"Müharibədə Piriyev Emin idim,
indi yenə də Emin
Piriyəm"
"Gənclər nə istəyir?"
rubrikasında budəfəki müsahibim Qarabağ müharibəsi
veteranı, şair Emin Piridir
- Ünlü rus tarixçisi və
jurnalisti, Azərbaycanın dostu Maksim Şevçenko
telemüsahibələrindən birində maraqlı bir söz
dedi: "Azərbaycan xalqı oyanış prosesi
yaşayır". Mən bu
sözü ilk öncə
gənclərə aid edərdim. Amma gənclər haqda
çoxu əksini düşünürdü. Onları hətta "manqurt" sayanlar da az deyildi. Qarabağ davasında canından keçən minlərlə
gənc göstərdi
ki, bu qənaət
kökündən yanlışdır.
Səncə, ümummilli
oyanış niyə məhz indi baş verdi?
- Erməni tərəf müasir Azərbaycanın
oyanışını nəzərə
almamışdı. Sonucda müharibə
onlar üçün
belə ağır nəticələndi. Hələ 14 iyul olayı göstərmişdi ki, bizdə ümummilli ruh oyanıb. Oyanış
şəhidlərin dəfni
zamanı yaşanan izdihamlarda da dönə-dönə təsdiqləndi.
Məncə, bu oyanışa
səbəb odur ki, unudulmamış məğlubiyyətlərin ağrısı
bir gün alt qatdan bir vulkan
kimi üzə çıxır və bu amil qələbənin
psixoloji əsasına
çevrilir. Amma prosesin
alt qatdan üzə çıxması illərlə,
bəzən on illərlə
çəkən ağır,
üzücü prosesdir.
Bu, suyun qaynamasına
bənzəyir. Tədrici kəmiyyət
artımı bir gün qəfil keyfiyyət sıçrayışı
ilə sonuclanır.
Bizdə bu proses otuz ilə yaxın çəkdi. Klassik dillə desək, tarixi şərait
yetişdi. Nəinki Qarabağda doğulmayan
qarabağlılar, digər bölgələrimizdə
dünyaya gələn müharibə sonrası uşaqlar da
hamısı bir anda qarabağlıya çevrildi. Düşmənə ən müasir silahlarla qalib gəldiyimiz
kimi, bu işdə müasirliyi təmsil edən gənclik
böyük rol oynadı.
- Sən cəbhəyə könüllü
getmisən. Könüllü və ürəkli
eyni anlam daşıyırmı?
- Qarabağ müharibəsindən
söz gedəndə mənim
üçün bu sözlərin məna ayrıntısı
yoxdur. Mən cəbhəyə sadəcə
könüllü yox, həm də ürəkli
yazılmışdım. Məni buna
heç kəs məcbur eləməmişdi.
- Döyüş
yolunuz hansı
bölgələrdən keçdi?
- Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı və Şuşanın kəndləri...
- Müharibədə
əsir düşmək,
şəhid olmaq, yaralanıb sağlamlığını
itirmək ehtimalı böyükdür. Hər
bir insanda özünüqoruma instinkti və bundan doğan
qorxu olur.
- Qorxu hissi olmayan
müəyyən dərəcədə insanlıqdan
çıxır. Təbii ki, canını
sevir, qorxursan. Amma baxır nədən
qorxursan. Ən qorxulusu insanın öz
şərəfini itirməsidir. Düzünü
desəm, ən qorxduğum şey əsir düşmək
olub. Şəhidlik mənimçün
qorxulu deyildi. Niyə qorxum ki? Çıxdığın yolda başına nələr
gələ biləcəyi ilə barışmalısan. Ora gedəndə bütün bunlarla öncədən
ruhən barışmışdım. Hər
halda, can qorxusu o boyda damğayla yaşamaqdan önəmli deyil
bir xalq üçün.
- Ekzistensialistlər
yazır ki, qorxu,
xüsusən də ölüm qorxusu insanın
özünüdərkində həlledici andır. O,
insanı daxilən böyüdür və bütövləşdirir.
Müharibədə nəyi dərk etdin?
- Müəyyən fikir dəyişikliklərim oldu. Düzdür,
bunların bəziləri bir fikir olaraq aydın idi, amma praktik
deyildi. İndi isə praktik olaraq əmin
oldum bəzi şeylərə. Məsələn,
mənə görə dünyanın ən şirin neməti
azadlıq, ən pis şey isə zəiflikdir. Eyni zamanda, artıq hər şeyə faniymiş kimi
baxıram. Həyatdan zövq almağa
başlamışam. Sən demə,
yorğan-döşəkdə yata bilmək ən
böyük xoşbəxtlikmiş. Doğmalarınla
bir yerdə olmaq, sevdiklərinlə kəlmə kəsmək ən
gözəl anlar imiş. Halbuki müharibədən
qabaq bunlar adi gəlirdi mənə. Müharibə
mənə adiliklərin qeyri-adiliyini öyrərdi. Dedi
ki, həyat ali nemətdir, onun qədrini
bil.
