Poeziyada Vətən
"Ulduz" jurnalının 2021-ci il üçün ilk, yanvar nömrəsi
işıq üzü görüb. "Ədəbiyyat
qəzeti" ilə birgə layihənin əsasında hasilə
gələn jurnalın bu nömrəsi poeziyamızda vətən,
Qarabağ mövzusuna həsr olunmuş xüsusi
buraxılışdır. Şeirlərin
tərtibatçısı və "Poeziyada Vətən"
adlı "Ön söz"ün müəllifi filologiya
elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi
Elnarə Akimovadır. Qeyd edək ki, ən seçmə
şeirlərlə tərtib olunan jurnal Qarabağ müharibəsi
şəhidlərinin xatirəsinə ithafdır. E.Akimovanın "Poeziyada Vətən" məqaləsini
təqdim edirik.
Yola
saldığımız 2020-ci il bir çox proseslərlə
xarakterik olsa da, bir məqamı - 30 ilə yaxın
işğalda olan Qarabağın azad olunması sevincini, Zəfər
duyğusunu, qalibiyyət əzmini bizə
yaşatdığı üçün tarixi bir
dönüşün aktını gerçəkləşdirdirən
zaman kəsiminin simvoluna çevrildi. Bu proseslər
həm də Vətən anlayışına həssaslığımızı
artırdı. Bütün məqsədlərin,
bütün amalların önünə birinci Vətən
keçdi. Vətən üçün
ölməyin, vətən üçün bir olmağın
nümunəsini sərgilədi Azərbaycan.
"Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəsdən
vətən şeirlərinə həsr olunmuş
buraxılış hazırlamaq təklifi alanda bunun çox zəruri
olduğunu düşünüb razılaşdım. Üstəgəl
"Ədəbiyyat qəzeti"nin birgə
layihəsidirsə. Niyə də olmasın?
Onsuz da vətən amili, məfkurə
bütövlüyü qəzetin baş redaktoru Azər
Turanın uğruna ömrünü nisar etdiyi bir qayədir.
Poeziyaya gəlincə, bütün dövrlərdə
vətən mövzusu işlək olub, müxtəlif
intonasiya və məzmun orijinallığı ilə şeirə
gətirilib. Baş verənlərə
operativ reaksiyanı nümayiş etdirmək, dünyanın və
cəmiyyətin təbii axını ilə üz-üzə
dayanmaq hər zaman poeziyanın boynuna düşüb.
Ədəbiyyat, sənət insanları birliyə səsləmir,
həm də birliyə hazırlayır. Ziyalının
rolu, aydının missiyası insanları hər cür
keçid dövrünə, sınaq məqamlarına səfərbər
etməkdir. Düşüncədə,
ovqatda və fəlsəfədə vahid məkanı yarada
bilmək mənasında mənəviyyat adamlarının
üzərinə hər zaman həlledici rol düşüb.
Bu rolu hansı qələm adamı məsləkinin
"tərcümeyi-halına" çevirib, hansı
yaradıcı şəxsiyyət daha çox uğurla realizə
etməyə çalışıb? Məsələn,
poeziyamızda Vətənin obrazı necə əyaniləşib?
Hansı dövrlər, hansı mərhələlər
onu daha yaxşı şəkildə bədii sözün təcəssümü
etməyi bacarıb?
Vətən anlayışı poeziyamıza Əli bəy
Hüseynzadənin İstanbul Universitetində təhsil
aldığı illərdə yazdığı "Hali-vətən"i
ilə daxil olub. Bunu ötən il "115 yaşlı "Hali-vətən"
adlanan yazısında ədəbiyyatşünas alim Azər
Turan geniş araşdıraraq qeyd edir: "Əli bəy
Hüseynzadənin "Hali-Vətən"i o dönəmdə
Vətənin fəlsəfi-kultroloji kateqoriya, şüur hadisəsi
kimi təzahür etməsini təmin edir, Vətənin
halını poeziyanın yüksək dilində ifadə edən
ilk şeirimiz kimi meydana çıxır.
"Hali-Vətən"in sonrakı taleyi, zaman-zaman toplumun
yaddaşında oyatdığı intiba onun millət
quruculuğunda hansı miqyasda iştirak etdiyini, bu prosesdə
məhək daşı olduğunu düşünməyə
əsas verir" (Azər Turan. 115 yaşlı "Hali-vətən".
"Ədəbiyyat qəzeti", 2019, 12
yanvar).
Ucundadır
dilimin
həqiqətin böyüyü;
Nə
qoydular deyəyim,
Nə kəsdilər
dilimi!
Bilirmisən
cühəla
Nə etdilər vətənə?
Nə
qoydular uyuya,
Nə
qoydular oyana!..
