Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunda
“Korkutname” kitabının təqdimatı
keçirilib
Yanvarın
21-də Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunda TÜRKSOY tərəfindən nəşr olunun
Türkiyənin milli şairi Kənan Çarboğanın
“Korkutname” kitabının təqdimatı keçirilib.
Kitab
türk dünyasının ortaq irsi hesab olunan “Kitabi-Dədə
Qorqud” dastanı əsasında nəzmə alınıb.
Tədbiri
giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva
qonaqları salamlayaraq, rəhbərlik etdiyi təşkilatın
binasının Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı əsasında daimi
istifadəyə verildiyini bildirib. Fondun prezidenti binanın rəsmi
açılışının 2019-cu il oktyabrın 14-də
Türkdilli ölkələrin Dövlət
Başçılarının VII Zirvə toplantısı
çərçivəsində Fonda üzv və
müşahidəçi ölkələrin xarici işlər
nazirlərinin və türkdilli beynəlxalq təşkilatların
rəhbərlərinin iştirakı ilə həyata
keçirildiyini qeyd edib.
Günay
Əfəndiyeva tədbir iştirakçılarını Azərbaycanın
əzəli torpaqlarının geri qaytarılması ilə əldə
olunan tarixi Qələbə münasibətilə təbrik
edib və bu qələbənin yalnız Azərbaycana deyil,
bütövlükdə türk dünyasına fəxarət
hissi bəxş etdiyini vurğulayıb. O, həmçinin
keçən ilin sonunda Azərbaycanın işğaldan azad
olunan Füzuli və Ağdam rayonlarına səfər etdiyini
tədbir iştirakçılarının diqqətinə
çatdırıb.
Natiq
bildirib ki, Türk Şurasının Baş katibi Bağdad
Amrayev və TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun Azərbaycana
səfəri çərçivəsində üç
türkdilli beynəlxalq təşkilatın rəhbərləri
bir sıra yüksək səviyyəli görüşlər
keçirib, mühüm mövzularda müzakirələr
aparıblar.
Fondun
prezidenti Türk Şurasının, TÜRKSOY-un, Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərlərinin
və nümayəndə heyətlərinin Azərbaycanın
işğaldan azad olunan Füzuli və Ağdam rayonlarına
səfər etdiyini bildirib. Günay Əfəndiyeva Azərbaycanın
tarixi şəhərlərindən və qədim mədəniyyət
mərkəzlərindən olan Ağdamın erməni
vandalizminin qurbanı olduğunu, Füzulinin isə tamamilə
dağıdıldığını qeyd edib.
Fondun
prezidenti bildirib ki, “Korkutname” kitabının ilkin təqdimatı
Füzuli şəhərində keçirilib. TÜRKSOY-un
Baş katibi Düsen Kaseinov kitabı Füzulinin
işğaldan azad olunması münasibətilə Fonda hədiyyə
edib. “Beləliklə Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondu rəhbər səviyyəsində Azərbaycanın
bu qədim torpaqlarına ilk qədəm qoyan, TÜRKSOY isə
ilk təqdimat mərasimi keçirən təşkilatlardır”,-
deyə Günay Əfəndiyeva vurğulayıb.
Fondun
prezidenti bu kitabın Füzulidə təqdimatının
simvolik məna daşıdığını, türk
dünyasının birliyini təcəssüm etdirən Dədə
Qorqudun nəsihətləri ilə iki qardaş təşkilatın
həmrəyliklərini bir daha nümayiş etdirdiyini bildirib.
“Kitabın ön sözü Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğana məxsusdur və bu da Türkiyənin hər
zaman Azərbaycanın yanında olduğunu bir daha göstərir”,
– deyə G.Əfəndiyeva qeyd edib.
Azərbaycan
Respublikasının mədəniyyət naziri Anar Kərimov tədbirdə
çıxış edərək, Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanı və
TÜRKSOY-un Baş katibi Düsen Kaseinovu belə önəmli
tədbiri təşkil etdiklərinə görə təbrik
edib və bunun rəmzi məna
daşıdığını vurğulayıb.
Mədəniyyət
naziri 2020-ci ilin müstəqil Azərbaycan
Respublikasının, eyni zamanda, Azərbaycan xalqının
dövlətçilik tarixinə ən unudulmaz və əlamətdar
təqvim kimi həkk olunduğunu söyləyib. Azərbaycanın
suverenliyinin bərpa olunduğunu, mədəni
bütövlüyünün, coğrafi
tamlığının təmin olunduğunu qeyd edən
Anar Kərimov
deyib: “Təsadüfi deyil ki, türk folkloru tarixinin ifadə
forması məhz dastan yaradıcılığıdır.
İkinci Qarabağ müharibəsində Azərbaycanın
apardığı haqq savaşında başda Türkiyə
Cümhuriyyəti olmaqla bütövlükdə türk
dünyası mənəvi həmrəylik göstərdi. Bərpa
edəcəyimiz Qarabağda bu il Vaqif poeziya günlərini
keçirəcəyik və bu ədəbiyyat festivalına əziz
şairimiz Kənan Çarboğanı xüsusi dəvət
edirik. Kənan Çarboğanın qələmə
aldığı və TÜRKSOY-un dəstəyilə nəşr
olunmuş “Korkutname” kitabı son 10 ildə işıq
üzü görmüş xüsusi əhəmiyyətə
malik kitablardan biridir. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan
və digər türk xalqlarının ədəbi abidəsidir.
Bu dastan tariximizin, milli kimliyimizin təzahüründə son dərəcə
etibarlı və mötəbər mənbədir”.
Nazir, ulu öndər Heydər Əliyevin bu dastan haqqında söylədiklərini xatırladıb: “Kitabi-Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur. Onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır”. Bildirilib ki, Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Sərəncama əsasən Bakı şəhərində 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb, parkın mərkəzində Dədə Qorqud abidəsi ucaldılıb. 2018-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adlı çoxmillətli mədəniyyət nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Kənan Çarboğan tərəfindən dastanın 12 boyunun kəlmə-kələmə nəzmə çəkilməsi türk mədəniyyətinə təqdirəlayiq bir töhfədir. Kənan Çarboğanın ömrünün 10 ilini bu işə həsr etməsi onun bədii yaddaşımıza ehtiramıdır, sevgisidir, hətta bir yazıçı kimi öz soykökünə bağlılığıdır.
Anar Kərimov çıxışının sonunda kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov çıxış edərək, tədbir iştirakçılarını Şanlı Qələbə münasibətilə təbrik edib, hər kəsi “Korkutnamə” kitabının təqdimatında görməsindən şad olduğunu bildirib. Baş katib mərasimin Bakıda- Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilməsindən böyük məmnunluq duyduğunu qeyd edib. Kitab haqqında məlumat verən Düsen Kaseinov Türk Dünyasının ortaq dastanı olan Dədə Qorqudun ədəbiyyat xəzinəsinin zəngin sərvətlərindən olduğunu vurğulayıb.
Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdulla, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov və Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək belə tədbirlərin keçirilməsinin önəmindən danışıb, tarixi yazılı abidə olan “Kitabi-Dədə Qorqud”la bağlı fikirlərini bölüşüb və bu istiqamətdə daha geniş tədqiqatların aparılmasının, gənclərin bu sahənin dərindən öyrənilməsinə cəlb olunmasının vacibliyindən söz açıblar.
Ədəbiyyat qəzeti.- 2021.- 23
yanvar.- S.3.