- Amma müharibə insana mənəvi-ruhi
yöndən sağalmaz yaralar vura, onu vəhşiləşdirə
də bilər. Məsələn,
tanınmış yazıçı Kamil Əfsəroğlu
"İt qanı" adlı romanında Birinci Qarabağ
müharibəsi iştirakçısı Kərimin daxilində
gedən tədrici vəhşiləşmə prosesini təsvir
edir. Sən bu dilemmadan necə
çıxdın?
- Vəhşiləşmə prosesi
insanda müharibə olmadan da baş verə
bilər. Çünki insan təkcə sosial və
ruhi yox, həm də biloloji varlıqdır. Sadəcə, müharibə insana məxsus bu bioloji
potensialın üzə çıxması üçün əlverişli
şərait yaradır. Məndə də
belə oldu. Kobudlaşdım, qəddarlaşdım.
Və deyim ki, bu heç də birmənalı mənfi
təzahür deyil. Düşmənə
qarşı qəddar olmasan, zəiflik, yersiz mərhəmət
göstərsən, məhvə məhkumsan. Ya
öldürməlisən, ya də öldürüləcəksən!
Bu, müharibənin qızıl qanunudur. Müharibənin içimdə müvəqqəti
olaraq oyatdığı vəhşi həmişə qalacaq.
Amma yuxulu şəkildə. Onun
faydası yalnız düşmənə qarşı
mübarizə enerjisinə çevrilməsindədir.
- Öncələrdə
feysbukda "halal
süd əmmiş" axtarışlarıyla bağlı
tez-tez paylaşımlar edirdin. Bundan sonra da belə
statuslar olacaqmı? Davammı, tamammı?
- Bu statuslar hər bir insan
kimi, mənim də həyatımın ərgənlik
dövrü ilə bağlıdır. O dövr müharibə
ilə bitdi. Tamam!
- Bir müsahibəndə
deyirsən ki, şeirdən nəsrə
keçirəm. Bu davadan baş leytenant kimi
sağ-salamat qayıdan Emin Pirinin bir şair kimi şəhid
olması anlamına gəlirmi?
- Bəlkə də... Müharibə adama səbr, zəhmət öyrədir.
Nəsr isə səbr, zəhmətdir. Mən həyatımı müharibədən-müharibəyə
yaşayıram. İşğal
dövrünün uşaqlığı emosional şair tipi
yetirdi. Qələbə ilə bitən
müharibə isə yəqin ki, yazıçı kimi
formalaşmağın əsasını qoyacaq. Bəlkə də, Birinci Qarabağ savaşında məğlub
olmağımızın bir səbəbi də hadisələrə
praqmatik, real rakursdan yox, emosional baxmağımız, romantik
yanaşma, pafosla dolu nitqlər oldu. Əgər
nasirliyim uğurlu alınsa, bununla ədəbiyyata xeyir verə
bilsəm, min şair Emin Pirinin şəhid olmasına qəddarcasına
olsa da, sevinə bilərəm.
- Şeirdən nəsrə keçmək "Heç kimə bənzəmək
istəmirəm" deyən Eminin hamıya bənzəməsi
deyilmi? Çünki bu keçidi
indi az qala hər iki nəfərdən biri
eləyir, əksərən də uğursuz. Çox
zaman "ağaca çıxdım, mən də, mən də",
yaxud "qonşudan qalma dala" düşüncəsi ilə,
moda xatirinə edilən bu keçidə münasibətin necədir?
- Baxır nəsrə kim necə keçir. Hamı kimi keçirəmsə, onda siz deyən
kimidir. Hamı kimi yazacamsa,
haqlısınız. Amma şeirdə
kimiydimsə, nəsrdə də həminki olacam. Bu, enerjidir. Bir şamdan min
şam yandırmaqla onun işığı azalmır. Mən də poeziya şamından nəsrin də
şamını alışdıracam. Başqaları
şeirdən nəsrə keçidi dəb xətrinə edə
bilər, məndə bunun səbəbi müharibədir.
- Şamla
bağlı bənzətmən
çox klassik olmadımı? Füzuli
yada düşdü.
- Bu, məntiqidir. Çünki
Füzuli bizim poetik düşüncəmizin sadəcə zirvəsi
yox, həm də başlanğıcı, sadəcə
alfası yox, həm də omeqasıdır. Döyüş yolum da Füzulidən
başlamışdı. Təki hər bir
işimizə Füzuli ilə başlayaq.
- Amma bu il
Nizami ilidir.
- Füzuli də Nizaminin şagirdidir. Nizaminin
enerjisi bizə birbaşa yox, Füzuli vasitəsilə
keçir.