Cümhuriyyət
sevdalı, hürr əzmli poeziya... Bu
dövrün ədəbiyyatı mənəviyyata milli kimlik,
milli mənlik ovqatının aşılanması
baxımından xüsusi önəm kəsb edir və
bütün dövrlər üçün görk edilə
biləcək səviyyədə ona üz tutulmasına
layiqdir. Həqiqətən də, mənəvi
səfərbərlik ruhunun dirçəldilməsində,
ümumxalq ruhunun hürriyyət məramı ətrafında
birləşdirilməsində XX əsrin əvvəllərinin
milli özünüdərk, milli istiqlal idealı ilə
yoğrulmuş poeziyanın xidməti əvəzsiz
olmuşdur. Bu dövrdə poeziyada və nəsrdə
tərənnüm və milli özünüdərkdən
doğan milli ləyaqət və şərəfin vəsfi
digər mövzu və problemləri kölgədə
qoymuşdur. Milli triadamızın banisi Əli bəy
Hüseynzadənin böyük yurd sevgisinin təzahürü
kimi gerçəkləşən və ədəbiyyatımıza
ilk vətən şeiri kimi daxil olan "Hali-vətən"
nümunəsindən tutmuş "Ey vətən, ey pəriyi-vicdanım/
Səni sevmək deyilmi imanım" kimi - Hadinin vətəni
sevməyin düstürunu yaradan misralarına qədər
ucsuz-bucaqsız sevgi, sonsuzluq işarəsi...
Akademik
İsa Həbibbəyli XX əsrin əvvəllərindən
etibarən milli ədəbi-ictimai fikirdə Azərbaycançılıq
təliminin əsas yer tutduğunu bildirərək yazır:
"Azərbaycançılıq - milli düşüncənin
və Vətən anlayışının bir yerdə
qavranılması təlimi kimi xalqın və ölkənin
milli maraqlarının - maarifçilikdən milli azadlıq
ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə,
dövlət müstəqilliyi şüuruna qədərki
bütün ideallarının ədəbiyyatın canında
və qanında olmasını qaçılmaz həyati həlabat
səviyyəsinə qaldıran ümummilli məfkurədir"
(Azərbaycan ədəbiyyatı: dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri. Bakı: "Elm", 2019, s.102-103). Məhz məfkurəvi qayəyə söykənməsi,
milli özünüdərk və vətənpərvərlik
ideyalarının parlaq təcəssümünü verməyi
əsas hədəfə çevirməsi XX əsrin əvvəllərinin
poeziyasını həlledici mərhələ kimi təsnif
etməyə imkan verir. Bu poeziyanın içində hər
şey var. Yalnız bir əsr əvvəlin deyil, bir əsr
sonranın yaşantıları,
çırpıntıları, savaş və coşğu
ruhunun əks olunduğu bütün çalarlar: şəhid
ağrısı, bayraq ucalığı, müzəffər
ordu, türk birliyinin qələbəsi, düşməni əzmək
məramı, vətən sevgisi, yurd aşinalığı,
Turan əzəməti və s ., və i...
Bəli, ədəbiyyat, bədii söz həm də
tarixin yuvasıdır, bu günün dərslərini
zamanın sonrakı axarına qatan və gələcəyə
ötürən ən etibarlı məxəzdir. Bu halda qanunauyğun bir məqam
da var: baş verənlərlə birlikdə ona münasibət
də tarixin predmetidir! Bir əsr əvvəlin ədəbiyyatı
millətə enerji püskürən qüvvət mənbəyi
oldu. Sonrakı illərdə də vətən
mövzusu şairlərin ən çox xitab etdiyi ünvana
çevrildi. Sovet ideologiyasının ən sərt, ən
qatı dövrlərində vətən mövzusunda gözəl
mətnlər yazıldı: Səməd Vurğunun "Azərbaycan"
şeiri vətəni tərənnümün, vəsfin ən
poetik nümunəsi oldu. Bu şeirlə bağlı professor
Qorxmaz Quliyevin belə bir fikri var: "Biz hələ
S.Vurğunun "Azərbaycan" şeirinin "Azərbaycan"
adlı məkanın SSRİ daxilində, Azərbaycan
xalqının sovet xalqı içində əriyib yoxa
çıxmasının qarşısını almaqda, bu
gün öyünə-öyünə
vurğuladığımız
mentallığımızın qorunub saxlanmasında rolunu
lazımınca dəyərləndirməmişik. "Azərbaycan"
şeirindən sonra azərbaycanlılar üçün Azərbaycan
əbədi olaraq Ana Vətəndir... "Azərbaycan"
şeirindən sonra poeziyamızda Vətənin vəsfi ilə
bağlı yaranmış bütün bədii nümunələr
bu və ya digər şəkildə S.Vurğunun dünyaduyum
və deyim tərzinə söykənir, S.Vurğun ənənələrini
davam etdirir... Bu baxımdan, məhz S.Vurğunun
"Azərbaycan" şeirinin pafosu B.Vahabzadənin uzun illər
keçəndən sonra "Gülüstan"
poemasını yazmasına imkan yaratdı" ("Mən bir
uşaq, sən bir ana" - Bədii fikirdə Vətən
mövzusu. "Azərbaycan" j., 2011,
¹2, s.169).
Bəxtiyar
Vahabzadənin "Gülüstan"ındakı pafosun
Vurğunun "Azərbaycan" şeirindən nəşət
tapması ideyası o qədər özünü
doğrultmasa da (zənnimcə, poetik ruh etibarilə
"Gülüstan" XX əsrin əvvəllərinin
istiqlal amalından doğan şeirləri ilə daha ortaq ədəbi
müstəviyə gəlir) onların bir müştərək
məqamda birləşmələri dəqiqdir: unudulmayan, uca
tutulan, mehrab kimi müqəddəsliyinə tapınan vətən
amili! Bu amil Səməd Vurğunun şeirindən
başlamış vətəni əziklik kompleksindən
çıxarıb ona milli məzmun, mənəvi qüdrət
aşılayan Bəxtiyarın, Xəlil Rza Ulutürkün
odlu misralarına qədər estetik ərazini çevrələyir.
