Dərviş heybəsindəki pritçalar
Ömür etik sualları, fəlsəfi mətləbləri,
gizli mənaları və mistik işarələri yozmaq imkanıdır. Bunu mənə böyük irfan alimləri və təsəvvüf şairləri, dünya müdrikləri - Lao Tszı,
Nizami Gəncəvi, Şəms Təbrizi, Mövlana Cəlaləddin
Rumi, Fridrix Nitşse, Şmuel Aqnon, Poelo Koelyo,
Antuan Sent - Ekzüperi,
Karlos Kastaneda anlatdı.
Onsuz da Göy qübbəsi altında təzə heç nə yox idi, bütün
sözlər deyilib qurtarmışdı.
Ömür keçir, insan düşüncələrini yuxu
kimi yozmaq istəyir. Bu, görünür,
həm də yaşla bağlı məsələdir.
Mənə əyan olanları, bildiklərimi və öyrəndiklərimi yığcam
şəkildə yazıya
almaq istədim - pritçaya oxşadı.
Həmin işarələri və mənalarını unutmağa
qorxurdum - bir dəftərin küncünə
yazırdım.
Yazmağa qorxanda isə yenidən xatırlayırdım.
Xatırlamağa qorxurdum - yazırdım.
Bu kiçik pritçaların
bir neçəsini dəyərli oxucuların
ixtiyarına verirəm
- qorxuram.
Allah bilən məsləhətdi...
Müəllifdən
"Ya Rəsul! Sən nə
bilirsən, haradan bilirsən, gecə gələn nədir?"
Qurani-Kərim. "Ət-Tariq" surəsi,
2.
***
Bir dərviş
yol ilə gedirdi.
Payız idi. Çən ağaclardan hörümçək
toru kimi sallanmışdı.
Ağacın başından bir yarpaq qopdu və
üzü aşağı
yelləndi.
- Yarpaq hansı ağacda və budaqda yaşadığını
bəlkə indi anlayar, - dedi və dərviş yoluna davam etdi.
***
Bir dərviş
yol ilə gedirdi.
Qarşısına yaşlı bir
kişi çıxdı. Salam verdi, salam aldı.
Dərviş dedi:
- Ayaqqabılarında qəbiristanlığın
tozu var.
Kişi bu sözdən karıxdı, bir ayaqqabısına baxdı,
bir də dərvişə.
- Axı, evdən indi çıxdım, - dedi.
- Nə fərqi var, - dərviş gülümsədi və yoluna davam etdi.
***
Oğlu
dərvişə dedi:
- Uşaq vaxtı evimizin arxasından təpə böyük görünürdü. İndi isə
baxıram, sanki kiçilibdi.
Dərviş dedi:
- Əsas ruhun böyüməsidir, oğlum. Ruh böyüyəndə
bütün hər şey səninlə bərabər böyüyür.
***
Bir dərviş
yol ilə gedirdi.
Kimsə nəğmə oxuyurdu. Səs bağdan
gəlirdi.
Dərviş ayaq saxlayıb, çəpərdən səs
gələn tərəfə
boylandı. Bir qoca kişi
kötük üstdə
oturub pəsdən oxuyurdu.
Kişi
dərvişin baxışlarını
hiss edən kimi oxumağını kəsdi.
Dərviş dedi:
- Sənin mahnı oxuyan vaxtın deyil. Dualar oxu,
ey ixtiyar, - dedi və yoluna
davam etdi.
***
Bir dərviş
yol ilə gedirdi.
İki nəfərin
çiçəkləmiş ağac altında səs-küyünü eşitdi. Ya mübahisə
edirdilər, ya da dalaşırdılar.
- Çiçəkləmiş ağacın
altında ucadan danışmazlar, oğlum,
günahdır, - dedi və yoluna davam etdi.
***
Bir dərviş
yol ilə gedirdi. Dərədə şər qarışırdı.
Qaranlıq öncə qayanın başındakı qartal yuvasına girdi, sonra dağ döşündəki moruq
kollarının arasına
doldu. Dərədəki çayın səsini
dəyişdi.
Çoban köpəyi qaranlığı
imsiləməyə başladı.
Gecələmək üçün çoban
komasının qapısını
döydü.
Mürşidinin sözlərini yadına
saldı: "Hər şeyi getdiyin qapıya qədər xatırla. Elə ki, qapıdan
girdin, unut".
***
Yol yorğunluğuna
baxmayaraq, dərviş
yuxudan tez oynadı.
- Bu dəfə də quşlar günəşi
məndən qabaq salamlayır - Tanrının
böyüklüyünə şükür, - dedi və yoluna davam etdi.
***
Bir dərviş
yol ilə gedirdi.
Uzaqlara, üzü
dağlara doğru gedirdi.
Başını qaldırıb bir kimsənin üzünə
baxmırdı.
İnsanları da görmürdü.
Bağçalar alma çiçəyinin
ağ işığına
bələnmişdi.
Çöldə bahar mehinin sərxoş-meyxoş
vaxtı idi. Nəfəsini dərmək üçün
çiçəkləmiş iydə ağacının
altında ayaq saxladı.
- Özümlə görüşə
az qalıb,
- pıçıldadı dərviş
və yoluna davam etdi.
Rüstəm
KAMAL
Ədəbiyyat qəzeti.- 2022.- 2
aprel.- S.3.