ŞANAPİPİK
Şeyx Hüsaməddin Ağa
Lütfikar haqqında hekayə
1
...sonra
bu tərəflərdə tez-tez yağan o yay
yağışı birdən-birə kəsdi, buludlar
dağıldı, göyün üzü açıldı və
günəşin şüaları, elə bil, yenə
Behişt dağının ətəyindəki qayalıqdan
şırhaşır Mərcanlı çayına
tökülən Şəlalənin, elə çayın
özünün də sularında bir işıq
yandırdı.
Belə
vaxtlarda baxanda, adama elə gəlirdi ki, Şəlaləni,
çayın axıb gedən sularını işıldadan o
işıq Şeyx Hüsaməddin Ağanın içində
də bir çıraq yandırır və Şeyxin
bütün vücudu bu işığın təmizliyini,
paklığını özünə çəkir; adama elə
gəlirdi ki, o təmizlik, paklıq Şeyxin Allahla söhbətlərinə,
fikirlərinə, düşüncələrinə də
yayılır və bu söhbətlər də, fikirlər,
düşüncələr də o təmizliyin,
paklığın içindən buğda cücərtisi kimi
cücərib, Allaha tərəf boylanır.
Elə
ki Şeyx Hüsaməddin Ağanın içi dolurdu və
Allahla söhbətə bir zərurət yaranırdı, o,
çox zaman bura - Şəlalə ilə Mərcanlı
çayın qovuşağına gəlirdi və Şeyx
Allaha nə deyirdi, nə demirdi, bunu ancaq özü, bir də
Allahı bilirdi.
Sahildə
- Şəlalə ilə üzbəüzdə -
"Qovuşaq bağı" deyilən böyük və
gözəl bir ağaclıq var idi və Mərcanlı
çay bu ağacların kökünü, kol-kosu,
gül-çiçəyi elə suvarırdı ki, o
ağaclar, o kol-kos da, gül-çiçək də
qış yuxusundan oyanıb, doyunca o qədər su
içirdi ki, təkcə yazda yox, yayın
cırhacırında belə, Qovuşaq bağını
sağlam, təmiz bir yaşıllıq
bürüyürdü və Şeyx Hüsaməddin Ağa
Allahla söhbətini bitirəndən sonra asta və yumşaq
addımlarla o yaşıllığa keçib, eləcə də
asta və yumşaq addımlarla gül-çiçək
arasında dolaşırdı.
Şeyx
elə yüngül, elə səssiz yeriyirdi ki, elə bil,
ayağı heç yerə dəymirdi, elə bil, ahəstə
uça-uça addımlayırdı.
Lalələr,
adətən çöllərdə bitər, ancaq o
Qovuşaq bağının qarşısı da
qıpqırmızı laləli bir çəmənlik idi və
lalələrin ömrü az olur, ancaq bu laləlik
solub-saralmaq bilmirdi, az qala payızacan təzə-tər ləçəkləri
eləcə qıpqırmızı qızarırdı.
Bu tərəfin
adamları - cavanlardan tutmuş qocalara kimi, heç kəs
bilmirdi ki, Şeyx Hüsaməddin Ağanın neçə
yaşı var, çünki bu adamların hamısı
gözünü açıb, onu elə bu cür
görmüşdü, elə bil, Şeyx də o Behişt
dağı kimi həmişə olub, həmişə də
olacaq, əbədidir.
Ağ-gümüşü
saçları səliqə ilə çiyninə
tökülmüş, qısa saqqalı ağappaq
ağarmış, uzun-uzun illər boyu
işığını itirməmiş iri və dibdən
baxan göy gözləri həmişə hamının
üzünə gülümsəyən, hündür boylu,
ancaq çox zərif qamətli, saqqalı kimi ağappaq
libası da həmişə səliqə-sahmanlı - Şeyx
hamının ehtiram və məhəbbət bəslədiyi
belə bir ixtiyar idi, hətta bu tərəflərdə
söhbət də gəzirdi ki, onun bu ağappaq libası ləkə
götürmür, harasına ləkə düşsə, elə
o anda da əriyib yox olur.
Şeyx
Hüsaməddin Ağa tək yaşayırdı və onun
keçmişi barədə cürbəcür fərziyələr
dolaşırdı və bu fərziyələrin ən
sevimlisi də o idi ki, hələ lap uşaq vaxtlarında,
Şeyxi mələklər bu yerlərə gətirib, ancaq
heç kim cürət edib bu barədə
ondan nəsə bir söz soruşmurdu. Şeyx
sonsuz idi və onunla insanlar arasında elə bir münasibət
vardı ki, elə bil, o, bu insanların hamısının
hüzur sahibi olan ulu babasıdır.
Şeyx danışmağı xoşlamırdı, xeyirə-şərə
təşrif buyuranda da hamı ehtiram əlaməti olaraq
susurdu və hamı da onun iri və dərindən baxan göy
gözlərinin mehriban nəzərlərini öz üzərində
görmək istəyirdi. Onun salamının
özü də bir lütf kimi qəbul edilirdi və elə
buna görə də insanlar Şeyx Hüsaməddin Ağaya
"Lütfikar" deyirdi.