Vətənin dili, bayrağı, ordusu, əsgəri
daim bədii təcəssüm predmeti olur. Qarabağla bağlı nigaranlığını da
gizli-gizli varlığında daşıyır bu poeziya.
Məsələn, Rəsul Rza 1970-ci ildə Qarabağ silsiləsindən
və içəriyində "Sənin doğma
torpağında / neçələrin gözü qalıb. / Vətən adlı doğma yurddan / püşk
olarmı?!" Pay olarmı?!", -
kimi xəbərdarlıqların yer aldığı şeirlər
yazır. Süleyman Rüstəmin Qarabağ
şeiri 1988-ci ildə "Ədəbiyyat və incəsənət"
qəzetində dərc olunur. Qarabağ
mövzusuna, başlanan hadisələrə rəsmi mətbuatda
ilk poetik münasibət idi bu şeir. Baxmayaraq
ki, 80-ci illərin ortalarında Eldar Baxışın Zori
Balayana cavabı artıq dillərdə dolaşırdı.
1960-cı illər milli poeziyada modernizmə keçid
anı idi. Bu
dövrdə yaranan şeirlər fəlsəfi-intellektual təmayülün
əsasını qoymaqla bahəm, düşüncə
vüsətinin genişliyi ilə seçilir, insana münasibətdə
planetar səviyyədə narahatlıq və sevincin
izharına çalışır, şairin öz fərdi
"mən"inə marağını arxa plana keçirir,
daha çox ictimai gerçəkliyə münasibətini
önə çəkməyi tərcih edirdi. Bu
məqam vətənə münasibətdə də hakim idi.
Məsələn, Əli Kərimin "Ana"
şeiri düşüncələrimizi daha əyani şəkildə
sərgiləyir. Hətta anasına
ünvanladığı şeirdə belə şairin
duyğuları fərdi yaşamından, subyektiv hiss-həyəcanının
inikasından qanadlanmır, rejimin şair önünə
yuvarlatdığı SSRİ adı ilə işarələnmiş
siyasi-coğrafi məkanın - "ictimai-siyasi Vətən"
anlayışının hüdudlarından
çıxış edirdi:
Mən səni
bağrıma basanda bərk-bərk,
Gör nələr
düşünüb, nələr duyuram!
Elə
bil Göyçaydan Kamçatkayadək
Vətən torpağını qucaqlayıram.
Tarixlə
poeziyanın missiyası eyni məkanda və eyni niyyətdə
həmişə birləşiblər: yaddaşın oyaq
qalmasına münasibətdə. Çünki
tarix kimi poeziya da meyardır. Yaddaşa, həqiqətə
qoyulan abidədir. 60-cı illərdən başlayaraq vətən
mövzulu şeirlərdə yanaşmaların istiqaməti dəyişir,
vətən sevdalı, kök, mənşə
bağlarına sadiq, tarixə və yaddaşa etibarlı bir sənət
nümunəsi olaraq yaranan şeir nümunələri təsəvvürün
sınırlarını aşıb sabaha, gələcəyə
doğru inkişafda milli ədəbi, fəlsəfi və əxlaqi
qütbləri nişan verirdi. "Torpağı ot deyil,
kişi göyərdən - Vətən! Vətən!" , - yazırdı Sabir Rüstəmxanlı.
Bu şeirlərdə insanın, fərdin mənəvi
varlığını yaddaşla bağlayan qatlara, dəyərlərə
şair marağı öndə durur, onlar insanı yalnız
təbiətin deyil, həm də və daha çox tarixin bir
parçası kimi təsvir etməklə önəmli
görünürlər.
Məmməd
Araz, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Zəlimxan
Yaqubun ömür bioqrafiyasında, ədəbi
yaradıcılığının tərcümeyi-halında
geridə qalan bir əsrə yaxın zaman kəsiminin
addımları duyulur və bu addımlar milli tariximizin, milli
varlığımızın nəfəsi duyulan qatlarından
ayaq açıb yeriyir. Bu qatlar tarixdir, dildir,
azadlıq idealları, istiqlal vuruşudur. Bu
şairlərin şeirləri sovet dövründə bilərəkdən
güdaza verilən tarixi yaddaşın, bilərəkdən
unutdurulan dil yaddaşının, bilərəkdən susdurulan
azadlıq nidasının diriliyinə imkan vermək amacına
xidmət üçün ərsəyə gəlmişdi.
Onların poeziyasında gur,
çılğın notların başlanğıc məqamları
bu amillərə söykənirdi. Vətənin və
xalqın tarix bioqrafiyasını poeziyanın yaddaşına
çevirmək... Bu şairlərin daha
çox "eşidilən", daha çox qulaq verilən
sözün sahibi olmalarının mahiyyətində dayanan
amillər bununla bağlıdır.
Bu illərdə vətən anlayışına
münasibətdə başqa bir təmayül də gəlişirdi. Ümumiyyətlə,
70-80-ci illərdə poeziyanın mövzu və ifadə şəklinin
dəyişməsi vətən mövzulu şeirlərə də
təsirsiz qalmadı. Vətənlə
bağlı ekstravert duyumun yerini şairlərin qəblərinin
dərinliklərində özünə yer etmiş munis,
doğma bir vətən anlayışı tuturdu. Tribun səciyyəli siyasi tematikadan imtina edilməyə,
toplumsal yanaşmanın yerinə poetik qəhrəmanın fərdi
vətən anlayışından doğan çalarlar gəlməyə
başladı. Bu dövrün poeziyasında daha çox
kədərin kamilləşdirici roluna önəm verilməsi,
şeirlərdə başlıca hədəflərin absurd
situasiyalar, insan təkliyi, mənəvi böhran təsvirlərinin
olması, həyat və ölüm, dünya və mən, təbiət
və insan mövzularının özgə problematika və
mündəricədə poetik müstəviyə gətirilməsi
vətən mövzusuna da baxışı müəyyən
qədər dəyişdi.