- Cəbhədə
olanda nəsə qeydlər
edirdinmi?
- Söz
silahla birlikdə döyüşür. Məgər
diplomatiya sözlərdən ibarət deyil? Məgər əmrlər sözlə verilmir? Bəli, qeydlərim var. Onları yavaş-yavaş
yazacam.
- Cəbhə yoldaşların
səni şair kimi tanıyırdı?
- Müharibədə Piriyev Emin idim, indi yenə
də Emin Piriyəm. Şairliyimi Bakıda qoyub getmişdim.
Əgər orda Emin Piri olsaydım, inanmıram
sağ qayıdaydım. Həm də bu
şairlik başqalarına da zərər vermiş olardı.
- Uzun müddət
işsiz qalandan sonra axırda bölgələrdən
birində kənd müəllimi işləyirsən. Yenə əvvəlki
iş yerinə qayıtmaq fikrin varmı?
- İndi "kənd"
sözü əvvəlki neqativ
çalarını itirərək getdikcə daha çox
müsbət məna qazanmağa başlayır. Hazırda o, keyfiyyət
sözünün sinonimi kimi işlənir: kənd
çörəyi, kənd qatığı, kənd
yumurtası... Amma mən kəndi başqa cəhətinə
görə sevirəm. Kənd romantikadır, Ovididir,
Puşkindir, Lermontovdur, Yesenindir, Səməd Vurğundur,
Müşfiqdir, Musa Yaqubdur... Hələ ki həmin
işimdəyəm. Gələcəkdə
nə olacaq, o barədə bir fikrim yoxdur. Həmçinin
"Ədalət" qəzetində şöbə
müdiri kimi fəaliyyətimi davam etdirirəm.
- Etiraf etməsən
də, arzularından birini mən dedim. İş problemi. Bəs fikrincə,
özünü realizə etmək üçün daha nə
çatmır?
- Etirafım budur ki, bu barədə düşünmürəm
hələ. İstəklər dəyişə
də bilər. Necə ki, müharibədə
dəyişdi. İndi sadəcə
hüzurlu həyat istəyirəm. Bəzi
söz-söhbətlərdən uzaq. Düzü,
bilmirəm bizim ədəbi mühitdə bu necə
alınacaq. Hər halda, mümkün
olduğu qədər. Ədəbi
qalmaqallar mənə daha qeybət kimi görünür.
Onlar enerjini tükədir.
- Cəbhə yoldaşlarınla
görüşürsənmi?
- Bir-iki dəfə olub. Hələ hamı yeni gəlib.
Qayğılar var, bəzilərinin ailə-uşaq problemləri
var... Hələ mülki həyata adaptasiya
prosesi gedir. Feysbukda, vatsapda
qruplarımız var, danışırıq. Bir az özümüzə gələk, təbii
ki, tez-tez görüşəcəyik. Həm də hələ
pandemiya davam edir...
- Cəbhədən yadında qalan ən unudulmaz hadisə nə oldu?
- Bizdən qabaqda gedən maşının erməni minamyotu ilə
vurulması... İçindəki əsgərlər
şəhid oldular. Bilmirdin, sənin öz
maşınının vurulmadığına görə sevinəsən,
yoxsa orda şəhid olanlara görə üzüləsən...
- Vətən sağ olsun!
- Vətən sağ olsun!
- Sən ixtisasca tarixçisən. Özü də
pis tarixçi deyilsən. Bir dəfə Bzejinskinin
ünlü kitabını mənə oxumağa vermədiyindən
gördüm ki, həm də politologiyaya iddialısan.
Kitabı vermədin ki, birdən oxuyub səndən də
yaxşı politoloq olaram. Rusiyada baş verən
Navalnı inqilabının nəticələrini necə
görürsən?
- Navalnı hadisələri
neçə ildən bəri sürətlə
enişə doğru gedən Putin mifinin qalıqlarını,
şübhəsiz ki, dağıdacaq. Putinin yeri bir az laxlayacaq, ölkə daxilində və beynəlxalq
aləmdə nüfuzu zəifləyəcək. Bu hadisələrlə onun bir neçə ildən
sonra hətta hakimiyyətdən gedişinin əsası da
qoyula bilər. Amma Navalnı hadisələrinin
məhz indi ondan gözlənilən radikal sonuclara səbəb
olacağını düşünmürəm. Bzejinskinin kitabına gəlincə, onun yerinə sizlərə
müharibə həyatından bəhs edən kitablar verəcəm,
öz yazacağım kitabları.
- Və nəhayət, son sualım
- nə istəyirsən?
- Haqqımı almaq istəyirəm.
Söhbətləşdi: Əsəd Cahangir
Ədəbiyyat qəzeti.- 2021.-
30 yanvar.- S.4.