Ağaclar, Marqo və
yaxud notların dedikləri
Frederik Şopenin
"Noktürnlər"ini
dinlərkən...
Ağac
qollarını açıb
səmaya
Quşları geri səsləyir,
qoynundakı yuvaya!
***
Hava sakitdirsə,
demək, ayrılıq
havasıdır.
Bu dəfə külək ağacları tərk edib!
***
Şəhərlər
ağacların həbsxanasıdır!
***
Oyuncaqlarıyla böyüyən uşaqlar
Xəbərsizdir
oyuncaqlarıyla ölən
uşaqlardan...
***
Bax, Marqo,
yanımızdan əlidolu
keçən zamandır!
***
Ağaclar Tanrının nidasıdır!
***
Səni,
əbədiyyən unutmaq
istedadını daşıyıram
özümlə,
O istedad ki, heç
vaxt kəşf olunmayacaq!
***
Ağacların yaddaşına köçmək
istəyərdim,
əbədi yaşamaq
üçün!
***
Yaxşı şeirlər fatihə
kimi
hər dəfə ayrı-ayrı insanların
xatirəsinə oxunur!
***
Küçə telefonlarında
iyirmicə qəpiyə
doğmalıq satılır!
***
Bir meşəlik kitab yazan adam
bircə dəfə
yad etmədi
ağacları...
***
Vitrindəki qırmızı lentlər
və
parkda yemlənməyi
gözləyən göyərçinlər
üçün çox
darıxıram, Marqo.
Yəni,
qızım üçün!
***
Həyatın mündəricatı olmur
Ki baxıb, xoşbəxt günlərin səhifəsini
açasan birbaşa!
***
"Əlvida" sözü
dünyanın bütün
dillərində eyni cür oxunur,
kədərlə!
***
Əslində, insanlar getmirlər,
Marqo!
Bizim getdi sandıqlarımız
heç vaxt gəlməyənlərdir.
***
Nə çox istərdim, çəhrayı səbətli
velosipedim olsun
mənim də
uşaqlığımın ən şirin xatirələrini
daşıdığım
sonra,
sonra
heç nə gəlmir ağlıma...
həə, hə,
bir də
Yasəmən ağaclarıyla dolu
bir küçə
bütün sevdiklərimlə
yaşadığım.
***
Bu dünyada hər ayrılıq bir günahın cəzasıdır,
Marqo;
Və ya bu dünyada
hər günahın cəzası ayrılıqdır,
Marqo;
Bu dünyanın (!) cəzası
ayrılıqdır, Marqo...
Amma bütün ağrılara
və ayrılıqlara
rəğmən,
nə gözəldir yaşamaq! İnsan olmaq!
Musiqi bəstələmək, musiqi
dinləmək,
çiçəkləri sevmək,
buludlara gülümsəmək,
qollarını səmaya
qaldırıb günəşi
qucaqlamaq,
yeni insanları, yeni yerləri kəşf etməyin arzusunda olmaq,
birinci və sonuncu olmadığını,
olmayacağını bilmək,
bu duyğunun verdiyi dincliyi hüceyrələrinə qədər
hiss etmək!!!
Nə gözəldir dağıntılar
altında qaldığın
vaxtları xatırlayıb
gülümsəmək,
"keçəcək" kəlməsinin sadəcə
bir söz deyil,
həm də sehrli bir iksir
olduğunu dərk etmək,
bütün keçənləri
sevgiylə salamlamaq!
Nə gözəldir canlıların
da dilinin olduğunu öyrənmək,
quşların uçaraq,
güllərin açaraq
danışdığını görmək,
nə gözəldir yaşamağı bacaran dostların olması.
Üstəlik, o dostların sadəcə
insanlarla məhdudlaşmaması!
Bəzən susqun bir göl, hər səhər pəncərənə
qonan sərçələr,
mövcud olmasa da xatirələrində
yaşayan tut ağacı
ilə dost ola bilmək, nə gözəldir!
Nə gözəldir sadəcə
adından, ünvanından
ibarət olmadığını,
bir quş, bir bitki və
ya havada uçan lələk kimi kainatın
kiçik bir parçası, dayanmadan dövr edən enerjinin
zərrəsi olduğunu
anlamaq!
Nə gözəldir üzünə
toxunmaq,
dərindən nəfəs
ala bilmək, ən çətin işlə məşğul olarkən
dilinin altında sevdiyin musiqini zümzümə etmək,
nə gözəldir gözləmək, darıxmaq,
beləcə, hər
şeyin yalnız bizim üçün yaradılmadığını bilmək,
müdaxilə etmədən,
sorğulamadan, qınamadan,
bəzi şeyləri sadəcə sevməklə
kifayətlənmək,
Nə gözəldir "nə gözəldir" cümləsini
qura bilmək!!!
Cahan SEYİDZADƏ
Ədəbiyyat qəzeti.- 2021.-
30 yanvar.- S.5.