Qara
qız ol, qara torpaq,
ol dəlin
olum sənin.
Gir
qoynuma, tək məni sev,
Son sevgilin olum sənin.
Gir
qoynuma, dol canıma,
Tapmasın
heç bir ölkə,
Heç bir ölüm, din səni.
Vaqif Bayatlı Odər
1980-cı illərin sonlarında başlanan xaotik proseslər,
90-cı illərdə törədilən Qanlı Yanvar faciəsi
sovet imperiyası ilə bağlı bütün
illüziyaların puç olduğunu göstərdi. Baş verən
kataklizmlər, gözlənilməz fəci olaylar ədəbi
fikrin də çaşğınlığına səbəb
oldu. Daha sonra kəskinləşən
Qarabağ problemi, ard-arda itirilən torpaqlar, bir-birini əvəzləyən
fəci günlər, qəhrəman
oğullarımızın itkisi ... və müharibədən
məğlub çıxmaq reallığı bədii
düşüncəyə yansımaya bilmədi. Hadisələr
elə sürətlə baş verdi ki,
bütün düşüncə sferalarında bir
qırıqlıq yaşanmağa başladı. "Boşluq mərhələsi"
adlandırdığımız 90-cı illərdə hakim
olmuş deqradasiyanın nəşət tapdığı məqamlar
burdan qaynaqlanırdı və ardından ruhun tənəzzül
durumunu labüdləşdirirdi. Buna görə
müstəqillik dövrünün poeziyası daha çox
minor motivlər üstə köklənən, insanın mənəi-ruhsal
tənəzzülünü sərgiləyən ovqat şeirləri
ilə xarakterizə olunur. Bu
qırıqlıq vətən mövzulu şeirlərə, hətta
bu mövzuda poetik əlvanlıq nümayiş etdirən
şairlərin psixoloji durumuna, vətən və obrazın
ruhi vəziyyəti arasındakı münasibətə də
sirayət etdi. Bəxtiyar Vahabzadənin misraları həmin
tənəzzülü aydın ifadə edir:
"könlüm oldu xarabazar/talan mənim içimdədir".
Bu mərhələdə yazılan əksər şeirlərdə
müharibənin tragik lövhələri müxtəlif ovqat
polifonizmi ilə bədii təcəssümün predmetinə
çevrilmişdir. Daha çox qisas ritminə köklənən, yağı
düşmənə qarşı alov püskürən bu
şeirlər düşüncə tərzinin emosional
yönümü ilə yadda qalır: "Mən bilirəm:
geriyə yol yoxdur atam!/Öncül oğul
dönüb geri baxmır, atam!" (M.Araz); "Əhrimənlər
yuvasını darmadağın edəcəksən,/Qalxıb
sabah Aya, Marsa, ulduzlara yetəcəksən,/Altı milyard
insanlığam, qarı düşmən, sənsə təksən,/Zəhər
saçan bir əfisən, tor quran bir hörümçəksən."
(X.R.Ulutürk); "Nə qədər ki, qisası
yağıdan almamışıq,/Düşmənin
qollarını yanına
salmamışıq,/Haqqımızı qazanıb qələbə
çalmamışıq,/Eşqim, ruhum, mənliyim hərəsi
bir yaraqdır!/Bu da bir cür imtahan, bu da bir cür
sınaqdı!/Vətən, əymə qəddini, dar
gündü, dar ayaqdı!!!" (Z.Yaqub); "Qalx, düşmən
əlində vətən çırpınır,/Qayaya çırpılır, daşa
çırpılır,/Qalx, qovaq göylərdən bu qara
yeli./İrəli, irəli, ancaq irəli!" (F.Mehdi); yaxud
"Geysin döyüş paltarını Alov saçan
dağ-daşımız,/Ağlamayın,
məlhəm deyil yaramıza göz yaşımız!" (H.Kürdoğlu).
Ümumiyyətlə, müharibənin ilk illərində
poeziyada bu çalar - yəni, sınmamaq, düşməndən
öc almağa çağırış notları daha
qabarıq idi.
M.Arazın "qorxuram ki, sına millət,
ağlama" xitabı üstə qurulan şeirlərdə əsas
poetik məkanı coşqu, dərdə əyilməzlik,
mübarizədən usanmamaq meyilləri istila edirdi.
Füruzə Məmmədlinin "Haqqım Qarabağ"
şeirində olduğu kimi:
Ağrıdan,
əzabdan yordum özümü,
Sındırdım
özümü, qırdım özümü
Mən çox arsızlığa vurdum
özümü.
İndi
qisas deyib kükrəyim daha,
Bitsin əsir ömrü sürməyim daha.
