...polemikalarımız və itən,
itirilən ədəbi sərvətimiz
Son
30 ildə
Azərbaycan mühacirət ədəbiyyatının toplanılması,
nəşri,
tədqiqi,
dəyərləndirilməsi,
təbliği sahəsində
xeyli iş görülmüşdür.
Bununla yanaşı,
zamanın sürətlə
keçdiyini, hələ
qürbətdə şəxsi
arxivlərdə, bukinistlərdə,
muzeylərdə... kitab,
qəzet, jurnal, yaxud əlyazmalardakı bədii, publisistik irsimizin ötən hər gün bizdən daha da uzaqlaşdığını
təəssüflə qeyd
etməliyik... Bu gün
həmin problemdən bəhs etməyəcəyik,
məqsədimiz mühacirət
ədəbiyyatı, onun
təşəkkülü, inkişaf meyilləri və mərhələləri,
ideya-istiqaməti ilə
bağlı elmi dövriyyədə tez-tez
təsadüf edilən
polemikalara, çox təəssüf ki, bəzən də bu ad altında daha çox şəxsi münasibətlərin
də müyyən rol oynadığı lazımsız mübahisələrə
rəvac verən mülahizələrə, mühacirət
ədəbiyyatının araşdırılması
problemləri ilə bağlı ədəbiyyatşünaslığımızdakı
fikir ayrılıqlarına
münasibət bildirməkdir.
Bir sıra
tədqiqatçılar mühacirət
ədəbiyyatı tarixinin
orta əsrdən və ondan da
əvvəlki dövrlərdən
başladığını iddia edir və
çox sayda klassikimizin - X.Təbrizi, Ş.Sührəverdi, M.Füzuli,
İ.Nəsimi və onlarca digər şairimizin müəyyən
səbəblərdən qürbətdə
yaşayıb-yaratdığını da qeyd edərək
mülahizələrini əsaslandırmağa
çalışırlar.
Bəzi opponentlər
bu fikri qətiyyən qəbul etmir və mühacirət
ədəbiyyatının yalnız
siyasi mühacirlərin
yaratdığı fikrini
irəli sürür və mühacirət ədəbiyyatının təşəkkül
tarixinin də XX əsrin əvvəllərindən
və xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan
sonrakı illərdən
və M.Ə.Rəsulzadə,
Əhməd Ağaoğlu,
M.B.Məmmədzadə, C.Hacıbəyli,
Almas İldırım,
Gültəkin, Abay Dağlı, Abdul Vahab Yurdsevər, Mehmet Altunbay və başqalarının simasında
formalaşdığını qeyd edirlər. Bu mühakimə, eyni zamanda xaricdə
yaşayan, lakin mövzu, ideya-məzmun, dil, hətta üslub, sənətkarlıq
cəhətdən milli
ənənələrdən uzaq əsərlər yaradan azərbaycanlı müəlliflərin (Ümm-ül-Banu
və s.) irsinin mühacirət ədəbiyyatı
nümunəsi olduğunu
inkar etməkdir.
Xaricdə doğulub boya-başa çatan, orada yazıb-yaradan azərbaycanlıların (Kərim
Yaycılı, Səməd
Ağaoğlu və
s.), eləcə də
müxtəlif səbəblərdən
qısa müddət xaricdə olub geri qayıdan soydaşlarımızın (Gültəkin,
Y.V.Çəmənzəminli və s.) əsərlərini
də bəzi tədqiqatçılar mühacirət
ədəbi irsi hesab etmir.
Filoloji fikir mütəxəssislərinin qənaətləri
göz qabağındadır
və tədqiqatçıların
hər biri müxtəlif arqumentlərlə
opponentlərini inkar, özlərini haqlı hesab edirlər. Qənaətimizə görə, mühacirət
irsinin nəzəri problemləri ilə bağlı fikir müxtəlifliyi ədəbiyyatşünaslığımızın
ciddi problemlərindəndir
və başlanğıcda
- 80-ci illərin sonu
90-cı illərin əvvəllərində
bu bizim üçün yeni olan sahəyə dair bir elmi-nəzəri
axtarış təsiri
bağışlayır və
maraq doğururdu.
İndiki halda bu qəbildən olan yazıların yüksək
peşəkarlıqla qələmə
alınan, ciddi konseptual və elmi metodik baxışa
əsaslanan sanballı,
kamil və dolğun əsərlər
kimi ərsəyə gəlməsi arzuolunandır.
Bəs sərhədlərimizdən
kənarda yaranan ədəbiyyatı hansı
xüsusiyyətlərinə görə və necə təsnif etmək məqsədəuyğundur? Fikrimizcə,
ölkədən kənarda
yaranan ədəbiyyatı
aşağıdakı kimi
təsnif etməklə
həmin nümunələrlə
bağlı obyektiv elmi-nəzəri qənaətlər
irəli sürmək
olar:
- tarixi mühacirət
Azərbaycan ədəbiyyatı;
- istiqlal ədəbiyyatı.
Aydındır ki, yarandığı dövrdən və ölkədən asılı
olmayaraq, birinci qrupa daxil olan
bütün ədəbi
əsərlərdə istisnasız
olaraq, XX əsrin hadisəsi kimi formalaşan istiqlal ədəbiyyatı nümunələrə
təsadüf edilmir. İstiqlal ədəbiyyatı
dövründə ərsəyə
gələn ədəbi
irsimizdə isə istiqlal mövzusundan kənar bədii, publisistik əsərə demək olar ki, rast gəlinmir.
Opponentlər istiqlal ədəbiyyatını
da tarixi mühacirət ədəbiyyatının
bir mərhələsi
olduğunu iddia edə bilərlər.
Amma fikrimizcə, istiqlal ədəbiyyatı mühacirət
tarixində özündən
əvvəlki dövr
ədəbiyyatından, ideya-məzmun
baxımından bənzərsizliyi
baxımından və
həmin irsdən kəskin şəkildə
fərqləndiyindən bu
ədəbiyyatın ayrıca
tədqiqi məqsədəuyğundur.
Biz bu prinsipi əsas götürsək,
o zaman mühacirət
ədəbi irsini bütün tərəfləri
ilə təqdim və təhlil etməyə, doğru elmi-nəzəri qənaətlər
çıxarmağa, tədqiqat
obyektini çağdaş
ədəbiyyatşünaslığımızın
tələbləri baxımından
dəyərləndirməyə nail ola bilərik.
Ən əsası isə bu yanaşma
və metodla yarandığı tarixdən
asılı olmayaraq, xaricdə Azərbaycan ünvanlı hər cür ideya, məzmun, mövzu, dil, üslub, sənətkarlıq rəngarəngliyini
özündə əks
etdirən, sahibsiz, diqqət və qayğıdan kənar ədəbi irsimiz qalmayacaq.
Abid Tahirli
Ədəbiyyat qəzeti.- 2021.- 30
yanvar.- S.8.