri yarandıqları
dildə oxumaq böyük zövq bəxş edir. Kvazimodonun təşbeh və metaforaları orijinal və bənzərsizdir.
Bu şeirləri anlamaq üçün, belə deyək, başlanğıc hissin,
ilk obrazın necə doğulması anını
tutmalısan, əks təqdirdə şeirdəki
məntiqdən baş
açmaq çətin
olar.
Simvolizmin ürəyinin başından
axıb gələn bu obrazlar yan-yana
düzüldükdə bəzən
sənə elə gəlir ki, onlar ayrı-ayrı zamanların müşahidələridir
və aralarında heç bir əlaqə yoxdur. Xarici gerçəkliyə
marağın itməsi,
onunla bağlılığın
ən zəif nöqtədə qərar
tutması şeirdə
dərinlik ölçülərinin,
dəruni aləmlərin
sirlərinin obrazlara çevrilməsini şərtləndirib.
Kvazimodonun müharibəylə bağlı
bir şeiri var, orda deyir
ki, müharibə mənzərələri bizdən
uzaqlaşdıqca onun
iti süngüsü qəlbimizə daha dərindən batır,
son zərbə kimi. Bu obrazda həm qaçılmazlıq var,
müharibənin dəhşəti
bütün çalarları
ilə verilir, həm də ölkəni, vətəni
sevməyin hər zaman yeni həyat,
yeni dünya üçün başlanğıc
olması incə şəkildə ifadə
olunur.
Təqdim etdiyimiz tərcümələrin
içində ilk şeir
də vətənə
həsr edilib.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 30
yanvar.- S.9.