Bu istəyin
realizə olunmaması şairlərdə pessimizm duyğusu
yaradır, onlarda aqressiya hissini qüvvətləndirir, onlar
gah döyüşçüyə müraciətlə:
"Əcdadımız yatan bu dağ sənindir,/Viranə görünən yaylaq sənindir,/Odu
söndürülən ocaq sənindir,/Qaçma bala,
qaçma, torpaq sənindir!!!" (H.Kürdoğlu), gah
vicdanını ittihamla: "Müsibətlər, məşəqqətlər/Edir
yaman tüğyan bu gün!/Yatan vicdan,/Oyan
vicdan!/Sən vətənin keşiyində dayan, vicdan."
(N.Xəzri), gah da özünü qınaqla
"İşıqlısız, Dəlidağsız, Kəlbəcərsiz
nə vətən,/Qırxqız hanı,
Turşay hanı, Ağbulaqsız nə vətən,/Qarabağsız
ah çəkirdik, Qarabağsız nə vətən,/O
gözəllik səltənəti tapdalanırsa, /Neynirik bu
canı biz?!" (H.Kürdoğlu); "Cırtdan boyda
Çeçenistan/Dəvə boyda Rusiyaya dərs verəli/Onu
şöhrət məqamından endirəli/Mən
özümü necə varsa, /Elə görüb utanıram./İndi çeçen qeyrətindən/Dərs
götürüb utanıram" (B.Vahabzadə) kimi şeirlər
yazırdılar.
1990-cı illərin sonlarından başlayaraq zaman və
onunla bağlı ideyaların deqradasiyaya uğraması cəmiyyətdə
son problematikasını labüdləşdirdi, şəxsiyyətin
iflasına, onun içindəki çöküş fəlsəfəsinin
yaranmasına rəvac vermiş oldu. 1990-2000-ci illərdə Həmid
Herisçinin, Murad Köhnəqalanın, Rasim Qaracanın,
Salam Sarvanın, Qulu Ağsəsin, Zahir Əzəmətin,
Aqşin Yeniseyin, Sevinc Pərvanənin, Nərmin Kamalın və
başqa müəlliflərin yazdıqları nümunələrin
əksəriyyətində sərgilədikləri mövzulardan
asılı olmayaraq ağrılı bir Zaman var. Onlar cəmiyyətə
və dünyaya aqressiv münasibəti, sərt dramatizmi, kəskin
pafos, ironiyası ilə seçilir. Bu şeirlər
daha çox sosial mənzərələrin təsvirinə
açılır, sosial-ictimai təzyiqlərdən mənəvi
təbəddülatlara uğramış insanın
ovqatını, ruhi sarsıntılarını sərgiləyir.
Vətənə, Qarabağ məsələsinə
münasibətdə sərt dramatizm önə keçir.
Zahir Əzəmətin "Əsgər məktubu", Rasim
Qaracanın "Əgər ən yaxın dostun müharibədə
ölmüşsə", Qulu Ağsəsin "Müharibə
əlili" şeirlərində insan faciəsi ən epataj səciyyəli
elementlərinə qədər poetik təsvirin predmetinə
çevrilir, vətən üçün döyüşən
insan şüurunun altyapısı, içinin təlatümü
- qorxusu, narahatlığı, arzusu bədii mətnə gətirilir.
Səbəb
aydındır: bu şairlərin yetişdikləri dövr
1990-cı illərdir ki, bu dövrə xas olan bütün fəci
reallıqlar onların baxışlarına xüsusi təsir
göstərib: müharibə, yurd itkisi, şəhidlik
ağrısı, müxtəlif qətllər,
zorakılıqlar, soyqırım dəhşətləri,
ictimai-siyasi xaos, mənəvi-əxlaqi deqradasiya və
bütün bunları tarixi taleyində daşımağa
müncər olmur insan həyatı. Buna görə də gənclik
dövrü məmləkətin sərt sınaqlar və fəci
yaşantılar dövrünə düşənlərin istər
geriyə, istərsə də gələcəyə yönələn
baxışında ancaq və ancaq yaddaşlarına
hopmuş, lokal əlacsızlıq məngənəsində
çabalayan insanın portretini sərgiləmək
missiyası var. Bu disharmoniyanın içində Vətən
anlayışına münasibət də ironikdir:
Mən bu
Ana Torpağı
öz
üst-başımda yalnız toz-torpaq
kimi
gördüm, vəssalam...
Salam
Sarvan
Biz müharibə aparan, erməni kimi düşməni
olan bir ölkənin yazarlarından bunu gözləyirdikmi? Son otuz ildə vətən adına ideoloji təbliğat etiraf edək ki,
o qədər də dərinə işləmədi, milli
insanın içindəki savaş ruhunu zəiflətdi. Vətəni coşğulu, aşina bir ruhla sevmək
yerinə, yuxarıdakı ironik kontekst önə keçdi.
Erməni qızına heyranlığı poeziyaya gətirmək,
qaziyə, əsgərə olan biganəyi sərgiləmək,
vətənin ağrılarını deyil,
qüsurlarını hədəfə alıb onsuz da
zamanın gətirdiyi pessimist ovqatı bir az
da dərinləşdirmək. Bu mənada, Ramiz
Rövşənin "səni sevmək çətindir, vətən,
nə gündəsən?" misraları ilə başlayan
şeiri bir vaxtlar təntənəli pafos və tərənnümlə
süslənən Azərbaycan - Ana Vətən
obrazının dekonstruksiyaya uğradılmış şəkli
təsiri bağışlayır. Ramiz
Rövşənin digər şeirində vətən
anlamı insan içinin çöküşü, dərin
böhranı ilə harmonik verilir, milli-mənəvi-əxlaqi
idealların tənəzzülə uğradığı yerlərdən,
natur-fəlsəfi qatlardan nəşət tapır.