Yalnız
toy-nişan olanda Şeyx Hüsaməddin Ağa Lütfikar
fikirlərindən ayrılıb sükutunu pozaraq,
cavanların xeyir-duasını verirdi və Qızılgül
nişanlananda da xeyir-duasını o verdi.
2
Qızılgül
bu tərəflərin ən gözəl qızı hesab
olunurdu və cavan oğlanlar belə
düşünürdülər, hətta öz aralarında
and-aman edirdilər ki, Qızılgülün ancaq adı
Qızılgül deyil, onun nəfəsindən də,
üst-başından da qızılgülün ətri gəlir.
Qızılgül
anasının tək övladı idi və qızını
da tək böyütmüşdü, iş də
burasındaydı ki, Qızılgül hələ uşaq ikən
atası ova gedib itmişdi, yox olmuşdu, onun nə dirisi
tapıldı, nə də ölüsü, ancaq nə səbəbə,
niyə yox olmuşdu, necə yox olmuşdu - bu bir sirri-Xuda idi
və sirri-Xuda olaraq da qaldı, çünki
Qızılgülün atası bütün bu tərəflərin
ən mahir ovçusu, ən ayıq-sayıq adamı hesab
olunurdu.
Elə
ki, Qızılgül böyüyüb gözəl bir qız
oldu, elçi elçi dalınca gəldi və nəhayət,
Qızılgül Muradı seçdi, ona razılıq verdi, Şeyx Hüsaməddin Ağanın
xeyir-duasını alıb, Muradla nişanlandı.
Və
günəşin daşı-torpağı qızmar
qızdırdığı o yay günü
Qızılgül rəfiqələri ilə birlikdə sərinləmək
üçün Şəlaləyə getdi və həmin
gün o qədər isti idi ki, şırhaşır Mərcanlı
çaya tökülən Şəlalə o qədər
gözəl bir sərinlikdən xəbər verirdi ki,
qızlar hər tərəfin kimsəsizliyini görüb, soyunaraq
gülüb qışqıra-qışqıra, hay-küylə
özlərini suya atdılar.
Qızılgül suda balıq kimi üzürdü və
onun ağappaq bədəni də balıq kimi hamar idi. Qızlar hər dəfə
onun dik döşlərinə, nazik belinə, dolu
baldırlarına, üzə-üzə qol atdıqca
qoltuğunun zərif tüklərinə, suyun üzərinə
yayılmış uzun, xurmayı saçlarına baxanda
ürəklərinə girmək istəyən bir həsəd
həmləsi hiss edirdilər və qızlar bu həsəd həmləsini
yaxına buraxmırdı, çünki
Qızılgülün rəfiqəcanlılığı, səmimiliyi,
şuxluğu onun bədəninin gözəlliyindən də
artıq idi, ona həsəd aparmaq, paxıllıq etmək
mümkün deyildi.
Qızlar o isti yay günündəki sərinlik sevinci ilə
suyu şappıldada-şappıldada, bir-birinə su ata-ata,
çığır-bağır sala-sala çimirdi,
üzürdü və onların səsi də Mərcanlıya
tökülən Şəlalənin şappıltısına
qarışıb, Behişt dağının bütün ətrafına
yayılırdı.
Və elə
bu vaxt o günortaçağı Allahla söhbətə gələn
Şeyx Hüsaməddin Ağanın ağ-gümüşü
saçları, ağappaq libası göründü və
qızlar:
- Vay!.. - qışqırıb,
tələsik sahilə üzdülər və tələsik
də paltarlarını götürərək, Qovuşaq
bağına qaçıb gizləndilər.
Qızılgül uzağa üzdüyü
üçün ancaq sahilə çıxa bildi,
paltarını götürüb, Qovuşaq bağına
qaçmağa macal tapmadı.
Şeyx Hüsaməddin Ağa isə
yaxınlaşırdı.
Təkcə
elə o fikir ki, Şeyx Hüsaməddin Ağa Lütfikar onu
bu cür çılpaq görə bilər,
Qızılgülün sifətini Qovuşaq
bağının qarşısında qızaran lalələr
kimi, qıpqırmızı qızartdı və
Qızılgül üzünü tərtəmiz göyə
tutub, tələm-tələsik:
- Ya Allah!
– dedi, - Elə et ki, Lütfikar məni bu
cür görməsin!..
Bir
anın içində də Qızılgülün fikrinə
gəldi ki, birdən Allah onu eşidib Lütfikarın gözlərini
kor edər və yenə üzünü göyə tutub:
- Ya Allah!
– dedi, - Nə edirsən, mənə et,
Lütfikara yox!
Elə o anda da Qızılgül quşa çevrildi və
sonralar insanlar bu quşa Şanapipik dedilər.