Nə
uzun çəkdi, vətən,
dönüb sənə qayıtmaq.
İçimin
qürbətindən
bu vətənə
qayıtmaq.
Ona görə biz XX əsrin əvvəllərində
yazılan şeirlərdən daha inamla bəhs edirik ki, milləti
qalib edən poeziya məxəzimiz həmin dövrün hər
misrası ilə vətən quran, birlik əzminə xidmət
edən mətnlərində əyaniləşib. Dövr
qarışıq, dolanışıq çətin,
yurd-yuvaları sərgərdan olsa da, Hadinin "məyus olma
amandır" misrasındakı kimi ruhsal zənginlik
özünü tükətməyib.
Qürbətdə
yaşayan şair Məmməd İsmayıl da vətənlə
bağlı şeirlərində sınanmış, dəyişməz
əxlaqi-mənəvi dəyərlər axtarır, amma Ramiz
Rövşəndən fərqli olaraq, pessimizmə
qapılmır, bu dəyərləri mehrab kimi
tapındığı Sözün yaşamında,
gücündə, sehrində tapır. Onun üçün vətən
elə sənətin var olduğu məkandadır, şairin
içinin "sənətin qürbətindən sənətin
vətəninə" doğru yol alan və
daim sabit qalan mövqeyindədir. Vətənlə
bağlı işıqlı və kövrək hisslər
onun misralarında ən uca vurğulardan, yaşanan ən
qüvvətli və səmimi duyğulardandır.
Gedərsən,
məchula yol gedər gedən,
Qürbət, bir açılmaz sirdən
başlıyar.
Burnunun
ucunu göynədən vətən
Yadına düşdüyü yerdən başlıyar.
Gedərsən,
vətənin qalar vətəndə,
İçinin içində köz vətən olar.
Dərdinə,
sərinə vətənsən sən də,
Qürbətdə sənə də söz vətən
olar.
***
Qürbət, ayrılıq, uzaqlıq, həsrət
deyilən anlayışların üzərinə gəldiksə
Təbrizsiz ötüşə bilməyəcəyik. Bizim bir tərəfimiz
hər zaman əksik olub. Biz cənuba, Cənub
bizə həsrət qalıb. Hər dəfə o taydan
gözü nəmli, nisgil dolu baxışları
gördükdə, həmvətənlərimizin ana dili, vətən
sevgisi uğrunda mücadiləsinə şahid olduqda vətən
sevgisinin bitməzliyi, tükənməzliyinin necə ali hiss olduğunu dərk etmişik:
Nə həsrət,
nə hicran olsun,
Vahid Azərbaycan
olsun!
Qoy birləşsin
bir can olsun
O sahil də,
bu sahil də.
Xəlil Rza
Ulutürk
Poeziyamızda Təbriz mövzusuna müraciətdən
heç usanmadı şairlər. Nə usandılar, nə də
qorxdular! Sovetin tüğyan elədiyi vaxtlarda, 1958-ci ildə
şair Rəsul Rza "Ərk qalası" şeirini
yazdı, sovet hökümətinin ən sadiq ideoloqlarından
olan Süleyman Rüstəm mövzu Təbriz olunca əli titrədi,
Təbrizlə bağlı ən yanğılı şeirin
müəllifi kimi yazdırdı adını ədəbiyyat
tarixinə. Bəxtiyar Vahabzadənin
"Gülüstan" poemasının, Xəlil Rza
Ulutürkün "Apardı Sellər Saranı"
şeirinin odlu misralarında Təbriz obrazı hər zaman
diri qalaraq bada verilməkdə olan azadlıq nidasının
oyanışına xidmət etdi.
Milli müstəqillik qazandığımız 90-cı
illərdən sonra da poeziyada Təbriz mövzusuna
marağın, müraciətin azalmadığının
şahidi oluruq. Bu dövrdə müharibə, şəhidlik,
köçkünlük kimi bəlaların, müəyyən
sosial problemlərin özü ilə gətirdikləri
mövzular Təbrizlə bağlı düşüncələrə
ardıcıl köklənməyə imkan verməsə də,
hər halda poetik yaddaşın mövzuya həssaslığını
qoruduğu bəlli olur. Fikrət Qocanın "Azadlıq
şərqisi", Nəriman Həsənzadənin
"Qıfılbənd", Nüsrət Kəsəmənlinin
"Ağlama, Təbrizim, ağlama...", Vaqif Bəhmənlinin
"Araz bayatıları", Sabir Rüstəmxanlının
"Təbrizdə bayram axşamı", Sona Vəliyevanın
"Arazbarı" və s. silsilə şeirlər
yüzillik yaşı olan bir mövzunun işlənməsi
baxımından önəm kəsb edir.
"Ulduz"
jurnalı ilə "Ədəbiyyat qəzeti"nin birgə layihəsi olan vətən
mövzulu şeirləri təqdim etmək ideyası
doğanda həm də Təbrizə həsr edilmiş mətnləri
xatırladım. Biz birləşməyincə
heç vaxt bütöv olmayacağıq. Amma
dünyanın dörd bir bucağına səpələnmiş
olsaq belə, bir-birimizə uzanan qollarımız, sevgi ilə
baxan gözlərimiz, ağrı ilə vuran ürəklərimiz
var olduqca, biz elə - vahid, yekparə, bütöv Azərbaycan
olacağıq həm də!
Bu
buraxılışda bütöv Azərbaycan var. Güney Azərbaycan
- Şəhriyar, Mir Mehdi Etimad, Məhəmməd Biriya,
mühacirət ədəbiyyatı - Kərim Yaycılı,
Türkiyədə yaşayan - "Azerbaycan yüreğimde
bir şahdamardır" misralarının müəllifi olan
Qarabağ əsilli türk şairi Yavuz Bülənt Bakilər.
Çünki bir məqam faktdır: içimizdəki birlik
sevdamız, hürr əzmimiz, ruh savaşımız ölmədikcə
"məfkurəyə doğru qoşmaqdan" əsla vaz
keçmədik. Ona görə qazananlardan olduq.
***
2020-ci ilin sentyabrın 27-dən Azərbaycanda 44 gün
davam edən İkinci Qarabağ savaşı başladı və
noyabrın 10-u ermənilərin məğlubiyyəti ilə
sona yetdi. Azərbaycan müzəffər ordunun və Ali
Baş Komandan İlham Əliyevin əzmi ilə işğal
altında olan tarixi torpaqlarını geri qaytardı.
Tarixi-etnik yaddaş, müstəqil dövlət təfəkkürü
və istiqlal təlimi ilə bağlı bizə
aşılanan "ulusu sevmək fənni"
şüurumuzun, milli-mənəvi
varlığımızın tərəqqi hərəkatında
iştirak edib öz işini gördü. Böyük sevgi və
coşğu ilə ön cəbhəyə döyüşə
atılanlar, vətənin ərazi bütövlüyü
uğrunda can fəda etməyə hazır olanlar böyük
qürur mənbəyinə çevrildilər. Budur, Türk
olmaq ibtidadan yurd üçün savaşmağa müştaq
olmaq demək! Dünyaya meydan oxumaq, "bir hilal uğruna"
min dəfə ölüb doğulmaq demək!
Millət olmağın, bütöv yaşamağın
yaddaşda və amalda keçdiyi yolun müxtəlif mərhələləri
olur. 90-cı illərdə bir xalq olaraq bu yolu Ümummilli
lider Heydər Əliyevlə keçdik. O mərhələ
ki, görünməmiş mənəvi, əxlaqi-siyasi
deqradasiyadan sonra xilaskar kimi yetişib zamanın ahəngi ilə
mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasında
harmoniya yaratmışdı. Son otuz ilə yaxın dövrdə
dünyanın idarəçilik panteonunda çox şey, bəlkə
də hər şey dəyişdi: texnogen sivilizasiya
özünü tükətdi, qlobal zor və şər
stixiyası, anti insani düşüncə meydan suladı,
irqçi fəlsəfələr, vulqar qərbçi
"humanizm" oyunları, məzhəbçi müharibələr
çeşidi kamalın təntənəsinin heç bir nəticə
verməyəcəyinin sübutu oldu. Gözəllik
dünyanı xilas etmədi, elm bəhrə vermədi, kamal
qalib gəlmədi.
Belə
bir qlobal və geopolitik maraqların toqquşduğu seysmik
zonada, antitəbiət və antiinsani dünya kultunun hakimi-mütləq
olduğu bir zamanda, üstəlik Qarabağ kimi problemə az
qala utopik və apokalipsis baxışın gücləndiyi bir
dönəmdə toparlanıb millətimizin taleyində tarixi
bir dönüşə imza atmaq İlham Əliyevin siyasi səriştə,
dövləti təfəkkür və intellekt miqyasında ehtiva
etdiyi gücün sözü idi ki, qəfil açılan
sillə kimi boz üzlərə çırpıldı. Hər cür süni, qondarma qanun və stereotiplərin,
perspektivdən məhrum bəyanatların qarşısına
milli müqəddəratın meyarını qoydu.
Bütövlüyünü qanı ilə qazanmağa layiq
orduya, milli miqyasda düşüncə və təşkilati
iş vüsətinə sahib olduğunu dünyanın
önünə sərdi. Müstəqillik mentaliteti və
statusunu həmişə uca tutub qoruyan Ali Baş Komandan
İlham Əliyevin bu gün dünyanın gözü
qarşısında nümayiş etdirdiyi "məğrur
lider obrazı" isə onun məqsəd və mövqeyinə
real-əməli mündəricə qazandıran əsas rəmzlərdən
oldu.
Tarixin ibrət
dərsi həm də bu oldu ki, biz 28 il cismən
uzaq salındığımız Qarabağımızdan ruhən
heç ayrılmadığımızı dünyaya bəyan
etdik. Düşmən isə oralarda
xarabazarlıq yaratmaqla öz müvəqqəti
mövcudluqlarına bəlkə də hamıdan çox
özlərini inandırmışdılar. Heç Eşq olan ürəkdə
xarabalığa, viranəliyə yer olarmı?! Əsla! Biz Qarabağı ona görə geri ala bildik ki,
içimizdəki İlahi eşq, haqqın qələbəsinə
inam oralara qayıdış yollarımızı
işıqlandırmışdı. Qarabağı
bu eşqlə xilas etdik, fəth etdik. Əsgərlərimiz
bu eşqə tapındıqlarına görə şəxsiyyət
və fərd kimi türk oğlu türk olaraq qaldılar.