3
Qızılgülün
birdən-birə yox olmasına hamı mat qalmışdı və
camaat həyəcanla Şeyx Hüsaməddin Ağaya üz
tutanda ki, "Lütfikar, bəlkə sən deyə bilərsən,
Qızılgülə nə oldu? Nə oldu ki,
birdən-birə qeybə çəkildi?" - Şeyx dərindən nəfəs alaraq, bir söz
deyə bilmədi və uzun-uzun illər boyu iti
işığını itirməmiş iri və dərindən
baxan gözləri ilə bu insanları nəzərdən
keçirərək, əlacsız-əlacsız yenə
içini çəkdi. Qızılgülün
atası yoxa çıxanda da Şeyx onları beləcə nəzərdən
keçirərək, əlacsız-əlacsız içini
çəkmişdi və Lütfikarı bu cür əlacsız
görmək insanları pərişan edirdi. Onlar onsuz da həmişə qayğılı
düşüncələr içində olan
Lütfikarın hüzuruna gəlib, onun
qayğılarını daha da artırdıqları
üçün özlərini günahkar bilirdi və bu dəfə
də eləcə bir pərişanlıqla geri
qayıtdılar.
Murad Mərcanlı çayın dərin axan
sularını da, hər iki sahilini də, Qovuşaq
bağı da, hətta Behişt dağının
sıldırımlı ətəklərini, yaşıl
yamaclarını da qarış-qarış axtardı, ancaq
heç bir faydası olmadı.
Əli yerdən-göydən üzülmüş ana isə
- Qızılgülün anası özünə yer tapa
bilmirdi, axırda dəli-divanə olub çöllərə
düşdü və Şeyx Hüsaməddin Ağa hərdən
bu dəli-divanə qadına rast gələndə adamın
ürəyinəcən sirayət edən
baxışlarıyla ona baxırdı. Qadın da dəli
gözləriylə diqqətlə Lütfikarın iri göy
gözlərinin içinə baxırdı, sonra da bilmirdin,
gülür, ya ağlayır - dəli bir
çığırtıyla qaçıb gedirdi.
Şeyx həmişəki
sükutunu pozub, adamlara, xüsusən uşaqlara deyirdi:
- Bu
yazıq məxluqu incitməyin!.. Onu ələ
salıb lağa qoymayın!..
Qızılgülün
anası nə uşaqların onu qova-qova "Hoydu!.. Hoydu!" ilə arxasınca
qaçmağının, nə ona atılan, bəzən də
ona dəyən daşların, nə də hərdən ona qəmxarlıq
etmək, artıq qalmış xörək, köhnə əyin-baş
vermək istəyən arvadların fərqində idi,
cırcındır içində Mərcanlı
çayın sahillərinində, kimsəsiz Qovuşaq
bağında dolaşırdı. Hərdən də elə
olurdu ki, sakit gecələrdə birdən onun qəfil qəhqəhəsi
Şəlalənin şırıltısına
qarışırdı və başqa analar da
uşaqlarını onunla qorxudurdu:
- Dəli
arvad gələr ha!..
Tez-tez qəşəng taclı bir şanapipik uçub,
onun qarşısında yerə qonurdu, ora-bura vurnuxurdu, onun
dalınca gəlirdi və elə bil, nəsə demək, nədənsə
agah etmək istəyirdi - ancaq şanapipik nə deyə bilərdi,
nə edə bilərdi? Heç nə.
Beləcə,
zaman keçdi, Murad başqa gözəl bir qız ilə
nişanlandı və günlərin bir günündə
Şeyx Hüsaməddin Ağa Allahla söhbət etmək
üçün Şəlaləyə gələndə
Qovuşaq bağının qarşısındakı laləlikdə
Qızılgülün anasının cansız cəsədini
yerə sərilmiş gördü.
Cəsədin gözləri açıq idi.
Şeyx nəzərini
Qızılgülün anasının donub qalmış
gözlərinə zillədi və bir an, ancaq bircə an Şeyxin ağappaq narın saqqallı zərif
sifətinə bir təbəssüm qondu, qonan kimi də yox
oldu.
Və
Şeyx Hüsaməddin Ağa Lütfikar bu dəfə
dayanmayıb, yoluna davam edərək, Qovuşaq bağına
girəndə də bir anlıq dodağı qaçdı,
sonra həmin təbəssüm yenə onun zərif sifətinə
qondu və Şeyx Hüsaməddin Ağa o xəfif təbəssümlə
məsum-məsum gülümsəyərək, saqqalına
sığal çəkib, bağın dərinlərində
gözdən itdi.
Hələ payız gəlməmişdi, ancaq Qovuşaq
bağının qarşısındakı o lalələrin ləçəkləri
dağılmış, belləri bükülmüşdü.
24 iyul
2020
Bilgəh
ELÇİN
Ədəbiyyat qəzeti.- 2021.- 30 yanvar.- S.2-3.