İnsanlığa və humanist dəyərlərə xidmətdən
bir an belə olsun vaz keçmədikləri
üçün. Tanrı və əbədiyyət sevgisinə
ucalmaq hər müharibə aparan xalqın mükafatı ola bilməyib.
II Qarabağ savaşı ilə bağlı yaşanan
bütün situasiyalar, yaşantılar müəyyən qədər
bədii sözün predmetinə çevrildi. Əlbəttə,
prosesi gerçəklərin, günün içindən
yazmaq çətin işdir. Amma məlumdur
ki, ağır sınaq məqamlarında, millət
taleyüklü problemlərlə üz-üzə qalanda ilk
operativ sözü poeziya deyir. Bu mənada,
yazılmış bir çox şeirlərdə son günlərə
aid olan notların yanaşı verildiyini görmək çətin
olmur: müzəffər ordumuz, igid əsgərlərimiz,
zabitlərimiz, qalib Baş komandanımız, düşmən
əsarətindən qurtulmuş vətən
torpaqlarımız, şəhidlərimiz, qazilərimiz, arxa cəbhənin
yaşantıları, qardaş Türkiyənin köməyi,
İlham Əliyev - Ərdoğan dostluğu və s. Sabir
Rüstəmxanlının "Qarabağa
dönüş" poeması, Məmməd İsmayılın
"Azərbaycan əsgəri", Vahid Əzizin "Azərbaycandır
Qarabağ", Vaqif Bəhmənlinin "Vətən əsgəri",
Qulu Ağsəsin "Ağdam", İlqar Fəhminin
"Balaca kişilər", Əjdər Olun "Qırx
dörd günə", "Sevinc Nuruqızının
"Ağdam", Adilə Nəzərin "Bu zəfərin
mübarəkdir, ey Vətən", "İki can", Vaqif
Aslanın "Ali Baş Komandanım", Zahid Xəlilin
"Ağdamım, ağ şəhərim", Avdı
Qoşqarın "Azərbaycan əsgəri", Həyat
Şəminin "Salam, əsgər", Əhməd Qəşəmoğlunun
"General Polad bəy", Esmira Məhiqızının
"İndi hamı davaya getmək istəyir", İbrahim
İlyaslının "Qarşınızda bir ömür
sayqı duruşundayız", Elnur Uğur Abdiyevin
"Gözün aydın, Azərbaycan", Faiq Hüseynbəylinin
"Vətən nəğmələri", Sərdar Aminin
"Bir dəqiqəlik sükut... Gecə
siqnalı" kimi mətnlər qələbədən sonra
yaranacaq ən yeni ədəbiyyata artıq "ərəfə"
poeziya nümunəsi qismində daxil olub.
Bu şeirlərdə, hər şeydən əvvəl,
poetik potensialın yeni imkanlarının üzə
çıxdığını görürük. Məsələn,
Qulu Ağsəsin "Ağdam" şeirində olduğu
kimi. Şeirdə hər cür gurultu,
poetik təntənədən uzaq olan ibarələrlə deyil,
adi danışıq dilinin sözləri vasitəsilə
psixoloji effektə nail olunduğunu görürük. Qulu Ağsəs ümumiyyətlə, dilin adi
sözlərini poeziya səviyyəsinə
qaldırmağı bacaran şairlərdəndir. "Ağdam" şeirində də dolğun ifadəlilik
qazanmış misralar arasında məntiqi
ardıcıllıq metaforik Vətən
anlayışının, Ağdam obrazının
daşıdığı məzmun genişliyində cəmləşir.
Və hər misra şeirdəki ümumiləşdirilmiş
metaforanın mərtəbə-mərtəbə
açılışına xidmət edir:
Ağ
alınlı qızılı atların vətəni,
seyid cəddinə
içilən andların vətəni!
Sən
dar gündə
Şuşaya
arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən
döyüşdün,
son nəfərəcən
şəhid oldun...
Ağam
şəhərim!
Adam şəhərim!
Ağdam
şəhərim!
Şükür
külünə,
şükür qayıdış gününə!
Sevincdən
ağlımız çaşıb
yüz
min dəliynən gəlirik.
Bir "Uzundərə"
havası çal,
çıx Bərdə yoluna -
Uzundərəynən
gəlirik!..
Soljenitsın yazırdı ki, "əgər bir millətin
mənəvi qüdrəti tükənibsə, onu heç bir
hökümət xilas edə bilməz". Doğru
fikirdir, bütün müharibələri qalib edən
xalqın içindəki milli intibah ruhudur. Cəmi 44 günə qazanılan zəfərlər
bizə düşüncədə, ovqatda millət kimi
qürurlu olmağın bütün səviyyələrini
yaşatdı. Biz ölkə, ordu və
xalq miqyasında vahid mənəvi məkan yarada bildik. Müharibəni hərbi texnikadan öncədən
alt qatdan püskürən milli enerjinin əzəməti uddu.
Bu gün
artıq ayağını yerə möhkəm dayayan,
başını göyün zirvə qatına söykəyib
ərazi bütövlüyünü təmin etmiş məğrur,
azad Azərbaycan var. Onun istiqlal və zəfərinin məxəzində
dayanan amil isə poeziyamızın aşıladığı
yaddaş və yurd sevgisi təlimidir:
"Ustadımız
deyib heçdir, Vətənsiz can, Azərbaycan"!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2021.- 30 yanvar.- S.6-8.